Ceyhun Əzizov



Yüklə 23,81 Kb.
tarix26.09.2017
ölçüsü23,81 Kb.
#2162

Azərbaycan Respublikasının cinayət hüququnda özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyətinin hüquqi-tarixi tədqiqi
Ceyhun Əzizov,

BDU-nun Cinayət hüququ və

кriminоlogiya kafedrasının magistrantı
Azərbaycan Respublikasının 1999-cu ildə qəbul edilmiş CM-də özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyəti 125-ci maddədə müəyyən olunmuşdur. Lakin, bu cinayət növü Azərbaycan cinayət qanunvericiliyi üçün yenilik olmamış, belə ki, 1922-ci, 1927-ci və 1960-cı illərdə qəbul edilmiş CM-də də özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyəti öz əksini tapmışdır. Təbii ki, hər bir cinayət qanununda bu cinayətin tərkib elementləri (əsasən obyektiv cəhəti xarakterizə edən) və məsuliyyət məsələləri bir qədər fərqlənirdi.

1922-ci il CM-in 148-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan və yaxud öz hərəkətlərini anlamaq, həyata keçirməyə qadir olmayan şəxsi onun özünü öldürməyə hər hansı kömək və ya sövq etməsi cinayət məsuliyyətinə səbəb olurdu. Bu maddənin sanksiyası bu cinayətə görə üç ilədək azadlıqdan məhrum etmə cəzasını müəyyən edirdi [10, s.53]. Beləliklə də, bu cinayətin obyektiv cəhəti özünü öldürməyə yalnız kömək və ya sövq etmə hərəkətlərini daxil edirdi [6, s.66]. Zərərçəkmişlərin dairəsi də məhdudlaşdırılmışdır: qanunvericilik yalnız yetkinlik yaşına çatmayanların və ya törətdikləri əməlin xüsusiyyətlərini və ya əhəmiyyətini dərk etməyə və ya öz hərəkətlərinə rəhbərlik etməyə qadir olmayan şəxslərin barəsində belə hərəkətləri cinayət hesab edirdi [7, s.55].

1927-ci il CM-in 178-ci maddəsində özünü öldürmə həddinə çatdırma cinayətinin əlamətləri öncə qəbul edilmiş məcəllədən bir qədər fərqli göstərilmişdir. 178-ci maddənin 1-ci hissəsinə görə, «başqa bir şəxsdən maddi və ya başqa cəhətdən asılı olan bir şəxs ilə amansız rəftar etməklə və ya bu kimi yollarla onu öz-özünü öldürmək və ya öldürməyə qəsd etmək dərəcəsinə çatdırmaq» cinayət sayılırdı və bu cinayət beş illik müddətə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı [1, s.102]. 1936-cı ildə 178-ci maddəyə 2-ci hissə əlavə olunmuşdur: “öz-özünü öldürmək və ya öldürməyə qəsd etmək” özünü yandırmaq üsulu ilə baş verirdisə bu ağırlaşdırıcı hal kimi qiymətləndirilirdi və təqsirkar on ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı. Qeyd edək ki, həm keçmişdə, həm də indiki zamanda özünü öldürmənin bu üsuluna əsasən qadınlar əl atırlar. Belə ki, qadınlar öz həyatlarına qəsd etmənin bu üsulunu seçməklə bir növ ailədə zorakılığa, amansız rəftara məruz qaldıqlarına ictimaiyyətin fikrini cəlb etmək istəyirlər.

1927-ci il CM-in 178-ci maddəsinin 3-cü hissəsi 1922-ci il CM-nin 148-ci maddəsinə oxşar idi. Belə ki, “yaşadolmamış şəxsi, ya elədiyin işin mahiyyəti və xassəsini anlamağa və ya öz əməllərinə rəhbərlik etməyə iqtidarı olmayan şəxsi öz-özünü öldürməyə təhrik və ya kömək etmək, bu hərəkətlər nəticəsində həmən şəxs öz-özünü öldürərsə və ya öldürməyə qəsd” etmiş olarsa, üç illik müddətə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı [ 1, s.102].

1922-ci il CM-dən fərqli olaraq 1927-ci il CM-si zərərçəkmiş şəxs qismində istənilən bir şəxsin olması ehtimalını və eyni zamanda zərərçəkmişin təqsirkardan maddi və ya başqa cəhətdən asılılığını, bundan başqa şəxsin öz-özünü öldürməyə cəhdi də tərkibin obyektiv cəhətinə daxil etmişdir. 1927-ci il CM-sini öncə və ondan sonra qəbul edilən cinayət məcəllərindən fərqləndirən cəhətdən biri də odur ki, 1927-ci il CM-də zərərçəkmiş şəxsin özünü məhz yandıraraq özünə qəsd etməsi ağırlaşdırıcı hal kimi göstərilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, məhz 1927-ci il CM-də bu cinayətə görə məsuliyyətin diferensiasiyasına daha yüksək dərəcədə riayət olunmuşdur.

1960-cı il CM-nin 100-cü maddəsinə görə, təqsirli şəxsdən maddi və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə və ya onun şəxsi ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə dərəcəsinə və ya özünü öldürməyə sui-qəsd dərəcəsinə çatdırma yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı [2, s.75]. Bu maddənin 2-ci hissəsinə görə isə eyni hərəkətlər təqsirli şəxsdən heç bir asılılığı olmayan şəxs barəsində edildikdə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Beləliklə, 1960-cı il cinayət qanunvericiliyi təqsirli şəxsdən heç bir asılılığı olmayan şəxsin özünü öldürmə dərəcəsinə və ya özünü öldürməyə sui-qəsd dərəcəsinə çatdırılmasını da cinayət kimi qeyd etmişdir. Qeyd edək ki, bu maddənin 2-ci hissəsində göstərilən əməl Azərbaycan cinayət qanunvericiliyi tarixində ilk və son olaraq cinayət məsuliyyəti yaradırdı.

Qüvvədə olan 1999-cu il CM-də özünü öldürmə həddinə çatdırma cinayəti əvvəlki Məcəllələrdə olduğu kimi şəxsiyyət əleyhinə olan cinayətlərin sisteminə daxil edilmişdir. 1999-cu il CM-in 125-ci maddəsinə görə “təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırma üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” [3, s.110]. Bu cinayətin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrumetməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar, amansız hərəkətlər etməsi ilə xarakterizə olunur [4, s.286]. Bu cinayətin obyekti başqa şəxsin həyatı, obyektiv cəhəti isə təqsirkardan maddi, xidməti və ya sair asılılığı olan zərərçəkmiş şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hərəkətlərində ifadə olunur. Bu cinayət maddi tərkiblidir və zərərçəkmiş şəxsin özünə qəsd edildiyi vaxtdan və yaxud özünə sui-qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir.

Müasir cinayət hüquq elmində baxılan cinayətin subyektiv cəhəti barədə fikir müxtəlifliyi vardır. Belə ki, bir qrup alimlər bu cinayətin birbaşa qəsdlə, o biri qrup alimlər yalnız dolayı qəsdlə [4, s. 286], digər bir qrup isə həm birbaşa həm də dolayı qəsdlə həyata keçirildiyini göstərirlər [9, с.338]. Hüquq ədəbiyyatında hətta bu cinayətin həm ehtiyatsızlıqla, həm də dolayı qəsdlə də ifadə olunması qeyd edilmişdir [5, s.107; 7, s.56]. Bizim fikrimizcə isə bu cinayətin subyektiv cəhəti yalnız birbaşa və ya dolayı qəsdlə ifadə oluna bilər. Özünü öldürmə həddinə çatdırma cinayətinin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Bu cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir [ 8, s. 204].

Beləliklə də, Azərbaycanda müxtəlif vaxtlarda qüvvədə olan bütün cinayət qanunlarında özünü öldürmə həddinə çatdırma cinayəti fərqli tərkib əlamətləri və ağırlaşdırıcı halları ilə də olsa belə həmişə cinayət hesab edilmişdir. Fikrimizcə, bu cinayətin qüvvədə olan 1999-cu il CM-nin 125-ci maddəsində göstərilən tərkibi bugünkü Azərbaycan reallığı üçün daha mükəmməl və məqsədəuyğun hesab edilə bilər. Misal üçün, qüvvədə olan RF-nın 1996-cı il CM-də zərərçəkmiş şəxsin təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmasının cinayət tərkibinin zəruri əlaməti kimi nəzərə alınmaması bu cinayətin dairəsinin genişləndirilməsinə səbəb olur və bu hal məqbul sayıla bilməz.[11, с.48].

İstifadə edilmiş ədəbiyyat siyahısı:


1. 1927-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi (1944-cü il fevralın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Rəsmi nəşriyyat. Bakı: Azərnəşr, 1945, 220 s.

2. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi (1998-ci il oktyabrın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 1998, 192 s.

3. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsi (2009-cu ilin 1 yanvarınadək olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 2009, 419 s.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası / F.Y.Səməndərovun ümumi redaktəsi ilə. Bakı: Diqesta, 2007, 959 s.

5. Əfəndiyev E.M. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin şərhi. Xüsussi hissə. Бакы: Hüquq ədəbiyyatı, 2001, 920 s.

6. Quliyev R.İ., İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Qanun, 2004, 816 s.

7. İmanlı M.N. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Zərdabi, 2009 , 656 s.

8. Səmədova Ş.T. Cinayətlərin kateqoriyaları. Bakı: Adiloğlu, 2007, 310 s.

9. Комментарий к УК Российской Федераций / Под общ. ред. А.А.Чекалина. М.: Юрайт, 2006, 1228 ст.

10. УК Азербайджанской ССР 1922г. Баку: Наркомюст, 1927, 132 с.



11. УК Российской Федерации 1996г. М.: Проспект, 2005, 192 с.
Yüklə 23,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə