Balalar-Az. Com Nağıllar Sehrli şamdan



Yüklə 31,12 Kb.
tarix08.01.2018
ölçüsü31,12 Kb.
#20026

Balalar-Az.Com

Nağıllar
Sehrli şamdan
Biri var idi, biri yox idi, bir padşah var idi. Onun gözləri neçə vaxt idi ki, kor olmuşdu. Nə qədər loğman gəlmişdisə, onu sağalda bilməmişdi. Bir dəfə bir loğman gəldi, padşahın gözlərinə baxıb dedi:

- Padşah sağ olsun, sənin gözlərinin dərmanı var, amma əlçatmaz yerdədir.

Padşah soruşdu:

- Sən yerini de, mən tapdıraram.

Loğman dedi:

- Ağ dəryada bir xallı bulaq var, onun qanı gözlərinə dərmandır.

Loğman sözlərini qurtaran kimi padşah car çəkdirdi, bütün balıqçıları yığdırdı. Ağ dəryanın sahilinə, sonra da oğlunu çağırıb dedi:

- Oğul, bir dəstə adam götür, həmin xallı balıq çıxana kimi nə qədər balıq varsa, hamısını tutdurub tökdür qırağına.

Oğlan balıqçılara əmr elədi ki, kim xallı balığı tutsa çoxlu bəxşiş alacaq. Balıqçılar torlarını atıb balıq tutmağa başladılar. Birdən tordan xallı balıq çıxdı. Oğlan baxıb gördü ki, bu elə qəşəng balıqdır ki, adam sağ əlini kəsməyə qıyar, amma onun ölümünə qıymaz. Oğlan heyfsilənə-heyfsilənə istədi balığın başını kəssin. Birdən balıq dilə gəlib dedi:

- Ey oğlan, məni öldürmə, vaxt gələr sənə lazım olaram.

Oğlan fikrindən keçirdi ki, atamın gözü bəlkə heç açılmadı. Bu balıq ki dil açıb belə yalvardı, yaxşısı budur, onu buraxım. Oğlan balığı atdı dəryaya. Sonra üzünü balıqçılara tutub dedi:

- Əgər bu sirri bir adam açsa, başını bədənindən üzəcəyəm.

Balıqçılar and içdilər ki, bu sirri açmayacaqlar. Oğlan onların zəhmət haqqını verib yola saldı. Sonra qayıdıb atasının yanına gəldi və dedi:

- Ata, nə qədər axtardıqsa, xallı balığı tapa bilmədik.

Padşah bir söz demədi. Lənət mərdimazara, deyiblər, bir gün gəlib xəbər verdilər ki, ey padşah, sənin gözünün dərmanı olan xallı balığı balıqçılar tutmuşdular. Amma oğlun onu tordan açıb dəryaya buraxdı. Padşah bu sözü eşidən kimi əmr elədi ki, oğlunun boynu vurulsun. Vəzir, vəkil padşaha yalvardılar ki, bir qələtdi eləyib, oğlunu öldürmə. Padşah dedi:

- Yox, gərək ölsün. O mənim ölməyimi istəyir ki, taxt-tacıma sahib olsun.

Padşah yola gəlmirdi, axırda ağsaqqal, qarasaqqal yalvardılar ki, heç olmasa oğlunun ölümündən keç, sürgün elə. Padşah bir az yumşalıb onların sözünü eşitdi. Dedi ki, onda çıxıb torpağımdan getsin.

Padşah oğlu həmin gün yola düşdü. Ağ dəryanın qırağı ilə gedirdi, yolda bir oğlana rast gəldi. Oğlan soruşdu:

- Qardaş, hara belə?

Şahzadə cavab verdi:

- Heç özüm də bilmirəm. Baş götürüb gedirəm, ayağım hara, başım da ora.

Oğlan dedi:

- Elə mən də sənin kimiyəm. Gəl yoldaş olaq.

Padşah oğlu dedi:

- Yoldaş yox, lap gəl qardaş olaq.

Hər ikisi dostlaşıb başladılar yol getməyə. Bir az gedəndən sonra oğlana yolda rast gələn adam dedi:

- Qardaş, soruşmaq ayıb olmasın, nə peşənin sahibisən?

Padşah oğlu dedi:

- Heç bir peşəm yoxdur.

Oğlan dedi:

- Eybi yoxdur, mən yaxşı həkiməm. Şəhərləri, kəndləri gəzərik, nə qazansam, səninlə yarı bölərəm, dolanarıq.

Xeyli yol gedib bir şəhərə çatdılar. Həmin şəhərin padşahının bircə qızı var idi. Yeddi il idi ki, qızın dili tutulmuşdu. Padşah əhd eləyibmiş ki, hər kim qızımın dilini açsa, qızı ona ərə verəcəyəm, aça bilməsə boynunu vurduracağam. Qızı almaq həvəsinə düşən həkimlər hər gün gəlirdilər, heç bir əlac eləyə bilmirdilər.

Padşahın oğlu ilə həkim də gəlib həmin şəhərə çıxdılar. Gördülər bir adamı dar ağacından asıblar. Xəbər aldılar ki, bunu niyə asıblar? Adamlar dedilər:

- Padşahın bir qızı var, yeddi ildir ki, dili tutulub. Bu həkim gəlmişdi ki, onun dilini açsın. Aça bilməyib, padşah da asdırıb.

Həkim bu sözü eşidən kimi yoldaşını da götürüb getdi padşahın yanına. Ədəblə baş endirib dedi:

 - Mən gəlmişəm qızının dilini açım.

Padşah oğlanı xoşsifət götüb dedi:

- Ey cavan, indiyə kimi qırx həkim gəlib, heç biri qızımın dilini aça bilməyib, hamısını öldürtmüşəm. Yazıqsan, sənə heyfim gəlir. Aça bilməsən boynunu vurduraram.

Oğlan dedi:

- Padşah sağ olsun, mən o ölənlərdən artıq deyiləm ki, aça bilməsəm, öldürərsən. İzin ver, gedim qızının yanına.

Həkim yoldaşını da götürüb getdilər qızın yanına. Bu tərəfdən də padşah, vəzir, vəkil getdilər qızın evinə, başladılar xəlvətcə qulaq asmağa. Həkim qızın yanına girəndə ona heç bir söz demədi. Otaqda ləl-cəvahirata tutulmuş gözəl bir qızıl şamdan var idi. Üzünü şamdana tutub dedi:

- Salam, ay qızıl şamdan.

Bu həmin qızıl şamdan idi ki, qıza ölmüş anasından yadigar qalmışdı. Qız onu özündən artıq sevirdi. Anası öləndən sonra qız and içmişdi ki, yeddi il dinib-danışmayacaq. Ona görə də özünü lallığa vurmuşdu.

Həkim oğlan şamdana salam verəndən sonra dedi:

- Ey qızıl şamdan, bu gecə sənə qonağam. Bir nağıl söyləyəcəyəm, qulaq asıb cavab verərsən. Ay qızıl şamdan, günlərin bir günü bir dərzi, bir dülgər, bir həkim yoldaş olub yol gedirdilər. Bir qədər yol gedib meşədə axşamladılar. Gördülər yuxuları gəlir, fikirləşdilər ki, üçü də birdən yatsa gecə onları qurd-quş yeyər. Odur ki, növbə ilə yatmağı qərara aldılar. Çöp atdılar, ilk gözləmə növbəsi dülgərə düşdü. Əlinin qabiliyyətini göstərmək üçün o ülgüclə ağacdan bir qız düzəltdi. Gecədən bir xeyli keçdi. Gözləmə növbəsi dərziyə çatdı. Dərzi də əlinin qabiliyyətini göstərmək üçün bir dəst paltar tikib qızın əyninə geyindirdi. Səhərə yaxın növbə çəkmək həkimə düşdü. O da öz bacarığını göstərmək üçün ona dərman verib cana gətirdi. Səhər açıldı, dülgər dedi:

- Bu qızı ağacdan yonub əvvəlcə mən düzəltmişəm, odur ki, qız mənimdir.

Dərzi dedi:

- Paltarını mən tikmişəm, qız mənə düşür.

Həkim dedi:

- Ona canı mən vermişəm, mənim olmalıdır.

Qızın üstündə dava düşdü. İndi ay qızıl şamdan, söylə görüm o qız üç yoldaşın hansının olmalıdır?

Qızıl şamdandan cavab çıxmadı.

Oğlan dedi:

- Ay qızıl şamdan, cavab ver, yoxsa sənə bir ağac vuracağam ki, qırıq-qırıq olacaqsan.

Şamdan yenə cavab vermədi. Oğlan geri çəkilib şamdanı vurmaq istəyəndə qız dözə bilmədi, dilə gəlib dedi:

- Ay oğlan, şamdan da danışarmı? Ona dəymə, qoy mən deyim.

Oğlan dedi:

- De görüm, düzmü tapacaqsan?

Qız dedi:

- Dülgər zəhmət çəkib dülgərlik haqqını, dərzi də paltar haqqını alsın.

Qıza can verən həkimdir, canı pulla satın almaq olmaz. Deməli, qız həkimin olmalıdır.

Padşah, vəzir, vəkil, qapıdan qızın danışdığını eşitdilər. İçəri girib oğlandan razılıq elədilər. Padşah öz əhdini yerinə yetirib çoxlu cehiz, qul-qaravaşla qızını verdi oğlana. Həkim qızı götürüb dostu padşah oğluyla bərabər gəldilər həmən dəryanın qırağına ki, orada dost olmuşdular. Bu yerlərdən keçəndə qız dedi:

- Ey həkim, siz böyük bir hiylə ilə məni danışdırıb əhdimi pozdunuz, mən bilmək istəyirəm görüm, siz kimsiniz, məni hara aparırsınız?

Həkim dedi:

- Mən balıqlar padşahının oğluyam. Hər dona girməyi bacarıram. Bir gün mən bu Ağ dəryada üzürdüm. Balıqçılar məni tora salıb tutdular. Mənim qanım padşahın gözünə dərman idi. Bu oğlan məni öldürməyib salamat buraxdı. İndi mən səni cehizli, qul-qaravaşlı bağışladım bu oğlana. Bu gündən sən mənim bacım, padşah oğlu da yeznəmdi. Nə vaxt sizə lazım olsa, gəlib Ağ dəryanın qırağında məni səslərsiniz.

Oğlan bunu deyib qanından bir az şüşəyə tökdü, verdi padşah oğluna, dedi:

- Apar atanın gözünə sürt, yaxşı olsun.

Həkim təzədən onlarla vidalaşıb balığa döndü, özünü dəryaya vurub gözdən itdi.

Padşah oğlu qızı götürüb gəldi atasının şəhərinə. Ata-anası ilə öpüşüb-görüşdü. Balığın qanından atasının gözlərinə sürtdü. Padşahın gözləri açıldı.

Padşah böyük bir məclis düzəldib şəhəri bəzətdi, oğlunu qırmızı geyindirib öz yerinə taxta çıxartdı. Qırx gün, qırx gecə oğluna toy elədi. Onlar xoş gün görüb, ömür keçirdilər. Siz də ömrünüzü xoş günə calayasınız.





Balalar-Az.Com

Yüklə 31,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə