Xəbər bülleteni №27


kiloqrama qədər qızılın ölkədən çıxarılmasının qarşısı alınıb



Yüklə 472,92 Kb.
səhifə9/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

1 kiloqrama qədər qızılın ölkədən çıxarılmasının qarşısı alınıb


28.03.2016

dgk-yeni
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti 1 kiloqrama qədər qızılın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması cəhdi barədə məlumat yayıb. Qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşını Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları saxlayıb. Yoxlama zamanı həmin vətəndaşda ümumi çəkisi 941,33 qram olan qızıl məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


REAL-da yeni təyinatlar


28.03.2016

real 1Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılan eyniadlı partiyanın təşkilat komitəsinin iclası keçirilib. İclasda təşkilat komitəsinin sədri İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiq edilib. Azər Qasımlı ictimai-siyasi məsələlər, Natiq Cəfərli təşkilati məsələlər, Erkin Qədirli konseptual məsələlər, Xalid Bağırov isə hüquqi məsələlər üzrə katib təyin edilib.

2008-ci ildə təsis edilmiş REAL-a İlqar Məmmədov rəhbərlik edir.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

REAL-ın partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında yaradılıb.


Bu il Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 11 hərbi qulluqçu itirib


28.03.2016

2016-cı ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 11 hərbi qulluqçu itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə görə, itkilərin 7-si döyüş, 4-ü qeyri-döyüş itkisidir.

Silahlı Qüvvələrin 7 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olub. 1 hərbi qulluqçunun avtomobil qəzasında, 1 əsgərin xəstəlik nəticəsində, 1 nəfərin bədbəxt hadisədə dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində həyatını itirib.

Dünyasını dəyişənlərin 7-si əsgər, 2-si müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 2-si leytenant rütbəli zabit olub.

İtkilərin 10-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin payına düşür.

600 direktor yerinə 1700 nəfər iddia edir


28.03.2016

tn-bina
Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatını davam etdirir. Transparency.az bildirir ki, rəsmi məlumata görə, müsabiqədə iştirak üçün martın 18-dən başlanan elektron ərizə qeydiyyatı ayın 31-də bitəcək. Ümumi təhsil müəssisələrinə vakant direktor vəzifələrinin tutulması üçün 600 vakant yerə martın 28-nə qədər 1700 nəfər elektron ərizə ilə müraciət edib. Ərizəsi təsdiqlənən namizədlər üçün növbəti mərhələ apreldə olacaq.

Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı 4 mərhələdən ibarət müsabiqə keçirir.

Qaydalara əsasən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxsin direktor vəzifəsinin tutulması müsabiqəsində iştirak etmək imkanı var. Müsabiqədə iştirak etmək istəyən şəxs qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant direktor vəzifəsini seçə bilər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaq, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.


11 gündə siyasi məhbus siyahısında 17 azalma qeydə alınıb


28.03.2016

hebs 1Martın 28-də Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. Transparency.az bildirir ki, bununla hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısı yenidən dəyişir. İntiqam Əliyevin adı siyasi məhbus siyahısının hüquq müdafiəçiləri bölümündə yer alırdı. 93 nəfərin adı salınmış siyahıda son günlər 17 azalma qeydə alınıb.

Adı siyahının jurnalistlər və bloqçular bölümündə olmuş Rauf Mirqədirov martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxıb. 15 nəfər isə prezidentin martın 17-də imzaladığı əfv sərəncamı əsasında həbsdən buraxılıb. Siyahının jurnalistlər və bloqçular bölümündən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Ömər Məmmədov, hüquq müdafiəçiləri bölümündən Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, gənc fəallar bölümündən Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, müxalif siyasətçilər bölümündən Yadigar Sadıqov, digər işlər bölümündən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli əfvə düşüblər.


ABŞ və Avropa İttifaqı İntiqam Əliyevin azadlığa çıxmasını alqışlayıb


29.03.2016

intiqam eliyev 1ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasına münasibət bildirib. Azadliq.org-un məlumatına görə, departamentin sözçüsü Con Kirbi deyib ki, Birləşmiş Ştatlar Ali Məhkəmənin hüquqşünası şərti cəza ilə azad etməsini alqışlayır: “Daha öncə, martın 17-də 10-dan çox digər məhbus buraxılmışdı. Azərbaycan hökumətini fundamental azadlıqlardan istifadə etdiyinə görə həbsə atılmış digər şəxsləri də buraxmağa, buraxılanların hərəkət azadlığına məhdudiyyəti qaldırmağa çağırır, əlavə müsbət addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Mogerini İntiqam Əliyevin azad olunmasını müsbət irəliləyiş saydığını bəyan edib: “Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ay siyasi partiya, QHT və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir. Bu addımlar uzun müddətdir gözlənirdi. Avropa İttifaqı ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək. Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”. Xəbəri APA yayıb.

Martın 28-də Ali Məhkəmə Plenumunun qərarından bir neçə saat sonra hüquq müdafiəçisi İntiqam Əliyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.

2016-cı ildə baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib. Nəticədə İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə