Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
21 
 
Şəfa CƏBİYEVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
shafaajabiyeva@gmail.com 
 
 
BƏDİİ QƏHRƏMANIN ESTETİK 
OBYEKTİVLİYİ: DÜNƏN VƏ BU GÜN 
 
Açar  sözlər:  yeni  dövr,  yeni  qəhrəman  axtarışları,  bədii  qəhrəmanın  estetik 
bütövlüyü, ənənə və novatorluq 
Key  words:  new period, searches  for new character, the esthetic integrity of art 
character, tradition and novality 
 
Bədii ədəbiyyatda qəhrəman problemi əslində sırf ədəbi bir problem 
olaraq qalmır, bütövlükdə ədəbi meyili və cərəyanların mahiyyət səciyyəli 
xüsusiyyəti olmaqla, onun formalaşdığı ictimai mühitin xarakterini açıq-
layır.  Yəni  hər  bir  dövrün  ədəbi  qəhrəmanını  öyrənib  təhlil  etmək,  bu 
dövrün düşüncəsi, sosial psixologiyası, cəmiyyətdaxili münasibətlər siste-
mi ilə bağlı olan bir məsələdir. Dəyişən ictimai-mədəni mühit təbii olaraq
insan  barəsində  yeni  təsəvvürlər  və  baxışlar  sistemi  formalaşdırır,  bu  isə 
ədəbiyyatda qəhrəman probleminin hər dövrdə özünəməxsus şəkildə həl-
linə gətirib çıxarır. Lakin qəhrəmanın estetik obyektivliyi bütün dövrlərdə 
ədəbiyyatın başlıca dəyər və keyfiyyətlərindən biri olaraq qalır. 
M.Baxtin  “Müəllif  və  qəhrəman  estetik  fəaliyyətdə”  adlı  əsərində 
bədii  qəhrəmanın  estetik  obyektivliyi  barədə  belə  yazır:  “...Qəhrəmanla 
bağlı  hadisələrə  həyati  (idraki-etik)  maraq  müəllifin  bədii  marağı  ilə 
hopdurulur.  Bu  mənada  estetik  obyektivlik  idraki  və  etik  obyektivliyə 
nisbətən  başqa  istiqamətə  yönəlir:  bu  sonuncu  obyektivlik  –  verilmiş 
şəxsin və hadisənin hamı üçün əhəmiyyətli olan və yaxud belə qəbul olu-
nan,  hamı  üçün  əhəmiyyətli  olmağa,  etik  və  idraki  bütövlüyə  can  atan 
dəyərlər  baxımından  qərəzsiz  qiymətləndirilməsidir;  estetik  obyektivlik 
üçün  dəyər  mərkəzini  qəhrəmanın  bütövlüyü  və  ona  aid  olan  hadisələr 
təşkil edir, bütün etik və idraki dəyərlər buna tabe olmalıdır...” [1, s. 14-
15].  Baxtin  qəhrəmanın  estetik  obyektivliyi  dedikdə,  onun  (qəhrəmanın) 
bədii  təfəkkürdəki  obyektivliyini  nəzərdə  tutur.  Təbii  ki,  həyatı  bədii 
ifadənin sənətkar təxəyyülündəki bədii obyektivliklə tənasübü ən müxtəlif 
amillərdən asılıdır. Burada əsas məsələ odur ki, müəllifin bədii düşüncə-
sindəki  həqiqi  (“obyektiv”)  obrazlar  bədii  əsərdə  adekvat  ifadə  oluna 
bilsin;  Baxtinin  ifadəsi  ilə  desək,  müəllifin  bədii  əsərdə  qəhrəmanlara 
münasibəti bütövlükdə və axıracan açılmaq imkanı əldə etsin. 


______________________________________________________ Poetika.izm 
  
 
22 
Sovet dövründə “müsbət qəhrəman” problemi sovet ideologiyasının 
təzahürü  kimi  ortaya  atıldığından  və  həyatın  bütün  müsbət  təzahürləri 
“müsbət estetik idealın” ifadəçisi olan həmin “müsbət qəhrəman” obrazla-
rında  cəmləşdirildiyindən,  habelə  buna  rəğmən  “mənfi  tiplər”  tamamilə 
mənfi, insani hisslərdən məhrum, köhnəliyin təcəssümü kimi təsvir olun-
duğundan  insan  obrazları  bədii-estetik-psixoloji  meyarlarla  deyil,  siyasi 
meyarlarla  müəyyənləşdirilirdi.  Bu  isə,  Elçinin  qeyd  etdiyi  kimi,  nəticə 
etibarilə  ədəbiyyatda  müqəvva  “müsbət  qəhrəmanlar”  silsiləsinin  yaran-
masına  gətirib  çıxarırdı.  “Romanların,  pyeslərin,  hətta  poemaların  kon-
fliktlərini  “müsbət”  insanlarla  “mənfi”  insanların  sosioloji  mübarizələri 
təşkil  etdi  və  həmin  “mənfi”  –  “müsbət”  təsnifatını  bədii-etik-psixoloji 
meyarlar deyil, siyasi meyarlar müəyyənləşdirdi. Yəni hakim ideologiyanı 
təcəssüm  etdirən  surət  “müsbət”  idi  və  o,  “mənfi”  ola  bilməzdi,  bu 
ideologiyaya yad hərəkətlərə  yol verən isə heç vəchlə “müsbət” surət ola 
bilməzdi”  [2,  s.  37].  Bununla  belə,  60-cı  illərdən  etibarən  yeni  ədəbi 
nəsrin  nümayəndələri  (Anar,  Elçin,  Y.Səmədoğlu,  S.Əhmədov,  F.Kə-
rimzadə,  İ.Şıxlı,  V.Babanlı  və  b.)  öz  qəhrəmanlarını  heç  bir  “müstəs-
nalığı”  ilə  seçilməyən  adi,  sıravi  adamlar  arasında  axtarmağa,  onların 
həyat və düşüncələrini qələmə almağa başladılar. Yəni, yeni nəsrin qəhrə-
manları  adi  adamlardan ibarət  olduğundan, bu  ədəbi  cərəyanın  formalaş-
dırdığı  yeni  qəhrəman  konsepsiyasının  əsasında  məhz  hər  bir  insanın, 
fərdin, şəxsiyyətin özlüyündə dəyərliliyi,  əvəzedilməzliyi  və təkrarsızlığı 
ideyası, düşüncəsi durmağa başladı.  
Əslində,  bu  tendensiyanın  özü  Azərbaycan  ədəbiyyatında  yeni  de-
yildi.  Hansısa  müstəsna  xidmətləri  olan,  sosial  çəkisi  ilə  fərqlənən  mü-
bariz  şəxsiyyətlərin  deyil,  cəmiyyətin  sıravi  üzvlərinin  ön  plana  çıxarıl-
ması  meyli  dünya  ədəbiyyatında  çoxdan  təsbit  olunmuşdu.  Avropa  ədə-
biyyatı  artıq  bu  sahədə  böyük  təcrübəyə  malik  idi,  “psixoloji  nəsr”  üs-
lubunda böyük sənət nailiyyətləri qazanmışdı. Dünya ədəbiyyatı nəhəng-
lərindən O.Balzak, Q.Flober, L.Tolstoy, Qoqol kimi yazıçıların əsərlərin-
də  sıravi  qəhrəmanlardan  ibarət  zəngin  personajlar  mövcud  idi.  Klassik 
Azərbaycan  nəsrinin  də  insanın  daxili  aləmini  təsvir  sahəsində  müəyyən 
təcrübəsi  vardı.  Bu  sırada  C.Məmmədquluzadə,  Y.V.Çəmənzəminli, 
Ə.Haqverdiyev, N.Nərimanov, S.M.Qənizadə, S.S.Axundov, A.Şaiq və s. 
kimi  sənətkarların  yaratdıqları  sıravi  qəhrəman  obrazlarını  xatırlatmaq 
yetərlidir.  Yəni  “altmışıncılar”  qəhrəman  obrazı  yaradıcılığı  təcrübəsi  və 
ənənəsindən faydalanmaqla həyati gerçəkliyi bədii gerçəkliyə çevirməkdə 
çox  böyük  üstünlük  əldə  etmiş  oldular,  belə  ki,  qəhrəmanların,  bütöv-
lükdə  həyati  lövhələrin  sənətkar  təxəyyülündən  bədii  mətnə  adekvat  su-
rətdə  “verilməsi”,  “ötürülməsi”  qeyri-yaradıcı  faktorlardan  daha  artıq, 
bədii-estetik-psixoloji amillərdən asılı oldu.  


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə