Dəryadan bir damla1



Yüklə 1,68 Mb.
səhifə4/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   ...   20

Müqavilələrə əməl etmək

Onun hökumət xarakterlərindən başqa birisi əhdə vəfalı olması idi. O heç zaman əhdini pozmadı. Qüreyş onunla əhdini pozdu, amma o pozmadı. Yəhudilər dəfələrlə əhdi pozdular, o isə pozmadı.110

Bu hadisələrin heç birində Peyğəmbər əhdini pozmadı. Hətta İslam düşmənləri də qəbul edirlər ki, Peyğəmbər bu məsələlərdə heç bir müqaviləni pozmadı. Müqaviləni pozan onlar idilər.

O, xalqla və digərləri ilə, hətta düşmənlərlə və Məkkə müşrikləri ilə bağladığı heç bir müqaviləni pozmadı. Onlar pozdular və Peyğəmbər qətiyyətlə cavablarını verdi. Hamı bilirdi ki, bu şəxsin müqaviləsinə güvənmək olar.111


İslam dövləti

Əziz Peyğəmbər Mədinəyə təşrif buyuran kimi dövlət qurdu. Dövlət nə deməkdir? Yəni bir küncə çəkilib demədi ki, kimin sualı varsa, gəlib azad şəkildə soruşsun, daha maneçilik törədən Qüreyş kafirləri yoxdur. Yaxud məsələn, kim namaz öyrənmək istəyirsə, gedib filankəsdən, yaxud bizdən öyrənsin. Əvvəlcə bir dövlət qurdu. İslamın birinci işi budur. Sonra da dərhal qüdrətli dövlət işlərinə başladı: vuruşmaq, mübarizə aparmaq, sonra yavaş-yavaş o tərəf-bu tərəfə məktub yazmaq və digər işləri həll etmək. Belə açıq və konkret nümunə qarşısında İslamda din və siyasətin ayrı olduğunu kim söyləyə bilər?!112

Allahın peyğəmbərləri yalnız Allahın izni ilə itaət olunsunlar deyə gəldilər.113 Peyğəmbər gəldi ki, xalq ona itaət göstərsin. Peyğəmbər gəlmədi ki, şəriət məsələsi deyən bir adam kimi oturub üç-dörd şəriət hökmü desin; bəziləri qulaq assınlar, bəziləri də qulaq asmasınlar. Həmin ilahi düşüncənin təsbiti yolunda müharibə də baş verdi: "Neçə-neçə peyğəmbər çoxlu allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar".114 Çoxlu allahpərəstlə birlikdə vuruşan neçə peyğəmbər tanıyırsınız? Olublar, lakin biz tanımırıq və xəbərimiz yoxdur. Əziz İslam peyğəmbəri Mədinəyə daxil olandan və İslam dövləti qurandan öz proqramına saldığı ilk məsələlərdən biri hakimiyyətini aşkar etmək idi. Yəni Peyğəmbər oraya daxil olanda hakim kimi daxil oldu. Halbuki xalq onu hakimiyyət üçün dəvət etməmişdi. Dəvət etmişdilər ki, onun dinini qəbul etsinlər. Peyğəmbərin istədiyi dövlətin əsası məhəbbət, əqidə və imandır. Belə bir dövlət ən üstün və ən qüdrətli dövlət olar. Peyğəmbər xalqa arxalanmaqla Mədinə ətrafında təhlükəsizlik hasarı yaratdı. Bilirsiniz ki, o zaman insan öldürmək və qarət etmək ərəb qəbilələri üçün asan işlərdən idi. Peyğəmbər birinci ildən başladı; əvvəlcə özünün iştirak etmədiyi, sonra isə iştirak etdiyi döyüşlər aparmaq və bu hərəkətə qarşı laqeydlik, yaxud qorxu göstərənləri qınamaq: "(Ey Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi".115 Bir gün onlara demişlər ki, əliniz-ayağınız xəta etməsin. Harada? Məkkədə. O zaman "əllərinizi saxlayın" günü idi. Lakin bu gün Mədinəyə gəlib dövlət qurduğunuzda bütün qüvvələriniz, o cümlədən qolunuzun qüdrəti, döyüş imkanları və fədakarlıqlarınız İslam hakimiyyətini gücləndirmək üçün işlənməlidir. İslam hakimiyyəti İslamın uca təlimlərindəndir.116
Müsəlmanların mənafeyi yolunda ciddi səy

Bunlar o həzrətin hökumət əxlaqıdır: düşmənin şübhələri qarşısında sayıq, möminlər qarşısında təvazökar, Allahın əmri qarşısında müti, həqiqi mənada bəndə, müsəlmanların mənafeyi naminə fəaliyyətə hazır. Bu, o həzrətin şəxsiyyətinin xülasəsidir.117

"Sizi cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran hər bir işə dəvət etdim"118. Əziz Peyğəmbər insanı və cəmiyyəti səadətə çatdıran hər bir şeyi bəyan etdi; təkcə bəyan yox, hətta onlara əməl və onları icra etdi. Peyğəmbər zamanında İslam dövləti və İslam cəmiyyəti quruldu, İslam iqtisadiyyatı icra olundu, İslam cihadı bərpa olundu və İslam zəkatı alındı. Bu quruluşun mühəndisi və bu qatarın lokomotivi əziz Peyğəmbər və onun yerində oturan şəxsdir.119
Çətinliklərə dözüm

Böyük Peyğəmbərin özünün ixlaslı dostları ilə on üç il bütün çətinliklərə dözdüyü və İslam ağacının kök salması üçün əziyyətlər çəkdiyi yer bura idi. Məhz burada - Əbu Talib dərəsində müsibətli illərdən, Bilal, Əmmar Yasir, Süməyyə, Abdullah ibn Məsud və digər dostlarının işgəncəsindən, Allah rəsulunun Məkkə və Taif qəbilələri arasında uzun, məşəqqətli və nəticəsiz yürüşlərindən sonra Yəsrib əhalisinin Əqəbə beyəti baş tutdu, Peyğəmbər şəhərinə səmərəli hicrət başladı və İslam dövləti quruldu.120

...Peyğəmbəri hər tərəfdən çoxlu təhdidlər əhatə etdi. Bəzi adamlar nigaran olur, bəziləri qorxur, bəziləri deyinir, bəziləri Peyğəmbəri mülayimliyə və sazişə həvəsləndirirdilər. Amma Peyğəmbər bu dəvət və cihad səhnəsində bir an zəiflik göstərmədi və qüdrətlə İslam cəmiyyətini ucalıq və iqtidarın zirvəsinə çatdırdı. Həmin cəmiyyət Peyğəmbərin döyüş və dəvət sahələrində müqaviməti sayəsində sonrakı illərdə dünyanın birinci qüvvəsinə çevrilə bildi.121
Cəmiyyətdə nizam-intizam yaratmaq

Onun ictimai və hərbi idarəçiliyi yüksək səviyyədə idi. Bütün işlərə baş çəkirdi. Düzdür, cəmiyyət kiçik idi; Mədinə və onun ətrafından, sonra da Məkkədən və bir-iki başqa şəhərdən ibarət idi. Amma xalqın işinə diqqət yetirir, nizam-intizama salır və qayda-qanuna əməl edirdi. O, bədəvi cəmiyyətdə idarəçiliyi, qayda-qanunu, həvəsləndirmə və tənbehi dəb saldı. Bu bizim hamımıza, dövlət məmurlarına və bütün xalqa örnək olmalıdır.122


Xalq arasında ədalətin yaranmasına səy

İslam dəvətində başqa bir məsələ insanlar arasında ədaləti bərqərar etməkdən ibarətdir. Cahiliyyət quruluşu zülmə əsaslanırdı. Zülm adi bir ənənəyə çevrilmişdi. İslam onun əksini gətirdi, ədaləti bərqərar etməyi tapşırdı: "Həqiqətən, Allah ədalət və ehsana əmr edir".123 Bu, İslam cəmiyyətinin xüsusiyyətlərindən biridir. Ədalət yalnız şüar deyil, İslam cəmiyyəti ədalət üçün çalışmalı və onu təmin etməlidir. Əgər dünyada biri ədalətli, biri isə zalım olan iki qeyri-islami yer olsa, dinimiz ədalətli olanı üstün tutar. Əziz Peyğəmbərin özü mühacirləri Həbəşəyə - ədalətli olan kafir bir padşaha sığınmağa göndərdi. Başqa sözlə desək, zülmə məruz qalan xalqı yaşadığı yerdən uzaqlaşdırdı.124

"İnsanlar ədaləti bərpa etsinlər!"125 Bunun qısa mənası odur ki, insanlar ədalətli bir mühitdə, ədalətli cəmiyyət və quruluşda yaşasınlar. Ümumiyyətlə, Peyğəmbər bunun üçün gəlmişdir; gəlmişdir ki, ədalətli dünya, ədalətli cəmiyyət və quruluş qursun. Ədalətli quruluşda insanlar təkamül və inkişaf imkanı əldə edirlər. "İnsanlar ədaləti bərpa etsinlər!" Ardınca buyurur: "Və dəmiri nazil etdik".126 Təkcə danışmaq, moizə etmək və xalqa "gəlin ədalətli quruluş yaradaq" deməyimiz kifayətdir?! Fərz edək, insanlar ədalətli quruluş qurdular. Məgər canavar, oğru və yırtıcılar bu ədalətli quruluşu yaşamağa qoyarlar?! Odur ki, “dəmiri göndərdik”. Nə üçün dəmir göndərdik? Ona görə ki, dəmir vasitəsilə prinsipial dəyərlər müdafiə olunsun. Hədis kitablarına müraciət etdikdə görürük ki, imam "Və dəmiri nazil etdik" ayəsinə çatdıqda deyir: "silah"; xəncər, nizə - dəmir silahlar. Allah-Taala Peyğəmbərin dəvətinin kənarında silahı xatırladır. Peyğəmbərlərə vacib olan moizənin, tövhid və ilahi quruluş ideyasınn kənarında silahdan və gücdən danışır.127
Xalqla mehriban rəftar

İnsanlar on il gecə-gündüz onunla yaşadılar, evinə getdilər, evlərinə gəldi; məsciddə bir yerdə idilər, birgə yol getdilər, birgə səfərə çıxdılar, birgə aclıq çəkdilər, birgə sevindilər... Məkkənin fəthində Əbu Süfyan Peyğəmbərin əmisi Abbasın köməyi ilə gizli şəkildə müsəlmanların düşərgəsində gəzdiyində və səhər çağı insanların Peyğəmbərin dəstəmaz suyunu bir-birindən tez götürməyə çalışıb baş və üzlərinə sürtdüklərini gördükdə Abbasa dedi ki, təəccüblüdür, mən Kəsra və Qeysəri - İran padşahını və Roma imperatorunu görmüşəm, amma onların heç birində sənin qardaşın oğlunun əzəmətini müşahidə etməmişəm.128

Peyğəmbərin həyatının ikinci səhnəsi o həzrətin xalqla rəftarı idi. Heç zaman xalqla olmaq, xalqa sevgi göstərmək və xalqın arasında ədaləti bərqərar etmək işini unutmadı. Xalq kimi yaşadı, xalqla oturub-durdu. Qullarla və cəmiyyətin aşağı təbəqələri ilə dostluq edirdi, onlarla yeyirdi, otururdu, onlara məhəbbət göstərirdi. Hakimiyyət və ümumi sərvət onu dəyişdirmədi. Çətin dövrdə və çətinliyin aradan qalxdığı zaman rəftarı fərqlənmədi. Hər bir halda xalqla və xalqdan idi, xalqa şəfqət göstərirdi və ədalət uğrunda çalışırdı.129
Vilayət dəvəti

Qədir-Xum günündə tanıtdırılan şəxs - yəni təqvalıların mövlası olan Əmirəlmöminin hər iki vilayət sahəsində örnək və dəyərli şəxsiyyətdir: həm öz nəfsinə vilayətdə, nəfsini cilovlamaqda - bu əsas sahədir - həm də siyasi vilayətdə. O, tarixdə nümunədir. Kim ilahi vilayəti tanımaq istəyirsə, ən bariz nümunəsi odur. Bu gün biz bu iki vilayət sahəsində həqiqətən, çalışıb işləməliyik. Bizim mövlamız və sevimlimiz Əli ibn Əbu Talib bu sahələrdə parlayıb, onun sözlərinin hər kəlməsi, hərəkətlərinin hər biri hər kəs üçün dərs ola bilər.

Vilayət məsələsində iki əsas mərhələ var:

Biri insani nəfs mərhələsidir. Yəni insan ilahi iradəni öz nəfsinə hakim və nəfsini Allah vilayətinə daxil etsin. Bu, ilk və əsas addımdır. Bu olmayınca ikinci addım da həyata keçməz.

İkinci cəhət və mərhələ budur ki, ictimai həyatı Allah vilayətinə daxil etsin. Yəni cəmiyyət ilahi hakimiyyətlə hərəkət etsin və heç bir hakimiyyət - pulun, tayfa və qəbilənin, gücün, yanlış adət-ənənələrin hakimiyyəti Allah vilayətinə mane ola və onunla qarşı-qarşıya dayana bilməsin.130

Əziz İslam Peyğəmbəri Allahın əmrinə itaət edərək Quranın açıq ayələrinə əməl etməkdən ötrü ən üstün vaciblərdən birini yerinə yetirdi: "Əgər bunu etməsən, (Allahın) risalətini çatdırmamısan"131. Əmirəlmömininin vilayət və xilafətə təyin edilməsi o qədər əhəmiyyətlidir ki, bunu etməsən, öz missiyanı yerinə yetirməmisən. Yaxud məqsəd budur ki, bu məsələyə aid tapşırığını yerinə yetirməmisən. Çünki Allah-Taala "bu işi gör" deyə əmr etmişdir. Yaxud bundan üstündür; yəni bu işi görməməklə bütün peyğəmbərlik missiyası xələl görür və bünövrədən məhv olur, sanki risalətin özü təbliğ olunmamışdır. Bu ehtimal var. Bu zaman məsələ çox mühüm olur, yəni hakimiyyət, vilayət və ölkə idarəçiliyi dinin əsasındandır və Peyğəmbər bu missiyasını xalqın gözü qarşısında elə yerinə yetirir ki, bəlkə heç bir vacibi belə çatdırmamışdır; nə namazı, nə zəkatı, nə orucu, nə də cihadı.132


Allah qanununa itaət

O, qayda-qanunun keçikçisi idi, istər özünün, istər digərlərinin qanunu pozmasına imkan vermirdi. Özü də qanunlara tabe olurdu. Quran ayələri bunu söyləyir. Xalqın əməl etməli olduğu qanunlara o həzrətin özü də dəqiqliklə əməl edirdi və qanunun pozulmasına icazə vermirdi. Bəni-Qüreyzə döyüşündə qarşı tərəfin kişilərini tutub xainləri qətlə yetirdilər, qalanlarını isə əsir götürdülər. Bəni-Qüreyzənin mal və sərvətlərini görəndə möminlərin analarından bir neçəsi – Zeynəb bint Cəhş, Aişə və Həfsə Peyğəmbərə dedilər ki, ey Allahın rəsulu, bu qızılların bir qədərini də bizə ver. Peyğəmbər xanımlarını sevməsinə, onlarla çox yaxşı rəftar etməsinə baxmayaraq, bu istəyə əməl etmədi. Peyğəmbər o sərvətlərdən həyat yoldaşlarına versəydi də, müsəlmanlar etiraz etməzdilər, amma bunu etmədi. Çox israr etdiklərində isə onlardan uzaqlaşdı. Bu gözləntilərinə görə bir ay onlardan uzaqlaşdı. Sonra Əhzab surəsinin şərafətli ayələri nazil oldu: "Ey Peyğəmbərin xanımları! Siz (başqa) qadınların heç biri kimi deyilsiniz";133 "Ey Peyğəmbər! Xanımlarına belə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır".134 Peyğəmbər buyurdu ki, mənimlə yaşamaq istəyirsinizsə, mənim yaşayışım sadədir və qanundan yayınmaq mümkün deyil.135


Düşməni tanımaq

O, düşmənləri eyni bilmirdi. Peyğəmbərin həyatının mühüm məqamlarından biri budur. Bəzi düşmənlərin ədavəti dərin idi, amma əsas təhlükə olmadıqlarını gördükdə Peyğəmbərin onlarla işi olmazdı və sərt davranmazdı. Bəziləri də təhlükəli idilər, amma Peyğəmbər onlara nəzarət edirdi. Misal üçün, Abdullah ibn Übəy belə idi. Bir nömrəli münafiq olan Abdullah ibn Übəy Peyğəmbərin əleyhinə gizli təxribat da aparırdı. Lakin Peyğəmbər onu yalnız nəzarətdə saxlayırdı, onunla işi yox idi. Peyğəmbərin vəfatından bir qədər öncəyə qədər sağ idi və Peyğəmbər ona dözürdü. Bunlar elə düşmənlər idilər ki, İslam quruluşu və İslam cəmiyyəti onlar tərəfindən ciddi təhdid olunmurdu. Amma Peyğəmbər (real) təhlükəli düşmənlərə qarşı çox sərt idi. Həmin mehriban, rəhmli adam, əfv edən və bağışlayan insan bir neçə yüz nəfərdən ibarət Bəni-Qüreyzə xainlərini bir gündə qətlə yetirmək, Bəni-Nəzir və Bəni-Qəyn-Qa qəbilələrini qovmaq və Xeybəri fəth etmək əmrini verdi. Çünki bunlar təhlükəli düşmənlər idilər. Peyğəmbər Məkkəyə gəlişinin əvvəlində onlara çox mehribanlıq göstərmişdi. Onlar isə qarşılığında xəyanət etdilər, arxadan xəncər vurdular, təxribat apardılar və təhdid etdilər. Peyğəmbər Abdullah ibn Übəyə, Mədinənin daxilindəki yəhudiyə, ona sığınan, yaxud hər hansı ziyansız qüreyşliyə dözürdü, Məkkəni fəth edəndə, daha Qüreyş tərəfindən təhlükə duymayanda hətta Əbu Süfyana və digərlərinə nəvaziş də göstərdi, amma bu qəddar, təhlükəli və etimadsız düşməni məhv etdi.136

İslam bizə məhəbbəti, keçinməyi, mərhəməti, göz yummağı, təkcə dostu yox, hətta düşməni də bağışlamağı əmr etmişdir. Bizim dostumuz özümüzdəndir. Dostlara sevgi göstərsək, böyük iş görməmişik, lakin düşmənə sevgi əxlaqi cəhətdən və İslam baxımından dəyər sayılır və biz bu dəyəri yaşatmaq istəyirik.137

Düşməni tanımaq o bilgilərin hamısının nəticəsidir, onları tamamlayır və təkmil edir. O olmasa, müsəlmanın qəlbi və beyni oğrudan, xaindən və soyğunçudan qorunmayan hasarsız bir xəzinə olar. Həcdə şeytanı daşlamaq əməli düşməni tanımağın və düşmənlə mübarizənin simvoludur. Əziz İslam Peyğəmbəri bəraət azanını həcdə ucaltdı, bəraət ayələrini möminlərin əmirinin dili ilə həcc mərasimində tilavət etdi. Əgər İslam və İslam ümməti nə zamansa qəddar düşmənlərdən qurtulsa və belə bir şey mümkün olsa, bəraət də fəlsəfəsiz olar. Lakin düşmənlər və qarşıdurmalar varsa, düşməni unutmaq və bəraətə biganə yanaşmaq böyük bir səhvdir.138


Düşmən qarşısında dəqiq siyasi iş

Onun qətiyyəti və səlisliyi vardı. Peyğəmbər heç zaman ikibaşlı danışmadı. Əlbəttə, düşmənlə qarşılaşdıqda dəqiq siyasi iş görür və düşməni çaşdırırdı. Peyğəmbər çoxlu yerlərdə, hərbi və siyasi məsələlərdə düşməni çaşdırmışdır. Lakin möminlərlə və öz xalqı ilə həmişə açıq, şəffaf və aydın danışardı, lazım olan yerdə yumşaqlıq göstərərdi.139

Peyğəmbər ümrə ziyarəti məqsədilə Məkkəyə sarı hərəkət etdi. Onlar gördülər ki, Peyğəmbər haram (hörmətli) ayda - bu ayda müharibə olmurdu və onlar da bu ayların hörmətini saxlayırdılar - Məkkəyə sarı gəlməkdədir. Nə etsinlər? Yolu açsınlar və gəlsin? Onun qarşısını necə alsınlar? Haram ayda gedib onunla vuruşsunlarmı? Necə vuruşsunlar? Nəhayət, qərara gəldilər ki, gedəcəyik və onu Məkkəyə gəlməyə qoymayacağıq. Əgər bəhanə tapsaq, hamısını qırarıq. Peyğəmbər çox yüksək tədbirlə elə etdi ki, onlar oturub Peyğəmbərlə onun qayıtmasına, lakin növbəti ildə gəlib ümrə ziyarətini yerinə yetirməsinə dair müqavilə imzaladılar. Bununla bütün bölgədə İslam təbliğatına münbit şərait yarandı. Adı sülhdür, amma Allah-Taala Quranda buyurur: "Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik".140 İnsan mötəbər tarixi qaynaqlara müraciət etsə, Hüdeybiyyə hadisəsinin nə qədər möhtəşəm olduğunu görər. Növbəti ildə Peyğəmbər ümrə ziyarətinə getdi və onların iradəsinin əksinə olaraq, hörməti günü-gündən artdı. Sonrakı il, yəni kafirlərin müqaviləni pozduğu səkkizinci ildə Peyğəmbər gedib Məkkəni fəth etdi. Bu, Peyğəmbərin iqtidarından xəbər verən böyük zəfər idi. Buna əsasən, Peyğəmbər bu düşmənlə də siyasətlə, qüdrətlə, səbir və hövsələ ilə, özünü itirmədən və bir addım geri çəkilmədən rəftar etdi; günbəgün və anbaan irəlilədi.141
Vəfadarlıq və qədirbilənlik ab-havası yaratmaq

Bir hədisdə gördüm ki, Həbəşə padşahı Nəcaşi tərəfindən Mədinəyə əziz Peyğəmbərin yanına bir heyət gəldi. Yəqin ki, padşahın sözünü gətirmişdilər. Bu, dövlətlər arasında normal haldır. Nəcaşi Həbəşənin padşahı idi. O zaman dünyanın müxtəlif kral və şahlarının çoxusu kimi o da məsihi və qeyri-müsəlman idi. Həbəşədən gələn heyət Peyğəmbərin yanına gəldikdə onun özü ayağa qalxıb onlara qulluq etməyə başladı. Səhabələr dedilər ki, ey Allahın rəsulu, biz buradayıq, icazə verin biz qulluq edək. Buyurdu ki, xeyr, müsəlmanlar Həbəşəyə hicrət edəndə onların padşahı müsəlmanlara çox hörmət etdi, mən də əvəzini çıxmaq istəyirəm. Qədirbilənlik budur.

...Peyğəmbər Qüreyş kafirləri ilə çoxlu döyüşlərə girsə, Bizans imperatoruna qarşı - o zaman Şam və Fələstin zonası Bizansa tabe idi - bir neçə müharibə aparsa, Yərmuk, Mutə və Təbuk döyüşlərində iştirak etsə də, heç zaman Həbəşəyə ordu yeritmədi və o tərəfə getmədi.

Bunu da əlavə edək ki, Peyğəmbər İslamı qəbul etməyən hər bir padşahla vuruşmurdu. Hər halda, Peyğəmbərin hakimiyyəti dövründə Nəcaşiyə hörmət və qədirbilənlik daim mövcud olmuşdur.

...İslam hakimiyyəti dövründə bir qadın Mədinəyə Peyğəmbəri görməyə gəldi. Səhabələr gördülər ki, Peyğəmbər bu qadına çox hörmət edir, özünün və ailəsinin əhvalını soruşur, onunla çox səmimi davranır. O gedəndən sonra Peyğəmbər səhabələrin təəccübünü görüb buyurdu ki, bu qadın Xədicənin vaxtında - Məkkənin qorxu və şiddət çağında bizim evimizə get-gəl edirdi. Yəqin ki, hamının Peyğəmbərin tərəfdarlarını muhasirəyə aldığı və Peyğəmbərin əziz həyat yoldaşı həzrət Xədicənin yanına heç kimin gəlmədiyi zaman bu xanım Xədicə ilə get-gəl edirmiş. Rəvayətdə də göstərilmir ki, bu qadın müsəlman olmuşdur, yoxsa yox. Güman ki, hələ müsəlman da olmamışdı, amma keçmişdə belə bir iş gördüyündən, belə səmimiyyət və sevgi göstərdiyindən, Peyğəmbərimiz illər sonra ona belə minnətdarlıq bildirmişdir.142
Savadlandırma

Bu yerlər, yəni Məkkə və Mədinə vəhy mərkəzidir, iman və ilahi ayələrə əməl sayəsində xarlıqdan qurtulmağı bacarıb öz insani azadlıqlarını təmin edən, bəşəriyyətin azadlığı, o dövrün qızıl və güc imperatorluqlarından xilası bayrağını ucaldan, Qurandan qaynaqlanan bilginin işığı ilə bəşər elminin güclü mərkəzini yaradan, əsrlərlə bəşər elminin uca kürsüsündə oturub səxavətlə bütün bəşəriyyətə öyrədən, uzun əsrlər boyu ən qiymətli elmi əsərləri yaradan, öz elmi, siyasəti və mədəniyyəti ilə bəşəriyyətin taleyini yazan müqavimətli mömin topluma ilahi bərəkətlərin nazil olduğu yerdir. Bunların hamısı İslamın xalis təlimlərinin, Peyğəmbər dövründə və erkən İslam çağının bir dönəmində mövcud olan ilahi dövlətin faydalarındandır; xəbis şah rejimlərinin hökmranlığına və tövhiddən dönüşə rəğmən, yenə də öz səmərələrini müsəlmanlara daddırır, onları və bütün bəşəriyyəti bəhrələndirir.143


Cəmiyyətdə iş və əməyə şərait yaratmaq

Təlim-tərbiyə, istehsal və əməklə bağlı günlərdə əziz Peyğəmbərin adını çəkmək, onu xatırlamaq lazımdır. Çünki o həzrət bəşərin müəllimi, təlim-tərbiyə, əmək və fəaliyyət bayraqdarı idi.144


Mənəviyyata nail olmaq üçün maddiyyata diqqət

İnsanın uca məqsədi təkcə qarnını doyurmaq deyil. Bu, bir heyvanın özünə məqsəd seçəcəyi ən kiçik məsələdir. İnsan üçün uca məqsəd haqqa qovuşmaqdan, Allah-Taalaya yaxınlaşmaqdan və ilahi əxlaqa yiyələnməkdən ibarətdir. Belə bir məqsədə çatmaq üçün insana maddi və mənəvi vasitələr lazımdır. Qida lazımdır, lakin məqsədə sarı hərəkət etməsi üçün. Rahat yaşayış bəşər üçün lazım və zəruridir. İslam öz qanun-qaydaları ilə insanları rifaha və asayişə sarı aparır. Lakin bu asayiş öz-özlüyündə məqsəd deyil.145


Qardaşlıq və əməkdaşlıq

Peyğəmbərin bəlkə də Mədinəyə daxil olduğu ilk aylarda gördüyü işlərdən biri müsəlmanlar arasında qardaşlıq yaratmaq idi. O, müsəlmanları bir-birilə qardaş etdi. İslamda qardaşlıq məsələsi kompliment deyil. Müsəlmanlar həqiqətən, bir-birinə qarşı qardaşlıq haqqına malikdirlər, bir-birinə borcludurlar; doğma qardaşların bir-birinə qarşı öhdəliyi olduğu və qarşılıqlı hüquqlara əməl etməli olduqları kimi. Peyğəmbər bunu həyata keçirdi.146


Xalqın yaşayışını İslam dəyərləri ilə birləşdirmək

İslam Peyğəmbəri cəmiyyətdə İslam dəyərlərinin və əxlaqın tam oturuşması, xalqın ruhu, etiqadları və həyatı ilə birləşməsi üçün mühiti İslam dəyərlərinə boyayırdı.147


Mühitin sağlamlaşdırılması

Nikbinliyi yaymaq və bədbinliyi aradan qaldırmaq

Peyğəmbər xalqa buyurdu ki, səhabələrim barədə heç kəs mənə bir söz deməsin. Buyurdu ki, daim yanıma gəlib bir-birinizi pisləməyin, mən istəyirəm xalqın arasına çıxdıqda və öz sahəbələrimin yanına getdikdə "sağlam qəlbli" olum. Yəni təmiz, pak və heç bir bədbinlik olmadan müsəlmanların arasına çıxım.

Bu, Peyğəmbərin bir sözü və müsəlmanlar barədə ona olunan bir əmrdir. Görün bircə bu rəftar İslam cəmiyyətində səmimiliyə və nikbinliyə nə qədər kömək edir. Hədislərdə deyilir ki, hakimiyyət şər və fəsadlı olduqda hər şeyə bədgüman olun, xeyir və məsləhətlə olduqda isə bədgümanlığı buraxın, bir-birinizə nikbin yanaşın, bir-birinizin sözlərini qəbul edin, dinləyin, bir-birinizin pisliklərini görməyin və yaxşılıqlarını yadda saxlayın.

Bəzi müsəlmanların Peyğəmbərin yanına gəlib qulağına bəzi sözlər deməsi, pıçıldaması adət olmuşdu. Şərafətli ayə nazil olub xalqın Peyğəmbərlə gizli və pıçıltılı danışıqlarını qadağan etdi; çünki bu digər müsəlmanlarda bədgümanlıq yaradırdı.148


Şayiəyə qarşı mübarizə

Bu barədə çox mühüm bir xatirə var. Mən dəfələrlə bu barədə düşünmüşəm. Bu, “İfk” hadisəsidir. Mübarək Nur surəsində bu hadisəyə aid bir neçə ayə var. Qısası budur ki, döyüşlərin birində Peyğəmərin həyat yoldaşlarından biri karvandan geri qalmışdı. Peyğəmbər o yoldaşını müharibəyə aparmışdı, qayıtdıqda gördülər ki, yoxdur. İndi hər hansı səbəbə görə - ya yuxuya qalmışdı, ya bir iş dalınca getmişdi; hər halda, müsəlmanlar gəldikdə gördülər ki, Peyğəmbərin həyat yoldaşı onların arasında deyil. Müsəlmanlardan biri peyda olub Peyğəmbərin həyat yoldaşını Mədinəyə gətirdi.

...Söhbət bundan getmir ki, o, Peyğəmbərin xanımıdır və ona hörmət etmək lazımdır. Quran ayələrində məsələ başqa bir şeydir. Nur surəsinin İfk - yəni münafiqlərin, bədxahların və sağlam olmayan insanların cəmiyyətdə yaydığı yalan barədə ayələri çox həssaslıq nümayiş etdirir. Ardıcıl olaraq bir neçə ayədə çox sərt tonla müsəlmanlara söylənir ki, bu şayiəni eşidəndə nə üçün onu deyənə sərt reaksiya vermədiniz. Ayələrin məzmunu budur: nə üçün bu şayiəni qətiyyətlə rədd etmədiniz?

...Bu ayədə149 iki yerdə “ləu la” ilə başlayan cümlə var. Ərəb qrammatikasını bilənlər anlayırlar ki, çox kəskin şəkildə qınamaq istəyən insan bu sözü deyir: nə üçün bu işi gördünüz?! “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişi və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?!“ Nə üçün siz müsəlmanlar - mömin kişi və qadınlar bu şayiəni eşitdiniz, bir-birinizə yaxşı güman göstərmədiniz və qətiyyətlə demədiniz ki, bu, yalandır?! Başqa bir yerdə buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?!“ Nə üçün bu şayiəni eşitdikdə demədiniz ki, bizim bu şayiəni təkrarlamağa haqqımız yoxdur, bu, böyük bir böhtandır?! Mənim fikrimcə, bu, İslam tarixində və Peyğəmbər dövründə baş verən böyük hadisədir. Bununla İslam cəmiyyətində insanların şəxsi məsələlərinə dair şayiə yaymağın, bir-biri haqda mənfi fikir formalaşdırmağın və mühiti korlamağın kökü kəsildi.150


Nifrət, kin və ədavətin aradan qaldırılması

Əziz Peyğəmbər İslam cəmiyyətində azca kin, ədavət və düşmənçiliyin olmasını da istəmir, xalq arasında sevgi və səmimilik yaratmağa çalışırdı. Hətta İslamın dairəsi genişləndikdə və Peyğəmbər Məkkəni tutduqda da şəhərin əhalisini əfv etdi. Məkkə əhalisi Peyğəmbəri öz şəhərindən qovanlar idilər. Peyğəmbər onlara görə on üç il narahatlıq və əziyyət çəkmiş, onlarla bir neçə müharibə aparmışdı. Nə qədər müsəlman öldürmüşdülər və qarşılığında müsəlmanlar da onlardan öldürmüşdülər. Əgər onlar bu vəziyyətdə Allah rəsulunun qalib ordusuna ev sahibliyi etməli olsaydılar, onların arasında uzun illər sülh olmayacaqdı. Buna görə Peyğəmbər Məkkəyə daxil olan kimi ümumi əfv elan etdi, Qüreyşi bağışladı və mövzu bağlandı.

...İslam cəmiyyəti belə olmalıdır. Bu, əziz İslam Peyğəmbərinin üsul, təlim və təşəbbüslərinin nəticəsidir.151
Mehriban mühit yaratmaq

Müsəlmanlar arasında əməkdaşlıq, həmdərdlik, qayğıkeşlik və qarşılıqlı sevgi yaratmaq əziz Peyğəmbərin böyük uğurlarından biri idi. O həzrət yaşadığı və bacardığı qədər İslam cəmiyyətində müsəlmanların hətta bir dəfə də kiməsə qarşı nifrət, kin və ədavət bəsləməsinə qoymurdu. Peyğəmbər öz hikməti və səbri ilə həqiqətən, şirin, sağlam və sevimli bir mühit yaratmışdı.

Əziz Peyğəmbərin işlərindən biri cəmiyyəti mehriban, sevgi və məhəbbət dolu bir mühitə çevirmək idi. Belə ki, bütün insanlar bir-birinə sevgi bəsləsinlər, xoş niyyətdə və nikbin olsunlar.152

Quran Peyğəmbərin səhabələri haqda buyurur ki, bunlar kafirlərə, yəni düşmənlərə qarşı sərtdirlər. “Kafirlər” sözündə məqsəd Peyğəmbərin sayəsində Mədinədə yaşayan yəhudi, yaxud məsihilər deyil. O zaman məsihi və yəhudilər Mədinə daxilində yaşayırdılar, Peyğəmbər və səhabələri onlarla yaxşı münasibətdə idilər. Bu ayə onlardan ötrü deyilmir. Sərtlik ayəsi İslam və müsəlman Mədinəsi əleyhinə həmişə hərbi fəaliyyətlərdə olan Qüreyş kafirlərinə, ya da Bəni-Qüreyzə, Xeybər və bu kimi yerlərin yəhudilərinə deyilir. Onlar da həmişə ziyan vurmaqla məşğul idilər: o tərəf-bu tərəfə səfər edir, müxtəlif qrupları İslam əleyhinə toplayır, ordu yığır, təhrik edir, şayiə yayırdılar. Ayə görkəmdə müsəlman, əslində isə kafir olub Mədinə daxilində yaşayanlara da aid ola bilər. Onlar da həmişə ya birinci, ya da ikinci qrup kafirlərlə əlaqədə idilər. “Kafirlərə qarşı sərt” dedikdə bu üç qrupa qarşı sərtlik nəzərdə tutulur. “Onlar öz aralarında mehribandırlar”.153 Baxın, İslamın üsulu budur. Bu onun üçündür ki, düşmən heç bir yolla bu sərtliyiə mane ola bilməsin. “Sərtdirlər” nə deməkdir? Yəni çox möhkəmdirlər. Dəmir haqqında deyir ki, sərtdir,154 yəni möhkəmdir. Burada sərtlik zalımlıq demək deyil. Mütləq qan tökmək mənasında da deyil, möhkəmlik mənasındadır. Yəni bu sədd yumşalmamalı, onda dəlik yaranmamalıdır.155


Laqeydliklə mübarizə

Müsəlmanlar bir-biri ilə sevgi ilə, qayğıkeşliklə və azca laqeydlik belə göstərmədən davranmalıdırlar. Siz bir hadisəyə düçar olmuş bir müsəlmanı gördükdə onun yanından laqeydliklə keçə bilməzsiniz. Müsəlmanlar arasında əməkdaşlıq, həmdərdlik, qayğıkeşlik və qarşılıqlı sevgi əziz Peyğəmbərin böyük işlərindən biri idi.156


Cahiliyyət bidətlərinə qarşı mübarizə

Bir zaman bir şəxs əmr, yaxud tövsiyə edir ki, məsələn, xalqın yaxşı əxlaqı olsun, bir-birini bağışlamağı bacarsın, Allah yolunda dözümlü olsun, heç kimə zülm etməsin, ədalətin bərpasına çalışsın. Burada tövsiyə, əmr və öyrətmək var və sözsüz ki, vacib işdir. İslam Peyğəmbəri də öyrədir, xalqa həyat dərsi verirdi. Amma bəzən məsələ öyrətməkdən üstündür, yəni müəllim elə bir iş görür və elə rəftar seçir ki, bu əxlaq və vəzifə cəmiyyətdə oturuşur, xalqın yanlış inancları, cahil hisslər və qeyri-dini əxlaqın tör-töküntüləri ilə mübarizə aparır, münasib dönəmlərdə və münasib üsullarla cəmiyyəti yaxşı əxlaq və xarakterlərə alışdırır.157


Möminlər qarşısında yumşaq və kafirlərə qarşı sərt

Quran Peyğəmbərin fərdi əxlaqı barədə buyurur: "Allahın mərhəməti səbəbindən sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər"158. Peyğəmbəri xalqla münasibətdə yumşaq və mülayim olmasına görə mədh edir və deyir ki, sən sərt və kobud deyilsən. Həmin Quran başqa bir yerdə Peyğəmbərə deyir: "Ey Peyğəmbər! Kafir və münafiqlərə qarşı vuruş, onlarla sərt davran!"159 Qabaqkı ayədə olan "sərtlik" sözü burada da var. Lakin orada möminlərlədir, davranışdadır, fərdi rəftardadır, burada isə qanunun icrasında, cəmiyyətin idarəsində və nizam-intizam yaratmaqda. Sərtlik və kobudluq orada pisdir, burada isə yaxşıdır.160


Əcnəbilərlə münasibət

Əziz Peyğəmbər Hüdeybiyyədə Qüreyş kafirləri ilə müqavilə bağladı. Bəzi kafirlərlə hətta uzunmüddətli müqavilələr də bağlayıb. Yəni onun döyüşə heç bir marağı yox idi. Bu, Quranın özündə də görünür: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətli rəftar etməyi sizə qadağan etməz".161 Yəni keşmişdə sizinlə problemi olmayan, vuruşmayan, pisliyi keçməyən, sizə zülm etməyən və sizi ixrac etməyən kafirlərlə yaxşı münasibətlər qura bilərsiniz.162


Gəncliyə diqqət

İslamın gənclər barədə fikri bu gün bizim təklif etdiyimiz, gənc nəsildən ehtiyaclı olduğumuz və onun üçün istədiyimizlə tam uyğundur. Əziz Peyğəmbər gənclər barədə tövsiyə etmiş, gənclərlə ünsiyyət qurmuş, böyük işlər üçün onlardan istifadə etmişdir. Siz Əmirəlmömininə yalnız qırx, əlli və ya altmış yaşlı bir şəxs kimi baxmayın. O həzrətin gəncliyi elə həmişəyaşar örnəkdir ki, bütün gənclər onu özlərinə nümunə seçə bilərlər. Əziz Peyğəmbər təkcə Əli (ə) kimi bir şəxsdən yox, özünün on il və bir neçə aylıq hakimiyyəti dövründə digər gənclərdən də maksimum istifadə etmişdir.163

Əziz Peyğəmbər ömrünün ən həssas anlarından birində böyük bir işi on səkkiz yaşlı bir gəncə tapşırdı. Döyüşlərdə Peyğəmbərin özü komandirlik edirdi, lakin həyatının son həftələrində dünyadan köçəcəyini və Bizans torpaqlarına qoşun yeritməyin özü tərəfindən imkansız olduğunu hiss etdikdə bu işi on səkkiz yaşlı bir gənvə tapşırdı. Peyğəmbər müharibə, döyüş və cəbhə görmüş əlli, altmış yaşlı səhabələrdən birini komandir qoya bilərdi, amma bu vəzifəyə on səkkiz yaşlı bir gənci təyin etdi. O şəxs Üsamə ibn Zeyd idi. Peyğəmbər onun imanından və şəhid övladı olmasından istifadə etdi. Atası Zeyb ibn Harisə iki il öncə orada şəhadətə qovuşduğuna görə Peyğəmbər bu vəzifəyə Üsaməni seçdi. Peyğəmbər böyük və ağır bir qoşunun komandirliyini on səkkiz yaşlı gəncə verdi. Bütün böyük, yaşlı səhabələr və Peyğəmbərin parlaq keçmişli əsgərləri o qoşunun üzvü oldular. Peyğəmbər ona dedi ki, atanın şəhid olduğu yerə, bugünkü Şamda yerləşən Mutəyə qədər gedib orada düşərgə salarsan. Sonra ona döyüş tapşırıqları verdi. Peyğəmbərə görə gəncin qüvvəsi bu qədər əhəmiyyətlidir.164
Qərarlarda məsləhətləşmə

İslam ölkələrində indiki parlamentlər son bir əsrdə geniş yayılıb, ilahi vəhy və qanunlar çərçivəsində xalqla məsləhətləşmə isə İslamda əvvəldən olub. Əziz İslam Peyğəmbəri Allahın "İşlərdə onlarla məsləhətləş"165 fərmanına əsasən, mühüm dövlət işlərində məsləhətləşirdi və hətta bəzən məclisdəkilərin fikri onun fikrindən fərqli olduqda onların fikrini icra edirdi. Bəlkə də erkən İslam tarixində müsəlmanların sürətli və misilsiz inkişaf sirlərindən biri bu olmuşdur.166


Peyğəmbərin təlimləri

Məlumatlandırma

Əziz Peyğəmbər bir neçə əsas xətti olan bir quruluş qurdu. Mən bu əsas xətlərin dördünü mühüm bilirəm: Birincisi şəffaf və şübhəsiz məlumatdır; dinə, hökmlərə, cəmiyyətə, vəzifəyə, Allaha, Peyğəmbərə və təbiətə dair aydın məlumat. Həmin məlumat elm və təhsillə sonuclandı və hicrətin dördüncü əsrində İslam dünyasını elmi sivilizasiyanın zirvəsinə çatdırdı. Peyğəmbər qaranlıq və şübhənin qalmasına qoymurdu. Bu barədə Quranda maraqlı ayələr var. Harada qaranlıq yaranırdısa, bir ayə nazil olub qaranlığı aradan qaldırırdı.167


Əxlaq dərsi

Ailədə rəftar

Bu böyük və mübariz insan ailə həyatında və bir ata kimi o qədər mehriban, həlim və duyğusal idi ki, insan adi duyğusal insanlar arasında onun mislini az müşahidə edir. Eşitmisiniz ki, nəvələri olan Həsən və Hüseynlə (ə) necə rəftar edirdi. Əlbəttə, digər uşaqlarla da, hətta başqalarının uşaqları ilə də elə idi. Bir gün Peyğəmbər məscidə gedirdi. Yolda oynayan uşaqların biri dedi ki, ey Allahın rəsulu, sən Həsən və Hüseyni (ə) boynuna mindirirsən, bizi də boynuna mindir. Peyğəmbər dedi ki, baş üstə. Uşaqları götürdü; birini bu çiyninə, birini o çiyninə. Bir qədər küçədə yeridi, sonra onları yerə qoydu. Digər iki uşaq dedi ki, gərək bizi də mindirəsən. Peyğəmbər bir-bir uşaqları boynuna mindirməyə başladı. Namaz vaxtı keçirdi. Ya kimsə oradan keçəndə, ya da məsciddən Peyğəmbərin ardınca gələndə gördülər ki, uşaqları boynuna mindirib gəzdirir. Uşaqlara bir qədər acıqlanıb Peyğəmbərin çiynindən götürdülər və o, məscidə getdi. Bu, Peyğəmbərin uşaqlarla rəftarından bir nümunə idi. Öz ailəsində də bir ata kimi məhəbbətin tərənnümü idi. Belə deyil ki, biz mübariz, çalışqan, fəal adamıqsa, müharibə işləri ilə məşğul olur və problemlərə qatlanırıqsa, emosiya, sevgi, mülayimlik və bu kimi insani məsələlərdən uzaq durmalıyıq. Xeyr, Peyğəmbər güclü emosiya və sevginin tərənnümü idi. Bir hədisdə gördüm ki, "Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!"168 ayəsi nazil olduqda - çünki bəziləri Peyğəmbəri adla çağırıb deyirdilər ki, ey Məhəmməd - hamı Peyğəmbərə "ey Allahın rəsulu" deməyə başladı və daha Peyğəmbərin adını çəkmədilər. Peyğəmbər evə daxil oldu. Fatimeyi-Zəhra (ə) atasının gəldiyini görən kimi dedi ki, salam, ey Allahın rəsulu. O da Peyğəmbəri "Allahın rəsulu" kimi səslədi. Peyğəmbər qızını qucaqladı, ona nəvaziş göstərib dedi ki, yox, qızım, sən mənə "ata" de, "Allahın rəsulu" demə, bu mənə daha xoşdur. O həmişə səfərə getmək istəyəndə gördüyü sonuncu şəxs Fatimeyi-Zəhra (ə) idi. Səfərdən qayıdanda da əvvəlcə Fatimeyi-Zəhranı (ə) görməyə gedirdi.

...Amma həmin güclü emosiya ilə qızı Fatimeyi-Zəhraya (ə) deyir ki, beytülmaldan əmanət bir şey götürüb evinə apardığını eşitsəm, səni də digərləri kimi cəzalandıracağam. Həmçinin buyurur: "Qiyamət günü mən sənə yaramayacağam, ey Fatimə, qızım!"169 Övladlarına olan bu güclü sevgi və məhəbbətinə baxmayaraq, kiminsə haqqını tapdasaydılar, onları da cəzalandırardı.170
Xalqla münasibət

İslamda qardaşlıq məsələsi kompliment deyil. Müsəlmanlar həqiqətən, bir-birinə qarşı qardaşlıq haqqına malikdirlər, bir-birinə borcludurlar; doğma qardaşların bir-birinə qarşı öhdəliyi olduğu və qarşılıqlı hüquqlara əməl etməli olduqları kimi. Peyğəmbər bunu həyata keçirdi.171


Məmurların xalqla rəftarı

Hamıdan çox Peyğəmbər işləyirdi. Xəndək qazanda kimin yorulduğunu, dayandığını görsəydi, külüngünü alıb işləməyə başlayırdı. Yəni təkcə əmr vermirdi, bütün vücudu ilə cəmiyyətin arasında idi.172

Onun ictimai və hərbi idarəçiliyi yüksək səviyyədə idi. Bütün işlərə baş çəkirdi. Düzdür, cəmiyyət kiçik idi; Mədinə və onun ətrafından, sonra da Məkkədən və bir-iki başqa şəhərdən ibarət idi. Amma xalqın işinə diqqət yetirir, nizam-intizama salır və qayda-qanuna əməl edirdi. O, bədəvi cəmiyyətdə idarəçiliyi, qayda-qanunu, həvəsləndirmə və tənbehi dəb saldı. Bu bizim hamımıza, dövlət məmurlarına və bütün xalqa örnək olmalıdır.173

Öz idarəçiliyinizi bacardığınız qədər İslama uyğunlaşdırın. İslam idarəçiliyi - insani əxlaq və üstəgəl idarəçi qüdrətidir. "Qərara gəldinsə, Allaha təvəkkül et"174 ayəsini görmüsünüz? Allah-Taala Peyğəmbərə deyir ki, xalqa yaxşı bax, onlarla məsləhətləş, yaxşı davran, lakin qərar verdinsə, daha təvəkkül et və işə başla. İdarəçilik budur: yaxşı əxlaq, eyni zamanda, qətiyyət, idarəçi qüdrəti, hər bir halda Allaha təvəkkül etmək, aləmlərin Rəbbindən xeyir istəmək və Ona arxalanmaq.175


Döyüşlərdə rəftar

Məqsəd və maraqlar

Peyğəmbərin bütün döyüşləri müdafiə xarakterli idi. Təbii ki, bütün əməliyyatlarda oturub ona hücum etmələrini gözləmirdi. Xeyr, bunu nəzərdə tutmuram, lakin Peyğəmbər silahlanmasaydı, hazırlıq görməsəydi, "Bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin!"176 olmasaydı, şübhəsiz, İslamı, Quranı, Peyğəmbəri və İslam cəmiyyətini ilk günlərdə parça-parça etmişdilər. Buna görə də Peyğəmbər vuruşmağa məcbur idi.177


Müharibədə lazım olan prinsiplər

Peyğəmbərin döyüşçülərə tövsiyəsi bu idi ki, qadın və uşaqlara rəhm etsinlər, düşmən döyüşcülərlə də mərd davransınlar, sularının yolunu bağlamasınlar, acından öldürməsinlər, təslim olanları qəbul etsinlər; hətta döyüşün qızğın çağında kimsə İslamı qəbul etdiyini bildirsə, qəbul etsinlər, intiqam və kobudluq hissindən tam uzaq olsunlar. Peyğəmbər ədavət hissi və düşmənçilik məqsədi olmadan döyüşə çıxmış kafirlərə o qədər sevgi göstərirdi ki, onlar utanırdılar.

Allahın rəsulu qəlbləri bir-birinə caladı və onlardan möhkəm bir toplum əmələ gətirdi. Hətta İslam fəthlərində mənəvi təsirləri görməzdən gələn və İslama düşmən münasibət bəsləyən qərəzli tarixçilər də - istər ərəb tarixçiləri, istər İslam və İslam mədəniyyəti tarixini yazan avropalılar müsəlmanların yumruq kimi birləşdiyini, bölünməz vahid bir qüvvə və amil kimi hərəkət etdiyini inkar edə bilmədilər. Necə ki, şərafətli ayədə buyurur: "Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi düzülüb döyüşənləri sevər!"178 Sanki bu binanın bünövrəsini qurğuşunla qurmuşlar. Bünövrəyə qurğuşun tökürlər ki, heç zaman tərpənməsin. Peyğəmbər məhz buna görə istisnasız olaraq qalib oldu.179

Əziz Peyğəmbər komandan idi. Qədimdə hərbi düzülüş elə idi ki, komandanı təhlükəsiz bir yerdə yerləşdirirdilər. Səbəb də aydın, ağıllı və məntiqli səbəbdir. Çünki komandan əl altında olsa və öldürülsə, hər şey pozular. Halbuki arxada olsa, qoşunun yarısı öldürülsə də, digər yarısını irəliyə apara, yaxud ən azı xilas edib geriyə çəkə bilər. Amma komandan öldürüldükdə hər şey məhv olur və daha böyük itki təhlükəsi yaranır. Allahın rəsulu isə qeyri-adi mistik gücə malik idi. Vəziyyət çətinləşəndə, düşmən güclü hücuma keçəndə və hətta Əmirəlmöminin, Həmzə və digər yaxın adamlar da tab gətirməyəndə Peyğəmbərə sığınırdılar. O hamıdan öndə vuruşurdu.180


Sülhü qəbuletmə tərzi

Hicrətin altıncı ilində Allahın rəsulu Məkkəyə daxil olmaq məqsədi ilə bir dəstə ilə yola düşdü. Allah-Taala Peyğəmbərə söz vermişdi və Peyğəmbər də Allah tərəfindən xalqa demişdi ki, biz Məkkəyə daxil olacağıq. Müsəlmanlar Məkkəyə daxil olmalarına ümidlə gəldilər. Hüdeybiyyə adlı bir yerdə düşmən onların yolunu kəsdi və hərəkətlərinə mane oldu. Düşmənlər hücum edib onları məhv etmək istəyirdilər. Allah-Taala müsəlmanları və öz bəndələrini qorudu, məsələ bir sülh müqaviləsi imzalamaqla nəticələndi. Bu, Hüdeybiyyə sülhü adlanır. Sülh müqaviləsini yazanda Peyğəmbər Əmirəlmömininə buyurdu ki, Məhəmməd adından sonra Allahın rəsulu sözünü yazsın. Onlar etiraz edib dedilər ki, biz sənin Allah rəsulu olmana inanmırıq. Peyğəmbər dedi ki, eybi yox, bu sözü sil. Əmirəlmöminin dedi ki, ey Allahın rəsulu, "Allah rəsulu" sözünü silməyə ürəyim gəlmir. Peyğəmbər buyurdu ki, ver mən özüm silim. Kağızı Əmirəlmöminindən aldı və həmin sözün yazıldığı yeri mübarək əli ilə sildi. Peyğəmbər bu müqaviləni İslam şüarı olan "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi ilə başlamışdı. Onlar dedilər ki, biz bu Rəhmanı tanımırıq, yaz ki, "Bismikə Allahummə". Bu, Qüreyş müşriklərinin şüarı idi. Peyğəmbər buyurdu ki, eybi yox, Bismllahı da "Bismikə Allahummə" kimi yaza bilərsiniz. Elə bir vəziyyət yarandı ki, bütün müsəlmanlar təəəccübə düşdülər. Bəzi çılğın və sərt müsəlmanların səsi ucaldı ki, ey Allahın rəsulu, nə edirsiniz?! Məgər biz haqlı deyilik, məgər bunlar batil deyillər?! Bu nə üsuldur siz işlədirsiniz?! Görkəmli müsəlmanlardan biri də dedi ki, mən həmin gün hətta Peyğəmbərin peyğəmbərliyinə də şəkk etdim. Bilirsiniz Allah-Taala Quranda bu hadisəni hansı sözlərlə qeyd edib? Fəth surəsinin əvvəlində buyurulan: "Həqiqətən, biz sənə aşkar zəfər verdik"181 ayəsi həmin sülhə aiddir. Quranda xatırlanan bu aşkar zəfər Bədr, Hüneyn, Ühüd və Əhzab döyüşləri deyil, Hüdeybiyyə sülhüdür. Hüdeybiyyə sülhündən öncəki döyüşlərdə Peyğəmbər bəzən mütləq qələbə çalmışdı - Bədr kimi. Ühüd kimi bəzi yerlərdə məğlub olmuşdu, Əhzab kimi bəzi yerlərdə mühasirəyə alınmışdı, bəzən də qovmaqla nəticələnmişdi. Hüdeybiyyə sülhü Bədr və Ühüd döyüşlərini əsla sual altına almırdı. Peyğəmbər kafir və müşriklərlə döyüş şüarını geri götürməmişdi. Peyğəmbərin mövqeyi dəyişməmişdi, amma o dönəmin məsləhəti belə idi. Necə ki, Bədr döyüşünün məsləhəti elə idi, Ühüd döyüşünün məsləhəti elə, Əhzab döyüşünün məsləhəti də elə. Bu, məsələnin tarixi köküdür. Görürsünüz ki, İslam tarixində hər şey məntiqli və aydın bir sistemə uyğundur.182


Məğlub olanlarla və əsirlərlə rəftar tərzi

Bəzi döyüşlərdə müsəlmanlar tərəfindən əsir alınan ərəb və qeyri-ərəb məsihiləri Peyğəmbərin yanına gətirirdilər. Onlar Peyğəmbərin əxlaqının təsiri altına elə düşürdülər ki, müsəlman olur, Peyğəmbərin dinini və yolunu qəbul edirdilər. Peyğəmbərin mülayimliyi və mərhəməti belə idi.183

Müharibələr bitir, lakin təcrübələr qalır. Böyük hadisələr xalqlar üçün dərsdir. Bu dərs bəşəriyyətin ölməz yaddaşında qalacaq ki, bu qədər iddialı və bərbəzəkli bir sivilizasiya imtahandan belə uğursuz çıxdı. Bunların (amerikalıların) gördüyü işlər arasında müharibə törətmək, zülm, ədalətsizlik, qürur, məstlik və ağılsız rəftarlar mövcuddur. Müharibə başlatmaq, sülhü pozmaq, müdafiəsiz xalqı öldürmək, saxta bəhanəli müharibələrdən ötrü çoxlu pullar xərcləmək - bunlar bir sivilizasiyanın təcrübələridir. Siz bunu İslam sivilizasiyası ilə müqayisə edin. Raşidi xəlifələri dövründə müsəlmanlar İslam dünyasının qərb bölgələrini - yəni Romanın bir hissəsini və indiki Suriyanı fəth etdikdə yəhudi və məsihilərlə elə rəftar etdilər ki, onların çoxu müsəlmanların rəftarına görə İslama yönəldilər. Bizim ölkəmizdə xalqın çoxu müqavimətsiz təslim oldu. Çünki müsəlmanların düşmənlərə qarşı mürüvvətini, mərhəmətini və əfvini müşahidə etdilər. Buna görə də özləri gəlib müsəlman oldular. Tarixə əsasən, müsəlmanlar Romaya gələndən sonra yəhudilər dedilər ki, and olsun Tövrata, biz həyatımız boyu belə xoş günlər görməmişdik.184
Müəllim və şagirdlərlə rəftar

İslam mədəniyyətində müəllimə hörmət çox tövsiyə olunub; şagird özünü müəllim qarşısında kiçik sayır və ona hörmət edir. Bu, gözəl işdir. Bilirsiniz ki, İslamda heç bir insan özünü başqası qarşısında kiçiltməməli və təhqir etməməlidir, lakin bu, istisna hallardandır.

Təəssüf ki, materialist mədəniyyətdə bunun əksi mövcuddur. Yəni avropalılardan aldığımız mədəniyyətlərdə müəllimə hörmət yoxdur. Təbii, onlar kitablarında yazmayıblar ki, müəllimə hörmətsizlik edin, lakin Qərb mədəniyyətində müəllimə hörmət ənənəsi nəzərdə tutulmamışdır.185
Dostluq və düşmənlik

...Hamını sevməyə çalışın. Bu, bir İslam təlimidir. Bu, pis deyil. Düşmən olmaq üçün bəhanə axtarmaq olmaz. İnsan hər hansı bir şəxsi bir bəhanə ilə öz sevgi siyahısından çıxarıb kənara tullamamalıdır. Xeyr, İslam cəmiyyəti səmimi mühitdir. Hətta tanımadığınız şəxslə də mehriban olun.186


Yanlış ictimai etiqad və zəncirlərlə mübarizə

“O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula - ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz ne’mətləri halal, natəmiz və iyrənc şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar”.187 Allah insanların boynundan zəncirləri götürməyi Peyğəmbərin xüsusiyyətlərindən biri kimi göstərir. "İsr"i - yəni insanlara zorla vurulan boyunduruqları açır. Çox maraqlı və geniş anlayışdır. Əgər o zamanın dini və qeyri-dini cəmiyyətlərinə nəzərə salsanız, bilərsiniz ki, bu boyunduruq və məcburi öhdəliklər batil və xurafat inanclarının, istibdad, təhrif, yaxud təhqir əllərinin insanlara zorla sırınan yanlış ictimai şərtlərin çoxuna şamil olur. Məlumdur ki, “əğlal” sözü zəncirlərə aiddir.188


İzzət dərsi

Böyük Peyğəmbərdə elm əxlaqla birgədir, hökumət hikmətlə, Allaha ibadət xalqa xidmətlə, cihad mərhəmətlə, Allaha eşq Allahın məxluqlarına eşqlə, başucalığı təvazökarlıqla, realistlik uzaqgörənliklə, xalqa sədaqət və doğruluq siyasi mürəkkəbliklə, ruhun Allah zikrinə qərq olması cismin sağlamlığı ilə maraqlanmaqla birgə. Onda dünya axirətlə, uca ilahi amallar gözəl bəşəri məqsədlərlə yanaşıdır.189


Elm öyrənmək dərsi

Peyğəmbərin təlimlərindən bəhrələnənlər təkcə müsəlmanlar deyillər. Dünyanın bugünkü elmi, sivilizasiyası, bu gün dünyada mövcud olan bilgi və bəşər karvanının inkişafı onun vücuduna borcludur. Bu biz müsəlmanların iddiası deyil, bütün insaflı şəxslər və tarixçilər qəbul edirlər ki, İslam dünyasında yaranmış elmi intibah get-gəllə və hətta onların işğal və müharibələri ilə digər yerlərə də ötürüldü.190


Mərhəmət və ucalıq dərsi

Böyük Peyğəmbəri varlıq aləminin ən parlaq ulduzu adlandırmaq olar. Nə üçün parlaq ulduz deyirik və Günəş demirik? Çünki Günəş müəyyən bir cisimdir; işıqlıdır, böyükdir, amma bir cisim və bir kürədir. Sizin gördüyünüz ulduzların arasında isə qalaktikalar da var. Belələri yay gecələrində başımız üstə gördüyümüz qalaktikadan min dəfə böyükdür, minlərlə günəş sistemini əhatə edir. Böyük Peyğəmbər qalaktikaya bənzər bir varlıqdır. Onda minlərlə parlaq dəyər nöqtəsi mövcuddur.191


Birlik dərsi

Peyğəmbər Mədinəyə daxil olan kimi işə başladı... Məscid tikdilər... Sonra dövlət siyasətini tərtib etdi.

...Əgər insan hər bir hadisəni ayrı-ayrılıqda incələsə, bir şey anlamaz; gərək baxıb görsün ki, bütün gedişat necədir, bütün bu işlər necə tədbirlə, ağılla və dəqiqliklə baş vermişdir.

Birinci iş birlik yaratmaqdır. Mədinə əhalisinin hamısı müsəlman deyildi; əksəriyyəti müsəlman oldu və çox az bir qismi də qeyri-müsəlman qaldı... Peyğəmbər ümumi bir saziş hazırladı.

...Çox əhəmiyyətli olan sonrakı addım qardaşlıq yaratmaq idi. Dəbdəbə, xurafatçı təəssübkeşliklər, qəbilə qüruru və xalqın müxtəlif təbəqələri arasında uçurum ozamankı təəssübkeş və cahil ərəb cəmiyyətlərinin ən böyük bəlası idi. Peyğəmbər qardaşlıq yaratmaqla bunları ayaqları altında əzdi.192
Peyğəmbərin üstünlüyü

Əziz Peyğəmbərin özü şəxsiyyət baxımından yaranış aləminin zirvəsində durur; istər dərki mümkün olan cəhətlərdə, məsələn, uca insani meyarlarda - ağılda, idarəçilikdə, ayıqlıqda, səxavətdə, mərhəmətdə, əfvdə, qətiyyətdə və digər belə məsələlərdə, istərsə də insan düşüncəsinin fövqündə duran, Haqqın ən böyük adının əziz Peyğəmbərin vücudunda təcəssüm etdiyini göstərən cəhətlərdə və Allah-Taalaya yaxınlıq cəhətində. Biz bunların yalnız adını bilirik, əsl həqiqətini isə Allah-Taala və böyük övliyaları bilirlər. Həm də Peyğəmbərin sözü insan səadəti üçün ən uca və ən yaxşı sözdür; tövhid sözü, dini humanizm mesajı.193




Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə