Dəryadan bir damla1


İslam mədəniyyətinin əsasının qoyulması



Yüklə 1,68 Mb.
səhifə8/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

İslam mədəniyyətinin əsasının qoyulması


Erkən İslam çağı mədəniyyətinin yenidən öyrənilməsi

Əziz Peyğəmbərin uca tutulması yalnız hörmət üçün deyil; baxmayaraq ki, belə hörmət də faydalı və hətta lazımdır, lakin məsələ bundan yüksəkdir. Bu gün İslam dünyası xüsusən böyük İslam Peyğəmbərinin xatirəsini yaşatmağa həmişəkindən daha ehtiyaclıdır. Bəşəriyyət də bu mübarək ada, mübarək xatirəyə və təlimlərə ehtiyaclıdır. Lakin bütün bəşəriyyətdən öncə İslam dünyası, əsrlərlə özlərinin naməlum maddi sərvətləri üzərində ac yatan və sərvətləri digərləri tərəfindən qarət edilən xalqlar olaraq, özünün bu böyük mənəvi sərvətini yenidən öyrənməlidir. Bu gün İslam dünyası böyük mənəvi ehtiyatları yanında çoxlu problemlər içində yaşayır. Halbuki bu böyük ehtiyatlar, böyük sərvətlər onu xilas edə və ona yardımçı ola bilər.422



İslam sivilizasiyasının əsasının qoyulması


Erkən İslam çağında əziz İslam Peyğəmbəri, səhabələr və onun canişinləri Allaha güvənib böyük və tarixi bir mədəniyyətin əsasını qoya bildilər. Onlar da öz dövrlərinin böyük gücləri qarşısında zahirən kiçik idilər, amma iman onlara qüvvə bəxş etdi və bir neçə əsrə qədər tarix yaza bildilər. Biz nə üçün bacarmayaq?! "Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında) çox yüksəkdə durursunuz!"423 Şərti imandır.424

Peyğəmbər öz dövründə qısa bir müddətdə - 10 il ərzində böyük bir sivilizasiyanın bünövrəsini qoydu. Peyğəmbərin böyüklüyü bundan bəlli olur. Baxın, inqilabdan 22 il ötür, lakin o yolun onda birini getməmişik. Bu, Peyğəmbərin əzəmətidir. Nübüvvətin qüdrəti budur. İnsanları elə yetişdirdi ki, o kiçik cəmiyyətlə - bütün ölkə əvvəldə Mədinə kimi bir neçə min nəfərlik şəhərdən ibarət idi - böyük bir sivilizasiyanın bünövrəsini qoydu. Hicrətin 4-cü əsri, miladi tarixinin 10-11-ci əsrləri Avropanın Orta əsrlər çağıdır: mütləq qaranlıq. Bu əsrdə İslam dövləti qurulur, İslam sivilizasiyası yaranır, ibnsinalar, farabilər, xarəzmilər və digər böyük şəxsiyyətlər meydana çıxır, güclü dövlətlər, böyük siyasi güclər yaranır. Düzdür, təəssüf ki, onların çoxu fəsad və azğınlığa qərq oldular. Əgər onlar fəsada düçar olmasaydılar, Əli (ə) hökuməti qursaydılar, bu inkişaf əsrlər sonraya qədər davam edərdi. Lakin Peyğəmbərin qoyduğu bünövrə zaman boyu həmişə inkişaf edib, fundament möhkəmdir ki, üzərində çox böyük bina tikmək olar. Siz baxın, 4-cü əsrdə Asiyanın sonlarından Avropanın ürəyinə - Andalusa, bugünkü İspaniyaya qədər, qara Afrikanın yaxınlığına qədər bir neçə böyük İslam dövləti vardı.425

Böyük Peyğəmbərin özünün ixlaslı dostları ilə on üç il bütün çətinliklərə dözdüyü və İslam ağacının kök salması üçün məşəqqətləri qəbul etdiyi yer buradır... Müsəlman bu keçmiş barədə düşünməklə, onun hər bir anını yaşamaqla gələcəklə də qurucu rabitə bərqərar edir, həyat yolunu və məqsədini öyrənir, yolun təhlükələrini anlayır, bu hərəkətin sabahını eynilə görür, özünü ona hazırlayır, zəiflik və həqarət hissinə və düşməndən qorxuya qalib gəlir.426
İslam mədəniyyətinin yaranma şəraiti

Bədr qələbəsi, Ühüd məğlubiyyəti, Xəndək məşəqqəti və Hüdeybiyyə sınağı burada baş verdi. Burada ixlas və cihad qələbə çaldı, dünyagirlik və qənimət sevgisi uğursuzluq gətirdi. Burada Quran ayələri nazil oldu, gözəl İslam həyatı, İslam mədəniyyəti və sivilizasiyasının əsası qoyuldu.427

Tarixdə elə bir hadisə baş verdi ki, onu adi tarixi qaydalarla həll etmək qeyri-mümkündür. O da budur ki, bir zaman adi bəşər mədəniyyətindən məhrum olan bir xalq ən böyük bəşəri sivilizasiyalar yaradan bir təməl qurub.

Sivilizasiyaları kimlər yaradırlar? Bu gün - iyirminci əsrin sonlarında hələ də Avropanın öyündüyü, tarixində və elmi izahlarında fəxrlə hamıya göstərdiyi qədim Roma və Yunan mədəniyyətinin hər addımı qabaqkı addımlardan təsir götürmüşdür. Məgər quru bir səhradan böyük bir mədəniyyət yarana bilər?! Məgər belə bir şey mümkündür?! Amma İslamda belə oldu. Nəinki müxtəlif kitablar oxumağa və elmi yarışda yüksək yer tutan elmi nəzəriyyə irəli sürməyə səbəb olan savada malik olmayan, hətta oxumaq savadı belə olmayan şəxslər zəngin mədəniyyətin əsasını qoydular.428


Ümumi və əbədi örnək

Mədinə dövrü İslam quruluşunun əsasını qoymaq, tarixin bütün zaman və məkanları üçün İslam hakimiyyəti örnəyini qurmaq dövrüdür. Sözsüz ki, bu, ideal örnəkdir və onun kimisi heç bir dövrdə olmayıb. Lakin bu ideal örnəyə baxıb meyarları öyrənmək olaq. Bu meyarlar insanların, müsəlmanların quruluş və insanlar haqda mühakimələri üçün lazımdır. Digərlərinin ona nə qədər əməl edə, özlərini ona nə qədər yaxınlaşdıra bilmələri öz səylərindən asılıdır. Peyğəmbər nümunəni qurub bütün bəşəriyyətə və tarixə təqdim edir.429

Bu müqəddəs insan öz böyük peyğəmbərliyi zamanında belə bir dünya ilə üzbəüz oldu və çox ağır fəaliyyətlə insaniyyəti cəhalət, xurafat, fəsad, zülm, evyıxan təəssübkeşlik, bir-birinə hegemonluq və zülmdən çəkindirdi. Ümumiyyətlə, bəşəriyyətin vəziyyətini dəyişdirdi və dünyada yeni bir vəziyyət yaratdı. Bəllidir ki, son Peyğəmbərin işi bütün dünyanı islah etmək olmamışdır. O həzrət bu real nümunəni ilahi vəhydən alıb bəşərə verməli idi ki, həyatı boyu işlətsin, hər an istifadə etsin. Kimin işlətməsi və kimin tələf etməsi başqa bir mövzudur. O həzrət öz peyğəmbərliyini ideal şəkildə yerinə yetirdi, işini bitirdi və ilahi rəhmətə qovuşdu.430
Azadlıq, oyanış və xoşbəxtlik mesajı

Mədinəyə hicrət etməkdə Peyğəmbərin məqsədi o zaman bütün dünyaya hakim olan zalım siyasi, iqtisadi və ictimai mühitlə mübarizə aparmaq idi. Məqsəd təkcə Məkkə kafirləri ilə mübarizə deyildi, qlobal məqsəd idi. Əziz Peyğəmbər münasib şəraitə malik yer və zamanda cücərməsinə ümidlə, düşüncə və etiqad toxumunu səpməyə çalışırdı. Məqsəd azadlıq, oyanış və xoşbəxtlik mesajının bütün qəlblərə çatması idi. Bu, yalnız nümunə və örnək quruluş yaratmaqla mümkün olardı. Peyğəmbər bu modeli yaratmaq məqsədilə Mədinəyə gəldi.431

Peyğəmbərdən öncə ora Yəsrib adlanırdı, onun gəlişindən sonra isə "Mədinə ən-nəbi" - yəni Peyğəmbər şəhəri adlandırıldı. Peyğəmbər şəhərə daxil olduğu andan onun mühacirəti gözəl bahar yeli kimi şəhəri bürüdü, hamı sanki qurtuluş yarandığını duydu, qəlblər oyandı. Əhali Peyğəmbərin Qubaya daxil olduğunu eşitdikdə - Quba Mədinəyə yaxındır və o həzrət on beş gün orada qalmışdır – ürəklərində onu görmək şövqü daha da artdı. Əhalinin bəzisi Qubaya gedərək Peyğəmbəri ziyarət edib qayıdır, bəzisi də Mədinədə yolunu gözləyirdilər. Peyğəmbər Mədinəyə daxil olduqda bu şövq, bu xəfif və mülayim meh xalqın qəlbində bir tufana çevrildi və ürəkləri dəyişdirdi. Qəfildən hiss etdilər ki, onların etiqadları, duyğuları, qəbilə bağlılıqları və təəssübkeşlikləri bu kişinin simasında, rəftarında və sözündə məhv olmuşdur, yaradılış aləminin həqiqətlərinə və əxlaqi bilgilərə sarı yeni darvaza ilə tanış olmuşlar. Əvvəlcə qəlblərdə dəyişiklik yaradan, sonra Mədinə ətrafına qədər genişlənən, daha sonra Məkkənin təbii qalasını fəth edən, nəhayət, uzaq yollara qədəm qoyub o zamanın iki böyük imperiyasının dərinliklərinə gedən və getdiyi hər bir yerdə ürəkləri oyadan, insanların daxilində inqilab edən amil bu tufan idi.432
Sivilizasiyaların bazisi

Düzgün etiqad və düşüncələr

Təbii ki, belə bir quruluş üçün etiqadi və insani təməllərə ehtiyac var. Əvvəlcə düzgün etiqad və düşüncələr olmalı və belə quruluş onların üzərində qurulmalıdır. Peyğəmbər bu düşüncə və fikirləri on üç illik Məkkə dövründə tövhid sözü, insansevərlik və digər İslam təlimləri şəklində izah etmişdi. Sonra Mədinədə də bu uca düşüncə və təlimləri daim ona-buna anlatdı, öyrətdi.433


Xüsusi insanlar yetişdirmək

Belə bir quruluşun əsaslanması üçün növbəti mərhələdə insani təməl və şərtlər lazımdır. Çünki İslam quruluşu bir fərdlə qurulmur. Peyğəmbər bu kadrların bir çoxunu Məkkədə yetişdirmişdi. Bir qrup insan Peyğəmbərin böyük səhabələri idilər. Onların arasında dərəcə fərqləri vardı, amma hamısı on üç illik ağır Məkkə dövrünün məhsulu idilər. Bir qrup da Peyğəmbərin hicrətindən öncə Yəsribdə onun sözü ilə yetişmiş şəxslər idilər; misal üçün, Səd ibn Məaz, Əbu Əyyub və digərləri. Peyğəmbər Mədinəyə daxil olduğu andan kadr yetişdirməyə başladı. Bu uca binanın möhkəm sütunları olan layiqli idarəçilər, böyük, cəsarətli, imanlı, güclü və mərifətli insanlar tədricən Mədinəyə daxil oldular.434

Əziz Peyğəmbərdən və İslamdan qabaq əbuzərlər, miqdadlar və əmmarlar cahil və sapqın insanlar idilər. İslam günəşinin doğuşu Əmmarı elə böyük şəxsiyyətə çevirdi ki, özünün təxminən doxsan illik uzun ömrü boyu həmişə İslamın xidmətində durdu, daim Allah üçün çalışdı, zəhmət çəkdi. İslam Miqdadı, Əbuzəri və digər böyük insanları elə şəxsiyyətlərə çevirdi. Onlar kimlər idilər? Onlar bədəvi, ibtidai və cahil insanlar idilər.435

İslam ümmətinin ilk hüceyrələri ağır Məkkə günlərində Peyğəmbərin güclü əli ilə yetişdirildi. İslam ümməti bu möhkəm sütunlar üzərində dayanmalı idi; ilk möminlər, bu biliyə, cəsarətə və nüraniliyə malik olub Peyğəmbərin sözünü dərk edən və ona könül verən ilk şəxslər. "Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər".436 Hazır ürəklər və bu ilahi təlimlərə, ilahi əmrlərə açıq qapıları Peyğəmbərin güclü əlləri ilə yetişdirildi, zehinlər işıqlandı, iradələr günbəgün daha da möhkəmləndi.437

Bu gün elə bir gün deyil ki, biz din yolunda çalışmağa hazır olan dindar bir gəncin ömrünün bir gününün və ya bir saatının hədər getməsinə razı olaq. İslamın bəşəriyyətə düşüncə, təfəkkür və dünyagörüşə əsaslanan bir quruluş təqdim etdiyi bir zamanda belə bir gəncin ömrü hədər getməməlidir, o, İslamın inkişafı, yayılması və tanıtdırılması məqsədini təmin etməlidir.438
Ümmət yetişdirmək

Ümmət yetişdirmək işi on il sürdü. Bu iş yalnız siyasi sahədə deyildi. Bir hissəsi siyasi sahədə idi, digər əsas hissəsi isə insanları bir-bir tərbiyə etməkdə: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) onlara (Allahın) ayələrini oxuyar, onları mənən təmizləyər, onlara kitabı və hikməti öyrədər"439. Peyğəmbər (s) bir-bir bütün qəlbləri tərbiyə edirdi, bir-bir beyinlərə və ağıllara elm və bilik təlqin edirdi. "Onlara kitabı və hikməti öyrədər". Hikmət bir pillə üstündür. Onlara yalnız qanun-qaydaları, hökmləri öyrətmirdi, həm də hikmət öyrədirdi, həqiqətlərə gözlərini açırdı. Peyğəmbər (s) on il belə və bu üsulla hərəkət etdi; bir tərəfdən siyasət, İslam cəmiyyətinin idarəsi, müdafiəsi, İslamın əhatəsini genişləndirmək, Mədinədən xaricdəki qrupların tədricən və bir-bir İslamın və İslam təlimlərinin nurlu sahəsinə daxil olması üçün yol açmaq, digər tərəfdən də bir-bir insanların tərbiyəsi. Bu iki məsələni bir-birindən ayırmaq olmaz.440


Peyğəmbərin hakimiyyətinin əsas xətləri

Şəffaf və şübhəsiz bilgi

Əziz Peyğəmbər bir neçə əsas xətti olan bir quruluş qurdu. Birincisi şəffaf və şübhəsiz məlumatdır; dinə, hökmlərə, cəmiyyətə, vəzifəyə, Allaha, Peyğəmbərə və təbiətə dair aydın məlumat. Həmin məlumat elm və təhsillə sonuclandı və hicrətin dördüncü əsrində İslam dünyasını elmi sivilizasiyanın zirvəsinə çatdırdı. Peyğəmbər qaranlıq və şübhənin qalmasına qoymurdu. Bu barədə Quranda maraqlı ayələr var. Harada qaranlıq yaranırdısa, bir ayə nazil olub qaranlığı aradan qaldırırdı.441


Mütləq və güzəştsiz ədalət

İkinci əsas xətt mütləq və güzəştsiz ədalət idi; məhkəmədə ədalət, xüsusi yox, ümumi rəftarlarda - bütün xalqa məxsus olan və onların arasında ədalətlə bölünməli olan imkanlarda, ilahi cəzaların icrasında, vəzifələrdə, təyinatlarda və məsuliyyəti qəbul etmələrdə ədalət. Əlbəttə, ədalət bərabərlik deyil, səhv salınmasın. Bəzən bərabərlik zülm sayılır. Ədalət hər bir şeyi öz yerinə qoymaq və hər kəsə öz haqqını verməkdir. Peyğəmbərin dövründə İslam cəmiyyətində heç kəs ədalət çərçivəsindən kənarda deyildi.442

Ədaləti gözləmək, ədalətə dəyər vermək və ədalətin tələbinə əməl etmək bizim borcumuzdur və bu, İslam quruluşunun meyarı sayılmalıdır. Hər şey ədalətin şüası altında olmalıdır.

...Ədalət istəyi və ədalətin ardınca getmək dildə asandır, lakin əməldə o qədər müxtəlif maneələrlə üzləşir ki, hər bir hökumətin və quruluşun ən çətin işi cəmiyyətdə ədaləti təmin etmək olur. Ədalət yalnız iqtisadi ədalət deyil. Ədalət həyatın bütün işlərində və sahələrində olduqca çətindir. Buna əsasən, biz şiə olaraq bu dərsi yadda saxlamalıyıq ki, ədalət güzəştə gediləsi və bazarlıq ediləsi bir şey deyil və müxtəlif maraqlardan - fərdi, ictimai və siyasi maraqlardan heç biri ədalətlə bazarlıq ediləsi deyil.443


Kamil və şəriksiz bəndəlik

Əziz Peyğəmbərin yaratdığı quruluşun əsas xətlərindən biri də Allah qarşısında kamil və şəriksiz bəndəlikdir; yəni fərdi əməldə, qürbət qəsdinin vacib olduğu namazda, cəmiyyət qurmaqda, Allah bəndəliyinə əsaslanan quruluşda, xalqın həyat sistemində və ictimai münasibətlərdə bəndəlik. Bunun təfsilatı və izahı genişdir.444

Allah-Taala öz sevimlisi olan əziz və böyük Peyğəmbəri çətin sınağa çəkdi. Bu hadisədə ən çox təhdid olunan Peyğəmbərin öz hörməti və imici idi. Bu hadisə Əhzab surəsində bəyan olunmuşdur: "(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayırdın"445. Bu hadisədə ümumi rəy və duyğuların Peyğəmbərin əleyhinə təhrik olunması mümkün idi; yer ittiham yeri idi: "Və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində, sənin qorxmalı olduğuna ən çox layiq Allahdır"446. Allah Peyğəmbərinə deyir ki, onun-bunun sözünü nəzərə alırsan, halbuki Allahın sözünü nəzərə almalısan. Peyğəmbər də Allahın sözünü nəzərə aldı və bu böyük, çox ağır imtahanı dəf etdi. Burada bu möhtəşəm ayə qeyd olunur: "O Peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar"447. İlahi missiyanın təbliği üçün bu lazımdır. Bəzilərini ya səhv, ya yanlış dərk, ya da qərəzli təbliğat səbəbindən insanla qarşı-qarşıya qoyurlar. Mübarizədə insan ilahi qaydanı meyar seçməlidir. Odur ki, ayənin sonunda buyurur: "Allah Özü haqq-hesab çəkməyə kifayətdir"448. Bizim bu yolda hərəkətimizə dair mühakiməni O yürüdəcək. Əgər Allah belə mühakimə yürütsə, o zaman Onunla olmağın xüsusiyyətindən irəli gələrək, Allah-Taalanın özü ictimai rəyin düzəldilməsini də boynuna götürəcək: "Kim özü ilə Allahın arasını düzəltsə, Allah onunla xalqın arasını düzəldər"449. Allah-Taala Özü məsələnin bu hissəsini də öhdəsinə götürür; necə ki, Peyğəmbərdə öhdəsinə götürdü və həqiqəti aydınlaşdırdı.450
Eşq və məhəbbət

Eşq və məhəbbət İslam cəmiyyətinin əsas xüsusiyyətlərindəndir; Allaha eşq, Allahın xalqa eşqi; "(Allah) onları sevir, onlar da onu sevirlər"451; "Həqiqətən, Allah tövbə edənləri və paklanmışları sevər"452; "(Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin"453; həyat yoldaşına məhəbbət, övlada məhəbbət. Müstəhəbdir ki, övladı öpəsən, övlada sevgi göstərəsən, həyat yoldaşına eşq bəsləyəsən, məhəbbət bildirəsən, müsəlman qardaşlara məhəbbət göstərə və onları sevəsən. Həmçinin Peyğəmbərə və Əhli-beytə məhəbbət: "(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlara (Əhli-beytə) sevgidən başqa bir şey istəmirəm"454.

...Raşidi xəlifələri dövründə müsəlmanlar İslam dünyasının qərb bölgələrini - yəni Romanın bir hissəsini və indiki Suriyanı fəth etdikdə yəhudi və məsihilərlə elə rəftar etdilər ki, onların çoxu buna görə İslama yönəldilər. Bizim ölkəmizdə xalqın çoxu müqavimətsiz təslim oldu. Çünki müsəlmanların düşmənlərə qarşı mürüvvətini, mərhəmətini və əfvini müşahidə etdilər. Buna görə də özləri gəlib müsəlman oldular. Tarixə əsasən, müsəlmanlar Romaya gələndən sonra yəhudilər dedilər ki, and olsun Tövrata, biz həyatımız boyu belə xoş günlər görməmişdik. Məsihi hökumət onlara zülm edirdi. İslam gəldikdə isə İslam şəfqətini duydular. Bunlar tarixdə qalır. Tarixin istiqamətini müəyyənləşdirən bunlardır. Bir təfəkkür, mədəniyyət və sivilizasiyanın əbədiliyini təmin edən bunlardır.455
Xalqın mənəvi paklığı və təlimi

"Onlara kitabı və hikməti öyrətsin";456 bunun üçün kitab və hikmət elminin əziz Peyğəmbərin müqəddəs vücudunda yüksək həddə mövcud olması lazımdır. "Onları paklasın"; bunun üçün o pak vücudun bəşər təbiəti üçün ən yüksək həddində paklanmış olması lazımdır. O, bu qüvvə ilə bir dünyanı paklığa sarı apara bilər. Bu, müxtəlif ideologiya rəhbərlərinin, müxtəlif fəlsəfi, ictimai, siyasi və digər nəzəriyyələrin banilərinin məhrum olduğu məsələdir. Onların beyninə bir şey gəlir, təsəvvür aləmində bəzi məsələləri anlayır və xalqa təhvil verirlər; kimlərsə onlardan öyrənir, yaxud öyrənmir. Bu, peyğəmbərlərin yolundan fərqlidir.457

Bir cəmiyyət inkişaf etmək və düzgün İslam əxlaqına yiyələnmək istəyirsə, bu üsula ehtiyaclıdır. Bəlkə də "onları paklandırsın" ifadəsinin "onlara öyrətsin" ifadəsindən sonra, yaxud öncə bəyan olunduğu bir neçə Quran ayəsində paklandırmada məqsəd həmin məsələdir; yəni xalqı paklamaq və təmizləmək. Sanki bir həkim öz xəstəsinə təkcə bunu demir ki, bu işi gör və o işi görmə, hətta onu xüsusi yerdə saxlayır, ona lazım olanı verir, yedizdirir, zərərli olandan saxlayır. Əziz Peyğəmbər peyğəmbərliyinin iyirmi üç ilində bu üsulu izlədi; xüsusən Mədinədə yaşadığı onillik İslam hakimiyyəti dövründə.458

Əvvəldən sonuncuya qədər bütün peyğəmbərlər öz məqsədlərini təlim və mənəvi paklama kimi göstərmişlər: "Onlara kitabı və hikməti öyrətsin"459. Onlar insanları həm əqli və düşüncə cəhətindən, həm də psixoloji cəhətdən tərbiyə edirlər.460

Siz əziz Peyğəmbərin İslam dəvətinin bütün anlarındakı üsuluna nəzər salın. Mütləq qürbətdə olduğu, təkbaşına bütün cahiliyyət və küfr dünyası ilə mübarizə apardığı ilk günlərdən İslam hakimiyyətinin zirvəsinə - yəni Məkkə və Taifi fəth etdiyi, bütün Hicaza hakim olduğu günə qədər hər hansı münasibətlə hamını öz nəfsini paklamağa dəvət edirdi.461
Allah yolunda mübarizə və fədakarlıq

Bizim dövrümüzdə Allah yolunda şəhidlik və fədakarlığın dəyəri İslam tarixinin bir çox dövrlərindən böyükdür. Şəhadət həmişə dəyərlidir. Allah yolunda fədakarlıq həmişə böyük və qiymətli işdir. Lakin bu yaxşı və böyük iş bəzi şəraitlərdə, bəzi zamanlarda daha böyük, daha mühüm və daha dəyərli olur. Misal üçün, erkən İslam çağında fədakarlıq həqiqətən, çox dəyərli idi. Çünki o dövrdə İslam yeni ağac kimi idi; fədakarlıqlar olmasaydı, bəlkə də düşmənlər onu qoparardılar.

Şəhidlər ağasının dövründə fədakarlıq və şəhidliyin çoxlu dəyəri vardı. Çünki o zaman Peyğəmbərin zəhmətlərinin məhsulu həqiqətən, məhv olmaqda idi. Hüseyn ibn Əlinin (ə) və onun dostlarının fədakarlığı buna mane oldu.462


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə