Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


İkinci fəsil: Müəllim və tədqiqatçılar



Yüklə 2,2 Mb.
səhifə2/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   ...   31

İkinci fəsil: Müəllim və tədqiqatçılar


Tədqiqatçının mükafatı bunlar deyil!

Tədqiqatla məşğul olan, bir qrupu bu məclisə təşrif buyurmuş alimlər elmi tədqiqatı sözün həqiqi mənasında məchul həqiqətləri kəşf etmək üçün aparsınlar. Tədqiqat indiyədək məlum olmayan məsələni öyrənmək üçün araşdırma və çalışmadır. Tədqiqatçı təbii, elmi və fəlsəfi məsələləri, xarici və real dünyaya, yaxud insana, tarixə və bu kimi amillərə aid məsələləri araşdırır. Tədqiqatçı nəyin qarşılığında tədqiqat aparır? Nə alıb tədqiqat aparır?

Cavab budur ki, tədqiqatçı həqiqəti öyrənmək üçün tədqiqat aparır. Onun mukafatı budur. Pul, mal və hətta həvəsləndirmə tədqiqatçının mükafatı deyil. Bunlar onun tədqiqatı qarşısında kiçikdir. Əlbəttə, bunlar verilməli, pullar xərclənməli, işlər görülməli və imkanlar yaradılmalıdır ki, tədqiqat işi baş tutsun. Amma bunların heç biri tədqiqatın mükafatı deyil. Tədqiqatın mükafatı həqiqəti öyrənməkdir. Bunlar İslamın hökmləridir. Bunlar ümumi formada cəmiyyətin Allahla mənəvi əlaqəsinin başqa bir deyilişidir.103
Elmin şərəfini qorumağın alim olmaqdan əhəmiyyətli olması

Biz inqilab dövründə elmin şərəfini qorumayan elm iddiaçıları gördük. Mən həyatım boyu belələrini çox görmüşəm. Alim olmaq mühüm deyil, elmin və alimliyin şərəfini qorumaq mühümdür. Mən Şah Məhəmmədrzanın ayağına yıxılan yüksək səviyyəli məşhur müəllim görmüşəm. Müəllimlər sıra ilə düzülmüşdülər və Məhəmmədrza onların önündən keçirdi. Bu şəxs özünü onun ayaqlarının üstünə atdı. Generallar belə işlər görürdülər. Amma doğrudan da tədqiqatçı alim olan, çoxlu kitablar yazmış məşhur bir adamın bu hərəkəti qəribə idi. Şagirdləri onu qınadılar ki, müəllim, siz niyə? Axı o şəxs savadsızdır! Alimlər heç kimi qəbul etmirlər, siyasət onlar üçün problem deyil. Baxır görsün ki, kim alimdir. Ümumiyyətlə, alim üçün elmdən üstün dəyər yoxdur. Elm adamları yanında ən pis söyüş “savadsız” sözüdür. Bundan pis söyüş yoxdur. Bütün elm mərkəzlərində belədir. O alim isə bir cahilin və quldurun ayağına düşdü. Şagirdləri və dostları onu qınadılar, onun da cavabı yox idi, dedi ki, şah heybəti məni tutdu. O zaman bu söz bizim dostlarımızın gedib-gəldiyi universitetlərdə dillər əzbəri olmuşdu. O zamanın alimləri iki qismə bölündülər: şah heybətinin tutduğu və elmdən başqa heç bir heybətin tutmadığı alimlər.

Əlbəttə, o zaman onun kimi digər alimlərimiz də vardı. Onlar hətta yoxsulluğa dözürdülər, lakin onlara sarı baxmırdılar da, nəinki ayaqlarının üstünə düşsünlər, yaxud əllərini öpsünlər və ya onların qarşısında əyilsinlər. Xeyr, ümumiyyətlə, özlərini cahil və elmsiz qüvvələr haqda düşünməkdən, pula və maddiyyata bulaşmaqdan üstün bilirdilər.

Həyatlarını hakimiyyət qarşısında belə rəzilliklə keçirənlər indi İslam Respublikasında boynuyoğunluq edirlər. Bu boyunun dəyəri yoxdur. Bu, boyun qaldırmaq deyil. Elə boynu qaldırmaq yaxşı və fəxrlidir ki, uca olduğunu göstərmək olsun. Elmin dəyərini qorumayan şəxslər iddiasız, xalqdan, xalq üçün olan, xalqın xidmətində duran, din və hidayət əsasında çalışan, yadların, Amerikanın və başqalarının nökəri olmayan bir xalq quruluşuna növbə çatdıqda qəfildən bunların baş və boyun qaldırmaq növbələri də çatdı və onunla qarşı-qarşıya dayandılar. Bunların başından vurmaq lazımdır. Bunlara alimlər sırasında yer vermək elmə hörmətsizlikdir. Elmə əsaslanan quruluşun hörmətini saxlamayan bu quruluşda təmsil olunan xalqın da hörmətini saxlamaz. Bunları yaxşı tanıyın.104


Şəxsi maraqların meyar olması tədqiqata təhdiddir!

Həqiqətən ümumi mədəniyyət sahəsində işləmək üçün önümüzdə geniş arena vardır. Cəmiyyətdə sözün həqiqi mənasında iqtisadi inkişafa nail olmaq üçün də mədəni fəaliyyətə ehtiyac var. Bizim hətta tədqiqatçımız da iş mədəniyyətinə, işçi vicdanına malik olmasa, işini sevməsə, faydasız olar; böyük tədqiqatçılar yetişdirsək və onlar üçün mühüm laboratoriyalar ayırsaq da, bu, yalnız şəxsi bir iş həddində qalar.

Biz dünyanın böyük tədqiqatçılarının - istər əsrlər öncə bizim aramızdan baş qaldıran şəxslərin, məsələn, ibn sinaların, xarəzmilərin, xəyyamların və digərlərinin, istərsə də son əsrlərdə avropalıların arasından baş qaldıranların, məsələn, kimya, təbiət, astronomiya və digər sahələrin böyük alimlərinin həyatına baxdıqda, özlərini həqiqətən unutduqlarını görürük. Onlar öz şəxsi həyatlarını, rahatlıqlarını, pul və maraqlarını ümumiyyətlə, ikinci plana keçirmişlər; unutmasalar da, ən azı əsas bilməmişlər. Bəziləri bunları unudub tədqiqatın, elmin, işin və inkişafın xeyrinə yoxsulluq və səfalət içində yaşamışlar. Bəziləri də ən azı, tədqiqata, elmə, işə və inkişafa əhəmiyyət vermiş və öz şəxsi həyatlarını əsas bilməmişlər, onu bir qədər kənara qoymuşlar.105
Tədqiqatda gözütoxluq və iddiasızlıq

Muzdsuz və ixlaslı tədqiqat ruhunu aşılamalıyıq ki, tədqiqat üçün mükafat gözləməsinlər. Çünki ümumiyyətlə, tədqiqatın həqiqi mükafatı yoxdur. Məsələn, insan mikrobu kəşf etdiyinə görə Pasterə pul vermək istəsə, sizcə nə qədər verməlidir? Ümumiyyətlə, onun üçün pul təyin etmək olar?! Bu, müqayisə olunasıdır?! Buna görə, Paster kimilər də heç zaman pul üçün tədqiqat aparmamışlar. Əgər pul üçün tədqiqat aparsaydılar, doğrudan da bu yerə çatmazdılar. Avropalıların belə üstün cəhəti vardı. Bizim qədim alimlərimiz də belə olmuşlar. Baxın, Məhəmməd ibn Zəkəriyya Razi kimi böyük alimlər yoxsulluqdan ölürlər, amma bizlər bir iş görəndə tez deyirik ki, pulu nə qədər oldu? Məlumdur ki, bir yerə çatmayacağıq.106


Tədqiqat işi pulla ölçülmür!

Elm işi və elm sahəsi həqiqətən cihad meydanı və böyük bir səngərdir. Bunu həm müəllimlərə tövsiyə etməlisiniz, həm də tədqiqatçılara. Onlar tədqiqat işini pulla ölçməməli və bununla da ölkəmiz, əziz xalqımız və mövcud istedadlar inşallah öz həqiqi mövqeyinə çata bilməlidir. İnşallah bu dövrdə elm sahəsində həqiqi hərəkət etməliyik.107


Alimin xüsusiyyəti: elmə hörmət

Alim öz elminə hörmət tanıyan şəxsdir. Dünyada hər şey belə deyil. Amma alim və bilikli insanın xüsusiyyəti belədir ki, öz elminə və biliyinə hörmət tanıyır, elminə, biliyinə və məlumatına hörmət göstərildiyi və qədrinin bilindiyi yerə gedir.108


Bizim çatışmazlığımız: elm və tədqiqat işində vicdan

Yaxşı, nəyə ehtiyacımız var? Həqiqətən bu gün bu ölkədə bizim nəyə ehtiyacımız var? Nəyimiz çatmır? Universitetlərdə və tədqiqat mərkəzlərində nə etməliyik? Bunu həqiqətən bilmək lazımdır.

Bizim elmimiz, tədqiqatımız azdır, bundan üstünü, elm və tədqiqat işində vicdan azdır. Elmi inkişaf etdirməyə hazır olmayan alimlər var; nə elmin özünü inkişaf etdirmək istəyirlər, nə onu cəmiyyət miqyasında, xalqın beyin və düşüncəsində genişləndirib dərinləşdirmək. Əgər biz bu məmləkət üçün bir iş görmək istəməyən minlərlə belə alim yetişdirsək, kifayətdir?! Məsələn, həkimdirsə, klinika açmasın, başqa bir fəndədirsə, xalqa xidmət göstərməsin. Biz bu gün dünyada sürətli elm maşını qarşısında qalmışıq. Bu elm maşını artan sürətlə irəliyə doğru hərəkət halındadır. Bu gün bəşəriyyət bir neçə il ərzində elmi keyfiyyət və kəmiyyət baxımından bəşərin elm tarixi boyunca öyrəndiyi və inkişaf etdiyi qədər irəliləyir. Bu, azdır?! Bu, kiçik məsələdir?!

Əgər biz ölkəmizin və xalqımızın bir toplum və xalq kimi öz insani mövqeyinə ucalmasını istəyiriksə, bu karvanda və bu sürətli hərəkətdə bitərəf müşahidəçilər kimi tamaşa edə, sonra da gedib digərlərinin səyinin və elminin məhsulundan istifadə edə bilərikmi?! Belə olar?! Bu mümkündür?! Qətiyyətlə mümkün deyil, imkansızdır.109


Diplomçuluq və maddiyyat - yeni elmlərin xüsusiyyəti

Təəssüf ki, ölkəmizdə bu böyük nöqsan vardır. Mən bir neçə il bundan qabaq prezident iqamətgahında olarkən tədqiqatçıların bir qrupuna dedim: İnsan bir elmi-tədqiqat qrupunun tədqiqat işini pulla gördüyünü müşahidə etdikdə həqiqətən təəssüflənir; yəni pul alıb tədqiqat aparmalıdırlar. Bu çox üzücüdür. Mən dünyada elmi inkişaf etdirən şəxsiyyətlərin – istər əksəriyyəti iranlı, şərqli və müsəlman olan qədimkilərin, istər əksəriyyəti qərbli, avropalı və amerikalı olan yenilərin həyatını mütaliə edəndə görürəm ki, hər hansı bir elmi bir addım irəliyə aparmağı bacaranlar bu elmin maddi qarşılığından üstünü barədə fikirləşən və özlərini ona həsr edən şəxslər olmuşlar.

Siz universitetdə bu ruhiyyəni dirçəltməlisiniz. Tələbəni əvvəldən elə yetişdirin ki, yalnız ona verilən bir kağız parçasını alıb işə düzəlmək üçün dərs oxumasın. Bu doğrudan da böyük bir eyibdir. Yeni elmləri ölkəmizə daxil etdikləri ilk gündən bu xüsusiyyətlə daxil etdilər və bu, ölkəmizdə yeni elmlərin xüsusiyyətinə çevrildi: kim gedib o elmləri öyrənirsə, gərək maddi qarşılıq, maaş almaq və hansısa yerdə işləmək üçün olsun. Bu çox pisdir. Bacardığınız qədər bunu dəyişdirməlisiniz.110
Yeni məlumatlarla tanış olmayan elm adamları

Təəssüf ki, bu gün ölkəmizdə vəziyyət belədir; xalqın əksəriyyəti kitabla çox da maraqlanmır, böyük azlığın isə kitabla heç bir əlaqəsi yoxdur. İnsan hətta bəzi elm adamlarının da kitabla geniş və düzgün mənada məşğul olmadığını hiss edəndə çox təəssüflənir. Yəni yalnız öz məlumatlarından və yaddaşlarında olanlardan istifadə edib müxtəlif universitetlərə gedir və həftədə on saatlarla müxtəlif siniflərdə dərs deyirlər. Nəticəsi də budur ki, bir elm adamı tədricən donur. Yəni dəyərli, başadüşən və məlumatlı bir insan yeni kitab və məlumatlarla daimi əlaqəsinin olmadığına görə tədricən donuq formaya düşür.

Mənim fikrimcə, bütün bu işlərin çarəsi odur ki, hər hansı bir sahədə elm, mədəniyyət, qələm və tədqiqatla məşğul olan şəxslər yazmağa həvəslənsinlər. Çıxış yolu budur.111
Dünyada uğurlu tədqiqatçıların məqsədi

Şəhid Mütəhhəri elə insanlardan idi ki, yalnız müqəddəs bir vəzifəyə görə işləyir və dərs deyirdi, kimsə onu bu işə vadar etmir, yaxud ondan bunu istəmirdi. Əlbəttə, dünyanın əksər tədqiqatçıları belə olmuşlar, dünyanın bütün elmi inkişafları da belə əldə olunmuşdur; kimlərsə eşqlə, yaxud imanla, yaxud hər ikisi ilə işləmişlər. Ya işə eşq olmalıdır, ya ilahi savaba iman, ya da hər ikisi. Siz hər ikisinə malik ola bilərsiniz.112


Tarixi tədqiqatlarda ölkənin ehtiyaclarına diqqət

Bizim dövrümüzdə görülən işlərin, tədqiqatların, yazılan monoqrafiyaların çoxu əslində vacib, lazım və zəruri olmayan təmtəraqlı tarix tipindəndir. Yazdıqları hekayə və xəbər olsa da – yəni onda tarixin mənası görünür – çox zaman adi suallara cavab vermir, yalnız iki-üç vasitə ilə və ancaq tədqiqatçılara yarayır. Məsələn, müasirlərdən biri Böyük Atabəyin qatili barədə tədqiqat aparıb əsər yazmışdır. Təbii ki, sualdır və cavabı var, amma bu sual bir xalq, bir nəsil və bir ölkə üçün nə qədər zəruri və ehtiyac duyulandır ki, tədqiqat aparaq və atabəyin qatilini tapaq? Müasir tarixdə belə xırdalıqlar az deyil. Bəzi tarixçi və tədqiqatçılar belə məsələləri araşdırmışlar. Başqa sözlə desək, araşdırılmış bəzi mövzular ehtiyac duyulan həqiqi suallara cavab deyil.

Mənim fikrimcə, tarix haqda ilkin təsəvvürə baxsaq, elə iş lazım və zəruri görünər ki, onunla həqiqətən Allaha yaxınlaşmaq niyyəti mümkün olsun; yəni ilahi məqsədlər istiqamətində qərarlaşa bilən işlərdən olsun. Başqa sözlə desək, mömin tədqiqatçı əbəs işlərlə məşğul olmaq istəmir, özünün hər bir işi üçün ölüm və həyat sərhədlərinin o tayında bir xeyrin təcəssüm olunduğunu bilir və tarix haqda ilkin təsəvvürlə mövzu ətrafındakı suallara cavab verə bilir.113
Pəhləvi dövrünün görkəmli alimlərinin rejimə xidmət etməsi

Mən çox mənfur və uğursuz Pəhləvi sülaləsinin əlli ildən artıq sürən hakimiyyəti dövrünə baxdıqda görürəm ki, bu dövrün əvvəllərində elmi baxımdan geri olsaq da, geri olmadığımız və o zaman yayılmış müxtəlif sahələrdə alimlərimiz vardı: yaxşı yazıçılar, dahilər, alimlər, şairlər, ədəbiyyatçılar və tədqiqatçılar. Bunlar qeyri-hövzə alimləridir, hövzə alimləri heç. Hətta onların arasında alim olan və güclü təsir buraxan siyasətçilər də vardı. Həmin ədiblərin, alim və mütəfəkkirlərin ən qabaqcılları təəssüf ki, siyasi baxımdan yaxşı vəziyyətdə olmadıqlarından, Pəhləvi rejiminə xidmət etdilər, onların hakimiyyətini gücləndirdilər. Yəni bu məşhur simalardan bir neçə nəfəri, məsələn, Zəkaülmülk Füruğini, Müşirüddövləni, dövrünün siyasətçi, alim və mütəfəkkirlərindən olmuş bu kimi şəxsləri Pəhləvi hökumətindən alsaydılar, heç şübhəsiz, onlar bu məmləkətdə bir neçə ildən artıq qala bilməzdilər.114


Müəllimlərin mütaliəsi azalmışdır!

Başqa bir məsələ müəllimlərin mütaliəsi məsələsidir. Düzdür, bizim müəllimlərimizin çoxlu problemləri var. Doğrudan da onların dərdinə şərik olmaq lazımdır. Mən sonra bu mövzuya toxunacağam, lakin nəticə budur ki, müəllimlərin işində mütaliə azalıb. Mən özüm uzun illər tədris etmişəm. Əgər müəllim mütaliəsiz dərsə getsə, yaddaşındakılar nə qədər çox olsa da, demək üçün bir şeyi olmayacaq.115


Yeni elmlərdə müəllimin mütaliəsinin həyati rolu

Mütaliə başqa bir şeydir; xüsusən bəzi elmlərdə mütaliə yeni bilgilər öyrənmək deməkdir. Yəni onun mütaliə etdiyi kitab həmişə qabaqkı illərdə, yaxud təhsil dövründə oxuduğu olmur. Bizim öyrətdiyimiz kitablar və verdiyimiz dərslər özümüzün bir neçə il əvvəl oxuduqlarımız idi. Lakin indi elə deyil və bu elmlər fərqlidir. Bu elmlərdə mütaliənin həyati rolu var. Amma müəllim vaxt tapmasa, misal üçün, həftədə 40-45 saat dərs desə, mütaliəyə vaxt qalmayacaq.116


Müəllimin tələbəyə vaxt ayırması

Başqa bir məsələ budur ki, müəllimlərin tələbələrlə məşvərət saatları azdır. Biz əvvəllər hövzədə deyirdik ki, tələbə müəllimin dalınca düşsə, onunla evinə, yaxud növbəti tədris yerinə qədər getsə, bir şey öyrənər, belə etməsə, öyrənməz. Çünki müəllim dərsini deyir və gedir. Halbuki universitetdə hər bir müəllimin otağı var. O, otaqda oturur və tələbələr ona müraciət edirlər. Biz bunu universitetin hövzəyə nisbətən üstünlüklərindən hesab edirdik. İndi isə görürük ki, hövzə və universitetin birliyi başqa cür alınıb, müsbət xüsusiyyətlərin əvəzinə bu xüsusiyyətlər bir-birinə keçib. Müəllim vaxt ayırmalı, tələbə də ondan bəhrələnməlidir. Siz görün bu iş tələbədə elmə necə həvəs yaradar və müəllimi nə qədər inkişaf etdirər.117


Dərs saatına müəllimlər tərəfindən riayət olunması

Başqa bir məsələ dərs saatına riayət etməkdir. Mən eşitmişəm ki, universitet müəllimləri bu məsələdə çox da dəqiq deyillər. Sinfə çatdıqda şagirdlərin gecikmə dəqiqələrini bir-bir qeyd edən, sonra lövhə üzərinə yazan, yaxud özlərinə verib dərsə gecikdiklərini xatırladan müəllim nə yaxşıdır! Bəziləri bunu edirdilər. Lakin indi müəllimin özü dərsə 10-15 dəqiqə, yaxud daha artıq gecikir. Bunlar ilk baxımdan çox kiçik görünür, lakin ümumilikdə bir dərya olur. Nəticəsi və yekunu zamandan münasib istifadə etməmək və vaxta uyğun elmi bəhrələr götürməməkdir.118


İnkişaf üçün möhkəm insanların zəruriliyi

Siz əziz cənablar - istər məmurlar, istər elmi şura üzvləri bütün səyinizi ölkənin inkişafına sərf etməli və dayanmamalısınız. Ölkənin inkişafa, inkişafın da möhkəm və güclü insanlara ehtiyacı var. Möhkəm və güclü insanlar mənəvi bünovrə baxımından möhkəm olanlardır və təbii ki, bu möhkəmlik imanla, mənəviyyatla, amallara könül verməklə və məqsədləri unutmamaqla əldə edilir. Tədqiqat və elm də inkişaf üçün vacib vasitələrdir.119


Çətin elmi tədqiqatlarda imanın həvəsləndirici olması

Ölkəmizdə başqa bir müsbət amil vardır və o, dindarlıqdır. Son onilliklərdə, xüsusən də on doqquzuncu əsrdən bu yana dindarlığın elmə və elmi inkişafa mane olduğunu təlqin etməyə çalışmışlar. Lakin həqiqət bunun əksinədir. Elmi inkişafın bir növ imana ehtiyacı var. Laqeyd, özbaşına, tüfeyli, nağd və şəxsi gəlirin ardınca qaçan adətən çətin elmi tədqiqatla məşğul olmur. Əgər iman insanın qəlbinə hakim olsa, bu onun çətin elmi tədqiqata sarı getməsinə kömək edər. Çünki elmi tədqiqat işi şirin olmaqla yanaşı, həm də çətindir, problemləri var. Görürsünüz ki, bir bazar dəllalı nə qədər qazanır, alim isə belə deyil. Alimin qanı qarala bilər ki, məsələn, məişət imkanları aşağıdır, lakin qəlbində nəyin bahasına olursa-olsun, bu vəziyyətini o alverçinin vəziyyəti ilə dəyişməyə razı olmaz. Əsla mümkün deyil desinlər ki, sən elmini ver, onun pulunu al və o da razı olsun; yəni elmin qədrini alim bilir. Deməli, elmi işlə məşğul olmağın əziyyəti, bəzən məhrumluğu və problemləri var. Əgər insanın qəlbinə iman hakim olsa, onun bu çətin yolu qət etməsinə kömək edər.120


Universitet tədrisi sayəsində dini tərbiyə

Sinifdə başqa bir fənni tədris edən müəllim elə danışıb rəftar etsin ki, tələbə bu elmi öyrənmək sayəsində dinə də etiqadlı olsun. Bu çox yaxşı olar və çox mühüm məsələdir. Mənim xəbərim var ki, bəzi mömin müəllimlər öz siniflərində bu üsulu icra edirlər və çox yaxşı təsirləri də var.

Bunun əksi də mümkündür. Universitetlərimizdə elə adamlar tanıyırıq ki, əllərinə düşən hər bir fürsətdən insanların beynindəki dini əsas və etiqadları uçurmaq üçün istifadə edirlər. Bu, təhlükəli və çox pisdir. İndi bu mənfi və pis hissə ilə işim yoxdur. Bu başqa bir mövzudur və hər bir şəxsin vəzifəsi üzərinə düşən işi görməkdir. Mən burada iştirak edən siz müəllim, alim və mütəxəssis qardaş və bacılara xatırlatmaq istəyirəm ki, bu, siniflərdə yaxşı bir ənənə formasına düşsün, müəllim özünü tələbənin və tərəf-müqabilin dini qarşısında da məsuliyyətli bilsin. Əgər gəncləri dindar yetişdirə bilsəniz, onun və ölkənin gələcəyinə xidmət etmiş olarsınız.121
Universitet - tədqiqatın və elmi müzakirələrin yeri

Mən universitet rektorlarına və müəllimlərə dəfələrlə demişəm ki, universitetlər elm mərkəzi olmalıdır, orada müəllimin borcu yalnız sinfə getmək olmamalıdır. Faydası yoxdur ki, oraya gedib ibtidai, yaxud orta mətkəb kimi dərs desin, sonra da yola düşüb getsin. Belə olmaz. Universitet tədqiqat və elmi mübahisə yeridir. Müəllim orada oturmalı, tələbə gedib soruşmalı, mübahisə və fikir mübadiləsi aparmalıdır. Yəni mühiti elmi mühit etməlidirlər. Qiymət vermək, dərs oxumaq, dərs demək, tədqiqat işlərinin və fənlərin seçimi qayda əsasında olmalıdır. Bunlar vacibdir və təbii ki, sizin işlərinizdir.122


İndiki humanitar elmlərin əsaslarının nöqsanı

Mənim qumlu cənabların işinə işarə vurmağım bundan ötrü idi ki, bunlar bir müddət öncədən universitetlərdə olan humanitar elmlərin qeyri-islami bilgilər əsasında qurulduğuna diqqət yetirmişdilər və bu elmləri İslamın elmi əsasları üzərində yazmaq və araşdırmaq istəyirdilər. Bu baxımdan, onların işi sizə çox yarayar. Qeyd etdiyiniz kimi, Şəhid Mütəhhərinin əsərlərinin özü dərs və universitet üçün planlaşdırılmış əsərlər deyil, xammal kimidir. Bunları tərtib etmək və insanların ixtiyarına buraxmaq lazımdır. Təbii ki, bunları bizim universitetlərimizdə olan humanitar elmlərə hakim etmək və bu gün universitetlərdə tədris olunan dərslərin elmi köklərinin eybini göstərmək istəsəniz, Hövzə və Universitetin Əməkdaşlığı Dəftərxanasının Qumda gördüyü işi görməlisiniz. Hər halda, mən işi çox yüksək qiymətləndirirəm.123


Universitetlərdə elm və tədqiqata həvəsi artırmaq

Mənim fikrim budur: Universitetlərin ən vacib işi öz daxillərində elm və tədqiqatdan ikiəlli yapışmaqdır. Cənab Təhsil nazirinin özü də bizdən gözləyir ki, bunu yüksək məmurlara deyək. Biz də deyirik; həm onlara deyirik, həm yuxarıdakı məmurlara deyirik, həm də millət vəkillərinə tövsiyə edirik ki, kömək və dəstək üçün bir iş görsünlər. Lakin mənim fikrimcə, sizin üçün əsas məsələ budur ki, universitetlər daxilində tələbədə elm və tədqiqat ruhunu həqiqətən gücləndirəsiniz. Tələbənin işi yalnız sinfə gəlib dərsi eşitmək və getmək deyil. Tələbə müəllimin sözündən, davranışından, həyat tərzindən tədqiqatın birinci və əsas dəyər olduğunu öyrənməlidir. Əlbəttə, buna cavab olaraq tez demək olar: Ağa, pul necə olsun? Bəli, sözsüz ki, bu sual və iradın qarşısında cavabım yoxdur. Əgər biz dünyada hər şeyi pulla müqayisə etsək, bu sözə cavab olmaz. Lakin elə dəyərləndirmə aparmaq olar ki, hər şey pulla ölçülməsin, insan bilikli, alim olmanın özünün bir dəyər olduğunu hiss etsin.124


Tədqiqatın pulla dəyərləndirilməsinin inkişafa mane olması

İndi həqiqətən yoxsulluq içində, orta həyat tərzi ilə və hər bir insanın normal şəkildə malik olduğu təminatla keçinən və ona razı olan şəxslər var. Çünki elmə sahib olduqlarını hiss edirlər. Deyir ki, mən aliməm, bu pullu insanın nə dəyəri var?! O, qəlbində pullu insan üçün ümumiyyətlə, dəyər tanımır, düşünür ki, həqiqi dəyər ondadır, onun elmi və tədqiqatı dəyərdir.

Mənim fikrimcə, biz universitetlərdə bu hissi artırmalıyıq. Bu da daha çox sizin öhdənizə düşür. Gənc tədqiqat aparmalı və ən azı qısa müddətdən sonra onun əskinasa çevrilməsinə çalışmamalıdır. Belə deyil ki, biz nə iş görsək, pul dəyərinin nə qədər olduğunu düşünək. Əgər belə olsa, tədqiqatın təməli zəifləyər, inkişaf baş verməz və dərs oxumazlar.125
Elmi nümunələrin və tələbə qruplarının müəllimlərdən gileyi

İnsafla desək, universitetin özünə və daxilinə aid sahə də böyük rola malikdir. Mənim təkidim budur ki, ölkədə elmin bayraqdarı olan möhtərəm müəllimlər indiki dövrdə özlərini doğrudan da məsuliyyətli bilsinlər. Mənimlə ayrı-ayrı vaxtlarda və müxtəlif yerlərdə görüşən gənc və tələbə qruplarının bəzisi gileylənirlər, etirazları var. İradlarından biri budur ki, bəzi müəllimlərin hazırladığı dərs vəsaitləri zəifdir, tələbənin o elmdə ehtiyacı olan məsələləri ehtiva etmir. Onların başqa gileyi budur ki, müəllimlər tələbələrlə məşğul olmurlar, yalnız dərs deyirlər. Bu məsələni mən möhtərəm müəllimlərlə görüşümdə 2-3 dəfə vurğulamışam.126


Müəllimlər və tələbə ilə dərsdən əlavə işlər

Düzdür, bilirəm ki, bəzi müəllimlər məişət problemləri və bəzi sıxıntılarla bağlı çox dərs götürməyə məcburdurlar. Bunu bilir və qəbul edirəm. Amma hamı belə deyil. Mən xahiş edirəm ki, əvvəla tələbə ilə dərsdən artıq işləyin, əlaqə yaradın, onu işləməyə vadar edin, tədqiqat mövzuları ilə tanış edin. İkincisi isə müəllim və tələbə arasında elmi müzakirə də çox mühüm məsələdir.127


Müəllimin tələbəyə mədəni və etiqadi təsirləri

Başqa bir məqam tələbələr barədədir. Mən müəllimlə tələbə arasındakı əlaqədə bir boşluq müşahidə edirəm. Bu boşluq sizin vasitənizlə doldurulmalıdır. Bizim tələbəmiz müəllimdən elm öyrənməklə yanaşı, başqa çoxlu dərslər də öyrənə bilər. Bu dərslərə misal olaraq, milli qüruru, vətənə sevgini, ölkənin gələcəyinə vurğunluğu, ölkənin tarixi və keçmişi ilə fəxr etməyi göstərmək olar. Bunlar bir tələbə gəncdə çox dərin və müsbət təsirlər buraxan amillərdir.

Əlbəttə, mən bir gənci soyudub məyus edən müxtəlif amilləri inkar etmək fikrində deyiləm. Bunlar da öz yerində mövcuddur. Lakin bu da görməzliyə vurulmamalıdır ki, müəllim sinifdə tələbəsini dindar və dinə etiqadlı yetişdirə bilər. Necə ki, onu ateist və bütün müqəddəsləri inkar edən kimi də yetişdirə bilər; sinif elm və din sinfi olmasa da, fizika, biologiya, tarix və hər hansı başqa bir sinif olsa da.

Müəllim tələbəni ölkəyə bağlı və onunla fəxr edən bir insan kimi də yetişdirə bilər, laqeyd, həvəssiz, vətəninə, keçmişinə və gələcəyinə maraqsız da.

Mənim fikrim budur ki, tələbəni din əsaslarına yönəldən ən təsirli vasitə bir müəllimin sinifdə öz şagirdləri ilə bir araya qoyduğu həmin məqamlar, işarə və sözlərdir. Sizin alim etmək istədiyiniz, elm və tədqiqat ruhunu üfürmək və bir elmi şəxsiyyət kimi yetişdirmək istədiyiniz gəncə - hər bir müəllimin öz şagirdləri üçün belə arzusu var - din və iman ruhu aşılamaq lazımdır; həm dünya və axirəti üçün faydalı olan Allaha, dinə və müqəddəslərə iman, həm də özünün milli və tarixi kimliyinə iman.128
İnqilabdan sonra müəllim və tədqiqatçıların elmi səviyyəsinin yüksəlməsi

Bu gün ölkəmizdə yaxşı müəllimlərin səviyyəsi 15-20 il bundan qabaqkı və inqilabdan öncəki dövrə nisbətən çox fərqlənmiş və artmışdır. Universitet işindən məlumatı olanlar da bunu təsdiq edirlər. Bu gün mənə ölkənin bir sıra universitetlərində bizim müəllim və tədqiqatçılarımızın səviyyəsinin çox yüksək olmasına dair məlumat verdilər. Onlar dünyanın yaxşı universitetlərindən sayılırlar. Bu, İslamın və inqilabın nailiyyətləridir. İnqilabdan qabaq nə bizim universitetlərimiz, nə də tələbə və müəllimlərimiz bu vəziyyətdə idilər. Allaha şükür olsun ki, iş üçün əlverişli şərait yaranmışdır.129


Elmi inkişafa lazım olan amillərdən biri: müəllimlərə hörmət

Bu məclislər birinci növbədə müəllimlərə hörmət üçün təşkil olunur. Bu, simvolik bir işdir. Biz bununla müxtəlif sahələrin müəllimlərinə, ölkədə elm və universitet işinin həqiqi və mənəvi icraçılarına sevgi və hörmətimizi göstəririk. Bilirik ki, elmi inkişaf etdirmənin bir neçə şərtindən biri alimə hörmətdir. Buna görə, əməli surətdə bu hörməti bildirmək istəyirik.130


Universitetlərdə yaxşı və güclü müəllimlər

Xoşbəxtlikdən, ölkəmizdə çox yaxşı müəllimlər var. Təxminən bir il öncə çox yaxşı və etimadlı qardaşların vasitəsi ilə Mədəni İnqilab Ali Şurasında bir araşdırma aparıldı. Onun nəticələrini mənə verdilər. O məlumatda gördük ki, ölkəmizdə və universitetlərimizdə təhsil və tədqiqat imkanlarının vəziyyəti müəllim baxımından inkişaf etmiş dünyadan çox da zəif deyil. Bizim çox yaxşı müəllimlərimiz var. Səbəbi də bu gün cənab Doktor Tofiqinin sözlərində deyiləndir: istedad. Bəlkə on ildir əlimdə olan məlumatlar və statistik rəqəmlər əsasında istedad üzərində təkid göstərirəm. O dedi ki, beynəlxalq tədqiqatlar mərkəzlərinin hansında iranlılar varsa, təqdir olunurlar. Bəli, elədir. Bu sahədə mənim də çoxlu məlumatım var. Biz istedadlı xalqıq. Əsla qəribə deyil ki, bizim müəllimimiz yüksək istedadına görə, bir qədər çalışmaqla daha artıq nailiyyət əldə etsin. Bizim görkəmli və yaxşı müəllimlərimiz var. Bu baxımdan çatışmazlığımız yoxdur.131


Bir universitet müəlliminin qəti xüsusiyyətləri

Sizin işinizdə başqa bir məqam universitet müəllimləri məsələsidir. Müəllimin çox mühüm və təsirli rolu var. Bu sahədə həm siz, həm universitetlərin idarə heyətləri çox məsuliyyət daşıyır. Müəllim tələbələrə təsir göstərə bildiyindən, onun üçün bəzi xüsusiyyətlər lazımdır. Bunlara imkan həddində mütləq əməl etməniz lazımdır. Ən azı tam şəkildə olmamasına, yaxud əksinin olmasına əsla razı olmayın. Müəllim İslama, inqilaba, milli və dini qürura eşqlə dolu olmalıdır. İdeal müəllim budur. Müəllim doğrudan da milli qürur və dini qeyrət hissi keçirməlidir, xidmət ruhu ilə alışıb-yanmalıdır. Yəni doğrudan da işləmək istəsin, gəncləri öz uşaqları kimi yetişdirsin. Laqeydlik və etinasızlıq halı, başdan etmək və sinfi necə gəldi keçirmək əsla qəbuledilməzdir. Müəllim yaradıcılığın və yeniliyin müdafiəçisi olmalıdır.132


İnqilabdan sonra müəllimlərin kəmiyyət və keyfiyyət artımı

Allaha şükür olsun ki, bizim yaxşı müəllimimiz az deyil. İnqilabın əvvəllərində bizim müəllim çatışmazlığımız vardı, bu gün isə yoxdur. Allaha şükür olsun ki, müəllim çoxdur və bu gün onların çoxu bu xalqın öz yetirmələri, bu su və torpaqda böyüyənlərdir.133


Elmi şəxsiyyətlərə hörmət

Bizim hər il keçirdiyimiz bu məclisdə əsasən iki məqsəd güdülür. Bizim dostcasına və səmimi məclisimizin digər məqsədləri də ola bilər. O iki məqsədin birincisi müəllimə və ölkənin elmi şəxsiyyətlərinə hörmət bildirməkdir. Hər il burada bir neçə saatlıq nisbətən geniş toplantı keçirilir, möhtərəm müəllimlər bütün ölkədə yayımlanan ümumi tribunadan öz fikirlərini səsləndirirlər. Biz bununla möhtərəm müəllimə qarşı hörmətimizi elan etmək istəyirik. Bizim fikrimizcə, bu, mühüm bir məqsəddir. Əgər biz alimə hörmət bildirsək, elmə də hörmət olunacaq və elmə hörmət olunsa, inkişaf edəcək. Ölkəmizin gələcəyi üçün bizim buna ehtiyacımız var.134


Ölkənin elmi inkişafı üçün görkəmli alimlərin fikirlərindən istifadə

İkinci məqsəd budur ki, dostcasına, səmimi və adətən seminarlarda mövcud olan rəsmiliklərdən kənar bir məclisdə universitet işlərindən və ölkənin elmi vəziyyətindən xəbərdar olan alim və ziyalılar universitetlərin əsas problemlərini desinlər. Universitetlərin elmi cəhətləri və daha çox müəllimlərlə əlaqədar məsələlər deyilsin ki, bu məclis, ölkənin elmi məmurları və onun ardınca bütün ölkə, universitetlərin mühüm məsələləri, ehtiyacları və bu sahədə gələcəyə baxışlarla tanış olsun. Bizim hər il belə məclisimiz olur. Mənim özüm şəxsən burada söhbət edən dostların fikirlərindən bəhrələnmişəm. Mənim üçün bəzi məqamlar aydınlaşıb və bunun ardınca münasib işlər görülüb.

Heç şübhə etməyin ki, biz son 10-12 ildə ölkəmizdə elmin, tədqiqatın inkişafı və müxtəlif yenilikləri sahəsində yeni bir hərəkəti təcrübə edirik. Bu hərəkət inqilabın əvvəlindən başlasa da, son illərdə daha artıq və daha yaxşı inkişaf etmişdir. Lakin bunlar hələ çox ilkin və ibtidai addımlardır. Buna görə, biz hələ də ölkədə elmi inkişaf etdirmək üçün sizin fikir, təklif və tənqidlərinizə ehtiyaclıyıq. Bu məclisdə həmin ehtiyacın bir hissəsi inşallah təmin olunacaq.135
Xoşagəlməz elmi mövqeyə diqqət

Mənim bu qısa fürsətdə deyəcəyim iki-üç məsələ və qısa bir xatırlatmadır:

Biri budur ki, biz universitet və elmin indiki ehiyacları barədə iki baxışdan və iki dillə danışa bilərik: bir dil həvəsləndirici, hərəkətə gətirən dildir, biri isə məyus edib işdən soyudan dil. Mənim xahişim budur ki, möhtərəm müəllim və məmurlar hər yerdə - sinifdə, elmi toplantılarda və məruzələrdə birinci dili işlətsinlər, ikincini yox.

Əlimdə olan və mənə verilən statistikaya əsasən, son bir neçə ildə bizim inkişafım sürətimiz dünya miqyasında birinci olmuşdur. Mən son zamanlar müraciət etməmişəm, lakin bu statistikanı təxminən bir ay yarım öncə görmüşəm. Hesablanmış, dəqiq və düzgün rəqəmdir. Ölkəmizin elmi inkişaf sürəti dünya səviyyəsində birinci yerdədir, təkcə bölgədə yox. Lakin indi aktual olaraq əlimizdə olan və çatdığımız mövqe çox da qaneedici deyil. Bu iki reallıq bir-birinin yanında olmalıdır. Hər ikisi düzgündür; həm bu gün bizim çoxlu çatışmazlıqlarımız var, dayandığımız yer bir iranlı, müsəlman, uzaq üfüqlərə və geniş baxışlara malik toplumu razı edəcək yer deyil, həm də sözügedən hərəkətimiz çox yaxşı və sürətli olmuşdur. Bu sürəti azalmağa qoymamalı, əlbəttə ki, həm də artırmalıyıq.136


Müəllimlərin özünəinamı və işgüzarlığı - elmi inkişaf və yeniliyin yolu

İkinci və mənim fikrimcə, əsaslı məqam budur: Buraya təşrif buyurmuş siz cənablar və xanımlar ölkə müəllimlərindən nümunələrsiniz. Bizim müəllimlərimizin elmin inkişafı üçün iradə göstərməli olduqları birinci məsələ bütün sahələrdə elmi cəsarətə yiyələnməkdir; həm humanitar elmlərdə, həm təcrübi elmlərdə, həm praktikaya və texnologiyaya yaxın sahələrdə, həm də fundamental elmlərdə. Nəzəriyyə yürütsünlər, istehsal etsinlər, yaratsınlar, tənqid etsinlər. Gözübağlı və təqlid formasında iş görmək olmaz. Keçmişdə həmişə problemimiz bu olub. Müxtəlif elmi sahələrə gözübağlı və təqlidlə baxmışıq ki, görək qərblilər nə deyirlər.

Düzdür, qərblilər elmdə bizdən ən azı iki əsr, iki əsr yarım öndə olmuş, çox möhtəşəm və inanılmaz yerlərə də çatmışlar. Bunda şübhə yoxdur. Biz də geri qaldıq; keçmişdəki bütün fəxrlərimizə rəğmən, tənbəlliyimizə və yanlış siyasətlərimizə görə geri qaldıq. Bunda şübhə yoxdur. Amma mən əvvələr də demişəm: Biz elmli bir şəxsin yanında şagirdlik etməyə utanmırıq, amma həmişə şagird qalmağı da düşünməməliyik. Təqlidi baxışın mənası isə budur: “Biz həmişə şagird qalmalıyıq!”

Yenilik lazımdır. Müəllimlərdə şəxsi və milli özünəinam zəruri məsələdir. Əvvəla bizim müəllimimizin şəxs olaraq özünə etimadı olsun, elmi iş görsün, öz elmi işinə arxalansın və onunla fəxr etsin. İkincisi isə, milli özünəinamı olsun, bu xalqın istedad və bacarıqlarına güvənsin. Əgər bir müəllimdə belə bir hal mövcud olsa, bu, hər yerdə - universitetdə, sinifdə, tələbəyə biliyin ötürülməsində öz tərbiyəvi təsirini buraxar. Üçüncüsü də çox işləməkdir. Biz bir qədər az işləməyimizə və tənbəlliyimizə görə müxtəlif sahə və səviyyələrdə ziyan görmüşük. İşləmək lazımdır, işdən yorulmaq olmaz. Deməli, yenilik və yaradıcılıq, elmi cəsarət, şəxsi və milli özünəinam və işdə yorulmazlıq bizim elmi inkişafımızın əlacıdır. Bu sözün ünvanı da universitet müəllimləridir.137


Elmi nümunə yetişdirmək

Müəllimlərin işlərindən biri şagird yetişdirmək olmalıdır. Müəllimin vücudu xaricindəki dəyəri və qiyməti şagirdlərinə görədir. Bizim elm hövzələrimiz də belədir. O fiqh, üsul, yaxud fəlsəfə müəlliminin daha çox dəyəri var ki, əsərləri dəyərli şagirdlər formasında özünü göstərsin. Şagird yetişdirin.

Sizin dərslərinizə gələnlər - istər bakalavr pilləsinin, istər yüksək pillələrin tələbələri gəlib otururlar və siz onlarla müəllim kimi rəftar edirsiniz. Siz onları bir çıxışın, yaxud bir minbərin dinləyiciləri saymamalısınız. Siz onlarla öz əlinizlə düzəltmək istədiyiniz bir sənaye məhsulu kimi rəftar etməlisiniz. Düzdür, istedadlar, həvəslər, müxtəlif şəraitlər eyni deyil, amma mənim fikrimcə, bu, müəllimlər üçün ciddi bir məqsəd olmalıdır. Baxın, görün nə qədər şagird yetişdirmisiniz. Şagird təkcə sinifdə oturan deyil, sizin vasitənizlə ərsəyə gələn və elm dünyasına təhvil verilən işgüzar və elmli kadrdır.138
Müəllimlərin universitetdə olması

Mən burada müəllimlərin universitetlərdə fəaliyyətinə dair bir məsələyə toxunmaq istəyirəm. Müəllimlərin həftənin müəyyən saatlarını mütləq universitetdə olmaları artıq universitet qanunlarından oldu. Buna əhəmiyyətsiz yanaşmaq olmaz. Mənim son üç-dörd ildə dəfələrlə dediyim və çox təkrar etdiyimdən daha demək istəmədiyim məsələlərdən biri müəllimin tələbə ilə oturması, suallarına cavab verməsidir. Yəni müəllim və tələbənin əlaqəsi siniflə məhdud olmasın, tələbə müəllimə müraciət edib ondan soruşmaq, izah istəmək və daha artıq öyrənmək imkanına malik olsun. Bəzən müəllim şagirdi öz otağına çağırsın və təkmilləşdirmək üçün ona əlavə bir məsələni başa salsın, yaxud tapşırıq versin. Bütün bunlar müəllimlərin universitetlərdə olmasına bağlıdır.

Bir gün deyirdik müəllimimiz azdır. Bu gün Allaha şükür olsun ki, ölkədə yaxşı müəllimlər az deyillər. Tələbəyə nisbətən müəllimin sayı Allaha şükür olsun ki, yaxşıdır, məqbuldur. Mənim fikrimcə, buna əhəmiyyətli yanaşmaq lazımdır. Tələbə və elm adamı yetişdirməyin bir hissəsi müəllimlərin universitetdə bir neçə saat - qanunda qırx saat göstərilir - oturmasına bağlıdır. Müəllimlər buna ciddi və əhəmiyyətli yanaşmalıdırlar.139
Müəllimlərin dini bilgilərlə tanışlığının zəruriliyi

Biz tələbələrin dini düşüncə səviyyəsini yüksəltmək üçün öz daxilimizdə və universitetlərimizdə bu güclü məntiqə ehtiyaclıyıq. Bu məntiq universitet və tələbə dili ilə genişləndirilməlidir. Əziz müəllimlərimizin də bu məsələlərə ehtiyacı var. Müəllimlər də özlərini din maarifi ilə tanışlığa ehtiyacsız bilməsinlər.

Bir neçə il bundan öncə İslam məsələləri haqda kitab yazan, kitabları müxtəlif dillərə tərcümə olunan və bizdə olan məlumata əsasən, Avropada və digər yerlərdə çoxlu müştərisi olan - mən ad çəkmək istəmirəm - tədqiqatçıların biri danışırdı ki, ərəb ölkələrinə, o cümlədən Fars körfəzi ölkələrinə gedəndə oranın ziyalılarının və universitet müəllimlərinin Quran və hədislə bizim ziyalılarımızdan daha çox tanış olduğunu görürəm. O bu sözü təxminən on il əvvəl mənə deyirdi.

Əlbəttə, səbəbi budur ki, Quranın dili onların ana dilidir. Sanki Sədidən, Firdovsidən, yaxud Hafizdən sizin yaddaşınızda bir zərbülməsəl var. Çünki onların kitablarını oxumusunuz, öz diliniz olub, yadınızda qalıb. İndi görürsünüz ki, buraya gələn möhtərəm natiqlərin bəziləri şeir və ədəbiyyatla başlayırlar. Onların dili də xoşbəxtlikdən, Quran dili ilə eyni olduğundan bu dili asanlıqla anlayırlar. Buna görə də Quran təlimləri ilə tanışdırlar. Siyasətçilərini də görmüşük, onlar da belədirlər. Siyasətçiləri hətta günahkar və mənəviyyatdan uzaq olsalar da, bəzi Quran ayələrini, dindən və dini ədəbiyyatdan bəzi sitatlar bilirlər və yadda saxlayıblar.

Biz bu nöqsanı düzəltməliyik. Fundamental və əsaslı şəkildə düzəltmək üçün, əlbəttə ki, başqa proqramlar lazımdır. Lakin ömür sürüb zəhmətlər çəkmiş müəllimlərlə təcili şəkildə bağlı olan budur ki, İslam məsələləri, İslam təlimləri ilə tanış olsunlar, bunun üçün doğrudan da proqram hazırlasınlar. Həm möhtərəm müəllimlərin özləri, həm də universitetlərdə çalışan cənablar proqram hazırlasınlar.140
Müəllim və tədqiqatçıların ümumi toplantısının təşkil edilməsi

Mənim indi yadıma düşdü - dostlar bunu araşdırsınlar - imkan olsa, universitet müəllimlərinin və tədqiqatçıların iştirakı ilə ildə bir dəfə ümumi toplantımız olsun. Bu adamların özlərindən bəzi şəxslər çıxış üçün dəvət olunsunlar, fikirlərini bəyan etsinlər. Bu həm hökumətdə, həm İslam Şurası Məclisində, həm Məsləhəti Təyin edən Qurumda, həm də dövlətin icraçı qurumlarında, məsələn, nazirliklərdə və digər qərar mərkəzlərində münasib qərarların çıxarılmasına kömək edər.141


Elmi inkişafa dair böyük layihədə ümumi vəzifə

İndi buna əsasən müəllimin rolu nədir? Buna diqqət yetirmək lazımdır. Müəllimin rolu var. Universitetlərdə və tədqiqat mərkəzlərində müəllimin böyük rolu var; necə ki, icraçı və dövlət qurumlarının da rolu böyükdür. Biz nə yalnız dövlət qurumlarına müraciət edib səhnədə hazır olan qüvvə kimi müəllimin rolunu unuda bilərik, nə də müəllimə, təhsil, yaxud kafedra müdirinə müraciət edib böyük elm və elmi inkişaf layihəsinin əslində podratçısı olan icra orqanlarının rolunu. Ölkədə möhtəşəm bir layihə icra olunmalıdır və bu, elmin inkişafından, elmdə yüksəlişdən ibarətdir. Onun podratçısı dövlət orqanlarıdır: Ali Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və aidiyyətli elmi orqanlar. Bunlar işi təhvil almalı, onun üçün proqram hazırlamalı, işə şərait yaratmalıdırlar. Buna əsasən, hər birinin bir rolu var.142


Müəllimlərin vasitəsi ilə özünəinamın təbliği

Bir tövsiyə budur ki, həm müdiriyyətlər, həm də müəllimlər universitetlər daxilində özünəinamı təbliğ etsinlər. Sizin tərbiyə və təliminiz altında olan gəncin özünəinamı olmalıdır; qeyd etdiyimiz milli özünəinam. Söhbət bundan getmir ki, bir şəxsin özünə etimadı olsun, söhbət bundan gedir ki, bizim öz milli xislətlərimizə, milli imkanlarımıza, mədəni irsimizə ümumi bir güvənimiz olsun. Biz buna milli özünəinam deyirik. Bu inam bizim gənclərimizin hər birində olmalıdır. Yəni bizim gəncimiz burada qalxıb danışdıqda milli özünəinamla danışmalıdır. Çünki gənc ümidin tərənnümüdür.

Bir neçə gündən sonra mənim tələbələrlə də görüşüm olacaq. Gənclər burada qalxır və danışırlar. Bu sözlərdə məyusluqdan və məqsədlərə çatmaqda tərəddüddən heç bir əlamət duyulmamalıdır. Gərək ümidlə dolu olsun. Neçə ki, reallıqlar da bunu təsdiqləyir. Siz bunun üçün məsuliyyət daşıyırsınız. Düzdür, bunun müxtəlif amilləri var: siyasi amillər, ictimai amillər və s. Lakin sinifdə, laboratoriyada, yaxud təhsil yerində müəllimin olduqca böyük təsiri var. Siz gəncə özünəinam və gələcəyə ümid aşılamalısınız.143
Universitet müəllimləri ilə iclasın iki cəhəti

Bu məclis öncəki illərdə də dediyim kimi, əslində simvolik və eyni zamanda işgüzar bir məclisdir. Ona görə simvolikdir ki, İslam Respublikası quruluşunun elmə əhəmiyyət verməsini və elm daşıyıclarına hörmət etməsinin göstərir. Biz istədik ki, bu məclis İslam Respublikası quruluşunun alim və müəllimlərə hörmət nümunəsi olsun. Həqiqət də budur. Biz elm qarşısında təvazökarlıq edirik. Bu gövhəri özü ilə daşıyan elm sahibinə də təbii ki, hörmət göstərilməli və qarşısında təvazökarlıq edilməlidir.

Ona görə işgüzar məclisdir ki, elm və universitet toplumunun daxilində olan bəzi şəxslər bu məhdud fürsətin imkan verdiyi həddə onlar üçün ən çox əhəmiyyətli məsələləri burada bəyan edirlər. Xoşbəxtlikdən, bu hər il həyata keçir. Biz də dostların burada dediklərini həqiqi sözlər, ekspert və mütəxəssis rəyləri kimi qəbul edirik. Onların bəzisi ilə bizim dəftərxanamızda məşğul olmalıdırlar və imkan həddində məşğul olacaqlar. Bəzilərini də gərək aidiyyətli mərkəzlərə, məsələn, Mədəni İnqilab Ali Şurasına, yaxud universitetə aid nazirliklərə göndərək. Onları da göndərib tövsiyələrimizi verəcəyik.144
Universitet mənsublarının quruluş qarşısında vəzifəsi

Universitet mənsublarını himayə etmək həqiqətən daimi siyasət olmalıdır. Lakin diqqət olunsun ki, universitet mənsubları bu dəstləklərin - istər mənəvi, istər maddi dəstəklərin sayəsində özlərini tələbə nəsli, ölkədə elmin gələcəyi və islahata çox ehtiyacı olan təhsil sisteminin islahı qarşısında həqiqətən məsuliyyətli bilsinlər, universitetlərdə fəallıqlarını artırsınlar, özlərini mənəvi və elmi cəhətdən tələbələrin ixtiyarına buraxsınlar.145


İnkişaf və ədalət onilliyində çox mühüm bir təməl

Universitet, elm və elmi inkişaf barədə deyilən sözlərin xülasəsi budur ki, inkişaf və ədalət onilliyində bizim üçün çox mühüm olan ik-üç təməldən biri elm təməlidir. Bu sahədə hamının üzərinə məsuliyyət düşür; universitetlər də məsuliyyət daşıyırlar, müəllimlər də. Müəllimlərin dərs və tələbələrlə məşvərət saatlarında universitetlərdə olmaları çox mühümdür.146


Universitet müəllimlərindən gözlənti

Möhtərəm müəllimlərdən gözlənilən budur: gəncləri başa salın. Məqsədim bu deyil ki, oturub siyasətçiləri ona tanıtdırasınız. Xeyr, mən bununla çox da müvafiq deyiləm. Kimlərinsə adını çəkmək problemin həllinə kömək etmir. Bunlara təhlil qabiliyyəti verin, iş bacarığı və işə həvəs aşılayın. Necə? Ümid verməklə. Sinfi, dərs mühitini və universiteti ümid məkanı edin; gələcəyə ümid məkanı. Bir nəsil üçün ən pis bəla ümidsizlik, məyusluqdur. Yəni desinlər ki, cənab, faydasızdır. Bu “faydasızdır” hissi və gələcəyə ümidsizlik bütün fəaliyyətlər ictimai, siyasi, hətta elmi və tədqiqat fəaliyyətləri üçün həlakedici zəhərdir.

Təcrübi elmlərdə və müxtəlif fənlərdə böyük kəşfləri edənlər nəticəyə ümidsiz olsaydılar, şübhəsiz, heç nəyə nail olmazdılar. Ümid insana uğur gətirən möhtəşəm qüvvədir. Bizim gəncimizi ölkəsinə, inqilabına, gələcəyinə, hökumətinə, universitetinə, elmi və peşə perspektivinə ümidsiz etmək istəyirlər. Bu çox zərərlidir. Bu bizim düşmənlərimizin və quruluşun müxaliflərinin proqramlarında var. Mənim fikrimcə, əsaslı işlərdən biri budur. Tələbə üçün mühiti həvəskar, ümidli və inkişafa doğru aktiv edin.147



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə