Dəryadan bir damla1


Əziz Peyğəmbərin tarixində xüsusi hadisələr



Yüklə 1,68 Mb.
səhifə7/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Əziz Peyğəmbərin tarixində xüsusi hadisələr


Məkkə dövrü

Peyğəmbərlikdən öncəki hadisələr

Helf əl-füzulda üzvlük

Cahiliyyətdə "Hilf əl-Füzul" adlı bir müqavilə vardı. Peyğəmbər ona qoşulmuşdu. Bir gün bir qərib adam Məkkəyə daxil olub malını satdı. Müştərisi As ibn Vail idi. Məkkə zadəganlarından olan bu quldur malı aldı, amma pulunu vermədi. Qərib adam kimə müraciət etdisə, kömək edən olmadı. Əbu Qübeys dağına çıxıb ucadan qışqırdı: "Ey Fəhr övladları! Mənə zülm olunmuşdur!" Peyğəmbər və əmisi Zübeyr ibn Əbdülmüttəlib bunu eşitdilər, toplaşıb onun hüququnu müdafiə etmək qərarına gəldilər. As ibn Vailin yanına gedib dedilər ki, pulunu ver. O da qorxub pulunu verməyə məcbur oldu. Bu müqavilə onların arasında qaldı və qərara gəldilər ki, məkkəlilərin zülm etdiyi - çox zaman yad adamlara və qeyri-məkkəlilərə zülm edirdilər - qonaqları müdafiə etsinlər. İslamın gəlişindən illər sonra Peyğəmbər buyururdu ki, mən hələ də o müqaviləyə sadiqəm.319


İzdivac

Onun düzgünlüyü cənab Xədicəni valeh etdi. Xədicə Məkkənin birinci xanımı, əsil-nəsəb və sərvət baxımından görkəmli şəxsiyyət idi.320

Peyğəmbər sərvətli bir qadınla ailə qurur. O zaman onun peyğəmbərliyinə hələ 15 il qalmışdı. Əvvəlcə Xədicənin işçisi olur, sonra da əri. Bir müddətdən sonra isə Peyğəmbərin əmisi və qəyyumu olan Əbu Talib yoxsullaşır.321
Dəvətin başlanğıcı

Dəvətin həzrət Xədicə tərəfindən qəbul olunması

Xədiceyi-Kübra İslamın əvvəlində iman gətirdi, kamil, müdrik və böyük bir xanım kimi ən böyük hərəkəti etdi. İslama ilk iman gətirən o idi, sonra da bütün sərvətini İslamın təbliğinə xərclədi. Mübarizə və repressiya dövründə mübarizlərə maliyyə yardımlarının nə demək olduğunu bilənlər bu işin təsirini anlayırlar. Xədicənin köməkləri olmasaydı, bəlkə də İslamın hərəkət və inkişafında cidd əngəl yaranardı. Sonra da Allahın rəsulu və bütün müsəlmanlarla birgə Əbu Talib dərəsinə sürgün edildi, iki-üç il orada ağır şəraitə dözdü və elə Əbu Talib dərəsində sürgündə də Haqqın dəvətinə “ləbbeyk” deyib dünyadan köçdü.322


Həzrət Əlinin (ə) müsəlman olması

Həra mağarasında və Nur dağında İslam bayrağının ucaldığı, Peyğəmbərin dili ilə "la ilahə illəllah" sözünün deyildiyi, nübüvvət və risalət hərəkatının başlandığı zamandan Əli ibn Əbu Talib (ə) bu parlaq həqiqəti seçdi, ona sadiq saldı və problemlərə dözdü.323

Siz o həzrətin birinci müsəlman olmasına baxın. Əli (ə) hamının dəvətə arxa çevirdiyi və heç kəsin müsəlman olmağa cürət etmədiyi bir zamanda dəvəti qəbul etdi. Bu, cəsarətin bir nümunəsidir.

Bəli, İslam təbliğatına başlayanda etinasızlıq etdilər, aşağıladılar, ələ saldılar. Amma bir yeniyetmə olan Əli (ə) ayağa qalxıb dedi ki, ey əmioğlu, mən iman gətirirəm. Düzdür, o öncə iman gətirmişdi, lakin ailə iclasında onu aşkarladı. Məkkə dövründəki on üç ilin ilk bir neçə günündən başqa Əmirəlmömininin imanı heç zaman gizli qalmadı. Digər müsəlmanlar bir neçə il imanlarını gizlətdilər. Amma hamı bilirdi ki, Əli (ə) əvvəldən iman gətirmişdir.

Bunu yaxşı təsəvvür edin: qapı-qonşu, cəmiyyətin böyükləri təhqir edir, əngəl yaradırlar, şair və natiq ələ salır, pullu məsxərə edir, əskik və rəzil insan təhqir edir, lakin belə bir şəraitdə bir yeniyetmə dağ kimi möhkəm dayanır.324
Yaxınların dəvəti

Əziz Peyğəmbər belə bir sözü ortaya qoydu və əvvəlcə öz yaxınlarına təbliğ etdi. Allah-Taala ona buyurmuşdu: "Yaxın qohumlarını qorxut".325 Amma təkəbbürlü əmilər qürur dolu başlarla, hər bir ağıllı sözü ələ salan etinasızlıqla gözlərini bağladılar və arxa çevirdilər. Halbuki Peyğəmbər onların canlarının bir parçası idi, hamı kimi onlarda da qohumluq təəssübkeşliyi vardı və bəzən bir qohumdan ötrü on il vuruşurdular.

...Bəli, qohumları İslam təbliğatına başlayanda etinasızlıq etdilər, aşağıladılar, ələ saldılar.326
Dəvətin aşkarlanması

Əzab və işgəncələr

Peyğəmbər həyatının ən çətin dövründə, Məkkədə bütün qövmünün onu mühasirəyə aldığı, hətta canının təhlükədə olduğu, evində yaşamağa imkan verilmədiyi, bir gün Taifə, bir gün Əbu Talib dərəsinə getməyə məcbur olduğu zaman buyururdu: "Mən yalnız aşkar qorxudanam"327. Mən qorxudan və həqiqətləri bəyan edənəm.328

Böyük Peyğəmbər yeni İslam ağacının kök salması üçün özünün ixlaslı dostları ilə on üç il bütün çətinliklərə, məşəqqətlərə dözdü. Əbu Talib dərəsindəki ağır illər bu zaman baş verdi.329

Məkkə dövründə azsaylı möminlərin çəkdiyi əziyyətlər bizim üçün təsəvvüredilməzdir. Bütün dəyərlərin cahiliyyət dəyərləri olduğu, yanlış təəssübkeşliklərin, dərin ədavət, rəhmsizlik, zülm və ehtirasların bir-birinə qarışdığı bir şəraitdə, keçilməz qayalar arasında bu yaşıl ağaclar baş qaldırdı. Əmirəlmömininin "Səhra ağacları bərk və alovu güclüdür"330 sözü budur. Qayalar arasında bitən bu ağacları heç bir tufan tərpədə bilmirdi.331


Həmzənin iman gətirməsi

Bir dəfə Əbu Cəhl Peyğəmbəri ağır təhqir etdi. Amma o həzrət sakit durdu və səbir etdi. Bir nəfər gedib Əbu Cəhlin belə rəftarını əmisi Həmzəyə xəbər verdi. Həmzə dözməyib kamanla Əbu Cəhli vurdu, başını qana boyadı, sonra da bu hadisənin təsiri altında müsəlman oldu.332


Əbu Talib dərəsi

Müsəlmanlar və İslam Peyğəmbəri ailəliklə üç il Əbu Talib dərəsində - bütün yolların bağlandığı, nə yaşayış imkanları, nə rifah, nə dinclik olan, daim düşmənlərin hücumu və pis xəbər gözlənilən, uşaqların acından ağladığı quru dərədə müxtəlif narahatlıqlar içərisində qalmağa məcbur oldular. Nə qədər çətinlik çəkdilər və bütün bu çətinliklər də kiçikdən böyüyə qədər müsəlmanların hər birindən başlayıb İslam Peyğəmbərinin çiyninə otururdu. Çünki rəhbər idi və hamı ona arxalanırdı. Bütün dərdləri ona deyirdilər, o bütün təzyiqləri hiss edirdi.333


Həzrət Xədicənin və həzrət Əbu Talibin vəfatı

Allah yoluna dəvətin nəticəsi olan təzyiq və narahatlıq dolu qəm-kədərli və ağır vəziyyətdə cənab Əbu Talib dünyadan köçür. Qısa müddətdən sonra cənab Xədicə də Allahın rəhmətinə qovuşur. Peyğəmbər tək-tənha qalır. O zaman beş, altı, yeddi, yaxud on yaşı olan bu qız o qədər böyük Peyğəmbərin arxalandığı yeganə şəxsdir. O, böyük atasına bir ana kimi qulluq edir. “Atasının anası”334 ləqəbi buraya aiddir.335

Peyğəmbərin yalqız və həmdəmsiz qaldığı, hamının da ona sığındığı bir şəraitdə üzündən qəm-qübarını silən şəxs kim idi? Bir zaman Xədicə vardı, indi isə yoxdur; Əbu Talib vardı, indi isə yoxdur.336

Qısa müddətdə baş verən iki hadisə - Xədicənin və Əbu Talibin vəfatı ilə Peyğəmbər yalqız qaldı. O az vaxt ərzində bu iki şəxsiyyəti əldən verdi. Fatimeyi-Zəhra (ə) o günlərdə baş qaldırdı, özünün kiçik əlləri ilə Peyğəmbərin üzündən qəm tozunu sildi. “Ümmü əbiha” - atasının anası, Peyğəmbərin təsəlliverəni künyəsi o günlərdə yarandı.337


Müsəlmanların Həbəşəyə hicrəti

Peyğəmbər mühacirləri Həbəşəyə - ədalətli olan kafir bir padşaha sığınmağa göndərdi. Başqa sözlə desək, zülmə məruz qalan xalqı yaşadığı yerdən uzaqlaşdırdı. Bu da bir məqamdır. Yəni ədalətin bərqərar edilməsi, yayılması, ədalətə tabe olmaq, ədalət üçün çalışmaq, ədaləti uca tutmaq, harada olsa - hətta qeyri-müsəlman ölkələrində də ədaləti uca tutmaq və zülmü pisləmək İslamın xüsusiyyətlərindəndir.338

Peyğəmbərliyin beşinci ilində İslamın Həbəşəyə ilk hicrəti baş tutdu. Həbəşəyə iki dəfə hicrət etmişlər. Bu, birinci dəfəsi idi. Maraqlıdır ki, birinci dəfə Həbəşəyə hicrət edən on, yaxud on bir nəfərin heç biri, yaxud tanınmışlarının heç biri Məkkənin yoxsul və zəiflərindən sayılmırdılar. Onların biri Ütbə ibn Rəbiənin oğlu Əbu Hüzeyfə idi. Güman ki, Cəfər bu səfərdə olmamışdır. Əbu Hüzeyfə Ütbənin oğlu idi. Ütbə Məkkədə Qüreyşin tanınmış şəxsiyyətlərindən və bəlkə də ən böyük şəxsiyyəti olmuşdur. Buna əsasən, Əbu Hüzeyfə sözün əsl mənasında bir zadəgan övladı idi. Bu mühacirlərin başqa birisi Peyğəmbərin əmisi oğlu Zübeyrdir. O da böyük və tanınmış ailələrdən və bəlkə də zadəgan ailələrindən idi. Hər halda, məhrum təbəqədən deyildi. Bunlar həyat yoldaşları və dörd-beş nəfərlə birinci dəfə Həbəşəyə hicrət etdilər. Bu, hicrətin məqsədi barədə bir mesaja malikdir.339
Əqəbə beyəti

Məhz burada - Əbu Talib dərəsində müsibətli illərdən, Bilal, Əmmar Yasir, Süməyyə, Abdullah ibn Məsud və digər dostlarının işgəncəsindən, Allah rəsulunun Məkkə və Taif qəbilələri arasında uzun, məşəqqətli və nəticəsiz yürüşlərindən sonra Yəsrib əhalisinin Əqəbə beyəti baş tutdu, Peyğəmbər şəhərinə səmərəli hicrət başladı və İslam dövləti quruldu.340


Leylətülməbit (Peyğəmbərin yatağında gecələmək)

Əmirəlmöminin Peyğəmbərdən İslamı qəbul etdiyi və əziyyətlərinə qatlandığı uşaqlıq və yeniyetməlik çağından bu ixlası göstərdi. On üç il Peyğəmbərin yanında mübarizə apardı və Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi gecə onun yerində yatdı. Əmirəlmömininin Peyğəmbərin yerində yatması bir insanın göstərə biləcəyi ən böyük fədakarlıq nümunəsidir. Bu, qaçılmaz ölümlə razılaşmaq demək idi. Hazırlıqlı, silahlı və qəzəbli düşmən qaranlıq gecədə divarlar arxasında dayanıb yataqda yatanı öldürmək istəyirdi. Əmirəlmöminin o gecə Peyğəmbərə dedi ki, sənin yerində yatsam, sən salamat qalacaqsanmı? Buyurdu ki, bəli. Dedi ki, onda yataram.341

Öncə dedik ki, müsəlmanların bir qrupu bir müddət öncə Cəfər ibn Əbu Talibin rəhbərliyi ilə Həbəşəyə hicrət etmiş, orada qalmış və Məkkəyə qayıtmamışdılar. Onlar Həbəşədən birbaşa Yəsribə getdilər. Məkkədə Peyğəmbər, Əmirəlmöminin və Əbu Bəkrdən başqa heç bir müsəlman, yaxud tanınmış müsəlman qalmamışdı. Hərəkət edən sonuncu qrup Peyğəmbər və Əbu Bəkrdən ibarət idi. Bu, dəqiqliklə Qüreyş kafirlərinin Peyğəmbərin qətl planını icra etmək istədikləri gecəyə təsadüf edir. Qüreyş kafirləri Peyğəmbərin bütün tərəfdarlarını Mədinəyə köçürdüyünü görüb təhlükə hiss etdilər. Düşündülər ki, ora mərkəz olacaq, onlar üçün problem yaradacaq. Buna görə qərara gəldilər ki, onu bir yolla məhv etsinlər. Heç bir qəbilənin təkbaşına Bəni-Haşimlə vuruşmaq qüdrəti olmadığına görə qərara gəldilər ki, hər qəbilədən bir nəfər seçsinlər və bütün qəbilələr Bəni-Haşimə qarşı müqavimət göstərə bilsinlər. Bu işi gördülər. Bəlli gecədə Peyğəmbərin evinin ətrafında pusqu qurdular və gecə yarısı qəfildən evə töküldülər. Evə daxil olanda Peyğəmbərin yerində Əli ibn Əbu Talibi (ə) gördülər. Təxribat Peyğəmbərin planı ilə zərərsizləşdirilmişdi. Peyğəmbər artıq getmişdi və onlar da təbii ki, Əliyə (ə) heç nə etmədilər.342
Mədinəyə hicrət

Əziz Peyğəmbər öz peyğəmbərliyinin əvvəlindən elə şüarlar seçmişdi ki, Mədinəyə hicrətindən və İslam quruluşundan başqa bir şəkildə başadüşülən və dərk olunan deyil. İslam Peyğəmbərinin təbliğ etdiyi, cəmiyyətdə ayrıseçkiliyi inkar edən, məzlum qul və kölələri ərbabları əleyhinə qaldıran, yüksək ruhiyyəli və həssas gəncləri atalarının çirkin və pis əməlləri qarşısında müqavimətə vadar edən tövhid - fərdi, qəlbi və təcrid olunub bir tərəfdə gizlənmiş tövhid deyil, bayrağı ucalmalı və cəmiyyətin eynilə hicrət dövrü kimi əsaslanaraq yaşamalı olduğu tövhiddir. Hicrətin əvvəlindən Peyğəmbər İslam dövləti qurdu.343

Peyğəmbəri Mədinəyə çatmazdan öncə yolda tutmaq üçün bütün qüvvələrini səfərbər etdilər. Bilirdilər ki, Mədinədə tərəfdarları tərəfindən müdafiə olunacaq.344 Peyğəmbərin mağaraya sığınma əhvalatı Quranda var. Peyğəmbər üç gün mağarada qaldı. Sövr mağarası Məkkəyə yaxındır. Onlar məyus olduqda Peyğəmbər və Əbu Bəkr mağaradan çıxıb tez özlərini Mədinəyə çatdırdılar. Peyğəmbər gedəndən sonra Əmirəlmöminin bir neçə gün Məkkədə qalıb Peyğəmbərin borclarını, xalqın əmanətlərini qaytardı və sonra Mədinəyə yollandı.

Qeyd etdiyimiz kimi, Peyğəmbərin hicrəti onun mübarizə proqramlarından idi, nə təsadüfi, nə də çarəsizlikdən görülən iş idi. Bu, Peyğəmbərin mübarizə planından idi və olmalı idi, çünki bir dövlət olmadan İslam inqilabı möhkəmlənib davam edə bilməz. Bu möhkəmlənmə də yalnız İslam əsasında bir dövlət qurulduqda təmin oluna bilərdi. Təbii ki, dövlət qurmaq üçün də hicrət etmək lazım idi. Hicrətdən öncəyə qədər Peyğəmbərin əsas işi İslam cəmiyyəti və dövləti üçün möhkəm və etimadlı təməl qurmaq idi; yəni kadr və cəmiyyət yetişdirmək, əlaqə qurmaq, dini və siyasi düşüncə səviyyəsini yüksəltmək, lazımi imkanlar yarananda da hicrət etmək və öncəki proqnozlarla dövlət qurmaq. Əgər Məkkə əhalisi dəvəti qəbul etsəydi, Peyğəmbər bu işini elə Məkkədə görərdi. Deməli, hicrət İslam quruluşu, İslam dövləti yolunda bir addım idi və bu baxımdan, təsadüfi bir hadisə deyildi.345


Mədinə dövrü

Qubada dayanmaq

Əhali Peyğəmbərin Qubaya daxil olduğunu eşitdikdə - Quba Mədinəyə yaxındır və o həzrət on beş gün orada qalmışdır – ürəklərində onu görmək şövqü daha da artdı. Əhalinin bəzisi Qubaya gedib Peyğəmbəri ziyarət edib qayıdır, bəzisi də Mədinədə gəlişini gözləyirdilər.346


Peyğəmbərin Mədinəyə girişi

Allahın rəsulu Məkkədən Mədinəyə təşrif buyuranda yeni müsəlman olmuş Yəsrib əhalisi onu qarşılamağa getdilər. Onlar sevdikləri şəxsin şəhərə daxil olmasını səbirsizliklə gözləyirdilər.347

Peyğəmbərin mindiyi dəvə Yəsrib şəhərinə daxil oldu. Xalq onu dövrəyə aldı. O zaman Mədinə şəhəri məhəllələrə bölünürdü. Hər məhəllənin özü üçün evləri, küçələri, hasarı və böyükləri vardı və müəyyən bir qəbiləyə məxsus idi; Övs və Xəzrəcə bağlı olan qəbilələrə. Peyğəmbərin dəvəsi Yəsrib şəhərinə daxil olanda hansı qəbilənin qalasının qarşısına çatırdısa, böyüklər bayıra çıxıb dəvənin önündə dayanır, deyirdilər ki, ey Allahın rəsulu, buraya gəl, bizim evimiz, sərvətimiz, imkanlarımız sənin olsun. Peyğəmbər buyururdu ki, dəvənin yolunu açın, o, aldığı əmrə görə hərəkət edir, qoyun getsin.348
Məscidin tikilməsi və dövlətin əsasının qoyulması

Əbu Əyyub Ənsarinin evinin qarşısında istifadəsiz torpaq vardı. Buyurdu ki, bu torpaq kimindir? Dedilər ki, iki yetim uşağa məxsusdur. Özü pul verib o yeri aldı, sonra buyurdu ki, bu yerdə məscid tikəcəyik; yəni siyasi, ibadi, ictimai və idari mərkəz və xalqın toplantı yeri. Toplaşmaq üçün yer lazım idi. Odur ki, məscid tikməyə başladılar.349

On üç ildən sonra Peyğəmbərin təlimləri, şüarları, idarəçiliyi, fədakarlığı və digər amillər sayəsində bu təfəkkür bir quruluşa çevrildi; bir ümmətin siyasi quruluşuna və həyat sisteminə. Bu, Allahın rəsulu Mədinəyə təşrif buyurub oranı öz mərkəzi edəndə, orada İslam dövləti quranda baş verdi.350
Qardaşlıq peymanı

Peyğəmbərin bəlkə də Mədinəyə daxil olduğu ilk aylarda gördüyü işlərdən biri müsəlmanlar arasında qardaşlıq yaratmaq idi. O, müsəlmanları bir-birilə qardaş etdi. İslamda qardaşlıq məsələsi kompliment deyil... Qardaşlar bir-birinin qarşılıqlı hüquqlarına əməl etməlidirlər. Peyğəmbər bunu həyata keçirdi.351

Çox əhəmiyyətli olan sonrakı addım qardaşlıq yaratmaq idi. Peyğəmbər qardaşlıq yaratmaqla xoşagəlməz cahil adətləri ayaqları altına atdı. Bir qəbilə başçısı ilə çox aşağı və orta səviyyəli bir adam arasında qardaşlıq yaradaraq dedi ki, siz iki nəfər bir-birinizlə qardaşsınız. Onlar da bu qardaşlığı könüldən qəbul etdilər. Zadəganları və böyük şəxsləri müsəlman olmuş və azadlığa çıxmış qullarla bir tutdu. Bu işlə ictimai birliyin bütün maneələrini ortadan götürdü. Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər, çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasından Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə əsil-nəsəb və nə ata-ana şərafəti nəzərə alındı, yalnız İslam, iman, Allah yolunda mücahidlik və fədakarlıq göstərmək meyar seçildi. Görün dəyərləri əməldə necə müəyyən etdi! Onun sözündən çox əməli, rəftarı və davranışı insanlara təsir edirdi.352
Düşmənlərin təhdidinə qarşı mübarizə

Bütün hakim qüvvələrin təhlükə duyduğu canlı və dinamik varlığın təbii ki, düşməni olmalıdır. Əgər Peyğəmbər bu mübarək quruluşu düşməndən ağıllı şəkildə qoruya bilməsə, məhv olar və bütün zəhmətləri hədər gedər. Buna görə də, onu qorumalıdır.

...Peyğəmbər gördü ki, yeni doğulmuş İslam cəmiyyətini beş əsas düşmən təhdid edir.353
Peyğəmbərin iştirak etmədiyi döyüşlər

Mədinədən 10, 15, 20 fərsəng uzaqda iş-gücləri döyüşdən, qan tökməkdən, soyğunçuluqdan, bir-birinin canına düşməkdən və bir-birindən oğurluq etməkdən ibarət olan yarımvəhşi qəbilələr var. Əgər Peyğəmbər Mədinədə sağlam, əmin-amanlı və dinc bir ictimai quruluş yaratmaq istəyirsə, bunları nəzərə almalıdır. Peyğəmbər bunlar haqda düşündü. Onların hansında hidayətə ümid vardısa, onunla müqavilə bağlayırdı. Əvvəldə demədi ki, mütləq müsəlman olmalısınız. Xeyr! Onlar kafir və müşrik idilər, amma onlarla müqavilə bağladı ki, müsəlmanlara hücum etməsinlər. Peyğəmbər öz müqaviləsinə çox sadiq qalırdı; bu haqda danışacağam. O, etimadsız quldurlara isə çarə qıldı, özü onlara sarı getdi. Eşitmisiniz ki, Peyğəmbər əlli nəfəri filan qəbiləyə sarı yolladı, iyirmi nəfəri filan qəbiləyə sarı; bunlar həmin qəbilələrdir: xislət və təbiətləri sakitlik, hidayət və yaxşılıq qəbul etməyən, qan tökmədən və zorakılıq etmədən yaşaya bilməyənlər. Buna görə, Peyğəmbər onları məğlub etdi və yerlərində oturtdu.354


Peyğəmbərin iştirak etdiyi döyüşlər

Bədr

İkinci düşmən mərkəz olan Məkkədir. Düzdür, Məkkədə tam mənada bir hökumət mövcud deyildi, amma bir qrup təkəbbürlü, güclü və nüfuzlu zadəgan birlikdə Məkkənin hakimi sayılırdılar. Bunların bir-biri ilə ixtilafları vardı, lakin bu yeni doğulmuş İslam qarşısında əlbir olmuşdular. Peyğəmbər əsas təhlükənin onlardan gəldiyini bilirdi. Bu sonradan təsdiqini də tapdı. Peyğəmbər gördü ki, oturub onları gözləsə, mütləq fürsət qazanacaqlar. Odur ki, onlara hücum planladı. Lakin Məkkəyə doğru hərəkət etmədi. Onların karvan yolu Mədinənin yaxınlığından keçirdi. Peyğəmbər onlara qarşı hücumlara başladı. Əvvəldə bu hücumların ən mühümü Bədr döyüşü idi. Peyğəmbər hücuma başladı, onlar da təəssübkeşlik və inadkarlıqla döyüşə gəldilər.355


Ühüd döyüşü

Təxminən 4-5 il vəziyyət belə idi. Yəni Peyğəmbər onları rahat buraxmırdı. Onlar da ümidvar idilər ki, təhlükə duyduqları bu yeni körpəni - yəni İslam quruluşunu kökündən məhv etsinlər. Ühüd döyüşü və baş verən digər çoxsaylı döyüşlər bunun üçün idi.356

Söhbəti Ühüd döyüşünə aid olan bu mübarək ayə ilə başlayıram. Ühüd döyüşü qısamüddətli bir hadisə olsa da, Quranın bu döyüş barədə bizə verdiyi dərs böyük və daimidir. Qısası budur ki, Allah-Taala müsəlmanlara kömək vədi verir və bu vəd Ühüd döyüşündə həyata keçir "Allah sizə verdiyi vədinə sadiq çıxdı".357 Kömək vədi həyata keçdi, siz qalib gəldiniz, düşmən geri çəkilməyə məcbur oldu, amma sonra özünüz tərəfindən problem yarandı.

Hədislərə görə, Peyğəmbər (s) buyurmuşdu ki, bu yeri tərk etməyin; siz bu yerinizdə sabit qalacağınız təqdirdə biz qalib olacağıq.358 Problem yarananda, dünya malına meyl, vəzifəni unutmaq, bəhsə girmək və dünya malı üstündə dartışma vəzifə hissinə, daxili və dini vicdana qalib gələndə vəziyyət dəyişdi; əvvəlcə zəiflədiniz, öz aranızda çəkişməyə başladınız, postunuzu tərk etdiniz, sizə tapşırılan yeri buraxdınız: "...zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barədə bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız".359 Nəticədə vəziyyət dəyişdi. "Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir"360. Bu bir qanundur; cazibə qanunu və digər təbii və tarixi qanunlar kimi.

Allah neməti çevirmir, biz öz rəftarımızla, geri çəkilməyimizlə, pis idarəçiliyimizlə neməti qaytarırıq. Quran bizə öyrədir ki, işinizdə yol verdiyiniz israfçılıqlara görə tövbə edin: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!"361

Ühüd döyüşündə məsələ çevrildi. Allah qələbə işığını göstərdikdən sonra səhvə yol verdilər. Əlbəttə, mömin olduqlarından, birdəfəlik əl çəkmədiklərindən, məqsədləri sevdiklərindən və Allaha imanda sadiq olduqlarından Allah da bağışlayır, islah və kömək edir: "Siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barədə bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!"362 Ühüd döyüşünün dərsi budur.363

Bilirsiniz ki, Ühüd döyüşünün üç mərhələsi vardı: Birinci mərhələ qələbə mərhələsi idi. Onlar düşmən qoşununa hücum etdilər və düşmən qaçmağa başladı. İkinci mərhələ məğlubiyyət mərhələsi idi. Bu qələbə keçidin keşiyini çəkməli olan qrupu tamahlandırdı və postu tərk etdilər. Möminlərin başı qənimət toplamağa qarışanda düşmən arxadan hücum etdi və vəziyyəti ağırlaşdırdı. Hər halda, necə oldusa, möminlər yuxarıya çəkilib getdilər. Üçüncü mərhələ də bu idi ki, düşmən daha bir iş görə bilmədi. Müsəlmanlar bu qəfil hücumla məhv olmadılar; ölən, yaralanan oldu, hətta Peyğəmbər də yaralandı, amma yüksəkliyə çəkilib getdilər. Düşmən gördü ki, döyüşü davam etdirsə, onlar ruhlanıb yenə hücuma keçə bilərlər və vəziyyət yenə dəyişər. Düşmən qayıtmağı uyğun gördü və qayıtdı. Yəni möminlər ağır zərbə alsalar da, son qələbə düşmənə də nəsib olmadı. Bu, Ühüd döyüşünün üç mərhələsidir. Düşmənlər Mədinədən bir qədər uzaqlaşdıqda fikirləşdilər ki, dağın başındakı müsəlmanların hazırlığı yoxdur; itki vermiş, yaralanmış, Mədinəyə getmişlər, fiziki və psixoloji baxımdan yorğundurlar; odur ki, indi hücum zamanıdır. Onlar Mədinənin bir neçə kilometrliyində toplaşdılar və hücum üçün fürsət gözlədilər. Xəbər Mədinəyə çatdı. "Xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – deyirdilər".364 Bəziləri qorxu yaratmaq üçün xəbər verdilər ki, düşmən hücum üçün toplanmışdır. Münafiqlər də belə xəbərlər gətirdilər. Belə yerlərdə münafiqlər çox aktiv olurlar. Münafiqi bu sözlərdən tanımaq lazımdır. Burada Peyğəmbər nə etdi? Buyurdu ki, bu gün Ühüd döyüşündə iştirak edib yaralanan şəxslərin silahı yerə qoymağa haqları yoxdur; hamı toplaşsın, hücuma keçirik, Ühüd döyüşünə getməyənlər isə bura da gəlməsinlər. Şəhərdə təzə nəfəsli bir dəstə vardı, amma Peyğəmbər dedi ki, onlar gəlməsinlər, bu gün döyüşdə yorulanlar, yaralananlar gəlsinlər, şəhərin kənarında toplaşanlara hücum edəcəyik. Peyğəmbərin əmri olduğu üçün tabe olub toplaşdılar. Onlar öz casusları vasitəsilə Peyğəmbərin möhkəm iradə ilə hücum əmri verdiyini anladılar. Öz-özlərinə dedilər ki, xeyr, bunlarla vuruşmaq olmaz, gedək, başqa zaman gələrik. "(Bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər".365 Müsəlmanlar həm baş tutmayan ikinci müharibədən döndülər, həm də Allahın nemətinə yiyələndilər. Hədisdə göstərilir ki, orada bəzi qənimətlər götürüb qayıda bildilər, özlərinə heç bir zərər də toxunmadı. Bu, İslamın dərsidir: yorulmamaq, ümidi itirməmək, özünü zəif saymamaq, öz gücünə əhəmiyyətsiz yanaşmamaq və düşməni böyütməmək. Cəsarətin mənası budur.366

Allah Ali-İmran surəsində buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi".367 Sizin Ühüd döyüşündə düçar olduğunuz uğursuzluq qəfil, ani və köksüz bir hadisə deyildi, onun kökünü qabaqca özünüzdə yaratmışdınız. Özünüz yəni kimlər? Yəni həmin qırx nəfər. Dağın başında əlli nəfər vardı, onlar axıra qədər dayanmalı idilər, amma qırx nəfəri getdi, onu qaldı. O qırx nəfər həyatın adi məsələlərinə könül vermişdilər və özlərini belə bir mövqe üçün hazırlamamışdılar ki, digərləri qənimət yığsınlar, bunlar isə yerlərində dayanıb tamaşa etsinlər. Quranda belə nümunələr çoxdur.368

Günahlar insanın həyatında mənəvi ziyandan əlavə, bəzi uğursuzluqlara da səbəb olur. Bəşər fəaliyyətinin bir çox sahələri var ki, insan orada etdiyi günahlara görə uğursuzluğa düçar olur. Əlbəttə, bunların elmi, fəlsəfi və psixoloji izahı da var, yalnız gözüyumulu qəbul etmirik. Necə olur ki, günah insanı iflic edir? Misal üçün, Ühüd döyüşündə bəzi müsəlmanların səhlənkarlığı və təqsiri üzündən qələbə məğlubiyyətə çevrildi. Müsəlmanlar əvvəl qalib gəldilər, amma sonra dağın yarıq hissəsində oturub cəbhənin arxasını mühafizə etməli olan oxçular qənimət tamahından səngəri buraxıb meydana qaçdılar və düşmən də onları mühasirəyə alıb qəfil hücumla tar-mar etdi. Ühüddə buna görə məğlub oldular.369

Siz Ühüd döyüşündə baş verən hadisəyə diqqət yetirin. Bu on dörd əsr boyunca bütün müsəlmanların nifrininə və gileyinə tuş gələn o əlli nəfər müsəlman və Peyğəmbər səhabəsi idilər, çoxusu Bədr döyüşündə iştirak etmişdi, pis adamlar deyildilər. Amma onlar həmin problemə düçar oldular, qənimətə görə keçidi tərk etdilər, üstünlüyü düşmənə verdilər və çoxlu pak qanların tökülməsinə səbəb oldular. Bu əlli nəfərin səhlənkarlığına görə Həmzə Seyidüşşühəda kimi bir insanın qanı töküldü, Peyğəmbər yaralandı və yeni İslam quruluşu zəiflədi. Quran bu əlli nəfər barədə buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi".370 Yəni bunların əməli öncəki səhvlərinin nəitcəsi idi. Hər bir səhv öz növbəsində insanı başqa səhvlərə sövq edir. Yəni imanın təməlini zəiflədir və bu da sonrakı əməllərimizdə öz mənfi təsirini buraxır. Biz səhvə yol verdikdə bu səhv hissolunmaz şəkildə olsa da, bizim imanımıza təsir buraxır: "Şeytan onları məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Bir nəfər bir yanlış iş görür, sonra bu yanlışlıq onun imanına mənfi təsir buraxır, özünün isə xəbəri olmur. Əməlin iman və imanın əməl üzərində mənfi təsirinin nəticəsi Ühüd məğlubiyyətidir.371

"Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!"372 Əlbəttə, ayənin əvvəli uzundur. Seçdiyim bu hissənin də iki-üç ayəsini nəzərdə tutmuşam. "Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslər"373 nə deməkdir? Yəni Peyğəmbərin dəvətini, ilahi dəvəti, özü də yalnız ürəkdə yox, aktiv qəbul edənlər. Onlar Peyğəmbərin ardınca yola düşdülər, ən ağır mövqelərdə, hətta yaralı halda Allahın və Peyğəmbərin dəvətini qəbul etdilər. Dəvəti qəbul edən qrupdan yaxşı işlər görənlər və təqvalı olanlar üçün böyük mükafat nəzərdə tutulmuşdur. Bu ayə Ühüd döyüşünə aiddir. Ühüd döyüşündə bir dəstə qaçdı, amma Allahın Peyğəmbəri onları səsləyirdi; bəziləri qorxur, gəlmirdilər, bəziləri isə yaralı ola-ola gəldilər. Əmirəlmöminin o zaman çox yaralandı. Peyğəmbərin digər səhabələri də eləcə və bir qədər az. Bəziləri Allahın və Peyğəmbərin dəvətini qəbul etdilər, bəziləri isə qəbul etməyib qaçdılar. Bu ayə qaçmayanların və qəbul edənlərin mükafatını bəyan edir.374

Ühüd döyüşündə düşmənlər müsəlmanların əhval-ruhiyyəsini zəiflətmək və onları məğlub etmək məqsədilə dəfələrlə dedilər ki, Peyğəmbər öldürülmüşdür. O zaman bu şərafətli ayə nazil oldu: "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?!"375 Deyirlər ki, Peyğəmbər öldürülümüşdür. Əgər o öldürülsə belə, yalnız bir peyğəmbərdir, onu peyğəmbərliyə göndərən, ayaqda saxlayan Allah isə diridir. Görün insanların əhval-ruhiyyəsini necə gücləndirir.376

Müsəb ibn Ümeyr Ühüd döyüşündə şəhid olanda Peyğəmbər onun başı üzərinə gəldi və ağladı. Hədisdə və tarixdə belə göstərilir. O, səhabələrinə dedi ki, bu gənc müsəlman olmazdan əvvəl Məkkədə ən yaxşı, ən gözəl, ən bahalı paltarları geyinirdi. Cahiliyyət dəyərlərinə uyan, bütün fikri-zikri gözəl paltar geyinməkdən və cəlbedici görünməkdən ibarət bir gənc idi. İslam bu gənci dəyişdirib bir qəhrəmana və məqsədli insana çevirdi. Peyğəmbər Məkkədən Mədinəyə təşrif buyurmazdan uzun müddət öncə bu gənci yəsriblilərə (mədinəlilərə) Quran öyrətməyə göndərdi. Peyğəmbərin ətrafında yaşlılar da vardı, amma bu gənci göndərdi. O, yəsriblilərin Quran müəllimi oldu və Ühüd döyüşündə şəhid edildi. İsti qumlar üzərinə düşmüşdü. Peyğəmbər dayanıb onun pak cəsədinə baxdı və ağlamağa başladı.377

Ühüd Mədinəyə yaxın idi, döyüş xəbərləri əhaliyə tez çatırdı. Mədinədə belə bir şayiə yayıldı ki, Peyğəmbər döyüşdə öldürülmüşdür. Əhali bundan narahat oldu və təşvişə düşdü. Birdən Peyğəmbər şəhərə daxil oldu. Qadınlar - şəhidlərin anaları, bacıları, həyat yoldaşları Ühüdə getdilər ki, köməkləşib şəhidlərin cəsədlərini gətirsinlər və dəfn etsinlər. Rəvayətdə göstərilir ki, bir miniyin üzərinə üç cəsəd uzadıb dəfn üçün gətirən bir qadını gördülər. Soruşdular ki, bunlar kimdir. Cavab verdi ki, biri qardaşımdır, biri ərim, biri də atam, ya da övladım. Soruşdular ki, narahatsanmı? Dedi ki, mən Peyğəmbərin ölüm xəbərindən qorxdum, amma Allahın lütfü ilə onun yaşadığını gördükdə nigaranlığım aradan qalxdı, yaxınlarımın şəhidliyi bundan mühüm deyil.378

Bu rəvayət də yenə Əhli-sünnə qaynaqlarındandır. Ənəs ibn Malikdən nəql olunmuşdur ki, Əmirəlmöminini altmışdan artıq yara ilə arxa cəbhəyə gətirdilər. Güman ki, bu, Ühüd döyüşündə baş vermişdir. Döyüşdə altmışdan çox yara almaq zarafat deyil. Peyğəmbər xəstələrə baxan qadınlara - Ümm Səlim və Ümm Ətiyyəyə tapşırdı ki, o həzrəti müalicə etsinlər. Onlar dedilər ki, biz bu vəziyyətdən qorxuruq; yəni müalicə təsirsiz ola bilər. Peyğəmbər və möminlər gəlib o həzrətə baş çəkir və gedirdilər. Ənəs ibn Malik deyir ki, sanki onun başdan-ayağa bir yarası vardı, yəni başdan-ayağa yara içində idi.379

Ühüd döyüşündə nazil olmuş ayələri normal və rahat halda tam anlamaq olmaz. Əziz Peyğəmbərin və o həzrətin səhabələrinin Əbu Talib dərəsində, yaxud Məkkə yolunda qürbəti zamanı nazil olmuş ayələri adi şəraitdə, evdə, bazarda və normal həyatda tam dərk etmək olmaz. Bir çox ayələrin izahı üçün xüsusi şərait lazımdır.380

Mənim əzizlərim! Bizim bütün həyatımız Ühüd döyüşüdür. Əgər yaxşı hərəkət etsək, düşmən məğlub olacaq. Amma gözümüz qənimətlərdə qalsa, üç-dörd nəfərin qənimət topladığını görüb paxıllığımız tutsa və səngəri tərk edib qənimətə sarı qaçsaq, vərəq çevriləcək. Ühüd döyüşündə bunu gördünüz. İslam tarixində Ühüd döyüşü çox təkrar olunmuşdur.381
Əhzab (Xəndək) döyüşü

Təkəbbürlü və güclü Məkkə zadəganlarının Peyğəmbərə qarşı son döyüşü Xəndək döyüşü idi. Bu çox mühüm döyüşlərdən biri idi. Onlar bütün qüvvələrini topladılar, digərlərindən də kömək aldılar, dedilər ki, Peyğəmbəri və onun yaxın adamlarından 300, 500 nəfəri qıracaq, Mədinəni də qarət edib qayıdacağıq; daha bunlardan heç bir əsər-əlamət qalmayacaq. Onlar Məkkəyə çatmazdan öncə Peyğəmbər məsələdən hali oldu və məşhur xəndəyi qazdı. Mədinənin bir tərəfi açıq idi. Orada təxminən qırx metr enində bir xəndək qazdılar. Ramazan ayı və bəzi rəvayətlərə görə hava çox soyuq idi. Həmin il yağıntı olmamışdı, qıtlıq və çoxlu problemlər yaranmışdı. Peyğəmbər hamıdan çox işləyirdi. Xəndək qazanda kimin yorulduğunu, dayandığını və davam edə bilmədiyini görəndə gedib külüngü alır və işləməyə başlayırdı. Yəni təkcə əmr verməklə çalışmırdı, özü cəmiyyətin arasında idi. Kafirlər xəndəyin qarşısında dayanıb keçə bilmədiklərini gördülər; məğlub, rüsvayçı, məyus və nakam halda geri qayıtmağa məcbur oldular. Peyğəmbər buyurdu ki, məsələ bitdi. Bu, Məkkə Qüreyşinin bizə son hücumu idi. Bundan sonra növbə bizimdir. Biz Məkkəyə doğru gedəcəyik.382

Xəndək döyüşündə Mədinə müsəlmanları təxminən hər tərəfdən mühasirəyə alınmışdılar. Mədinəyə yemək gəlmirdi, ərzaq bitmişdi. Belə ki, bəzən iki-üç gün heç kim yeməyə bir şey tapmırdı. Belə bir halda Peyğəmbərin özü Xəndək qazmaqda xalqla birgə çalışır və hamı kimi aclıq çəkirdi.383

Təxminən bir ay sürən Əhzab döyüşündə heç kəs xəndəyi keçə bilmədi. Peyğəmbər bir neçə kilometr uzanan bu xəndək boyunca gözətçilər qoymuşdu ki, heç kim ondan keçə bilməsin. Peyğəmbərin oxçuları qaranlıq gecələrdə və soyuq havalarda - həmin il təsadüfən Mədinənin havası çox soyumuşdu, gecələr soyuqdan yata bilmirdilər, qıtlıq və aclıq da vardı - daim ox atırdılar. Odur ki, bu bir ay boyu gələ bilmədilər. Yalnız bir dəfə bacardılar: Əmr ibn Əbdivəd iki-üç yoldaşı ilə birgə özlərini bu tərəfə çatdırdılar. Onun şəxsiyyətinin ən mühüm cəhəti qürur və təkəbbür idi. O tərəfdəkilər dedilər ki, daha Mədinənin işi bitdi. Əhzab döyüşü mühüm döyüşdür. Mənim fikrimcə, Peyğəmbərin bütün döyüşləri arasında ən mühümü Əhzab döyüşüdür. Bu çox qəribə döyüşdür. Peyğəmbərin üstünə heç zaman bu qədər adam gətirməmişdilər. Onlar məsələni bitirib qayıtmaq üçün gəlmişdilər. Bütün qüvvələrini toplamışdılar. Bütün Qüreyş, bütün Qətfan və digər qəbilələr bütün dəm-dəsgahları ilə gəlib yırtıcı canavar kimi gözləyirlər. Hamısı da təkəbbürlü və məğrurdur. Lakin heç biri bacarmayıb, çox rüsvay olmuş, əsəbiləşmiş və dişlərini qıcamışlar. Bu zaman Əmr ibn Əbdivəd xəndəyi keçməyi bacardı. Bu şəxsin qarşısında ilahi bir iş görülməli idi. Onun qüruru puç və səbəbsiz deyildi. Həzrət göstərdi ki, puç qürur deyildi. Onu yerə vurdu, sinəsi üzərində oturdu, boynunu vurdu və məsələ bitdi. "Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik".384 Onlar da qaçıb getdilər.385

Həm də Əhzab döyüşü adı ilə məşhur olan Xəndək döyüşündə, yəni bütün kafir qrupların əl-ələ verib İslamı diz çökürmək istədikləri döyüşdə İslamın şücaətli əsgəri Əli ibn Əbu Talib (ə) Əmr ibn Əbdivədlə döyüşə gedəndə Peyğəmbər buyurdu: "Bütün imanla bütün küfr qarşı-qarşıya dayanmışdır".386 Kafirlər bütün qüvvələrini Əmr ibn Əbdivəddə mərkəzləşdirdilər, onu İslamın qarşısına göndərdilər. O, qürurla düşünürdü ki, İslam dövlətinin məğlubiyyəti onun əlindədir. Lakin İslama imanlı döyüşcü olan Əmirəlmöminin onu qanına qəltan elədi, kafirlərin əl-ələ vermiş bütün qüvvələri dağıldı. Əmr İbn Əbdivəd məhv ediləndə, əslində, bütün kafirlər məhv edildilər. Və bundan sonra İslam fəthləri başlandı.387
Hüneyn döyüşü

...Allah-Taala sizə verdiyi vədə əməl etdi. Bu vəd nə idi? Düşmənə qələbə. Qələbə mərhələ-mərhələ qazanılır, mütləq qələbə birdəfəyə əldə olunmur. Döyüşdə bir səngər irəlilədikdə və düşmən bir səngər geriyə çəkildikdə bu qədər qalib gəlmiş olursunuz. Deməyin ki, nə üçün qalib gəlmədik; qalib gəldiniz, amma bir səngər qədərincə. Nə üçün? Çünki bir səngər qədərincə çalışdınız. Bütün səngərlər qədərincə çalışsaydınız, mübarizəni davam etdirsəydiniz, bütün səngərləri fəth edər, düşmənin əlindən alardınız. Allah deyir ki, bu biz vədi həyata keçirdik. Yəni siz Hüneyn döyüşündə düşməninizə qalib gəldiniz. Düşmənin qüvvə və imkanları çox, Peyğəmbərin qüvvə və imkanları isə az idi, amma eyni Peyğəmbər zəfər çaldı. Bunlarda olub, onlarda olmayan nə idi? İman, eşq, gələcəyə ümid. Amma onların nə imanları vardı, nə eşqləri, nə də aydın gələcəkləri. Yalnız öz varlıqlarını və əllərində olanı müdafiə edirdilər.388


Təbuk döyüşü

Bir zaman İslam cəmiyyətinin rəhbəri olan Peyğəmbər həmin Məkkə və Mədinədən bayraqları bağlayıb müsəlmanlara verirdi, onlar Ərəbistan yarımadasının uzaq nöqtələrinə və Şam sərhədlərinə qədər gedir, Roma imperiyasını təhdid edirdilər. Düşmən qaçırdı və İslam qoşunları qalib şəkildə qayıdırdılar. Bunun üçün Təbuk hadisəsini misal çəkmək olar.389


Digər döyüşlər

Peyğəmbər Qüreyş kafirləri ilə çoxlu döyüşlərə girdi, Bizans imperatoruna qarşı - o zaman Şam və Fələstin zonası Bizansa tabe idi - bir neçə müharibə apardı, Yərmuk, Mutə və Təbuk döyüşlərində iştirak etdi.390


Yəhudilər

Üçüncü düşmən yəhudilər idi; yəni hələlik Peyğəmbərlə birgə Mədinədə yaşamağa razı olan, lakin əziyyət verməkdən, maneə törətməkdən və təxribatdan əl çəkməyən etimadsız əcnəbilər. Quranın Bəqərə və digər bəzi surələrinin mühüm hissəsi Peyğəmbərin yəhudilərlə mədəni mübarizəsinə aiddir. Dedik ki, onlar mədəni və məlumatlı insanlar idilər, imanı zəif olanlara güclü təsir göstərir, təxribat aparır, xalqı məyus edir və bir-birinin canına salırdılar. Onlar mütəşəkkil düşmənlər idilər. Peyğəmbər bacardığı qədər onlarla yola getdi, lakin sonradan buna layiq olmadıqlarını görüb onları cəzalandırdı. Peyğəmbər həm də səbəbsiz yerə onların üstünə getmədi. Bu üç qəbilənin hər biri bir iş törətdi və Peyğəmbər onlara uyğun cəzanı verdi. Əvvəlcə Bəni-Qeyn-Qa Peyğəmbərə xəyanət etdi. Peyğəmbər də onlara buyurdu ki, buradan getməlisiniz. Onları köçürtdü, o bölgədən qovdu və bütün imkanları müsəlmanlara qaldı. İkinci dəstə Bəni-Nəzir idi. Onlar daha mühüm xəyanət etdilər və Peyğəmbər buyurdu ki, əşyalarınızdan bir qədərini götürün və gedin. Onlar da getməyə məcbur oldular.

Üçüncü dəstə Bəni-Qüreyzə idi. Peyğəmbər onların qalmasına icazə verdi, onları qovmadı, onlarla razılığa gəldi ki, Xəndək döyüşündə düşmənin məhəllələr tərəfindən Mədinəyə daxil olmasına imkan verməsinlər. Lakin onlar namərdlik edib düşmənlə razılaşdılar ki, onların yanında Peyğəmbərə hücum etsinlər; yəni nəinki Peyğəmbərlə razılaşmalarına sadiq qalmadılar, hətta düşmənlə danışıq apardılar və onlarla birgə məhəllələr tərəfdən Mədinəyə daxil olub Peyğəmbərə arxadan xəncər vurmaq qərarına gəldilər. Peyğəmbər Mədinənin bir hissəsində Xəndək qazmışdı. Bunların məhəllələri isə digər tərəfdə idi və onlar düşmənin həmin yerdən gəlməsinə mane olmalı idilər.

Peyğəmbər təxribat əsnasında məsələdən hali oldu. Mədinənin mühasirəsi bir ay sürdü. Bunlar bu bir ayın ortasında həmin xəyanəti etdilər. Peyğəmbər bunların belə bir qərara gəldiklərini anladı. O çox ağıllı bir tədbirlə bunların Qüreyşlə arasını vurdu. Bunun təfərrüatını tarixdə yazmışlar. Bunlarla Qüreyşin bir-birinə etimadı sarsıldı. Peyğəmbərin çox gözəl hərbi-siyasi hiylələrindən biri budur. Bunları hələlik dayandırdı ki, ziyan vura bilməsinlər. Qüreyş və müttəfiqləri məğlub olub Məkkəyə qayıdanda Peyğəmbər də Mədinəyə döndü. Elə həmin gün zöhr namazını qılıb buyurdu ki, əsr namazını Bəni-Qüreyzə qalalarının önündə qılacağıq; yola düşün, oraya gedirik. Yəni hətta bir gecə də gözləmədi, gedib onları mühasirəyə aldı. Bu mühasirə və döyüş 25 gün davam etdi. Peyğəmbər bunların bütün döyüşçü kişilərini qətlə yetirdi. Çünki bunların xəyanəti daha böyük və düzələsi deyildi. Peyğəmbər bunlarla belə rəftar etdi, əsasən Bəni-Qüreyzə, ondan öncə Bəni-Nəzir və sonra Xeybər yəhudilərinin ədavətini belə ağılla, qüdrətlə, qətiyyətlə və uca insani əxlaqla müsəlmanlardan uzaqlaşdırdı. Bu hadisələrin heç birində Peyğəmbər əhdini pozmadı. Hətta İslam düşmənləri də qəbul edirlər ki, Peyğəmbər bu məsələlərdə heç bir müqaviləni pozmadı. Müqaviləni pozan onlar idilər.391


Münafiqlər

Dördüncü düşmən xalqın arasında olan münafiqlər idilər. Onlar dildə iman gətirmiş, əslində isə imanı olmayan rəzil, ədavətli, dar düşüncəli, düşmənlə əməkdaşlığa hazır olan, lakin təşkilatlanmamış insanlar idilər. Onların yəhudilərlə fərqi bu idi. Peyğəmbər hücuma hazır olan və fürsət gözləyən mütəşəkkil düşmənə qarşı, yəhudilərlə etdiyi kimi rəftar edir, aman vermir, təşkilatlanmamış, fərdi inad, ədavət və xəbislikləri olan imansız düşmənlərə isə dözür. Abdullah ibn Übəy Peyğəmbərin ən qatı düşmənlərindən biri idi. Bu şəxs Peyğəmbərin həyatının təxminən son ilinə qədər sağ idi. Peyğəmbər ona qarşı pis rəftar etmədi. Onun münafiq olduğunu hamı bilsə də, Peyğəmbər onunla keçinir, digər müsəlmanlar kimi rəftar edir, beytülmaldan payını verir, təhlükəsizliyini təmin edir və hörmətini saxlayırdı. Onlar isə Peyğəmbərə qarşı çoxlu pislik və xəbislik edirdilər. Bəqərə surəsinin bir hissəsi də bu münafiqlərə aiddir. Onların bir qrupu mütəşəkkil cinayət törədəndə Peyğəmbər onları cəzalandırdı... Yaxud həmin münafiqlərin bir qrupu öz küfrlərini aşkar edib Mədinədən getdikləri və qoşun topladıqları zaman Peyğəmbər onlara qarşı mübarizə apardı; buyurdu ki, yaxınlaşsalar, gedib onlarla vuruşacağıq. Halbuki Mədinənin daxilində münafiqlər vardı, amma Peyğəmbərin onlarla işi yox idi. Buna əsasən, üçüncü dəstəyə qarşı qətiyyətli və təşkilati şəkildə, dördüncü dəstə ilə isə mülayim rəftar etdi; çünki bunlar təşkilatlanmamışdılar və təhlükələri fərdi xarakter daşıyırdı. Peyğəmbər öz rəftarı ilə çox zaman bunları utandırırdı da.392


Müsəlmanların nəfsi

Əziz Peyğəmbər kafirlərin vəziyyətini də müəyyən edir, zəif möminlərin də. Bunlar yarımçıq idilər; ya münafiq idilər, ya da kəskin mənada münafiq deyildilər, ikiüzlülük etmirdilər, amma xarakterləri zəif idi. İslam bunları da mömin və möhkəm insanlara çevirmək istəyir. Bəzi müsəlmanlar qorxub Hüdeybiyyə döyüşündə Peyğəmbərlə (s) iştirak etməmişdilər. Deyirdilər ki, Peyğəmbər (s) və onunla gedən bütün müsəlmanlar kafirlər tərəfindən məhv ediləcəklər. Peyğəmbər (s) qayıtdıqda o həzrətin yanına gəlib dedilər ki, biz gələ bilmədik, problemimiz oldu, işimiz çıxdı, indi bizim üçün Allah-Taaladan bağışlanmaq istə. Halbuki bu söz də bir növ aldatmaq idi. Bunlar əslində ilahi əfvi də istəmirdilər. Elə bilirdilər ki, getməməklə zirəklik etdilər. Quran ayəsi buyurur: "(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik), (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər"393. Qəlblərində olmayan bir şeyi dilləri ilə deyirlər. Demək olmaz ki, bunlar münafiq, kafir və düşməndirlər. Xeyr, zəif ruhlar, zəif qəlblər və zəif insanlar problem zamanı rol oynaya bilmirlər. Bu, İslam quruluşunun, İslam cəmiyyətinin, İslam məmurunun, İslam müdirinin məsuliyyət daşıdığı mənəviyyatdır.

Əvvəldən sona qədər bəşəriyyətin müəllimi olan, mələklərə hikmətindən bəhrə verən və mübarək qəlbi ilahi vəhyin ən üstün yeri olan böyük İslam Peyğəmbəri döyüşdən qayıdan gənclərə buyurdu ki, siz kiçik cihad etdiniz, indi böyük cihad zamanıdır; nəfslə cihadın, aydın yerlərdə yox, qaranlıqda cihadın. Döyüşdə meydan aydındır; düşmən o tərəfdədir, sizinkilər bu tərəfdə, düşmən də tanınır, sizinkilər də, düşmənin texnikası bəllidir və planını təxmin etmək olur. Düşmənlə ən asan döyüş oradadır. Təbii ki, bütün cihadlarda can təhlükəsi var. Həm də can həmişə ən əziz şey deyil. Elə adamlar var ki, gündə yüz dəfə ölüm arzulayırlar. Candan keçməkdən də böyük fədakarlıqlar var. Elə işlər var ki, can verməkdən daha məşəqqətlidir. Peyğəmbər buyurdu ki, indi böyük cihadın növbəsidir.394
Fədək

Təkcə Fədək məsələsi yox, haqqı bərpa etmək, Peyğəmbərin yolunu getmək və İslamın düzgün xəttini davam etdirmək məsələsi olmuşdur; yəni Əmirəlmömininin və Fatimeyi-Zəhranın (ə) bu müsibətlərlə nəticələnən həqiqi məqsədi. Fədək də bu sırada yer alan bir şüar idi.395


Padşahlara məktub

Peyğəmbər dünyanın böyük padşahlarına, ovaxtkı iki böyük gücünə, yəni İran və Roma imperiyasına məktublar yazdı, mübahisələr etdi, sözlər dedi, qoşunlar yeritdi, çətinliklər çəkdi... (Həmin quruluş və cəmiyyət) Peyğəmbərin müharibə və dəvətdə müqaviməti sayəsində sonrakı illərdə dünyanın birinci gücünə çevrilə bildi.396


Hüdeybiyyə sülhü

Hicrətin altıncı ilində müsəlmanlar silahsız və döyüş hazırlığı olmadan silahlı və imkanlı kafirlərin qarşısında qaldılar. Müsəlmanlar silaha əl atmayacaqdılar. Bu, Hüdeybiyyə hadisəsində baş verdi. Bu hadisəyə həm Hüdeybiyyə döyüşü demişlər, həm də Hüdeybiyyə sülhü. Döyüş olmasa da, təsirləri böyük bir döyüşdən çox idi. Onun faydaları və qarşılaşma keyfiyyəti müstəsna idi. Bu hadisədə Qüreyş kafirləri geniş imkanlarla, silahla, döyüşçülərlə və lazımi məlumatlarla yalnız Allah evini ziyarət məqsədilə yola düşmüş silahsız müsəlmanların yolunu kəsdilər. Hadisə döyüşlə nəticələnmədi, ancaq bu sülhün çoxlu faydaları oldu.397

Növbəti ildə Peyğəmbər dedi ki, ümrə ziyarətinə gedirik. Çox mənalı hadisələrdən biri olan Hüdeybiyyə hadisəsi o zaman baş verdi. Peyğəmbər ümrə ziyarəti məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Onlar gördülər ki, Peyğəmbər müharibənin yasaq olduğu hörmətli bir ayda Məkkəyə sarı gəlməkdədir. Nə etsinlər? Yolu açsınlar və gəlsin? Bu uğurdan sonra nə edəcək və onun qarşısında necə dayanacaqlar? Yoxsa döyüşün haram olduğu bir ayda gedib onunla vuruşsunlarmı? Necə vuruşsunlar?! Nəhayət qərara gəldilər ki, gedib onu Məkkəyə gəlməyə qoymayacaq və bəhanə tapsaq, hamısını qıracağıq. Peyğəmbərin çox yüksək siyasəti sayəsində onlar Peyğəmbərlə müqavilə imzaladılar ki, bu il qayıtsınlar və növbəti ildə gəlib ümrə ziyarətini yerinə yetirsinlər. Bununla bütün bölgədə Peyğəmbərin təbliğatına şərait yarandı. Adı sülhdür, amma Allah-Taala Quranda buyurur: "Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik".398 İnsan düzgün və mötəbər tarixi qaynaqlara müraciət etsə, Hüdeybiyyə hadisəsinin nə qədər möhtəşəm olduğunu görər. Növbəti ildə, yəni hicrətin səkkizinci ilində Peyğəmbər ümrə ziyarətinə getdi və onların istəyinin əksinə olaraq, o həzrətin hörməti günbəgün artdı. Sonrakı il, yəni kafirlərin müqaviləni pozduğu səkkizinci ildə Peyğəmbər gedib Məkkəni fəth etdi. Bu, Peyğəmbərin qüdrətindən xəbər verən əzəmətli zəfər idi. Buna əsasən, Peyğəmbər bu düşmənlə də ağılla, qüdrətlə, səbir və hövsələ ilə, özünü itirmədən və bir addım da geri çəkilmədən rəftar etdi; günbəgün və anbaan irəlilədi.399

Hüdeybiyyə və ondan sonrakı hadisələr Peyğəmbərin müqəddəs həyatı dövrünün çox mühüm və mənalı sınaqlarındandır. Əziz Peyğəmbər və müsəlmanlar Məkkə məqsədilə Hüdeybiyyəyə getdilər, orada düşmən onları məcburən döyüşə çəkmək istəyirdi, amma Peyğəmbərin ilahi siyasəti buna imkan vermədi. Döyüşsüz qayıtdılar və Peyğəmbər müşriklərlə bir müqavilə bağladı. Bu müqavilə o qədər mühüm idi ki, bir rəvayətə əsasən, Fəth surəsi Hüdeybiyyə müqaviləsi barədə nazil olmuş və onu zəfər adlandırmışdır: "Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!"400

Əziz Peyğəmbər bir neçə dəfə müxtəlif səbəblərə görə xalqdan beyət almışdır. Bu beyətlərin biri və bəlkə də hamısından çətini Hüdeybiyyə hadisəsində olan Şəcərə (ağac), yaxud Rizvan beyətidir. Vəziyyət ağırlaşanda Peyğəmbər ətrafında olan min neçə yüz adamı toplayıb buyurdu ki, sizdən ölümə beyət alıram; gərək qaçmayasınız, o qədər vuruşasınız ki, ya qələbə çalasınız, ya öldürüləsiniz. Məncə, o həzrət başqa heç bir yerdə müsəlmanlardan belə beyət almamışdır. Onların arasında hər cür insan vardı. O beyətdə zəif imanlı və nəql olunana əsasən, münafiq insanlar da vardı. Ayağa qalxıb "ey Allahın rəsulu, beyət edirəm" – deyən birinci şəxs isə gənc Əli ibn Əbu Talib (ə) idi. Otuzdan az yaşı olan bu gənc əlini uzadıb dedi ki, səninlə ölümə beyət edirəm. Sonra digər müsəlmanlar cürətlənib biri o birindən sonra Peyğəmbərlə beyət etdilər. Ürəyi istəməyənlər də beyət etməyə məcbur oldular: "(Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu".401

"Biz sənə aşkar zəfər bəxş etdik".402 Peyğəmbərin aşkar zəfəri Hüdeybiyyədə baş verdi. Heç bir döyüş olmasa da, aşkar zəfər idi. Peyğəmbər Hüdeybiyyəyə, yəni Məkkəyə yola düşəndə və ümrə məqsədilə Məkkəyə gedəndə mömin və ixlaslı insanların bəzisi ona yoldaşlıq etmədilər, dedilər ki, biz gəlmirik. "Biz gəlmirik" deyən şəxslər bu surənin bir ayəsində çox məzəmmət olunmuşlar. O ayə budur: "(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!"403. Peyğəmbər əlidolu qayıtdıqdan sonra bunlar Peyğəmbərin yanına gəlib dedilər ki, biz arvad-uşağımızla və misal üçün, dükanımızla, işimizlə, ticarətimizlə məşğul idik və sizin qulluğunuzda dura bilmədik. Sonra buyurur ki, qəlbləri və dilləri bu sözdə də fərqlidir: "Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər"404. Quran onların sözünü rədd edir və buyurur ki, sizin dediyiniz düzgün deyil, həqiqət budur: "(Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!"405 Bu, surənin əvvəlində deyilən "Allaha qarşı pis güman edənlər"406 qrupudur. Deyir ki, siz Peyğəmbərin səfərdən qayıtmayacağını güman etdiniz, pis güman etdiniz, Allaha bədgüman oldunuz və qorxdunuz. Həmin bədgümanlıq Peyğəmbərlə birgə olmamalarına səbəb oldu, halbuki onun yerinə nikbin olsaydılar, Peyğəmbərə yoldaş olardı və bu səfərin həm maddi, həm mənəvi faydalarından bəhrələnərdilər. Peyğəmbər buyurdu ki, mənimlə gəlməyənlər Bəni-Nəzir döyüşünə gəlməməli və Xeybərdə iştirak etməməlidirlər.407


Məkkənin fəthi

Sonrakı il, yəni kafirlərin müqaviləni pozduğu səkkizinci ildə Peyğəmbər gedib Məkkəni fəth etdi. Bu, Peyğəmbərin qüdrətindən xəbər verən böyük zəfər idi.408

Peyğəmbər xalq arasında sevgi və səmimilik yaratmağa çalışırdı. Hətta İslamın dairəsi genişləndikdə və Məkkə alındıqda da şəhərin əhalisini əfv etdi. Məkkə əhalisi Peyğəmbəri öz şəhərindən qovanlar idilər. Peyğəmbər onlara görə on üç il narahatlıq və əziyyət çəkmiş, onlarla bir neçə müharibə aparmışdı. Nə qədər müsəlman öldürmüşdülər və qarşılığında müsəlmanlar da onlardan öldürmüşdülər. Əgər onlar bu vəziyyətdə Allah rəsulunun qalib ordusuna ev sahibliyi etməli olsaydılar, onların arasında uzun illər sülh olmayacaqdı. Buna görə Peyğəmbər Məkkəyə daxil olan kimi ümumi əfv elan etdi, Qüreyşi bağışladı və mövzu bağlandı.409

Peyğəmbər Məkkəyə daxil oldu, on üç il ona əziyyət, işgəncə verən, onu təkzib edən və böyük problemlər yaradan insanlarla üzbəüz oldu. Onlardan intiqam almadı, hamısına dedi ki, siz azadsınız. Lakin həmin səfərdə bəzilərinin adını çəkib dedi ki, bunları harada görsəniz, öldürün. Onların arasında dörd qadın və dörd kişi vardı. Burada radikallıq lazım idi, orada isə mülayimlik.410


Zirar məscidi

Zirar məscidi hadisəsində münafiqlər bir mərkəz düzəltdilər, İslam quruluşundan xariclə - Romada Əbu Amir Rahib kimi bir şəxslə əlaqə qurdular, Peyğəmbərin əleyhinə qoşun yeritmək üçün işlər gördülər. Burada Peyğəmbər onlara hücum etdi, tikdikləri məscidi dağıtdı və yandırdı. Buyurdu ki, bu, məscid deyil, məscid, Allahın adı və xalq əleyhinə təxribat mərkəzidir.411


Mübahilə

...Peyğəmbərlə razılaşmayan, lakin həm də vuruşmayan Nəcran məsihiləri ilə mübahilə etdi, döyüşə girmədi.412


Həzrət Əlinin (ə) Yəmənə ezam olunması

Peyğəmbər hicrətin onuncu ilində son - yəni vida həcci üçün Məkkəyə gedəndə Əmirəlmöminin Yəməndə ezamiyyətdə idi. Peyğəmbər o həzrəti yəmənlilərə din öyrətmək, onların zəkatını almaq və onlara kömək etmək üçün Yəmənə göndərmişdi. Əmirəlmöminin Peyğəmbərin həccə getidyini eşidən kimi sürətlə özünü Məkkəyə çatdırdı. Yəmən əhalisindən bir qədər zəkat alınmışdı. Onların arasında qiymətli Yəmən parçaları da vardı. Əmirəlmömininin özünü Peyğəmbərə çatdırmağa tələsirdi. Odur ki, həmin malları gətirmək üçün bir nəfəri karvan başçısı təyin etdi və özünü dərhal Məkkədə Peyğəmbərə çatdırdı ki, həcc əməllərini əvvəldən Peyğəmbərlə birgə yerinə yetirsin. Sonra Əmirəlmöminin karvanın yanına gedəndə gördü ki, Yəmən parçalarını öz aralarında bölmüşlər. Buyurdu ki, nə üçün bunları geyinmisiniz? Dedilər ki, qənimət və zəkat olduğu üçün bizə məxsusdur. Buyurdu ki, Peyğəmbərə çatmazdan öncə bölünməsi düzgün deyil, qanuna və dinə ziddir. Buna görə paltarları onlardan aldı. Vermək istəməyənlərdən zorla aldı. Təbii ki, imanı güclü olmayan bir kəsdən bir şey alsalar, narahat olar. Onlar Peyğəmbərin yanına gəlib Əmirəlmöminindən şikayət etdilər. Peyğəmbər buyurdu ki, nə üçün şikayət edirsiniz? Məgər nə olub? Dedilər ki, Əli (ə) bunları bizdən aldı. Peyğəmbər buyurdu ki, bu iş üçün Əlini qınamayın, o, ilahi qanunlar məsələsində sərt insandır 413.414


Qədir-Xum hadisəsi

Qədir-Xum məsələsində əziz İslam Peyğəmbəri Allahın əmrinə itaət və Quranın açıq ayələrinə əməl edərək ən böyük vaciblərdən birini yerinə yetirdi: "Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan".415 Əmirəlmömininin vilayət və xilafətə təyin edilməsi o qədər əhəmiyyətlidir ki, bunu etməsən, öz missiyanı yerinə yetirməmisən. Yaxud məqsəd budur ki, bu məsələyə aid tapşırığını yerinə yetirməmisən. Çünki Allah-Taala "bu işi gör" deyə əmr etmişdir. Yaxud bundan üstündür; yəni bu işi görməməklə bütün peyğəmbərlik missiyası xələl görür və bünövrədən məhv olur, sanki risalətin özü təbliğ olunmamışdır. Bu ehtimal var. Bu zaman məsələ çox mühüm olur, yəni hakimiyyət, vilayət və ölkə idarəçiliyi dinin əsasındandır və Peyğəmbər bu missiyasını xalqın gözü qarşısında elə yerinə yetirir ki, bəlkə heç bir vacibi belə çatdırmamışdır; nə namazı, nə zəkatı, nə orucu, nə də cihadı. Müxtəlif təbəqə, qəbilə və bölgələrdən olan insanları Məkkə və Mədinənin arasında mühüm işdən ötrü toplayıb belə bir missiyanı yerinə yetirdi və Peyğəmbərin yeni sözü İslam dünyasına yayıldı.416


Üsamənin qoşununun ezam edilməsi

Döyüşlərdə əziz Peyğəmbərin özü komandanlığı öhdəsinə götürürdü. Lakin həyatının son həftələrində dünyadan köçəcəyini duyduqda və Roma imperiyasına qoşun yeritməyin özü tərəfindən imkansız olduğunu gördükdə - bu çox böyük və çətin iş idi; bu iş üçün elə bir qüvvə seçilməli idi ki, heç bir maneə onun önünü kəsə bilməsin – bu işi on səkkiz yaşlı bir gəncə tapşırdı. Peyğəmbər ona dedi ki, atanın şəhid olduğu yerə - ozamankı Roma imperiyasında və bugünkü Suriyada yerləşən Mutəyə get, orada düşərgə sal. Sonra ona döyüş tapşırıqları verdi.417


Vəfat

Peyğəmbərin xəstə olduğu və vəfat etdiyi günlər Mədinənin ağır günləri idi; xüsusən də Peyğəmbərin vəfatından bir qədər öncə baş verən hadisələrə görə. Peyğəmbər məscidə gəlib minbər üzərində oturdu və buyurdu ki, məndə kimin haqqı qalıbsa, desin. Camaat ağlamağa başladı, dedilər ki, ey Allahın Rəsulu, bizim səndə nə haqqımız ola bilər. Buyurdu ki, Allah yanında rüsvay olmaq sizin yanınızda rüsvay olmaqdan ağırdır. Əgər boynumda haqqınız qalıbsa, məndən alacağınız varsa, deyin, qiyamətə qalmasın. Nə gözəl əxlaq! Bu sözləri deyən kimdir? Elə uca insan ki, Cəbrayıl onunla həmsöhbət olması ilə fəxr edir. Eyni zamanda camaatla zarafat etmir, ciddi deyir ki, olmaya haradasa onun vasitəsilə bilmədən kiminsə haqqı tapdanmış olsun.418

Səfər ayının iyirmi səkkizində bu səmavi nur, uca insan və mehriban ata xalqın arasından getdi, onları qəm-qüssəyə saldı.419
Vəfatdan sonrakı fitnə

Peyğəmbərin vəfatından sonrakı hadisələrə gəlincə isə, necə oldu ki, bu əlli ildə İslam cəmiyyəti o vəziyyətdən bu vəziyyətə düşdü? Məsələnin məğzi budur və tarixə də bunun üçün baxmaq lazımdır. Əlbəttə, Peyğəmbərin yaratdığı quruluş bu tezlikdə dağılan quruluş deyildi. Peyğəmbərin vəfatından sonrakı ilk illərə baxdıqda görürsünüz ki, canişinlik məsələsindən başqa hər şey öz yerindədir: yaxşı ədalət, yaxşı zikr, yaxşı bəndəlik var. Əgər insan həmin ilk illərdəki İslam cəmiyyətinin ümumi quruluşuna baxsa, görər ki, zahiri baxımdan geriləməmişdir. Düzdür, hərdən bəzi məsələlər qarşıya çıxırdı, lakin zahiri forma Peyğəmbər tərəfindən əsası qoyulanı göstərir. Lakin bu vəziyyət qalmır, zaman ötdükcə İslam cəmiyyəti tədricən zəifləyir və məhvə doğru gedir.420

Peyğəmbərin vasitəsi, ilahi yardım, xalqın böyük və məşəqqətli mübarizələri ilə İslam nuru əvvəldə Ərəbistan yarımadasının bir bölgəsini işıqlandıra və sonra tədricən genişlənə bildi, şüası hər yeri bürüdü. Peyğəmbər dünyadan köçəndə güclü bir dövlət idi və tarix boyu bütün bəşəriyyətə örnək ola bilərdi. Əgər o dövlət həmin istiqamətdə hərəkət etsəydi, şübhəsiz, tarix dəyişərdi. Yəni ondan əsrlər sonra - indiki şəraitdə, dövrün imamının zühuru zamanı gözlənilən vəziyyət o zaman yaranardı.421


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə