Xəbər bülleteni №27


Manatın kursu ən yüksək səviyyəyə qalxıb



Yüklə 472,92 Kb.
səhifə16/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

Manatın kursu ən yüksək səviyyəyə qalxıb


31.03.2016

amb 1Azərbaycan manatının rəsmi kursu üzən məzənnə rejiminin tətbiqindən bəri ən yüksək səviyyəyə qalxıb. Mərkəzi Bank martın 31-də 1 ABŞ dollarına 1,5421 manat qiymət qoyub (Məzənnələr). Ötən gün rəsmi məzənnə 1,5586 manat idi.

Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Həmin gündən sonra kurs artan xətlə gedib, bəzən düşmələr qeydə alınıb, amma dollar heç zaman 1 manat 55 qəpikdən aşağı qiymətə təklif olunmayıb.


Azərbaycan nefti 1,15 dollar bahalaşıb


31.03.2016

neft 1Dünya birjalarında neftin qiyməti martın 31-i müxtəlif istiqamətlərdə dəyişib. AZƏRTAC-ın məlumatına görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 75 sent ucuzlaşaraq 37,85 dollara düşüb. Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barreli 30 sent bahalaşaraq 39,61 dollara qalxıb.

“AzəriLayt” markalı neftin bir barreli 1,15 dollar bahalaşma ilə 41,41 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 16 dollar 41 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Transparency.az bildirir ki, “AzəriLayt”ın bir barreli iki il öncə eyni gündə 109,64 dollara, bir il öncə isə 57,27 dollara idi.

Apreldə 31 dərəcəyədək isti proqnozlaşdırılır


31.03.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayına olan hava proqnozunu açıqlayıb. Orta aylıq temperatur bölgələr üzrə belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 11-14 dərəcə isti (bəzi günlərdə 22-26 dərəcə isti, ayın sonunda 29 dərəcəyədək yüksələcək);

Naxçıvan Muxtar Respublikasında 12-16 dərəcə isti (bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 8-12 dərəcə isti (bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 12-16 dərəcə isti (bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 11-15 dərəcə isti (bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 14-17 dərəcə isti (bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 10-14 dərəcə isti (bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək).

Vyetnam parlamentinə ilk dəfə qadın rəhbərlik edəcək


31.03.2016

nquen 1
Vyetnam parlamentinə ilk dəfə qadın rəhbərlik edəcək. Novator.az xəbər verir ki, deputatların 95,5%-nin səsini qazanan Vyetnam Kommunist Partiyasının yüksək rəsmisi Nquen Txi Kim Nqan parlamentin sədri seçilib.

61 yaşlı Nquen Txi Kim Nqan son 5 ildə parlament sədrinin müavini vəzifəsini tutub. O, əvvəllər Maliyyə Nazirliyi sistemində işləyib. 2016-cı ilin yanvarında Nquen Txi Kim Nqan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilib.


Nardaranda Abşeron küçəsi necə yenilənib?


31.03.2016

yol 1
“Azəravtoyol” ASC Bakının Nardaran qəsəbəsində Abşeron küçəsinin yenidən qurulması işlərini yekunlaşdırıb. ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, küçənin uzunluğu 2,2 kilometr, eni 8 metr olub, indi genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 metrə çatdırılıb. Bunun üçün küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə kompensasiya ödənilib.

Küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri (qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, Nəsrulla Əsgərov küçəsi ilə kəsişmədə 10 metr diametrində yeni dairə inşa edilib.

Prezidentin martın 2-də verdiyi sərəncamla Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işləri üçün dövlət büdcəsindən 17,4 milyon manat vəsait ayrılıb.


Əmlak Məsələləri Dövlət Komitəsi təmənnasız hüquqi yardımlara başlayıb


31.03.2016

emlak komitesi
Əmlak Məsələləri Dövlət Komitəsi əhaliyə geniş hüquqi məsləhət xidmətləri göstərməyə başlayıb. Qurumun yaydığı məlumata görə, vətəndaşlar, mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı əməliyyat aparmazdan öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız göstərilən hüquqi yardımlardan faydalana bilər. Məqsəd vətəndaşları daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və proseduralar haqda maarifləndirməkdir.

Xidmət vətəndaşların əmlak qeydiyyatı, alğı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərinin artırılmasını təmin edir: “İstənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edib öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallarını ünvanlaya bilər. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bu istiqamətdə müvafiq məsləhətlərini verir və zəruri hüquqi yardım göstərirlər. Müraciət edən şəxslərə tələb olunan sənədlərin siyahısı ilə yanaşı həmin sənədləri hansı qurumların verdiyi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları da izah edilir”.


55 partiyadan 44-ü MSK-ya maliyyə hesabatı verib


31.03.2016

msk_1_2Aprelin 1-də siyasi partiyaların 2015-ci illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün nəzərdə tutulmuş müddət başa çatır. MSK sədrinin müavini Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, martın 31-nə qədər 55 rəsmi siyasi partiyadan 44-ü MSK-ya hesabat təqdim edib.

Natiq Məmmədov deyib ki, keçən illə müqayisədə siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində irəliləyiş hiss olunur: “2015-ci illə müqayisə etsək, siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində 90 faizə qədər irəliləyiş var. Təşkilatçılıq, tərtib etmə baxımından açıq irəliləyişlər hiss olunur. MSK-nın təşkil etdiyi seminarlar, maarifləndirmə xarakterli tədbirlər öz nəticələrini verir”.

2014-cü ildə Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

Partiyaların gəlir-çıxarı


31.03.2016

Transparency.az daha bir neçə partiyanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatına nəzər salıb.

Böyük Quruluş Partiyası hesabatında 2015-ci ildə 106 min 300 manat gəliri olduğunu göstərib. Məbləğin 195 manatı üzvlük haqqından əldə olunub, qalan vəsait dövlət büdcəsinin payına düşüb. Partiya seçkidə iştiraka 51 min manatdan çox pul xərcləyib.

Dövlət büdcəsindən Milli Dirçəliş Hərəkatı Partiyasına 107 min manata yaxın vəsait ayrılıb. Partiya bu pulun 6 min manatdan çoxunu seçkiyə və ictimaiyyətlə əlaqəyə, 93 minə qədərini qurumun saxlanmasına sərf edib.

Müsavat Partiyasının gəlirləri üzvlük haqqından toplanıb: 7529 manat. Bu vəsait partiyanın saxlanmasına və informasiya təminatına xərclənib.

Milli İstiqlal Partiyası da ötən il gəlirlərini üzvlük haqqından əldə edib. Partiyanın gəlirləri 2252, xərcləri 3136 manata yaxın olub.

Sosial Demokrat, Vətəndaş Birliyi, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat partiyalarının MSK-ya təqdim etdiyi hesabatlarda ötən il gəlirlərinin və xərclərinin olmadığı göstərilib (Başqa partiyaların hesabatı).

“Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Martın 31-nə qədər 55 rəsmi siyasi partiyadan 44-ü MSK-ya hesabat təqdim edib.

Bəzi partiyaların maliyyə hesabatı MSK-nın saytında yerləşdirilib.

Naxçıvan hökuməti


31.03.2016

nmr - nk 1
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti necə formalaşır, kimə tabedir, onun hansı səlahiyyətləri var? Transparency.az bu suallara aydınlıq gətirmək üçün arayış hazırlayıb.

Naxçıvan Konstitusiyasına görə, Nazirlər Kabineti muxtar respublikada icra hakimiyyətini həyata keçirir. Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır, Ali Məclisə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

Hökumətin statusu bölgənin ana yasasında belə müəyyənləşib: Nazirlər Kabineti Azərbaycan Konstitusiyası, qanunları, Azərbaycan prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

Nazirlər Kabineti baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarətdir. Hökumətin tərkibini baş nazirin təklifi ilə Ali Məclis təsdiqləyir.

Naxçıvan Muxtar Respublikasının baş nazirini Azərbaycan Respublikasının prezidentinin təqdimatı əsasında Ali Məclis təyin edir.

Nazirlər Kabinetinin bu səlahiyyətləri var:

- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək;

- muxtar respublikanın büdcəsini icra etmək;

- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək;

- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin etmək;

- nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək;

- Azərbaycan Respublikası prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll etmək.

Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın Nazirlər Kabinetində təmsil edir.

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifələrinə təyinat üçün aşağı yaş həddi 25-dir.

Transparency.az bildirir ki, hazırda Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsini Əlövsət Baxşıyev tutur. 59 yaşlı Əlövsət Baxşıyev baş nazir vəzifəsinə 2000-ci ildə təyin olunub.

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Onun Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul etmək səlahiyyəti var.


Parlament prezidenti postundan azad etdi


31.03.2016

vyetnam 2
Vyetnam parlamentinin martın 31-də keçirilən iclasında ölkə prezidenti Çıonq Tan Şanq vəzifəsindən azad edilib.

Novator.az bildirir ki, səsvermədə iştirak edən 473 deputatdan 447-si Çıonq Tan Şanqın prezident postundan azad olunmasına tərəfdar çıxıb.

Prezidentin postundan azad edilməsindən bir neçə saat əvvəl parlament özünə yeni sədr seçib. Parlament sədri postunu Vyetnam Kommunist Partiyasının yüksək rəsmisi Nquen Txi Kim Nqan tutub. Onun prezident postuna irəli sürdüyü yeganə namizəd ictimai təhlükəsizlik naziri Çan Day Kuanqdır. Yeni prezidentin aprelin 2-də seçilməsi planlaşdırılıb. Həmin gün parlament baş naziri də seçəcək.

Uşaqların kompleks tibbi müayinəsi ilə bağlı rəsmi hesabat


31.03.2016

sehiyye-nÖtən il Azərbaycanda uşaqların 92%-i icbari dispanserizasiya (kompleks tibbi müayinə) tədbirlərinə cəlb olunub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, müayinələr nəticəsində uşaqların 5%-nə qədərində sağlamlığın pozulması riski və xəstəliklər aşkar edilib. Bunların əksəriyyəti tənəffüs yollarının xəstəlikləri, uşaqlıq dövründə rast gəlinən xəstəliklər və qurd invaziyaları olub.

Uşaqların icbari dispanserizasiyası üzrə keçirilən müayinələrdə həkim briqadasına pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və ehtiyac olduqda digər mütəxəssislər daxil olur. Tibbi müayinələr zamanı xəstəliklər və yaxud sağlamlığın pozulması riski aşkar edildikdə uşaqlar dispanser qeydiyyatına götürülür, müalicə-sağlamlıq tədbirlərinə cəlb olunurlar.

İcbari dispanserizasiya tədbirləri uşaq ambulatoriya klinik müəssisələrində, məktəblərdə, bağçalarda həyata keçirilir. Bölgələrdə uşaqları icbari dispanserizasiya tədbirlərinə cəlb etmək üçün səyyar həkim briqadaları təşkil olunur. Səhiyyə Nazirliyi icbari dispanserizasiya tədbirlərinin monitorinqi üçün mobil qruplar yaradıb. Qruplar ildə iki dəfə regionlarda icbari dispanserizasiya tədbirlərinin gedişinə nəzarət həyata keçirir.

Dispanserizasiya tədbirləri prezidentin 10 dekabr 2013-cü il sərəncamı ilə təsdiqlənən dövlət proqramı əsasında görülür. Müayinə Azərbaycanda 18 yaşına qədər əhalini, 2,6 milyondan çox uşağı əhatə edir. Yeni doğulan və 3 yaşına qədər olan uşaqlar ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb olunur. İcbari dispanserizasiya tədbirləri dövlət səhiyyə müəssisələrində dövlət vəsaiti hesabına həyata keçirilir.


Qiyməti dövlət qərarı ilə tənzimlənən xidmətlərin siyahısına əlavə olundu


31.03.2016

nk 1Nazirlər Kabineti qiyməti dövlətin qərarı ilə tənzimlənən malların, işlərin, xidmətlərin siyahısına dəyişiklik edib. Transparency.az xəbər verir ki, martın 31-də dərc olunmuş qərarla dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminallarında yükaşırma xidmətləri və dəniz limanında göstərilən digər xidmətlərin, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin qiymətlərini dövlət tənzimləyəcək.

Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir. Onun üzvləri maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfat, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri sədrlərinin müavinləridir.


Əkrəm Əylisliyə cinayət işi başlanıb


31.03.2016

ekrem eylisli
Yazıçı Əkrəm Əylisliyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bunu “Turan” agentliyinə yazıçının oğlu Nəcəf bildirib. Oğlu deyib ki, Əkrəm Əylisli Dövlət Sərhəd Xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsində 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Martın 30-u səhər Əkrəm Əylisli Venesiyada keçirilən beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün təyyarə ilə Azərbaycandan çıxmaq istəyib. Ancaq paytaxt Bakının hava limanında sərhədçilər onu, həmçinin böyük oğlu İlyası saxlayıblar. Əkrəm Əylisli Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsinə aparılıb. 15 saat saxlandıqdan sonra o, sərbəst buraxılıb.

Əkrəm Əylisli “Turan”a bildirib: “Sərhədçilər məni pasport nəzarətinə buraxmadılar, dedilər ki, çıxışıma qadağa qoyulub. Sonra gömrükçülər sərhəd xidməti işçilərinin iştirakı ilə məni və əl yükümü beş dəfə yoxladılar, cəmi səkkiz nəfər idi. Sonra məni polisə təhvil verdilər və axşama qədər orada qaldım”.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Əkrəm Əylisli gömrük əməkdaşları ilə münaqişə yaratdığına görə saxlanılıb.

“Sərhədçilərdən biri mənim əleyhimə ifadə verdi ki, guya mən qapalı, müşahidə kamerasının olmadığı yerdə onun sinəsindən vurmuşam və onda qançır əmələ gəlib” deyə yazıçı “Turan” agentliyinə açıqlamasında bildirib.

Əkrəm Əylisli qeyd edib ki, saxlandığı müddətdə xidmət əməkdaşları harasa telefonla zəng edərək nəyisə dəqiqləşdirməyə çalışıblar: “Bildirdilər ki, mən xalq düşməniyəm və məni dindirməyə çağıracaqlar”.

Əkrəm Əylisli hesab edir ki, hakimiyyət onu saxlamaqla Venesiyadakı ədəbiyyat festivalında iştirakının qarşısını almaq istəyib: “Mən “Hakimiyyət və yazıçı” şərti adı altında məruzə ilə çıxış etməliydim və mənim çıxışımı gözləyirdilər”.

Əkrəm Əylislinin APA-ya bildirdiyinə görə, martın 31-də oğlu İlyas ifadə vermək üçün polisə çağırılıb: “İfadəsi alındıqdan sonra ona deyiblər ki, mənim barəmdə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Mən bu ittihamı qəbul etmirəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.



3 il öncə Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi tənqidlərlə üzləşib, prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilib.
Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə