Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə14/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

Beşinci fəsil: Tədqiqat


Hövzənin tədqiqat mərkəzlərinin missiyası

Hövzənin çoxlu tədqiqat mərkəzi olmalıdır ki, bütün bu sahələrdə bir istehsalçı kimi daim və modern formada işləsin, məhsul versin. Əgər rejim üçün bir məsələdə sual yaransa, məsələn, torpaq və musiqi məsələsində, daha geniş bir çərçivədə iqtisadi sistemdə, xarici münasibətlərdə, digər xalqlarla əlaqədə, valyuta məsələlərində, dövlət məmurlarının dəyərləndirilməsində və hər bir rejimin həmişə əsaslı şəkildə üzləşdiyi bu tip yüzlərlə məsələdə biz hansı əsasla qanun qəbul edək, hansı əsasla idarə qaydaları tənzimləyək və işləyək? Bir mərkəz belə suallara cavab verməlidir.525


Tədqiqat - hövzədən gözlənilən işlərdən biri

Biz ölkəmizin İslam dünyasındakı mövqeyinə baxdıqda hövzədən beş əsas iş gözləyə bilərik. Hövzənin özü həyatda qalması üçün o beş işdən təxminən üçünə ehtiyaclıdır, iki işə də hövzədən kənarda ehtiyac var. Əlbəttə, bizim apardığımız bu bölgü kompleks deyil.

Birinci iş təqlid müctəhidliyindən və fətva verməkdən ibarətdir. Xalq həmişə təqlid müctəhidinə və müftiyə ehtiyaclıdır, onu yetişdirmək və işi də hövzənin üzərinə düşür. İkinci iş müəllim yetişdirməkdir. Hövzənin təbii ki, özündə yetişməli olan müəllimlərə ehtiyacı var. Üçüncü iş elmi məsələləri araşdırmaq və yazmaqdır; istər bayırdan hövzəyə təklif olunan, istərsə də hövzənin özünə aid mövzularda. Həmçinin kitab yazan tədqiqatçı və müəlliflərə ehtiyacı var; həm hövzədən kənardakılar üçün lazım olan, həm fiqh mövzularında yeni tədqiqatları ehtiva edən və yeni əsaslandırma metodunu bəyan edən kitabları - imam bu müraciətdə və qabaqkı müraciətlərin birində ona toxundu – həm də dərs vəsaitini.

Bu üç iş daha çox hövzənin daxilinə, o biri iki iş isə xaricinə aiddir. Dördüncüsü məhkəmə, beşincisi isə təbliğatdır.526


Yeni üsullarla fiqhi daha dərindən mənimsəmək

Fiqh və fəqahət hövzələrdə inkişaf etməlidir. Bu inkişaf həm dərinlik baxımından, həm genişlik və həyat məsələlərini əhatə etməsi baxımından olmalıdır. Fiqh dərinləşməli, indikindən dərin olmalıdır; necə ki, siz Əllamə Hillinin dövründəki fiqhin Şeyx Tusinin dövründəki fiqhdən dərin olduğunu, yəni müxtəlif fikir və nəzərlərlə üzləşdiyini, zaman ötdükcə xüsusi formada dərinləşib mürəkkəbləşdiyini görürsünüz. Məsələn, Mühəqqiq Saninin - Əli ibn Əbdülali Kərəkinin dövründəki fiqh əllamənin dövründəki fiqhə nisbətən daha dərindir. Yaxud misal üçün, şeyxin Məkasibdəki fiqhində daha çox dərinlik vardır. Biz bu dərinliyi artırmalıyıq. Dərinliyin mənası bu deyil ki, əlavə və lazımsız tədqiqatlarla məşğul olaq. Xeyr, məsələni incələmək, onu yeni üsullarla araşdırmaq və dərinləşdirmək lazımdır. Tədqiqatçılar bunun metodlarını öyrənə bilərlər.


Fiqh metodikasında yenilik

Biz fiqhi genişləndirməliyik. Bizim fiqhimiz fəqahət səviyyəsinin genişliyi baxımından inkişaf etməli və həyatın bütün sahələrinə şamil olmalıdır.

Çox gözəl. Biz nə üçün fiqh kitablarımızda və fiqhin müxtəlif bölmələrində lazımi araşdırma aparıb həyatın idarəsi üçün yollar tapmayaq?! Deməli, həm səviyyə baxımından inkişaf etməli, daha çox genişlənməlidir, həm də üslub baxımından. Qeyd olunan bu fiqh metodikasının yeniliyə və inkişafa ehtiyacı var. Daha effektiv olması onun üzərində işləmək lazımdır.527
Tədqiqat və araşdırmanın yeni üsullarından istifadə

Hövzə yeni tədqiqat üsulları ilə tanış olmalıdır. Tədqiqat dedikdə məqsədimiz həm dərin araşdırmadır, həm də geniş araşdırma. Avropa metodlarında bunun hər ikisinə tədqiqat deyirlər. Adlarla işimiz yoxdur, bu da bir növ araşdırmadır. Bu gün hər iki tədqiqat növünün yeni üsulları var. Müəllimlər tələbələri yönəldirlər, qrup işləri görülür və kollektiv tədqiqat təqdim olunur. Kollektiv tədqiqat fərdi tədqiqatdan daha etimadlıdır; onda mübahisələr az, inkişaf isə çox olur. Hövzədə bu üsullardan istifadə etməliyik.528



Tədqiqatın idarəsi

Hövzənin tədqiqat qurumları olmalıdır. Əgər bir nəfər oturub özü üçün tədqiqat aparırsa, bu, sözsüz ki, dəyərli işdir, lakin belə böyük təşkilatın işi bu deyil. Mərhum Ayətullah Bürucerdi illərlə Bürucerddə idi, tək-tənha bir dünya tədqiqar apardı. İndi sizin belə böyük bir təşkilatda apardığınız tədqiqatlar bir nəfərin tədqiqatlarının yarısı qədər də olmasa, bunun nə qiyməti var?! Bu gün bir elmi təşkilatda tədqiqat işinin mütərəqqi qayda-qanunu və üsulu var; kompüter var, kollektiv tədqiqat var, lazımi mövzular var. Amma hövzədə birisi lazım olmayan bir mövzuda tədqiqat aparır; iki nəfər bir mövzunu araşdırır və eyni əsər təqdim edir. Tədqiqat işi üçün idarəçilik və nizam-intizam lazımdır. Elm hövzəsində bu nizam-intizam yoxdur.529


Hövzədə az xərclə ərsəyə gələn nəfis elmi işlər

Xalq bilmir ki, elm hövzələrində nə qədər nəfis və dəyərli elmi fəaliyyət göstərilir; bilmir ki, elm hövzəsinin mühüm fənlərində çox dəyərli işlər maddi cəhətdən necə ucuz qiymətə görülür. Hövzənin çoxlu işləri az xərclə görülür. Halbuki eyni iş adi idarələrdə, universitetlərdə, nazirliklərdə və digər yerlərdə görülsə, bəlkə də beş dəfə, on dəfə artıq xərc götürər. Hövzə mahiyyətcə qənaətcildir, əbəs, faydasız və böyük xərc tələb edən zahiri işlərə diqqətsizdir. Xalqın çoxu bunları bilmir.

Hövzələrdə nə qədər gözütox və iddiasız alim, tələbə işləyir, dərs oxuyur, tədqiqat aparır və mütaliə edir. Dünyanın böyük alim və tədqiqatçılarının gizli bir yerdə, qaranlıq bir otaqda oturub böyük zəhmətlə yeni bir şey kəşf etdikləri kimi, bunlar da eləcə və çətin məişət şəraitində irfanda, fəlsəfədə, fiqhdə, üsulda, ricalda, hədisdə, təfsirdə və digər sahələrdə yeni düşüncələr yaradırlar. Bu işləri stolsuz, kondisionersiz, təşkilatsız, katibəsiz, telefonsuz edirlər.530
Yeni vasitələrdən istifadənin zəruriliyi

Mənim fikrimcə, bu işlərlə bu gün elm hövzələrində tədqiqat bir ildə ötən yüz il qədər inkişaf edər. Həqiqətən belədir. Biz bir dəfə bir hədisi nə qədər axtardıqsa, tapmadıq, axırda da işdən daşındıq. İndi ürəyiniz istəyən qədər qarşınızdadır; sanki deyir: "Əmr et, gətirim". Odur ki, tədqiqatdan qaçmaq üçün həqiqətən bəhanə yoxdur. Bu gün tədqiqatla məşğul olan gənclərin tədqiqat aparmamaq üçün üzrləri yoxdur.

Elə bir gün də gələ bilər ki, məsələn, bu cihazların birini sizin başınıza birləşdirəcəklər; elmi-fantastik ədəbiyyatda olduğu kimi. Bəlkə də kiçik bir cihaz düzəldəcəklər, qulağa qoyulan bir eşitmə aparatı kimi başınıza qoyacaqsınız və bütün bu məlumatlar beyninizdə əks olunacaq. Belə olacaq. İradə edib düyməni basan kimi tez o hədis yadınıza düşücək və oxumağa başlayacaqsınız.

Belə olacaq. Elm budur. Dərd burasındadır ki, bugünkü gündə də bəzi şəxslər qədim üsullardan əl çəkmirlər.531


Namazın kəlam, irfan və ictimaiyyət cəhətlərini araşdırmaq

Namazı uca tutmağın başqa bir əlaməti onun elmi mütaliəsi və tədqiqatıdır. Elm hövzələrində namaz və onunla bağlı məsələlər ən geniş fiqh mövzularını təşkil etdiyi kimi, namazın kəlam, irfan və ictimai cəhətləri də belə olmalıdır. Din alimləri, tədqiqatçı və yazıçılar bu barədə məqalə və kitablar yazsınlar. Dinin təbliğ olunduğu bütün kürsülərdə namaz barədə müxtəlif üsullarla və müxtəlif cəhətlərdən təkrar-təkrar bəhs olunsun. Müxtəlif pillələrin dərs kitablarında namaz barədə münasib olaraq qısa, yaxud geniş, lakin hər iki halda dərin və güclü mövzular yerləşdirilsin.532


Kəlam elmində yeni düşüncənin istehsalı

Kəlam sahəsində işdən söhbət ediriksə, tez üç-dörd kəlam kitabının yazılması təsəvvür olunmasın. Hövzənin işi daha artıq kitablar nəşr etdirmək deyil, təkmilləşməkdə olan fikir istehsal etməkdir. İstehsal artsa, növbə nəşrə də çatacaq. Nəşr ikinci mərhələdir. Elə bilməyək ki, bir mövzuda on kitab yazdıq və iş bitdi. Xeyr, hövzə kəlam sahəsində yeni düşüncə istehsal etməlidir.533


Güclü düşüncə dalğaları və tədqiqi məhsulları artırmağın zəruriliyi

Hövzənin indi burada iştirak edən böyüklərindən biri bir neçə il öncə İngiltərəyə getmiş, orada bir kitabxana görmüşdü. Mənə buyurdu ki, bu kitabxananın bir mərtəbəsi son bir neçə ildə qərblilər tərəfindən yazılmış əxlaq kitablarına məxsus idi. Bu bir neçə ildə Qum Elm Hövzəsi nə qədər əxlaq kitabı yazmışdır? Onun mində biri, on mində biri? Fikrimcə, bundan da azdır. Bu hələ əxlaqdır və bilirsiniz ki, Qərbin əxlaqla arası yoxdur. Əlbəttə, onların əxlaq kitabları daha çox əxlaq fəlsəfəsi, əxlaqın rəddi, qeyri-mənəvi və maddi əxlaq barədədir. “Merac əs-səadət” və “Came əs-səadət” kitablarından sonra biz hövzələrimizdə hansı kitabı yazmışıq? Düzdür, son bir neçə ildə elmi bir əsər kimi ortaya qoymağa layiqli bir neçə əxlaq kitabı yazılmışdır.

Bu məsələ eynilə hüquqda da müşahidə olunur. Siz görün mədəni hüquqda, cəza hüququnda, müxtəlif hüquqi mövzularda necə çeşidli tədqiqatlar aparılmışdır. Bu iş həm Qərbdə, həm də şiə olmayan İslam dünyasında baş vermişdir. Biz bu sahələrdə, insafla deməliyik ki, çox geri qalmışıq. Hələ bu bizim öz ixtisasımızdır; hövzələrin ixtisası əsasən fiqhdir.

Görün fəlsəfə, kəlam, yeni kəlam, din fəlsəfəsi, dinşünaslıq və digər sahələrdə nə qədər yazıb və işləyiblər. Bunların hamısı səhv də ola bilər. Amma hər halda, cəmiyyətin beyin mühitinin bir hissəsini dolduran elm və düşüncə məhsuludur. Siz hal-hazırda haradasınız? Bunlarla necə mübarizə aparmaq istəyirsiniz? Haradadır Əbdülcəlil Razi Qəzvini ki, bu dövrə uyğun ən-Nəqz kitabını yazsın və bir kitab yox, bu sahələrdə bəlkə də on min kitab yazılsın.534


İşlənmiş mövzuları dərinləşdirmək kifayət etmir!

Bugünkü tədqiqatçı, misal üçün, Şeyx Ənsarinin işlədiyi mövzularla, eyni sahədə daha dərinliyə getməklə kifayətlənməməlidir. Tədqiqatçı yeni üfüqlər kəşf etməlidir. Bu iş keçmişdə də olmuşdur. Misal üçün, Şeyx Ənsari iki dəlil arasında ziddiyyət zamanı hakimlik məsələsini kəşf etmişdir.

Fiqhin metodlarında yeni üfüqlər açmaq lazımdır. Hansı dəlilə görə bizim böyüklərimiz, fəqih və tədqiqatçılarımız bu işi görə bilməməlidirlər?! Doğrudan da müasir alimlərin bəzisi elmi qüvvə və dəqiqlik baxımından sələflərdən geri qalmırlar. Lakin hövzədə bu iradə hərəkətə gətirilməlidir.535
Hövzədə dərin və məzmunlu araşdırmaların zəruriliyi

Bir məsələ araşdırma məsələsidir. Bu gün Qumda həqiqətən tədqiqat işi başlanmışdır və müxtəlif qurumlar müxtəlif yerlərdə mətnləri araşdırmaqla və bu kimi işlərlə məşğuldurlar. Lakin nizam-intizamsız görülən tədqiqat işləri bəzi adamlar üçün yanlız çörək ağacıdır. Yəni bir qrup tələbə pul almaqdan ötrü bir neçə saat tədqiqat işi görür. Bu gün hövzəyə aşılanan tədqiqat da universitet mənasında olan tədqiqatdır; yəni mətnlərin üzündən tədqiqat aparırlar. Hövzənin fəxri budur ki, tədqiqatı dərin və məzmunludur. Biz bunu əldən verməməliyik. Tədqiqatçılara müxtəlif mövzular verib desinlər ki, gedin bu sualların cavabını tapın. Hövzənin özü bu işi idarə etsin və lazım olduqda pul da verilsin. Hər halda, siz mühüm və yaxşı işlər görmək üçün mövzular üzərində işləməlisiniz. Bir neçə yaxşı tələbəyə pul da verin ki, işləsinlər.536


Hövzə tədqiqatlarında yeni cihazlardan istifadə

Mənim kompüterim var, ondan istifadə edir, ən çətin tapılan hədisləri də bir neçə dəqiqə ərzində tapıram. Qumda hazırlanan bu proqramda - bu proqramlar fikrimcə, ibtidaidir və yetərincə təkmilləşdirilməyib - bir düyməyə vurmaqla çoxlu hədislər kağız üzərində yazılır və ünvanı ilə birgə insanın ixtiyarına keçir. Kim istəsə, ehtiyat üçün (çap versiyasına) baxa bilər. Nə üçün bundan istifadə olunmasın?!537


Yeni üfüqləri kəfş etməyin zəruriliyi

Mən Allaha çox şükür edir və sevinirəm ki, həm gənclik enerjisinə, həm də elmə malik bir qrupun bizim böyük elmi hövzəmizdə tədqiqat işində çalışdığını görürəm. Tədqiqat və dərinlik olmadan, yeni düşüncə sahələrini fəth etmədən heç bir iş görmək olmaz. Elm hövzələrində bizim qüsurumuz bu olub: tədqiqat apardığımız fiqh, yaxud üsul məsələlərində də - bizim tədqiqatımızın çoxu əsasən bu iki sahədə olmuşdur – yeni üfüqlərə çox zaman az diqqət yetirmiş və eyni mövzunu daha dərindən araşdırmağa üstünlük vermişik. Böyük fəqihlərin gördüyü işlərdən xəbərdarsınız. Bu işlərin bəzisi heyrətamizdir, amma hamısı şaquli formada get-gedə dərinləşir, heç bir üfüqi genişlənmə yoxdur və insan yeni sahələr müşahidə etmir.

Fərz edin, icmali elmin yüz, yaxud yüz on beş şaxəsi var və bir nəfər onunu da əlavə edir. Yaxud fərz edin, şübhəli paltar barədə yeni bir tədqiqat aparır, düşüncə və baxış dairəsinə isə çox zaman bir şey artırılmır. Odur ki, biz işlənməmiş mövzulara girişdikdə, məsələn, fəqihin rəhbərliyi, İslam hökuməti, yaxud İslam cihadı məsələsini araşdırdıqda mövzunun üfüqlərinin bəyan olunmadığını görürük.538
İslam quruluşu üçün tətbiqi tədqiqatlar

Mühüm məsələlərdən biri budur ki, bizim tədqiqatımız tətbiqi olmalıdır. Yəni praktikadan uzaq olan quru tədqiqatla məşğul olmaq az zamanda və az fürsətdə uzaq yolla getmək deməkdir. Siz görün bütün təkallahlıların, islahatçıların, Allaha və İslama iman bəsləyənlərin arzuladığı İslam quruluşunun bu gün nəyə ehtiyacı var; bunu axtarmalısınız. Biz bu işlərlə həqiqətən gec məşğul olduq. Kaş inqilabın əvvəlindən sizin kimi yüz nəfər peyda olub nə müharibəyə qoşulaydı, nə də siyasətə; gedib oturaydı və İslam quruluşu üçün bu məsələləri araşdıraydı.539


İslam quruluşunun ehtiyacını təmin etmək

Bu gün mühüm olan budur ki, biz bu quruluşun elmi düşüncə, əsas və güclü mental təməlləri sarıdan nəyə ehtiyaclı olduğuna bilək və İslam hökumətinin gücləndirilməsinə dair önfərziyyə ilə araşdırma aparaq. Bəzi xırda tədqiqatçıların nə qədər elmi çəkisinin olduğu bəlli deyil. Yaxşı olmaları da mümkündür, bunda sözümüz yoxdur. Onların nöqsanı budur ki, bu önfərziyyəni görməzdən gəlmişlər, İslam hökumətinin, fəqih, yaxud fiqh hakimiyyətinin şəriət baxımından legitimliyi barədə mücadilə, mübahisə və şübhə yaymaqla məşğuldurlar.

Biz bu fərzlə araşdırmalıyıq ki, İslam dini cəmiyyəti və bəşəriyyəti maddi və mənəvi cəhətdən idarə etmək üçün gəlmişdir. Önfərziyyə budur ki, hakimiyyət İslamın və İslam quruluşunun əlindədir və bu quruluş idarə etmək istəyir, oturub digərlərinin idarəsinə tamaşaçı olmaq istəmir. Bu fərzlə bütün tədqiqatımıza istiqamət verməli və ehtiyaclarımızı ölçməliyik. Gərək ehtiyaclarımıza baxaq və onları təmin edək.

Bu gün bəzi şəxslər tərəfindən İslamın siyasi quruluşunun ən ibtidai və ən aydın əsaslarına puç dəlillərlə irad tutulur. O da bundan ibarətdir ki, ümumiyyətlə, İslamın siyasətlə işi var, yoxsa yox. Yəni bir zaman İslam hərəkatının cürət və qüdrətlə, özünə və çoxlu resurslarına güvənərək güclü şəkildə bəyan etdiyi və ona əsasən bir siyasi quruluş qurduğu bir amili zəif, əsassız və məntiqsiz sözlərlə sual altına almaq istəyirlər. Əgər belə olsa, elmi və nəzəri baxımdan həqiqətən mənasız, dəyərsiz və puç olan bu sözlərdən sonra dinin heysiyyəti, hörməti və sevgisi qorunarmı?! Bu onu göstərir ki, onlar səhnəni boş görürlər. Əgər elmi-mədəni baxımdan güclü şərait olsaydı, bu söz deyilən kimi məsxərə olunsaydı, təbii ki, deyilməzdi. Lakin kimlərinsə bu sözləri dediyini görürük. Odur ki, bizim bu tədqiqata çox ehtiyacımız var. Biz bu ehtiyacların nə olduğunu bilməli və onları təmin etməliyik.540


Düşüncə yeniliklərinin dünyaya hakim nəzəriyyələrdən təsirlənməməsi

İnqilabdan öncə İslam yeniliklərində səhv edənlərdən biri də mənəm: "Mən nəfsimə bəraət qazandırmıram"541. O zaman nadir istisnalardan başqa bizim hamımız bir səhvə düçar olurduq. O da budur ki, dünyanın siyasi ədəbiyyatına hakim təfəkkürlər bizim istiqamətimizə təsir göstərirdi. Məsələn, bir zaman sosializm dünya ədəbiyyatında çox uca və yüksək mövqeyə malik idi. İslama etiqad bəsləyənlərdən və İslam üçün işləmək istəyənlərdən kim İslam iqtisadiyyatı barədə araşdırma aparırdısa, bir yolla məsələni sosializmə sarı çəkirdi; hətta həqiqətən İslama etiqadlı olanlar da. Yayınmaların çoxu buradan başlandı. Bəzi nəzəriyyələr tədqiqatçının beynində təsir buraxdı, düzgün incələmə aparılmadan qəbul olundu.

Doğrusu, həmin bəla keçmişdəkindən çox az olsa da, təəssüf ki, bu gün də mövcuddur. Bu gün sekulyarizm və digər mövzular bir yana, hətta demokratiya haqda deyilən sözlər də Qərb demokratiyasına qayıdır, Qərb demokratiyası meyar götürülür, halbuki onun müxtəlif növləri vardır.

Biz bu demokratiyanı meyar götürür və hakim edirik. Səhv olan budur. Dinin sözünü bəyan etmək lazımdır. Bütün sahələrdə belədir. Hakim Qərb mədəniyyətinin bizim düşüncəmizə hər hansı müdaxilə və təsirinə imkan verməməliyik.

Müxtəlif tədqiqatlarda bəzi şəxslərin səhvlərə yol verdiyi müşahidə olunur. Məncə, bu səhvlərin əksəriyyətnin mənşəyi budur: Quran və sünnənin höccət olmasını və İslam quruluşunun haqlılığını deyil, Qərbdə geniş yayılmış təfəkkürləri önfərziyyə seçirlər.542
Hövzədə tədqiqat sisteminin vahid idarəsi

Bu gün Qum Elm Hövzəsində xoşbəxtlikdən, bəzisi hövzəyə, bəzisi hövzədən xaricə və bəzisi xüsusi sahələrə aid olan çoxlu araşdırmalar aparılır, gənc tələbə və alimlər tədqiqat işləri görürlər. Hövzənin müdiriyyəti bunları bir-birinin təkmilinə yönəltməlidir. Belə ki, bu tədqiqatların məcmusu düşmənin düşüncə və təbliğat hücumundan xəbər tutmaq və ona qarşı mübarizə imkanı yaratsın, müxtəlif sahələrdə aparılan tədqiqatlar tətbiqi cəhətə malik olsun, kim bir tədqiqat qrupu yaratmaq istəsə, hövzənin müdiriyyəti ilə məsləhətləşsin, onun tövsiyələrinə əməl etsin və kimin nə iş gördüyü bilinsin. Hövzədə tədqiqat proqramına ümumi nəzarət olmalı, təkrar, əbəs və faydasız araşdırmalar aparılmamalı, hövzənin zamanı tələf edilməməlidir. Bu, çox vacib işdir.543


Dəqiq tədqiqat işi

Bir məsələ budur ki, bəzi işlərin adı tədqiqat olsa da, daha çox xidmətdir, tədqiqat deyil. Bu o demək deyil ki, xidmət əhəmiyyətsiz bir şeydir. Xeyr, o da mühümdür, lakin xidmətin kənarında dəqiq tədqiqat işləri görülməsə, xidmət düzgün edilməyə də bilər. Təkidlə bildirirəm ki, hövzənin bütün fəaliyyətlərində tədqiqat və araşdırma məsələsinə bir qayda kimi baxılsa, yaxşı olar.544


Tədqiqatda təkrar və paralel işlərdən çəkinmək

Nəzərə çarpan ikinci məsələ budur ki, bu işlərdə əvvəla təkrar var. Biz burada bir neçə elektron-informasiya işi müşahidə etdik. Bəllidir ki, onları idarə edənlər çox peşəkar və həvəskar insanlardır, amma bəzi işlər təkrardır. Paralel iş küfr deyil, lakin potensialı tələf edir. Buna əsasən, bir məsələ budur ki, bəzi işlərdə təkrarçılıq aydın görünür. Necə ki, biz dedik və nümunəsini göstərdik. Bəzi işlərin də forması bir-biri ilə fərqli, məzmunu isə birdir. Bilinir ki, bu iş digər otaqda görülən işlə eynidir. Tədqiqata böyük ehtiyacımızı nəzərə alsaq, belə təkrar işlər bəlkə də israfçılıq sayılır.545


Tədqiqat çatışmazlıqlarının hərtərəfli təmini

Dünən də işarə vurduğumuz kimi, hövzənin tədqiqat işləri bir-birini tamamlamalı, hövzənin öhdəsinə düşən bütün ehtiyacları təmin etməlidir. İnsan burada onu hiss etmir, ümumi olaraq bütün çatışmazlıqların əhatə olunması duyulmur. Bilirsiniz ki, sərhəddəki hər bir radarın bir şüası var və bir dairəni əhatə edir. Radarları müəyyən məsafələrlə düzürlər və ümumilikdə boş nöqtə qalmır; yəni bir-birini təkmil edirlər, düşmən təyyarəsi, düşmən qüvvəsi heç bir tərəfdən ölkə sərhədini pozub daxil ola bilmir. Siz belə olmalısınız. Sizin bu radarlarınız - məqsədi dini müdafiə etmək, dinin və İslam maarifinin təbliğinə hazırlıq olan tədqiqat mərkəzləri elə tənzim olunmalı, bir-birinin kənarında elə düzülməlidir ki, hər bir nöqtəni əhatə etsin. Bu indi hiss olunmur. Bunu necə yaratmaq olar?

Mən düşünürəm ki, hamı qəbul etsə, hövzənin müdiriyyəti bu məsuliyyəti üzərinə götürə bilər. Yəni tədqiqat boşluqlarını görsün və tədqiqatçını oraya yönəltsin. Tədqiqat mərkəzi açmaq istəyən şəxsi də bu sahəyə yönəldib desin ki, burada bizim çatışmazlığımız var. Yaxud təkrarçılıq edənləri boş sahələrə yönəltsin. Elə etsinlər ki, ümumilikdə kompleks bir əhatə dairəsi yaransın. Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, bizim böyük tədqiqat potensialımız var, kadr və düşüncə baxımından heç bir problemimiz yoxdur, lakin bu işlərin gecikməsindən ötrü narahatıq. Əgər hövzənin müdiriyyəti bunu idarə etsə, bu narahatlıq da aradan qalxar.546
Tədqiqat müdiriyyətinin sözünü qəbul etmək

Bu müdiriyyət hövzənin bütün işlərində söz deyə bilməli və özünün fikri olmalıdır; o cümlədən tədqiqat məsələsində nəzəri olmalıdır ki, bu iş pərakəndəlikdən xilas olsun. Tədqiqatla məşğul olanlar, böyük alimlər, dəyərli şəxsiyyətlər, təqlid müctəhidləri və digərləri harada olsalar, bunu qəbul etsinlər. Yəni müdiriyyətin bu səlahiyyətini - tədqiqat mərkəzlərini lazımi mövzulara yönəldib boşluqları doldurmasını hamı qəbul etsin. Bu, vacib işdir.547


Yerində saymaqdan qurtuluş

Bildiyiniz kimi, tədqiqat, yenilik və dərinlik olmadan insan heç bir sahədə uca məqsədlərə çata bilməz. Əgər bu yenilik – yəni dərin tədqiqat və araşdırma olmasa, nəticədə yerimizdə sayacaq və dünyadan geri qalacağıq.548


Tədqiqatlara dini hidayətin hakim olması

Bir məsələni xatırladım: Xahiş edirəm xüsusən düşüncə məsələlərində tədqiqat aparan qardaşlar dini hidayət xəttinin itməsinə qoymasınlar. Biz dini kitab yazan elə şəxslər gördük ki, məqsədləri xalqı azdırmaq deyildisə də, nəticə elə oldu. Din adı, din məqsədi ilə və din üçün görülən bəzi işlər sonda xalqı dindən uzaqlaşdırır. Çalışın tədqiqat sahələrinin heç birində belə ziyan və faciə yaranmasın. Çünki o zaman bunun bəlası qurtarmaq bilməyəcək.549


Tədqiqata diqqətin Qum hövzəsinin yaxşı addımı olması

Qumda görülən yaxşı işlərdən biri müxtəlif tədqiqat işlərinə diqqətdir. Keçmişdə belə deyildi; tələbələr uzaqbaşı öz dərslərini dərindən oxuyur, araşdırır və mütaliə edirdilər. Yəni nadir hallar istisna olmaqla, müxtəlif elmi üfüqlərə açıq baxış mövcud deyildi. Peyğəmbərin (s) məktubları kitabını yazan mərhum Əhmədi Miyanəcinin işi hövzədə bir fenomen sayılırdı. Bu məsələ bir hövzə tələbəsini maraqlandırır, Peyğəmbərin (s) məktublarını araşdırır, yüz dəfə özünü danlayır – adətən insan özünü danlayır və deyir ki, bunun fiqhə, üsula və dərsə aidiyyəti yoxdur - və bu işi sona çatdırır. Bu, nadir bir məsələ idi. Əlbəttə, rical istisnadır və bəzi şəxslər, məsələn, Hacıağa Musa və digərləri onu araşdırırdılar. Çünki rical hər halda, fiqhi araşdırmanın şərtlərindəndir. Lakin hövzə işinin kənarında olan digər tədqiqatlar əsla adət olmamışdı. Mərhum Bürucerdi müxtəlif sahələrə dair aydın baxışa malik olsa da, bu iş praktik olaraq hövzədə görülməmişdi və bizim dövrümüzdə belə bir şey yox idi.

Bu gün isə belə deyil; Allaha şükür, hövzədə olduqca çoxlu tədqiqat mərkəzləri fəaliyyət göstərir. Mən Quma son səfərimdə tədqiqat mərkəzlərinin sərgisinə baxdım. Onların işləri haqda bir siyahı düzəltmişdilər. Sərgidən qabaqkı gecə yorğun olsam da, oturub onların hamısını əvvəldən axıra qədər oxudum. Düzdür, o işlərin bəzilərinin mövzusu çox da dəyərli deyildi, bəzisi də təkrar idi. Amma onların arasında çox yaxşı işlər də vardı. Bu, Qumun yeni baxış tərzini göstərir. Bu, çox gözəldir. Sizin işiniz də bu məqsədlə görülən yaxşı işlərdəndir. Bunu davam etdirin.550
Tədqiqat kompleks olmalıdır!

Gərək tədqiqat qrupları məsələnin kökünə qədər gedib araşdırsınlar. Fərziyyənin doğru və ya yanlışlığına dair elmi faktların hamısını qeyd edib yekun nəticə çıxarsınlar.551


Alimanə tədqiqin əhəmiyyəti

Mən iki məqamı xüsusilə vurğulamaq istəyirəm: tədqiqat və incəsənəti. Tədqiqat işi çox mühümdür. Alimanə araşdırma ilə görülən iş hətta avam camaat üçün də dəyərli və gözəl olur. Sözsüz ki, alimanə iş böyük sözlər danışmaq deyil, elmi əsaslı və düzgün iş görməkdir; hamının başa düşdüyü və avam dillə deyilsə də. Eşitdiyiniz kimi, bəzi inkişaf etmiş ölkələrdə elmi araşdırmaların bütün sahələrinə böyük büdcələr ayrılır. Milli medianın işlədiyi mədəni məfhumlarda və müxtəlif məsələlərdə araşdırma aparmaq çox mühüm işlərdəndir.552


Düşüncə istehsalı baxımından geriliyin qarşısını almaq

Başa düşməliyik ki, biz geridəyik. Düşüncə bazarında - istər əqli, istər ictimai elmlərdə, istər hüquq və fiqhdə, istər tarixi və digər sahələrdə düzgün və ya səhv olmasından asılı olmayaraq, hər gün yeni söz ortaya qoyulur. Bizim işləyib çalışmadığımıza və görməli olduğumuz işi görmədiyimizə görə dünyanın fikir mərkəzləri də dayanıb gözləmirlər, daim istehsal edirlər. Düzgün və haqq, eləcə də səhv və batil məhsullar istehsal olunur. Gözləmək olmaz ki, dünyanın düşüncə məhsulları tərcümə olunsun, onlara əl gəzdirilsin, bir müddət ötəndən sonra buraya çatsın, universitetdə, yaxud elm hövzəsində bizim gəncimizi cəlb etsin və biz ondan sonra ziyanı və təhlükəni uzaqlaşdırmaq barədə fikirləşək. Xeyr, bu fikirləri qarşılamaq və uyğun düşüncə mərkəzləri ilə üz-üzə gəlmək olar.553


Çoxluq yerinə dərinlik

Hər bir qurumun məhsulları bir meyardır. Sizin məhsullarınız yaxşı və məqbuldur. Qeyd etdiniz ki, üç yüzdən artıq əsər çap olunmuşdur. Bu, dəyərli işdir, amma demək istəyirəm ki, məsələləri dərindən incələmək onların azalmasına səbəb olsa da, eybi yoxdur. Yəni meyar məhsulların həcmi yox, keyfiyyəti olmalıdır. Əlbəttə, bəllidir ki, işin özü istifadə üçündür. Çünki fayda götürülməyən elmin elə də dəyəri yoxdur. Gərək istifadə olunsun və təbii ki, cəmiyyətin, bizim gənclərimizin və inkişaf etməkdə olan nəslimizin arasında yayılsın. Lakin birinciliyi bu məsələyə vermək olmaz. Birinciliyi işin düzgünlüyünə, rəftarda insafa və işdə dərinliyə vermək lazımdır.554


Düzgün üslubla dində yenilik imkanı

Bəzi adamlar elə bilirlər ki, dində yenilik imkansızdır. Bizim islami və dini mənbələrimizin xəzinəsi tükənməzdir. Biz öz imkanlarımız qədərincə bu çağlar bulaqdan yanlız bir neçə vedrə su götürmüşük; çalışırıq müxtəlif sahələrdə yeni düşüncə və sözlər istehsal edək. Quran tükənməz bir okeandır. Onda çoxlu həqiqətlər var. Bəlkə də biz dünyanın əksər həqiqətlərini Qurandan öyrənə bilərik, hələ öyrənməmişik. Düşünmək, araşdırmaq, yenilik etmək və müsəlman mütəfəkkirlərin qarşısına yeni söz qoymaq bizim işlərmizdən biridir.

Təbii ki, bütün işlər kimi bu iş də öz üsulu və yolu ilə görülməlidir. Bunun bir metodu var və o metoddan xaric bir iş görmək olmaz. İşdə mütəxəssis olmayan bir şəxsə heç zaman demək olmaz ki, bu fəndə yenilik et. Bu, kitab və sünnə ilə tanış olan mütəxəssislərin işidir.

Bizim bütün sahələrdə, hətta fiqhdə də yeni və aydın düşüncələri olan imam kimi bir şəxsimiz var. Siz görürsünüz ki, müsəlman İranın təqdim etdiyi İslam xalqlara şəkər kimi şirin gəlir və hər yerə yayılır.555


İslam yeniliyində yanlış üsul

(Quruluşun) ən əsaslı xətlərindən biri onun islamçılığı, biri xalqınkı olması, biri də yeniliyi və yaradıcılığıdır.

İslamçı olmağın müxtəlif xüsusiyyətləri vardır... Onun mühüm bir cəhəti budur ki, İslam ictihadı bütün ehtiyaclara cavab verə, fəqih, mütəkəllim və filosofların elmi dəstəyi yollar aça bilər.

Biz İslam həqiqətlərini bəyan edərkən İslam yeniliklərini digərlərinin səhv əsasları ilə uyğunlaşdırmaqla bu gözəlliyi məhv edib korlamamalıyıq. Biz digərlərindən öyrənməkdən utanmırıq; bilmədiyimizi öyrənirik, digərlərinin söylədiyi yaxşı sözü də qəbul edirik. Bu, İslamın əmridir. Lakin İslamın sözünü bəyan edərkən əsl İslam sözünü deməliyik.556


Fəqihlərin vasitəsi ilə fiqhi iş

Biz müşahidə edirik ki, ölkəmizdə bəzi qadın və kişilər qadına aid beynəlxalq konvensiyalarla uyğunlaşmaq üçün İslam hökmləri ilə oynamağa, onları azaldıb-çoxaltmağa çalışırlar. Bu səhvdir. Mən demək istəmirəm ki, qadınlara aid fiqh hökmlərimizdə deyilən məsələlərin hamısı mütləq son sözdür. Xeyr, mahir və peşəkar bir fəqihin vasitəsi ilə aparılan bir tədqiqatla bu gün qadın barədə mövcud olan hansısa fiqh hökmünün dəyişməsi mümkündür. Bunun eybi yoxdur. Bu mümkündür və baş vermişdir.

Buna əsasən, fiqh məsələlərində belə bir şey mümkündür. Lakin görülməli iş fiqh əsaslarına yiyələnmiş mahir bir fəqih tərəfindən görülməlidir; özü də fiqh metodikasına əsasən və fəqahət üslubu ilə. Kimsə qərblilərlə, hansısa beynəlxalq konvensiya ilə - onları hazırlayanlar düşüncə təməlləri baxımından İslam əsasları ilə yaşayan və İslama etiqadlı bir xalqdan fərqlidirlər - uyğunlaşmaq üçün İslam hökmlərinin bir tərəfini yonub kəsməməlidir. Bu tamamilə yanlışdır, əsla başadüşülən deyil.557
Tədqiqi fiqh hökmlərinin doğruluğu

Əziz bacılar! Qadın məsələləri sahəsində fəaliyyət göstərən, düşünən və çatışmazlıqları görənlər çıxış yolunu İslamın hökmlərini dəyişdirməkdə görməsinlər. Xeyr, İslamın hökmləri tədqiqatla əldə olunduğu və İslamın əsaslarına uyğun olduğu təqdirdə tamamilə düzgün və məsləhətə uyğundur. Hansısa beynəlxalq təşkilatda, beynəlxalq iclasda hansısa qərarın çıxarıldığına və məsələn, hansısa beynəlxalq konvensiyanın qəbul olduğuna görə biz gəlib qorxu ilə qarışmış dar baxışla öz təfəkkürlərimizi və fiqhimizi dəyişdirməliyik?! Bu, mənim fikrimcə, düzgün deyil.558


Qədir-Xum məsələsində tədqiqatın zəruriliyi

Əziz qardaş və bacılar! Qədir-Xum məsələsi bir neçə cəhətdən diqqətəlayiqdir.

Məsələnin bir cəhəti İslamın və İslam hərəkətinin istiqaməti məsələsidir. Bu bizim etiqadlarımızdan olan vilayət cəhətidir. İmamət məsələsinə və Peyğəmbər (s) - yəni əslində Allah-Taala tərəfindən imamın təyin olunmasına etiqad məsələnin bir cəhətidir. Əgər müsəlmanlar bu hadisəyə tədqiqi gözlə baxsalar, təsdiq edərlər ki, Peyğəmbərin (s) son həccindən qayıdarkən səhranın ortasındakı bu böyük hərəkətinin, bəlli müqəddimə və sonluqla Əmirəlmömininin (ə) adını çəkməsinin, "Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır" - deyə təqdim etməsinin əziz Peyğəmbərin (s) vəfatından sonra İslamda hökumət və vilayət xəttinin təyinindən başqa heç bir mənası yoxdur. Mənası yalnız budur.

İslam dünyasının tədqiqatçıları tarix boyu bu hadisədən və Peyğəmbərin (s) bu sözündən bu mənanı anlamışlar. Bəlli olur ki, İslama görə hökumət məsələsi yalnız kimlərinsə İslam cəmiyyətinin başında durması, dövlətin idarəsi və xalqın həyatının nizam-intizama salınması deyil. İslama görə məsələ yalnız bundan ibarət deyil. İslamda hakimiyyətin imamət mənası vardır.559


Kuleyni dövründə Şiənin elmi hərəkəti

Kuleyni dövrü də həssas və çətin dövrdür. O, hicri tarixi ilə təxminən 260-cı ildə dünyaya gəlmişdir. Bu, İmam Həsən Əsgərinin (ə) vəfat etdiyi və kiçik qeybətin başlandığı ildir. Onun hicrətin 329-cu ilində vəfat etdiyini nəzərə alsaq, deməli, həyatı Şiə tarixinin ən mürəkkəb və ən həssas dönəmlərindən olan kiçik qeyb dövrünü tam əhatə edir. Şeyx Kuleyni ömrünün təxminən son iyirmi ilini İmam Mehdinin (ə) dörd naibinin yaşadığı Bağdadda keçirmişdir. Kuleyninin həyatında olan bu xüsusiyyətlər Şiənin elmi hərəkəti barədə araşdırma aparanlar üçün diqqətəlayiqdir.560


Kafi kitabının elmi qaynaq olması

Kafi kitabı 1100 illik bir dövrdə - mərhum Kuleyninin hicrətin 329-cu ilindəki vəfatından dövrümüzə qədər ötən min ildən artıq müddətdə elmi qaynaq olmuş, şiə cəmiyyətləri arasında əl-əl gəzmiş və heç zaman heç bir şiə fəqihi, mütəkəllimi, yaxud təfsirçisi ona ehtiyacsız olmamışdır.561





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə