Dəryadan bir damla1


Peyğəmbər quruluşunun xüsusiyyətləri



Yüklə 1,68 Mb.
səhifə9/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Peyğəmbər quruluşunun xüsusiyyətləri


İman və mənəviyyat

...Birinci xüsusiyyət iman və mənəviyyatdır. Peyğəmbər quruluşunu inkişaf etdirən həqiqi mühərrik xalqın qəlb və düşüncəsindən qaynaqlanan və onları düzgün istiqamətdə hərəkətə gətirən imandır. Deməli, birinci xüsusiyyət insanlara iman və mənəviyyat ruhunu üfürmək, gücləndirmək, düzgün etiqad və düşüncə verməkdir. Peyğəmbər bu işə Məkkədən başladı və Mədinədə zirvəyə çatdırdı.463

İnsan Allahın yolunu tapsa və Allah üçün iş görməyi öyrənsə, o zaman işə eşqin onu nə qədər asanlaşdırdığını görər. İslam sivilizasiyası belə yarandı. Memar bir binanın layihəsini hazırlamaq istəyəndə belədir; bənna kərpicləri bir-birinin üzərinə qoyanda belədir; komandir qərargahda oturanda belədir; əsgər ön cəbhədə hərəkət edəndə belədir; səngərsiz səngər düzəldən belədir, keşikçi, küçə və xiyaban gözətçisi belədir; din alimi dərsdə belədir; siyasi hakim siyasi qərar verəndə belədir; qısası, hamı Allah üçün işləyir. Belə bir xalq və ölkə geri qalarmı?! Belə bir xalq və ölkə dünyada ən kiçik təhqir belə görərmi?! Belə bir xalqa hegemonluq etməyə kimsənin cəsarəti çatarmı?!464
Ədalət

...İkinci xüsusiyyət ədalətdir. Əsas iş ədalət və heç bir şeyi nəzərə almadan hər bir haqqı sahibinə çatdırmaqdır.465

Peyğəmbərin ilk andan izlədiyi ikinci məqsəd insani həyat və məişət üçün sağlam mühit yaratmaqdan ibarət olmuşdur; yəni elə bir dünya ki, onda zülm və zəifin güclü tərəfindən yırtılması olmasın; elə bir dünya ki, onda zəiflər üçün mütləq uğursuzluq hakim olmasın; yəni Quran, hədis terminlərində və dini ədəbiyyatda ədalət deyilən məsələ; yəni bəşərin ən böyük arzusu... Onun qurduğu cəmiyyət ictimai ədalətin yüksək həddinə malik idi. O cəmiyyətin bir tərəfində birinin o birisinə zülm etməsi mümkün idi, amma bu, ictimai ədalətin yoxluğuna dəlalət etmir. İctimai ədalətin meyarı bu deyil. Qanun, hökumət, hakim və niyyətin ədalətli olduğu bir cəmiyyətdə ümumi hərəkət ictimai ədalətə doğrudur. Bu yolun gec, yaxud tez keçilməsi və bir müddət sürməsi mümkündür, amma nəhayət, ictimai ədalətə çatacaq. Əziz Peyğəmbər belə bir vəziyyət yaratdı. O həzrət ən az ədalətsizliyə dözmədi və örnək göstərdi. Biz Peyğəmbərin mübarək həyatından sonra o tərbiyənin təsirlərini İslam cəmiyyətində uzun müddət gördük və İmam Əlidə (ə) mütləq şəkildə müşahidə etdik.466

Peyğəmbərlər əvvəldən hərəkət və fəaliyyətdədirlər, dillərində mövcud olan və əməllərində görünən şüarları həyata keçirməyə çalışırlar. Bu, eynilə İslam peyğəmbərinin həyatında da baş verdi. İlk andan təlim, mənəvi paklama və ədalətin bərqərar edilməsinə başlandı. Nəhayət, onu ümumxalq səviyyəsində genişləndirdi, ədalətli ictimai quruluş yaratdı.467


Elm və bilgi

...Üçüncü xüsusiyyət elm və bilgidir. Peyğəmbər quruluşunda hər şeyin təməli məlumat, bilgi, ayıqlıq və oyanışdır, heç kəsi kor-koranə şəkildə hərəkət etdirmirlər. Xalqı ayıqlıqla, məlumatla və öz iradəsilə aktiv qüvvəyə çevirirlər.468

İslam öyrənməyi hamıya vacib etmişdir. Ən azı, hər kəs dini vaciblərini öyrənməlidir və bundan ötrü insana kömək edən hər bir iş vacibin müqəddiməsi kimi ona vacibdir. İkinci növbədə də həyat faəliyyətlərində və böyük vəzifələri yerinə yetirməkdə kömək edən hər bir şeyi öyrənmək vacibdir. Bu vacib əməl sonsuzluğa qədər davam edir.469
Səmimilik və qardaşlıq

...Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. Peyğəmbər quruluşunda xurafatçı, şəxsi və mənfəətgir maraqlardan yaranan çəkişmələr pislənmişdir və onlarla mübarizə aparılır. Mühit səmimi, qardaşlıq və həmrəylik mühitidir.470

Erkən İslam çağında Peyğəmbərin təlimləri sayəsində cəmiyyətdə qarşılıqlı etimad hökm sürürdü.471
Əxlaq və rəftar düzgünlüyü

...Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür. İnsanları mənəvi cəhətdən paklayır, əxlaq fəsadlarından və qəbahətlərindən təmizləyir, əxlaqlı və mənən saf insan yetişdirir: "Onları mənən paklayır, onlara kitabı və hikməti öyrədir". Mənəvi paklıq əsas şərtlərdəndir. Peyğəmbər insanların hər biri üzərində işləyirdi.472


İqtidar və başıucalıq

...Altıncı xüsusiyyət iqtidar və başıucalıqdır. Peyğəmbər cəmiyyəti və quruluşu başıqapazlı, asılı, başqasının ardınca düşən və ona-buna əl uzadan deyil, başıuca, qüdrətli və qərarlıdır. Məsləhətinə olanı təmin etməyə çalışır və işlərini yoluna qoyur.473


İş, hərəkət və daimi inkişaf

...Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır. Peyğəmbər quruluşunda dayanmaq yoxdur, müntəzəm hərəkət və inkişaf var. Nə zamansa demirlər ki, daha bitdi, indi oturub istirahət edək. Belə bir şey yoxdur. Həm də bu, ürəkaçan işdir, üzücü deyil, insana həvəs, enerji və zövq verir.474

Başqa bir nümunə də cəmiyyətdə iş və fəaliyyət ab-havası yaratmaqdır. Peyğəmbər insanların çalışmalarını əmr etməklə kifayətlənmirdi. O, müxtəlif üsullarla xalqda əmək və çalışma həvəsi yaradırdı. Bəzən işsiz bir gənc gördükdə buyururdu ki, Allah bekar gənci sevmir475, ömrünü tələf edən və işsiz keçirən gəncdən razı qalmır.476

Peyğəmbər öz rəftarında ağıllı və sürətli idi, heç bir hadisədə gecikmədi.477

O, on il hakimiyyətdə oldu. Fəal bir qrup bu on ildə görülən işləri yüz ilə görə bilməz.478

Peyğəmbər Mədinəyə daxil olan kimi işə başladı. O həzrətin həyatının möhtəşəm xüsusiyyətlərindən biri budur ki, bu on il ərzində bir anı da hədər vermədi. Peyğəmbərin mənəviyyat, hidayət, təlim və tərbiyə işləri bir an da dayanmadı. Onun oyaqlığı, yuxusu, məscidi, evi, döyüşü, küçə və bazara getməsi, ailədə rəftarı - bütün varlığı dərs idi. Belə bir ömür çox səmərəlidir! O, bütün tarixi öz düşüncəsilə fəth etdi, bütün tarixə təsir buraxdı. O, yalnız on il dövlət başçısı oldu, siyasi və ictimai işlər gördü. Görün necə səmərəli ömürdür!479


Qaydaların cahanşümul olması

Peyğəmbərin Mədinə dövrü İslam quruluşunun əsasını qoymaq, tarixin bütün zaman və məkanları üçün İslam hakimiyyəti örnəyini qurmaq dövrüdür. Sözsüz ki, bu, ideal örnəkdir və onun kimisi heç bir dövrdə olmayıb. Lakin bu ideal örnəyə baxıb meyarları öyrənmək olaq. Bu meyarlar insanların, müsəlmanların quruluş və insanlar haqda mühakimələri üçün lazımdır.

Bu təvəllüd bəşəriyyət tarixi üçün ilahi rəhmətin doğuşu idi. Quranda Peyğəmbər aləmlərə rəhmət480 kimi təqdim olunur. Bu rəhmət məhdud deyil, insanların tərbiyəsinə, mənəvi paklığına, təliminə, hidayətinə, maddi və mənəvi inkişafına da şamil olur. Yalnız o dövrün insanlarına da aid deyil, bütün tarixə aiddir: "Hələ onlara qoşulmayan başqalarına da..."481 Bu məqsədə çatmağın yolu bəşər üçün təyin olunan İslam təlimlərinə və qanunlarına əməl etməkdir.482
Dini demokratiya

Peyğəmbər dövlətində dini demokratiya

Erkən İslam çağında dövlət başçısı seçilən şəxsə, misal üçün, əziz Peyğəmbərə hamı tərəfindən iman bəslənirdi. Münafiqləri, zahirən mömin, əslində isə kafir olanları çıxmaqla hamı əziz Peyğəmbərin hakimiyyətini qəbul edirdi. Bizim öz konstitusiyamıza görə, İslam cəmiyyətində rəhbər xalqın böyük əksəriyyətinin qəbul etdiyi şəxsdir.483

Əziz Peyğəmbər xalqla yaşayırdı, xalqdan fikir soruşurdu, xalqın vasitəsilə Allahın dinini yayırdı, xalqın yumruğu ilə Allah düşmənlərini vururdu. Sözün həqiqi mənasında bir xalq hakimiyyəti vardı. Belə bir hakimiyyətdə xalq rəhbəri ilə aşiq kimi davranır.484
Dini demokratiyanın çərçivəsi

İslam məntiqində cəmiyyətin idarəsi Quran nurunun və ilahi hökmlərin hidayəti ilədir. Quranın səmavi və ilahi qanunlarında xalqa dəyər və məqam tanınmışdır; xalq seçir və ölkənin taleyini həll edir. Bu demokratiya bu gün dünyanın şahid olduğu ən uca demokratiya növüdür. Çünki ilahi hökmlər və hidayət çərçivəsində olan demokratiya, xalq seçimidir. Səmavi qanunlarla, hər növ nöqsan və eyibdən uzaq olan seçim isə düzgün istiqamətə malik ola bilər.

Dünyada demokratiya adlanan hər bir şeyin çərçivəsi var. Qərb demokratiyasında çərçivə oliqarxların, cəmiyyətə hakim olan kapital sahiblərinin maraq və istəyindən ibarətdir. Xalqın rəyi yalnız o çərçivədə mötəbər sayılır və təsirli olur. Əgər xalq oliqarxların, maddi və iqtisadi güc və bundan yaranan siyasi güc sahiblərinin maraqlarının əksinə olan bir şey istəsə, bu rejimlərin xalqın iradəsinə tabe olacağına heç bir zəmanət verilmir. Bütün bu demokratiyalara möhkəm və qırılmaz bir çərçivə hakimdir. Özlərini demokratik adlandıran keçmiş sosialist ölkələrində bu, hakim partiya çərçivəsi idi. Hakim partiyanın siyasət və maraqları xaricində olan ümumxalq istəyinin heç bir dəyəri yox idi.

İslam quruluşunun üstünlüyü bundadır ki, bu çərçivə müqəddəs hökmlər, Quran qanunları, xalqın qəlbinə, əməlinə və zehninə işıq saçıb onu hidayət edən ilahi hidayət nurudur. Xalqın hidayəti çox mühüm məsələlərdəndir, lakin dünyanın siyasi quruluşlarında, xüsusən də Qərbdə görməzliyə vurulur. Xalqın hidayətinin mənası budur ki, düzgün təlim-tərbiyə və xalqın dəyərlərə yönəldilməsi ilə elə iş görülsün ki, xalqın istəyi əxlaqi fəzilətlər istiqamətində olsun, bəzən onun rəyi və istəyi kimi ortaya qoyulan fəsadçı həvəslər seçim dairəsindən çıxsın. Bu gün çoxlu Qərb demokratiyalarında ən çirkin azğınlıqlar - cinsi və digər fəsadlar xalqın istəyi olduğu üçün qanuni don geyinir, rəsmiləşir və yayılır. Bu, mənəvi amilin və hidayətin yoxluğunu göstərir.

İslam quruluşunda - yəni dini demokratiyada xalq seçir, qərar verir, seçdiyi şəxslərin vasitəsilə ölkənin taleyini həll edir, amma bu istək, seçim və iradə heç zaman ilahi hidayətdən, düzgün yoldan kənara çıxmır. Dini demokratiyada əsas məqam budur. Bu, İslam inqilabının İran xalqına hədiyyəsidir. Bu, yeni və gənc təcrübədir. Lakin qəlbləri fəzilətlər, pak-pakizə cəmiyyət üçün döyünən, cinayətlərdən, əxlaqi qəbahətlərdən və çirkin bəşəri xarakterlərin yayılmasından əziyyət çəkən bütün şəxslərə örnək, düşünməli və izlənməli bir təcrübədir.485

Əgər bu dərin fəlsəfəyə malik olan demokratiyanı və xalqın haqqına diqqəti bu gün Qərbdə mövcud olanla qarışdırsaq, böyük səhvə yol vermiş olarıq. Həqiqi demokratiya budur və müqəddəs şəriət sahibi bizim əlimizdə olan fiqh meyarlarına uyğun olaraq məsum imamın qeyb dövründə bu vəzifəni, məsuliyyəti, yaxud hakimiyyət haqqını bəzi məsələlərlə şərtləndirmişdir. Bu şərtlər olmadan bu haqq və icazə yoxdur. Çünki ilkin prinsip bir insanın başqa bir insana hakim olmasını yasaq edir. Harada bir insan digərlərinin işlərinə müdaxilə etmək istəyirsə, mütləq bu şərtlərə malik olmalıdır. Bunu təyin etmək də məntiqi və etimadlı bir prosedura uyğun olaraq bu işi bacaran şəxslərin öhdəsinə düşür. İslam Respublikası quruluşunda xalq bu yolla öz seçimini və beyətini elan edir. Xalqın iştirakı və seçimi bu şərtləri təyin və onlara nəzarət etmək qabiliyyətinə malik olan və nə baş verdiyini anlayan insanlar vasitəsilə təmin olunur.486


Dini demokratiyada xalqın və məmurların rolu

Biz "xalq" deyəndə mənası bu deyil ki, xalq gəlib səs versin, məmuru, yaxud deputatı seçsin, sonra daha heç bir məsuliyyəti olmasın; xalqa xidmət də yenidən səs qazanmaq üçün olsun. Belə deyil. İslamda və İslam Respublikası quruluşunda məmurların vəzifəyə təyin edilmələrinin fəlsəfəsi xalq üçün işləmələridir. Məmurlar xalq üçündürlər, xalqın xidmətçisi, əmanətdarı və xalqa borcludurlar. Əsas xalqdır. İslam Respublikası quruluşunda vəzifəyə keçən şəxsin bütün fikri-zikri xalq olmalıdır; xalqın həm dünyası, həm maddiyyatı, həm mənəviyyatı, həm ədaləti təmin etmək, həm xalqın insani məqamının dirçəldilməsi, həm də azadlığı. Bunlar dövlətin əsas vəzifələrindəndir.487

İslam respublikası əslində, hər iki Avropa məktəbinə müxalifdir; istər Orta əsrlərdə, yaxud on səkkizinci əsrdən öncə Avropada mövcud olanla, istərsə də sonradan ona reaksiya kimi meydana çıxanla. Qabaqca mövcud olan avtoritar və sülalə hakimiyyətləri saxtakarlığa, bir qüvvənin, bir fərdin, yaxud güclü bir qrupun hakimiyyəti idi. İslam buna müxalifdir. Sonradan meydana çıxan isə hüququ yalnız xalqın iradə və istəyinə aid edir. Əslində belə olmasa da, ən azı şüarda, fikir və nəzəriyyədə belədir. Bu da İslamdan deyil.

İslamda Allahın haqqı insanların haqqına rəqib deyil. Xalqın bütün hüquqları - o cümlədən hakimiyyət məsələsində seçim haqqı ilahi hökmdən qaynaqlanır. Xalqın bütün hüquqlarının dini əsası Allah hakimiyyətindən və Allah-Taalanın təyin etdiyindən əxz olunmuşdur. Odur ki, Qurani-kərimdə xalqın hüququna təcavüz və hücum olan yerdə, misal üçün, xalqın malına təcavüz edilən riba məsələsində "O zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!"488 deyilmişdir. Bu iş insanların hüququna təcavüz olsa da, Allahla müharibə sayılır. Yaxud yerdə fəsad məsələsindən danışdıqda "Allaha və Peyğəmbərinə qarşı vuruşanlar"489 – deyilmiş və bu iş Allahla və onun rəsulu ilə müharibə adlandırılmışdır. Bu, xalqın hüququna təcavüzdür, lakin Allahla və Peyğəmbərlə müharibə sayılır. Çünki xalqın haqqı ilahi vəzifədir, Allahın təyin etdiyi haqdır, Allahın hakimlərin üzərinə qoyduğu bir vəzifədir. Allah xalqın rəy və iradəsini mötəbər saymağı bizə vacib buyurub.

İslam Respublikası quruluşunda bizim problemimiz yalnız bu deyil ki, xalq bədbin olar, yaxud bizə inamı sarsılar. Bizim problemimiz həm də şəriət vəzifəsidir; xalq anlamasa belə. Əgər bir yerdə insanların hüququnun tapdanmasına səbəb olan bir iş görsək, xalqın hüququna təcavüz olduğunu heç kəs bilməsə və səsi çıxmasa da, şəriət baxımından problemimiz olar. Dövlətin bütün mühüm sahələrində və geniş işlərində - dövlət təkcə rəhbərdən ibarət deyil, dini demokratiyada hamı ortaqdır; istər prezident olsun, istər başqa bir orqanın başçısı, istər deputat, istərsə də bir tərəfdə hansısa vəzifəli şəxs. Allaha görə xalqın hüququnu bərpa etmək hamının borcudur.490
Başçının ilahi parametrlər əsasında təyini

Qədir-Xum məsələsi və Əmirəlmömininin əziz İslam Peyğəmbəri tərəfindən İslam ümmətinin rəhbəri təyin edilməsi çox böyük və mənalı bir hadisə, əslində, əziz Peyğəmbərin cəmiyyətin idarəsinə müdaxiləsidir. Hicrətin onuncu ilində zilhiccə ayının on səkkizində baş verən bu hərəkətin mənası odur ki, İslam cəmiyyətin idarəsinə əhəmiyyətli yanaşır. İslam quruluşunda və İslam cəmiyyətində idarəçilik işi tərk olunmur və diqqətdən kənarda qalmır. Səbəb də budur ki, cəmiyyətin idarəsi onun ən mühüm məsələlərindəndir. Peyğəmbər səhabələri arasında təqva, elm, cəsarət, fədakarlıq və ədalət nümunəsi olan Əmirəlmömininin təyin edilməsi bu idarəçiliyin müxtəlif cəhətlərini işqlandırır. Bəlli olur ki, İslama görə cəmiyyətin idarəsində əhəmiyyətli olan bunlardır. Əmirəlmöminini fasiləsiz canişinliyə qəbul etməyənlər də o həzrətin elminə, zahidliyinə, təqvasına, cəsarətinə, haqq və ədalət uğrunda fədakarlığına şübhə etmirlər. Bu bütün müsəlmanların və Əmirəlmöminini tanıyan bütün şəxslərin yekdil rəyidir. Bu göstərir ki, İslam cəmiyyəti İslama və Peyğəmbərə görə ideal məqsəd kimi hansı idarəçiliyi, rəhbərliyi və dövləti istəməlidir.491

İslam cəmiyyətində vilayət - yəni hakimiyyət və rəhbərlik təbii ki, digər cəmiyyətlərdə hakimiyyətdən fərqli bir şeydir. İslamda cəmiyyətin rəhbərliyi Allah-Taalaya məxsusdur. Heç bir insan digər insanlara rəhbərlik haqqına malik deyil. Bu haqq insanların yaradanı, xaliqi, xeyirlərini bilən, işlərinin, hətta bütün dünyanın işlərinin sahibi olan Allah-Taalaya məxsusdur. İslam cəmiyyətində olan bu hissin özü misilsiz bir şeydir. Heç bir güc, heç bir kəsərli qılınc, heç bir sərvət, hətta heç bir elm və siyasət də kiməsə digər insanların taleyi barədə qərar çıxarmaq haqqını vermir. Bu haqq Allaha məxsusdur.

Allah-Taala bu vilayəti və hakimiyyəti xüsusi vasitələrlə icra edir. Yəni İslam hakimi və müsəlmanların rəhbəri, istər təyinatla - necə ki, bizim əqidəmizə görə bu, Əmirəlmöminin və imamlar üçün həyata keçdi - və istər meyar və qaydalar əsasında seçiləndə, ona xalqın işlərini idarə etmək səlahiyyəti veriləndə də bu vilayət Allahın vilayəti, bu haqq Allahın haqqıdır və bu, xalqa icra edilən ilahi qüdrət və hökmranlıqdır. O insan kim və nə olur-olsun, ilahi vilayət və Rəbbin qüdrəti olmadan insanlar və xalq üzərində heç bir hüquqa malik deyil. Bunun özü çox mühüm və İslam cəmiyyətinin taleyində həlledici bir məqamdır.

Bu vilayəti Allah tərəfindən öhdəsinə götürən şəxs də gərək ilahi vilayətin zəif nümunəsini, şüa və kölgəsini həyata keçirsin, göstərsin, yaşasın. İlahi vilayətin xüsusiyyətləri qüdrət, hikmət, ədalət, mərhəmət və bu kimi məsələlərdir. Xalqa rəhbərlik edən şəxs, yaxud qurum ilahi qüdrətin, ədalətin, mərhəmətin və hikmətin timsalı olmalıdır. İslam cəmiyyəti ilə digər cəmiyyətlərin fərqi bu xüsusiyyətlərdədir. Cəhalətlərin, nəfsani şəhvətlərin, fərdi, yaxud qrup maraqlarına söykənən ambisiyaların xalqın həyatına təsir haqqı yoxdur. Bu baxımdan, İslam cəmiyyətində və quruluşunda ədalət, elm, din və mərhəmət hakim olmalıdır; eqoistlik, hər hansı bir şəxsin rəftarında və sözündə görünən nəfsi istəklər hakim olmamalıdır.492

Qədir-Xum hadisəsi zaman boyu bir məktəb kimi yaşayıb və insanlar ondan dərs ala, həyatlarını ona uyğunlaşdıra biliblər. Allah-Taalanın xüsusi əmr verməsinin və bu əmr əsasında əziz İslam Peyğəmbərinin bəlli xüsusiyyətlərə malik bir şəxsi rəhbər təyin etməsinin özü mühüm bir məsələ, böyük bir dərs və İslamın mühüm dərsidir. Bəlkə də İslamın əsas təməli məsələnin bu hissəsindədir. Qədir-Xumun həqiqi məzmununun əhəmiyyəti elədir ki, Quran ayəsi buyurur: "Əgər bunu etməsən, Allahın risalətini (peyğəmbərliyini) təbliğ etmiş olmazsan"493.

Qədir-Xum məsələsinin və bu təyinatın əsl həqiqəti nədir ki, bu qədər əhəmiyyətə malik olub? Bu məsələnin müxtəlif cəhətləri var. Biri budur ki, cəmiyyətin idarəsi bir ilahi işdir, bəşəri iş deyil və insanın digər işləri ilə fərqlənir. Bəzi adamların bu cəhətdən sui-istifadə edib bir çox yanlış işləri və pis rəftarları Allahla rabitənin adına yazmaları mümkündür. Əlbəttə, dünyanın bütün həqiqətləri barədə belə sui-istifadə mümkündür. Nübüvvət məsələsinin özündən də bəzi şəxslər sui-istifadə etdilər, peyğəmbərlik iddiası edib insanları yoldan çıxardılar. Bu bizim belə mühüm amildən ötəri keçməyimizə səbəb ola bilməz. Bunun özü mühüm məsələdir ki, cəmiyyətin idarəsi, bəşərin yolu, taleyi və bəşər dünyasının quruculuğuna aid işlər ilahi iradə və təyinatla əlaqədardır.494

Mütəvatir hədislərə əsasən, əziz Peyğəmbərin vasitəsilə Qədir-Xum günündə edilən bu böyük hərəkətin çoxlu səbəbləri vardır. Bir səbəb əlbəttə ki, Əmirəlmömininin fəziləti idi. Camaat da bilir və bu fəzilətləri yaxından müşahidə edirdi. Əziz Peyğəmbər və əslində, ilahi iradə də həmin fəzilət və dəyərləri qiymətləndirdi, onların əsasında Peyğəmbərdən sonrakı vilayəti və hakimiyyəti təyin etdi. Bəlli oldu ki, müsəlmanlara hakimlik üçün o dəyərlərə malik olmaq lazımdır. Həmin gün əziz Peyğəmbərin Əmirəlmömininin fəzilətlərini bəyan etməsi lazım deyildi, camaat bunu bilirdi.

Bu, Qədir-Xum hadisəsinin bir cəhətidir; yəni bu fəzilətlərin təsdiqi və isbatı, bu fəzilət və dəyərlərin hakimiyyətlə nəticələnməsi. Bu, olduqca mühüm cəhətdir. Bəlli olur ki, Peyğəmbərin və ilahi vəhyin baxışına əsasən, İslamda hakimiyyət yalnız dəyərlərə tabedir. Bunun özü bir İslam prinsipidir.495
Xalqla hakimlərin birliyi

Vilayətin qəribə mənası var. Vilayətin mənası iki şeyin bir-birinə yaxınlaşmasından ibarətdir. Əgər iki ip bir-birinə möhkəm bağlansa və onları bir-birindən ayırmaq asan olmasa, ərəb dilində ona vilayət deyirlər. Vilayət - iki şeyin bir-biri ilə əlaqəsi, bağlılığı və bir-birinə təmaslı şəkildə möhkəm yaxınlığıdır. Vilayət üçün lüğətdə qeyd olunan bütün mənalar - məhəbbət, qəyyumluq və digər yeddi-səkkiz mənanın hər birində iki tərəf arasında bu yaxınlıq mövcuddur. Məsələn, vilayət məhəbbət deməkdir; çünki sevənlə sevilənin bir-biri ilə mənəvi əlaqəsi var və onları bir-birindən ayırmaq imkansızdır.

İslam dini hakimiyyəti vilayət adlandırır və onun başında duran şəxs üçün eyni kökdən olan “vali”, “vəli”, “mövla” sözlərini işlədir. Bunun mənası nədir? Bunun mənası odur ki, İslamda hakimiyyətin zirvəsi ilə xalq arasında ayrılmaz əlaqə, bağ və birlik var. Mənası budur. Bu, bizə İslamın siyasi fəlsəfəsini izah edir. Hansı hökumət belə olmasa, vilayət yoxdur, yəni İslamın nəzərdə tutduğu hakimiyyət deyil. Hakimiyyətin başında xalqla əlaqəsi olmayan şəxslər dursa, bu, vilayət deyil. Əgər xalqla zor dilində danışan, məhəbbət, mülayimlik və birlikdən uzaq şəxslər hakimiyyətdə olsa, bu, vilayət deyil. Çevriliş yolu ilə hakimiyyətə gəlmək vilayət deyil. Varisliklə, hakimiyyətdə şərt olan həqiqi dəyər və keyfiyyətlərə malik olmadan qohumluğa görə hakimiyyətə gəlmək vilayət deyil. Vilayət o zamandır ki, valinin, yaxud vəlinin vilayət altındakı xalqla yaxın, səmimi, sevgili və Peyğəmbər kimi496 əlaqəsi olsun; yəni xalqın özündən olan bir şəxs vilayət və hakimiyyət məsələsini üzərinə götürsün. İslam hakimiyyətində əsas məsələ budur.497

Deməli, İslamda vilayət var və bu, hakimiyyət deməkdir. İslamda cəmiyyət siyasi proseslərdə sayıldığından, əslində, hər şey xalqdır. İslamın siyasi sistemində xalqın şəxsiyyəti, istəyi, maraqları və hər şeyi önəmlidir. O zaman ilahi vilayət xalqın belə iştirakı ilə mənalanır. İlahi vilayətin həqiqəti budur: xalqla əlaqə.498

Görürsünüz ki, İslam vilayətinin və vəlinin ideal nümunəsi olan Əmirəlmöminin heç zaman xalqla bu əlaqə və birliyi unutmamışdır; nə hakimiyyətdən kənarlaşdırıldığı dövrdə, yəni İslamda vilayət adlanan və onun haqqı olan hökuməti, komandanlığı və hökmranlığı ondan aldıqları dövrdə, - əlbəttə, mənəvi vilayət və Şiə imamətində mövcud olan məsələ hər halda var və zahiri vilayətdən asılı deyil - nə də digər dövrlərdə. O zaman da Əmirəlmöminin xalqdandır, xalqdan biridir, xalqdan uzaqlaşmış, kənara çəkilmiş birisi deyil, hakimiyyətə gələndə də tam mənada xalqdan olan bir hakimdir.499

Başqa bir mühüm dərs odur ki, həzrət Mehdinin (ə) gələcək hakimiyyəti əsl mənasında bir xalq hakimiyyəti olacaq. Xalq hakimiyyəti nə deməkdir? Yəni xalqın imanına, iradəsinə və qollarına arxalanan hakimiyyət. Dövrün imamı dünyanı təkbaşına ədalətlə doldurmayacaq. O, xalqın mömin qüvvələrinə arxalanıb bütün dünyada ilahi ədaləti bərqərar edəcək və yüzfaizli bir xalq hakimiyyəti quracaq. Amma bu xalq hakimiyyətinin bugünkü dünyada demokratiya iddiası edənlərlə yerlə-göy qədər fərqi olacaq. Bugünkü dünyada demokratiya adlandırılanlar - əyninə yeni libas geyindirilmiş qədim diktaturalardır; yəni qrupların diktaturası. Əgər rəqabət varsa da, qruplar arasında rəqabətdir və xalq bu arada heç kimdir. İmam Mehdinin (ə) demokratiyası - yəni dini demokratiya bu üsuldan tamamilə fərqlidir.500


Düşmənlər qarşısında qüdrət

Dünyada heç bir tağut İslam hakimiyyətinə razı olmayıb və razı deyil. Bu gün bu ölkədə İslamın qələbəsindən on ilə yaxın ötəndən sonra bizim düşmənlərimiz olduqca məyus olmuş və İslam qarşısında gücsüz olduqlarını hiss etmişlər, lakin onların düşmənliyi bir iynə ucu qədər də azalmamışdır. Şeytanların Allah yolu və dini ilə düşmənliyi azalan deyil. Şeytan Allahın bəndələri ilə düşməndir, onlara ədavət bəsləyir. Nə qədər ki, Allahın bəndəsiyik, şeytanların bizimlə düşmənliyi azalmayacaq.501


İslam mədəniyyətinin inkişaf amilləri

Ötən illərdə böyük peyğəmbərlik məsələsi yada düşəndə bizim xalqımız özünün ümumi hərəkətini, inqilabdakı milli-tarixi missiyasını onun davamı bilir, nəzər sahiblərində və görkəmli şəxslərdə bu sual yaranırdı ki, elmin qərib və cəhalətin qlobal olduğu o dövrdə İslamın inkişafının sirri nə olmuşdur. İslam bu şəkildə qüdrətləndirən və İslam mədəniyyətinin əsasını qoyan amil nə olmuşdur? İslam mədəniyyəti hətta İslamın siyasi tənəzzülü dövründə də parlaqlığın və qüdrətin zirvəsində qaldı, dünya mədəniyyətini təsirləndirdi, elmi inkişaf etdirdi və İslam mədəniyyətini yaydı. Bunlar tarixin çox möhtəşəm təcrübələridir. Bunların səbəbi nədir? Bu çox uzun bir söhbətin mövzusudur. Tədqiqatçı və yazıçılar bu məsələ üzərində işləmişlər, yenə də işləməlidirlər.502


Allaha və ilahi hökmlərə iman və etiqad

Şübhəsiz, İslamın inkişafına səbəb olan amillərdən biri Allaha və ilahi hökmlərə arxalanmaq idi: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər"503. Peyğəmbərin özü və erkən dövrün möminləri İslamın sözünə ürəkdən inanırdılar. İslam şüarlarını, İslam həqiqətlərini və İslamın bəşəriyyətin xilası üçün yetərli olmasını cani-dildən qəbul etmişdilər. Bu iman çox mühüm amildir.504

Müsəlmanlar erkən İslam çağında İran və Romanı iman gücü ilə fəth etdilər. Hücuma məruz qalan xalqlar da onları görən kimi ürəklərində həmin iman yaranırdı. Xəncər maneələri - sərvətli və güclü sərkərdələri yoldan götürmək üçün idi. Xalq hər yerdə bu tufanı dərk etmiş və o zaman iki böyük imperiya olan Roma və İran İslam ölkəsinin bir hissəsinə çevrilmişdi.505
Şəxsi maraqlara etinasızlıq

Ən azı bu hərəkətin rəhbərlərində olan başqa bir amil bu idi ki, özlərinə - insanın özünün maddi maraqlarına aid olana qarşı etinasız idilər. Bu, çox mühüm amildir. Hədislərdə, Nəhcül-bəlağədə, əziz Peyğəmbərin, imamların və böyüklərin sözlərində dünyaya və dünya bəzəklərinə etinasızlıq haqda bütün bu təkid və tövsiyələr bu amilin böyük təsirinə görədir. Əlbəttə, İslamın düşmənləri və yanlış anlayan müsəlmanlar elə bildilər, yaxud göstərdilər ki, İslamda zahidliyə tövsiyə olunmuşdursa, bu, varlıq aləminin və həyatın timsalı mənasında olan dünyanın ardınca getməmək deməkdir. Halbuki belə deyil. Orada pis, məzəmmət olunmuş dünya, özümüzü və maddi maraqlarımızı hədəf seçməyimiz nəzərdə tutulmuşdur.506

Bizim gözləntimiz budur ki, İslam dünyasının böyükləri - siyasətçiləri, din böyükləri öz maraqlarını prioritet seçməsinlər. Bizim öz dövrümüzün xalqından və böyüklərindən gözlədiyimiz Peyğəmbərin rəftarı ilə qəlbimizdə yaranan gözlənti deyil. Biz özümüzdən də, İslam dünyasında olan digərlərindən də gözləyirik ki, öz maraq və "mən"lərinə məqsədlərin başında yer verməsinlər, hər bir şeydən önə keçirməsinlər, İslamı, İslam iqtidarına, inkişafına və kamalına çatmağı öz maraqlarından önə keçirsinlər. Əgər belə olsa, İslamın intrinsik və zati qüvvəsinin böyük bir hissəsi şübhəsiz, İslam ümmətinə qayıdacaq. Xalqın iman, inam, məhəbbət və hərəkətinin ağır yükünü öz çiyinləri üzərində daşıyıb buraya çatdıran şəxsin - yəni böyük imamımızın vücudunda ən mühüm amil özünü görməməsi, üzərinə düşəni yerinə yetirməyə çalışması idi. Və buna görə də uğur qazandı.507
İxlaslı mübarizə

Nəhcül-bəlağədə nəql olunana əsasən, Əmirəlmöminin buyurmuşdur: "Biz Allahın rəsulu ilə birgə atalarımıza, övladlarımıza, qardaşlarımıza və əmilərimizə qarşı vuruşurduq və bu mübarizə bizim imanımızı, (Allah qarşısında) təslimçiliyimizi, dərdlər qarşısında dözümümüzü və düşmən qarşısında fəallığımızı artırırdı".508 İxlasla öz adamlarımız və yaxınlarımızla qarşı-qarşıya dayanır və Allah üçün mübarizə aparırdıq. "Allah bizim doğruluğumuzu görəndə düşmənlərimizi xar etdi, bizə isə qələbə bağışladı"509. Yəni biz Allah yolunda ixlasla və sədaqətlə çalışdıqda Allah-Taala bunu gördü, düşmənimizi məğlub və bizi qalib etdi. Sonra buyurur ki, belə olmasaydı, bu işlər görülməz, imanın bir budağı göyərməz və dinin bir təməli qalmazdı. Həmin müsəlmanların ixlas və sədaqəti sayəsində bu nailiyyətlər əldə olundu və İslam cəmiyyəti quruldu. Bugünkü İslam mədəniyyəti və böyük tarixi hərəkət də elədir. Bizim xalqımız və bütün dünya müsəlmanları, bu gün İraq xalqı, onun öncülləri, həmçinin dünyanın hər hansı tərəfində müsəlman adı daşıyan digər xalqlar Əli ibn Əbu Talibdən (ə) bu dərsi öyrənməlidirlər.510

Peyğəmbərin dövründə çoxlu məşəqqətlər çəkildi. Süffə sakinlərinin əhvalatını bilirsiniz, bir-birinə paltar borc vermələrini eşitmisiniz. Onlar o zaman döyüşdə bir xurma ilə müqavimət göstərirdilər. Birinci adam xurmanı bir qədər sorurdu ki, şirinliyindən bir qədər qüvvələnsin, sonra ikinci adama verirdi. O da sorub bir qədər güc alırdı və sonra udmaq üçün üçüncü adama verirdi. Belə yaşayırdılar, belə çətinlik çəkirdilər, bu qədər çatışmazlıqları vardı. Əvvəldə onlara hər tərəfdən çoxlu təzyiqlər göstərilirdi və bu, beş-altı ay və ya bir il deyildi.

Peyğəmbər dövründə xalq çətinliklər çəkirdi, amma təməl möhkəmlənəndən sonra o fəaliyyət, fədakarlıq, ixlas və tərbiyələr bu hərəkətin belə sürətlə davam etməsinə, Peyğəmbərin vəfatından əlli il sonra dünyanın yarıdan çoxunun müsəlmanların ixtiyarına keçməsinə səbəb oldu. O zaman belə idi, bu gün də elədir.511

Bu hərəkət davam edir, baxın, on dörd əsr ötdükdən sonra İslam hələ də parlayır. Bütün bunlar həmin böyük insanın əməyinin və həmin fəaliyyətlərin nəticəsidir.512

Əmirəlmömininin Peyğəmbər dövründəki həyatı əksərən cihaddan ibarətdir və əziz Peyğəmbərin vücudunun möhtəşəm işığının şüası altındadır.513


Söz birliyi

Bunları xatırlatmaqda məqsəd keçmişlə öyünmək deyil, o mədəniyyəti yaradan amilin - yəni İslamın və onun həyatverici təlimlərinin bu gün də bizim ixtiyarımızda olduğunu və bizə belə dediyini xatırlatmaqdır: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin"514. İslam sübut etmişdir ki, öz ümmətini mədəni və elmi inkişafa, ucalığa və siyasi iqtidara çatırmaq gücündədir. İman, fəaliyyət və təfriqədən çəkinmək bu böyük məqsədin reallaşmasının vacib şərtləridir. Quran bizə öyrədir ki: "Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!"515; "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!"516

Biz vəhdət məsələsində ciddiyik. Biz müsəlmanların birlik modelini açıqlamışıq da. Müsəlmanların birliyi onların və müxtəlif firqələrin xüsusi kəlam və fiqh görüşlərindən daşınması demək deyil. Müsəlmanların birliyinin iki başqa mənası var, onların hər ikisi təmin olunmalıdır: Biri budur ki, müxtəlif İslam firqələri - hər biri müxtəlif kəlam və fiqh qollarına bölünən Əhl-sünnə və Şiə firqələri həqiqətən, İslamın düşmənləri ilə mübarizədə həmrəy, həmfikir və əlbir olsunlar. İkincisi budur ki, müxtəlif müsəlman firqələri özlərini bir-birinə yaxınlaşdırmağa, anlaşma yaratmağa və fiqhi məzhəbləri bir-biri ilə müqayisə edib uyğunlaşdırmağa səy göstərsinlər. Əgər fəqih və alimlərin bir çox fətvaları fiqhi və elmi cəhətdən araşdırılsa, azca dəyişikliklə iki məzhəbin fətvalarının bir-birinə yaxınlaşması mümkündür.517

Həqiqətən, məzhəb ixtilafları baxımından müsəlmanların vəziyyəti acınacaqlıdır. Tarix boyu müsəlmanların dəyərli elm və düşüncə imkanlarının çoxu bir-birinə qarşı tuşlanmışdır. Yanlış anlaşılmasın, mən öz məzhəbini isbat etmək üçün göstərilən elmi fəaliyyəti rədd etmirəm, həm şiə, həm sünni, həm də hər hansı bir firqə, əqidə və təriqətə etiqadlı şəxsin öz yolunu isbat etməyə haqqı çatır. Bu başqa şeydir, biz onu rədd etmirik. Bizim rədd etdiyimiz ziddiyyət, qarşıdurma, təhqir və qarşı tərəfin inkarına çalışmaqdır. Bu, düzgün deyil.518

Siz müsəlmanlıq və İslam təbliği iddiasında olan bəzi ölkələrə baxın. Bəziləri o qədər üzlü və həyasızdırlar ki, özlərini İslamın banisi, sahibi və təbliğatçısı sayır və təqdim edirlər. Halbuki fəsad kapsulu, haramların və böyük günahların mənşəyidirlər. Bunu dünya xalqı görür. Ayıq müsəlmanlar bunları anlayır və bilirlər ki, bu zamanda İslam birliyi bayrağı ucalsa, müsəlmanların qəlbləri təbii olaraq, İslamın hakim olduğu, meyarların İslamdan alındığı, hakimiyyət, idarəçilik və vəzifə meyarının müsəlman olmaq və şərafətli "O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr və pis işlər görməyi qadağan edərlər"519 ayəsinin sadiq olduğu yerə yönələcək. Dünya xalqları bunu görür.520

İslam dünyası bəşər həyatının bütün sahələrində tükənməz imkanlara malik olduğu halda böyük məşəqqətlərlə əlbəyaxadır. İslam mədəniyyətinin gözəl həyatına nail olmaq üçün elmə, ciddiliyə və əməkdaşlığa, təhlükə və düşmənçiliklərlə mübarizə aparmaq üçün birliyə və sayıqlığa, ilahi rəhmət və yardıma qovuşmaq üçün isə ixlasa və səmimiliyə ehtiyac görünür və hamı tərəfindən qəbul olunur.521


İslam təlimlərindən istifadə

İndi əsas sual budur ki, İslam mədəniyyəti necə yarandı? Bəziləri deyirlər ki, qədim İran əsərlərindən götürdülər, bəziləri düşünürlər ki, Roma əsərlərindən götürdülər. Lakin bu sözlər cahil və uşaq sözləridir. Fərz edək bir yerdə İslam mədəniyyəti irsindən on kitab tərcümə etdilər. Bu on kitabla mədəniyyət yaranır?! İslam mədəniyyəti Yunan, Roma və Hind əsərlərinin tərcüməsi ilə əmələ gəldi? Xeyr, İslam mədəniyyətinin məğzi öz daxilindən idi. Düzdür, canlı mədəniyyət digərlərindən də istifadə edir. Sual budur ki, bu gözəl dünya, elmdən istifadə, varlıq aləminin - maddi aləmin birinci dərəcəli həqiqətlərinin müsəlmanlar tərəfindən kəşfi, düşüncə, fikir və zehinləri, böyük elmi fəaliyyətləri işlətmək, ozamankı böyük universitetləri açmaq, o zaman onlarla sərvətli və qüdrətli ölkə və tarix boyu bənzərsiz siyasi güc yaratmaq nədən irəli gəldi? Tarixdə İslamdan başqa bir siyasi güc olmayıb ki, Avropanın ortasından Hindistan yarımadasına qədər vahid bir ölkə olsun və ona davamlı şəkildə hökmranlıq etsin. Orta əsrlər dövrü Avropa üçün cəhalət və bədbəxtlik çağıdır. Avropalılar Orta əsrləri qaranlıq və zülmət dövrü adlandırırlar. Lakin həmin Orta əsrlər İslam ölkələrində elmin zirvə çağıdır. Elmin parlaq dövrü olan dördüncü hicri əsri barədə kitablar yazmış, tədqiqatlar aparmışlar. Elə siyasi güc, elə elmi inkişaf, elə abadlıq, elə idarəçilik, bütün canlı, aktiv və qurucu bəşəri qüvvələrdən istifadə nəyin nəticəsi idi? Yalnız İslam təlimlərinin nəticəsi.522

Müharibələr bitir, lakin təcrübələr qalır. Böyük hadisələr xalqlar üçün dərsdir. Bu dərs bəşəriyyətin ölməz yaddaşında qalacaq ki, bu qədər iddialı və bərbəzəkli bir sivilizasiya imtahandan belə uğursuz çıxdı. Bunların (amerikalıların) gördüyü işlər arasında müharibə törətmək, zülm, ədalətsizlik, qürur, məstlik və ağılsız rəftarlar mövcuddur. Müharibə başlatmaq, sülhü pozmaq, müdafiəsiz xalqı öldürmək, saxta bəhanəli müharibələrdən ötrü çoxlu pullar xərcləmək - bunlar bir sivilizasiyanın təcrübələridir. Siz bunu İslam sivilizasiyası ilə müqayisə edin. Raşidi xəlifələri dövründə müsəlmanlar İslam dünyasının qərb bölgələrini - yəni Romanın bir hissəsini və indiki Suriyanı fəth etdikdə yəhudi və məsihilərlə elə rəftar etdilər ki, onların çoxu müsəlmanların rəftarına görə İslama yönəldilər. Bizim ölkəmizdə xalqın çoxu müqavimətsiz təslim oldu. Çünki müsəlmanların düşmənlərə qarşı mürüvvətini, mərhəmətini və əfvini müşahidə etdilər. Buna görə də özləri gəlib müsəlman oldular. Tarixə əsasən, müsəlmanlar Romaya gələndən sonra yəhudilər dedilər ki, and olsun Tövrata, biz həyatımız boyu belə xoş günlər görməmişdik. Məsihi hökumət onlara zülm edirdi. İslam gəldikdə isə İslam şəfqətini duydular.523
İslam mədəniyyətinin dövrləri

İslamın ilk siyasi-humanitar nailiyyəti Mədinədən başlayan, kəmiyyət və keyfiyyət baxımından heyrətamiz və əfsanəvi formada inkişaf edən İslam ümmətidir. Bu mübarək körpənin doğuşundan hələ yarım əsr ötməmiş öz qonşusu olan üç böyük və qədim mədəniyyətin – İran, Roma və Misir mədəniyyətləri əhatəsinin yarısına yaxınını qət etdi və bir əsr sonra mərkəzdə elə parlaq bir mədəniyyət, başıuca və qüdrətli bir dövlət qurdu ki, şərqdən Çin səddinə, digər tərəfdən Sakit okeanın sahillərinə, şimaldan Sibirin sonuna, cənubdan isə Hind okeanının cənubuna qədər çatırdı. Hicrətin üçüncü-dördüncü əsrləri və ondan sonrakı dövr elə parlaq bir mədəniyyətlə bəzənmişdi ki, onun elmi və mədəni faydalarını min ildən sonra dünyanın indiki mədəniyyətində hələ də açıq şəkildə görmək olar. Qərb tarixçiləri elm və mədəniyyət tarixindən danışarkən elmin, mədəniyyətin və sivilizasiyanın bu böyük və bənzərsiz dönüşündən yan keçir, elm tarixini qədim Yunan və Romadan birbaş renessansa birləşdirirlər; sanki elm və sivilizasiya min il ölmüşdü, renessansda birdən doğuldu. Lakin həqiqət budur ki, Orta əsrlər yalnız Qərb və Avropa üçün qaranlıq, cəhalət və vəhşət əsrləri idi, Avropadan bir neçə dəfə böyük olan və Andalusdan Çinə qədər uzanan İslam dünyası üçün isə elmi parlaqlıq, oyanış və yüksəliş dövrü sayılırdı.524

Bu bir həqiqətdir ki, Avropanın hər bir şeyi İslam mədəniyyəti qarşısında rəngini itirdi və bu hal hicrətin dördüncü, beşinci və altıncı əsrlərinə qədər davam etdi. Bundan sonra isə İslam mədəniyyəti tənəzzülə başladı və nəhayət, renessans dövrü çatdı.525

Erkən İslam çağındakı İslam inqilabının qələbəsində hansı amilin rolu oldu? Biz bunu aydın şəkildə anlaya bilərik. O, ilahi olduğuna görə qalib oldu?! İslam məktəbi haqq olduğundan ona qarşı çıxan düşmənlərə, müxaliflərə və böyük güclərə qələbə çaldı?! Cavabda deyirik ki, xeyr, bir məktəbin ilahiliyi, bir etiqad və ideologiyanın haqlılığı həyatda mütləq qalib gəlməsinə səbəb olmur. Dəlili aydındır. O da budur ki, Peyğəmbər dövründə qələbə çalan həmin məktəb, Peyğəmbərin Mədinəyə gəlişi ilə yaranan həmin quruluş və dövlət bir müddət ötdükdən sonra eyni etiqad, məktəb və qanunlarla dağıldı, məhv oldu. Bəni-Üməyyə dövründə bir şey yox idisə, o da İslam idi. İslam həmin İslam idi, Quran dəyişilməmişdi, İslam qanunları həmin qanunlar idi. Bu qanunlar Peyğəmbərin dövründə cahiliyyət saraylarını uçura, Qüreyşin və ərəbin bütlərini məhv edib tağutlara qalib gələ bildi, lakin həmin Quran, həmin İslam, həmin qanun və qaydalar, bir əsrdən sonra məğlub oldu. Nəyə məğlub oldu? Həmin bütlərə və saraylara məğlub oldu. İslam əvvəldə böyük Roma və İran imperiyalarını məhv etdi, lakin bir əsrdən sonra İslam cəmiyyətinə və müsəlman xalqa həmin xosrov və krallar hakim oldu. Ad heç bir mahiyyət kəsb etmir; istər Mütəvəkkil Abbasi olsun, istər Harun əl-Rəşid, Vəlid və ya başqası, istərsə də Ənuşirəvan, Xosrov Pərviz, Yezdigerd və ya Herakl. İslamın mübarizə aparmaq üçün gəldiyi və məhv etdiyi həmin hökumət növü bir əsrdən sonra İslam torpaqlarında və İslamın doğulub çiçəkləndiyi həmin mühitdə inkişaf etdi, hakim oldu və əslində, İslamı ortadan götürdü. Deməli, İslamı zirvəyə aparan amil yalnız onun haqq və ilahi olması deyildi, onun yanında başqa bir şey də vardı. O nə idi? O, insanların iradəsi, səyi, fəaliyyəti, ilk müsəlmanların fədakarlığı idi. Əlli-yüz ildən sonra isə bu fəaliyyət, mübarizə və iradə yox idi.526

Mənim əzizlərim! Bu xalq elm, mədəniyyət, düşüncə, elmi və ictimai inkişaf baxımından geriqalmış deyildi. Onu müxtəlif dövrlərdə təcavüzkar qüvvələr azğın hakimlərin köməyi ilə bu günə saldılar, zor və zülmlə sivilizasiya və elm inkişafından saxladılar. İslam bu xalqı diriltdi, öz bacarıqları ilə tanış etdi, Allah-Taala bu xalqa peyğəmbərlərin dili ilə danışan, onu oyadan, öz hüququ və qüdrəti ilə tanış edən bir müəllim göndərdi. Bu müəllim başa saldı ki, bir xalq istəsə, necə böyük möcüzələr edə bilər. Bu xalq oyandı. On səkkiz ildir bu səmavi və ilahi dərslərdən örnək alıb düşmənlərin cadu zəncirlərini bir-bir əlindən, ayağından və boynundan açdı, elmi inkişafa və ölkə quruculuğuna başladı, əxlaq və dini dəyərlər baxımından çoxlu yol qət etdi.527
İslam mədəniyyətinin mərkəzləri

Siz hicrətin dördüncü əsrinə baxın. Adam Mitsin “Dördüncü hicri əsrində İslam mədəniyyəti” kitabı göstərir ki, bütün İslam məmləkətləri dünyanın elm bazarı və onun əsas mərkəzi İran idi; yəni İsfahan, Rey, Fars, Xorasan, Hərat, Mərv və s. Bu şəhərlər dünya elminin mərkəzi olmuşdur. Amma təəssüf ki, bugünkü nəsil bunları bilmir. Əlbəttə, nəinki mənim dediyim bu sözləri bilmirlər, yox, bunları yüz dəfə eşidiblər, hamı kitabında yazıb, hər yerdə danışılıb, amma buna inam yoxdur. Dillə deyilməsə də, bugünkü və bundan qabaqkı nəsildə İranın keçmişinə inamsızlıq var. Səbəbi də budur ki, Qərb sivilizasiyası və bu nəhəng texnologiya hər yeri o qədər bürüyüb ki, heç kim öz şəcərənaməsinə baxmağa belə cürət etmir.528

İraq qədim mədəniyyətlərdən birinin və böyük İslam mədəniyyətinin mərkəzidir.529

Bir zaman müsəlmanlar İspaniyada, Fransanın cənubuna qədər bir ərazidə İslam ölkəsi qurdular. Bu ölkə sivilizasiyanın beşiyi oldu və Avropada elm İslamın ilk əsrlərinin Andalus sivilizasiyasından çiçəkləndi. Orada elmin çiçəklənməsinin geniş tarixi var, qərblilərin özləri də bunu etiraf edirlər. Əlbəttə, indi bu hissəni elm tarixindən çıxarmağa və müsəlmanların adını tamamilə silməyə çalışırlar. Amma bu tarixi özləri yazmışlar. Təbii ki, bizim tarixlərimizdə də qeyd olmuşdur.530

Bizim xalqımız müsəlman bir xalq olaraq sənaye və elm sivilizasiyasında və bəşərin əsaslı yeniliyində böyük rola malikdir. İslam, şübhəsiz, öz dövründə dünyanın böyük bir hissəsini ən azı üç-dörd əsr təmin edən bir mədəniyyət yaratdı, həmin mədəniyyət elmi digər xalqlara öyrətdi və o xalqlar sonradan indiki sivilizasiyanı yarada bildilər. Bunda şübhə yoxdur. Bu gün avropalılar çox deyirlər ki, Orta əsrlər qaranlıq və zülmət əsrləri olmuşdur. Burada mühüm məqam budur ki, bu qaranlıq və zülmət Avropaya məxsusdur, İrana, Orta Şərqə və ozamankı İslam dövlətinə yox. Avropanın qara Orta əsrləri zamanı İranda sivilizasiyanın parlaq çağı, Əbu Əli Sina dövrüdür. Əbu Əli Sinanın olduğu bir ölkə qaranlıqdadırmı?! Farabinin olduğu bir ölkə cəhalət zülmətindədirmi?! Elə böyük alimlərin, şair və yazıçıların olduğu bir ölkə qaranlığa və zülmətə qərq ola bilərmi?! Görün Avropanın Orta əsrlərinin ən qaranlıq dövrlərində - hicrətin dördüncü, beşinci və altıncı əsrlərində yazıçı və şairlər kimlərdir? Firdovsidən Hafizə qədər baxın, görün o dövrdə İranda vəziyyət necə olmuşdur. Əbu Əli Sinadan Xacə Nəsirə qədər baxın, görün bu iki yüz ildə İranda necə böyük şəxsiyyətlər, filosof, şair və yazıçılar olmuşdur. Onların biri Beyhəqidir. Bu ölkə mədəniyyət və sivilizasiyanın belə zirvəsində olmuşdur; özü də yalnız ədəbiyyatda, gül-bülbül dastanlarında yox, bütün sahələrdə, hətta hesabda, riyaziyyatda, astronomiyada, təbabətdə və digər mühüm elmlərdə də. Deməli, bizim xalqımız o zaman da mühüm rol ifa etmişdir. Başqa sözlə desək, xalqımız dünyanın elm və sənaye baxımından bugünkü vəziyyətə çatmasında mühüm rola malik olmuş və bu zəncirin mühüm halqasını təmin etmişdir.531
İslam sivilizasiyasının zəifləməsinin amilləri

İslam sübut etmişdir ki, öz ümmətini mədəni və elmi inkişafa, ucalığa və siyasi iqtidara çatırmaq gücündədir. İman, fəaliyyət və təfriqədən çəkinmək bu böyük məqsədin reallaşmasının vacib şərtləridir. Quran bizə öyrədir ki: "Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!"532; "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!"533; "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Dözümlü olun, çünki Allah dözümlü olanlarladır!"534

Bu üç amilin zəifləməsi İslam ümmətini bu gün acınacaqlı vəziyyətə salmışdır. Ən azı ötən iki əsrdə məqsədli və proqramlı düşmənlər və bəzi bacarıqsız müsəlman hakimləri müxtəlif tarixi və siyasi şərtlərlə birgə bu vəziyyətin yaranmasında çox təsirli olmuşlar. Biz də bu gün keçmişdəkilərin varisiyik.535

Bugünkü siyasət İranı Andalus etməkdir. Bu mövzu moizə xarakteri daşımır. Bu bir xalqın ən yaxşı qüvvələri olan siz gənclərlə paylaşılan əsaslı bir mövzudur. Mənim müraciətim təkcə sizə deyil, bu sözü bütün ölkə gəncləri eşidəcəklər. Xalqın və ölkə əhalisinin yarıdan çoxunu təşkil edən gənc nəsil bilsin ki, onun böyük arzuları, uca amalları, müqəddəs, məqbul və düzgün məqsədləri qarşısında hansı maneələr mövcuddur.

Avropalılar Andalusu müsəlmanlardan almaq istəyəndə uzunmüddətli addımlar atdılar. O zaman sionistlər yox idi, lakin İslam düşmənləri və siyasi mərkəzlər İslam əleyhinə fəaliyyətdə idilər. Onlar gəncləri fəsada çəkməyə başladılar. Bunun üçün müxtəlif dini və ya siyasi maraqları vardı. Onlar gənclərə pulsuz şərab vermək üçün üzüm bağları saldılar, gəncləri ehtiraslara bulaşdırmaq üçün öz qadın və qızlarına sarı sövq etdilər.536
İmanın zəifliyi və nəfsi önə keçirmək

Əxlaq və şəxsiyyət zəiflikləri, nəfsə pərəstiş və müxtəlif xudpəsəndliklərə təmayül... Bunun qarşısını almasan və özün onlarla mübarizə aparmasan, imanı səndən alar və səni daxildən yeyər. İmanın alındıqda isə qəlbin imansız, zahirin isə imanlı olar. Və belə bir şəxsin adı münafiqdir. Allah eləməmiş, mənim və sizin qəlbimiz imansız, zahirimiz isə imanlı olsa, etiqad və imanı əldən versək, dilimiz isə əvvəlki iman sözlərini söyləsə, bu, münafiqlik olar. Bu da təhlükəlidir. Quran buyurur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!"537 Pis iş görənlərə ən pisi qismət olacaq. Ən pisi nədir? Allahın ayələrini təkzib etmək. Başqa bir yerdə bu böyük vəzifəyə - Allah yolunda ehsan etməyə əməl etməyənlər haqda buyurur ki, "Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı".538 İslam cəmiyyəti üçün böyük təhlükə budur. İslam cəmiyyəti tarix boyu bu cəhətdən yayınmışdır. Xarici düşmənin məğlub və tar-mar edə bilər, amma məhv edə bilməz. Hər halda, iman qalır və haradasa baş qaldırır, yenidən cücərir. Bu daxili düşmən qoşununun hücum etdiyi və insanın daxilini boşaltdığı zaman yol yayınır. Harada yayınma varsa, bundan qaynaqlanır. Peyğəmbər bu düşmənlə də mübarizə apardı.539

Biz bu iyirmi ildə İslam Respublikasında harada vəzifə və məqsədləri önə keçirmişiksə, özümüzü, şəxsləri və nəfsi istəkləri zəiflətmişiksə, uğur qazanmışıq. Lakin nə zaman bunun əksi olmuşsa, ziyan görmüşük. Səkkizillik məcburi müharibə dövründə məsələlərin xırdalığından xəbərdar olanlar yaxşı bilirlər. Harada vəzifə ruhu hakim oldusa, işin icraçılarında qürur az oldusa, nailiyyət əldə etdik, amma haraya qürur gəldisə, təhlükələr də gəldi. Bu gün də elədir.540


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə