Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Vurğu və onun əsas növləri



Yüklə 79,27 Kb.
səhifə14/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Dilçiliyə giriş cavablar

19. Vurğu və onun əsas növləri
Dil vahidlərindən olan səsin, hecanın və ya sözün tələffüz prosesində daha qabarıq nəzərə çatdırılması üçün onların qüvvətli, yüksək tonla səslənməsi vurğu adlanır. Məşhur rus alimi Trubetskoy haqlı olaraq vurğunu hecanın zirvəsi adlandırır.
Vurğusuz dil yoxdur. Çünki danışıq prosesində insan məqsəddən asılı olaraq səsin tonundan qeyri-bərabər şəkildə istifadə edir. Dünya dillərinin bir qismində, məsələn, çex, latın, macar dillərində vurğu, bir qayda olaraq, sözün ilk hecalarına düşür. Türk dillərinin əksəriyyətində, Avropa dillərindən fransız dilində vurğu, əsasən, sözün sonuncu hecası üzərinə düşür.
Dilçilikdə müxtəlif prinsiplərə görə vurğu növləri göstərilir. Bunlardan biri obyektə görə vurğu növləridir: a) heca vurğusu, b) söz vurğusu, c) ibarə vurğusu. Heca vurğusu bir söz daxilində bir hecanın o birinə nisbətən qüvvətli tələffüzünə deyilir. Söz vurğusu bütövlükdə bir sözün yüksək tonla tələffüzünə deyilir. Belə halda eyni bir sözdə həm heca vurğusu, həm də söz vurğusu birləşir. İbarə vurğusu müəyyən bir ibarənin daha qabarıq nəzərə çatdırılması zamanı istifadə olunan fonetik vasitəyə deyilir.
Bunlardan başqa, dilçilikdə vurğunun işlənmə yerinə görə də iki növü göstərilir: sərbəst vurğu, sabit vurğu. Elə dillər var ki, orada vurğu sabit şəkildə özünü göstərir. Yəni vurğu, bir qayda olaraq, ya sözün ilk hecasında, ya da son hecasında işlənir. Elə dillər də vardır ki, sözdə vurğu müxtəlif hecalar üzərinə düşür. Məsələn, rus dilində sərbəst vurğu geniş yayılmışdır. Azərbaycan dilində vurğu, əsasən, söz sonundakı heca üzərində olur.
20. Dilin morfoloji səviyyəsi. Morfem nəzəriyyəsi
“Morfem” terminini dilçiliyə XIX əsrin 80-ci illərində Boduen de Kurtene gətirmişdir. Sözün müəyyən mənaya malik olan və kiçik ünsürlərə bölünə bilməyən hissəsinə morfem deyilir. Məsələn: yaz-ı-çı-lıq, yaxşı-laş-dır-ıl-mış-dır, əzəmət-li, məktəb-li-lər.
Morfemlər dilin quruluşunda sistem təşkil edir. Onlar bir söz tərkibinə təsadüfi deyil, qanunauyğun şəkildə, bir məna ətrafında birləşir. Məsələn, “aparılmışdır” sözünü bu cəhətdən nəzərdən keçirək: “apar”(maq) morfemi həm leksik (hərəkət bildirir), həm də qrammatik məna (feil) kəsb edir. “ıl” morfemi “aparmaq” feilinin məzmununda məchulluq əmələ gətirir, hərəkətin kim tərəfindən görüldüyü məlum olmur; “mış” morfemi “aparmaq” feilinin nəqli keçmiş zamanda olduğunu bildirir, hərəkətin keçmişdə baş verdiyi məlum olur; “dır” morfemi isə hərəkətin görüldüyü barədə xəbər vermək məzmununu daşıyır. Göründüyü kimi, “aparılmışdır” sözünün tərkibində 4 morfem vardır. Bunların hər biri dildə müəyyən leksik və ya qrammatik məna daşıyır. Həmin morfemlər daha ondan kiçik hissələrə bölünə bilməz. Məsələn, ap-ar, ı-l, m-ış, dı-r və s. Morfemlər bu cür kiçik hissələrə bölünsəydi, onda dil öz qrammatik, daha doğrusu, morfoloji quruluşunu itirərdi. Sözün tərkibində morfemlərin bir-birindən ayrılması kortəbii, təsadüfi xarakter daşımır. Bir sözün daxilində rast gəlinən morfemə onlarca, yüzlərcə başqa sözlərdə də təsadüf edilir. Məsələn: “aparılmışdır” sözündəki “ıl” məchulluq mənasını bildirən morfem kimi yaz-ıl(maq), qazıl(maq), at-ıl(maq) və s. sözlərlə, “mış” nəqli keçmiş zaman mənasını bildirən morfem kimi al-mış(ıq), yaz-mış(ıq), yatmış(ıq), yarat-mış(ıq) və s. sözlərlə “dir” xəbərlik mənasını bildirən morfem kimi “yazmış-dır, yatmış-dır, ağlamış-dır, yaratmış-dır” və s. sözlərdə işlənir. Yaxud al-dı-m, gəl-di-n sözlərindəki “m” və “n”, “ım” və “in” I və II şəxsin təkini bildirən şəxs sonluqlarının başqa fonetik variantıdır.
Misallardan göründüyü kimi, morfemlərin başlıca xüsusiyyətlərindən biri onların dildə məhsuldar şəkildə işlənməsidir. Elə morfemlər vardır ki, onlara yüzlərcə sözün tərkibində təsadüf edilir. Məsələn, Azərbaycan dilində hal, mənsubiyyət, cəm, zaman, şəxs şəkilçiləri bu cür morfemlərdəndir. Lakin elə morfemlər də vardır ki, dildə onlar təsadüfi hallarda işlənir. Belə morfemlərə qeyri-məhsuldar morfemlər demək olar. Məsələn, bəzi sözdüzəldici şəkilçilər ancaq 1–2 söz əmələ gətirir. Dildə bəzən morfemlər fonetik hadisə nəticəsində öz formasını dəyişir. Məsələn, al-ın-m-ır, gör-ün-m-ür sözlərindəki “m” morfemi ma, mə inkarlıq mənasını bildirən morfemin başqa bir fonetik variantıdır. Bütün bu misallardan aydın olur ki, hər bir dilin özünəməxsus morfemlər sistemi mövcuddur.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə