Dəryadan bir damla1


Böyük Peyğəmbərin xüsusiyyətləri



Yüklə 1,68 Mb.
səhifə2/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   ...   20

Böyük Peyğəmbərin xüsusiyyətləri


  1. Böyük Peyğəmbərin nurlu xilqəti

"Və nurlu çıraq olaraq göndərdik!"11 Peyğəmbər işıq saçan çıraq idi. Yanan çıraq istəsə də, istəməsə də, ətrafını işıqlandırır. Allah peyğəmbərini çırağa bənzətmişdir; özü də sönmüş çırağa yox, işıqlı və işıqlandıran çırağa. Peyğəmbər harada olsa, ora işıqlı olar, əxlaqı, rəftarı, əməli, davranışı, elmi, hikməti ilə mühiti işıqlandırar. Peyğəmbər yalnız məscidə gedib xalqa moizə edəndə işıq saçmırdı, evində oturanda, susanda, küçədə yol yeriyəndə, döyüşdə vuruşanda – hər bir halda nur saçırdı, işıqlandırırdı. Ona görə ki, Peyğəmbərin bütün hərəkət və sözləri Allah yolunda idi.12
2. Risalətə müjdə

Öncəki dinlərdə

"O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar".13 Tövrat və İncil - bu iki kitab Peyğəmbərin gəlişini müjdələmişdir.14




  1. Peyğəmbərin fərdi xüsusiyyətləri

Əsil-nəsəb

Peyğəmbərlər sülaləsindən

İslamdan öncə Məkkədə möminlər vardı. Onlar Hənif dininin ardıcılları idilər. Peyğəmbərin ata və babaları mömin olmuşlar.15


Ən yaxşı tayfadan

Peyğəmbər böyük, köklü və məşhur bir ailədə doğuldu. Əlbəttə, təsadüfən, Peyğəmbərin özü doğulandan sonra, uşaq və yeniyetmə vaxtı yoxsul şəraitdə yaşadı. Bu sonradan yaranmış bir məsələ idi. Əslində, Bəni-Haşim ailəsi Qüreyşin mötəbər qollarından, başçılarından idi və zadəgan ailələrdən sayılırdı. Bilirsiniz ki, Peyğəmbərin əmiləri kimlər idilər və necə hörmətləri vardı. Cənab Həmzənin özü, Əbu Ləhəb, yaxud digərləri görkəmli şəxslər sayılırdılar. Allahın rəsulu belə bir ailədə doğuldu.16

Peyğəmbər belə bir şəraitdə meydana çıxdı. Özü də elə bir ailə və nəsildən çıxdı ki, onunla vuruşmaq asan iş deyildi. Əgər Peyğəmbər zəif ailələrin, yaxud cəmiyyətin aşağı insanlarının arasından seçilsəydi, güclülər üçün onunla vuruşmaq daha asan olardı və bu ağacın kök salmaq ehtimalı azalardı... Qırx yaşına qədərki bütün həyatı dövründə bu insanın əxlaqı, rəftarı və şəxsiyyəti hamını təsirləndirmişdi. O bu yaşda dəvətinə başladı. Bunların hamısı İslam ağacının qalması üçün şərtlər idi.17
Peyğəmbərin ailəsi

O həzrətin atası bir rəvayətə əsasən, doğulmasından öncə, digər bir rəvayətə əsasən isə doğulandan bir neçə ay sonra dünyadan köçür.

O zaman Ərəbistanın şərafətli və əsil-nəsəbli ailələri öz övladlarını səhrada ərəb qəbilələri arasında böyütmək üçün iffətli, əsil-nəsəbli və nəcabətli dayələrə tapşırırdılar. Bu ənənəyə uyğun olaraq ailənin çırağı olan bu əziz uşağı Bəni-Səd qəbiləsindən Həlimə Sədiyyə adlı nəcabətli və əsil-nəsəbli bir xanıma tapşırdılar. O da Peyğəmbəri öz qəbiləsi arasına apardı, əziz uşağı və qiymətli dürrü təxminən altı il saxladı, ona süd verdi, onu tərbiyə etdi.

Dayə bəzən uşağı anası Amənənin yanına gətirir, sonra yenə qaytarırdı. Uşaq altı yaşında fiziki və psixoloji cəhətdən çox dəyərli tərbiyə aldıqda - fiziki cəhətdən güclü, gözəl, çevik və işgüzar, psixoloji cəhətdən də mətanətli, dözümlü, əxlaqlı və gözüaçıq olduqda ailəsinə qaytarıldı. Ana uşağı özü ilə Yəsribə - orada dünyadan köçmüş və dəfn olunmuş atası Abdullahı ziyarətə apardı. Sonralar Peyğəmbər Mədinəyə gedərkən oradan keçəndə buyurdu ki, mənim atam buradadır və biz atamı ziyarət etmək üçün anamla buraya gəlmişik. Ziyarətdən qayıdarkən Əbva adlı bir yerdə anası da dünyadan köçdü və uşaq həm ata və həm ana sarıdan yetim qaldı. Ümm Əymən onu Mədinəyə gətirib babası Əbdülmüttəlibə verdi.

Əbdülmüttəlib əziz canı kimi uşağa qulluq etdi. O, bir şeirdə deyir ki, mən ona ana kimiyəm. Qüreyşin başçısı, çox şərafətli və əziz insan olan təxminən yüz yaşlı bu qoca uşağa o qədər sevgi göstərirdi ki, onda sevgi azlığı kompleksi əsla yaranmadı. Təəccüblü budur ki, bu yeniyetmə istedad və hazırlığının artması üçün ata-anadan uzaqlığın çətinliklərinə dözür, amma onda iynə ucu qədərincə də həqarət hissi yaranmır. Əbdülmüttəlib onu o qədər əzizləyir və uca tuturdu ki, buna hamı təəccüb edirdi.

Tarix və hədis kitablarında yazılmışdır ki, Kəbənin yanında Əbdülmüttəlib üçün yer döşəyir və taxt düzəldirdilər. O orada otururdu, oğlanları və Bəni-Haşimin gəncləri də hörmət və təntənə ilə ətrafına toplaşırdılar. Əbdülmüttəlib olmadıqda, yaxud Kəbənin daxilində olduqda bu uşaq həmin taxtın üzərində otururdu. Əbdülmüttəlib gələndə Bəni-Haşimin gəncləri bu uşağa deyirdilər ki, qalx, bura atanın yeridir. Əbdülmüttəlib isə deyirdi ki, xeyr, onun yeri oradır, qoyun otursun. Özü kənarda oturur, bu əziz və şərafətli uşağı yerindən qaldırmırdı. Səkkiz yaşında olarkən Əbdülmüttəlib də dünyadan köçdü.

Rəvayətdə göstərilir ki, ölüm zamanı Əbdülmüttəlib özünün böyük oğlu və çox şərafətli insan olan Əbu Talibdən söz aldı; uşağı ona tapşırdı və onun kimi qorumasını istədi. Əbu Talib də qəbul edib onu öz evinə apardı və əziz can kimi ona xidmət göstərdi. Əbu Talib və həyat yoldaşı - ərəbin aslan qadını, Əmirəlmömininin anası olan Fatimə bint Əsəd təxminən qırx il ata-ana kimi bu uca insana hamilik etdilər, yardım göstərdilər. Əziz Peyğəmbər özünün uşaqlıq və yeniyetməlik çağını belə keçirdi.

Uca əxlaqi səciyyələr, başucalığı, səbir və dözüm, dərd və əzablarla tanışlıq bu uşaqda böyük və dərin şəxsiyyət formalaşdırdı. Uşaqlıq çağında cənab Əbu Taliblə ticarət səfərinə çıxdı. Belə səfərlər tədricən təkrar olundu, gənclik dövründə cənab Xədicə ilə ailə qurdu və qırx yaşında peyğəmbərliyə başladı.18




  1. Peyğəmbərin mənəvi xüsusiyyətləri

Allah tərəfindən tərbiyə olunmaq

Vahid Xaliqin xüsusi şagirdləri olan peyğəmbərlər Onun tərəfindən təlim-tərbiyə görmüşlər. Peyğəmbərlik isə əlavə bir şeydir. Peyğəmbərlikdə təlim-tərbiyə və mənəvi paklıq da var, kitab və hikmət gətirmək də var, lakin təkcə bunlar deyil.19

Allah-Taala o həzrətin ruhi və əxlaqi şəxsiyyətini ela tərbiyə etdi ki, böyük əmanət yükünü daşıya bilsin.

Beləliklə, gələcəkdə öz vücudu və əxlaqı ilə bütün dünyanı tərbiyə etməli olan bu uşağın ruhi potensialı günbəgün gücləndi.20

Bir şəxsin özü ən yüksək əxlaqi səciyyələrə malik olmasa, Allah-Taala bu böyük və mühüm tapşırığı ona verməz. Odur ki, peyğəmbərliyin əvvəllərində Allah-Taala ona buyurdu: "Həqiqətən, sən böyük əxlaq sahibisən".21 Peyğəmbər kimi yetişməsi və Allah-Taalanın Öz vəhyinə münasib bildiyi istedada yiyələnməsi peyğəmbərlikdən öncəyə aiddir. Buna görə deyilmişdir ki, gənclikdə ticarətlə məşğul olan və bu yolla çoxlu gəlir əldə edən əziz Peyğəmbər onların hamısını Allah yolunda verdi və yoxsullar arasında payladı. Vəhyin nazil olmasından öncə Həra dağına çıxıb ilahi nişanələrə baxırdı; səmaya, ulduzlara, yerə, müxtəlif hisslərlə və müxtəlif yollarla yer üzündə yaşayan məxluqlara. O, bunların hamısında Allahın izlərini görürdü, Haqq qarşısında kiçilməsi, ilahi əmr, qadağa və ilahi iradə qarşısında təzimi günbəgün çoxalır, yaxşı əxlaqın tumurcuqları daha da inkişaf edirdi. Hədisdə göstərilir ki, o, ən ağıllı və ən əziz insan idi.22 Peyğəmbərlikdən öncə ilahi nişanələri müşahidə edib günbəgün daha da yetkinləşirdi. Nəhayət, qırx yaşına çatdı. Qırx yaşında onun qəlbi ən işıqlı, (Allah qarşısında) ən çox kiçilən və ilahi sözü qəbul etməyə ən hazırlıqlı qəlb idi. Mənəviyyatın, ruhaniliyin və nuraniliyin bu həddinə, kamilliyin zirvəsinə çatdıqda Allah-Taala səmanın və qeyb aləmlərinin qapılarını üzünə açdı, ona mənəvi və mistik aləmləri görmə imkanı verdi. O, mələkləri görür, eşidirdi və nəhayət, Cəbrayıl Əmin yanına gəlib dedi: "Oxu".23 Bu, peyğəmbərliyin başlanğıcı idi.24
Qeyb aləmi ilə əlaqə

Əziz Peyğəmbərin müqəddəs qəlbindən cari olan çeşmənin mühüm yolu var. Yəni məsələ bununla bitmir ki, Allah tərəfindən dəyərli və müstəsna bir insanın qəlbində nur parlayır. Bu birinci addım və işin əvvəlidir. Əlbəttə, məsələnin ən mühüm hissəsi də budur. Bu nurun Peyğəmbərin müqəddəs və mübarək qəlbində parlaması və o həzrət tərəfindən vəhy məsuliyyətinin qəbul olunması yaranış aləmini və maddi dünyanı açıq şəkildə qeyb mədəninə birləşdirən amildir. Birləşdirən halqa odur. Qeyd edəcəyimiz bu proses boyunca insana və bu yola ilahi bərəkətlərin həmişə mövcud olduğuna rəğmən, birləşdirici halqa peyğəmbərliyin başlandığı andır. O anda qeyb aləmindən ilahi həqiqətlər çeşməsi Peyğəmbərin müqəddəs ruhuna axmağa başladı. Deməli, birinci addım peyğəmbərliyin başlanmasıdır.25


Məsumluq

Məsumluq - qorunmaq deməkdir. Məsum heç bir təhlükənin təhdid etmədiyi qorunmuş şəxsdir. Heç bir təhlükənin təhdid etməməsi buna görə deyil ki, o, mahiyyətcə təhlükəsiz yerdədir. Əslində, ehtiyat, diqqət və təqvanın ən yüksək həddinə çatdığına görədir. Peyğəmbərdə belə bir təqva olmasaydı, o da təhlükədə olardı.

İnsan təbiət və mahiyyətcə zərərə uğrayandır, lakin belə diqqət və təqvaya malik olduqda məsumluq hasil olur. Bu nə deməkdir? Yəni bəllidir ki, bu qədər ehtiyatla daha təhlükə olmaz. Kim ondan az ehtiyata malik olsa, daim təhlükə altında olar.26

Peyğəmbərin qənaəti və şəxsi paklığı vardı, mübarək vücudunda heç bir mənfi cəhət yox idi, məsum və pak idi. Bunun özü təsirlilikdə ən mühüm amildir.27


Peyğəmbərlik

Burada Nüdbə duasının əhəmiyyətinə toxunmağı vacib bilirəm. Bu əslində, İmamiyyə və Şiə firqəsinin öz tarixi boyu inanc, arzu və şikayətlərini ehtiva edən atəşli çıxışdır. Əgər baxsanız, Nüdbə duasının əvvəlində həmin işıqlı xətti görərsiniz. İlk peyğəmbərdən son peyğəmbərə qədər bu işıqlı xətt davam edir. Allah dinindən ibarət olan elçilik missiyasının məzmunu əslində, bütün insani fəaliyyətlərə forma və istiqamət bəxş etməkdir. Din - həyat yoludur. Siz bir cəmiyyətə, ölkəyə baxsanız, görərsiniz ki, orada insanlar öz şəxsi, duyğusal, məişət və ümumi işləri üçün müxtəlif çeşidli fəaliyyətlərlə məşğuldurlar. Din bütün bu fəaliyyətlərə istiqamət verir, dünya və axirət səadətini təmin edəcək tərzdə tənzimləməsi üçün insan ağlına kömək edir.28


Möcüzələr

Quran

Quran çox böyük və dəyərli kitabdır. Məhduddur, 300-400 səhifədir, amma aktiv və dinamik beynin aləmin həqiqətini tanıması üçün lazım olan bütün təlimlər çox dərin formada bu kitabda yerləşdirilmişdir; özü də müəyyən bir səviyyə üçün yox. İnsan elmi hansı inkişaf mərhələsinə çatsa, hələ də bu dərin okeana baş vurmağa və öyrənməyə ehtiyacı var. Bunun özü böyük bir möcüzədir. Siz dərin elmi bir kitabı təsəvvür edin. Adi insan onu anlamır. Bir qədər elmi artandan sonra ondan nələrsə anlayır. Elmi yüksəldikcə ondan maksimum istifadə edir, daha yüksələndə bəzən nəyisə yada salmaq üçün ona müraciət edir və bəhrələnir. Lakin insanın elmi bundan da artıq inkişaf edəndə daha bu kitab onun üçün faydasız olur. Məsələn, bir elmi dərindən mənimsəmiş bir insan uyğun sahədə hansısa dərin kitabı 100 dəfə dərs demiş, mütaliə etmiş, çox məsələlərini öyrənmiş, yaxud rədd etmişdir. Daha həmin kitabda onun üçün yeni bir şey yoxdur. Quran isə belə deyil. Quranın hətta Peyğəmbərimizin ömrünün son anlarına qədər onun üçün də təzə sözü olmuşdur. İnsan Quranda nə qədər dərinə varsa, daha çox söz tapır.29


Quranın əzəməti

Quran adi bir kitab deyil ki, biz onu bir neçə yüz min tirajla çap edib deyək ki, adi kitablar kimi bunu da alın və oxuyun. Hər halda, adam onu bir dəfə alır və əvvəldən axıra qədər oxuyur. Əgər çox maraqlı gəlsə, iki dəfə oxuyur, üç dəfə oxuyur. Ən şirin kitabı da insan iki-üç dəfədən artıq oxumur. Quran isə belə deyil. Quran oxumaq və bitirmək üçün deyil, onun məzmunu insanın vücuduna, beyninə hopmalı, mənən kamilləşdirməlidir. Odur ki, bir dəfə, iki dəfə, on dəfə oxumaq Qurana aid deyil, Quranı ruhən qavramaq lazımdır. Hər şey düşüncə və beyin deyil ki, insan diqqətlə düşünüb bir şeyi anlasın. İnsanın canı Quranı dərk etməlidir. Quranın şanlı ayələrinin o qədər geniş mənası var ki, insan düşünsə, həmişə yeni söz tapar.30


Nazilolma tərzi

Ayələrin Peyğəmbərin mübarək qəlbinə nazil olması qulağına nazil olması ilə fərqlənir. Bu təlimlərin uca məqamdan - Rəbbin dərgahından bir insanın öyrənə, anlaya biləcəyi bir səviyyəyə enməsi nazilolma və tənəzzüldür. Bu iş Peyğəmbər üçün baş verib. Bu təlimlər onun mübarək qəlbinə ilham olunub, sonra sözlər şəklində qulağına deyilib. O da eşitmiş və xalqa söyləmişdir. Amma biz bu sözləri eşidib onlardan əsla faydalanmaya və onlar üzərində təfəkkür etməyə bilərik. O zaman nəticə nə olar? Nəticədə, daha "dəri və ürəkləri (zahir və batinləri) yumşalıb Allahın zikrinə yönələr"31 məsələsi baş tutmaz. Halbuki həmin ayələr dağa nazil olsa – təbii ki, onların cansız təbiətə nazilolma tərzi başqa cürdür - onu dağıdar. Biz düşünmədiyimizdən, çiynimizi bu mənaların yükü altına vermədiyimizdən, təsiri də azdır. Biz bu təlimlərin, "İxtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət və izzət sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allah"32 sözünün mənasını anlasaq, mütləq qorxarıq və qəlbimiz sözügedən dağın halına düşər. Çünki hər halda, dağdan da hissiyyatsız deyilik. Bu, təfəkkür sayəsində hasil olur.33


Nazilolma dərəcələri

Qurani-kərimin məfhumları çox ucadır. Allah-Taala onları Peyğəmbərin qəlbi qədərincə kiçildib nazil edir. Sonra bir bəşər olan Peyğəmbərin qəlbi onu dərk edir, yaxud deyək ki, insanların dərki qədərincə anlayır. Ruhani aləmdə olan isə bizim maddi dünyamıza gələndən və bir insanın beyninə təlqin olunandan fərqli bir şeydir. Bu, kiçildilmişdir. Biz də dərin məsələləri eyni nisbətlə kiçildib beyinlərə çatdıra bilərik.34

İlahi hökmləri ehtiva edən Quran ayələri birdəfəyə deyil, tədricən nazil olmuşdur. Peyğəmbərin özü bütün ayələrdən xəbərdar olsa da, müjdə vermək və qorxutmaq - yəni xalqa söyləmək və cəmiyyətdə ortaya qoymaq üçün bu ayələr yenidən və tədriclə nazil olmuşdur.35

"Həqiqətən, biz onu Qədr gecəsində nazil etdik"36. Qədr gecəsində bütün Quran Peyğəmbərə nazil oldu. Bunu da bilməniz pis deyil ki, "ənzəlna" sözü yalnız nazil etmək demək deyil, birdəfəyə nazil etmək deməkdir. Biz Qədr gecəsində Quranı sənə birdəfəyə və bütünlüklə nazil etdik. "Ənzəlna" sözünün əksinə olaraq "nəzzəlna" sözü "tədricən nazil etdik" deməkdir: "Və onu tədricən nazil etdik".37 Buna əsasən, Quranın hamısı Peyğəmbərə nazil olmuşdur və Peyğəmbər zaman boyunca münasib olduqda o ayələri xalqa oxuyurdu. Əlbəttə, bu münasibliyi də yenə vəhyin özü müəyyənləşdirir, nə zaman hansının oxunmalı olduğunu təyin edirdi.38


Quran dərkinə lazım olan amillər

Quranın sözləri ilə tanışlıq birinci addım olsa da, vacib addımdır. Dini və Quranı öyrənmək istəyənlər bu addımı atmasalar, sonrakı addımlar çətin və bəzən imkansız olar. Bu gün bəzi şəxslər İslam haqqında danışır və İslama heç bir aidiyyəti olmayan iddialar irəli sürürlər. Nə üçün? Çünki Quran və sünnə təlimləri ilə tanış deyillər. Din təlimlərini xüsusən dərindən anlamaq üçün Quranın və hədislərin mətni ilə tanış olmaq lazımdır. Deməli, bu addım ilk, eyni zamanda zəruri addımdır.

Sonra düşünmək, çoxlu məlumat toplamaq, Quran və hədisləri dərk etmək üçün onlardan istifadə etmək lazımdır. İnsanın məlumatı nə qədər çox olsa, Quran və hədisə dair dərki də bir o qədər dəqiq olar. Təcrübələr də belədir. İnsanın həyat təcrübəsi nə qədər çox olsa, dünyanın müxtəlif hadisələrindən xəbərdar olsa, Qurana dair bilgisi də bir o qədər çox və Quran təlimləri onun üçün daha aydın olar.39

Quran cəmiyyətə çıxdıqda şirinliyini daddırır. Bu gün Quran bizim ölkəmizdə hakimdir. İlk addım Quranın mətnini öyrənməkdir və bu iş günbəgün güclənməlidir. Əgər hamının Quran öyrənməsini istəyiriksə, digər işlər kimi burada da bir qrup zirvədə durmalıdır. Əgər idmanın ümumiləşməsini istəyirsinizsə, gərək bir qrup çempionu xalqın gözü önündə tutasınız.

Əgər Quranın evlərdə, uşaq və böyüklər, qadın və kişilər arasında yayılmasını istəyirsinizsə, Quran birincilərinə hörmət etməlisiniz. Buna görə biz bunlara (Quran qiraətçilərinə) hörmət edirik. Bunlar Quran daşıyıcılarıdır, əzizdirlər. Quranla ünsiyyətdə olduğuna görə bunların dilləri, dodaqları, qəlbləri əzizdir. Bizim canımız Qurana qurban olsun!40

Quranın sözü incəsənət üslubunda olmasaydı, bu qədər dəyərli məfhumları ehtiva edə bilməzdi. Məhz buna görə heç bir Quran tərcüməsi və təfsiri Quran həqiqətlərini tam anlatmağa qadir deyil. İnsan sənət dili və hətta sənətin xırdalıqları ilə tanış olmalı və əlbəttə, mənəvi ab-havada olmalıdır ki, Quranın nə dediyini anlasın. Quranın özü buyurur: "İstədiyini azdırır və istədiyini hidayət edir".41 Bəziləri Quranı oxuyub hidayət olurlar, bəziləri isə düzgün dərkləri olmadığına görə yollarını azırlar. Belə adamlar Quranla əlaqə qura bilmədiklərindən ona qovuşmur və məfhumlarını dərk etmək qabiliyyəti əldə etmirlər. Əlbəttə, Quranın sözü səlisdir, lakin Quranın əsl müraciət obyekti olması üçün xüsusi şərtlər lazımdır. Qısası budur ki, bir çox məsələləri bəyan etməyə yalnız incəsənət üslubu qadirdir. Uca dini məfhumlar da bu qəbildəndir və onları yalnız incəsənət vasitəsilə dərk etmək olar.42

Ümumiyyətlə, təfəkkür təfsir etmək üçün deyil, məqsədi anlamaq üçündür. İnsan hər bir hikmətli sözü iki cür qəbul edə bilər: biri başdansovdu və səhlənkarcasına, biri isə diqqətlə. Qurana lazım olan təfəkkür ona başdansovdu yanaşmadan çəkinmək üçündür. Yəni siz oxuduğunuz hər bir Quran ayəsini diqqətlə oxuyun, onu düşünməyə, dərk etməyə çalışın. Sözügedən təfəkkür budur. Quranı öz təsəvvürlərinizə tabe etmədən - bu, öz rəyi ilə təfsir etməkdir - görəcəksiniz ki, ayənin məzmununa uyğun olan bilgi qapıları açılır. Quran deyir ki, məni başdansovdu oxumayın.43 Quran ən uca məqamdandır, varlıq aləminin bilgi zirvəsindəndir. Bu baxımdan, insan çox diqqət etməlidir. Ayələrin məzmunu olduqca dərin olduğundan, hamı onlardan bəhrələnə bilər; hətta Peyğəmbərin özü də. Peyğəmbər də ayələr üzərində diqqətlə düşünsə - sözsüz ki, Peyğəmbər və imamlar Quranı həmişə təfəkkür və diqqətlə oxuyurlar - Qurandan bəhrələnərlər.44

Allahın bəzi şanlı ayələri sanki uzun əsrlər boyu ya əsl mənada təfsir olunmamışdı və ya bizim və adi bəşər nəsilləri tərəfindən dərk edilməmişdi. Bu ayələr bizim inqilabımız zamanı və quruluşumuzun 10-11 illik dövründə izah olundu. Doğrusu da budur. Xüsusi hadisə və şəraitlər sözlər formasında olan ilahi həqiqətləri düzgün izah edə bilər. Misal üçün, Ühüd döyüşündə nazil olmuş ayələri normal və rahat bir şəraitdə tam anlamaq olmaz. Əziz Peyğəmbərin və o həzrətin səhabələrinin Əbu Talib dərəsində, yaxud Məkkə yolunda qürbəti zamanı nazil olmuş ayələri adi vəziyyətdə, evdə, bazarda və normal ailə həyatında düzgün dərk etmək olmaz. Bir çox ayələrin izahı üçün xüsusi şərait lazımdır. İnqilab şəraitində, peyğəmbərliyin əvvəlində, hicrət, cihad, şəhadət, zəhmət və fəaliyyət dövründə nazil olmuş ilahi ayələr məsum imamların açıqlamaları ilə daha yaxşı dərk edilir.45


Təhrifdən qorunmuş

Müqəddəs İslam dininin böyük bir üstünlüyü odur ki, onun ilahi vəhyi böyük Peyğəmbərin müqəddəs qəlbinə nazil olmuş eyni sözlərlə bu günə qədər bütün insanların ixtiyarında olmuşdur və bundan sonra da olacaq. İlahi vədin həyata keçməsi budur. O buyurub: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!46"47


Merac

Nəcm surəsində çox dəqiq, zərif və şirin bəhs var. "Batmaqda olan ulduza and olsun! Sizin yoldaşınız (Muhəmməd peyğəmbər) nə haqq yoldan sapmış, nə də azmışdır!"48 Çoxlu təfsirlərdə göstərildiyi kimi, bu, merac məsələsinə aiddir. Bu surə Peyğəmbərin daxili dəyişikliyinə və vəhyi alıcılıq halətinə toxunsa da, başqa bir məqsədlə nazil olmuşdur. Peyğəmbər öz merac səfəri haqda nə danışırdısa, qulaq asmırdılar. Ayə nazil oldu: "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan vəhydir. Onu çox qüvvətli olan öyrətdi".49 Olduqca böyük qüdrət sahibi ona öyrətmişdir... "Sonra bəndəsinə vəhy buyurduğunu vəhy etdi. Qəlb gördüyünü yalan saymadı".50 Peyğəmbərin qəlbinin müşahidə etdikləri ona yalan deməmişdir, o, düz görmüşdür. "Siz onunla gördüyü barədə mübahisəmi edirsiniz?!51"52


İlahi dövlət

Zülmətdə olan dünyanın Peyğəmbərin təvəllüdü, bu müqəddəs varlığın ilahi nuru ilə işıqlandığı gün bəşəriyyət üçün yeni tarixin başlanğıcı sayılmalıdır. Əmirəlmömininin buyurduğu kimi, o zaman zalım qanun və hakimlər səbəbindən səadət nuru sönmüşdü: "Dünya işıqsız qalmış, məkr və hiylə ilə dolmuşdu".53 Peyğəmbərin nuru əvvəldən xalq arasında haqq hakimiyətinin nişanələrini və qəti ilahi dəlilləri aşkarladı.54


Məzlumluq

İslam hərəkatı Məkkədən başlayanda, möminlərin məzlumluğu və müqaviməti ilə yanaşı olan bu sevinc və şövq öz işini görəndə şüasını saçdığı ilk yer Mədinə - ozamankı Yəsrib oldu. Peyğəmbərin və onun tərəfdarlarının Məkkədəki fəaliyyəti olduqca məzlumcasına idi; Allahın adını çəkir, tövhidə və düşüncəyə dəvət edir, qarşılığında isə döyülür, işgəncələrə məruz qalır və qətlə yetirilirdilər. Onlara qarşı müxtəlif təzyiqlər göstərilirdi. Sonda da Əbu Talib dərəsi hadisəsi baş verdi. Bu, Peyğəmbərə və müsəlmanlara göstərilən ən ağır təzyiqlərdən idi. Bunlar gizli qalmır. Düzdür, o zaman bugünkü kimi informasiya imkanları yox idi. Lakin Məkkə müxtəlif ərəb qəbilələrinin get-gəl etdiyi mərkəz idi. Taifdən, Yəsribdən və digər şəhərlərdən xüsusi günlərdə Məkkəyə gəlirdilər, Məkkə hadisələrindən və İslamdan xəbərdar olurdular. Haqq söz xüsusən də məzlumluqla birgə olanda öz işini görür, çıxarlı qəlblərdə nəhayət, təsir buraxır; xüsusən də haqq tərəfdarlarının davamlı səyi olduqda. Təbii ki, bu da vardı. Peyğəmbər möhkəm bir sütun kimi ortada dayanırdı və müsəlmanlar ona arxalanırdılar. Müsəlmanlar döyülürdülər də, işgəncə də olunurdular, qorxu, vahimə, müxtəlif məhrumluqlar və evdən qovulmalar da vardı, zadəgan uşaqları üçün irsdən məhrumluq, qul və kənizlər üçün ərbabları tərəfindən doyülmək də vardı. Lakin nə zaman hər hansı birinə təzyiq göstərilsəydi, dayaq kimi Peyğəmbərə üz tuturdu, əziz Peyğəmbər də mənəvi müqavimətlə və ilahi ruhla bütün kainata güc vermək iqtidarında olan tükənməz mənbədən ona qüvvə bəxş edirdi, ətrafındakı müsəlmanları qidalandırırdı və onlar möhkəm dayanırdılar.

Bu dirəniş öz işini gördü. Onun təsirinin əks olunduğu ilk yer Yəsrib idi. Bu, onların Peyğəmbəri dəvət etmələri ilə nəticələndi. Dedilər məkkəlilər sizi qəbul etmirlərsə, bizim şəhərimiz Yəsribə gəlin. Peyğəmbər də qəbul etdi. Əlbəttə, onlarla müqavilə bağladı, dedi ki, Yəsribə gəldikdə məni himayə etməli və qorumalısınız. O, hücumun olacağını, müharibənin baş verəcəyini proqnoz edirdi. Onlar dedilər ki, hazırıq, əgər Yəsribə gəlsən, canımız, ailələrimiz, mallarımız sənə sipər olacaq. Onların əksəri gənclər idi. Yəsrib gənclərinin bir qrupu dərin və möhkəm iman göstərdilər, Səd ibn Übadə və Səd ibn Məaz kimi bəzi böyüklər də elə etdilər; Peyğəmbəri dəvət edib şəhərlərinə apardılar, Yəsribin adını da dəyişib "Mədinə ən-nəbi" - yəni Peyğəmbər şəhəri qoydular.

Yaxşı diqqət yetirin. Bu məzlumluq, günahszılıq, yeni söz, parlaq simalar və hadisənin yeniliyi hamını təsir altına saldı, hamı həyəcanlandı. Sonralar hamıdan artıq inadkar olsalar da, hətta bəzi Mədinə yəhudiləri də əvvəldə təsir altına düşdülər. Yəni Peyğəmbərin belə xüsusi halda gəlməsinin özü - gələndə Qüreyş müsəlmanları buraxmadı, onları incitdi, təqib etdi, bəzilərini yolda mühasirəyə aldı və sair - onun Mədinədə daha təntənəli qarşılanmasına zəmin yaratdı.55


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə