Qurd balası qurd olmalı



Yüklə 40 Kb.
tarix26.09.2017
ölçüsü40 Kb.
#1632

Qurd balası qurd olmalı
Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar.

Canavarlar adətlərinə, sadiq qaldıqları sevgilərinə, dostluqlarına, qürürlarına görə başqa heyvanlardan fərqlənirlər. Onları bir-birindən ayıran cinsləri var, insanlar kimi! Öz xeyri üçün neçə-neçə həyatları məhv edən insanlar var, tövlədə onlarca qoyunu murdar edib yeməyən canavarlar kimi!

Emosional canavarlar isə, həmişə təcrübəsi, peşəkar hiylələri olan qurdların qurbanı olurlar. Qurdlar ölümünə yaxın yerə sakitcə uzanıb “ məni parçalayın ” işarəsini verə bilərlər. Lakin canavarlar qurdlar kimi ölümündən sonra baş verəcək hadisələrin qoxusunu duya bilməzlər. Biz qurdlarda neçə illərin günahları gizlənir, tələmizə düşən neçə ovun bərəlmiş gözlərinin xatirələri var...
Güzgünün qarşısında gözlərimin altındakı qırışlara nəzər salıram. Saymıram, ola bilsin bir neçə il yaşayaram. Vicdanımın məhkəməsində mühakimə olunmaq istəmədiyim üçün saymıram.

Dua etmək istəyirəm...Gedəndən sonra qəbrimdə rahat yatmağım üçün arxamca səmimi dua edəcək heç kim olmayacaq. Təbiətin qoynunda, dağların arasında utancaq qız uşağı kimi gizlənən obamda mənim xofum var. Mənə qarşı çıxmağı ağıllarına gətirmək belə onlara ölümdən betər günləri xatırladır. Bir vaxtlar mənə qarşı kəkliyini qaldıran başları əzmişəm, ürəklərini yemişəm. Yediyim hər ürək amansızlığımı daha da artırdı, məni amansız etdi. Əsən əlləri isə... Öz xeyrimə havayı işlətmişəm; hərəsinin ayağına iri bir daş qoymuşam. Daşa ayaqları dəydikcə yıxıldılar, onları məhv edəcəyimi düşündülər, ürəkləri titrədi, tutdum əllərindən. Ölənəcən özümdən asılı vəziyyətə saldım.

İndiyəcən evlərində məni tərifləyə-tərifləyə övladlarına yaltaqlığı miras qoydular.

Qorxumdan qundaqdakı körpələrinə mənə nifrət edə-edə adımla çağıran yaltaqlarım da oldu...

Neçə ildir səmimi insan söhbətinə, baxışlarına həsrətəm. Yatağımdakı qadınlarda da səmimiyyət yalnız var-dövlətimə qarşıydı.

Mənə səmimi olan yeganə varlıqlar düşmənlərim idi. Aldığım hər nəfəsimdə saxtakarlığımı görən düşmənlərim!...

Dedikləri hər kəlimə ürəyimə toxundu, ruhumu yandırdı, alnımdan soyuq tərlər axıtdı, mən isə, onların gözlərində səmimiyyətin şahidi oldum. Onlarla birgə qurduğum bu obanı tək başına idarə etmək üçün xəyanət etdim, qəhrəman oldum. Artıq vəhşi heyvanların da məndən qorxduğunu düşünürdüm.

“ İnsanlar böyüdükcə saflıqlarını itirirlər ” – deyirlər. Oğlum böyümüşdü, dostları ilə birgə keçirdiyi əyləncələrdən, əxlaqı yüngül qadınlardan dincliyi yox idi. Bununla da saflığını itirməmişdi....

İlk addımımı atmağa məcburdum. Qorxaqların yaltaq övladları tülkü kimi ətrafında quyruq bulaya-bulaya fırlanır, oğlumsa onları özünə dost bilirdi. Hələ də anlamır ki, bir gün ölsəm, illərcə mənə kin saxlayanlar, yıxa bilmək üçün fürsət gözləyən qoca qurdlar var, məhz dost dediyi tülkülərin əlləriylə onu meydanın ortasında parçaladacaqlar. Heç kim köməyə gəlməyəcək.

Bu obanın canında da ilk qorxunu mən yaratmışam. İçimdəki iblisə necə illərdir baş əyirlər. Artıq iblisim də cavan ruh,cavan bədən arzulayır. Oğlumdakı vicdansa oyaqdır. Bir neçə gün bundan öncə gördüyüm yuxu mənə işarə edir; o vicdanı əbədi yatızdırmaq, iblisi yenidən alovlandırmaq vaxtıdır...

Bugün ilk addımımı atacam. Bəlkə aylar keçəcək, lakin nəticəsi mütləq olacaq. Günahlarımın bağışlanması üçün dua edəcəyim gecələr iblisimlə oğlumun vicdanı yerlərini dəyişəcək, bədəndən bədənə keçəcəklər.
İndi oğlumla at belində meşəyə doğru yanbayan gedirik. Arxamızca iki atlı və iki ov iti bizi izləyir. Əvvəlcədən verdiyim tapşırığa əməl edən adamlarım bizdən iyirmi addım uzaqdadılar. Hərəsinin belində iti bıçaq, əlində bir tüfəng var. İtlər yanımda kim olur olsun ,həmişə mən tərəfdən gəlirlər. Mənimlə addımlamaq onlara xoşdur. Oğlum gah çiçəklənən ağaclara, gah da canlanan torpağa diqqətlə baxırdı. İyirmi iki yaşındakı gəncin gözləri uşaq kimi parıldayırdı. O yaşda artıq mən özümü obanın tək sahibi kimi görürdüm. Oğlum sükutu pozdu, məni düşüncələrimdən ayırdı: - Rüstəmlə istəyirik peyğəmbəri ağacı əkək. Yayın ən isti vaxtında da sərinlik gətirən ağacdır. İstədiyin qədər dincəl altında.


  • Qışı gözləməli olacaqsız. O vaxt torpaq yatır. İndi toxumları səpmək daha məsləhətlidir – dedim. İstəmirdim Rüstəmlə dost olsunlar. Qələbəni tək paylaşmaq istəyənlərin dostları olmur. Biraz keçəndən sonra oğlum yenə dilləndi: - Torpaq məsələsində bizim camaatın bəxti yaman gətirib. Maşallah, bərəkətlidir, bar verəndir.

Əsl məqam idi. Oğlumun düşüncələrini dəyişdirməliydim. Bilmədən bunun üçün şərait yaratmışdı: - Camaatın deyəndə ki, bu torpaqlar məndən sonra sənindir. Dostun Rüstəmin belə bağ-bağatı sənindir.

Oğlum dediyim sözlərdən haqsızlığa dözməyən adamlar kimi qəzəbləndi: - Necə ola bilər ,dədə? Rüstəmin bağ-bağatı dədə-babasından qalıbdır.

Təmkinimi pozmadım: - Dədə-babasına da o torpaqları mən vermişəm. Mən Hakim kişi. Onlar hələ də mənə olan borclarını qaytarmayıblar.

Oğlum inadkarlıq edirdi: - Düz gəlmir axı, dədə.Babalarının vaxtında sən ya yoxuydun, ya da ki...
Əsəbdən cümləsini tamamlamağa icazə vermədim: - Kef-damaq başını necə pozubsa, sözümün canını tuta bilmirsən. Görünür gedəndə ruhum narahat olacaq, gözlərim çətin yumulacaq. Biraz ayıq ol, diribaş ol. Hər şeyi öyrənməyə maraq göstər. Dostlarının zəif tərəflərini öyrən.
Oğlum başını yelləyir: - Yazıq dostlarım! Borc pulu da məndən alırlar. Quru torpaqdan başqa heç nələri yoxdur.


Oğlum; - Hakimin oğluna neyləyə bilərlər? Camaatın gözünün odunu necə almısansa... Obada ağıllı-başlı məktəb də yoxdur, uşaqları getsin. Uzaqda oxuyan bir mən, bir də qardaşının qızı oldu. Bacılarının uşaqlarına da imkan vermədin, bizim kimi oxuyub qabağa gedələr. Nə var, nə var, bizim qandan deyillər.
Aydın idi. Boş söhbətlərlə oğluma heç nə anlada bilməyəcəkdim. Əməldə göstərmək lazım idi. Geri qayıtmaq üçün atın boynunu iplə geri döndərdim. Oğlum da mənimlə birgə döndərdi. Əli tüfəngli adamlarımı işarə etdim: - Elə bilirsən, ikimizi də ürəyimizdən vura bilməzlər? Ürəklərində qorxu olmasa, səni gözümün qabağında öldürərlər, ürəyimə dağ çəkərlər.

  • Səndən dostlarım da qorxurlar – Oğlum dediklərinə görə utanırdı, başını aşağı saldı.

Oğlumdan gözlərimə baxmasını istədim: - Qorxduqları üçün səninlə dostdular. Darıxma, məndən sonra səndən də qorxacaqlar.

Oğlum: - Mən başqa cür istəyərdim, dədə. Dostlarım məni doğrudan çox istəsinlər, ən pis günümdə yanımda olsunlar, xoş günümə ürəkdən sevinsinlər. Tanıdığım yüngül qadınlar da onlar məndən boylu-buxunlu olduqları halda məni seçirlər. Hər şeyi yaxşı görürəm. Sənin oğlun olmasaydım, dünyanın əxlaqsız qadını da üzümə baxmazdı. Sabah obanın ən gözəl qızına elçi gedək, yox deyə bilməzlər. Mən bunu bilirəm. Sənin kimi ola bilməyəcəm, dədə.


Oğlum təcrübəsiz olduğu üçün belə danışırdı: - Oğul ataya oxşayar. Məndən də güclü olacaqsan.
Qısa dialoqdan hiss etdim, oğlum gücümün altında əzilirdi. Qarşıma məqsəd qoymuşdum: oğlumun beyninə, qəlbinə ömürlük həkk eləməliyəm – Bir az qəddarlıq, bir az hiyləgərlik..Buralar ona məzar olmasın, yaşayaraq ölümü hiss etməsin. Yoxsa tarixdə görünməmiş hadisə baş verər; sümüklərim goumda şüşə qədər çilik-çilik olar. Mərhəmətsizlik məndən oğluma miras qalmalıdır. Ondan oğluna, oğlundan oğluna, beləcə, yeddi nəsilə adımızın yaşaması üçün, sərvətimizin, gücümüzün qorunması üçün qəddarlıq miras qalmalıdır. Zülümkarlıq, hiyləgərlik məharət tələb edir. İçində sonsuz paxıllıq varsa, saydıqlarımın ustası olmalısan. Bir də...Qorxu... Mən Hakimi qələbəyə aparan qorxu...

Oğlumla tövləyə girəndə adamıma işarə etdim ki, çıxsın. Mənə yüngül baş əyib çıxdı. Üç həftə əvvəl təzə doğulmuş – biri ağ, biri qara rəngdə olan buzovların ortasına keçdim. Oğluma baxdım, əlimlə buzovları sığallaya-sığallaya; - Bugün ikisinin də qayğıya ehtiyacı var. Anaları süd verməsə, kimə gəldi möhtac olarlar. Səni bura gətirməkdə məqsədim öyrətməkdi. Qara buzovu sənə tapşırıram, ağ buzovu özümə götürəcəm. Altı aydan sonra görək kimin buzovu sahibini tanıyacaq!...

Oğlum başını tərpətdi, “hə” işarəsiylə dediklərimlə razı olduğunu bildirdi. Oğluma yaxınlaşdım. Əllərimlə onun başını tutdum, alnımı alnında birləşdirdim.


  • Bu aramızda sirr olacaq. Düşmənlərinin yanında ağzından qaçırma.

Oğlumun qaşları alnının ortasında düyün yaratdı: - Mənim düşmənlərim yoxdur, dədə.

Cavabım uzun olmadı: - Dostun ən təhlükəli düşmənindir- dedim. Susdu...


Altı ay ərzində qara buzov anasından süd əmdi, anasıyla yaylaqlara getdi, ən yaxşı otları yedi, istədiyi qədər su içdi. Oğlum buzova ana övladına baxan kimi baxırdı. Hər şeyi sakitcə izləyirdim, susurdum.

Payız fəsli idi. Uzaq bir diyardan dili dilimizdən, dini dinimizdən qonaqlarım gəlmişdi. Yuxarılardan tapşırmışdılar deyə, üzümə üz taxıb qulluqlarında durmalı, işimin xatiri üçün hər cür əziyyətə qatlaşmalı idim. Necə deyərlər erməniyə dayı deməliydim ki, böyüklərimin xoşuna gələm.

Biz qafqazlılardan fərqli rəngləri, geyimləri vardı bunların. Tərcüməçilər vasitəsiylə dil tapırdıq. Bizdən nə sayaq hörmət-izzət gördülərsə, on beş gündən artıq qonaq qaldılar.

Hər cür naz-nemət vermişdim ki, gedib orda-burda tərifləsinlər məni. Tək biri qalmışdı, istədim onu axıra saxlayım, görsünlər, bu vaxtacan yedikləri təamlar onun yanında heç nədir.

İndi qalırdı bu təamın nə demək olduğunu onlara başa salmaq. Özüm əvvəldən məlumat vermədim, qoy sürpriz olsun. Məxləz, iri nimçələrdə azı on qoçun qoşa-qoşa ağ ətlərin kababı süfrəyə gələndə xoş ətirdən hamısı hayıl-mayıl oldu. Sonra dəvə nalbəndə baxan kimi gah nimçədə hələ də cızıldayan tikələrə, gah da mənə baxırdılar. Yəni demək istəyirdilər, bu qədər çeşidli, dadlı yeməklərdən sonra bu nə olan şeydir, pəhə-pəhnən axıra saxlamısan?

Həm onların, həm də mənim özümün kefli olduğumdan istədim bunlarla zarafat edim. Qayıtdım; nə durmusunuz, “ kabab qanlı, igid canlı ” deyiblər.Dünyanın harasına gedirsinizsə gedin, bu menyunu görməzsiniz. Bişirsələr də, biz bilən üsulla bişirənməzlər. Yeyin, nuş olsun.

Sonra tərcüməçiyə dedim; Söylədiklərimi onlara yetirsin.

Qonaqların başçısı birinci əlini nimçəyə uzadıb babat bir tikəni üfürdü, ağzına dürtdü. Üz cizgilərindən bilindi ki, hədsiz ləzzət alır. Sonra tərcüməçidən soruşdu; - Başa salın görək bu qoyunun harasıdır, belə ləzzətli tam verir?

Tərcüməçi üzünü mənə çevirəndə dedim hə, indi zarafatın dəmidir.

Gözümü qonağın şişman qarnını sıxan kəmərin bir qarış aşağısına zillədim, bic-bic güldüm – yəni qoçun orasındandı. Özü də bunu yeyən kişilərin daha qabağında dayanılası deyil. Deməyimə bəndmiş kimi qonaqlar nimçəyə necə daraşdılarsa, bir dəqiqənin içində boşaldı. Yediyindən dərin məmnunluq duyan nümayəndə heyətinin başçısı baş barmağını mənə göstərdi – yəni “əla, sağ ol”

Amma him-cimindən onu da tutdum ki, bundan yenə olsaydı “ yox” deməzdik.

Mənə də elə bu lazım idi. Gözlərimlə oğlumu gəzdim. Kənarda somovar çayı hazırlayırdı. Yanıma çağırdım, başa saldım; bugün ona keçdiyim dərslərin nəticəsini görməyin məqamı yetişib.

Bundan sonra nə edəcəyini onun qulağına pıçıldadıb. Qonaqların başçısı deyəsən məsələnin nə yerdə olduğunu duymuşdu. Başıyla oğlumdan soruşdu; Xoşagəlməz nə isə var?

Oğlum ona tərəf baxdı, gülümsədi:



  • Siz olan yerdə xoşagəlməz nə ola bilər? Rahat əyləşin, biz indicə qayıdacağıq. Özünüzü evinizdəki kimi hiss edin – dedi.

Tərcüməçi deyilənləri tərcümə etdikdə qonaqlar razılıqla başlarını tərpətdilər.

Ata-oğul qızıl rəngi almış ağacların yanından keçdik. Ağaclardan tökülən saralmış yarpaqları tapdalaya-tapdalaya oğlumun aylardır üstündə əsdiyi qara buzovun tövləsinə girdik.

Buzovda buzovluq qalmamışdı. Gərək indilərdə dana olaydı, o qədər harın bəsləmişdilər ki, cöngəyə daha çox oxşayırdı. Ona necə baxmışdılarsa, yerindən tərpətmək müşkül məsələydi...

Oğluma danaya yaxınlaşmasını tapşırdım. İki addımlığında dananın nəriltisi tövləni az qala sirkələyirdi. Oğlum qorxdu. Belə olacağını əvvəlcədən bilirdim. Tövlənin qapısını açdım: - Əmr ver, sabah başını kəssinlər, dilini də özün ye.


Oğlum məyus olmuşdu. Ağ buzovun saxlandığı tövləyə girdik. Oğlum dananı görəndə təəccübləndi. Altı ay keçdiyinə görə dana dedim. Elə arıqlamışdı ki, elə bil, sümüklərini dərisinə güclə keçirmişdilər. Danaya yaxınlaşdım, əlimi uzatmağımla dananın burnunu qabağa verib, bir addım mənə tərəf gəlməyi bir oldu. Sonra iylədi, əlimi yaladı. Oğlumun gözlərinə baxdım. Heyrət içindəydi, gördüklərinin təsirindən çıxa bilmirdi; - Deməyə söz tapmıram. Mən ona göz bəbəyim kimi baxırdım. Heç yaxına buraxmadı. Bilmirəm nə deyim, dədə.
Digər əlimlə sakitləşməsini tapşırdım: - Mən isə, birinci anasından ayırdım. Köməksiz, dayağsız qoydum. Zaman keçdikcə unuduldu. Gündə bir dəfə mədəsinin yarısı doyanacan ot verildi. Doyunca su içə bilmədi. Əsas məsələ, altı ay gün işığına həsrət qaldı. Gecə ulduzları, ayı görmürdü.

Oğlum əlləriylə üzünü tutdu: - İndi bildim, bu oba niyə səndən qorxur, dədə.


Oğluma yaxınlaşdım. Qarşısına keçdim: - Səndə onlardan qorxmalısan. Qorx ki, qalib ola biləsən. Gözlərimin içinə diqqətlə bax, dediklərimi yaddaşına yaz. Ola bilsin, sənin kimi savadım yoxdur,dil bilmirəm. Amma dediklərimi heç bir müəllim sənə öyrətməyəcək, oğlum. Həyat məktəbi keçmişəm, neçə dəfə ölümlə burun-buruna gəlmişəm. Yadında saxla, qorxmaq qorxutmaqdan iki dəfə yaxşıdır. İtirməmək, uduzmamaq qorxusuyla ən alçaq hiylələri axtarıb tapacaqsan. Məhv etmək hissin güclənəcək, qorxa-qorxa səndən iki dəfə güclü olanların zəif tərəflərini biləcəksən. Onları onunla vuracaqsan.

Oğluma məsləhət verdikcə həyəcanım artırdı, öz canımdan, öz qanımdan idi. İnsan olaraq yeganə səmimi olduğum varlıq idi. Oğluma yumruğumu göstərdim: - Düşmənlərimin bir axmaq tərəfi vardı. Məni özlərindən zəif bilirdilər, qorxmurdular. Ona görə də, onlar məni qurd edib, canavar kimi öldülər. Bicliklə, alçaqcasına da olsa, onlara qalib gəldim.


Gözümün birindən bir damla yaş yanağımacan süzüldü. Oğlum məni qəfildən qucaqladı. Qucaqlamaqla qınamadığını, indiyəcək etdiklərimə haqq qazandırdı. Axırıncı dəfə yadımda deyil, oğlumu nə vaxt qucaqlamışam. Onu bərk qucaqladım. Kövrəlmişdim, danışmağa taqətim yoxuydu... Oğlumun gözlərinə baxdım. Gözlərində oyanan iblisin qığılcımlarını gördüm....

Oğlumla qonaqların yanına qayıtdıq. Tərcüməçi mənə yaxınlaşdı.



  • Bəy, qonaqlar o ətdən yenə istəyirlər.

Oğlumun üzünə baxdım: - Yaman.

Yaman əllərini belində çarpazlaşdırdı. Bəy kimi özünü apardı: - Get tapşır ki, əlli qoç da kəssinlər.

Tərcüməçi üzünü mənə tutdu:- Bəy, axı duayla qoçların kəsilməsi gec olacaq.

Oğlum məndən əvvəl dilləndi: - A kişi, qoçun qoşa ağ ətinə nə dua? De ki, Yaman bəyin əmridir. Əvvəlcə o yerləri kəsilsin, sonra dua ilə başları . Birdə, sabaha o qara dananı da kəssinlər.

Tərcüməçinin gözləri heyrətdən bərələ qalmışdı: - Necə yəni bəy?

Bu dəfə özüm dillənməli oldum: - Yaman bəyin əmrini yerinə yetirin.

Tərcüməçi; – Baş üstə bəy- dedi, yanımızdan ayrıldı.

Oğlum mənim qanımdan olduğunu sübut elədi, iblisə qəlbində yer ayırdı...



Şəfaqət Cavanşirli
Yüklə 40 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə