Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Üçüncü fəsil: Hövzə tələbələri və ruhanilər



Yüklə 2,2 Mb.
səhifə12/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Üçüncü fəsil: Hövzə tələbələri və ruhanilər


Din aliminin vəzifəsi: xalqın din elmini gücləndirmək

Əgər bir şəhərdə din elminin ağacı möhkəm, səmərəli və qol-budaqlı olmasa, o bölgənin əhalisində dini ruh inkişaf etməz və düşmənə əlverişli şərait yaranar.

Əziz qardaşlar və möhtərəm din alimləri! Bizim bu libasımız və mövqeyimiz həmişə məsuliyyətli olmuşdur. Biz elə bir zaman fərz edə bilmərik ki, onda din alimi adi məsuliyyətlərin fövqündə duran mühüm məsuliyyət daşımasın. Həmişə belə olmuşdur. Bu, elmin xislətinə görədir: "Ümmətimin iki qrupu islah olunsa, bütün ümmətim islah olunar, fəsada uğrasa, bütün ümmətim fəsada uğrayar"463. Onların birincisi fəqihlər, ikincisi isə hakimlərdir. Bizim dövrümüzdə bunların hər ikisi birləşmişdir. Bu gün biz ruhanilərin üzərinə həmin ağır vəzifə və məsuliyyətlərdən əlavə məsuliyyətlər də düşür.464
Mütaliə və tədqiqatın zəruriliyi

Alim onun elminə ehtiyaclı insanlar qarşısında məsuliyyət daşıyır: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız"465. Əvvəlcə bu sözün özünü başa düşmək lazımdır. Biz başa düşməliyik ki, başa düşdüyümüzü izah edə bilək. Deməli, başa düşmək də bizə vacib, zəruri və qaçılmazdır. Biz öz dərkimizi günbəgün artırmalıyıq. Bizim bildiklərimiz bilmədiklərimizin qarşısında səhra və zəmilər qarşısındakı bir saman çöpü kimidir. Bizim bildiyimiz nədir? İnsan hər bir kitabı açanda görür ki, onda bizim boş qabımızın möhtac olduğu çoxlu sözlər var. Hanı dərinlik? Hanı istedad? Bu qədər anlamaq üçün qismət hanı? Hər halda, biz çalışmalıyıq.

Bizə və xalqımıza lazım olan bilgilərə nisbətən bir şey bilmirik. Biz dərs oxumalı və mütaliə etməliyik. Mən burada ev tapşırığı vermək istəmirəm. Gərək mütaliə, araşdırma və təfəkkürlə biliyimizi artıraq ki, nəsə çatdıra bilək.466
Təhsildə ciddilik

İnsanın bu libası geyinib dərs oxumaması mənasız bir şeydir; bir şeyi qəsb etmək kimidir. Bu paltar, necə deyərlər, bir uniforma və rəsmi geyim növü olub, xüsusi bir qrupa məxsusdur. Bu qrup kimlərdir? Din alimləri. Deməli, "alim" sözü insana şamil olmalıdır, əks təqdirdə, faydasızdır.

Bilirsiniz ki, elm təklikdə kifayət etmir. Əgər elm olsa və təqva olmasa, elmin olmadığı yerə yüz rəhmət! Təqvasız elm çox təhlükəlidir.467
Yeniliyi kəşf etmək və müxtəlif ixtisaslı alimlərin fəndlərindən istifadə

Dərs, elmi mübahisə və tədqiqatla məşğul olmaq, özünü əziz İslama səmərəli səviyyəyə çatdırmağa bacardıqca çalışmaq lazımdır. Çalışmaq lazımdır ki, tədqiqat qüvvəsi indi hövzə tələbələrində, xüsusən də siz əziz və fəal alimlərdə olduğu kimi canlı formada hər yerə yayılsın.468


Dərs, elmi mübahisə və araşdırma

Hövzənin tələbə və alimləri tədqiqatı, elmi və tədrisi özlərinin birinci işləri bilsinlər və bundan ötrü bütün səylərini göstərsinlər. Hövzənin bütün fənlərində tədqiqat aparmaq lazımdır.

Qum Elm Hövzəsinin tələbə və alimləri dərsi, elmi mübahisəni və araşdırmanı ciddi saysınlar, tətilləri azaldıb işin həcmini artırsınlar, hər bir fürsətdən istifadə etsinlər, daimi mübahisə ənənəsini və hövzələrin gur vaxtında görünən elmi mübahisə və fiqh qruplarını dirçəltsinlər, tələbələr dərs oxumaqdan yorulmasınlar, daim oxusunlar, dərs oxumağın qayda-qanunlarına əməl etsinlər. Yazılarda diqqətli olmağa çalışsın və onları müəllimlərə göstərin.469
Keçmiş alimlərin elmi nüfuzunu qorumağın yolu

Əgər bütün xalqın, müxtəlif təbəqələrin bir yerə toplaşmasını istəyirsinizsə, ruhanilər orada olmalıdırlar. Əgər ruhanilər və din alimləri bir yerə toplaşsalar, bütün təbəqələr, yaxud xalqın böyük əksəriyyəti də oraya yığışar. Bu bizim ölkəmizin uzun illər və hətta əsrlər boyu sübuta yetmiş bir xüsusiyyətidir.

Bunun səbəbi nədir? Səbəb ruhaniliyin vəziyyətidir. Mən dəfələrlə demişəm ki, xalqın indiki ruhani nəslinin hörmətinə görə İslam inqilabına dəstək verdiyini düşünməməliyik. Bu səhvdir. Əslində, onların tükənməz bir ehtiyat olan minillik hörməti bu qələbə və uğurlara səbəb oldu. Bu minillik hörmət uzun əsrlər boyu böyük alimlərin elm və təqvasının məhsuludur. Dinin və ruhanilərin xalq arasında bu hörməti belə böyük təsir buraxa bilirsə, deməli, o pak, alim və müqəddəs sələflərin hörmətini qorumalıyıq. Əks təqdirdə, həmin oturuşmuş amil tədricən yox olacaq. Bunun xisləti belədir. Bəs onların hörmətini necə qorumalıyıq? Bunun özü geniş söhbətdir.

Əvvəla, onlar alim idilər, biz də onların elmini inkişaf etdirməyə çalışmalıyıq. Onların elmi böyük və mühüm irsdir. Hansısa bir ixtisasa yiyələnmiş olsalar da, İslamın hüquqi və fiqhi məsələlərindən, İslam fəlsəfəsindən, İslam kəlamından bir şey anlamayan üç-dörd nəfərin hörmətsizlik və təhqir etmələrinə baxmayın. İslam fiqhi və onda olan Şiə fiqhi mütəxəssis və intellektuallar üçün heyrətamiz bir şeydir.

Zarafat deyil ki, Cəvahir kitabının müəllifi kimi bir insan oturub təkbaşına əvvəldən axıra qədər bütün fiqhi elə dəqiqliklə yazsın və İslam hüququna dair ensiklopediya ərsəyə gətirsin. Bu, möcüzəyə bənzər bir şeydir. Şeyx Ənsari, Riyaz kitabının müəllifi, istər ən qədimlərdən, istər sonrakılardan olan digər böyük alimlər də belə olmuşlar. Şeyx Müfidin iki yüz, Əllamə Hillinin üç yüzə yaxın əsəri var. Xacə Nəsirəddin Tusi və Şeyx Tusi də ayrı cür. Mütəxəssislər üçün bunların mesaj və mənası böyükdür.

...Onların elmi çox olmuşdur. Bugünkü elmi təbəqə o irsi uca tutmaq və sözügedən hörməti qorumaq istəyirsə, elmdə inkişaf etməlidir; həm hövzə, həm də qeyri-hövzə alimləri.

Bu elm barədə. Paklıq və təqva haqda da məsələ bəllidir. Dünyaya həris olan, haramlardan çəkinməyən alim rədd edilir. Bu o demək deyil ki, alim həyatın ləzzətlərindən məhrum olmalıdır. Əslində, bəzi mərhələlər var və insan o mərhələlərdə həqiqətən ləzzətlərə göz yummalıdır.470
Minbər və təbliğat alimcəsinə olmalı və dinləyicilərin problemlərinin həllinə yönəlməlidir!

Fərz edin, siz natiqlik və təbliğat işində çalışırsınız. Çox gözəl! Sözlər alimcəsinə olmalıdır. Zəif sözdən, mütaliəsiz minbərdən çəkinmək lazımdır. İslam məsələlərinə dair ən yaxşı və ən yeni sözləri bilmək lazımdır. Üç-dörd dəfə az çıxış etməyimiz mümkündür, eybi yoxdur. İnsan yaxşı danışmaq üçün az danışmağa məcburdur.

Məsələn, universitetlərdə, orduda və yaxud korpusda təbliğatla və ruhaniyə məxsus işlə məşğul olan şəxs öz dinləyicilərinin düşüncə ehtiyacını məharətlə bilməli, dillə söyləməsələr də, beyinlərində hansı düyünün, çaşqınlığın və sualın olduğunu bilməli və elmi yolla həll etməlidir. Əgər bacarsa, özü həll etsin, bacarmasa, özündən elmli birisinin yanına gedib həllini öyrənsin. Elmin səviyyəsi belə yüksəlir.471
Elm şərtinə diqqət

Kim harada fəaliyyət göstərirsə, elm, dərs və təhsil işi ilə birbaşa əlaqəsi olmasa da, məsələn, məhkəmə işlərindədirsə, bu məsələlərə diqqət yetirməlidir. Düzdür, məhkəmə işləri elmi işlərdir, lakin təhsil və elmi inkişafla birbaşa əlaqəsi yoxdur. Biri hakimdir, biri İslam hüquqşünasıdır; diqqətlə işləyib çalışmalı və müxtəlif hadisələr barədə Allahın həqiqi hökmünü tapmalıdır.

Deməli, bu nəsil istər elm, istərsə də təqva və paklıq baxımından sələflərin hörmətini qorumağa borcludur.472
Hövzə tələbələrinin üç vəzifəsi

Lakin sual budur: Bu gün biz əmmaməlilərin üzərinə düşən vəzifələrin nə olduğunu bilirik, yoxsa yox? Bu çox mühüm məsələdir. Bu gün bu paltarın dünyada malik olduğu əhəmyyətə görə bizim vəzifəmiz nədir? Elm adamları üçün söylənən üç məşhur vəzifə var: Birincisi elmi vəzifədir; yəni alim olmaq, elmli danışmaq. Çünki bu geyim elm geyimidir. İkincisi təqva vəzifəsidir; yəni həqiqətən təqva yoluna qədəm qoymaq, əməlin düzgünlüyü üçün qəti və həqiqi əsasa malik olmaq. Üçüncüsü siyasi ayıqlıqdır; çünki bizim səhvimiz bir nəfərin deyil, sözümüzü dinləyən toplumun səhvidir.

Hövzə tələbəsi yaxşı dərs oxuyub savadlanmağa, müəllim can-başla tədris etməyə, ruhani peşələrindən birində çalışan şəxs öz qərəzsizliyini, tərəfsizliyini və dünyaya etinasızlığını əməldə göstərməyə və hamı söz birliyini qorumağa çalışmalıdır. İxtilaf, ikitirəlik, bir-birinin canına düşmək və sair belə işlər elm adamına yaraşmaz və məsuliyyətləri ağırlaşdırar. Çünki bu, xalqın əhval-ruhiyyəsində təsir buraxır.473
Qeyri-elmi işdə çalışanların vəzifələrindən biri elmi işi davam etdirmək olmalıdır!

Siz cənablar elm işinizi bitmiş saymayın. Sizin hər biriniz müctəhid də olsaydınız, yenə işləməli idiniz. Ölkənin müxtəlif icra işlərində - istər məhkəmə, istər təbliğat qurumlarında, istər mətbuatda və mədəni işlərdə, istər universitetlərdə, istər xalq arasında, istər məscid və minbərlərdə çalışan din alimləri elmi işi və inkişafı öz vəzifələrindən saymalı, onu tərk etməməlidirlər.474


Mənəvi paklıq olmadan elmin zülmət olması

Cənablar! Əgər kimsə elmə yiyələnsə, müctəhid olsa, yüksək məqamlara ucalsa, lakin haqqı qəbul etməyə hazır olmasa, nəfsi ona hakim olsa, şəxsi istək və təmayülləri aydın məsələləri ondan gizlətsə, belə bir şəxsin İslam dünyasına nəinki heç bir faydası olmaz, hətta bəzən cahillərdən də zərərli olar. Əgər bir şəxs ən elmli və ən savadlı müctəhid olsa, lakin İslam quruluşunun bu gün müsəlman İranda necə haqlı əsaslar naminə qiyam etdiyini, günah, fəsad və zülmə söykənən cahil quruluşu məhv etdiyini anlayıb görə bilməsə - belə ki, bu gün də böyük şeytan olan ABŞ-dan tutmuş onun köməkçi və mütəffiqlərinə qədər fəsada və günaha əsaslanan bütün quruluşlar və dünyanın bütün azğınları bu quruluşla vuruşurlar – hətta onların səsinə səs versə, onlar üçün yem düzəltsə, onların təhrikinə sevinsə, ən savadlı alim və fəqih olan bu insanın başına kül ələnsin! İslam düşmənlərinin radiolarının təriflərinə ürəkdən sevinən alimin başına kül ələnsin! O ağlamalıdır. Elm və ictihadı çox yüksək səviyyədə olsa da, əslində, elm deyil, cəhalətdir; nur deyil, zülmətdir. Çünki nur olsaydı, əvvəlcə belə şəxslərin özlərini hidayət edərdi.475


Hövzə tələbələrinin tədqiqatda və elmi dərinlikdə ciddiliyi

Ruhanilərin ciddi şəkildə məşğul olmalarını düşündüyüm məsələlər bu dediklərimdir: Birincisi budur ki, dini bilgilər ruhanilər arasında genişlənməli və dərinləşməlidir. Yəni gənc tələbə və alimlər çox ciddi şəkildə din elmlərini öyrənsinlər. Bu gün elə bir gün deyil ki, biz öz peşə məharətlərimzə, bildiklərimizə və ixtisasımıza güvənmədən mühüm və açar vəzifələri yerinə yetirə bilək. O zaman avam dillə desək, mayasız fətir olar. Bu, bizim hamımızın üzərinə bir vəzifənin düşməsinə bais olmuşdur. O vəzifə budur ki, kim harada olsa, bir addım irəliləsin; bəziləri elmi tədqiqatla, bəziləri Quran, hədis, yaxud dəyərli dini ədəbiyyat üzərində işləməklə, bəziləri də başqa yollarla.

Mən ruhanilərin bir qrupuna deyirdim ki, kimsə Şəhid Mütəhhərinin əsərlərindən onunu seçib əvvəlindən axırına qədər diqqətlə oxusa və dərindən öyrənsə, onların din elminin dəyərli bir toplusu olduğunu anlayar. Din elmi yalnız hansısa fiqh kitabından ibarət deyil.476
Mənəvi paklığın nəticəsi

Əgər elm hövzələrində elmi həvəsin olduğunu, lakin bu həvəsin və elmi işin quruluşun ehtiyaclarını lazımi həddə təmin etmədiyini görsək, yenə də mənəvi paklıq məsələsinə diqqət yetirməliyik. Çünki hövzələrdə əxlaq, mənəvi paklıq və ondan irəli gələn saflıq olsa, oxunan hər bir söz xalqın və cəmiyyətin xeyrinə olmalıdır.477


Ruhaninin iki vəzifəsi: düşüncə və onun izahı

Cəmiyyətdə ruhanilərin üzərinə iki vəzifə düşür: biri beyin işidir, digəri isə dil işi. Bir cəmiyyətdə bütün mütəfəkkir, alim və ziyalıların işi beyin işidir. Din alimlərinin işi də belədir; düşünüb xalqı hidayət etməli, xalqa yol göstərməlidirlər. Lakin bundan əlavə, din alimlərinin başqa bir işi də var və bu, dil işidir: "Din dörd amillə ayaqda qalır: natiq alimlə..."478. Quranda nə qədər "xalqa izah etmən üçün", "bu, xalq üçün bəyandır" kimi sözlər deyilmiş, demək və izah etmək üzərində təkid göstərilmişdir. Bu, din alimlərinin vəzifəsidir.479


Ən çox mənəviyyatın və həqiqətin hövzə tələbələri arasında olması

Bəzi insanların toplaşdığı və bizim şahidi olduğumuz məclislər arasında mənim üçün bəlkə də bu məclis kimi şirin və gözəl olanı yoxdur. Elm və təhsillə məşğul olan, insaniyyətin islahı və Allahın razılığı yolunda çalışan bir qrup gənc buraya toplaşmışdır. Bu toplantı müxtəlif dəyərlərin bədii, gözəl və möhtəşəm kompozisiyasıdır və mən dəfələrlə demişəm ki, ümumilikdə, ən çox səmimilik, mənəviyyat və həqiqət hövzə tələbələri arasındadır.480


Bügünkü dünyada təbliğat aparmaq üçün elm və tədqiqatın zəruriliyi

Yenə də bu xüsusiyyətlərə aid olan və siz əzizlərə deməli olduğum məsələ elm öyrənmək və düşüncə silahı ilə silahlanmaq üçün fürsəi qənimət bilməkdir. Bu hövzədə istedadlar hədər getməməlidir.

Mən bir neçə il öncə Sarayevo şəhərinə və keçmiş Yuqoslaviyanın bəzi bölgələrinə degib müsəlmanları yaxından gördüm. Onların yaşayış tərzi tamamilə qeyri-islami, duyğuları isə islami idi. O zaman hələ kommunist rejimi hakimiyyətdə idi, lakin müsəlman bir ölkənin prezidentinin gəldiyini gördükdə küçələrə çıxırdılar və sevincdən gözləri yaşarırdı; onlar iranlı heyətin kişilərinin paltarını, qadınların çadrasını öpürdülər.

Bu duyğu əbədilik deyil. Lakin yaxşı bir təbliğatçı tutarlı bir düşüncə və məntiqlə oraya getsə, onu əbədilik edə bilər. Mənim əzizlərim! Bu işləri kim görəcək? Bu gün dünyanın sizə çox ehtiyacı var. Bizim şəhərlərimiz, kəndlərimiz, universtetlərimiz, xalqımız da belədir. Bu ehtiyacı təmin edəcək yeganə amil elm, tədqiqat və təfəkkürdür.481


Elmi işə həvəs və hövsələ

Elm adamlarının uğurları elmə, elmi işə həvəs və hövsələyə borcludur.482


Düşüncə cihadı

Cihadların biri də düşüncə cihadıdır. Düşmənin bizim fikrimizi yayındırması və səhvə salması mümkündür. Xalqın fikrinin aydınlığı yolunda çalışan, yayınmanın qarşısını alan və yanlış anlaşmaya mane olan hər bir kəs düşmənlə qarşı-qarşıya dayandığından fəaliyyəti də cihad sayılır; özü də mühüm bir cihad. Deməli, bu gün ölkəmiz cihad mərkəzidir.483


Alimlərin ağır məsuliyyət amili

Bu gün hamının vəzifəsi bir şeydir. Biz bu vəzifə barədə bir qədər düşünməli və üzərində dayanmalıyıq. Güman ki, hər iki firqənin mütəvatir hədislərinə əsasən, Peyğəmbər (s) belə buyurmuşdur: "Alimlər peyğəmbərlərin varisləridir".484 Yəni onların üzərinə düşən məsuliyyət və əmanət bunların üzərinə düşür; varisliyin mənası budur. Əlbəttə, bu varisliyin əhatəsi daha genişdir. Yəni "siz onların məsuliyyətini öhdənizə götürmüsünüz" - deyiriksə, mütləq onların bəzi vasitə və alətlərinə də malik olmalısınız. Bunların da ən mühümü din elmidir. Odur ki, səhv etməsəm, həmin hədisin davamında deyir: "Peyğəmbərlər dinar və dirhəmi deyil, elmi irs qoyurlar".

Sözsüz ki, elmi kimin üçünsə əbəs yerə qoymurlar. Peyğəmbərlərdən irs çatan elm və bilgi onların üzərinə düşən vəzifəyə görədir. Şübhəsiz ki, bu vəzifə də irslərdən biridir.485
Ruhaniliyin elm və mənəviyyat şərti

Ruhaniliyin əsas şərti iki amildir: biri elm, biri mənəviyyat. Ruhanilikdə bu iki amil əsas təməllərdir. Bizim ruhaniliyimiz digər dinlərin ruhaniliyi kimi deyil. Oralarda din elmi yalnız dini mətnlərə, səmavi kitaba və onunla bağlı bəzi rəvayətlərə aiddir. İslam isə dünya və axirət dini olduğundan ruhaniliyin elmi də geniş və əhatəlidir. Bir tərəfdən etiqadlara, inanclara, fəlsəfəyə və etiqadi əsaslara, digər tərəfdən də çox geniş və əhatəli dini fəqahətə şamil olur. Bunun söhbəti çox uzun, geniş və dərindir. İslam ruhaniliyində din elmi həqiqi elm, mürəkkəb bilgi və peşəkar əməldir. Bir şərt budur.486


Hövzədə gənc alimlərin vəzifəsi

Bu gün gənc alimlərə vacib olan iş yaxşı dərs oxumaq, din elmini - yəni fiqhi, kəlamı, təfsiri və əqli elmləri yaxşı öyrənmək, onlar üçün vaxt ayırmaq, təbliğatı bir sənət növü kimi öyrənmək və təbii ki, saleh sələflərimizin ən böyük yadigarı olan mənəviyyatı, paklığı və ixlası həmişə yadda saxlamaqdır. Bunlar vacib işlərdir. Bütün bunların kənarında dövrün vəziyyətindən, inkişaflardan, düşmən cəbhələrindən, dostların bəzən tanınmayan və çox qiymətli imkanlarından xəbərdar olmaq zəruridir. Siz gənc alimlər bu sahədə həm özünüzü təmin etməli, həm böyüklərə, müəllimlərə, alimlərə, ömürlərini dini araşdırmalarda keçirənlərə kömək etməlisiniz. Çünki siz gəncsiniz və günün məsələləri ilə tanışlığınız daha çoxdur.487


Dini əsaslandırma metodikasını sıradan çıxarmağa çalışanlar

Bəziləri deyirlər ki, dini elmi üsul və metodlarla öyrənən, əsaslandıran və bəyan edən siz ruhanilər kənara çəkilin, biz gəlib onu metodsuz, üsulsuz, elmsiz və hazırlıqsız ürəyimiz istəyən şəxsə bəyan edək. Siz kənara çəkilin, biz deyək. Ürəkləri belə istəyir. Bunu elm hövzələrində genişləndirib yaymağa çalışırlar da. Bu gün hövzələrin problemlərindən biri budur.488


Universitetlərdə çalışan ruhanilərdə elm və düşüncə qüvvəsi

Bir xüsusiyyət elm xüsusiyyətidir. Tərəf-müqabilinizin ehtiyacı qədərincə əlidolu getməlisiniz. İnsanın yüksək səviyyədə bacarığı olmayınca, aşağı səviyyədə olanı yüksəldə bilməz. Siz kimi yuxarıya çəkmək istəsəniz, öz sinənizə qədər çəkə bilərsiniz.

Buna əsasən, insan öz səviyyəsini və elmi bacarığını yüksəltməlidir ki, yuxarıya çəkə bilsin. Qarşı tərəfi kiçik görmək, sualını dəyərsiz, ehtiyacını səviyyəsiz və özünü az tələbatlı güman etmək olmaz. Kim tərəf-müqabili ilə belə rəftar etsə, məğlub olacaq, ünsiyyət və təsir işində uğur qazana bilməyəcək.489
Müxtəlif düşüncələrlə tanışlığın zəruriliyi

Dünyanın müxtəlif düşüncələri ilə tanışlıq hövzələr üçün lazım və zəruri məsələlərdəndir. Bu, baş verməsə, təbliğat üçün istədiyimiz və gördüyümüz işin düzgün yerinə yetiriləcəyinə əmin ola bilmərik. Əgər dinləyicilərimizi tanımasaq, onları əhatə edən düşüncələri tanımasaq, beyinlərində olmayan və onları maraqlandırmayan bir söz deyib əbəs iş görmüş olacağıq. Tərəf-müqabilləri, dinləyiciləri tanımaq və seçmək lazımdır. Bəzi şəxslər müəyyən qruplarla əlaqə yarada bilirlər, başqaları da başqa qruplarla. Tərəf-müqabili seçmək lazımdır. Elm hövzəsinin idarəçiləri bu sahələrdə fəaliyyət göstərməli və proqram hazırlamalıdırlar. Dinləyiciləri, onların suallarını və onlara hakim düşüncələri öyrənmək lazımdır. Bu gün dünyada yeni şübhələr və təzə sözlər ortaya qoyulur. Onların bəziləri elmi, yaxud yarımelmi əsaslara malikdir. Dini təbliğ, dinin fikrini bəyan etmək, başqa sözlə desək, dini müdafiə və ya izah etmək istəyən şəxs dünyadakı yeni düşüncə və sözlərin nə olduğunu bilməlidir. Bizim hövzələrimizə bu tanışlıq vacibdir.490


İslamın gənc mütəfəkkir nəsli

Bu gün Allaha şükür olsun ki, elm hövzələrində, bəzi universitetlərdə və digər mərkəzlərdə İslam mütəfəkkirlərinin yeni gənc nəsli yetişmişdir. Onlar düşmənin planlarına rəğmən, mətləbləri incələyir, təhlil və izah edirlər. Baş tutmasını istəmədikləri iş baş tutdu və İslam ağacının yeni şaxələri cücərdi. Ona heç bir şey edə bilmirlər. Bu gün düşmənin düşündüyü şübhələrə cavab olaraq yolaçan və həlledici sözlər deyilir. Bu əlaqə beləcə qalacaq.491


Təhsildə məzəmmət olunmuş məqsədlərdən çəkinmək

Fiqh mövzularına başlamazdan öncə şərafətli "Tühəf əl-üqul" kitabından bir hədis deyək: “Ey Nöman oğlu! Elmi üç məqsədlə öyrənmə!”492 (İmam Sadiq (ə) buyurur ki,) elmi bu üç məqsəddən ötrü öyrənmə: Biri budur ki, onunla riya etmək, özünü ona-buna göstərib alim olduğunu demək istəyəsən: "Elmi özünü göstərmək üçün öyrənmə!" İkincisi budur ki, elmi fəxr etmək üçün öyrənmə. Güman ki, birinci məqsəd, yəni özünü göstərmək adi xalq arasında "mən aliməm" deməkdir. İkincisi isə alimlər arasında özünü göstərməkdir. Yəni elm öyrənməkdə məqsəd bu olsun ki, alimlərin arasında fəxr edib “bəli, biz də bunu bilirik” desin. Elmi bunun üçün də öyrənmə. Üçüncüsü budur ki, mücadilə və mübahisə etmək üçün elm öyrənmə. Mücadilə sərt mübahisədir. Bu, şərafətli Quranda da var. Merac gecəsinin hadisələrində deyir ki, öz gözü ilə gördüyü məsələ barədə onunla mübahisə və mücadilə edirsiniz?!493 Bu hədisə əsasən, həzrət buyurmuşdur ki, bu üç məqsədlə elm öyrənmə. Əslində elmi bilmək və əməl etmək üçün öyrənmək lazımdır, özünü göstərməkdən, mübahisə və mücadilə etməkdən ötrü yox.494


Elmi tərk etməkdə məzəmmət olunmuş məqsədlər

“Və onu üç məqsəddən ötrü tərk etmə...”. Bu üç məqsəddən ötrü də elmi buraxma: biri cəhalətə rəğbətdir. Bəziləri bilməmək istəyirlər. Sanki bilməklə və elmlə inadkarlıqları var. Təəccüb etməyin. Dünyada bir sözə də qulaq asmayan, yaxud digərlərini bir söz dinləməkdən də çəkindirən insanlar var. Onlar da bu elmin vücuda gəlməsinə imkan vermək istəmirlər. Bəziləri özləri qulaq asmırlar, bəziləri digərlərini qulaq asmaqdan çəkindirirlər, həmin elmlə tərsliklərinə görə onu öyrənməmələrini istəyirlər. Burada ümumi bir cümlə şəklində buyurur: “cəhalətə rəğbətdən ötrü”. Görəsən burada deyilən elmdə məqsəd imamların sözlərində işlənən elm, yəni din elmi və fiqhdir? Mümkündür. Buna əsasən, cəhalətə rəğbət – yəni bu məsələdə cəhalət, bu elmə nisbətən cəhalətdir. Amma ola bilsin kimsə desin ki, xeyr, burada "əl" artikli bütün elmlərə şamil olduğunu göstərir: elmə cahil olmaq istəyindən ötrü heç bir elmi buraxma. Bəzən insanın marağı və ya vaxtı olmur. Bu başqa məsələdir. Amma burada deyilir ki, elmi onun özü ilə tərslik etməkdən ötrü tərk eləmə.

İkincisi budur ki, elmə zahidlik və rəğbətsizlik səbəbindən onu buraxma. Zahidlik - könülsüzlük və rəğbətsizlik deməkdir. Elmi ona rəğbətsizlik üzündən tərk etmə. Yəni bir şeyi bilmək sənin üçün o qədər az əhəmiyyətli olmasın ki, ona meylsiz olasan.

Üçüncüsü budur ki, xalqdan utanmağa görə elmi tərk etmə. Bəzi adamlar elm öyrənməyi sanki özlərinə yaraşdırmırlar. Halbuki əgər eşitsələr, otursalar, öyrənsələr, onlara bəzi üstünlüklər bəxş edər. Amma eyni zamanda istəmir, elm öyrənməyə utanırlar. Sanki öz məqamlarını elm öyrənməkdən uca bilirlər.495


Hövzədə ciddi dərs oxumağın zəruriliyi

Mənim çıxışımın son hissəsi siz əzizlərə tövsiyə və xatırlatmalardır. Birincisi budur ki, əzizlər, dərs oxumağa ciddi yanaşın, proqramda olan qüsurlar sizi dərsdən saxlamasın. Xeyr, nə qədər ki, proqram dəyişməyib, mövcud proqram ciddi şəkildə icra olunmalıdır. Gərək dərs oxuyasınız. Orta pilləni bitirənə qədər mənim tövsiyəm budur. Orta pillədə təhsil alan tələbələr onu bitirməyincə dərsdən başqa heç bir işlə məşğul olmasınlar. Dərs çox ciddidir, çox əhəmiyyətlidir. Elm və savad əsas amildir. Onsuz heç bir rol ifa edə bilməz və ya düzgün ifa edə bilməzsiniz. Səhv rol ifa etmək də kənarda durmaqdan qat-qat ziyanlıdır.496


Elmi və siyasi özünəinam

Mənim siz əzizlərə digər tövsiyəm budur ki, elmi və siyasi baxımdan özünüzdə tam özünəinam yaradın. Sizin elminiz olduqca dəyərli, bəşər həyatının çoxlu düyünlərini açan elmdir. Sizin siyasi ayıqlığınız, siyasi mövqeyiniz, həmçinin düşüncə ayıqlığı, düşüncə və etiqad mövqeyiniz müxtəlif mühitlərə təsir etməlidir. Gənc tələbə müxalif düşüncə tufanları ilə üzləşdikdə qorxmamalı, vahiməyə düşməməlidir. Özünüzdə bu qüruru, özünəinamı və özünə güvənmə qüdrətini mütləq yaradın. Getməli yollar vardır.497


Tələbənin ilk vəzifəsi

Bizim tələbəmizin ilk vəzifəsi dərs oxumaq və alim olmaqdır. Burada elm sözündə mənim məqsədim hövzə elmidir; yəni fiqh, fəlsəfə, kəlam, üsul, bunlara bağlı olanlar, bunların əsas və müqəddimələri. Mən təkid edirəm ki, elm hövzəsi bizim mədrəsə elmimizlə məşğul olsun. Biz siyasətlə, yaxud ictimai xidmətlərlə məşğul olub mənəviyyat və düşüncə işlərimizdən qalmamalıyıq. Alim olmaq lazımdır. Alim olmağa çalışın və elminizlə cəmiyyəti də alim edin.498


Şəhid Mütəhhərinin kitabları

Fəlsəfəni, fiqhi, mərhum cənab Mütəhhərinin fikirlərini öyrənin. Mənim fikrimcə, hər bir tələbə üçün vacib işlərdən biri cənab Mütəhhərinin bütün kitablarını əvvəldən axıra qədər diqqətlə oxumaq və müzakirə etməkdir; istər şərh etdiyi fəlsəfə üsullarını – onun şərhi mütləq lazımdır - istər yazdığı digər əsərləri, məsələn, İlahi ədalət, Cəbr və ixtiyar, İslam və zamanın tələbləri və sair kitabları. Hövzənin proqramı sahəsində çalışan cənablar buna şərait yaratsınlar. Bunlar tələbəni inkişaf etdirən amillərdir. Demək istəmirəm ki, cənab Mütəhhərinin bu kitablarda dediyi sözlər yüz faiz nöqsansızdır. Xeyr, siz oxuyun, nöqsanını tapın, şərh yazın, deyin ki, bu söz zəifdir; istər iqtisadiyyatda, istər din maarifində, istər tövhiddə, istər digər məsələlərdə. Cənab Mütəhhəri ibadət adamı idi. Mən onunla yaxından tanış olmuşam və bu xüsusiyyəti görmüşəm. İbadət adamı olmaq insanı pak və şəffaf saxlayır.499


Təəssübkeşlik və Qərbə uyğunlaşma - iki qeyri-elmi yanaşma

Biz meydanda idik və o zaman aparılan bəzi mübarizələrin elmi olmadığını görürdük. Bu mübarizələr təəssübkeşlik və etiqad üzündən idi; oxumadan, başa düşmədən, nə olduğunu bilmədən bir sözü rədd edirdilər. Geniş bir sözün bir tərəfini özlərinə aid edir, onunla vuruşur və mübarizə aparırdılar. Bu, ehkamçılığı, durğunluğu və qeyri-elmi yanaşmanı yada salırdı. Bir qrup insan da yeni və idxal edilmiş fikirlərin təsiri altına düşüb İslamı, İslam təfəkkürünü bunlara uyğunlaşdırmağa çalışırdı. Dinin boynuna minnət də qoyurdular ki, biz İslamı gənclərın bəyəndiyi və xalq tərəfindən qəbul edilən vəziyyətə gətirmişik. Bəzən aşdan isti kasaya dönüb bu fikirlərin sahiblərindən bir neçə addım da irəliyə gedirdilər. Qorxurdular ki, olmaya irticaçılıqda-filanda ittiham edilsinlər. Biz bəzi yerlərdə bunu da gördük. Onlar nübüvvəti, tövhidi, məadı, imamət, fiqh, İslamın siyasi və ictimai məsələlərini İslama yad məktəblərdə, bəzən ateizmdəki oxşarlarına sarı çəkir və minnət də qoyurdular ki, biz İslamı hamıya sevdirdik, qəbul etdirdik və s. Bu da başqa bir yayınma idi. Bunların hər ikisi yayınmadır.500


Ayıq və təqvalı ruhanilərin elmi inkişafda rolu

Mənəviyyat, dəyər və din çırağını yanar saxlamaq üçün işə girişən sizlər olmasanız, bütün bu inkişaflar dəyərsiz olar və hətta antidəyərə çevrilər. Elm hövzələrinin əhəmiyyəti burada bəlli olur. Bu baxışa görə sizin işiniz bütün işlərdən əhəmiyyətlidir. İnkişaf halında olan bir cəmiyyətdə elmli, aydın baxışlı, aydın düşüncəli, qorxmaz, mömin, ismətli, geniş məlumatlı və ilahi qorxusu olan bir təbəqənin olması bu inkişafların azğınlıq, sapqınlıq istiqamətində və tarixi prosesdə süqut məqsədilə işlədilməyəcəyini müjdələyir. Dini elmlər üzrə təhsil alan siz gənclərin rolu budur. Bunun qədrini bilin. Bu çox əhəmiyyətlidir.

Mənəviyyat, təqva, dəyər və dini hidayətlə yanaşı olan sivilizasiya, elm və maddi inkişaf dünyanın təcrübə etmədiyi bir şeydir. Biz dünyanın ən inkişaf etmişləri cərgəsinin başında duracağıq. Görürsünüz ruhanilərin və siz gənclərin rolu nə qədər həssasdır?!501
Hövzə tələbələrinin tədqiqatçı səviyyəsinə qədərki təhsildə ciddiliyi

Bizim cəmiyyətimizdə din elminə, din məntiqinə və əsaslandırmasına malik olan, fəlsəfədə, kəlamda, yeni fəlsəfədə işləyən və şübhə yayanlarla diskussiya aparan yüzlərlə şəxsiyyət olsa, görün cəmiyyətdə hansı böyük hadisə baş verər! Həmin qrup tərəfindən dünya səviyyəsində müxtəlif dillərdə minlərlə elmi kitab, jurnal və məqalə nəşr olunsa, görün dünyanın bu nöqtəsindən bütün düşüncə mühitinə hansı işıqlı günəş saçar! Bunların hamısı mümkündür, xəyal deyil. Bunların puç və mənasız arzular olduğunu güman etməyin. Xeyr, bunlar əlçatan reallıqlardır. Lakin əli uzatmaq, özünü bu həqiqətə çatdırmaq və onu tutmaq lazımdır. Bunun üçün iradə olmalıdır. Gərək ciddi şəkildə dərs oxuyasınız. Mənim tələbə gənclərə həmişəki tövsiyəm budur. Bu gün elm hövzələrinin ixtiyarında olan elmləri öyrənin və özünüzü dərin tədqiqat həddinə çatdırın. İnsan başdansovdu işlərlə tədqiqatçı, fəqih və filosof olmur. Gərək bu təməlin hər bir kərpicini möhkəm şəkildə bir-birinin üzərinə düzüb zirvəyə çatasınız.502


Hövzənin bugünkü inkişaf etmiş nəsli – din elmindən gözlənilənlərin təminatçısı

Elm hövzəsinin - istər mübarək Qum hövzəsinin, istər Məşhəd və İsfahan hövzələri kimi digər böyük hövzələrin nailiyyətləri barədə çox danışılmış, bu barədə müjdələr verilmişdir və verilir.

Bu gün hövzələrdə inkişaf etməkdə olan nəsil şübhəsiz, bizim dini elm mərkəzindən gözlədiyimiz böyük işləri görə biləcək. Bu şərtlə ki, bu hərəkət dayanmasın, günbəgün təkmilləşsin və inkişaf etsin.503
Keçmişdə böyüklərin yüksək elmi dözümlülüyünə nümunə

Mərhum Hədaiq sahibi ilə mərhum Vəhid Bəhbəhani bir-birinə müxalif idilər. Hər ikisi eyni zamanda Kərbəlada yaşayırdı, birgə elmi mübahisələr də edirdi. Bir gecə onlar şəhidlər ağası İmam Hüseynin (ə) pak məqbərəsində bir məsələ üstündə mübahisəyə başladılar. Bu iki ruhani sübh azanına qədər ayaq üstə mübahisə etdilər. Vəhid Bəhbəhani o zaman nisbətən gənc idi, lakin Hədaiq sahibi qoca kişi idi. Onlar bir-biri ilə mübahisə də edirdilər, amma hər ikisi bir idilər, hər ikisi tədris edirdilər. Mən eşitdim ki, Vəhidin şagirdləri - Vəhid əxbarilərin qatı əleyhdarı idi - olan Riyaz sahibi və digərləri gedib Hədaiq sahibinin dərsində də iştirak edirdilər. Belə olmuşdur. Biz hövzədə dözümlülük səviyyəsini yüksəltməliyik. Bəli, birinin fəlsəfi zövqü var, birinin irfan zövqü var, birinin fiqh zövqü. Ola bilsin bir-birlərini qəbul etməsinlər.

Mən bir neçə ay öncə Məşhəddə dedim ki, mərhum ağa Şeyx Müctəba Qəzvini uca hikmət fəlsəfəsinə, Molla Sədranın üslubuna qarşı idi. O bu məsələdə olduqca kəskin və sərt idi. İmam isə Molla Sədra məktəbinin xülasəsidir. Təkcə fəlsəfi sahədə yox, irfanda da belədir. Amma mərhum ağa Şeyx Müctəba imamı nəinki qəbul, hətta təbliğ də edirdi; ömrünün sonuna qədər imamı təbliğ etdi. O, imamı görmək üçün Məşhəddən Quma gəldi.

Mərhum ağa Mirzə Cavad Tehrani Məşhəddə həmin məktəbin görkəmli nümayəndələrindən idi, imamın televiziyadan yayımlanan təfsir dərsinə etiraz etmişdi, amma cəbhəyə getdi. Mənim özümə dedi. Həm o, həm mərhum ağa Mirvarid belə idilər, amma müdafiə də edirdilər. Üslub və məktəb baxımından müxalif, lakin siyasi, ictimai və dostluq baxımından bir idilər, bir-birinə dözürdülər. Qumda belə olmaq lazımdır.504


Birliyi qorumaqdan ötrü aşkar mücadilənin yerinə elmi mübahisə aparmaq

İslam ümmətindən olan qardaşlar bir-birinin hörmətini saxlasınlar. Öz etiqadlarını qorusunlar, lakin digərlərinin hörmətini, hüququnu, onların düşüncə və etiqadlarının hörmətini saxlasınlar, mübahisə və diskussiyanı elmi məclislərə həvalə etsinlər. Alim və mütəxəssislər istəsələr, elmi məclisdə oturub məzhəb mübahisələri etsinlər. Ümumi yerdə, elmi incələmə və təhlil qabiliyyəti olmayanlarla mübahisə etmək isə bir-birini yamanlamaqdan fərqli bir şeydir. Alimlər və məmurlar bunu idarə etsinlər. Bu barədə bütün müsəlman qrupların üzərinə vəzifə düşür.505





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə