Dəryadan bir damla1



Yüklə 1,68 Mb.
səhifə3/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   2   3   4   5   6   7   8   9   ...   20

Misilsiz şəxsiyyət

Əziz İslam Peyğəmbəri insani və bəşəri şəxsiyyət baxımından möhtəşəm, birinci dərəcəli və misilsiz bir şəxsdir. Uca əxlaqi səciyyələr, başucalığı, səbir və dözüm, dərd və əzablarla tanışlıq - bir uca insanın bütün müsbət ketfiyyətləri onda cəm olmuşdu.56


Peyğəmbərliyin sonluğu

Məbəs günü57 hamının bayramıdır, təkcə müsəlmanların bayramı deyil. Hər bir peyğəmbərin təvəllüdü və peyğəmbərliyi bütün bəşəriyyət üçün bayram və yeni gündür. İlahi peyğəmbərlərin hansı gəldisə, bəşərin sərgərdan karvanını kamilliyə, elmə, əxlaqa və ədalətə sarı apardı, onları insani kamal mərhələlərinə bir addım yaxınlaşdırdı. Tarix boyu bəşərin bütün ağıllı işləri peyğəmbərlərin təlimlərindən qaynaqlanır. İnsanların həyat qüdrətini təmin edən xarakterlərinin və əxlaqi dəyərlərinin hamısı peyğəmbərlərin təlimləridir. Tövhid və Allah qarşısında bəndəlik düşüncəsi peyğəmbərlərin dərsidir. Peyğəmbərlər insanlar üçün inkişaf, hərəkət və təkamül şəraiti yaratdılar. Əziz İslam Peyğəmbəri isə peyğəmbərlərin sonuncusu olub bəşəriyyətə heç zaman köhnəlməyən yeni söz gətirmişdir.58


5. Peyğəmbərlərin təsir və səmərələri

Şirk və bütpərəstlik əlamətlərinin zəifləməsi

Tarixi əsərlərdə göstərilir ki, Kəsra sarayının sütunu dağıldı, dünyanın müxtəlif yerlərində bütpərəstlik və şirk əlamətləri titrədi. Əgər bunlar doğru olsa, bəlkə də Allahın qüdrətini göstərmək üçündür. Zülm və fəsadın bütün təməllərini dağıtmalı, elmi xurafatdan, sivilizasiyanı fəsad və zülmdən təmizləməli olan bir gücün gəlişinin simvolik elanıdır.59

Allah-Taala əziz Peyğəmbərdən ibarət ən böyük ilahi ehtiyatı meydana gətirdi. Bu, bəşərin taleyində təyinedici bir dönəm idi. Peyğəmbərin təvəllüd əlamətləri barədə demişlər ki, o həzrət anadan olanda Kəsra sarayının sütunları dağıldı, əsrlərlə yanan Azərgəşəsb atəşgahı söndü, o zaman bəzi adamların müqəddəs saydığı Savə gölü qurudu və Kəbənin ətrafındakı bütlər aşdı.60

Tamamilə simvolik olan bu əlamətlər bu böyük varlığa, bu uca və misilsiz şəxsiyyətə varlıq donu geyindirməkdə ilahi iradə və qanunun istiqamətinin göstəricisidir. Bu simvolik hadisələrin mənası bəşərin istər zalımların hakimiyyəti, - qədim İran və Romada belə idi - istərsə də Allahdan qeyrisinin ibadəti ilə yaranmış rəzilliyinin bu mübarək qədəmlərlə bitməsidir. Bəşər bu mübarək insanın əli ilə azad olmalıdır; həm tarix boyu zalım hakimlər tərəfindən məzlum insanlara edilən zülm zəncirindən, həm də insanı özündən əskik varlıqlar və ya digər insanlar qarşısında kiçildən, xar və müti edən xurafatların, yanlış etiqadların zəncirindən. Odur ki, Quran ayəsi son peyğəmbərlik barədə buyurur: "Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ey Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!"61

"Bütün dinlərdən üstün etmək" müəyyən zamana aid deyil, istiqaməti göstərir. Bəşəriyyət bu hadisədən sonra mənəvi, ictimai, həqiqi və əqli azadlığa sarı hərəkət etməlidir. Bu iş başlandı və davamı biz insanlardan asılıdır. Bu da yaranış aləmində başqa bir qanundur.62
İlahi rəhmətin nazil olması

Bu böyük təvəllüd bəşəriyyət üçün ilahi rəhmətin ən üstün nümunələrinin doğuşu idi. Çünki o həzrətin varlığı və bu böyük Peyğəmbərin göndərilməsi Haqq-Taalanın bəndələrə mərhəmətidir. Bu təvəllüd mərhəmət təvəllüdüdur. Həm də İslam dünyası dərk etməlidir ki, bu mərhəmət bitən deyil, davamlı mərhəmətdir.63


Müsəlmanların təkamülə sarı hərəkəti

Əziz Peyğəmbərin şəxsiyyətinin müxtəlif cəhətlərini heç bir insan tam bəyan etməyə qadir deyil. Aləmlərin Rəbinin seçdiyi və tarixin bütün peyğəmbərlərinin sərvəri olan insan haqda bildiyimiz yalnız ümumi təsəvvürdür. Amma müsəlmanların kamilliyə doğru hərəkətini təmin etmək, onlara bəşər təkamülünün ən uca zirvəsini göstərmək, habelə onları İslam birliyinə və onun ətrafında toplaşmağa həvəsləndirmək üçün bu qədər tanışlıq da yetər. Bu baxımdan, dünyanın bütün müsəlmanlarına tövsiyəmiz budur ki, Peyğəmbərin şəxsiyyətinin müxtəlif cəhətləri, həyatı, davranışı, əxlaqı və təlimləri üzərində çox işləsinlər.64


İslama təmayül

...Dünyada çoxlu insanlar var ki, İslam peyğəmbərini müsəlmanların tanıdığı qədər və hətta ondan da az tanısalar, yəni həqiqətən, o nurlu çöhrənin yalnız kölgəsi onların qəlbində aşkara çıxsa, İslama və İslam mənəviyyatına etiqad və təmayülləri təmin olunar. Biz bu məsələ üzərində işləməliyik.65


Müsəlmanların birliyi

Əziz İslam peyğəmbəri həmişə ən böyük vəhdət amili olmuşdur və bu gün də ola bilər. Bütün müsəlmanların o müqəddəs insana etiqadı sevgi və eşqlə yanaşıdır. O, müsəlmanların qəlblərinin ünsiyyətinə və İslam firqələrinin bir-birinə yaxınlaşmasına səbəb olan amillərdən sayılır.66




  1. Peyğəmbərin əxlaqı və davranışı

Peyğəmbərin əxlaqı şəxsi və hökumət əxlaqına bölünür; yəni bir insan və bir dövlət başçısı kimi. Əlbəttə, bunlar o həzrətin vücudunda olanların bir hissəsidir. Bu yaxşı və gözəl xüsusiyyətlərin dəfələrlə artığı onda mövcud olmuşdur. Mən onların bəzisini deyəcəyəm. O həzrət əmanətdar, doğrudanışan, dözümlü, səbirli, alicənab idi, bütün şəraitlərdə məzlumları müdafiə edirdi, işində düz idi. Onun xalqla rəftarı sədaqətə, səmimiyyətə və düzgünlüyə əsaslanırdı. Gözəl danışırdı, acıdil deyildi və kimsəni zəhərləmirdi, iffətli idi. İslamdan öncəki fəsad dolu mühitdə keçən gəncliyində də paklığı və həyası ilə məşhur olmuşdu. Onun paklığını hamı qəbul edirdi. Zahiri təmizliyə diqqət yetirirdi; təmiz paltar, təmiz üz, və təmiz rəftar. Cəsarətli idi, düşmənin heç bir cəbhəsi onu qorxutmurdu. Açıq danışan idi, sözünü açıq və düzgün şəkildə deyirdi. Məişət məsələlərində zahid, sadə və təqvalı idi. Bağışlayan idi, həm mal bağışlayırdı, həm intiqam; yəni intiqam almır, əfv edirdi.

...Çox mehriban, bağışlayan, təvazökar və ibadətçi idi. O həzrətin bütün həyatında - yeniyetməlik çağından altmış üç yaşında vəfatına qədər bu xüsusiyyətləri onda görmək olar.67


Şəxsi əxlaq

Allah bəndəliyi

Peyğəmbər elə məqam və əzəmətlə yanaşı, öz ibadətini unutmurdu, gecə yarısı ağlayırdı, dua edir və bağışlanmaq istəyirdi. Ümm Sələmə bir gecə gördü ki, Peyğəmbər yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: "Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!"68 Ümm Sələməni ağlamaq tutdu. Peyğəmbər onun ağladığını görüb dedi ki, burada nə edirsən? Dedi: "Ey Allahın Rəsulu! Allah-Taala səni bu qədər üstün tutmuş və günahlarını bağışlamışdır - "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq"69 - nə üçün ağlayır və deyirsən ki, bizi özümüzə tapşırma?" Peyğəmbər buyurdu: "Əgər Allahdan qafil olsam, məni nə qoruya bilər?!" Bu bizə dərsdir: zəfər və məğlubiyyət, rahatlıq və sıxıntı zamanı, düşmənin insanı mühasirəyə aldığı, bütün gücünü nümayiş etdirdiyi zaman - bütün hallarda Allahı yad etmək, Allahı unutmamaq, Allaha arxalanmaq və Allahdan istəmək! Bu, Peyğəmbərin bizə böyük dərsidir.70

Fatimənin (ə) atasının da - bütün məsumların fəzilətlərinin mənbəyi və qaynağı odur; Əmirəlmöminin və Fatimeyi-Zəhra (ə) da Peyğəmbərin vücud dəryasından damlalardır - Allah yanındakı dəyəri bəndəliyinə görədir: "Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh" - Şəhadət verirəm ki, Məhəmməd (s) onun bəndəsi və elçisidir. Əvvəl bəndə, sonra isə elçi olması gəlir. Ümumiyyətlə, uca mənsəb olan elçilik ona bəndəliyinə görə verildi.71
İbadət və əfv diləyi

Peyğəmbər ömrünün sonuna qədər şəban ayını uca tuturdu, bu ayda oruc və ibadətə vərdiş etmişdi. Məfatih kitabında mövcud olan salavatın ardınca Allahdan istəyirik ki, Peyğəmbərin şəban ayındakı bu ənənəsini davam etdirməyi bizə nəsib etsin.72

Çoxlu ibadət etməkdən ayaqları şişirdi. Gecələrin əsas hissəsini oyaq qalıb ibadətlə, münacatla, ağlamaqla, əfv diləməklə və dua etməklə keçirirdi, Allah-Taala ilə raz-niyaz edirdi; ramazan ayından başqa şəban ayında, rəcəb ayında və ilin digər vaxtlarında da həmçinin. O, isti havada iki gündən bir oruc tuturdu. Səhabələri deyirdilər ki, ey Allahın rəsulu, axı sən günah etməmisən, - Fəth surəsində deyilir ki, Allah onun öncəki və sonrakı günahlarını bağışlayır73 - nə üçün bu qədər dua və ibadət edir, bağışlanmaq istəyirsən? Belə buyururdu: "Şükür edən bəndə olmayımmı?!"74 Mənə bu qədər nemət vermiş Allaha minnətdarlıq edən bəndə olmayımmı?!75
Allahı həmişə yad etmək

Əziz Peyğəmbər öz ruhani qüdrəti ilə daim raz-niyaz, zikr və təvəssül halında idi.76

Əziz Peyğəmbərdən nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.77 Müxtəlif hadisələrlə qarşılaşdıqda Allah-Taalanı yad etmək möminin əlində kəsərli bir silahdır. Buna görə də, İslam Peyğəmbəri döyüşdə bütün lazımi işləri görür, əsgərləri düzür, qoşunu nizama salır, onlara lazımi tövsiyələri verir, komandanlıq edirdi. Lakin eyni zamanda meydanın ortasında diz çökür, əlini göyə qaldırıb dua, münacat edir və Allah-Taaladan yardım istəyirdi.78
Allaha arxalanmaq

Bizim böyük Peyğəmbərimiz düşünmürdü ki, çətin anlarda Allaha yalvarması və kömək istəməsi dinləyicilərdə, şahidlərdə, baxanlarda onun gücsüz olduğuna dair təsəvvür yarada bilər. Açıq şəkildə deyirdi ki, mən öz-özlüyümdə gücsüzəm və Allahın yardımı olmadan bir iş görə bilmərəm. Əhzab döyüşündə bütün düşmənlərin hər tərəfdən Mədinəni, Peyğəmbəri və möminləri mühasirəyə aldığı, İslamı, Quranı və yeni sözü kökündən məhv etmək istədiyi zaman hərbi intizamla, işlətdiyi çox sayıq tədbirlərlə və xalqı müqavimətə həvəsləndirməklə yanaşı, xalqın gözü önündə dizlərini yerə qoydu. Bu iş dəfələrlə təkrar olunub, tarix kitablarında mövcuddur. Peyğəmbər əlini qaldırıb yalvarır, göz yaşı tökür və deyirdi ki, İlahi, bizə kömək et və bizə uğur bağışla.79


Allahdan qeyrisindən qorxmamaq

Allah-Taala bütün səhnələrdə Peyğəmbərin yadında idi və o bütün səhnələrdə Allahdan yardım dilədi, istədi, Ondan qeyrisindən qorxmadı və vahiməyə düşmədi. Peyğəmbərin Allah qarşısında bəndəliyinin əsas sirri də budur: Allah qarşısında heç bir gücü saymamaq, heç kimdən qorxmamaq, digərlərinə görə Allah yolundan dönməmək. Bizim cəmiyyətimiz Peyğəmbərin bu əxlaqından dərs götürüb İslam cəmiyyətinə çevrilməlidir.80


Nizam-intizam

Peyğəmbər uşaqlıqdan təmizkar idi. Məkkə uşaqlarından fərqli olaraq, təmizkar və səliqəli idi. Yeniyetməlik dövründə saçını darayırdı, gənclik dövründə saçını və saqqalını darayırdı, İslamdan sonra, 50-60 yaşlı bir kişi olduğu zaman da təmizliyə tam riayət edirdi. Mərcəyinə çatan saçı təmiz olardı, gözəl saqqalı təmiz və ətirli olardı. Rəvayətdə gördüm ki, öz evində bir su küpü vardı və onda mübarək üzünə baxırdı. O, müsəlmanların, yoldaş və dostlarının yanına gedəndə əmmaməsini və saqqalını mütləq səliqəyə salır, təmizləyir və sonra çıxırdı.81 Həmişə ətirlənirdi. Çox sadə yaşayışına rəğmən, səfərlərdə özü ilə daraq, ətir və sürmə götürürdü. O zaman kişilərin gözlərinə sürmə çəkmələri adət idi. Hər gün bir neçə dəfə dişlərini fırçalayırdı. Digərlərini də bu təmizliyə, dişlərini fırçalamağa, səliqəli olmağa çağırırdı.82

İslamda gözəllik məsələsinə əhəmiyyətli yanaşılmışdır. Çox eşitmişik ki, Allah gözəldir və gözəlliyi sevir.83 Zahiri görkəmi düzəltmək haqda çoxlu rəvayətlər mövcuddur. Nikah kitablarında kişi və qadının özlərinə fikir vermələrinə dair geniş söhbətlər açılır. Bəziləri elə bilirlər ki, misal üçün, kişilər saçlarını qırxdırmalıdırlar. Xeyr, şəriətdə gənclər üçün saç saxlamaq müstəhəb əməldir. Hədisdə göstərilir ki, gözəl saç ilahi nemətlərdəndir. Yaxud misal üçün, rəvayətdə var ki, Peyğəmbər dostlarının yanına gedəndə su qabına baxır və özünü səliqəyə salırdı. Peyğəmbərin su qabı vardı, dostlarının yanına gedəndə ondan güzgü kimi istifadə edirdi. Bu onu göstərir ki, səliqəli görkəm, yaxşı paltar və gözəllik İslam şəriətində bəyənilmişdir. Lakin pis və zərərli olan onların fitnə-fəsada və özünü göstərməyə vasitə olmasıdır.84
Vüqar və heybət

Peyğəmbər ilahi və təbii heybətə malik olsa, insanlar onun yanında özlərini itirsələr də, o, xalqla mehriban davranırdı.85


Təmizlik və paklıq

Sadə geyinərdi, qarşısında hansı yemək olsaydı və nə hazırlansaydı, yeyərdi, xüsusi yemək istəməzdi. Xoşuna gəlmədiyi üçün heç bir xörəyi qaytarmazdı. Bütün bəşəriyyət tarixində bu xarakterlər bənzərsizdir. Yaxşı rəftarla yanaşı, zahiri və mənəvi təmizliyin zirvəsində dururdu. Abdullah ibn Ömər deyir ki, Peyğəmbərdən daha çox bağışlayan, başqalarına daha çox kömək edən, daha cəsarətli və daha işıqlı bir kəs görmədim86.87


Geyimdə sadəlik

Rəvayətdə göstərilir ki, Peyğəmbərin köhnə və qaranlıq otağında bir su küpü qoyulmuşdu. O həzrət nə zaman dostlarının, səhabələrinin yanına getmək istəsəydi, aynaya baxır, əmmaməsini düzəldir və saqqalını darayırdı. Peyğəmbər nə üçün əmmaməsini səliqəyə salırdı? Nə üçün saqqalını səliqəyə salırdı? Nə üçün saç-saqqalı səliqəyə salmaq və daramaq haqqında bu qədər hədis var? Səbəb nədir? Rəvayət var ki, Peyğəmbər əmmamə bağlayırdı və onun təhtülhənəkini də asırdı. Bunların əhəmiyyəti nədir? Əhəmiyyəti ondadır ki, bizə nizam-intizamlı və səliqəli olmaq dərsini öyrədir.88

Deməyiblər ki, bahalı paltar geyinin; ümumiyyətlə, bahalı paltar geyinməniz lazım deyil. Əksinə, nə qədər sadə geyinsəniz, bir o qədər yaxşıdır. Amma həmin sadə paltar təmiz, səliqəli olsun, çirkli, düyməsi qopmuş, düyməsi açıq olmasın. Səliqədə və zahiri gözəllikdə məqsəd bunlardır.89

Bəzi adamların səhvi budur ki, səliqəli görkəmin dəbdəbə və israfla yanaşı olduğunu güman edirlər. Xeyr, yamaqlı və köhnə paltarla da səliqəli və təmiz olmaq mümkündür. Peyğəmbərin paltarı yamaqlı və köhnə idi, amma həm paltarı, həm başı və üzü təmiz idi. Bunlar davranış, rəftar, xarici görkəm və gigiyena üçün çox mühüm məsələlərdir. Bunlar zahirən kiçik, əslində isə çox təsirlidir.90


Sabit və möhkəm

Hakimiyyət və ümumi sərvət onu dəyişdirmədi, çətinlik zamanı və çətinliyin aradan qalxdığı dövrdə rəftarı fərqlənmədi.91


Həya və iffət

İslamdan öncəki fəsad dolu mühitdə keçən gəncliyində iffət və həyası ilə məşhur olmuşdu. Onun iffət və paklığını hamı qəbul edirdi... Çox ədəbli idi. Heç zaman kiminsə yanında ayağını uzatmazdı. Heç zaman kiməsə hörmətsizlik etməzdi. Çox həyalı idi. Kimsə onu lazım bildiyi bir işindən ötrü məzəmmət etsəydi – belə nümunələr var - xəcalət və həyadan başını aşağı salardı.92


Əfv və bağışlamaq

Nəql etmişlər ki, mədəniyyətdən, adi rəftar və əxlaq qaydalarından heç nə anlamayan bir səhra ərəbi öz bədəvi kobudluğu ilə Peyğəmbərin yanına gəldi. O həzrət ya məsciddə, ya da yolda səhabələrinin arasında idi. O, Peyğəmbərdən bir şey istədi, Peyğəmbər də ona kömək etdi, misal üçün, pul, yemək və ya paltar verdi. Bunu ona bağışlayanda dedi ki, yaxşı oldumu? Razı qaldınmı? O kişi öz bədəvi kobudluğuna, belə şəxslərdə olan açıqlıq və nəzakətsizliklə və yəqin ki, verilənin az olduğunu düşündüyünə görə dedi ki, xeyr, heç bir iş görmədin, əsla yaxşılıq etmədin.

Təbii ki, Peyğəmbərə qarşı belə kobud rəftar səhabələrə görə çox xoşagəlməz bir şey idi. Hamısı əsəbiləşdi. Peyğəmbərin ətrafında olan bir neçə nəfər qəzəblə ona nəsə demək istədilər, Peyğəmbər isə buyurdu ki, onunla işiniz olmasın, mən bu məsələni həll edəcəyəm. Oradan getdi və səhra ərəbini də özü ilə evə apardı. Bəlli olur ki, Peyğəmbərin ona vermək üçün üstündə bir şeyi yox imiş, yoxsa daha artığını verərdi. Onu evə apardı və əlavə paltar və ya pul verdi. Sonra dedi ki, indi razı qaldınmı? Dedi: "Bəli". Kişi Peyğəmbərin yaxşılığı və səbri qarşısında xəcalət çəkdi və razılığını bildirdi.

Peyğəmbər ona buyurdu ki, sən bir qədər öncə yoldaşlarım qarşısında onların narahatlığına səbəb olan sözlər dedin, indi gedib mənə dediyin sözləri onların yanında da demək istəyirsənmi? Dedi ki, bəli, hazıram. Sonra Peyğəmbər həmin gecə, yaxud ertəsi gün bu ərəbi götürüb səhabələrinin yanına gətirdi və dedi: "Bu qardaşımız bizdən razı qalmışdır". O da Peyğəmbəri tərifləməyə başladı və dedi ki, bəli, mən sevinirəm və razıyam; misal üçün, Peyğəmbərə çox təşəkkür edirəm, o mənə çox yaxşılıq etdi və sair.

O gedəndən sonra Peyğəmbər üzünü səhabələrə tutub buyurdu ki, bu səhra ərəbi bir çobanın otardığı sürüdən ayrılmış və səhraya üz tutmuş dəvəyə bənzəyir. Siz bu dəvəni tutub gətirmək üçün ona hücum çəkirsiniz, hər tərəfdən üstünə cumursunuz. Sizin bu hərəkətiniz onu daha da hürküdür, qorxusunu artırır və onu tutmaq daha da çətinləşir. Mən onu daha artıq hürkütmənizə imkan vermədim, məhəbbət və nəvazişlə yanına getdim, sürüyə və öz aramıza qaytardım. Peyğəmbərin üsulu belə idi.93
Əmanətdarlıq

Cahiliyyət dövründə onu Əmin (əmanətdar) adlandırmışdılar. İnsanlar çox mühüm əmanətlərini ona tapşırır və sağlam qaytarılacağına arxayın olurdular. Hətta İslam dəvəti başlandıqdan, Qüreyşlə onun arasında düşmənçilik və ədavət alovlandıqdan sonra da bəzi düşmənlər əmanətlərini Peyğəmbərə tapşırırdılar. Eşitmisiniz ki, Peyğəmbər Mədinəyə hicrət edəndə Əmirəlmöminini Məkkədə qoydu ki, xalqın əmanətlərini qaytarsın. Bəlli olur ki, onda da həzrətin yanında bəzi əmanətlər olmuşdur; özü də müsəlmanların əmanəti yox, kafirlərin və onunla düşmənlik edənlərin əmanəti.94


Mehribanlıq və sevgi

Xalqla mehriban idi. Xalqın arasında həmişə gülərüz idi, yalqız qaldıqda isə qəm-kədəri bilinirdi. İnsanların qarşısında qəm-qüssəsini bilindirmirdi, gülərüz idi, hamıya salam verirdi. Əgər kimsə onu incitsəydi, üzündə inciklik görünürdü, amma şikayət etmirdi. Onun yanında kiməsə söyüş verilməsinə və kiminsə haqqında pis danışılmasına icazə vermirdi. Özü də heç kimi söymür və heç kimin haqqında pis danışmırdı. Uşaqlara məhəbbət göstərirdi, qadınlarla mehriban davranırdı. Zəiflərlə olduqca gözəl rəftar edirdi. Öz səhabələri ilə zarafat edir, onlarla at çapmaq yarışı keçirirdi.95


Sədaqət və doğruluq

Onun xalqla rəftarı sədaqət, səmimiyyət və düzgünlük əsasında idi.96

Peyğəmbərin böyük hərəkatına hakim olan əsas amil tövhid idi. Yəni Peyğəmbərin ibadətinin, duasının, gecə vaxtı ağlamasının kənarında belə gözəlliklər vardır; elm gözəlliyi, cəsarət gözəlliyi, döyüş və siyasət gözəlliyi. Siz Peyğəmbər dövrünün İslam tarixini oxusanız, həmin qısa dövrdə belə nümunələri tapa bilərsiniz. Peyğəmbərin onillik həyatı həqiqətən, zəngin və möhtəşəm dövrdür, lakin təəssüf ki, çoxları bilmirlər. Mən demək istəyirəm ki, sədaqət tövhid baxışının əlamətidir. Bu sədaqəti əməldə və sözdə həmişə qoruyun. Heç bir metod, heç bir siyasi üsul və manevr sədaqət qədər tərəfdar toplaya bilməz.97
Ehsan

Peyğəmbərə bir keçi gətirdilər, onu kəsdi. Yoxsullar onun yanına gəlib ət istədilər. Peyğəmbər özü üçün kəsdiyi keçinin ətindən kəsib yoxsullara payladı, özünə isə təkcə bir qolu qaldı. Daha bir kəs olmadığından onu öz evinə apardı. Həzrətin həyat yoldaşlarından biri dedi ki, ey Allahın rəsulu, bütün keçi getdi, təkcə bu qol qaldı? Peyğəmbər buyurdu ki, xeyr, hamısı qaldı, təkcə bu qol gedəcək; onu yeyəcəyik bitəcək, amma ehsan verdiklərimiz bizim üçün qalacaq.98


Təkəbbürsüz rəftar

Peyğəmbərin xalqla rəftarı belə idi; insani, gözəl, xalqın özü kimi, təkəbbürsüz, qürursuz. Peyğəmbər ilahi və təbii heybətə malik olsa və insanlar onun yanında özlərini itirsələr də, o, xalqla mehriban davranırdı.99


Cəsarət

Cəsarətli idi. Düşmənin heç bir böyük cəbhəsi onu qorxutmurdu. O həzrətin bütün həyatında - yeniyetməlik çağından altmış üç yaşında vəfatına qədər həmişə bu xüsusiyyətləri onda görmək olar.100


Səbir

Onun səbri o qədər idi ki, digərlərinin eşitməklə hövsələdən çıxdığı işlər onda hövsələsizlik yaratmırdı. Bəzən Məkkədə düşmənləri onunla elə rəftar edirdilər ki, cənab Əbu Talib bir nümunəsini eşidəndə qəzəblənib xəncərini çəkdi, xidmətçisi ilə gedib Peyğəmbərə qarşı edilən hörmətsizliyi bir-bir onlara qarşı etdi və dedi ki, hansınız etiraz etsəniz, boynunuzu vuraram. Amma Peyğəmbər həmin işə səbirlə dözmüşdü. Başqa bir nümunə də Əbu Cəhllə söhbətdir. Əbu Cəhl Peyğəmbəri ağır təhqir etdi. Amma o həzrət sakit durdu və səbir etdi. Bir nəfər gedib Əbu Cəhlin hərəkətini Həmzəyə xəbər verdi. Həmzə dözməyib kamanla Əbu Cəhli vurdu və başını qana boyadı. Sonra da bu hadisənin təsiri altında gəlib müsəlman oldu. İslamdan sonra bəzən müsəlmanlar hansısa bir hadisədə unutqanlıq, yaxud cahillik üzündən Peyğəmbərə təhqiramiz bir cümlə deyirdilər. Hətta bir dəfə Peyğəmbərin həyat yoldaşlarından və möminlərin analarından olan cənab Zeynəb bint Cəhş Peyğəmbərə dedi ki, sən peyğəmbərsən, amma ədalətli deyilsən. Peyğəmbər gülümsədi və sükut etdi. Onun qadın gözləntisi vardı və Peyğəmbər onu təmin etməmişdi. Bəzi adamlar məscidə gəlib ayaqlarını uzadır və Peyğəmbərə deyirdilər ki, bizim dırnaqlarımızı tut; çünki şəriətdə dırnaq tutmağın hökmü gəlmişdi. Peyğəmbər də çox səbirlə bu ədəbsizliyə dözürdü.101


Bəşəriyyətin dərdlərinin məlhəmi

Biz iddia edə bilərik ki, sonuncu peyğəmbərin besəti bəşəriyyətin bayramıdır. Çünki bu dönəmdə İslam təlimləri sayəsində bəşəriyyətin bütün əsas dərdlərinə ən yaxşı müalicə imkanı yaranmışdır. Əmirəlmöminin Peyğəmbər barədə buyurmuşdur ki, o, səyyar həkim idi; onda bəşəriyyətin əlacı olmayan qədim yaralarına məlhəm vardı102.103


Hökumət əxlaqı

Bəndəlik və Allaha mütləq itaət

Siz namazınızın təşəhhüdündə Allah Peyğəmbərinin adını çəkərək deyirsiniz: "Və şəhadət verirəm ki, Məhəmməd (s) onun bəndəsidir". Əvvəl bəndəliyi qeyd edir, sonra deyirsiniz: “Və onun elçisidir”. Bəndəlik elçilikdən üstündür. Əsas məsələ bəndəlikdir.104

Fatimənin (ə) atasının da - bütün məsumların fəzilətlərinin mənbəyi və qaynağı odur; Əmirəlmöminin və Fatimeyi-Zəhra (ə) da Peyğəmbərin vücud dəryasından damlalardır - Allah yanındakı dəyəri bəndəliyinə görədir: "Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh" - Şəhadət verirəm ki, Məhəmməd (s) onun bəndəsi və elçisidir; əvvəl onun bəndəliyi, sonra isə elçi olması gəlir. Ümumiyyətlə, uca mənsəb olan elçilik ona bəndəliyinə görə verildi. Çünki Allah Xaliqdir və öz məxluqunu tanıyır.105
Haqqa dəvət

Allah Peyğəmbərinin mühüm işi haqqa dəvət və bu dəvət yolunda mübarizə idi. Əziz Peyğəmbər öz dövrünün zülmət dünyası qarşısında təşvişə düşmədi. İstər Məkkədə yalqız olduğu, yaxud kiçik bir qrup olan müsəlmanların onu əhatə etdiyi, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyş dilavərlərinin və hegemonların kobud rəftarla və qüdrətli əllə durduğu gün onlardan və elmdən heç bir bəhrəsi olmayan avam insanlardan qorxmadı, özünün haqq sözünü dedi, təkrar və izah etdi, maarifləndirdi, təhqir, çətinlik və əzablara dözdü və böyük bir qrupu müsəlman etməyi bacardı. Peyğəmbər bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə idarə edib iqtidarın zirvəsinə çatdırdı.106


Haqqa dəvət yolunda mübarizə

Allahın bu bənzərsiz məxluqu, ilahi vəhyin nazil olmasından öncə belə kamillik mərhələsinə çatmış bu kamil insan peyğəmbərliyinin ilk anından mürəkkəb, hərətərfli və çətin bir mübarizəyə başladı və iyirmi üç il çox ağır şəraitdə onu davam etdirdi. O həm öz daxilində, həm həqiqət haqda heç bir məlumatı olmayan xalqla, həm də mütləq zülmətli mühitlə mübarizə apardı... Tarixin zülmət səhifəsi bəşərin bütün həyatını qaraltmışdı. Bu mübarizlik, müntəzəm və vəsfəgəlməz fəaliyyət peyğəmbərliyin və ilahi vəhyin ilk saatlarından başlandı. İlahi vəhy də həmişə yararlı torpağa çatan zülal su kimi o həzrətin müqəddəs qəlbinə nazil olur, ona qüvvə bəxş edirdi. Və o, dünyanı möhtəşəm bir yenilik mərhələsinə çıxarmaq üçün bütün qüvvəsini işlətdi və uğur qazandı.107

Peyğəmbərlərin işi əvvəldən hərəkət və fəaliyyət, dillərində mövcud olan və əməllərində görünən şüarların həyata keçirilməsidir. Bu, eynilə əziz Peyğəmbərin həyatında da baş verdi. İlk andan təlim, mənəvi paklama və ədalətin bərqərarı yolunda hərəkət, bunun ardınca da vuruşma və dartışma başlandı, Peyğəmbərin "Ən yaxın qohumlarını (Allahın əzabından) qorxut"108 əmrinə cavab olaraq dəvətini müəyyən həddə genişləndirdiyi vaxtdan ümumi xalq səviyyəsinə çıxardığı zamana və ədalətli ictimai quruluş qurana qədər davam etdi.109


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə