Dəryadan bir damla1



Yüklə 1,68 Mb.
səhifə6/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   ...   20

Peyğəmbərin besəti


Peyğəmbərliyin əhəmiyyəti

Allahın son elçisinin peyğəmbərliyə çatması bəşər tarixində nurun doğuşudur.234

Biz peyğəmbərliyin məna və həqiqəti barədə bir söz deyə bilmərik. Bu bizim beynimizin fövqündə və qüsurlu ağlımızın imkanlarından xaricdir.235

Kimsə peyğəmbərliyin mənasını öz naqis ağlımız çərçivəsinə salmaq istəsə, şübhəsiz, peyğəmbərliyə, onun həqiqətinə cəfa etmiş olar. Bunu bizim qüsurlu dərk və baxışımız çərçivəsində məhdud etmək olmaz. Amma hər halda, biz peyğəmbərliyi bir cümlədə qısa tərif etsək, onun insan üçün olduğunu deməliyik. İnsan tükənməzdir, onun böyük cəhətləri var, cisim, maddə və bir neçə günlük dünya həyatı ilə məhdud olmur. O təkcə mənəviyyatla, müəyyən zamanla da məhdud olmur. İnsan həmişə və hər bir halda insandır, vücudunun cəhətləri tükənməz və naməlumdur. İnsan hələ də məchul bir varlıqdır. Peyğəmbərlik bu insan üçün, onun taleyi və hidayəti üçündür.236

Son peyğəmbərliyin başlandığı gün bəşəriyyət tarixində həqiqətən, ən böyük gün, ən qiymətli və ən üstün məfhum və dəyərlərin doğum günüdür. Məsələ burasındadır ki, burada xalqa hədiyyə olunan təkcə bir qədər quru məfhum və heç bir yolçunun olmadığı, heç kəsin rəhbərlik etmədiyi bir yolu göstərmək deyildi. Bu peyğəmbərlik ilk andan o həzrətin öz vücudunda və sonra bu sözə iman gətirənlərin ruhunda, canında və əməlində həyata keçdi, cahiliyyət ilk andan bu sözdən ziyan çəkdi və onunla mübarizə apardı.

Bizim peyğəmbərlikdə müşahidə və təsvir etdiyimiz onun zahiri tərəfidir. O ilahi və ruhani həqiqət Allah-Taala ilə üstün və seçilmiş bir insan arasında baş verən iş və bizim beynimizin imkanlarından xaricdir. Biz nəyin baş verdiyini anlamırıq. Hadisə bu baxımdan olduqca möhtəşəm və bizim üçün təsəvvürolunmazdır. Hər kəs gördüyündən və baxış dairəsinə sığandan öz dərki və təfəkkürü qədər bir şey anlayır.237


Peyğəmbərliyin məqsədləri

İnsanı özünə qaytarmaq

Bu hadisənin baş verdiyi zamandan onda iki aydın məqsəd vardı: Biri insanın mənəvi aləmini Allah-Taalaya yönəltmək üçün daxili və ruhani hərəkət yaratmaq; yəni iman, aləmlərin Rəbbinə diqqət, yaxud bir çox Quran ayələri kimi desək, zikr. Allah-Taalanın peyğəmbər vasitəsilə ilk növbədə insanlara verdiyi zikr, xatırlatma və insanın özünə qayıdışıdır. Bu, ilk addımdır. Bu olmayınca peyğəmbərlərin heç bir məqsədi həyata keçməz: "Sən yalnız zikrə tabe olanı qorxudursan".238 Kim özündə bu xatırlatmanı yaradıb ona tabe olsa, təbliğə, islaha, hidayətə, təkamülə və ictimai məqsədlər uğrunda mübarizəyə qabiliyyətli olar.239

Fəsadın kökü aləmin həqiqətinə diqqət yetirməməkdən ibarətdir. İnsan həyatının sirri, mənası və məğzi budur: başlanğıca və vəzifəyə diqqət yetirmək, ilham gözləmək, qeybdən hakim, qadir və ixtiyar sahibi olan başlanğıcın fərmanına qulaq asmaq. Məsələnin məğzi budur. Bu, Quranın başqa bir ifadəsinə görə qeybə iman adlanır: "Qeybə iman gətirən şəxslər"240. Möminlər maddi işlərə qərq olmur, həyatı yeyib-yatmaqda, ehtirasda, insani təmayüllərdə, hakimiyyətdə, vəzifədə və bu kimi işlərdə xülasə etmirlər. Bu, peyğəmbərlərin insanlara ilk hədiyyəsi və ilk məqsədidir.241
Tövhidə dəvət

İslam peyğəmbərinin ilk məqsədi tövhidə dəvət idi. Tövhid təkcə fəlsəfi və elmi nəzəriyyə deyil, həm də həyat tərzidir; Allahı hakim bilmək və müxtəlif qüvvələrin müdaxiləsinə son qoymaq. Bizim Peyğəmbərimizin və bütün peyğəmbərlərin əsas mesajı olan "Allahdan başqa heç bir tanrı yoxdur" sözünün mənası budur ki, həyatda, insanın yolunda və üsul seçimlərində tağut və şeytanların müdaxiləsi olmamalıdır, onlar insanların həyatını öz meyllərinə qurban verməməlidirlər.

Tövhid insan həyatında İslamın və bütün peyğəmbərlərin izah etdiyi həqiqi mənada həyata keçsə, bəşər həqiqi səadətə, dünya və axirət qurtuluşuna nail olar, dünya da abadlaşar, insanın həqiqi təkamülünə xidmət edər.242
Şeytan və tağutlarla düşmənlik

Digər tərəfdən, bütün insan düşmənləri, şeytan və tağutlar bəşəri bu gözəl həyatdan uzaqlaşdırmağa çalışırlar. Buna görə, iman, şeytan və tağutlarla düşmənlik bütün peyğəmbərlərin dəvətinin əsas hissələrindən olmuş, İslam peyğəmbəri də bu məqam üzərində dayanmışdır.243

Peyğəmbər o acınacaqlı durumu dəyişdirə bildi. Peyğəmbər ədalətsizlik və bəşəri nizamsızlıq qalalarında dərin yarıqlar aça bildi; onların bəzisini uçurdu, bəzisini uçmağa hazır vəziyyətə gətirdi. Peyğəmbərin qarşısında ən ağır və ən çətin reallıqlar vardı. Çirkinlik və fəsad güc, xəncər, iradə və siyasətlə silahlandıqda bəşəriyyətə böyük təhlükə yaradır.244

Quranın şərafətli ayələri zülmkarlara etimadı qadağan edir və öz ardıcıllarına buyurur: "Zülm edənlərə meyl etməyin, yoxsa sizə alov toxunar".245 Tağut zülmünə boyun əyməyi imana zidd sayıb buyurur: "(Ey Rəsulum!) Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur"246. Tağuta küfrü Allaha imanın yanında göstərir: "Hər kəs taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur"247. İslamın ilk şüarının tövhid - yəni bütün maddi və siyasi qüvvələrin, bütün canlı və cansız bütlərin inkarı olduğu halda, Peyğəmbərin hicrətdən sonra ilk işinin dövlət qurmaq və cəmiyyətin idarəsi olduğu halda, yenə də dinin siyasətdən ayrı olduğunu deyənlər tapılır.248


Bəşərin islahı

Peyğəmbərlik bəşər qarşısında yeni yol açdı: "Sizi zülmətdən nura çıxarmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur"249. Peyğəmbərlik insanları zülmətlərdən çıxarıb nura yönəltmək üçündür. Bu zülmətlər dünya miqyasında, insanların həyatında və bütün tarixdə yaranan bütün qaranlıqlara şamil olur: şirk və küfr zülmətləri, cəhalət zülmətləri, zülm, ədalətsizlik və ayrıseçkilik zülmətləri, İslam əxlaqından uzaq düşmək və əxlaq fəsadı bataqlığına bulaşmaq zülmətləri, qardaş qırğını, yanlış dərk zülmətləri və müxtəlif növlü qaranlıqlar. İslam insanları bu zülmətlərdən çıxarır və bəşər öyrənməklə, hərəkətlə, qərarla, düzgün düşünməklə və maneələri öyrənməklə tədricən bu yolu seçəcək.250

Ədalətsiz həyat bəşər tarixinin ən çirkli simalarında müşahidə olunandır. Uyğun vəziyyət bu gün də dünyanın müxtəlif yerlərində var. Sizin müxtəlif cəmiyyətlərdə gördüyünüz bütün fəlakətlər zülm və ədalətsizlikdən qaynaqlanır. Bu, zahirən bilinməyə də bilər, lakin məsələnin məğzi budur. Əgər dünyanın bir tərəfində uşaqların qida çatışmazlığından öldüklərini görürsünüzsə, məsələnin zahiri tərəfi yağışın yağmaması və quraqlıqdır, məğzi isə başqa bir şeydir. Məsələnin məğzi ədalətsizlikdir. Əgər o cəmiyyətə və bütün bəşər həyatına ədalət hakim olsaydı, insan həyatını elə tənzim edərdi ki, yaşamalı olsun, övladı o fəlakətə düşməsin və həyat bu qədər çirkin, ağrılı olmasın. İnsaniyyət ədalətsizlik səbəbindən bu dərdlərə düçar olmuşdur.251

İslam peyğəmbərinə vəhyin ilk anlarından cəmiyyətin islahı üçün bütün amillərə diqqət yetirildi. Mübarək Ələq surəsindəki oxumaq əmrindən sonra buyurur ki, insanı laxta qandan yaratdı.252 Ən böyük dərdi eqoistlikdən, üsyandan, təkəbbürdən və özünü ehtiyacsız görməkdən ibarət olan bəşərə xatırladır ki, sənin mənşəyin laxta qandır, sənə varlıq, kamillik və hörmət donu geyindirən Allahdır. Həmişə Ona bəndə olduğunu duymalı, itaətsizlik etməməli, ilahi dəyərlərə qarşı çıxmamalı, Allahı qoyub özünü həyatın komandiri saymamalısan. Bu, ilk sözdür. İki-üç ayədən sonra da buyurur: "Xeyr, insan azğınlıq edər, Özünün dövlətli (ehtiyacsız) olduğunu gördüyü üçün!"253 İnsanın özünü sərvətli görməsi, ehtiyacsız hesab etməsi onu tüğyana vadar edər. Baxın, bəşərin həmişəki dərdləri bunlardır.254

Mənəviyyata təmayül və mənəvi yüksəliş üçün şərait olduqca çoxdur. Biz Peyğəmbər kimi insanların yanına getməliyik. Peyğəmbər barədə buyurmuşlar ki, o, səyyar həkim olmuşdur.255 Yəni Peyğəmbər səyyar həkim kimi hərəkət edirdi. Həkimlər xəstəxanalarda otururlar və xalq onlara müraciət edir. Amma peyğəmbərlər oturub xalqın müraciət etməsini gözləmirdilər, özləri xalqa müraciət edirdilər; dərman çantalarında da həm məlhəm qoymaq, həm iynə vurmaq, həm də yaraya dağ basmaq üçün alətlər olmuşdur.256
Bəndə hakimiyyətinin inkarı və Allah hakimiyyətinin isbatı

Bəlkə də demək olar ki, din böyüklərinin və ilahi peyğəmbərlərin çəkdiyi bütün zəhmətlərdə məqsəd ilahi hakimiyyət qurmaq olmuşdur... Məqsəd budur ki, insanları bəndələrin, qulların hakimiyyətindən çıxarıb Allah hakimiyyətinə yönəltsinlər. Lakin Qədir-Xum bayramı və vilayət məsələsində iki əsas mərhələ var: Biri insani nəfs mərhələsidir. Yəni insan ilahi iradəni öz nəfsinə hakim və nəfsini Allah vilayətinə daxil etsin. Bu, ilk və əsas addımdır. Bu olmayınca ikinci addım da həyata keçməz.

İkinci mərhələ budur ki, ictimai həyatı Allah vilayətinə daxil etsin. Yəni cəmiyyət ilahi hakimiyyətlə hərəkət etsin və heç bir hakimiyyət - pulun, tayfa və qəbilənin, gücün, yanlış adət-ənənələrin hakimiyyəti Allah vilayətinə mane ola və onunla qarşı-qarşıya dayana bilməsin.257
İnsanın düz yola hidayəti

Tarix boyu bütün bəşər qayğıkeşləri, böyük bələdçilər, uca peyğəmbərlər, övliyalar və Allah yolunun mücahidləri insanlar üçün belə gözəl həyat yaratmağa çalışmışlar.258

İlahi dinlərin, peyğəmbərlərin bütün səyi, mənəvi yolu və böyük Allah adamlarının şəhadəti bəşəri düzgün yola çıxarmaqdan ötrüdür: bəşər Allaha sarı hərəkət etsin, mənən yüksəlsin, kamilləşsin, Allahla tanış olsun və öz gələcəyini, ölümdən sonrakı xoşbəxtliyini təmin etsin. "Dünya axirətin tarlasıdır".259 Mən və siz burada əbədi həyata hazırlıq görürük. Burada gördüyünüz hər bir iş – təhsil, təlim, mübarizə, idman, dünya qazancı, tikmək, abadlaşdırmaq, düşmənləri vurmaq düzgün yolda inkişaf məqsədilə olmalıdır.260
Amalları həyata keçirmək üçün hakimiyyətin vacibliyi

Din hakimiyyətlə birgə olsa, genişlənib yayıla bilər, məqsəd və arzuları həyata keçər, şüar seçdiyi amallar cəmiyyətdə yayılar. Hakimiyyət olmadan bunlar mümkün deyil. Məsələn, siz elə bilirsiniz nəsihətlə, tövsiyə ilə, yalvarmaqla, xahişlə cəmiyyətdə ictimai ədalət yaratmaq olar?! Hakimiyyət olmadan cəmiyyətdə və ya dünyada ictimai ədaləti, ayrıseçkiliyin aradan qaldırılmasını və qanun qarşısında bərabərliyi təmin etmək olar?!

...Deməli, sonrakı addım dövlət qurmaqdır. Lakin unutmaq olmaz ki, dövlət məqsəd deyil, amalları həyata keçirmək üçün vasitədir. Əgər dövlət qurulsa, lakin amalların gerçəkləşməsi istiqamətində bir iş görməsə, yolundan yayınmışdır. Bu, ümumi meyardır. Amalların həyata keçməsi illər sürə, onun qarşısında maneə və problemlər yaradıla bilər. Lakin dövlət və hakimiyyət mütləq şüar seçdiyi, Quranda və İslam hökmlərində mövcud olan məqsəd, amal və arzular istiqamətində olmalıdır. Əgər bu istiqamətdə olmasa, şübhəsiz, düzgün yoldan yayınmışdır. Meyar budur ki, ictimai ədalət və qanuna söykənən nizam-intizam yaransın, ilahi qayda-qanunlar hər yerdə bərqərar olunsun.261
İdeal tövhid cəmiyyətinin təsviri

Peyğəmbər Mədinəyə köçdü ki, belə quruluş qursun, onu nümunə kimi tarixə təqdim etsin, özündən sonra qiyamətə qədər tarixin hansı dönəmində kim bacarsa, bu işi təkrarlayıb ürəklərdə şövq yaratsın və insanlar belə bir cəmiyyəti arzulasınlar.262


Quranın ümumi istifadə üçün nazil olması

Quran hidayət, hikmət, əxlaq, həyat, siyasət və insani təkamül kitabıdır, dəyərli ilahi ayələr toplusudur. Quran tarix boyu bəşər nəsillərinin hidayəti üçün gəlmişdir ki, xalqı zülmətdən çıxarıb nura yönəltsin. Hər bir şeyin bəyanı bu kitabdadır. Bəşəri suallara cavab bu kitabda yerləşdirilmişdir. Bu, əbədi insan həyatı üçün yetərlidir.263


Din və siyasətin əlaqəsi

İslamın ilk şüarının tövhid - yəni bütün maddi və siyasi qüvvələrin, canlı və cansız bütlərin inkarı olduğu halda, Peyğəmbərin hicrətdən sonra ilk işinin dövlət qurmaq və cəmiyyətin idarəsi olduğu halda, həmçinin din və siyasətin əlaqəsinə hökm edən digər dəlillərlə yanaşı, yenə də dinin siyasətdən ayrı olduğunu deyən və İslama zidd olan bu sözü onlardan qəbul edən insanlar tapıldılar.264

Bu yolun başlanğıcı Peyğəmbər həyatının nəhayət, hökumətlə nəticələnən ilk on üç ilidir. Deməli, növbəti addım bu təfəkkürə və vəhyə əsaslanan quruluş qurmaqdır. Görürsünüz ki, bundan dini, xüsusən də İslam dinini hakimiyyətdən ayrı tanıtdırmağa çalışanların sözünün səhv olduğu açıqca ortaya çıxır. Əlbəttə, bütün dinlər bu cəhətdən eynidir, lakin bu iddia İslamın barəsində olduqca qəribə səslənir.265

İndiki dövrdə ən böyük şirk əlamətlərindən biri dünyanı axirətdən, maddi həyatı ibadətdən və dini siyasətdən ayırmaqdır. Sanki dünyanın tanrısı - Allaha pənah aparırıq - zalımlar, hegemonlar, soyğunçular, böyük güclər və cinayətkarlardır, Allahın bəndələrinə qarşı təkəbbürlülük və hegemonluq, məxluqlara zülm, insanları istismar və kölə etmək onların danılmaz hüququdur və hamı müti şəkildə onların fironluğu önündə baş əyməli, onların hegemonluğu, qarətçiliyi, cilovsuz meyl və iradəsi qarşısında təslim olmalı və etiraz etməməlidirlər. Çünki saray mollaları və Bələm Bauranın nəvələri fəryad qoparacaqlar ki, siyasətə müdaxilə etdiniz, İslamın siyasətlə nə işi var?!

Bu, şirkdir. Bu gün müsəlmanlar özlərini və İslamı bundan paklamalıdırlar. Təəssüfə səbəb olan budur ki, müsəlmanların illərlə qafilliyi və Quranın kənarda qalması təhrif əllərinin din adı altında hər bir batil sözü zehinlərə yerləşdirməsinə, Allah dininin ən aydın prinsipini inkar etməsinə və şirkə tövhid donu geydirib Quran ayələrinin məzmununu soyuqqanlılıqla inkar etməsinə səbəb olmuşdur.266

Bu ən əsaslı məsələlərdəndir. Keçmişdə bunu açıq söyləmirdilər, amma bu gün açıq şəkildə deyirlər ki, dini siyasətdən ayırmalıyıq. Biz deyirik ki, İslam dini və hətta bütün ilahi dinlərdə siyasət, elm, həyat və ictimai məsələlər vardır. Kimsə dinin bir hissəsinə etiqadlı olub əməl edə, digər hissəsinə isə etiqadsız ola bilməz. Din insan həyatının bütün sahələrini, o cümlədən siyasəti idarə edən amildir.267

Daim dinin siyasətdən ayrı olduğundan dəm vuran siyasətçilər və onlara kömək edib həmin sözü təkrarlayan din iddiaçıları indiyə qədər Quran ayələri, İslam tarixi və şəriət hökmləri üzərində düşünmüşlərmi? Fikirləşiblərmi, din siyasətdən ayrıdırsa, bəs nə üçün Quran bütün siyasi işləri, yəni hökuməti, qanunu, məişəti, müharibəni, sülhü, dost və düşmən təyin etməni və digər siyasət əlamətlərini Allaha, Allahın dininə və Allah övliyalarına aid edir?!

Yüzlərlə Quran ayəsində və səhih hədislərdə ən üstün dini vaciblər sırasında göstərilən, tərk edilməsi dünya və axirət bədbəxliyinə səbəb kimi təqdim edilən İslam cihadı nəyi əldə etmək və hansı dəyəri müdafiə etmək üçündür? Uğrunda cihad edilən gözəl həyat Allahdan qeyrisinin uğursuz hakimiyyəti altında yaşamaqdır?! Rəzil halda oturub zalımların və qeyri-ilahi dəyərlərin hakimiyyətinə tamaşa etmək, özünü xar etməkdir?! Əgər belə deyilsə, cihad Allah hakimiyyəti üçün, tağut hakimiyyətindən Allah hakimiyyətinə keçmək üçündürsə, bəs siyasətin dində və dini məqsədlərdə rolunu necə əhəmiyyətsiz saymaq, görməzliyə vurmaq olar?!268


İslam əxlaqı

Mütəvatir və məşhur hədisə əsasən, o həzrətin özü buyurub: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim"269. Peyğəmbərlik dünyada bu məqsədlə gerçəkləşdi ki, əxlaqi gözəllikləri və bəşərin mənəvi dəyərləri ümumiləşsin, təkmil olunsun.270

Peyğəmbər gözəl əxlaqa dəvət edirdi. Bu onun peyğəmbərlik həyatının başqa bir məqamıdır. Bu baxımdan demək olar ki, İslam və cahiliyyətin sərhədlərindən biri əxlaq məsələsidir.271

İslam dövləti və peyğəmbərlərin hakimiyyəti bunun üçündür: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim"272.

"Allah möminlərə lütf edib onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi"273. Mənəvi paklıq, kitab və hikmət öyrənmə insanın daxili dəyişikliyidir. İnsan öz yaranış məqsədinə çatmaq üçün peyğəmbərlərin göndərilmə məqsədinə nail olmalı, yəni dəyişməli, yaxşılaşmalı, bulaşıqlardan, rəzilliklərdən, eyiblərdən, insanın daxilində olub dünyanı fəsada çəkən narahatlıqlardan qurtulmalıdır. Bu, fərdin vücudu daxilindədir. Peyğəmbər bunun üçündür. Bir kəlamda buyurub: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim". Bu da həmin məsələyə qayıdır. Yəni insanın paklanması, mənəvi saflığı, insanı hikmətə sövq etmək, avam cahiliyyətdən hikmətli dərkə və həyata çatdırmaq. Bu, fərdə görə və fərdi həyat çərçivəsindədir.274
Fərdi və ictimai kamillik

İnsan ədalətsizliyin, zalım rəftarın, təcavüzün sayəsində, quldurluq və hegemonizmlə yaşaya bilməz. Bu, yaşayış deyil, cəhənnəmdir. Peyğəmbərlər həyatı cənnətə çevirmək üçün gəlmişlər. Əlbəttə, diqqətlə baxsaq, görərik ki, ictimai həyatda peyğəmbərlərin məqsədi olan bu ikinci amil də insanın fərdi sahədə mövcud olan məqsədə çatması üçündür; yəni daxili dəyişiklik və düzgün insan olmaq; yəni dünyada gördüyünüz hər bir şey ondan istənilən faydanı yetirsin. İnsan digərlərinə ziyan vurmaq, digərlərinin paxıllığını çəkmək üçün, hər şeyi mənimsəmək, digərlərini məhrum qoymaq, pislik etmək, kiçik məsələlərə yapışıb ideal və amalları unutmaq üçün gəlməmişdir. İnsan yaxşı, faydalı olmaq, hərəkət etmək və təkamülə sarı getmək üçün gəlmişdir. Əgər belə olsa və kamilliyə sarı hərəkət etsə, özünə və digərlərinə faydalı olsa, dəyişilmiş və paklanmışdır. Bunlar peyğəmbərlərin məqsədlərindəndir.275

Sonsuz salam olsun Allahın böyük peyğəmbəri həzrət Məhəmməd ibn Abdullaha (s)! O, özü ilə bəşərin xilas müjdəsini gətirdi, düzgünlük və səadət yolunu açdı, dünya və axirətin azadlığını, başucalığını möminlərə nəsib etdi. Həmçinin onun pak ailəsinə - bəşərin müəllimləri, kamil insan nümunələri, dünya və axirətdə cənnət yolunun yolçu və rəhbərləri olanlara, xüsusən də haqq höccət, dövrün imamı və dünyanın mütləq ümidi olan həzrət Höccət ibn Həsən Mehdiyə (ə) salam olsun!276

Peyğəmbərlik məsələsi dünyanın təbii bir həqiqəti və bəşəriyyət üçün qəti, qaçılmaz haldır. Sonuncu Peyğəmbərin peyğəmbərliyi ilə dünyada irəli sürülən haqq və ədalət amalları bundan ötrü deyildi ki, müəyyən bir zaman kəsiyində insanların bir qrupu qəbul etsinlər, bəşəriyyətin böyük bir hissəsi isə qəbul etməsin. Bunlar irəli sürüldü ki, dünyanı və insanı uyğun tərzdə islah etsin, bəşəriyyəti və onun ardınca bütün varlıq aləmini kamala çatdırsın. Və bu mütləq baş tutacaq.277

Son peyğəmbərlik bir tərəfdən bəşəri fərdi və mənəvi kamala çatdırmaq, digər tərəfdən ictimai həyatın inkişafı və cəmiyyətlərin islahı üçün praktik hərəkət idi.278
Təlim və mənəvi paklama

Peyğəmbərin dəvət etdiyi məsələlər tarixin bütün dövrlərində bəşərin ehtiyacı olan məsələlərdir. Peyğəmbər insanı elmə dəvət etdi. Quranın ilk ayələrində elm uca tutulur: "Oxu, yoxdan yaradan Rəbbinin adı ilə! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi"279. Əvvəl təlim məsələsini irəli sürür. Elm insanı xilas edən amildir, xüsusi zaman və məkana aid deyil, bəşər həyatının bütün dövrlərinə məxsusdur.280

Məbəs bayramı bəşəriyyət üçün yüksək və bənzərsiz xüsusiyyətlərə malik peyğəmbərliyin başlandığı gündür. Məbəs elm və bilgi bayramıdır. Peyğəmbərlik "Oxu" sözü ilə, "Oxu, yoxdan yaradan Rəbinin adı ilə!"281 ayəsilə başlandı, "İnsanları hikmətlə və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et!"282 ayəsi ilə davam etdi. İslam dəvəti əslində, tarix boyu bütün dünyaya hikmət ötürməkdir və peyğəmbərlik ədalət bayraqdarlığıdır.283

Şübhəsiz, bəşər elmi və sivilizasiyası, insanlar arasında yaxşı xarakterlər, yaxşı adətlər və bu kimi məsələlər zahirən dinlərə bağlı olmasa da, əsl köklərdə ilahi din və təlimlərdən qaynaqlanmışdır və onların başında əziz İslam Peyğəmbərinin təlimləri durur. Amma eyni zamanda, gələcəkdə daha çox olmaqla bütün bəşəriyyət bu faydalardan istifadə edəcək. Bu baxımdan, bəşər tarixində ən böyük, ən mühüm və ən dəyərli hadisə bu peyğəmbərlikdir.284

"Onları (pis əməllərdən) təmizləyən, onlara kitabı və hikməti öyrədən"285. Həm mənəvi paklama var, həm təlim. Dinin tərbiyə sahəsi həm bizim qəlbimizdir, həm beynimizdir, həm də əl-qolumuz: "Ey Peyğəmbər! Kafir və münafiqlərə qarşı vuruş, onlarla sərt davran!"286 Düşmən, işğalçı önündə, mənəviyyat nurunun və vəhyin yayılmasına mane olan şəxs qarşısında əl lazımdır: "Biz həddən artıq möhkəm olan və insanlara fayda yetirən dəmiri nazil etdik"287. Polad əllə, dəmir yumruqla, məğlubedilməz və sarsılmaz iradə ilə qarşılıq vermək lazımdır. Bunlar İslam ümmətinin bugünkü dərdlərinin əlacıdır.288
Dünyadan axirət üçün istifadə

Bizim bütün həyatımız, bütün dünyəvi fəaliyyətlərimiz axirətin bir hissəsidir. Dünya və axirət bir-birindən ayrı deyil. Pis olan bu dünya həyatına aid gündəlik maddi işləri pis niyyətlə görməkdir. Bəyənilməz dünya budur. Amma bu dünya o dünyadan ayrı deyil. Bu aləm o biri aləmin tarlasıdır. Tarla nə deməkdir? Məgər məhsulu tarladan başqa bir yerdə biçmək olar?! Bu, vəhdətin və birliyin son həddini çatdırır. İslam cəmiyyətində qəlblər Allaha yönəlməli, niyyətlər Allah üçün olmalıdır. Bu, İslamın xüsusiyyətlərindən və onun yayılmasının amillərindəndir.289

İslama görə dünya axirətin tarlasıdır. Dünya nədir? Bu baxışla dünya insandan və maddi aləmdən ibarətdir. İnsanların həyatı, fəaliyyəti, ağıl və biliyi, insanların hüququ, vəzifə və məsuliyyətləri, siyasəti, cəmiyyətlərin iqtisadiyyatı, tərbiyə, ədalət - bunların hamısı həyatın sahələridir. Bu mənada dünya vəzifə, məsuliyyət və din missiyasının əsas yeridir. Din bu böyük və rəngarəng səhnədə insan fəaliyyətlərini formalaşdırmaq, onlara istiqamət vermək, onları hidayət etmək üçün gəlmişdir. Bu baxımdan, din və dünya bir-birindən ayrılmazdır. Din öz missiyasını dünyadan başqa bir yerdə yerinə yetirə bilməz. Dinin yaradıcı və qurucu əli olmasa, dünya da mənəviyyat, həqiqət, məhəbbət və ruhdan uzaq olar. Dünya - yəni insanın yaşadığı mühit dinsiz olanda meşəyə, meşə həyatına çevrilir. İnsan bu böyük dünyada təhlükəsizlik və dinclik hiss edə, mənəvi ucalığa və təkamülə doğru gedə bilməlidir. Maddi güc haqlılıq meyarı sayılmamalıdır. Belə bir yerdə dindən başqa heç bir şey düzgün hakimiyyət vəzifəsini üzərinə götürə bilməz. Odur ki, dünyanı və dini bir-birindən ayırmaq məişəti, siyasəti və iqtisadiyyatı mənəviyyatdan ayırmaq, ədaləti və mənəviyyatı məhv etmək deməkdir. Həyatın imkanları, dünyaya səpələnmiş nemət, gözəllik, şirinlik, acı və kədər mənasında olan dünya insan inkişafına, təkamülünə vasitədir. Bunlar da dini baxımdan insanın kamilliyə, Allahın verdiyi istedadının aşkarlanmasına sarı getməsinə vasitələrdir. Bu mənada olan dünya dindən ayrı deyil; siyasət, iqtisadiyyat, hakimiyyət, hüquq, əxlaq, fərdi və ictimai münasibətlər dindən ayrı deyil. Bizim böyük imamımızın məntiqində də din və dünya bir-birini təkmil edir, bir-birinə qarışıb və bir-birindən ayrılmazdır.

Amma dünyanın başqa bir mənası da var. İslam ədəbiyyatında dünya nəfsi istəklər, eqoistlik, nəfsinin əsiri olmaq və digərlərini də öz nəfsinə əsir etmək mənasında işlənmişdir. Quran, hədislər və din böyüklərinin sözləri belə bir dünyanı məzəmmət və rədd edir. Bizim hədislərimizdə dinlə bir yerə sığmayan və rədd olunan dünya nəfsi istəklər, qürur, xudpəsəndlik və özünəpərəstişdir. Belə bir dünya fironun, Nəmrudun, Qarunun, şahın, Buşun, Səddamın, zalım hegemonların dünyasıdır. Bunlar məzəmmət olunmuş dünyanın və əxlaqi qəbahətlərin böyük təcəssümləridir. Lakin adi bir insanın da öz daxilində bir fironu ola, öz gücü və imkanları qədərincə fironluq, qarunluq, krallıq və imperatorluq edə bilər. Əgər imkanları çoxalsa, o da firon, Qarun və tarixin digər zalım və tağutları kimi olacaq. Belə dünya dinlə bir yerə sığmaz. Bu, hədislərin dilində dinin günüsü adlandırılmışdır; bir yerə cəm ola bilməzlər. Kiminsə belə bir dünyanı dinlə bir yerə cəm etməsi imkansızdır. Dini belə bir dünya ilə abadlaşdırmaq olmaz. Dini belə bir dünyaya xidmətçi etmək dinə xəyanətdir. İmam bizi dünayaya əsirlikdən də çəkindirirdi. Dini eynilə siyasət, iqtisadiyyat və eynilə dünya görən Böyük İmam daim xalqı və məmurları belə dünyadan çəkindirirdi.

Biz dünyanın bu iki mənası arasında fərq qoymalıyıq. Onun özü də ikinci mənada olan dünyanı bütövlüklə kənara qoymuşdu, nəfsin, qürurun və eqoistliyin ardınca gedən adam deyildi, amma birinci mənada olan dünyanı - yəni geniş həyat sahəsini İslam ədəbiyyatında olduğu və İslamın bizə öyrətdiyi kimi dinlə eyni və dinə uyğun bilirdi. Əmirəlmöminin buyurur: "Dünya Allah övliyalarının ticarət yeridir".290 Dünya Allah övliyalarının bazarlıq və qazanc yeridir, yaxud onların ticarət və qazancına vasitədir və mənəvi inkişaf üçün dünyadan istifadə edə bilərlər.291
Təbiət zülmətlərindən mərifət nuruna

Cahil həyatda insan Allah, mənəviyyat və qiyamət günü üçün çalışmır. İslam isə insanın bütün faəliyyətinin dünya həyatı ilə məhdudlaşmasına qarşı çıxır. Peyğəmbərliyin xüsusiyyətlərindən biri budur. Bunun əksi isə cahiliyyətdir.292


Ədalətin bərqərar edilməsi

Ədalətin bərqərar edilməsi, istənməsi, təbliği, ədalət üçün çalışmaq, hətta qeyri-müsəlman ölkələrində də ədaləti uca tutmaq və zülmü pisləmək İslamın xüsusiyyətlərindəndir. İslam həyatı, Peyğəmbərin səmərəli həyatı və İslam tarixi ən yaxşı zamanlarında, ən sağlam dövrlərində ədalətpərvərlik və ədalət axtarışından xəbər verir. Bu da peyğəmbərliyin səciyyələrindən biridir.293

Bəşər tarixinin əvvəlindən - yəni insanın ağıllandığı, düşündüyü və öz həyatını nizama saldığı zamandan bu günə qədər insanın ən böyük amalı ədalət olmuşdur. İndi bəziləri sülh şüarı verirlər. Düzdür, sülh çox yaxşı şeydir, lakin ədalətli olduqda yaxşıdır. Çoxları ədalətdən ötrü müharibəni seçir, ədalət naminə vuruşurlar. Deməli, ədalət sülhdən üstün və vacibdir.294

İslam dəvətində başqa bir məqam insanlar arasında ədaləti bərqərar etməkdən ibarətdir. Cahiliyyətin xüsusiyyəti belədir ki, onda zalım quruluş olar. O zaman da zülmkarlıq geniş yayılmışdı. Harada belə olsa, cahiliyyət var. İslam isə bunun əksini gətirdi, ədaləti bərqərar etməyi tapşırdı: "Həqiqətən, Allah ədalət və yaxşılıq etməyi buyurur".295

Peyğəmbərlər insanların xilaskarlarıdır. Məhz buna görə Quranda peyğəmbərlərin böyük bir məqsədinin ədaləti bərqərar etmək olduğu göstərilmişdir: "Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər"296. Ümumiyyətlə, ilahi kitab və elçilər cəmiyyətdə ədalətin hakim olması, zülmün, hegemonluğun, fəsadın ortadan götürülməsi üçün göndərilmişlər.297
Savaba müjdə və əzabdan qorxutmaq

İndi bu sual orataya çıxır ki, insanların bu mərhələyə çatması və maneələri aradan qaldırması üçün peyğəmbərlərin hansı proqram və göstərişi var. Quran ayələri cavab verir və əsl məqsədi açıqlayır: "Ey Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, müjdəçi və qorxudan kimi göndərdik! Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!"298 Ey Peyğəmbər! Səni işqlı çıraq, Allaha dəvət edən, xalqa ilahi savab müjdəsi verib onları ilahi əzabdan, qəzəbdən və bəşərin qarşısında pusqu qurmuş bədbəxtlikdən qorxudan etdik.299


Peyğəmbərliyin təsir və faydaları

Dəyərlərin ortaya qoyulması

Mən dəfələrlə demişəm ki, əsrlər sonra bəşəriyyət üçün müqəddəsləşən bir çox ideallar, o cümlədən bərabərlik, qardaşlıq, ədalət və demokratiya onun təlimlərinin bəhrəsidir. Digər dinlərin təlimlərində belə şeylər ya yoxdur, ya da ən azı aşkara çıxmayıb.300

O həzrət bəşərin müəllimi, təlim-tərbiyə, əmək və fəaliyyət bayraqdarı idi. O həzrət dünyada ədalət, humanizm, antidiskriminasiya və mənəviyyata diqqət fəryadını ucaltdı. Həmin fəryadın əks-sədası bu gün də dünyada eşidilir.301

Bu gün dünyada gündəmdə olan ideallar elə peyğəmbərimizin ideallarıdır; hərçənd çox zaman onların arxasınca əməl gəlmir. Misal üçün, ictimai ədalət, azadlıq, elm, tərəqqi, məişət səviyyəsinin yüksəlişi, həmçinin dövlət, xalq və ideoloqların bəyan etdiyi digər ideallar belədir. Bunlar peyğəmbərlərin və sonuncu peyğəmbərin sayəsində meydana çıxmışdır.302


Qurtuluş yolunu göstərmək

Bu gün bütün bəşəriyyətə, yəni bəhrələnə bilən hər kəsə faydalı gündür. Bu faydalar xüsusi bir zamana aid deyil. Bu gün də bəşəriyyət xalis tövhidə, İslam ədalətinə, İslamın ədalət proqramına ehtiyaclıdır.303

Siz görün bu iyirmi üç il necə səmərəli olmuşdur! İyirmi üç il uzun zaman deyil. Çoxları iyirmi, iyirmi üç, iyirmi beş il ərzində ortaya qoymalı bir iş də görməyə müvəffəq olmurlar, həyatları adətən şəxsi işlərlə keçir. Böyük insanların - alim, filosof və siyasətçilərin dosyesinə, onların iyirmi üç il ərzindəki fəaliyyətinə baxsanız, bunu təsdiq edərsiniz. Şəxsi bacarıq və istedadlar fərqli olsa da, bəlli deyil ki, çox böyük işlər görə bilsinlər. Amma görün bu qısa dövrün, əziz Peyğəmbərin mübarək ömrünün peyğəmbərlikdə keçən iyirmi üç ilinin səmərələri nə qədər çoxdur. Təkcə cahil regionda yox, cahiliyyətin, cahil əsrlərin ortasında elə çıraq yandırdı ki, işığı tarix boyu get-gedə artıb daha çox insana yardım edir, onları hidayətə qovuşdurur.304

Biz Qurani-kərimdə belə oxuyuruq: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara kitabı və hikməti öyrədər"305. Bu o demək deyil ki, son dinin və son peyğəmbərin gəlişi ilə bütün insanlar paklanacaqlar, yaxud paklanmışlar. Bu o demək deyil ki, bəşəriyyət Qurandan sonra daha zülmün, ayrıseçkiliyin, bədbəxtliyin və təkamülə maneələrin üzünü görməyəcək. Əgər Peyğəmbərin və İslam dininin ədalətin bərqərar edilməsi, məzlumların xilası, canlı və cansız bütlərin sındırılması üçün varlıq aləminə qədəm qoyduğunu deyiriksə, mənası o deyil ki, bu işıqlı günəşin doğuşundan sonra daha xalqa zülm olmayacaq, tağut olmayacaq və heç bir büt bəşər həyatına hökmranlıq etməyəcək.306

İslam insanları bu zülmətlərdən çıxarır və bəşər öyrənməklə, hərəkətlə, qərarla, düzgün düşünməklə və maneələri tanımaqla tədricən bu yolu tapacaq.307

Bəşəriyyətin zülmlə, yoxsulluqla, geriliklə, qardaş qırğını ilə və ağır dünya həyatı ilə nəticələnən bədbəxtlikləri, eləcə də dünyada ilahi nemətlərdən istifadə etməmək və insan həyatının digər anormallıqları - istər yalnız və yalnız bu dünya həyatına aid olanlar, misal üçün, insanın ehtiyacları, yemək və digər məsələlər, istərsə də insanın əbədi həyatına aid olanlar, misal üçün, bəşərin azğınlıqları, zülmləri, pis işləri, əxlaqi və əməli çirkinlikləri - bunların hamısı İslam dünyagörüşündə real şəkildə nəzərə alınmış və onlara çarə qılınmışdır. Buna görə bəşər bu dini və səadət proqramlarını anlasaydı, öyrənsəydi, onlara əməl etsəydi və təslim olsaydı, bu gün bütün bu fəlakət və anormallıqlar olmazdı.308

İddia edə bilərik ki, sonuncu peyğəmbərliyin başlanması bütün bəşəriyyətin bayramıdır. Çünki İslam təlimləri sayəsində bəşəriyyətin bütün əsas dərdləri üçün ən yaxşı müalicə imkanı yarandı. Əmirəlmöminin Peyğəmbər barədə buyurmuşdur ki, o, səyyar həkim olmuşdur; yəni onda bəşəriyyətin qədim əlacsız yaralarına məlhəm vardı309.310

Son peyğəmbərlikdən uzun əsrlər ötsə, dünya mütəfəkkirləri bu haqda çoxlu fikir bildirsələr də, mövzu hələ də müxtəlif cəhətlərdən tədqiqə və diqqətə layiqdir. Bu, bəşər tarixində, insanların xilası yolunda, nəfs, ruh və əxlaqın paklanmasında, bəşərin bütün dövrlərdə və indi də rastlaşdığı problem və bəlalarla mübarizədə irəliyə doğru böyük hərəkət idi. Bütün dinlər şər və fəsada qarşı çıxır, uca məqsədlərə yol açırlar. Müqəddəs İslam ayini isə daimi bir proqramdır və bəşər həyatının bütün dövrləri üçündür. Bu proqram effektivdir.

...Peyğəmbərlikdə məqsədin insanın xilası olmasının mənası başqa bir şeydir. Mənası budur ki, o, Peyğəmbərin və İslamın bütün dövrlər üçün xalqa verdiyi şəfalı proqramdır; insanların cəhaləti, zülm, ayrıseçkilik, güclülərin zəifləri tapdaması və yaranışın əvvəlindən bəşərin fəryad qopardığı bütün dərdlərə qarşı proqramdır.311

Tövhid və ədalət

İslamın böyük peyğəmbərinin doğum günü bu əziz insanın sonsuz faydaları barədə düşünmək zamanıdır. Bəlkə də demək olar ki, bu böyük təvəllüdün ən böyük faydası cəmiyyətlərə hədiyyə etdiyi tövhid və ədalətdən ibarətdir. İnsanlar elmin inkişafı və bəşərin böyük düşüncə tərəqqisi dövrü olan bu gündə də etiqad dünyasında şirkin əsiridirlər; hətta maddi baxımdan çox inkişaf etmiş ölkələrdə də. Deməli, tövhidə etiqad bütün faydaları ilə yanaşı, ilahi vəhylə hidayət olunmuş ağıldan başqa bir yolla əldə edilməyən nura ehtiyaclıdır. Bizim əziz Peyğəmbərimiz bəşəriyyətə bunu verd. Keçmiş peyğəmbərlər də vermişdilər. Tövhidə etiqad insanın canında, qəlbində, hətta həyatında faydalara malikdir. Bunlar barədə düşünmək, tövhidin təsir və faydalarına yaxınlaşmaq lazımdır. 312

Bu əziz insan vasitəsilə bəşəriyyətə verilən böyük ilahi hədiyyələrdən başqa birisi ədalət idi; ədalətsizlik görən insana ədalət hədiyyəsi. Tarixin əvvəlindən bu günə qədər hələ də bəşəriyyətin böyük bir problemi budur. Bu gündə doğulmuş əziz insanın bəşəriyyətə təqdim etdiyi din insanları həyatda tövhid və ədalət kimi dəyərlərə dəvət edir. Deməli, belə bir günün faydaları bütün bəşəriyyətə aiddir.313
Müsəlmanların birliyi

Mənim əzizlərim! Dünya müsəlmanları əziz Peyğəmbərin adı altında daha yaxşı və daha asan birləşə bilərlər. O həzrətin xüsusiyyəti bunu mümkün edir. Mən dəfələrlə demişəm ki, o həzrət müsəlmanların duyğularının birləşdiyi yerdir. Müsəlman öz peyğəmbərinə eşq bəsləyir. İlahi! Sən şahidsən ki, bizim qəlblərimiz Peyğəmbər sevgisi ilə doludur. Bu sevgidən istifadə etmək lazımdır. Bu məhəbbət mühüm amildir.314


İslamın məqsədlərinə sarı hərəkət

Doğrudur, bəşəriyyət bu günə qədər bu sözü öz həyatında tam şəkildə və bütün cəhətləri ilə icra edə bilməmişdir, lakin şübhəsiz, bir gün buna nail olacaq. Bu, insan üçün zirvə nöqtəsidir. Bu fərzlə ki, bəşəriyyətin düşüncəsi, dərki və biliyi inkişaf halındadır, İslamın sözü də diridir. Şübhə yoxdur ki, bir gün bu söz bəşər həyatında öz yerini tapacaq. Peyğəmbər sözünün və İslam tövhidinin haqq olması, İslamın həyat dərsi, səadət və inkişaf yolu bəşəri o nöqtəyə çatdıracaq, o işıqlı və hamar yolu tapacaq, o yolla hərəkət edib kamilləşəcək.315

Qaranlıq dünyanın müqəddəs Peyğəmbərin ilahi nuru ilə işıqlandığı gün yeni tarixin başlanğıcı sayılmalıdır. Əmirəlmöminin buyurub ki, o zaman zülmkar qanun və hakimlər ucbatından səadət nuru itmişdi.316 Peyğəmbərin nuru əvvəldən haqq hakimiyyətinin əlamətlərini və qəti ilahi dəlilləri aşkara çıxardı. Əziz Peyğəmbərin doğulduğu zaman baş verən qəribə hadisələrin simvolik mənası budur ki, bu mübarək insanın gəlişi ilə bəşər qarşısında bir yol açılır, bəşəriyyət xurafat zülmətlərindən və zülmkar quruluşlardan xilas olmalıdır. Kimlərin bu yolu seçməsi və qüdrətlə qət etməsi, kimlərin ondan üz döndərməsi və faydalarına qovuşmaması insanların iradə və istəyindən asılıdır. Onlar öz tale və gələcəklərini öz əlləri ilə seçirlər, lakin onların qarşısında bu yol da açılmışdır. Bundan əlavə, ilahi qanun da bəşərin ümumi hərəkətinin həmin uca məqsədlərə üz tutmasını hökm edir. Bu elə bir şeydir ki, bəşəriyyət zəruri və təbii şəkildə ona doğru gedir. Tarixin bütün hadisələrinin göstərdiyi kimi, bəşərin elmi tərəqqisi əziz İslam peyğəmbərinin təlimləri istiqamətində olmuşdur.317

Bu peyğəmbərlik və bu çeşmə canlıdır, axır və tarix boyu insanlara ilahi mərhəmət səbəbi olacaq. Allah-Taalanın Qurani-kərimdə dəfələrlə vəd verdiyi kimi, bu həqiqətin zühuru bəşər həyatına qalib olmaq, həyatı öz rəng və formasına salmaq üçündür. Və bu məqsəd gerçəkləşəcək: "Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur".

Sözsüz ki, bu məqsədə doğru hərəkət münasib şərait, səbəb və amillərlə baş tutur və biz buna sarı gedirik. Bəşər özü istəsə də, istəməsə də, hətta bilsə və bilməsə də, atdığı hər bir addımda peyğəmbərlik məqsədlərinə yaxınlaşır.

Bu gün dünyada gündəmdə olan ideallar elə peyğəmbərimizin ideallarıdır; hərçənd çox zaman onların arxasınca əməl gəlmir. Misal üçün, ictimai ədalət, azadlıq, elm, tərəqqi, məişət səviyyəsinin yüksəlişi, həmçinin dövlət, xalq və ideoloqların bəyan etdiyi digər ideallar belədir. Bunlar peyğəmbərlərin və sonuncu peyğəmbərin sayəsində meydana çıxmışdır.

Bu gün biz və bütün bəşəriyyət İslam peyğəmbərinin ideal və dəyərlərinə sarı hərəkət edirik. Biz İslam Respublikasında fəxr edirik ki, dinə və Qurana əməl edən, hökmlərini icra edən və tam həyata keçirməyə çalışan insan və xalqlardanıq. Biz fəxr edirik ki, bu həqiqəti tanımış, görmüş, ona eşq bəsləmiş, ona doğru hərəkətə başlamış və böyük həddə irəliləmişik. Bütün dünya və bütün bəşəriyyət həmin yolu keçməlidir və keçəcək.318



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə