Dəryadan bir damla1



Yüklə 1,68 Mb.
səhifə1/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
  1   2   3   4   5   6   7   8   9   ...   20

Möhtəşəm nur

İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin həzrət Məhəmməd Peyğəmbər haqda çıxışlarından seçmələr


Dəryadan bir damla1


Birinci xütbəni əziz Peyğəmbərin Mədinədə onillik İslam hakimiyyəti dövründəki həyatının qısa izahına ayırmaq istəyirəm. Bu, bəşəriyyət tarixində ən parlaq hökumət dövrlərindən biri və hətta deyə bilərik ki, birincisidir. Bəşər tarixinin qısa, səmərəli və qeyri-adi təsirə malik bu dövrünü öyrənmək lazımdır. Əlbəttə, qardaş və bacılara, xüsusən də gənclərə tövsiyə edirəm ki, tarixi oxuyub Peyğəmbərin bütün həyatını öyrənsinlər.

Mədinə dövrü Peyğəmbərin iyirmi üç illik peyğəmbərlik çağının ikinci dönəmidir. Məkkədə keçən on üç il birinci dönəm və ikinciyə hazırlıq idi. Təxminən on il də Peyğəmbərin Mədinə dövrü sürdü. Bu, İslam quruluşunun əsasını qoymaq, bütün zaman və məkanlar üçün İslam hakimiyyəti modeli təqdim etmək dövrüdür. Sözsüz ki, bu, ideal örnəkdir və heç bir dövrdə onun kimisi olmayıb. Bu örnəyə baxıb meyarları öyrənmək olaq. Bu meyarlar quruluş və insanlar haqda mühakimə yürütmək üçün vacib şərtlərdir.

Mədinəyə hicrət etməkdə Peyğəmbərin məqsədi o zaman bütün dünyaya hakim olan zalım siyasi, iqtisadi və ictimai mühitlə mübarizə aparmaq idi. Məqsəd təkcə Məkkə kafirləri ilə mübarizə deyildi, qlobal məqsəd idi. Əziz Peyğəmbər münasib şəraitə malik yer və zamanda cücərməsinə ümidlə, düşüncə və etiqad toxumunu səpməyə çalışırdı. Məqsəd azadlıq, oyanış və xoşbəxtlik mesajının bütün qəlblərə çatması idi. Bu, yalnız nümunə və örnək quruluş yaratmaqla mümkün olardı. Peyğəmbər bu modeli yaratmaq məqsədilə Mədinəyə gəldi. Digərlərinin onu nə qədər davam etdirə, ona nə qədər yaxınlaşmaları öz səylərindən asılıdır. Peyğəmbər bütün bəşəriyyətə və tarixə örnək vermişdir.

Peyğəmbərin quruluşunun müxtəlif xüsusiyyətləri var. Onların arasında yeddi xüsusiyyət daha mühüm və gözəçarpandır:

Birinci xüsusiyyət iman və mənəviyyatdır. Peyğəmbər quruluşunu inkişaf etdirən əsl mühərrik xalqın qəlbindən, düşüncəsindən qaynaqlanan və onların vücudunu düzgün istiqamətə yönəldən imandır. Deməli, birinci xüsusiyyət insanlara iman və mənəviyyat ruhu üfürmək, onu gücləndirmək, düzgün etiqad və düşüncə verməkdir. Peyğəmbər bu işə Məkkədən başladı və Mədinədə qüdrətlə sona çatdırdı.

İkinci xüsusiyyət ədalət və heç bir şeyi nəzərə almadan hər bir haqqı sahibinə çatdırmaqdır.

Üçüncü xüsusiyyət elm və bilgidir. Peyğəmbər quruluşunda hər şeyin təməli bilmək, tanımaq, ayıqlıq və oyanışdır. Heç kəsi kor-koranə hərəkətə çağırmır, xalqı ayıqlıqla, məlumatla və öz iradəsi ilə aktiv qüvvəyə çevirirlər.

Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. Peyğəmbər quruluşunda şəxsi ambisiya və maraqlardan yaranan çəkişmələr pislənmişdir və onlarla mübarizə aparılır. Mühit səmimi qardaşlıq və həmrəylik mühitidir.

Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür. İnsanları mənəvi cəhətdən paklayır, əxlaq fəsadlarından və qəbahətlərindən təmizləyir, əxlaqlı və mənən saf insan yetişdirir: "Onları mənən paklayır, onlara kitabı və hikməti öyrədir".2 Mənəvi paklıq əsas şərtlərdən biridir. Yəni Peyğəmbər insanların hər biri üzərində işləyir.

Altıncı xüsusiyyət qüdrət və başucalığıdır. Peyğəmbər cəmiyyəti və quruluşu başıqapazlı, asılı, başqasının ardınca düşən və ona-buna əl açan deyil, başıuca, qüdrətli və qərarlıdır, xeyrini bildikdə təmin etməyə çalışır və işlərini idarə edir.

Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır. Peyğəmbər quruluşunda dayanmaq yoxdur, müntəzəm hərəkət, iş və inkişaf var. Nə zamansa demirlər ki, daha bitdi, indi oturub istirahət edək. Belə bir şey yoxdur. Əlbəttə, bu, zövqlü və fərəhli işdir, üzücü deyil, insana həvəs, qüvvə və enerji verir.

Peyğəmbər Mədinəyə köçdü ki, belə quruluş qursun, onu kamilləşdirsin, nümunə kimi bütün tarixə təqdim etsin, qiyamətə qədər tarixin hansı dövründə kim bacarsa, onun kimisini qurub ürəklərdə həvəs yaratsın və insanlar belə bir cəmiyyətə yaxınlaşsınlar. Və təbii ki, belə bir quruluş üçün etiqadi və insani təməllərə ehtiyac var.

Əvvəlcə düzgün etiqad və düşüncələr olmalı və belə quruluş onların üzərində qurulmalıdır. Peyğəmbər bu düşüncə və fikirləri on üç illik Məkkə dövründə tövhid sözü, insansevərlik və digər İslam təlimləri şəklində izah etmişdi. Sonra Mədinədə də bu uca düşüncə və təlimləri daim ona-buna anlatdı, öyrətdi.

Belə bir quruluşun əsaslanması üçün növbəti mərhələdə insani təməl və şərtlər lazımdır. Çünki İslam quruluşu bir fərdlə qurulmur. Peyğəmbər bu kadrların bir çoxunu Məkkədə yetişdirmişdi. Bir qrup insan Peyğəmbərin böyük səhabələri idilər. Onların arasında dərəcə fərqləri vardı, amma hamısı on üç illik ağır Məkkə dövrünün məhsulu idilər. Bir qrup da Peyğəmbərin hicrətindən öncə Yəsribdə onun sözü ilə yetişmiş şəxslər idilər; misal üçün, Səd ibn Məaz, Əbu Əyyub və digərləri.

Peyğəmbərdən öncə ora Yəsrib adlanırdı, onun gəlişindən sonra isə "Mədinə ən-nəbi" - yəni Peyğəmbər şəhəri adlandırıldı. Peyğəmbər şəhərə daxil olduğu andan onun mühacirəti gözəl bahar yeli kimi şəhəri bürüdü, hamı sanki qurtuluş yarandığını duydu, qəlblər oyandı. Əhali Peyğəmbərin Qubaya daxil olduğunu eşitdikdə - Quba Mədinəyə yaxındır və o həzrət on beş gün orada qalmışdır – ürəklərində onu görmək şövqü daha da artdı. Əhalinin bəzisi Qubaya gedərək Peyğəmbəri ziyarət edib qayıdır, bəzisi də Mədinədə yolunu gözləyirdilər. Peyğəmbər Mədinəyə daxil olduqda bu şövq, bu xəfif və mülayim meh xalqın qəlbində bir tufana çevrildi və ürəkləri dəyişdirdi. Qəfildən hiss etdilər ki, onların etiqadları, duyğuları, qəbilə bağlılıqları və təəssübkeşlikləri bu kişinin simasında, rəftarında və sözündə məhv olmuşdur, yaradılış aləminin həqiqətlərinə və əxlaqi bilgilərə sarı yeni darvaza ilə tanış olmuşlar. Əvvəlcə qəlblərdə dəyişiklik yaradan, sonra Mədinə ətrafına qədər genişlənən, daha sonra Məkkənin təbii qalasını fəth edən, nəhayət, uzaq yollara qədəm qoyub o zamanın iki böyük imperiyasının dərinliklərinə gedən və getdiyi hər bir yerdə ürəkləri oyadan, insanların daxilində inqilab edən amil bu tufan idi. Müsəlmanlar erkən İslam çağında İran və Romanı iman gücü ilə fəth etdilər. Hücuma məruz qalan xalqlar da onları görən kimi ürəklərində həmin iman yaranırdı. Xəncər maneələri - sərvətli və güclü sərkərdələri yoldan götürmək üçün idi. Çünki xalq hər yerdə bu tufanı dərk etmişdi və o zaman iki böyük imperiya olan Roma və İran İslam ölkəsindən olmuşdular.

Peyğəmbər Mədinəyə daxil olan kimi işə başladı. O həzrətin həyatının möhtəşəm xüsusiyyətlərindən biri bu on il ərzində bir anı da hədər verməməsidir. Peyğəmbərin mənəviyyat, hidayət, təlim və tərbiyə işləri bir an da dayanmadı. Onun oyaqlığı, yuxusu, məscidi, evi, döyüşü, küçə və bazara getməsi, ailədə rəftarı - bütün varlığı dərs idi. Belə bir ömür çox səmərəlidir! O, bütün tarixi öz düşüncəsi ilə fəth etdi, bütün tarixə təsir buraxdı. Mən dəfələrlə demişəm ki, əsrlər sonra bəşəriyyət üçün müqəddəsləşən bir çox ideallar, o cümlədən bərabərlik, qardaşlıq, ədalət və demokratiya onun təlimlərinin bəhrəsidir. Digər dinlərin təlimlərində belə şeylər ya yoxdur, ya da ən azı aşkara çıxmayıb. O, yalnız on il dövlət başçısı oldu, siyasi və ictimai işlər gördü. Görün necə səmərəli ömürdür!

Peyğəmbərin mindiyi dəvə Yəsrib şəhərinə daxil oldu. Xalq onu dövrəyə aldı. O zaman Mədinə şəhəri məhəllələrə bölünürdü. Hər məhəllənin özü üçün evləri, küçələri, hasarı və böyükləri vardı və müəyyən bir qəbiləyə məxsus idi; Övs və Xəzrəcə bağlı olan qəbilələrə.

Peyğəmbərin dəvəsi Yəsrib şəhərinə daxil olanda hansı qəbilənin qalasının qarşısına çatırdısa, böyüklər bayıra çıxıb dəvənin önündə dayanır, deyirdilər ki, ey Allahın rəsulu, buraya gəl, bizim evimiz, sərvətimiz, imkanlarımız sənin olsun. Peyğəmbər buyururdu ki, dəvənin yolunu açın, o, aldığı əmrə görə hərəkət edir, qoyun getsin.3 Beləliklə, dəvənin yolunu açırdılar və o, sonrakı məhəlləyə çatırdı. Yenə böyüklər, varlılar, qocalar, böyük şəxsiyyətlər və gənclər qarşıya çıxıb dəvənin önünü kəsir, o həzrətə deyirdilər ki, ey Allahın rəsulu, burada en, bura sənin evindir, nə istəsən, verəcəyik, hamımız sənə xidmət göstərəcəyik. Buyururdu ki, dəvənin yolunu açın, qoyun getsin, o, aldığı əmrə görə hərəkət edir. Dəvə beləcə məhəllə-məhəllə gəzirdi. Nəhayət, Peyğəmbərin anasının mənsub olduğu Bəni-Nəccar məhəlləsinə çatdı. Onlar Peyğəmbərin dayıları sayılırdılar. Buna görə qarşıya çıxıb dedilər ki, ey Allahın rəsulu, biz sənin qohumlarınıq, bizim canımız sənə fəda olsun, bizim yanımızda qal. Buyurdu ki, kənara çəkilin, bu dəvə aldığı əmrə görə hərəkət edir. Yolu açdılar. Dəvə Mədinə şəhərinin ən yoxsul məhəlləsinə çatıb yerdə oturdu. Hamı bu yerin kimə məxsus olması ilə maraqlandı. Gördülər ki, Mədinənin ən yoxsul adamı, yaxud ən yoxsullarından biri olan Əbu Əyyub Ənsarinin evidir.

Özü və kasıb ailəsi gəlib Peyğəmbərin əşyalarını evə apardılar. Peyğəmbər də qonaq kimi onların evinə daxil oldu, əyan-əşrafa, nüfuzlu insanlara, qəbilə başçılarına və bu kimi şəxslərə isə rədd cavabı verdi. O özünün ictimai mövqeyini müəyyən etdi. Bəlli oldu ki, bu şəxs pula, qəbilə nüfuzuna, filan qəbilə rəisinə, qohum-əqrəbaya, üzlü və bu kimi adamlara bağlı deyil və olmayacaq. İlk andan ictimai münasibətlərdə hansı qrupun, hansı təbəqənin tərəfdarı olduğunu və daha çox kimlərə xeyir verəcəyini müəyyən etdi. Peyğəmbərdən və onun təlimlərindən hamı faydalanır, amma daha məhrum olan təbii ki, daha artıq haqq götürür və məhrumluğunun əvəzi verilir.

Əbu Əyyub Ənsarinin evinin qarşısında istifadəsiz torpaq vardı. Buyurdu ki, bu torpaq kimindir? Dedilər ki, iki yetim uşağa məxsusdur. Özü pul verib o yeri aldı, sonra buyurdu ki, bu yerdə məscid tikəcəyik; yəni siyasi, ibadi, ictimai və idari mərkəz və xalqın toplantı yeri. Toplaşmaq üçün yer lazım idi. Odur ki, məscid tikməyə başladılar. Məscidin torpağını kimdənsə istəmədi, bağışlanmasını da gözləmədi, öz pulu ilə aldı. O iki uşağın atası və himayədarı olmasa da, Peyğəmbər onların atası və himayədarı kimi haqlarına tam şəkildə riayət etdi. Məscidi tikməyə başlayanda Peyğəmbərin özü əlinə bel götürüb məscidin bünövrəsini qazmağa başalayn ilk şəxslərdən, yaxud ilk şəxs oldu. Formal olaraq yox, həqiqətən, işə başladı və tər tökdü. Elə işlədi ki, kənarda oturan bəzi şəxslər dedilər biz oturaq, Peyğəmbər isə bu şəkildə işləsin?! Qalxın biz də işləyək. Odur ki, qısa müddətdə məscidi inşa etdilər. Uca və qüdrətli rəhbər olan Peyğəmbər göstərdi ki, özü üçün heç bir xüsusi haqq tanımır, bir iş görülməlidirsə, həmin işdə onun da rolu olmalıdır.

Sonra o quruluşun idarə üsulunu tənzim etdi. İnsan baxdıqda, tədbirli və ağıllı şəkildə addım-addım irəlilədiyini gördükdə o əzmkarlığın, güclü qərar və qətiyyətin arxasında hansı düşüncənin, fikrin və dəqiqliyin durduğunu və güman ki, bunun ilahi vəhydən başqa bir yolla mümkün olmadığını anlayır. Bu gün də həmin on ilin vəziyyətini addım-addım izləmək istəyən şəxslər bir şey anlamırlar. Əgər insan hər bir hadisəni ayrı-ayrılıqda incələsə, bir şey anlamaz; gərək işlərin ümumi gedişinə, bütün bu işlərin necə tədbirlə, ağılla və dəqiqliklə həyata keçirildiyinə baxsın.

Birinci iş birlik yaratmaqdır. Mədinə əhalisinin hamısı müsəlman deyildi; əksəriyyəti müsəlman oldu, çox az bir qismi isə qeyri-müsəlman qaldı. Bundan əlavə, özlərinin təxminən Mədinəyə yapışmış xüsusi qalalarında üç mühüm yəhudi qəbiləsi yaşayırdı: Bəni-Qeyn-Qa, Bəni-Nəzir və Bəni-Qüreyzə qəbilələri. Onların Mədinəyə gəlişi 100-200 il ondan öncəyə qayıdırdı. Gəlmələrinin səbibi də uzun söhbətdir.

Əziz Peyğəmbərin Mədinəyə daxil olduğu dövrdə bu yəhudilərin iki-üç xüsusiyyəti vardı. Biri bu idi ki, Mədinənin əsas sərvəti, ən yaxşı əkinçilik sahələri, ən qazanclı ticarətlər, ən gəlirli sahə olan zərgərlik və digər bu kimi sənətlər onların əlində idi. Mədinə əhalisinin çoxu ehtiyacları olanda onlara müraciət edib borc alır, sələm götürürdülər. Yəni maliyyə baxımından hamı onlardan asılı idi. İkincisi budur ki, Mədinə əhalisinə nisbətən mədəni üstünlükləri vardı. Onlar kitab əhli, Mədinənin yarımvəhşilərinin çox uzaq olduqları müxtəlif bilgilərlə və dini təlimlərlə tanış olduqlarına görə elm və düşüncə baxımından üstün mövqedə idilər. Bugünkü dillə ifadə etmək istəsək, deməliyik ki, onlar Mədinədə ziyalı təbəqəni təşkil edirdilər. Buna görə oranın əhalisini axmaq sayır, təhqir və məsxərə edirdilər. Sözsüz ki, təhlükəyə məruz qalanda və lazım olanda təvazökarlıq da edirdilər, lakin normalda üstünlüyə malik idilər.

Üçüncü xüsusiyyətləri bu idi ki, uzaq yerlərlə də əlaqələri vardı, yalnız Mədinə şəhərində qapılıb qalmamışdılar. Bunlar Mədinədə real qüvvə idilər. Buna görə də, Peyğəmbər bunlar haqda düşünməli idi. Əziz Peyğəmbər ümumi bir müqavilə hazırladı. O həzrət Mədinəyə daxil olanda heç bir müqavilə imzalamadan, xalqdan heç bir şey istəmədən və xalq arasında heç bir müzakirə aparılmadan cəmiyyətin rəhbəri olması bəlli idi. Yəni Peyğəmbərin şəxsiyyəti və əzəməti təbii şəkildə hamını onun qarşısında kiçiltdi; bəlli oldu ki, o, rəhbərdir və hamı onun sözü ilə hərəkət etməli, çalışmalıdır. Peyğəmbər hamı tərəfindən qəbul olunan bir müqavilə hazırladı. Müqavilə ictimai və ticarət əlaqələri, münaqişələr, qan bahası, Peyğəmbərin müxaliflər, yəhudilər və qeyri-müsəlmanlarla münasibətləri barədə idi. Bunların hamısı yazıldı və qeyd olundu. Bu həm də genişdir; qədim tarixə aid böyük kitabların iki-üç səhifəsini əhatə edir.

Çox əhəmiyyətli olan sonrakı addım qardaşlıq yaratmaq idi. Zadəganlıq, xurafatçı təəssübkeşliklər, qəbilə qüruru və xalqın müxtəlif təbəqələrinin bir-birinə özgəliyi ozamankı təəssübkeş və cahil ərəb cəmiyyətlərinin ən böyük bəlası idi. Peyğəmbər qardaşlıq yaratmaqla bunları ayaqları altına atdı. Bir qəbilə başçısı ilə çox aşağı və orta səviyyəli bir adam arasında qardaşlıq yaradaraq dedi ki, siz iki nəfər bir-birinizlə qardaşsınız. Onlar da bu qardaşlığı könüldən qəbul etdilər. Zadəganları və böyük şəxsləri müsəlman olmuş və azadlığa çıxmış qullarla bir tutdu. Bu işlə ictimai birliyin bütün maneələrini ortadan götürdü. Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər, çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasından Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə əsil-nəsəb və nə ata-ana şərafəti nəzərə alındı, yalnız İslam, iman, Allah yolunda mücahidlik və fədakarlıq göstərmək meyar seçildi. Görün dəyərləri əməldə necə müəyyən etdi! Onun sözündən çox əməli, rəftarı və davranışı insanlara təsir edirdi.

Bu işi nizama salmaq üçün üç mərhələ vardı: Birinci mərhələ quruluşun əsasını qoymaq idi. Bu, sözügedən işlərlə baş tutdu. İkinci mərhələ bu quruluşu qorumaq idi. Bütün hakim qüvvələrin təhlükə duyduğu canlı və dinamik varlığın təbii ki, düşməni olmalıdır. Əgər Peyğəmbər bu mübarək quruluşu düşməndən ağıllı şəkildə qoruya bilməsə, məhv olar və bütün zəhmətləri hədər gedər. Buna görə də, onu qorumalıdır. Üçüncü mərhələ təkmil etməkdən və quruculuqdan ibarətdir. Əsasını qoymaq birinci addımdır və kifayət etmir. Bu üç iş bir-birinin yanında görülməlidir. Təməlini qoymaq birinci dərəcəlidir, amma bunda da düşmənlər nəzərə alınmışdır və bundan sonra keşik davam edəcək. Təməl qoymaq işində şəxslərin və ictimai təsisatların quruculuğuna da diqqət yetirilmişdir və bundan sonra da davam edəcək.

Peyğəmbər baxıb görür ki, yeni doğulmuş İslam cəmiyyətini beş əsas düşmən təhdid edir:

Bəzən kiçik və az əhəmiyyətli düşmən də böyük təhlükə törədə bilər. Ona əhəmiyyətsiz yanaşmaq olmaz. Bu düşmən kim idi? Mədinə ətrafında yaşayan yarımvəhşi qəbilələr.

Mədinədən 10, 15, 20 fərsəng uzaqda iş-gücləri döyüşdən, qan tökməkdən, soyğunçuluqdan, bir-birinin canına düşməkdən və bir-birindən oğurluq etməkdən ibarət olan yarımvəhşi qəbilələr var. Əgər Peyğəmbər Mədinədə sağlam, əmin-amanlı və dinc bir ictimai quruluş yaratmaq istəyirsə, bunları nəzərə almalıdır. Peyğəmbər bunlar haqda düşündü. Onların hansında hidayətə ümid vardısa, onunla müqavilə bağlayırdı. Əvvəldə demədi ki, mütləq müsəlman olmalısınız. Xeyr! Onlar kafir və müşrik idilər, amma onlarla müqavilə bağladı ki, müsəlmanlara hücum etməsinlər. Peyğəmbər öz müqaviləsinə çox sadiq qalırdı; bu haqda danışacağam. O, etimadsız quldurlara isə çarə qıldı, özü onlara sarı getdi. Eşitmisiniz ki, Peyğəmbər əlli nəfəri filan qəbiləyə sarı yolladı, iyirmi nəfəri filan qəbiləyə sarı; bunlar həmin qəbilələrdir: xislət və təbiətləri sakitlik, hidayət və yaxşılıq qəbul etməyən, qan tökmədən və zorakılıq etmədən yaşaya bilməyənlər. Buna görə, Peyğəmbər onları məğlub etdi və yerlərində oturtdu.

İkinci düşmən mərkəz olan Məkkədir. Düzdür, Məkkədə tam mənada bir dövlət mövcud deyildi, amma bir qrup təkəbbürlü, güclü və nüfuzlu zadəgan birlikdə Məkkənin hakimi sayılırdılar. Bunların bir-biri ilə ixtilafları vardı, lakin bu yeni doğulmuş İslam qarşısında əlbir olmuşdular. Peyğəmbər əsas təhlükənin onlardan gəldiyini bilirdi. Bu sonradan təsdiqini də tapdı. Peyğəmbər gördü ki, oturub onları gözləsə, mütləq fürsət qazanacaqlar. Odur ki, onlara hücum planladı. Lakin Məkkəyə doğru hərəkət etmədi. Onların karvan yolu Mədinənin yaxınlığından keçirdi. Peyğəmbər onlara qarşı hücumlara başladı. Əvvəldə bu hücumların ən mühümü Bədr döyüşü idi. Peyğəmbər hücuma başladı, onlar da təəssübkeşlik və inadkarlıqla döyüşə gəldilər. Təxminən 4-5 il vəziyyət belə idi. Yəni Peyğəmbər onları rahat buraxmırdı. Onlar da ümidvar idilər ki, təhlükə duyduqları bu yeni körpəni - yəni İslam quruluşunu kökündən məhv etsinlər. Ühüd döyüşü və baş verən digər çoxsaylı döyüşlər bunun üçün idi.

Onların Peyğəmbərə qarşı son hücumları Xəndək döyüşü idi. Bu çox mühüm döyüşlərdən biri idi. Onlar bütün qüvvələrini topladılar, digərlərindən də kömək aldılar, dedilər ki, Peyğəmbəri və onun yaxın adamlarından 300, 500 nəfəri qıracaq, Mədinəni də qarət edib qayıdacağıq; daha bunlardan heç bir əsər-əlamət qalmayacaq. Onlar Məkkəyə çatmazdan öncə Peyğəmbər məsələdən hali oldu və məşhur xəndəyi qazdı. Mədinənin bir tərəfi açıq idi. Orada təxminən qırx metr enində bir xəndək qazdılar. Ramazan ayı və bəzi rəvayətlərə görə hava çox soyuq idi. Həmin il yağıntı olmamışdı, qıtlıq və çoxlu problemlər yaranmışdı. Peyğəmbər hamıdan çox işləyirdi. Xəndək qazanda kimin yorulduğunu, dayandığını və davam edə bilmədiyini görəndə gedib külüngü alır və işləməyə başlayırdı. Yəni təkcə əmr verməklə çalışmırdı, özü cəmiyyətin arasında idi. Kafirlər xəndəyin qarşısında dayanıb keçə bilmədiklərini gördülər; məğlub, rüsvayçı, məyus və nakam halda geri qayıtmağa məcbur oldular. Peyğəmbər buyurdu ki, məsələ bitdi. Bu, Məkkə Qüreyşinin bizə son hücumu idi. Bundan sonra növbə bizimdir. Biz Məkkəyə doğru gedəcəyik.

Növbəti ildə Peyğəmbər dedi ki, ümrə ziyarətinə gedirik. Çox mənalı hadisələrdən biri olan Hüdeybiyyə hadisəsi o zaman baş verdi. Peyğəmbər ümrə ziyarəti məqsədi ilə Məkkəyə sarı hərəkət etdi. Onlar gördülər ki, Peyğəmbər müharibənin yasaq olduğu hörmətli bir ayda Məkkəyə sarı gəlməkdədir. Nə etsinlər? Yolu açsınlar və gəlsin? Bu uğurdan sonra nə edəcək və onun qarşısında necə dayanacaqlar? Yoxsa döyüşün haram olduğu bir ayda gedib onunla vuruşsunlarmı? Necə vuruşsunlar?! Nəhayət qərara gəldilər ki, gedib onu Məkkəyə gəlməyə qoymayacaq və bəhanə tapsaq, hamısını qıracağıq. Peyğəmbərin çox yüksək siyasəti sayəsində onlar Peyğəmbərlə müqavilə imzaladılar ki, bu il qayıtsınlar və növbəti ildə gəlib ümrə ziyarətini yerinə yetirsinlər. Bununla bütün bölgədə Peyğəmbərin təbliğatına şərait yarandı. Adı sülhdür, amma Allah-Taala Quranda buyurur: "Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik".4 İnsan düzgün və mötəbər tarixi qaynaqlara müraciət etsə, Hüdeybiyyə hadisəsinin nə qədər möhtəşəm olduğunu görər. Növbəti ildə, yəni hicrətin səkkizinci ilində Peyğəmbər ümrə ziyarətinə getdi və onların istəyinin əksinə olaraq, o həzrətin hörməti günbəgün artdı. Sonrakı il, yəni kafirlərin müqaviləni pozduğu səkkizinci ildə Peyğəmbər gedib Məkkəni fəth etdi. Bu, Peyğəmbərin qüdrətindən xəbər verən əzəmətli zəfər idi. Buna əsasən, Peyğəmbər bu düşmənlə də ağılla, qüdrətlə, səbir və hövsələ ilə, özünü itirmədən və bir addım da geri çəkilmədən rəftar etdi; günbəgün və anbaan irəlilədi.

Üçüncü düşmən yəhudilər idi; yəni hələlik Peyğəmbərlə birgə Mədinədə yaşamağa razı olan, lakin əziyyət verməkdən, maneə törətməkdən və təxribatdan əl çəkməyən etimadsız əcnəbilər. Quranın Bəqərə və digər bəzi surələrinin mühüm hissəsi Peyğəmbərin yəhudilərlə mədəni mübarizəsinə aiddir. Dedik ki, onlar mədəni və məlumatlı insanlar idilər, imanı zəif olanlara güclü təsir göstərir, təxribat aparır, xalqı məyus edir və bir-birinin canına salırdılar. Onlar mütəşəkkil düşmənlər idilər. Peyğəmbər bacardığı qədər onlarla yola getdi, lakin sonradan buna layiq olmadıqlarını görüb onları cəzalandırdı. Peyğəmbər həm də səbəbsiz yerə onların üstünə getmədi. Bu üç qəbilənin hər biri bir iş törətdi və Peyğəmbər onlara uyğun cəzanı verdi.

Əvvəlcə Bəni-Qeyn-Qa Peyğəmbərə xəyanət etdi. Peyğəmbər də onlara buyurdu ki, buradan getməlisiniz. Onları köçürtdü, o bölgədən qovdu və bütün imkanları müsəlmanlara qaldı. İkinci dəstə Bəni-Nəzir idi. Onlar daha mühüm xəyanət etdilər və Peyğəmbər buyurdu ki, əşyalarınızdan bir qədərini götürün və gedin. Onlar da getməyə məcbur oldular. Üçüncü dəstə Bəni-Qüreyzə idi. Peyğəmbər onların qalmasına icazə verdi, onları qovmadı, onlarla razılığa gəldi ki, Xəndək döyüşündə düşmənin məhəllələr tərəfindən Mədinəyə daxil olmasına imkan verməsinlər. Lakin onlar namərdlik edib düşmənlə razılaşdılar ki, onların yanında Peyğəmbərə hücum etsinlər; yəni nəinki Peyğəmbərlə razılaşmalarına sadiq qalmadılar, hətta düşmənlə danışıq apardılar və onlarla birgə məhəllələr tərəfdən Mədinəyə daxil olub Peyğəmbərə arxadan xəncər vurmaq qərarına gəldilər. Peyğəmbər Mədinənin bir hissəsində Xəndək qazmışdı. Bunların məhəllələri isə digər tərəfdə idi və onlar düşmənin həmin yerdən gəlməsinə mane olmalı idilər.

Peyğəmbər təxribat əsnasında məsələdən hali oldu. Mədinənin mühasirəsi bir ay sürdü. Bunlar bu bir ayın ortasında həmin xəyanəti etdilər. Peyğəmbər bunların belə bir qərara gəldiklərini anladı. O çox ağıllı bir tədbirlə bunların Qüreyşlə arasını vurdu. Bunun təfərrüatını tarixdə yazmışlar. Bunlarla Qüreyşin bir-birinə etimadı sarsıldı. Peyğəmbərin çox gözəl hərbi-siyasi hiylələrindən biri budur. Bunları hələlik dayandırdı ki, ziyan vura bilməsinlər. Qüreyş və müttəfiqləri məğlub olub Məkkəyə qayıdanda Peyğəmbər də Mədinəyə döndü. Elə həmin gün zöhr namazını qılıb buyurdu ki, əsr namazını Bəni-Qüreyzə qalalarının önündə qılacağıq; yola düşün, oraya gedirik. Yəni hətta bir gecə də gözləmədi, gedib onları mühasirəyə aldı. Bu mühasirə və döyüş 25 gün davam etdi. Peyğəmbər bunların bütün döyüşçü kişilərini qətlə yetirdi. Çünki bunların xəyanəti daha böyük və düzələsi deyildi. Peyğəmbər bunlarla belə rəftar etdi, əsasən Bəni-Qüreyzə, ondan öncə Bəni-Nəzir və sonra Xeybər yəhudilərinin ədavətini belə ağılla, qüdrətlə, qətiyyətlə və uca insani əxlaqla müsəlmanlardan uzaqlaşdırdı. Bu hadisələrin heç birində Peyğəmbər əhdini pozmadı. Hətta İslam düşmənləri də qəbul edirlər ki, Peyğəmbər bu məsələlərdə heç bir müqaviləni pozmadı. Müqaviləni pozan onlar idilər.

Dördüncü düşmən xalqın arasında olan münafiqlər idilər. Onlar dildə iman gətirmiş, əslində isə imanı olmayan rəzil, ədavətli, dar düşüncəli, düşmənlə əməkdaşlığa hazır olan, lakin təşkilatlanmamış insanlar idilər. Onların yəhudilərlə fərqi bu idi. Peyğəmbər hücuma hazır olan və fürsət gözləyən mütəşəkkil düşmənə qarşı, yəhudilərlə etdiyi kimi rəftar edir, aman vermir, təşkilatlanmamış, fərdi inad, ədavət və xəbislikləri olan imansız düşmənlərə isə dözür.

Abdullah ibn Übəy Peyğəmbərin ən qatı düşmənlərindən biri idi. Bu şəxs Peyğəmbərin həyatının təxminən son ilinə qədər sağ idi. Peyğəmbər ona qarşı pis rəftar etmədi. Onun münafiq olduğunu hamı bilsə də, Peyğəmbər onunla keçinir, digər müsəlmanlar kimi rəftar edir, beytülmaldan payını verir, təhlükəsizliyini təmin edir və hörmətini saxlayırdı. Onlar isə Peyğəmbərə qarşı çoxlu pislik və xəbislik edirdilər. Bəqərə surəsinin bir hissəsi də bu münafiqlərə aiddir. Onların bir qrupu mütəşəkkil cinayət törədəndə Peyğəmbər onları cəzalandırdı. Onlar Zirar məscidi hadisəsində bir mərkəz yaradaraq İslam quruluşundan xariclə - yəni Romada olan Əbu Amir Rahib kimi bir şəxslə əlaqə qurdular, Romadan Peyğəmbərin əleyhinə qoşun yeridilməsinə hazırlıq gördülər. Bu zaman Peyğəmbər onlara hücum etdi, tikdikləri məscidi dağıdıb yandırdı və buyurdu ki, bu, məscid deyil, məscid, Allahın adı və xalq əleyhinə təxribat mərkəzidir. Yaxud həmin münafiqlərin bir qrupu öz küfrlərini aşkar edib Mədinədən getdikləri və qoşun topladıqları zaman Peyğəmbər onlara qarşı mübarizə apardı; buyurdu ki, yaxınlaşsalar, gedib onlarla vuruşacağıq. Halbuki Mədinənin daxilində münafiqlər vardı, amma Peyğəmbərin onlarla işi yox idi. Buna əsasən, üçüncü dəstəyə qarşı qətiyyətli və təşkilati şəkildə, dördüncü dəstə ilə isə mülayim rəftar etdi; çünki bunlar təşkilatlanmamışdılar və təhlükələri fərdi xarakter daşıyırdı. Peyğəmbər öz rəftarı ilə çox zaman bunları utandırırdı da.

Beşinci düşmənə gəlincə isə, bu düşmən müsəlman və mömin şəxslərin hər birinin daxilində olan düşməndən ibarət idi. Ən təhlükəli düşmən də budur. Bu düşmən bizim daxilimizdədir: nəfsi təmayüllər, xudpəsəndlik, yayınmaya, şəraitini insanın özünün hazırladığı azğınlığa meyl. Peyğəmbər bu düşmənə qarşı da güclü mübarizə apardı. Lakin bu düşmənlə mübarizə xəncər mübarizəsi deyil, tərbiyə, mənəvi təmizləmə, təlim və xatırlatmadır. Odur ki, insanlar o qədər zəhmətlə müharibədən qayıtdıqda Peyğəmbər buyurdu ki, siz kiçik cihaddan qayıtdınız, indi böyük cihadla məşğul olun. Qəribədir! "Ey Allahın rəsulu! Böyük cihad nədir? Biz bu böyüklükdə və bu qədər zəhmətli cihadı yerinə yetirdik, məgər bundan da böyük cihad varmı?!" Buyurdu ki, bəli, bu, öz nəfsinizlə cihaddır.5

Quranın "Qəlblərində (ruhlarında) xəstəlik olanlar"6 sözü münafiqlərə aid deyil. Düzdür, münafiqlərin bir qismi də belədir, lakin qəlbində xəstəlik olan hər bir adam münafiq deyil. Bəzən möminin də ruhunda xəstəlik olur. Bu xəstəlik nədir? Yəni əxlaqi zəiflik, eqoistlik, nəfsə pərəstiş və müxtəlif istəklərə uymaq. Bunun qarşısını almasan, özün bununla mübarizə aparmasan, imanını əlindən alacaq və səni daxildən yeyəcək. İmanın alındıqda isə qəlbin imansız, zahirin isə imanlı olacaq. Və belə bir şəxsin adı münafiqdir.7

Allah eləməmiş, mənim və sizin qəlbimiz imansız, zahirimiz isə imanlı olsa, etiqad və imanı əldən versək, dilimiz isə əvvəlki iman sözlərini söyləsə, bu, münafiqlik olar. Bu da təhlükəlidir. Quran buyurur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!"8 Pis iş görənlərə ən pisi qismət olacaq. Ən pisi nədir? Allahın ayələrini təkzib etmək. Başqa bir yerdə bu böyük vəzifəyə - Allah yolunda ehsan etməyə əməl etməyənlər haqda buyurur ki, "Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı".9 İslam cəmiyyəti üçün böyük təhlükə budur. İslam cəmiyyəti tarix boyu bu cəhətdən yayınmışdır. Xarici düşmənin məğlub və tar-mar edə bilər, amma məhv edə bilməz. Hər halda, iman qalır və haradasa baş qaldırır, yenidən cücərir. Bu daxili düşmən qoşununun hücum etdiyi və insanın daxilini boşaltdığı zaman yol yayınır. Harada yayınma varsa, bundan qaynaqlanır. Peyğəmbər bu düşmənlə də mübarizə apardı.

Peyğəmbər ağıllı rəftar edir və gecikmirdi. O heç bir hadisədə vaxtın ötməsinə qoymadı. Qənaətcil və pak insan idi, şəxsiyyətində heç bir mənfi cəhət yox idi, məsum və pak idi. Bunun özü digərlərinə təsir baxımından ən mühüm amildir. Biz gərək öyrənək. Bu sözlərin çoxunu mənə deməlidirlər; mən öyrənməliyəm, məmurlar öyrənməlidirlər. Əməllə edilən təsir dillə edilən təsirdən dəfələrlə əhatəli və dərindir. O, qətiyyətli və açıq danışan vardı. Peyğəmbər heç zaman ikibaşlı danışmadı. Təbii ki, düşmənlə qarşılaşdığı zaman dəqiq siyasi iş görür və düşməni səhvə salırdı. Peyğəmbər çox yerdə hərbi və ya siyasi baxımdan düşməni mat qoymuşdur. Lakin möminlərlə və öz xalqı ilə həmişə açıq, şəffaf və aydın danışardı, siyasətbazlıq etməzdi. Lazım olan yerlərdə yumşaqlıq göstərirdi; misal üçün, Abdullah ibn Übəyə qarşı. O heç zaman xalqla, hətta düşmənləri və Məkkə müşrikləri ilə bağladığı müqaviləni pozmadı. Peyğəmbər onlarla bağladığı müqavilələrə sonadək sadiq qaldı. Onlar pozdular və Peyğəmbər də qətiyyətli cavab verdi. Hamı bilirdi ki, bu şəxslə müqavilə bağladıqda ona güvənmək olar.

Digər tərəfdən, Peyğəmbər öz ibadətini yaddan çıxarmadı, Allahla əlaqəsini günbəgün gücləndirdi. Döyüş meydanında öz qüvvələrini nizama salanda, döyüşə həvəsləndirəndə, özü əlinə silah götürüb qətiyyətlə komandanlıq edəndə, onlara nə etməli olduqlarını başa salanda da dizi üstə oturub əllərini qaldırır və xalqın önündə göz yaşı töküb Allahla danışmağa başlayırdı: "İlahi! Sən bizə kömək et. İlahi! Sən bizə dayaq ol. İlahi! Sən Özün düşmənlərini dəf et!". Nə onun duası qüvvəsini işlətməməyə səbəb olurdu, nə də qüvvəsini işlətməyi təvəssülü, duanı və Allahla rabitəni unutmağa; hər ikisinin öz yeri vardı. O heç zaman inadkar düşmən qarşısında qorxuya düşmədi. Şücaət simvolu olan Əmirəlmöminin deyir ki, döyüşdə vəziyyət ağırlaşanda Peyğəmbərə sığınırdıq; kim çətinliyə düşürdüsə, Peyğəmbərə sığınırdı.

O, 10 il hakimiyyətdə oldu. Biz bu 10 ildə görülən işləri fəal bir qrupa tapşırsaq, o qədər xidməti yüz ilə edə bilməzlər. Biz bugünkü işlərimizi Peyğəmbərin gördüyü işlərlə müqayisə etsək, onun nə etdiyini anlaya bilərik. Hakimiyyət idarəsi, cəmiyyət quruculuğu və örnək göstərilməsi Peyğəmbərin möcüzələrindəndir. İnsanlar on il gecə-gündüz onunla yaşadılar, evinə getdilər, evlərinə gəldi; məsciddə bir yerdə idilər, birgə yol getdilər, birgə səfərə çıxdılar, birgə yatdılar, birgə aclıq çəkdilər, birgə sevindilər. Peyğəmbərin cəmiyyəti həm də şən cəmiyyət idi; insanlarla zarafat edir, yarış keçirir, özü də yarışda iştirak edirdi. On il Peyğəmbərlə yaşayan insanların qəlbində ona sevgi və inam günbəgün artdı.

Əbu Süfyan Peyğəmbərin əmisi Abbasın yardımı ilə gizlicə müsəlmanların düşərgəsində gəzirdi. O, səhər çağı insanların Peyğəmbərin üz və qollarından axan dəstəmaz suyunu götürməyə çalışdıqlarını görəndə Abbasa dedi ki, təəccüblüdür, mən Kəsra və Qeysəri - İran padşahını və Roma imperatorunu görmüşəm, amma onların heç birində sənin qardaşın oğlunun əzəmətini müşahidə etməmişəm. Bəli, əsl ucalıq mənəvi ucalıqdır: "İzzət və ucalıq yalnız Allaha, Onun elçisinə və möminlərə məxsusdur!"10 Möminlər də bu yolla getsələr, uca olarlar.

...Səfər ayının iyirmi səkkizində bu səmavi nur, uca insan və mehriban ata xalqın arasından getdi, onları qəm-qüssəyə saldı. Peyğəmbərin xəstə olduğu və vəfat etdiyi günlər Mədinənin ağır günləri idi; xüsusən də Peyğəmbərin vəfatından bir qədər öncə baş verən hadisələrə görə.

Peyğəmbər məscidə gəlib minbər üzərində oturdu və buyurdu ki, məndə kimin haqqı qalıbsa, desin. Camaat ağlamağa başladı, dedilər ki, ey Allahın Rəsulu, bizim səndə nə haqqımız ola bilər. Buyurdu ki, Allah yanında rüsvay olmaq sizin yanınızda rüsvay olmaqdan ağırdır. Əgər boynumda haqqınız qalıbsa, məndən alacağınız varsa, deyin, qiyamətə qalmasın. Nə gözəl əxlaq! Bu sözləri deyən kimdir? Elə uca insan ki, Cəbrayıl onunla həmsöhbət olması ilə fəxr edir. Eyni zamanda camaatla zarafat etmir, ciddi deyir ki, olmaya haradasa onun vasitəsilə bilmədən kiminsə haqqı tapdanmış olsun. Peyğəmbər bu sözü iki-üç dəfə təkrar etdi. Tarixdə bəzi hadisələr qeyd etmişlər, mən hansının nə qədər dəqiq olduğunu tam bilmirəm. Çox zaman söylənən budur ki, bir nəfər qalxıb dedi: "Ey Allahın Rəsulu! Mənim səndə haqqım qalıb. Sən bir dəfə dəvə ilə mənim yanımdan keçirdin. Mənim dəvəm sənə sarı gəldi və sən əsa ilə onu qovanda əsa mənim qarnıma dəydi. Mənim səndə belə bir haqqım qalıb". Peyğəmbər köynəyini qaldırıb dedi ki, elə indicə qisas al, qiyamətə qalmasın. Camaat təəccüblə baxıb deyirdilər ki, görəsən bu kişi həqiqətən qisas alacaqmı, buna ürəyi gələcəkmi. Peyğəmbər həmin əsanı gətirmək üçün bir nəfəri evə göndərdi. Sonra buyurdu ki, gəl götür və bununla qarnıma vur. O kişi qarşıya gəldi. Camaat mat qalmışdı, heyrətlə və xəcalətlə baxırdılar ki, birdən bu kişi doğrudan da bu işi görmək istəyər. Bir də gördülər ki, Peyğəmbərin ayağına düşdü, qarnını öpdü və dedi ki, ey Allahın Rəsulu, mən sənin bədəninə toxunmaqla özümü cəhənnəm alovundan xilas edirəm.

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, izzət və calalına görə, ən üstün salamlarını, lütf və mərhəmətlərini daim bizim əziz Peyğəmbərimizin pak ruhuna göndər!

İlahi! Ona İslamdan, müsəlmanlardan və bəşəriyyətdən dolayı xeyir mükafat əta et! Bizi onun ümməti et! Bizi onun yolunun və düzgün yolun yoçusu et! Bizim cəmiyyətimizi onun cəmiyyətinə bənzət, ona davamçı olmağı hamımıza qismət et!





Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə