Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə9/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

Səkkizinci fəsil: Din və əxlaq


Təhsil mərkəzini İslama uyğunlaşdırmaq

Elm və tədqiqat mərkəzlərinin müəllim və müdirləri ölkə inkişafının əsas sütunu sayılan elm və tədqiqat səviyyəsinin yüksəldilməsinə dair yetərli diqqətlərinin yanında, təhsil mühitinin İslama uyğunlaşdırılmasına, idxal olunmuş mədəniyyətin mənfi təsirlərinin aradan qaldırılmasına, ölkə gələcəyinin ümidləri olan tələbə və şagirdlərin dini və siyasi bünövrəsinin gücləndirilməsinə də çalışmalı, yaradıcı və güclü proqramlarla savadsızlığın kökünü kəsməyi, elmi bütün cəmiyyət səviyyəsində artırmağı müqəddəs məqsəd kimi izləməlidirlər.377


Universitetlərdə şəriət hökmlərinə boyun əymək

Mənim dəfələrlə çıxışlarda və universitet mənsubları ilə keçirilən müxtəlif tədbirlərdə söylədiyim başqa bir məqam da var. Bu bəlkə də təkrar ola bilər, lakin əhəmiyyətlidir və deməliyəm. Bu məsələ universitetlərdə din məsələsidir. Din dedikdə dindarlığı nəzərdə tuturam, bəzi ziyalıların dinə dair yanlış təfsirini və din barədə yanlış təsəvvürləri demirəm. Təcrübə göstərdi ki, bu təsəvvürlərin bir qara pul qədər də dəyəri yoxdur. Mən ömrümü bu məsələlərə həsr etmişəm, boşuna danışmıram. Dindarlıq, İslam hökmlərinə boyun əymək, onları qəbul etmək, onlara təslim olmaq... Quran da bunu deyir: "Allah yanında din yalnız İslamdır".378 İslam nədir? “Kim üzünü Allaha təslim etsə”379 nə deməkdir? Bu, dindir, şəriət hökmlərindəki tərənnümü də budur. Görəsən bizim universitetlərimiz belədir?380


Dinsiz alim istəmirik!

Elm barədə dediyimiz bütün bu sözlər o zaman əsl mənasını tapır ki, sizin yetişdirdiyiniz alim dindar olsun. Dinsiz alim çoxdur. Amerikaya, İngiltərəyə, Fransaya gedin; o qədər böyük və yüksək rütbəli alimlər var ki, sizin onlara çatmağınıza hələ çox var. Lakin onlar dinsiz, dinə, bizim məqsəd və ideallarımıza qarşıdırlar. Məgər biz belə alimlər yetişdirmək istəyirik?! Məgər İslam Respublikası dinsiz alim yetişdirmək istəyir?!381


Dərs oxumağın dindarlıqla eyni zamanda olması

Təşkilatınızın tibbi, yaxud başqa bir təşkilat olmasından asılı olmayaraq, universitetdə hansısa bir şəxs "bu sözləri boşlayın, qoyun dərslərini oxusunlar" – deyə düşünsə, yanlış düşünmüşdür. Onlar dərslərini dindarlıqla oxumalıdırlar. Dindarlıq elə bir şey deyil ki, onun üçün zaman təyin edək və deyək ki, indi dərsinizi oxuyun, sonra dindarlığa başlayarsınız. Dindarlıq bu deyil. Dindarlıq insan varlığının və zehninin bir hissəsidir; insanla inkişaf edir, çiçəklənir və onun bütün hərəkətlərinə təsir edir. Din həyata yad bir şey deyil. Din bir kəlmə sözdə, işarədə və bir mövqedə təsirini görsədir. Dini etiqadı olan insan məgər bir müddət dinsiz yaşaya bilər?!382


Müəllimin vasitəsi ilə dinsizliyin yayılması

Əlbəttə, bir müəllimdən belə gözlənti yoxdur. Bir müəllim məsihi də ola bilər. O, ümumiyyətlə, bunu qəbul etmir, eybi yoxdur, onu dəvət edin gəlsin. Namaz qılmayan dinsiz bir müəllimi dəvət etməyin də eybi yoxdur. Lakin ehtiyatlı olun ki, bu müəllim dinsizliyi yaymağa çalışmasın. Bu müqəddəs məsələyə toxunmasa, gəlməsinin eybi yoxdur. Lakin toxunsa, gəlməsin. Bu mənim daimi mövqeyimdir. Həmişə fikrim bu olub və indi də belədir. Gəlib bir elm öyrətmək və o elmin ruhu olan etiqadı alıb məhv etmək istəyən müəllim gəlməməlidir. O, təhlükəli oğrudur.383


Universitetdə din təlimlərinin güclü və əsaslı təqdimi

Ruhanilərin universitetlərdə təmsil olunması elm və dinin təmsil olunması deməkdir. Universitetlər elm ocağı, dindar insanların orada olması səbəbindən həm də din ocağıdır. Ruhanilik də din elmini güclü, məntiqli, universitetə münasib və universitet mənsublarının səviyyəsinə uyğun şəkildə təqdim edir. Bu, məsələnin elmi tərəfidir. Din təlimləri ən uca elmlərdən, ən güclü zehni və fəlsəfi mövzulardan, bəzi sahələrdə ən mühüm ictimai və həyati məsələlərdən sayıldığından, elmi şəkildə ortaya qoyulmalıdır. Burada zəif əsaslandırmadan və qüsurlu izahdan ciddi şəkildə çəkinmək lazımdır. Çünki bütün buların əks təsiri olar. Pis müdafiə etmək - vurmağın və hücum etməyin ən mühüm üslublarındandır.

Buna əsasən, ruhani, tələbə və din alimlərinin universitetlərdə təmsil olunması İslam maarifini bütün sahələrdə məntiqli, başadüşülən, güclü və istinadlı formada təqdim etməkdən ötrüdür. Bu, məsələnin elmi tərəfidir.384
İslama uyğunlaşdırmaya qarşı istehza

Baxın, mən bir dəfə universitetləri İslama uyğunlaşdırmaq haqqında danışdım, bəziləri buna əhəmiyyətsiz yanaşdılar, bunun geniş və dərin mənasını görmədilər. Odur ki, universitetlərdə əhəmiyyəti daha az olan məsələlərlə məşğul oldular. Bəziləri də digər tərəfdən fəryad qopardılar ki, universitetləri İslama uyğunlaşdırmaq beyinlərin qaçışı və ehkamçılıq deməkdir və sair. Baxın, bunlar düşmənin güclü hücumudur. İslama etiqadı olmayanlar onun həqiqi və universal formada universitetə yol açdığını görəndə o qədər əl-ayaqlarını itirirlər ki, ağızlarına gələni danışırlar.

Mən televizora baxırdım, gördüm ki, universiteti İslama uyğunlaşdırmaq barədə boş-boş danışır və bu təşəbbüsü ələ salırlar. Bir neçə nəfər dəyirmi masada əyləşib danışırdı. Halbuki universitetləri İslama uyğunlaşdırmağın dərin və geniş mənası var və mənim fikrimcə, bu, universitetlər üçün hər şeydən vacibdir.385
Elmliliyin və özünəinamın İslam xüsusiyyətlərindən olması

Universitetin elmli olmasını da istəsəniz, gərək İslama uyğunlaşsın. İslama uyğunlaşmanın meyarlarından biri də elmə yiyələnmək, dərinləşmək, müəllim və tələbənin özünə inanması, güvənməsidir. Məsələ bundan ibarət deyil ki, biri qoluqısa köynəklə gəlsin, yaxud birinin saçının üç-dörd teli görünsün. İslama uyğunlaşdırmaq məsələsi bunlar deyil. Düzdür, İslam universitetinin xüsusiyyətlərindən biri budur ki, orada dindarlıq əksər forma olsun. Çünki bizim cəmiyyətimiz İslam cəmiyyətidir və onda dindarlıq əksər formadır.386


İslama uyğunlaşma və dindarlıq

İslama uyğunlaşmanın mənası budur ki, cəmiyyətdə ümumiyyətlə, dinsiz və qeyri-dini adam olmasın?! Özünü zahirdə dindar göstərən olmasın?! Xeyr, bunlar var. Kimsə onları cəzalandırırmı?! Kimsə hətta dinsiz olanları və qeyri-müsəlmanları cəzaya məhkum edirmi?! Təqib edirmi?! Deməli, belə deyil. Din əksər forma olmalıdır. Universitetin İslama uyğunlaşmasının mənası da budur, universitetin dindarlaşması da bu deməkdir. Üstəlik, dindarlıq universitetin İslama uyğunlaşmasının bir hissəsidir, hamısı deyil. Universitetin İslama uyğunlaşması odur ki, elmi özü istehsal etsin. Necə ki, İslam bir gün xalqda bu hissi yaratdı. Hansı ki, elmlə heç bir əlaqəsi yox idi.387


İslamın düşüncə prinsipləri əsasında elm istehsalı

İslam dini elm üçün ucalıq və şərəf tanıyır; özü də əsl şərəf, alət və vasitə kimi yox. İslam elmi nur bilir. İslama uyğunlaşsa, universitetə bu təfəkkür gələcək; İslam elmləri sahəsində bir formada, digər elmlərdə də başqa bir formada. Biz hətta bəzən humanitar elmlər fakültəsinin dərs kitablarında bunun tam ziddinə sözlər görürük. Görürük ki, əcnəbi qarşısında gücsüzlük, hücum qarşısında iradəsizlik və düşmən qarşısında təslimçilik öyrədilir. Bu, düzgün deyil. Bu, İslama uyğunlaşmanın tam ziddinədir. İslama uyğunlaşmaq - yəni insanın fikir və düşüncə ayağının altında olan möhkəm sütunlar üzərində dayanmaq, onun üzərində bina qurmaq, inkişaf etmək, çağlamaq və törəmək. İslama uyğunlaşdırmaq budur.388


İslam universitetinin bəzi xüsusiyyətləri

İslamın universiteti çiçəklənmiş, həvəskar və elmin uca tutulduğu bir universitetdir; orada alim əzizdir, müəllimin hörməti var, tələbəlik ibadət sayılır. Siz harada belə bir şey tapa bilərsiniz ki, tələbə qürbət qəsdi edib dərs oxusun?! Bunlar çox əhəmiyyətli məsələlərdir. İslam universiteti budur. Qeyd etdim ki, onun bir hissəsi də dindarlıqdır; yəni orada fəsad və günah əlamətləri olmasın, oğlan-qız məsələsi, bəzi bəyənilməz hallar və haram işlər olmasın; cəmiyyətin daxili, mənim və sizin evimiz kimi, universitet daxilində də olmamalıdır. Buna əsasən, universiteti İslama uyğunlaşdırmaq məsələsi çox mühümdür.

Bəli, çoxlu böyük insanlar zəhmət çəkdilər, çalışdılar, dərs vəsaitləri üzərində işlədilər. Allah zəhmətlərinin əcrini versin! Bu işlər davam etdirilməlidir. Lakin bunu əsas məsələ kimi diqqətdə saxlayın: universitetdə mənəviyyat və əxlaq; universitet, elm və əxlaq.389
Tədqiqatlarda mənəvi istiqamət

Yenə də əxlaq və mənəviyyatla əlaqədar olan başqa bir məsələ Universitet cihadıdır. Mən bilmirəm burada o qardaşlardan kimsə var, yoxsa yox. Universitet cihadı əsasən mənəvi, mədəni və əxlaqi bir qurumdur. Düzdür ki, öhdəsinə tədqiqat işi qoyulub və onu yerinə yetirməlidir. Məmləkətdə tədqiqat çox yaxşıdır. Lakin tədqiqat mərkəzi Universitet cihadından başqa bir şeydir. Universitet cihadı tədqiqat aparmalıdır; bunu edirlər və çox da yaxşıdır. Lakin bəlli mənəvi və inqilabi məqsədlərlə olmalıdır ki, cihad sözü ona aid edilə bilsin.390


Təhsilin mənəvi məqsədlərinə malik olan İslam universiteti

Qısaca deyim ki, mən İslamın universitetini elə universitet bilirəm ki, orada elm həqiqi bir dəyərdir, insan elmi çörək qazanmaq üçün öyrənmir. Əziz Peyğəmbərimiz (s) buyurur ki, hətta Çində olsa belə, elmi öyrənin.391 Yəni o günün şəraiti ilə əgər Hicazdan Çinə qədər getmək lazım olsa da, elm öyrənmək üçün gedin. O gün nə qədər pul və nə qədər qazanc üçün bir nəfərin dəvəyə, yaxud gəmiyə minib Çinə getməsi mümkün idi? Məgər maddi qazanc qarşısında belə bir çətinlik mümkündürmü?! Bunun mənası odur ki, elmin dəyəri böyükdür. İslamın universitetində də belə olmalıdır.392


Şərif Universitetinin iki üstün xüsusiyyəti

Şərif Sənaye Universiteti haqqında bir cümlə deyim. İnsan bu universitetin tarixçəsində iki üstün xüsusiyyəti müşahidə edir: biri elmi, biri isə inqilabi və dini xüsusiyyət. Yəni sizin universitetiniz həm universitetə məxsus elmi fəaliyyətlər, həm də inqilabi və dini fəaliyyətlər baxımından uğurlu və öncül universitetlərdən biridir.

Möhtərəm rektor toxundu ki, universitetin məşhur şəhidləri olmuşdur; məsələn, Şəhid Abbaspur, Şəhid Vəzvai, Şəhid Şuridə, inqilabdan öncə şəhid olan Şəhid Şərif Vaqifinin özü. Bunların hər biri bir şəhiddir, lakin tamamilə fərqli və parlaq şəxsiyyətlərə malikdirlər. Quruculuq cihadının yaradılmasında, məcburi müharibədə, keşikçilər kopusunun ilk heyətində, inqilabın ilk illərinin inqilabi və siyasi fəaliyyətlərində bu universitetin görkəmli şəxsləri iştirak etmişlər. Yəni bu universitet din və inqilab sözünü çox aydın şəkildə başa düşüb tələbələr, müəllimlər, kafedra müdirləri, universitet rektorları arasında və universitetin özündə göstərən bir universitetdir.

Bu universitet elmi baxımdan da yüksək səviyyədədir. Biz bir neçə dəqiqə bundan əvvəl möhtərəm müəllimlərin yanında idik. Bizi bəzi statistikalarla tanış etdilər. Düzdür, mən onların çoxu haqda məlumatlı idim. Beynəlxalq yarışlarda, elmi sahələrdə, parlaq istedadların cəlb olunmasında bu universitet uğurla çıxış etmişdir.393


Düşüncə və elmi Allah yolunda işlətmək

Siz imkan və həvəsin qədrini bilmiş, onu təhsil, elm inkişafı və kamilliyiniz yolunda işlətmiş şəxslərdənsiniz. İndi bunu Allah üçün işlətmək zamanıdır. Bu da Allahınkıdır, hamısı Allaha məxsusdur, bizim bütün varlığımız Allahındır. Düşüncə və elmi Allah naminə müxtəlif sahələrdə işlədin.394


Dinə yönəltmək - bütün müəllimlərin borcu

Hər bir alimin elmi öyrətmək və kimdənsə öyrəndiyi elm əmanətini kimlərəsə təhvil vermək vəzifəsindən əlavə, mənim fikrimcə, başqa bir vəzifəsi də var və o, tərbiyədən ibarətdir. Elmin və onun öz sahibinə bəxş etdiyi mənəvi yüksəlişin xüsusiyyəti tələb edir ki, alim ətrafını nəzərdə tutduğu ən yaxşı örnək əsasında tərbiyə etsin. Bu da hər bir alim üçün ikinci vəzifədir. Cəmiyyətimizin İslam inanclarına və dini tərbiyəyə inamına görə deyə bilərik ki, ən yaxşı örnək İslam örnəyidir. Həqiqət də budur.

Mənim fikrimcə, bu gün universitetlərin üzərinə bu vəzifə düşür və müəllimlər tədrisin kənarında həm də tələbələrini İslama və dinə yönəltməlidirlər. Mən düşünmürəm ki, dinə yönəltmə din təlimləri sinfində olmalıdır. Din təlimləri dərs sinfidir, orada dini bilgi verilir: mənəviyyat, irfan, fiqh, təfsir və sair. Dinə sövq etmək yalnız o siniflərə məxsus deyil, imanı və dini öhdəlik hissi olan hər bir kəsin borcudur.395
Dindar yetişdirmək

Universitetlərin İslama uyğunlaşması onların müsəlman və mömin kadrların ixtiyarında olmasından asılıdır. Yəni bu sahədə belə köklü dəyişiklik gözlənilir. Hər halda, mühit İslam mühitidir, müdir, müəllim və tələbələr hamılıqla müsəlmandırlar və universitet İslama etiqadlı şəxslərin ixtiyarındadır. Lakin universiteti İslama uyğunlaşdırmaq məsələsini irəli sürən və izləyən adam kimi fikrim budur ki, universitetin ab-havası dindar insan yetişdirməlidir. Əsas məsələ budur. Əlbəttə, İslama uyğun universitet yalnız dindar universitet deyil. İslama uyğun universitet şübhəsiz ki, elm, tədqiqat və digər belə məsələlər baxımından öncül olmalıdır. Lakin bizim nəzərdə tutduğumuz xüsusiyyət dindar etməkdir. Əgər bu olsa, İslam ab-havası sayəsində digər məsələlər də həllini tapar.396


Dini mühit sayəsində elm və tədqiqat səviyyəsinin artması

Əgər universitetin elm, tədqiqat, insaniyyət, xidmət və digər bu kimi məsələlərlə məşğul olmasını istəyirsinizsə, mühiti dindar etməlisiniz; hətta kimsə dinə dərindən inanmasa və ona vasitə kimi baxsa da.397


Elm hövzələrinin təhsil mədəniyyətini götürmək

Baxın, bəzən yayınmalar baş versə də, elm hövzələrində ənənə belədir: pul qazanmaq üçün dərs oxuyan şəxs qınanır. Yəni mədəniyyət belədir. Bu o demək deyil ki, heç kim belə deyil, amma olsa da, bunu gizlətməyə məcburdur. Çoxları da bu işin pis olduğuna görə öz daxillərində həmin hissi öldürürlər. Yaxud tanınmaq və məşhur olmaq üçün dərs oxuyan qınanır. Avropa və Qərb ənənəsində belədir. Onlar fəxr edirlər ki, pul qazanmaq üçün dərs oxuyuruq. Bu da bir mədəniyyət və dəyərləndirmədir.

Məncə, dünyanın bəlli hissəsində yaranan elmi inkişaf bu düşüncə tərzindən irəli gəlmir; yəni biz deyə bilmərik ki, pul üçün çalışdıqlarına görə inkişaf etmişlər. Xeyr, təsadüfən inkişaflara səbəb olan şəxslər əksərən ən azı yaxın gələcək üçün və ən azı ilk dəyər kimi pula və şöhrətə əhəmiyyət verməmişlər.

Məncə, bizim universitetlərimizdə bu hiss güclənməlidir: elmin, tədqiqatın, alim olmağın özünə dəyər vermək hissi. Yəni insan alim olduqda çoxlu pulu, evi, villası və maşını olan insanın qızıl-gümüşünün çəkisi qədər olmasa da, vücudunda dəyərli bir amilin olduğunu hiss etsin. İndi bizim dini hövzələrimizdə bu hiss var. Əlbəttə, qeyd etdiyim kimi, belə düşünməyən və pul ardınca qaçan hövzə tələbəsi, alimi, qoca və gənc ruhani də var. Yəni iddia etmirik ki, bu tərbiyə hamıda yüz faiz nəticə göstərir, lakin bu orada bir ənənədir.398


Elmi inkişafın universitetləri İslama uyğunlaşdırmaqla yanaşı olması

Bəziləri universitetləri İslama uyğunlaşdırmağı elmə diqqətsizlik kimi başa düşdülər, halbuki belə deyil. Təsviri planlaşdırılan bu portret nədən ibarətdir? Onun bir əsas xətti universitetlərin İslama uyğunlaşmasından, başqa bir əsas xətti elmdən, başqa biri də müəllimlə, təhsil şəraiti ilə və bu kimi məsələlərlə maraqlanmaqdan ibarətdir. Bunlar ümumilikdə portreti cızır. Bizim yalnız bir xətti nəzərdə tutub bunun kifayət etmədiyini, düzgün olmadığını, yaxud zəif olduğunu söyləməyimiz mənasızdır. Təəssüf ki, tənqidçilər belə edirlər.399


Elm və universitet vadisində iman

Bu ixlas, iman, həvəs və iş hər yerdə mümkündür. Elm, bilgi, inkişaf, yenilik, elmi yaradıcılıq, təlim və tədris sahəsində də eynilə belədir. Nümunəsi bizim universitetlərimizin mömin müəllimləridir. Əlbəttə, Bəsic toplumu yalnız universitetlərimizdəki imanlı və mənəviyyatlı şəxslərdən ibarət deyil. Allaha şükür olsun ki, bu gün ölkə universitetlərində çoxlu mömin müəllimlər var. Biz sevinirik ki, Allahın lütfü ilə bu ad və bu mədəniyyət universitetlərdə də özünü bariz şəkildə göstərir. Bu, universitetlər üçün çox səmərəli ola bilər.400


Gənc müəllimlərə şərait yaratmaq

Mənim tövsiyəm budur ki, Bəsic üzvü olan bu müəllimlər birliyini bu ad altında imkan daxilində genişləndirin. Bu gün Allahın lütfü ilə universitetlərimizdə çox olan mömin müəllimləri, qardaş və bacıları bu qrupdan bilin, tanıyın və oraya daxil edin. Dövlət qurumları da onların fəaliyyəti və inkişafı üçün şərait yaratmalıdır. Bu gün bizim ali təhsilli, savadlı, intellektual, işə qüvvəli və həvəskar gənc müəllimlərimiz çoxdur. Onları qapı arxasında saxlamaq olmaz. Onları elmi işə qoşmaq lazımdır ki, xalqa maksimum bəhrəni yetirə bilsinlər. Elm də gənclik qüvvəsi ilə və imanla daha keyfiyyətli olur. Mənim əzizlərim! Bu gün ölkəmizin buna ehtiyacı var. Ölkəmizin sizin işlərinizə ehtiyacı var.401


Qeyri-dini dərslərdə eşq və imanın aşılanması

Siz siniflərdə elm dərsini iman dərsi ilə yanaşı etməlisiniz. Düşünürəm ki, tələbə və şagirdin düşüncəsinə və qəlbinə iman aşılamaq birbaşa dini olmayan dərslər vasitəsi ilə daha mümkün və daha təbiidir, nəinki yalnız dini dərslərlə. Dini dərs din bilgisi verir, lakin iman və dini eşq bəzən digər dərslərdə tələbənin beyninə daha asan ötürülür. Bunun qədrini bilin və çox dəyərli olan bu imkandan istifadə edin.402


Universitetlərin İslama uyğunlaşmasının həqiqi mənası

Biz universitetlərin İslama uyğunlaşdırılması məsələsini irəli sürəndə buna qarşı çıxan bir qrupdan əlavə, müvafiq olan başqa bir qrup da elə bildi ki, fikrimiz universitetləri mollalaşdırmaqdır. Məqsəd bu deyil. Məqsəd odur ki, universitet sözün həqiqi mənasında özünə aid olan bütün sahələrdə İslam vəziyyətində və istiqamətində olsun. Elmin İslama uyğunlaşmasının mənası odur ki, təcrübi və digər elmlərdə İslamın nəzəri var? Xeyr, elm sahəsində İslama uyğunlaşmaq odur ki, elmi yaxşı öyrənin, öz yerindən öyrənin və yenilik yaradın. Dediyimiz elm istehsalı - İslamdır. Hər bir yerdən elm öyrənmək - İslamdır. Universitetin İslama uyğunlaşması dedikdə məqsəd budur. İslama uyğunlaşma üç-dörd tələbəyə, özü də paltar geyinməkdə və bu kimi məsələlərdə aid olan bir şey deyil. Bunlar da İslama uyğunlaşmanın bir parçasıdır, amma mənası budur ki, ümumi olaraq universitetin yanaşması islamçı-inqilabçı məqsədlər istiqamətində olsun.

Sizin kimi hörmətli rektorlar ehtiyatlı olmalısınız ki, universitet bu yoldan yayınmasın. Bəziləri universiteti bu yoldan yayındırmaq istəyirlər. Onlar üçün fərqi yoxdur ki, universitetdə üç-dörd qız, yaxud oğlan İslama riayət edir, yaxud etmir. Onlar universiteti İslam məqsədlərindən və İslam quruluşunun həssas olduğu bütün məsələlərdən daşındırmaq, yayındırmaq istəyirlər. Universitetdə bunun əksinə işlər görülməlidir. Siz bu məsələni diqqətdə saxlayın. Mən bunu universitet müəlliminə deyə bilmərəm. Universitet müəlliminin öz rolu və işi var. Bu işin məsuliyyəti sizin, Təhsil Nazirliyinin və aidiyyətli məmurların üzərinə düşür.403
Siyasi ehkamçıların universitetə güclü zərbəsi

Mənim əzizlərim! Universitet elm mərkəzidir. Elmə maneçilik törədən heç bir şeyə orada yer yoxdur. Universitet əsas zərbəni siyasi ehkamçıların tələbələr arasındakı işlərindən görür. Universitet elm və tədqiqat yeri olmalıdır. Universitet elə bir yer olmalıdır ki, orada hiylə, saxtakarlıq və çaşdırıcı işlər ya olmasın, ya da az olsun. Qalmaqalla yaşayanlar, dava-dalaş olmadan yaşamağa çətinlik çəkənlər universitetdə iş görə bilməməlidirlər. Universitetdən, tələbə gənclərimizdən, müəllimlərdən və rektorlardan gözlənilən budur. Yolu da ayıq olmaqdır.404


Dini və siyasi mübahisələrin elmi şəkildə bəhs olunması

Fərz edin bir siyasi mövzu var. Çox gözəl, siyasi fərq və münaqişələr təbii bir şeydir. Ümumiyyətlə, təkcə siyasi sahələrdə yox, hətta dini sahələrdə də fikir ayrılığı inkişafa kömək edir. Bunun eybi yoxdur. Mən özüm hövzə tələbəsiyəm, ömrümü bu sahədə keçirmişəm, elm hövzələrində olmuşam, görmüşəm ki, elm hövzəsində məşhur nəzərin ziddinə olan bir sözü demək günah sayılmır, lakin şərti var. Şərti budur ki, irad bildirmək və müzakirə etmək elmi şəkildə olsun.

Fərz edin, universitetdə fikir ayrılığına səbəb olan bir siyasi məsələ müzakirə olunur. Bunun nə eybi var?! Fikir və nəzər sahiblərini dəvət etsinlər, gəlib sakit bir mühitdə məsələni müzakirə etsinlər, onlardan elmi yanaşma istənilsin. Dini sahələrdə də belə bir şey mümkündür. Bir tərəfdən də tələbələr üçün deyilən məsələlərin çoxu İslam və məzhəb məsələləri ilə yaxından əlaqədardır. Bu, hövzənin alim və mütəfəkkirlərinin aktivliyinə və nəticədə, İslam təfəkkürünün inkişafına bais olar. Bunu istəməliyik, bunun ziddinə olan heç bir iş universitet və hövzəyə münasib deyil. Dava-dalaş salmaq, yumruq düyünləmək, boş şey üstündə çəkişmək və bəzi dostların çox təəssüflə dediyi kimi, müqəddəslərə hörmətsizlik etmək yaxşı deyil.405
Qərb texnologiyasının üstünlüyü və Qərb mədəniyyətinin təbliği

Dünyanın bəzi bölgələrində qız və oğlanın, qadın və kişinin bir-biri ilə əlaqəsi çox adidir və buna heç bir etiraz edilmir. Yəni iki kişinin, yaxud iki qadının bir-biri ilə təmasda olduğu kimi, qadın və kişi də bir-biri ilə münasibət qurur. Bizim ölkəmizdə və İslam mühitində isə əsla belə deyil. İslam ölkəsində bu cəhətə nə qədər yaxınlaşmışıqsa, əcnəbi mədəniyyətindən təsirləndiyimizə görə olmuşdur. Onlar texnologiyada bizdən güclü olduqlarından bunu bizə ötürmüşlər. Əgər biz elm və texnologiya baxımından Avropadan güclü olsaydıq, onların bu münasibətini məsxərə edər, vəhşilik adlandırardıq. Onlar elm və texnologiya səbəbindən bu mədəniyyəti yaymışlar. İndi biz öz universitetlərimizdə bunu təbliğ etməliyik?!406


Universitetləri İslama uyğunlaşdırmağın müxtəlif cəhətləri

Universitetlər İslama tam uyğunlaşmamışdır. İslama uyğunlaşmaq təkcə hicaba riayət etmək və digər bu kimi işlər deyil. Elm və tədqiqatın həyata keçməsi İslama uyğunlaşmaqdır. Əgər universitetin tamamilə İslama uyğunlaşmasını istəyiriksə, onda bütün cəhətlərə riayət olunmalıdır, lakin olunmur. Siz çalışmalısınız. İş siz tələbələrin əlindədir.407


Böyük elmi işlərin alimlərin öhdəçi ruhunun səmərəsi olması

Sizə deyim ki, dünyanın müxtəlif elmi sahələrində bütün böyük işləri bu öhdəliyə malik şəxslər etmişlər; istər müsəlman, istər qeyri-müsəlmanlar. Çünki bu öhdəçi ruhun hər bir insanda olması mümkündür. O, dərin bir dini inanca arxalandıqda isə təbii ki, daha davamlı, daha mənalı, daha istiqamətli və daha uzunömürlü olar. Ancaq mömin olmayanın da həmin öhdəliyə malik olması mümkündür. Bütün dünyada insanların məişətini yaxşılaşdırmaq üçün mühüm elmi axtarışlara həmin öhdəlik və öhdəçi hiss səbəb olur, böyük kəşflər ərsəyə gətirir. Mən bu ixtira və kəşflərdə olan kommersiya maraqlarından xəbərsiz deyiləm, lakin onların əsas amili insanda olan öhdəçi hissdir. Əgər elmə, insana və insaniyyətə qarşı bu hiss olmasaydı, şübhəsiz, bu gün sizin təbabətdə gördüyünüz nailiyyətlər əldə edilməzdi. Bunun qədrini bilin. Bu öhdəçi hiss çox dəyərlidir.

Müqəddəs müdafiə dövründə bizim yüksək rütbəli həkimlərimizi, dəyərli cərrahlarımızı və birinci dərəcəli mütəxəssislərimizi xəstəxana və klinikalardan düşmən xəttinin bir neçə kilometrliyinə aparan amil belə öhdəçi hiss idi. Mən Xuzistanda öz həkim uşaqlarımızın düşməndən 7-8 kilometr aralıda açdığı bir xəstəxananı yaxından gördüm. Bilirsiniz ki, 8 kilometr məsafə orta səviyyəli bir qumbaranın altı deməkdir. Həmin uşaqlar Favda yüksək imkanlı və təmiz bir səhra xəstəxanası təşkil etdilər. İraqlılar Favı alanda ondan nə qədər istifadə etdilər! İnsan bu xəstəxanalara daxil olanda həzz alırdı. Sizin sözünüzlə desək, bu xəstəxananın yaraşıqlı, gözəl və qəşəng hotelinqi elə idi ki, insan oranın səhra olduğunu yaddan çıxarırdı: təmiz, ağ, parıltılı, doktor hazır, əməliyyat otağı hazır, cərrah hazır; uşaqları gətirir və orada dərhal cərrahiyyə əməliyyatı edir, lazım olduqda geriyə göndərirdilər və nə qədər insan xilas olurdu. Bu, sözügedən öhdəçi hissdir.408
Elmi inkişaf praktika vadisində

Sizin dininiz elminizin də artmasına səbəb oldu. Çünki elmi əməl və təcrübə vadisinə çıxardığınızda həm çiçəklənir, həm də çoxlu tanınmaz tərəflərlə rastlaşır və onları kəşf edir. Hədisdə göstərilir ki, elm əməli səsləyir, ona deyir ki, gəl. Əməl onun ardınca gəlsə, çox yaxşı olur; gəlməsə, elm də gedir.409 Bizim elmin çoxlu sahələrində inkişaf etməməyimiz buna görədir.

Mən dəfələrlə həm indiki, həm də qabaqkı hökumətə təkidlə demişəm ki, bir rəzə salıb bir-birindən ayrılmış bu iki hissəni - elm və sənayeni, elm və texnologiyanı, elm və əməli birləşdirin, zavodları universitetlərə calayın; həm zavodlar fəal olsun, həm universitetlər. İndi bir qədər başlayıblar. Əlbəttə, bu işi siz etmisiniz, yəni elmi əməl vadisinə çıxarmısınız və elm daha da çiçəklənmişdir. Buna əsasən, sizin hər biriniz sübut etdiniz ki, elm və iman nəinki bir-biri ilə zidd deyil, hətta bir-birini daha artıq çiçəkləndirirlər də.410
Mömin gənclərin elmi inkişafda qabaqcıl olması

Bunu da deyək ki, çoxlu elmi inkişaflarda mömin, dindar və hizbullahçı gənclərin rolu böyükdür. Bunu da bilsinlər. Düşmən öz təbliğatlarında dindarların bu işlərdə geri qaldıqlarını göstərmək istəyir, halbuki belə deyil. Bizim dindar kadrlarımız və mömin gənclərimiz bu sahələrin çoxunda qabaqcıldırlar və işləri dəyərlidir. Görülən böyük işlərin çoxunu bizim gənclərimiz Allaha diqqətlə, zikrlə və şükür səcdəsi ilə görmüşlər. Bunlar olduqca dəyərlidir.411


Bir mədəniyyət kimi Universitet cihadının mənası

Mənim fikrim budur ki, bu söz birləşməsinin, mənəvi dəyər ifadə edən cihad sözünün elm, bilik və universtetlə birləşməsinin mesajı vardır. Bu onu göstərir ki, cihad elmi və həmçinin elmi cihad vardır. Bu sizin məşğul olduğunuz işdir. Sizin elminiz cihad elmidir, cihadla və ictihadla birgədir, dilənçilik və oturub elmin oradan-buradan hədiyyə olunmasını gözləmək yoxdur. Elmə sahib olmaq üçün onunla məşğul olursunuz. Bu, cihad elmi, mücahidlikdən, ictihaddan və fəaliyyətdən qaynaqlanan elmdir. Digər tərəfdən, siz həm də cihadla məşğulsunuz. Cihad - uca və müqəddəs bir məqsəd yolunda mübarizədir. Onun müxtəlif sahələri var. O sahələrdən biri adətən başa düşülən silahlı müharibələrdir. Onun siyasət sahəsi da var, elm sahəsi də, əxlaq sahəsi də. Cihad sözünün işlədilməsində meyar budur ki, baş verən bu hərəkət məqsədli və aradan qaldırılmasına çalışılan maneələrlə üzbəüz olsun. Bu olur mübarizə. Cihad belə bir mübarizədir; ilahi məqsədli olduqda, həm də müqəddəs olur.

Siz elmi mübarizə aparırsınız. Bəllidir ki, bu işinizin çox qatı düşmənləri var. Onlar bu elm və tədqiqat işinin baş tutmasını istəmirlər. Buna görə düşünürəm ki, Universitet cihadı təkcə bir orqan deyil, həm də bir mədəniyyət, istiqamət və hərəkətdir. Biz cəmiyyətdə bu mədəniyyətə rəvac versək və onu möhkəmləndirsək, ölkəni başucalığına, iqtidara və həqiqi müstəqilliyə daha yaxınlaşdırmış olarıq.412
Universitetlərdə planlaşdırılmış antidin hərəkətlərində məqsəd

Universiteti və tələbəni dinsiz, mənəviyyatsız etmək üçün bəzi işlər görürlər. Mənim fikrimcə, onun bir qədəri diqqətsizlikdən olsa da, bir qədəri planlı şəkildə görülür. Bu işdə çoxları təqsirkardır; həm universitetlərdə təqsirkar var, həm nazirliklərdə və dövlət qurumlarında. Bəziləri planlı şəkildə ölkənin elm, elmi inkişaf, elmi tərbiyə və elmi perspektiv mərkəzi olan universiteti və tələbəni mənəviyyatdan uzaqlaşdırmaq istəyirlər; isətiylər ki, onda iman, təqva, mənəviyyat, Allaha və dinə bağlılıq olmasın. Qətiyyətlə deyirəm ki, bu, ölkənin maraqlarına zidd bir hərəkətdir.413


İslam universitetinin şərtləri

İmam buyurur: "Mən istərdim ki, elmə vadar etmək üçün şagirdlərin başı üzərində qamçılar ucalsın". Bunun mənası nədir? İslam elmə müqəddəslik bəxş edib. Elm müqəddəs bir şeydir. Elm öyrənməyə çalışmaq müqəddəsdir. Belə deyil ki, elm başqa vasitələr kimi təkcə pul qazanmağa alət olsun. Elmlə pul da qazanılır, amma onun müqəddəsliyi qorunmalıdır: "Elm nurdur".414 Elmin nur olduğunu yadda saxlamaq lazımdır. İslam universitetinin xüsusiyyətlərindən biri budur. Hamı elə bilir ki, biz İslam universiteti dedikdə məqsədimiz hicabların düzgün olması, oğlanların qısaqol köynək geyinməməsi və saçlarını uzatmamasıdır. İslam universitetinin mənası bunlar deyil. İslam universiteti iman, məqsəd, müqəddəs şövq, İslam rəftarı və mömincəsinə elm öyrənmək baxımından İslam universiteti olmalıdır. İslam universitetinin şərti bunlardır; sonra isə belə elm öyrənməyə istiqamət vermək.415


Bugünkü dünyanın çatışmazlığı

Əgər siz əsl İslamın mahiyyətini və gözəlliklərini zinətli elm libasında təqdim edə bilsəniz, böyük iş görmüş və görkəmli şəxslərin bu işlərə qoşulmasına yol açmış olarsınız. Elm və mənəviyyatın, elm və imanın, elm və əxlaqın sintezi dünyanın bugünkü çatışmazlığıdır. İslam universiteti elm və imanla, elm və mənəviyyatla birgə yoldaşlıq edir, elmi öyrənir, onun istiqamətini əxlaq və imandan alır.416


Tələbənin araşdırıcı beyni - dini tərbiyəyə şərait yaradan amil

Tələbə gəncin beyni araşdırıcıdır. Bu çox yaxşı haldır. Bəziləri elə bilirlər ki, bu, mənfi cəhətdir. Xeyr, müsbət cəhətdir. Bəzən bizdən o qədər soruşmurlar ki, axırda darıxırıq. Tələbə soruşmalıdır ki, deyilməsi lazım olanlar ona deyilsin. Dini, etiqadi, siyasi, elmi və tövhid məsələlərindən soruşacaq ən yaxşı insanlar tələbə gənclərdir. Bu istedad və şəraitə görə biz universitetlərin tərbiyəvi, dini və mədəni mühiti üçün çalışmalıyıq.417


Universitet cihadının həqiqi kimliyi

Universitet cihadının bu imkanları var. Mən Universitet cihadına çox güvənirəm. Böyük, yaxşı işlər görmüsünüz və qeyd etdiyim kimi, ilk gündən təqva üzərində qurulmuşdur. Universitet cihadını tanıdığım ilk gündən indiyə qədər din və təqva yolunda olmuşdur. Onu din və təqva əsasında da saxlayın.

Mən bir neçə il bundan əvvəl Universitet cihadından olan əzizlərin qarşısında bir mətləbə toxundum. Yadımda da deyildi, onu mənim üçün gətirdilər, oxudum və yadıma düşdü. Bu düzgün iman kimliyini qoruyub saxlamaq lazımdır. Xoşbəxtlikdən, belə də olub və indiyədək qalmışdır. Bu təşkilatın bünövrəsi, idarəetmə və iş tərzi, istiqamət və istəklər yaxşı olmuşdur.418
Dini düşüncənin yüksəlişi

Hər halda, universitetlərdə dini təfəkkürün yüksəldilməsinə çox ciddi yanaşmaq lazımdır. Ehtiyatlı olun ki, bizim tələbəmiz və ziyalımız üçün fikir boşluğu yaranmasın. Bizim deməli və qane etməli sözümüz çoxdur. Təbliğatı dərinləşdirmək lazımdır. Yeni, güclü və ziyalı meyarları ilə uyğun sözlər seçmək lazımdır.

Mənim dini ziyalılığımızın olub-olmaması haqda söhbətlərdən acığım gəlir. Dini məsələlərə, İslam təfəkkürünə yaradıcı və yeni baxış elə ziyalı baxışıdır, mənası da bidətçilik deyil. Yəni zaman ötdükcə insan eyni əsasları öyrəndiyi yeni cəhətlərlə dərk və bəyan etsin. Biz bunu yaddan çıxarmamalıyıq.419
Elm adamlarının Bəsici

Bir xalqın ümumi Bəsici - onun, xüsusən də elm öyrənməkdə olan şagird və tələbə gənclərin daimi hazırlığı və sayıqlığı deməkdir.420


Bəsic üzvlərinin bütün sahələrdə ön cərgədə durması

Müharibə Bəsicin bütün mənası deyil. Bəsic həyatın bütün sahələrinə şamil olur. Quruculuq növbəsi çatanda Bəsic öncüldür; yardım və xidmət zamanı çatanda öncüldür; çox dəqiq, incə və həssas tədqiqatlara ehtiyac duyulanda ön cərgədədir. Siz bu gün baxın, mürəkkəb və çox çətin nüvə texnologiyasında çalışanlar dindar gənclərdir. Belələri Bəsicin təbii və həqiqi hissələrini təşkil edirlər. Hər yerdə belədir.

Çox fəal və qabaqcıl olan Royan müəssisəsi və mərhum Doktor Kazimi bir Bəsic üzvü olduğuna görə fəxr edirdi. Onun mömin və fəal gənclərinin təbiət və xarakterləri Bəsic xarakteridir; orada da Bəsic, orada da iman, orada da Bəsic xüsusiyyətlərindən olan özünəinam.421
Elm və Sənaye Universiteti və mömin kadrlar yetişdirmək

Allaha şükür olsun ki, Elm və Sənaye Universiteti həm elmi, həm də inqilabi nailiyyətlərə malik universitetlərdəndir. Əgər biz universitetlərin mühüm vəzifələrindən birini mömin, dəyərli, ölkənin idarəsinə yararlı və bacarıqlı kadrlar yetişdirmək olduğunu qəbul etsək, sizin universitetiniz bu sahədə ən lazımlı və ən öncül universitetlərdən biri sayılmalıdır. Bu universiteti bitirib ölkənin müxtəlif sahələrində mühüm rol ifa edənləri saymaqla qurtarmaz.

Bu məclisdə dostlar şəhidlər haqda danışdığından, mən də nümunə üçün deyim ki, dəyərli insan, uca və həmişəyaşar sərkərdə olan cənab Hacı Əhməd Mütəvəssilianı yaxından tanıyırdım, işini, əhval-ruhiyyəsini və fəaliyyətini görmüşəm. O, müqəddəs müdafiənin görkəmli fiqurlarından idi. Siz əziz gənclər bizə çoxlu dərslər öyrədən bu dəyərli insanların, xüsusən də bu əziz sərkərdənin Fəthülmübin, Beytülmüqəddəs və digər əməliyyatlara aid həyatını oxuyun. Adı bu böyük insanın adı ilə yanaşı çəkilən Şəhid Mahmud Şahbazi də belədir. Bunlar bu universitetin böyük fəxridirlər.

Allaha şükür olsun ki, inqilabçı, öhdəlikli, izgüzar, fəal və cəsarətli olan bugünkü prezident də bu universitetin məzun və müəllimlərindəndir. Bunlar bu universitet üçün çox yaxşı və dəyərli nailiyyətlərdir.422


Zabitlik Universitetinin özəl xüsusiyyətləri

Zabitlik Universiteti eyni zamanda həm elm mərkəzidir, həm cihad mərkəzi, həm qərarlı və dəmir iradəli insanların yetişdiyi məkan. Elm, cihad, iman və möhkəm iradə bir yerə cəm olduqda elə insanlar yaradır ki, dünya o insanlara görə öz gələcəyinə ümidvar ola bilər.423


Tələbə təbəqəsinin İslama təmayülü

Bu gün siz İslam ölkələrinin hansı universitetinə getsəniz, tələbələr və təhsilli gənc təbəqə arasında İslama təmayül və sevgi görərsiniz. Bunlar kommunistlərin, müxtəlif ateist cərəyanların asanlıqla cəlb etdiyi şəxslərdir. Bu gün bu təmayüllər minimuma enmiş və baxışlar İslama yönəlmişdir. Bizim regionumuzdakı mürtəce hökumətlərin, asılı, əsir və zəlil hökumətlərin inqilab əleyhinə işləməsi bundan ötrüdür; başa düşür, təmayülləri, xüsusən də gənclərinin və xalqlarının bu inqilaba, quruluşa və burada ucalmış İslam bayrağına səmimi sevgisini görürlər.424


Universitetdə mənəviyyatın səmərələri

Bəzi dostlar mənəviyyat barədə danışdılar. Mən universitetin mənəvi mühit olması ilə tam razıyam. Bəzi dostların haqlı olaraq bəyan etdiyi bu təhlükəsizlik və təhlükəsizlik hissi mənəviyyatla hasil olur. Bacardığımız qədər Allahla, Allahı yad etməklə, qeyb aləminə diqqətlə, dinin əsaslarına, hökmlərinə və şəriətə boyun əyməklə, ilahi hökmlər qarşısında təslim olmaqla gənclərin mənəvi potensialını gücləndirməliyik. Bizim bu gəncimiz nə qədər çox ibadətçi, nə qədər çox dindar olsa, Allahı nə qədər çox yad etsə, Allaha nə qədər çox ehtiyac duysa və Allaha sarı nə qədər çox ehtiyac əli uzatsa, onun əməli, rəftarı, düşüncəsi daha zərərsiz olar və cəmiyyət ondan daha çox faydalanar.425




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə