Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə11/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

İkinci fəsil: Elmi nümunələr


Dindən yeni söz istehsal etmək

Elm hövzəsi böyük bir istehsal qurumu və insan zavodudur, daim istehsal etməlidir: kitab istehsal etməlidir, insan və alim istehsal etməlidir, dindar istehsal etməlidir, düşüncə istehsal etməli və yeni söz deməlidir. Yeni söz bitməmişdir. Bizim böyüklərimiz deyirlər ki, nə zaman Qurana müraciət edir və üzərində fikirləşiriksə, əvvəllər dərk etmədiyimiz sözü dərk edirik. Çox gözəl, bu, yeni sözdür. Bəziləri deməsinlər ki, nə qədər yeni söz varsa, hamısı dindədir, daha hansı yeni söz istəyirsiniz. Bəli, biz bu dini düzgün tanımamışıq. Biz dinin yeni sözlərini çıxarmalıyıq: "Yarın zülfü haqda bir ömür danışmaq olar". Belə deyil ki, dinin bütün sözləri bizim minbərlərdə, elmi kitablarda, təbliğatda və risalədə dediyimiz üç-dörd kəlmə sözdür. Xeyr, bunlardan çoxdur. Siz davam edin, Allah sizə yeni söz göstərəcək.438


Dini təqdim etmək üçün tədqiqat və yenilik

Elm hövzələrinin zirvəsi olaraq Qum Elm Hövzəsi və onun ardınca digər elm hövzələri elə etməlidirlər ki, Allahın dini xalqın arasında rəğbətlə və həvəslə qarşılansın. Dini xalqa Allahın istədiyi kimi təqdim etmək lazımdır. Bunun da tədqiqata, yeniliyə, aydınlığa, dünyadan xəbərdar olmağa, dünya həvəslərindən uzaqlaşmağa ehtiyacı var; hamıda olmasa da, ən azı böyük hissədə və ən azı vəzifəli şəxslərdə. Görürsünüz ki, təqlid müctəhidliyi üçün İslamda nə qədər çətin şərtlər nəzərdə tutulur: nəfsini saxlamaq, dinini qorumaq, həvəslərinə qarşı çıxmaq, Allahın əmrinə itaət etmək və sair.439


Yeni mövzuları tanımaq və şəriət hökmünü araşdırmaq

Bəşər həyatının bütün sahələrinə təsir göstərən, yeni hadisə və fenomenlərin sürətini keçmişə nisbətən dəfələrlə artıran texnika, sənaye və elm inkişafından irəli gələrək fiqhin cavab verməsi üçün bir çox mövzular ortaya çıxır, şəriət hökmü bilinməyən mövzuların sayı da eyni nisbətlə artır. Şübhəsiz, bu mövzuların hökmünü bilmək üçün fiqhin qaynaqları və həmçinin fəqahət üslubu yetərlidir. Lakin onların mövzusunu tanımaq, fiqhin ümumi qaydalarını tətbiq etmək üçün lazımi tədqiqat aparmaq lazımdır. Həmçinin fiqhdə bəhs olunan və hökmü bəlli olan bir çox mövzular bu gün o qədər dəyişmiş və əvəzlənmişdir ki, hökmlərinin keçmişdə deyilənlərdən ibarət olduğunu söyləmək çətin olur.440


Yeni məfhumların kəşfi və yeni alətlərdən istifadə ilə fiqhi təkmilləşdirmək

Dövrün fəqihləri bir tərəfdən aydınlıq, elmi qüvvə və fəqahət üslubuna sadiqliklə və digər tərəfdən azadfikirlilik və elmi cəsarətlə fiqhdə yeni məfhumlar kəşf edib kitab və sünnəyə istinadla yeni hökmlər təqdim etsinlər. Bu, fiqhi təkmilləşdirməkdir. Bundan əlavə, fiqhə dair ümumi və ixtisaslı kitab və risalələrin yazılmasında yeni üslublardan, yeni elm və texnikalardan və hətta elmi işi asanlaşdıran mütərəqqi alətlərdən istifadə etmək lazımdır. Bütün bunlar fiqhin təkmilləşdirilməsinə kömək edir.441


Hövzənin elmi yeniliyə, inkişafa və yenilənməyə ehtiyacı

Hövzələrdə ikinci qayda olan növbəti məsələ elmi inkişaf və elmi aktuallıq məsələsidir. Cənablar! Mən demək istəyirəm ki, Cəvahir kitabının müəllifi kimi - imam deyirdi ki, bizim fiqhimiz Cəvahir fiqhidir - böyük fəqihlərin əsas xüsusiyyəti öz dövrlərinin geniş yayılmış fiqh düşüncələrində yeniliyin tərəfdarı olmalarıdır. Hövzələrdə elmi və fiqhi inkişaf ruhu olmalıdır. Mən görürəm ki, bəzən bir neçə nəfər bir fiqh mövzusunda yeni söz deyirlər, sonra ətrafdan onlara hücum olunur ki, siz nə üçün bu sözü dediniz.442


Ali Məhkəmə üçün alim kadrlar yetişdirmək

İslam Respublikası quruluşunun Ali Məhkəməsinə hər şeydən öncə elm, ayıqlıq və bilgi lazımdır. Odur ki, elm hövzələri, hüquq institutları və məhkəmə hüququ ilə bağlı müəssisələr öz nümunəvi alimlərini Ali Məhkəməyə göndərsinlər; xüsusən elm hövzəsi özünün ən dəyərli alim, müctəhid və şəxsiyyətlərini göndərsin. Necə ki, bu ölkədə ən qədimdən belə olmuşdur.

Yəni elm hövzəsinin bütün müctəhidləri olmasa da, bəzi böyük müctəhidləri bir qrup yaratsınlar; bəziləri tədris etsinlər, bəziləri tədqiqat aparsınlar, bəziləri şagird yetişdirsinlər, bəziləri inşallah fəqahətin yüksək mərhələlərini keçib yüksək dərəcələrə çatsınlar, bəziləri də öz alim kadrlarını Ali Məhkəməyə göndərsinlər. Bu bir vəzifədir. Hüquq institutları və məhkəmə hüququ üzrə kadr yetişdirən müəssisə və təşkilatlar da həmçinin göndərsinlər və Ali Məhkəmə onları qəbul etsin. Bu bir vəzifədir.443
Qərbin şübhələrinə cavab vermək

Mən Qum alimlərinin bir qrupuna dedim: Siz bir nəfərin hansısa Avropa universitetinə gedib hansısa müəllimdən dinə dair iki kəlmə söz öyrənməsini və sonra sizin evinizdə din əleyhinə etiraz kimi söyləməsini gözləmək yerinə, təşəbbüsü ələ alın, ondan qabaq özünüz gedib o bilgiləri öyrənin, əsaslandırmanızı gücləndirmək üçün düzgün olandan istifadə edin, səhv olanı deyin və düzəldin ki, gənclərimizin beyni şübhələr qarşısında vaksinlənsin.444


Elmlərin bərpası

Hövzə yaranmış boşluğu doldurmaq üçün qüvvədən düşmüş köhnə məfhumların yerinə yenilərini yaratsın. Məfhumlar köhnəlir, zaman ötdükcə tədricən öz təravətini itirir. Müxtəlif fikir və nəzərlərin daxil olması və zamanın ötməsi nəticəsində bir fikir sarsılıb ilkin möhkəmliyindən uzaqlaşdıqdan sonra onun yerinə yeni məfhumlar qoyulmalıdır.

Məfhumlar köhnəlir. Bütün elmlərdə belədir. Köhnəlmiş söz, mövzu və məsələlərin yerini doldurmaq üçün yeniləri ortaya qoyulmalıdır. Hər bir elmdə beyin fəzası lazımi məfhumların həcmi baxımından təkmilləşdirilməlidir. Bu, bərpadir. Bunun üçün çox çalışmaq lazımdır.445
Yeni üfüqlər kəşf etmək

Ondan da mühüm olan inkişaf məsələsidir. Çiçəklənmə - inkişaf etmək, bir addım irəliləmək və yeni üfuqlər kəşf etməkdir. Çiçəklənmə eyni mövzunu daha dərindən araşdırmaq deyil. Fərz edin, altıncı əsr aliminin bir növ dəlil göstərdiyi bir məsələni biz daha diqqətlə araşdıraq, onun bəzi dəlillərini möhkəmlədək, bəzilərini rədd edək və məsələnin möhkəmlənməsinə səbəb olaq. İş təkcə bu deyil. Yeni üfuqlər açılması həm elmin özünə, yəni fiqhə, həm də elmin məhsuluna, yəni fiqh məsələlərinə aiddir. Üsul, kəlam və digər elmlər də belədir.446


Fiqhin tədqiqat metodunda təkmilləşmənin zəruriliyi

Yeniliyin olmaması - yəni fəqahət məsələsinin özü ilə məşğul olmamaqdır. Fəqahət bizim fiqh adlandırdığımız məsələnin tədqiqat metodudur. Bu dərsi oxumayınca, kitab və sünnə əsasında tədqiqat aparmağın yolunu öyrənə bilməzsiniz. Fəqahət - fiqhin tədqiqat metodudur. Bunun özünün də inkişafa ehtiyacı var. Bu, ideal deyil, təkmilləşməkdə olan bir şeydir. İddia etmək olmaz ki, biz bu gün fəqahətin zirvəsinə çatmışıq, daha bu metoddan yaxşısı ola bilməz.

Şeyx Ənsaridən sonra fiqh metodikasında yeniliyin yarandığı dövr, mənim qüsurlu zənnimə əsasən, mərhum Ayətullah Bürucerdinin dövrüdür. O, metodika işində yeni mərhələ açdı.

Hansı dəlilə əsasən bizim alimlərimiz və böyük tədqiqatçılarımız bu metodlara əlavə edib onları təkmilləşdirə bilməzlər?! Ola bilsin bu bəzi məsələləri də əhatə etsin və nəticələrin çoxu dəyişilsin. Metodların çoxu dəyişildikdə məsələlərin cavabları da dəyişiləcək və fiqh başqa cür olacaq. Bu, vacib işlərdəndir.447


Elmi düşüncələrdə alimlərin yeniliyinə ehtiyac

Bir dönəmdə Şiə fiqhində misilsiz, yaxud nadir bir qrup peyda oldu. Bunlar mərhum Mirzə Şirazinin və mərhum Axund Xorasaninin şagirdləri idilər. Söhbət elmi düşüncələrdən gedir. Bunların yenilənməyə və bərpaya ehtiyacı var. Alimlərin, böyüklərin, nəzər sahiblərinin yenilikləri hövzələrə kömək və onları təmir etməlidir. Bizim həyata və vəzifələrimizə aid bütün məsələlərdə inkişaf etdiyimiz halda elmi məsələlərimizdə qüvvədən düşmüş, yaxud ona bənzər sözlərlə kifayətlənməyimiz düzgün deyil. Elm böyükləri daim işləməlidirlər. Əlbəttə, bu iş ixtisaslı bir işdir, lazımi və yetərli həddən bir az aşağıda olan şəxslərin də işi deyil. Onlar daim yeni düşüncələr təqdim etməli və hövzələri elmi təravət halında saxlamalıdırlar. Bu da bərpanın bir nümunəsidir.448


Metodların bərpasının elm məsələlərindən öndə olması

Bir cəhətdən bundan mühüm olan məsələ elmi metodların bərpasıdır. Elmi əsas və sözlərə diqqətdən əlavə elmi metodlara da diqqət yetirmək lazımdır. Yüksək elmi ixtisaslarda diqqət yetirilən bəzi metodlar böyüklərin, alim və mütəxəssislərin daim diqqət mərkəzində olmalıdır.449


Metod və fikirlərdə yenilik

Nəcəf Elm Hövzəsində üsul məktəblərinin inkişaf dövründə mərhum Ayətullah Naini kimi yenilikçi bir insan üsul elmini bir addım irəliyə apardı. Bu böyük alim yenilikçiliyinə və ehkamçı olmadığına görə üsul elmində yeni bir səhifə açdı. Bu, bütün məsələlərdə lazımdır. Metod və fikirlərdə doqmatizm böyük bəladır. Əgər doqmatizm olsa, heç bir yenilik, heç bir hərəkət və yerdəyişmə baş verməyəcək.450


Yenilik çərçivələri

Növbəti məsələ yeni düşüncə və yenilik məsələsidir. Ehkamçılıq yoxdursa, deməli, yenilik var. Bəs yenilik nə deməkdir? Əsas məsələ budur. Bəzi adamlar elə bilirlər ki, yenilik insanın gözünü yumub ağzına gələni danışmasıdır. Bu, yenilik deyil. Düzgün çərçivələrdə olan yenilik yaxşıdır. Çərçivələri də elm hövzələrində öyrənmək lazımdır. Belə olmasın ki, kimlərsə yenilik adı altında bütün ənənə və metodları, prinsipial və köklü məsələləri sual altına alsınlar.

Fiqhdə həmişə yenilik olmuşdur. Bizim fəqihlərimiz əsaslandırma və ictihad fəqahətinin 1200 illik tarixi boyu yenilik etmişlər. Lakin düzgün yenilik həddindən yayınan hər bir kəs barmaqla göstərilmiş və tanınmışdır; anlamışlar ki, bu, səhv edir, yanılır, çünki düzgün çərçivələri aşır.

Mən burada yenifikirlilik və yenilik üçün lazımi çərçivələri qeyd etmişəm: dini təfəkkür çərçivəsi, hövzə dəyərləri çərçivəsi, elmi metodlar çərçivəsi. Yəni elmi metodlardan kənara çıxmaq yenilik deyil, cəfəngiyatdır. Xoşbəxtlikdən, bu gün elm hövzələrində fiqh metodikası nizam-intizamlı və elmi bir metoddur. Bu mövzu da çox mühümdür və buna diqqət yetirmək lazımdır.451


Azadfikirliliyin mənası və onun elm hövzələri üçün zəruriliyi

Növbəti məsələ azadfikirlilikdir. Azadfikirlilik nə deməkdir? Yəni qarşı tərəfin fikrinə dözmək. Azadfikirliliyin mənası bu deyil ki, insan bütün düzgün prinsip və əsasları buraxsın və bir şeyi düşüncə kimi irəli sürsün. Xeyr, mənası bu deyil, amma yeni bir söz deyildikdə ona dözmək lazımdır. Mənim gözlədiyim budur.

Müxalif sözə dözməyin mənası bu deyil ki, siz onu qəbul edə, yaxud cavabsız qoyasınız. Xeyr. Mən Qumdakı söhbətdə bu barədə geniş danışdığıma görə indi təkrar etmirəm. Mənası budur ki, sözün deyilməsinə icazə verin, sonra onu dəlillə rədd edin.

Elmi müzakirə şəraiti elə olmalıdır ki, insan yeni fikrini söyləyə bilsin. Xüsusən düzgün ictihad əsaslarına söykənən elmi müzakirələrdə müxalif sözə dözüm olmalıdır.452


Hövzə elmlərində yenilik üçün tədqiqatçı yetişdirmək

Bu gün elm hövzələrinin özündə ortaya qoyulan məsələlərdə, məsələn, İslam fəlsəfəsində, İslam fiqhində, İslam hermenevtikasında tədqiqat, araşdırma və yeniliyə hazır şəxslər olsun. Bizim üsul elmində araşdırdığımız bəzi mövzular, məsələn, sözlər bəhsi və digər mövzular bu gün dünyanın fəlsəfə institutlarında bəhs olunan çox mühüm məsələlərdəndir; bunların barəsində tədqiqat aparsınlar və yenilik etsinlər.

Siz möhtərəm cənablar bilin ki, bu işlər əsasən gənclik dövrünün işləridir, daha çox gənclik dövrünə məxsusdur. Nə qədər ki, sizdə gənclik qüvvəsi və gənclik hissi var, bunun qədrini bilin.453
Düşüncə bazarında fikir ehtiyatlarının inkişafı

Bu gün elə bir gün deyil ki, biz öz kadrlarımızı və onlarda olan elmi, insani və zehni potensialı boş yerə xərcləyək. Bu gün bunlara ehtiyac var. Bu gün elə gün deyil ki, dəyərli bir adam şəhərin, yaxud kəndin bir tərəfində oturub desin ki, kitab yazıram, nə vaxtsa istifadə olunacaq. Xeyr, bu gün elə gündür ki, bütün düşüncə ehtiyatları inkişaf üçün müzakirəyə çıxarılmalı, həm inkişaf etməli, sınaqdan keçib güclənməli, həm də istifadə olunmalıdır. İndi o zaman ötüb ki, misal üçün, qoca bir arvad öz sandıqçasına bir qədər pul qoyub dar günə saxlasın. Xeyr, bu gün həmin pulu bir istehsal işinə yatırır və qısa müddət ərzində on dəfə artırırlar. Bu həm onun özünə xeyirdir, həm də pulun dövriyyəsindən qazananlara.

Bu gün sərmayələri bir tərəfdə saxlamaq zamanı deyil. Kimin istedadı, beyin və fikir sərmayəsi varsa, iş bazarına çıxarmalıdır. İş bazarı təkcə istehlak bazarı deyil ki, mütləq bir yerdə işləməsini deyək. Bu istedad və fikirlər işlənməlidir ki, onlardan istifadə olunsun, güclənsinlər və düşüncələr arasında əlaqə yaransın.454
Hövzə mütəxəssislərinin əməkdaşlığı ilə antidin düşüncələrinə qarşı elmi mübarizə

Bəzi insanlar lazımi səlahiyyətlərə yiyələnmədən elə sahəyə girir və fikir bildirirlər ki, qərəzli olmasa da, ən azı cahilanə fikirlərdir. Əgər onda siyasi qərəzlər, cinah maraqları, maraq güdən və xəyanətkar məqsədlər varsa, daha pisdir. Cəmiyyətimizdə mövcud olan bu hal çox pis haldır. Düzdür, təkcə bu günə məxsus deyil, həmişə olmuşdur. Lakin bu günün keçmişə nisbətən bir özəlliyi var. Keçmişdə cahillər din haqqında fikir bildirirdilər, lakin məhdud avam çevrələrində. Kimsə təbliğatçı, yaxud hər hansı bir adla dinə dair danışırdı və məhdud bir avam çevrə onun sözünü qəbul edirdi.

Bu günün həmin zamanla fərqi budur ki, İslamın əsaslarına və dini elmin təməllərinə dair səhv sözlər avamcasına, lakin bəzəkli qəliblərdə, yeni fikir və elm qəlibində deyilir, halbuki elm deyil, səhvdir. Buna qarşı elmi tədbir görməyə ehtiyac var. Hökumətin tədbiri ayrıdır. Hökumətlər hər yerdə bu sahələrə girə bilməzlər və girmirlər. Düzgün və təsirli də deyil. Lakin elm adamları bu işdə aktiv olmalıdırlar.

Dinin özünə, fəlsəfəsinə, etiqadi əsaslarına, İslam Respublikasının atributları olan İslam təlimlərinə - misal üçün, konstitusiyada və digər yerlərdə göstərilən məsələlərə, İslam fiqhinə, Peyğəmbər və imamların davranışına dair elə söhbətlər edilir ki, nə tarixə əsaslanır, nə hədisə, nə Qurana, nə fiqh metodikasına, nə bəlli dini əsaslara, nə də çox dərin və zərif bir fənn olan fiqh üslubuna. Heç bir şeyə əsaslanmadan alimnüma şəkildə, gözəl və səlis ifadələrlə bəyan olunur. Bu işi görənlər təəssüf ki, cəmiyyətin aparıcı və görkəmli şəxslərinin bir qismidir. Keçmişlə fərqi budur. Onlar elmli insanlara zərbə vurur, onların yolunu kəsirlər. Odur ki, buna qarşı tədbir görülməlidir. Qeyd etdim ki, belə yerlərdə tədbir düşüncə, elm tədbiri, mübahisə sahəsində cəsarətli tədbirdir. Bu işlərin arxasında siyasi maraqların, Allah eləməmiş, xain və fəsadçı məqsədlərin durduğunu qəbul etsək, o zaman siz elmi cavab verərkən qalmaqal yaratmalarını, rüsvayçılıq etmələrini, qara yaxmalarını gözləmək lazımdır.

Din alimləri dinin təhrifi qarşısında sakit oturmamalıdırlar. Bu məsələlərə qarşı qeyri-elmi tədbir görmək, təkfir etmək səhvdir; fəryad qoparmaq ki, bu, küfr etdi və sair. Bunun faydası yoxdur. Çoxlarının bundan xoşu gəlir; ona görə ki, bu zaman elmi tənqiddən kənar qalırlar. Əgər elmi tənqid olsa, söz diqqətlə araşdırılar, söz və onun sahibi rüsvay olar. Bu iş görülməlidir.

Elm adamları, din başçıları və dinin bayraqdarları bu hadisələrdə elmi işlər görməli, sözü müzakirə etməli, araşdırmalı və eybini aydınlaşdırmalıdırlar ki, ardınca söz sahibinin eybi aşkara çıxsın: “Hidayət yalnız sapqınlığın yayıldığı cəhətdən yayılır”. Bu, mərhum Seyid Şərəfüddinin sözlərindəndir. Onlar sapqınlığı hansı yolla yayırlarsa, hidayəti də həmin yolla yaymaq lazımdır. Həmin cahil, yaxud qərəzli şəxsin - biz indi mühakimə yürütmürük, hər ikisi mümkündür – müxtəlif adlarla insanlara yanlış, zəif, köksüz və qeyri-peşəkar bilgilər verdiyi kimi, elm və din adamları da köklü, xalis bilgilər verib o fikrin səhv olduğunu bəyan etsinlər.

Elm hövzələrində bu işləri görəcək alimlərin olmadığını düşünmək yanlışdır. Allaha şükür ki, bizim gənclərimiz, alimlərimiz arasında belələri çoxdur. Düzdür, ola bilsin birinin tədqiqat bacarığı yüksək olsun, nitq qabiliyyəti zəif. Bir nəfər araşdırma adamı olub o tədqiqatçıya vacib qeydləri götürsün. Bir nəfər dil bilsin, fərz edin, bir sözün kökünü hansısa qərbli hüquqşünasın, yaxud filosofun yazısında tapsın, tədqiqatçı isə o dili bilməsin və bunu bacarmasın. Bunlar bir-birinə birləşdirilməli, bir-birini təkmil etməli, bir-birinə kömək edib düzgün fikri gözəl, güclü və möhkəm şəkildə açıqlaya bilən şəxsin ixtiyarına qoyulmalıdır. Bu gün sizin vəzifələrinizdən, elm hövzələrinin və din alimlərinin vəzifələrindən biri budur. Bunu yaddan çıxarmaq olmaz. Bu çox əhəmiyyətlidir.455
Elm inkişafının təhdidi: ehkamçılıq

Məsələlərə yeni baxışla baxmamaq, zamanın ötüşünü və insanların düşüncə yeniliyini görməzliyə vurmaq, fikir və düşüncə tərəqqisini inkar etmək ehkamçılıq, doqmatizmdır. Siz hansı elmə baxsanız, o elmin yüksəliş və inkişafının ehkamçılıq əleyhinə bir fəryad olduğunu görərsiniz. Əgər mühafizəkarlıq və görməyə adət etdiyimiz hər bir şey üzərində möhkəm dayanmaq yaxşı bir şey olsaydı, üsulumuz da inkişaf etməzdi, fiqhimiz də min il öncədən indiyə qədər bu qədər dəyişib inkişaf etməzdi. Həyatın bütün işləri belədir. Ehkamçılıq ən böyük təhdidlərdən biridir.456


Düşüncə və əməl özbaşınalığından çəkinməyin zəruriliyi

Ehkamçılığın əksi düşüncə və əməl özbaşınalığıdır. Veyillik və özbaşınalıq həm düşüncədə, həm əməldə fəlakətdir. Düşüncədə belədir ki, insan fikir və düşüncə bazarında təklif olunan hər bir şeyə dəyərləndirmədən, tənqidi gözlə baxmadan və düzgün anlamadan yanaşsın. Əməldə özbaşınalıq da təqvanın əksidir. Təqva diqqətli və ehtiyatlı olmaqdır ki, heç bir əməl, söz, hal və hiss meyarlara zidd olmasın. Bu, təqvadır. Bunun əksi isə veyillik və özbaşınalıqdır. Bu özbaşınalıq və veyillik hissinin ardınca qəbulda, əməldə və dərkdə səhlənkarlıq gəlir. Bu hissə düçar olanların vəziyyəti yaxşı olmaz.

Xüsusən Qərbi kor-koranə yamsılamaq belə bəlalardan biridir: Qərb sivilizasiyası elmi baxımdan inkişaf etdiyindən və bərbəzəkli olduğundan onu kor-koranə yamsılmaq və oradan gələn hər bir şeyi qəbul etmək; istər fəlsəfəni, istər əxlaqı, istər digər sözləri.457
Fikir istehsalı sahəsində ifadə azadlığı mədəniyyəti

Mən çox təəssüf edirəm ki, bəziləri ölü sükut və durğunluqla çərənləmək və küfr demək bataqlığı arasında üçüncü yol tanımır, bunların hər hansı birindən uzaqlaşmaq üçün digərinə üz tuturlar. Halbuki İslam inqilabı həm düşüncə diktatorluğunu və ehkamçılıq mədəniyyətini, həm də Qərbin məhdudiyyətsiz və eqoist azadlığını tənqid edib düzəltməyə, ifadə azadlığının heç bir şeylə yox, məntiqlə, əxlaqla, digərlərinin mənəvi və maddi hüququ ilə şərtlənib ictimai və siyasi mədəniyyətə çevrilməsinə, hürriyyətin, ədalətin, məntiqiliyin və insafın geniş yayılmasına, düşüncələrin bütün sahələrdə fəallaşmasına və oyanmasına, əziz Peyğəmbərin (s) və onun Əhli-beytinin rəvayətlərinə əsaslanan fikir və nəzəriyyə toqquşmasının nəticəsi olan mədəni-ideoloji doğuşun alim və mütəfəkkirlərin ikinci adəti olmasına görə baş verdi. Xüsusən də İslam mədəniyyəti və İslam sivilizasiyası həmişə yeni problemlərlə, digər məktəb və sivilizasiyalarla döyüşdə çiçəklənmişdir.458


Günün düşüncə ehtiyaclarını təmin etmək üçün yeni mütəhhərilərə ehtiyac

Bizim Mütəhhəriyə həmişə ehtiyacımız var. Bir fərd kimi Şəhid Mütəhhəridə dayanmaq olmaz. Bizim cəmiyyətimiz və islami fikir toplumumuz onun elmi nailiyyət və yeniliklərinə əsaslanaraq digər yeniliklər də əldə etməlidir. Bizim növbəti onilliklər üçün mütəhhərilərə ehtiyacımız var. Çünki hər günün yeni fikir ehtiyacları var.459


İslam düşüncəsinin istehsalı üçün lazım olan amillər

Mərhum Şəhid Mütəhhərinin 1960 və 70-ci illərdə bu ölkənin elm və düşüncə mühitində gördüyü işi öyrənmək lazımdır. O özünün güclü fikri və yüksək düşüncəsi ilə o zamana qədər islami məsələlər sahəsində heç kəsin daxil olmadığı sahələrə girdi və ölkədə yayılmış, yaxud yayılmaqda olan təfəkkürlərə, Şərqin və Qərbin tərcümə ilə idxal etdiyi fikirlərə qarşı mübarizəyə başlayıb, dərin, geniş və tükənməz fəaliyyətə başladı. O, həm marksistlərlə mübarizə cəbhəsində çox dəqiq bir cihada qalxdı, həm də Qərb təfəkkürləri və liberalistlərlə mübarizə cəbhəsində. Bu rol çox əhəmiyyətlidir. Həm böyük cəsarət və özünəinam tələb edir, həm müxtəlif sahələrdə fikir və ictihad qüvvəsi, həm də qəti inam. Bu böyük insanda bunların hamısı vardı: həm alim, həm çox mömin idi, həm imanına yəqini vardı, həm də özünəinamı. Bunlar lazımdır.460


Qum Elm Hövzəsində azad diskussiyaların təşkil edilməsinin zərurliyi

Ən vacib məsələlərdən biri azadfikirlilikdir. Burada bu mövzuya toxundular. Nə üçün Qumda azad diskussiyalar təşkil olunmur? Bunun nə eybi var?! Bizim elm hövzələrimiz elmi azadfikirliliyin beşiyidir. İndinin özündə də bununla fəxr edirik. Elm hövzəsindən başqa təhsil mərkəzlərində belə bir şey yoxdur ki, şagird dərsdə müəllimə irad bildirsin, acıqlansın, müəllim də ondan ədavət və qərəz duymasın. Tələbə azad şəkildə iradını bildirir, müəllimdən çəkinmir, müəllim də bundan əsla incimir və narahat olmur. Bu çox mühüm məsələdir və hövzəyə məxsusdur.

Bizim elm hövzələrimizdə elə böyüklər olmuşdur ki, həm fiqhdə müxtəlif üslubları öyrənmişlər, həm də daha köklü olan digər məsələlərdə. Filosof, arif və fəqihlər bir-birinin yanında yaşamış, işləmişlər. Bizim hövzələrimizin keçmişi belədir. Birinin bir elmi əsası vardı, digəri onu qəbul etmirdi. Alimlərin həyatına baxsanız, bunu görərsiniz.461
Müxalif fikri vurmaq və kafir elan etmək yerinə nəzəriyyə kürsüləri təşkil etmək

Bir nəfər fiqhdə nadir bir fikir irəli sürür. Çox gözəl, qəbul etməyin. Nəzəriyyə kürsüsü təşkil olunsun və diskussiya aparılsın. Beş nəfər, on nəfər alim gəlib onun fikrini dəlillə rədd etsinlər. Bunun eybi yoxdur. Bir fəlsəfi və ya etiqadi nəzəriyyə irəli sürülərkən də belə etmək lazımdır. Təkfir və bu kimi məsələləri hövzədən yığışdırmaq lazımdır; özü də hövzə daxilində böyük və görkəmli alimlərə qarşı. Sözünün bir hissəsi mənim fikrimə müxalifdir deyə ona ağzıma gələni deməliyəm?! Belə olmaz. Buna tələbələrin öz daxilindən başlamaq lazımdır. Bu elə bir şeydir ki, tələbələrin özlərinin vasitəsi ilə mübahisə və müzakirə kürsüləri təşkil etmək və qeyd etdiyim azadfikirlilik hərəkatı olmadan mümkün deyil. Bunu elm hövzəsində adət halına salın, jurnallarda, yazılarda işıqlandırın. Bir nəfər fiqhdə bir söz deyirsə, başqa biri onun əleyhinə bir risalə yazsın, kimsə onu qəbul etməsə, o da bir tənqidi yazı yazsın. Bir-biri ilə elmi mübahisə etsinlər, eybi yoxdur. Mənim fikrimcə, elmi mübahisə yaxşıdır.462




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə