Dəryadan bir damla1


Möhtəşəm İslam mədəniyyətinin məqsədləri



Yüklə 1,68 Mb.
səhifə12/20
tarix14.06.2018
ölçüsü1,68 Mb.
#49022
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Möhtəşəm İslam mədəniyyətinin məqsədləri


İslam meyarlarına uyğun olan ideal insan yetişdirmək

İslam mənəvi və əxlaqi bir məktəbdir. İslamın uca məqsədi İslam meyarlarına uyğun ideal insan yetişdirməkdən ibarətdir.572


Mənəviyyatlı elm

Biz İslam mədəniyyətində və bu mədəniyyətə sarı hərəkət edən müqəddəs İslam Respublikası quruluşunda elmi mənəviyyatla yanaşı inkişaf etdirməyi məqsəd seçmişik. Qərb dünyasının bizim mənəviyyatımıza həssas olması, dindarlığımıza təəssübkeşlik və ehkamçılıq adı qoyması, əxlaqi və insani əsaslara sevgimizi insan hüquqlarına qarşı çıxmaq adlandırması bu üsulların onların üsullarına zidd olduğuna görədir. Onlar elmi inkişaf etdirdilər. Sözsüz ki, bu, mühüm və böyük iş idi, lakin əxlaqdan və mənəviyyatdan uzaq idi. Ona görə də olanlar oldu. Biz istəyirik ki, elm əxlaqla birgə inkişaf etsin, universitet elm mərkəzi olduğu kimi, həm də din və mənəviyyat ocağı olsun. Universitet məzunları elmi hövzə məzunları kimi dindar olsunlar. Düşmənlər bunu bəyənmir, istəmirlər.573


Elmi və iqtisadi inkişaf

İslam mənəvi və əxlaqi bir hərəkət, İslamın uca məqsədi İslam meyarlarına uyğun ideal insan yetişdirməkdən ibarət olsa da, şübhəsiz, elmi və iqtisadi inkişaf da İslamın məqsədlərindəndir. Siz bilirsiniz ki, İslam dünyanın ən yoxsul və ən geriqalmış nöqtələrinin birində meydana çıxdı, amma hələ ömründən əlli il ötməmiş sivil dünyanın yarıdan çoxu İslam bayrağı altına keçdi. Bu mədəniyyətin ömründən hələ iki əsr ötməmiş böyük İslam dünyası müxtəlif elmlər, mədəni və iqtisadi inkişaflar baxımından bəşər mədəniyyətinin zirvəsinə yüksəldi. Bu yalnız İslam təlimləri sayəsində həyata keçdi. İslam bizə demir ki, mənəviyyata diqqət ayırıb məişəti yaddan çıxaraq. Biz İslam ümmətinin müstəqilliyi və başucalığı üçün bütün lazımi tədbirləri görməliyik. Ən mühüm tədbirlərdən biri də iqtisadiyyatdır. İslam dünyasının iqtisadi cəhətdən inkişafına çalışmaq, heç şübhəsiz, İslamın məqsəd seçdiyi işlərdəndir.574

İslam dövlətinin digər qəti vəzifəsi elm və biliyi inkişaf etdirməkdir. Çünki elmi inkişaf olmadan nəyəsə nail olmaq mümkün deyil. Azadfikirliliyi gücləndirmək də mühümdür. İnsanlar həqiqətən, azad bir mühitdə düşünə bilməlidirlər. Söz azadlığı fikir azadlığına tabedir. Fikir azadlığı olanda təbii ki, söz azadlığı da olur. Əsas fikir azadlığıdır. Yəni insanlar azad düşünə bilsinlər. Azad şərait olmadan inkişaf imkanı yaranmaz. Biz kəlam və fəlsəfə mövzularında nə qədər inkişaf etmişiksə, mübahisənin, araşdırmanın və müxalifin olduğuna görə etmişik. Bizim elmi arenaya iradımız həmişə bu olub ki, bir İslam dövləti kimi düşüncə döyüşündə öz missiyalarını yerinə yetirmirlər. Düşüncə döyüşü olmalıdır, lakin əməli cəhətdən, Sədi demiş, iti açıb daşı bağlamamalıyıq. Haqq əhlinin, haqlı düşüncə adamlarının əlindən silahı alıb, haqsızların əlini açıq qoyaq ki, gənclərimizin başına hansı bəlanı istəyirlər gətirsinlər?! Xeyr, o da danışsın, siz də danışın və cəmiyyətə düşüncə ötürün. Biz təcrübədən bilirik ki, haqq söz məntiqlə və lazımi gözəlliklə meydana çıxdıqda heç bir söz ona qarşı çıxa bilmir.575
Rifah və abadlıq

İlahi peyğəmbərlərin dəyərli təlimləri və Allah-Taalanın nurlu ayələri ilə bəşər üçün bəzənmiş dünya insana layiq dünyadır. Bu dünyada həm abadlıq, rifah, elm və sənaye inkişafı var, həm də siyasi iqtidar və mənəvi yüksəliş. Bu dünyada insanlar bir-birinin yanında təhlükəsizlik və əmin-amanlıq hiss edirlər. Lakin maddi sivilizasiyanın yaratdığı dünyada belə bir şey yoxdur. Maddi dünyada insanlar canavar kimi bir-birindən qorxurlar. İran xalqı özünə həm maddi, həm də mənəvi cəhətdən belə bir dünya qurmaqda israrlıdır. Bu isə uzunmüddətli bir mübarizədir.576


Axirətin xidmətində duran dünya

Siz görürsünüz ki, İslamda maddi quruculuq adamı olan şəxs həm də yaranmışların ən zahididir. Əmirəlmöminin öz əli ilə quyu qazdı, su dəvə boynu yoğunluğunda fantan vuranda quyudan çıxdı. Elə palçıqlı paltarı ilə quyunun yanında oturdu və yazdı ki, bu suyu yoxsullara vəqf etdim. Yəni maddi abadlıqla məşğul oldu və o saat da onu Allah yolunda ehsan etdi; ən çox ehsan edən, ən qurucu, ən çox maddi işlə çalışan və mənəvi cəhətdən ən üstün, ən uca. Bu, İslam tərbiyəsinin nəticəsi, İslamın maddi və mənəvi proqramının göstəricisidir.577

İslamın gözündə dünya axirətə keçid yeridir. İslam dünyanı inkar etmir, dünyəvi bəhrələri mənfur saymır, insanın həyatda bütün istedadları ilə çalışmasını istəyir. Amma bunların hamısı mənəvi inkişafın xidmətində durmalıdır ki, bu dünyada da həyat şirin olsun. Belə bir dünyada zülm, cəhalət və yırtıcılıq yoxdur. Bu, çətin işdir və ciddi çalışmağa ehtiyacı var. Peyğəmbər də ilk gündən bu işə başladı.578

Bu gün ölkənin yaxşılıq, haqq-ədalətin bərpası və mənəviyyata meyl ab-havasına ehtiyacı var. İslam quruluşu təkcə bununla kifayətlənmir ki, xalqın iqtisadi və maddi həyatını abadlaşdırsın. Bu onun qəti vəzifələrindən biridir, amma bunun yanında yaxşılığın, dini ruhun, İslam əxlaqının, qardaşlıq və səmimilik ruhunun bərqərar edilməsi, xalqın rəzillik və xarlıqla razılaşmasına mane olan başucalığı və istiqlaliyyət ruhunun dirçəldilməsi də İslam vəzifələrindəndir. Böyük İslam Peyğəmbəri hər oturub-durduğunda, onunla üzləşən hər bir insana təsir edir, insanları həm İslam quruluşunun bərpası sayəsində, həm də fərdi tərbiyə ilə dəyişdirirdi. İnsanın dəyişməsi isə dünyada mövcud olan ən əsaslı dəyişiklikdir.579

Biz həqiqətən, bütün vücudumuzla çalışmalı, cismimizdə və zehnimizdə olan bütün istedad və yaradıcılığı ölkənin idarəsinə və xalqın işlərinin İslama uyğunlaşdırılmasına sərf etməliyik. İslam həyatı mənəviyyata diqqət yetirib maddiyyata göz yuman deyil. Necə ki, maddiyyata diqqət yetirib amallara və mənəviyyata da göz yummur.

...Məsələnin o biri tərəfi də belədir. Yəni bu cəmiyyət yalnız mənəvi cəhətlərə baxıb elmdən xəbərsiz olsa, elmi tərəqqi, kəşf və yeniliklərdən, vətən övladlarının təhsilindən, həyatı bəşərin ehtiyaclarına uyğun şəklə salan kadrlar yetişdirməkdən uzaq olsa, yenə də başqa bir qanadı sınmış olar. Elə bilməyin ki, İslam hər şeyin mənəvi məsələlərdə inhisarının tərəfdarıdır və maddiyyata diqqət göstərmir. Xeyr, bu yayınma birinci yayınma qədər böyükdür. İslam dünyadan və həyatdan üz çevirməni çox aydın şəkildə rədd etmişdir.580

Bu ürəklər Allahın əlindədir. Xalqın rəğbəti, iştirakı, əzmkarlığı, iradəsi və həvəskarlığı Allahın bizə bəxş etdiyi böyük nemətlərdəndir. Bunlar üçün şükür etməliyik. Bu nemətin şükrü üçün xalqın məişətini yaxşılaşdırmağa və dinini gücləndirməyə maksimum çalışmalıyıq.581
Ədalətin gerçəkləşməsi və ədalətli cəmiyyətin qurulması

Daxili siyasətdə lazım olan işlərdən biri ictimai ədalətdir. İctimai ədalət təmin olunmadan bizim cəmiyyətimiz İslam cəmiyyəti olmayacaq. Əgər kimsə düzgün və geniş mənada ictimai ədalət olmadan hər hansı ilahi və həqiqi bir dinin həyata keçməsini mümkün saysa, səhv edir. Peyğəmbərlərin məqsədi ədalətin bərpasıdır: "İnsanlar ədalətli rəftar etsinlər".582 Ümumiyyətlə, peyğəmbərlər ədaləti bərpa etmək üçün gəlmişlər. Düzdür, ədalətin bərpası yolda bir mənzildir, son məqsəd deyil, lakin onların birinci işi ədaləti bərpa etmək, xalqı zalımların zülmündən qurtarmaq olmuşdur. İmam Mehdinin (ə) son dövrdəki dövlətinin məqsədi də ədalətdir.583


İslam mədəniyyətinə nail olmağın yolu

İslam dövləti qurulduqda İslam mədəniyyəti yaranır və bütün bəşəriyyəti əhatə edir. Bunların hamısı ehtiyatla və əməli təqva ilə baş tutacaq.584


İslam hərəkatı və inqilabı

Biz bu məqsədləri - ilahi amalların təbliğini və izlənməsini təmin edən quruluş və dövlət qurmaq istəyirik.

Bunun uzun və çətin prosesi var. Başlanğıcı İslam inqilabıdır. Əlbəttə, inqilab dedikdə məqsəd mütləq vurmaq, dağıtmaq, dava salmaq və bu kimi işlər deyil.

İnqilab zamanı yanlış təməllər uçurulur və yerinə düzgün təməllər qoyulur. Bu, birinci addımdır.585


İslam quruluşu

İnqilab gerçəkləşəndən dərhal sonra İslam quruluşu gerçəkləşir. İslam quruluşu - İslam layihəsinin və ümumi İslam formasının icrasıdır. Misal üçün, bizim ölkəmizdə avtoritar, monarxist, aristokrat və asılı sülalə hakimiyyəti, şah üsul-idarəsi devrildikdə yerinə dini quruluş, təqva quruluşu və seçkili xalq hakimiyyəti gəlir, konstitusiyanın müəyyən etdiyi şəkildə həyata keçir. İslam quruluşu budur.

Biz bir İslam quruluşunun layihəsini, əsasını hazırladıq. İndi əsas prinsipləri və hakimiyyətin mənşəyi bəlli olan bir İslam quruluşumuz var. Bilirik ki, məmurlar necə olmalıdırlar. Üç hakimiyyət orqanının vəzifələri müəyyən və məlumdur.586

Biz Allahla əhd bağlamışıq ki, İslamın, Quranın və müsəlmanların ucalıq yolu olan İmam Xomeyni yolunu davam etdirək. "Nə şərqçi, nə qərbçi" siyasəti, məzlum və məhrumları müdafiə, böyük İslam ümmətinin birliyini və hərəkətini qorumaq, dünya miqyasında müsəlmanların ixtilaf və parçalanma amillərinə üstün gəlmək, ideal İslam cəmiyyəti qurmağa çalışmaq, məhrum və yoxsul təbəqələri müdafiədə israrlı olmaq, ölkəni yenidən qurmaq üçün bütün vasitə və imkanlardan istifadə etmək bizim proqramlarımızın əsas xətləridir. Bütün bunlarda əsas məqsəd İslamı yenidən diriltmək, Quran dəyərlərinə qayıtmaqdır. Və biz bu məqsəddən bir tük qədər də geri çəkilməyəcəyik.587

Düşmən ajiotaj yaratmaqla və hiyləgər təbliğatla sizi İslam dövləti və İslam quruluşu adından çəkindirmək istəyir. Bəlkə də bəzi sadəlövhlər düşünürlər ki, Amerikada və Qərbdə qıcıq doğurmamaq üçün açıq danışıqlarda “İslam dövləti” sözündən çəkinmək lazımdır. Mənim tövsiyəm budur ki, belə xeyirsiz məsləhətlərdən ciddi çəkinsinlər. İslam quruluşunun, Quran və İslam hakimiyyətinin məqsədini əsla çəkinmədən açıq şəkildə, təkrar-təkrat və bütün şəraitlərdə deyin, müqəddəs İslam adını gizlətməklə düşməni tamahlandırmayın.588
İslam hökuməti

İslam quruluşundan sonra növbə həqiqi İslam hökumətinə, yaxud daha aydın desək, dövlət rəsmilərinin - yəni bizlərin rəftar və üsulunun İslama uyğunlaşmasına çatır. Bu, birinci mərhələdə olmur və çalışmaqla tədricən yaranmalıdır. Məmurlar və dövlət adamları özlərini bir İslam məmuruna aid qayda və şəraitlərlə uyğunlaşdırmalı, yaxud belə şəxslər iş başına gəlməli, əgər qüsurludurlarsa, özlərini o istiqamətdə təkmilləşdirməlidirlər. Bu, üçüncü mərhələdir: İslam hökumətinin yaranması. İslam quruluşu qurulub, indi gərək hökumət İslam hökuməti olsun; həm də təkcə nazirlər yox, hər üç hakimiyyət, dövlət məmurları, rəhbər və sair.589

İslam inqilabı və İslam quruluşundan daha çətin olan növbəti addım İslam hökuməti qurmaqdır; bütün dövlət qulluqçularının islamçılığı. Biz bu İslam quruluşu daxilində sözün əsl mənasında islamçı olmalıyıq. Bu, öncəki mərhələlərdən çətindir.590

İslam quruluşundan sonrakı mərhələ İslam hökumətidir. Biz bu yolda da çalışdıq. Mömin məmurlar, yaxşı nazirlər, deputatlar, imanlı prezidentlər biri o birindən sonra ölkənin idarəsini öhdələrinə götürdülər. Amma İran xalqının və onların böyük inqilabının məqsədlərini təmin edən İslam hökuməti elə bir hökumətdir ki, onda rüşvət, idarə fəsadı, qohumbazlıq, tənbəllik, xalqa etinasızlıq, aristokratlığıa meyl, ümumi büdcəyə diqqətsizlik olmasın və bir İslam dövlətində lazım olan xüsusiyyətlər olsun.591

İddia edə bilmərik ki, biz bir İslam hökumətiyik. Bizim çatışmazlığımız var. Biz özümüzü islah, tərbiyə etməli və inkişaf etdirməliyik. Əlbəttə, əgər işlərin başında Əmirəlmöminin kimi sözü, işi və rəftarı örnək olan məsum bir imam olsaydı, quruluşun məsul şəxslərinin işi asan olardı. Çünki o, ideal nüsxədir və hər bir şeyində hidayət var. Sizin belə bir şəxsiniz yoxdur ki, bu şəkildə ona baxasınız və sizə örnək olsun. Lakin meyarlar önümüzdədir və bu gün hamımızın üzərinə vəzifə düşür.592
İslam ölkəsi

Dördüncü mərhələ İslam ölkəsidir. Əgər hökumət sözün həqiqi mənasında İslam hökuməti olsa, o zaman ölkə həqiqi İslam ölkəsi olar, ədalət bərqərar edilər, ayrıseçkilik ortadan götürülər, yoxsulluğun kökü tədricən kəsilər, xalq həqiqi başucalığına nail olar, beynəlxalq münasibətlərdə mövqeyi yüksələr.593

Biz müsəlman xalqıq. Bu xalq möhkəm iradə ilə bu ölkədə öz iman və etiqadına uyğun bir quruluş qura bilmişdir. Bu quruluşun məqsədi nədir? Bu xalqın məqsədi nə idi? Məqsəd bu idi ki, ölkə bu quruluşla Allah-Taalanın mömin xalqlara söz verdiyi bütün yaxşı cəhətlərə, inkişafa, xeyir-bərəkətlərə nail olsun; yəni bir İslam ölkəsinə çevrilsin. İslam ölkəsi – insana həyat, həvəs və hərəkət verən İslamın, yanlış düşüncə, ehkamçılıq və yayınma olmayan, kənar qatqılardan uzaq, insanlara qorxmazlıq verən, onları elmə sövq edən İslamın hakim olduğu bir ölkədir. Elə bir İslam ki, İslamın birinci əsrində olduğu kimi pərakəndə bir toplumu tarixi və qlobal sivilizasiyanın zirvəsinə çatdıra bildi, mədəniyyət və elmini dünyaya hakim etdi. Elmi nüfuz və hakimlik öz ardınca siyasi qüdrət də gətirir, iqtisadi rifah da, əxlaqi dəyərlər də; əgər ölkə sözün həqiqi mənasında İslam ölkəsi olsa.594

Biz hələ İslam ölkəsinə nail olmamışıq. Heç kəs iddia edə bilməz ki, bizim ölkəmiz İslam ölkəsidir.595


İslam mədəniyyəti

Bu mərhələdən sonra İslam dünyası gəlir. İslam ölkəsindən sonra İslam dünyası qurmaq olar. Örnək qurulsa, bənzəri yaranacaq.596

Əgər xalqımız Allahın yardımı ilə indiki kimi dəyərli birliyini, ayıqlığını, məmurlarla möhkəm əlaqəsini qorusa və Rəbbin mərhəməti ilə quruluşun yüksək səviyyələrində həmişə layiqli məmurlar xidmət göstərsələr, müqəddəs İslam Respublikası quruluşu bu ölkədə, hətta bütün İslam ölkələrində İslam mədəniyyətinin təməllərini möhkəmlədə biləcək.597
Böyük İslam sivilizasiyasının yaranmasında təsirli amillər

1-Ümid

Ümidi həmişə qorumalıyıq. Ümidlə və çalışmaqla inşallah məqsədə çatacaqsınız.598

Biz əziz Peyğəmbərin həyatın ən ağır dövründə güvənib ümidvar olduğu qanunlara uyğun hərəkət edirik. Məkkədə mühasirəyə alındığı, hətta canının təhlükədə olduğu, evində yaşaya bilmədiyi, bir gün Taifə, bir gün Əbu Talib dərəsinə getməyə məcbur olduğu zaman deyirdi: "Mən yalnız aşkar qorxudanam".599 Buyururdu ki, mən həqiqətləri bəyan edən və qorxudanam. O nəyə arxalanıb bu sözləri deyirdi? Allaha, ilahi qanunlara və qərarlı olduğu mübarizəyə arxalanırdı. Biz də həmin qanunlara arxalanıb hərəkət ediriksə, nə üçün ümidimizi itirməliyik?! O bacardı, biz də bacaracağıq. O, tarixi dəyişdirə bildi və dünyanı yüzillərlə öz təlimlərinin və quruluşunun təsiri altına saldı, biz də həmin yolun ardıcılıyıq və biz də bacaracağıq.600

Mömin ilahi təfəkkürün - vəhyin xalqa təqdim etdiyi işıqlı düşüncənin bir gün bütün dünyanı bürüyəcəyini gözləyir. İntizarın bir xüsusiyyəti budur ki, adam həvəs və ümidlə hərəkət edir. İntizar ümid deməkdir.601

İntizarın xüsusiyyətlərindən biri inam, gələcəyə ümid və məyus olmamaqdır. İntizar ruhu insana faydalı və xeyirli yolda mübarizə aparmağı öyrədir. İntizar və ümid olmasa, mübarizənin mənası olmaz. Gələcəyə inam da olmasa, intizarın mənası olmaz. Həqiqi intizar etimad və inamla birgədir.602

Bu gün qlobal hegemonizm müsəlman xalqların məyus olmasını və "daha bir iş görmək olmur, daha faydası yoxdur" - deməsini istəyir. Bunu zorla xalqa aşılamağa çalışırlar. Biz düşmənlərin zəhərli xəbərlərinin içindəyik, əyani şəkildə görürük ki, xəbərlərin çoxu xalqı məyus etməyə hesablanıb. Nə üçün? Çünki ümidli bir toplumdan həvəskarlığı və ümidi alsalar, onu ölü və ölüyəbənzər bir varlığa çevirsələr, istədikləri işi görə bilərlər. Diri bir xalqa istədiklərini edə bilməzlər. Özündən getmiş, bihuş halda bir küncə düşmüş adama hər kəs istədiyini edə bilər. Özündə olan, canlı, ayıq, hərəkətli və fəal bir varlıqla hər işi görə bilməzlər.

Mehdi inancı qəlblərdə ümid oyadır. Bu prinsipə etiqadı olan insan heç zaman ümidsiz olmaz. Nə üçün? Çünki işıqlı gələcəyin mövcud olduğuna əmindir və ona nail olmağa çalışır.603

Həmin iman şeytan və firon qüvvələrini əzib məhv edə bilər; necə ki, məhv etdi. İslamın meydana çıxdığı zaman kim güman edərdi ki, Məkkənin bir küncündə olan zəif, məzlum və azsaylı bir dəstə bu ilahi ayələr sayəsində dövrünün ən böyük mədəniyyətini yarada, bəşəri mədəniyyəti inkişaf etdirə və zaman boyu bu şəkildə uğur və fəxrlə qala bilərlər?! Bəziləri elə bilirdilər ki, tezliklə hər şey bitəcək. "Allahın barəsində bədgüman olanlar"604 elə bilirdilər ki, Peyğəmbər qarşıya çıxan hadisələrin heç birində uğur qazanmayacaq; "Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər bir daha öz ailələrinə qayıtmayacaqlar?! Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barədə) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!"605 Allah-Taalaya bədgüman olanlar, qiymətli din gövhərinin əhəmiyyətini və dəyərini bilməyənlər "məhvə düçar" olurlar. Biz müsəlmanlar bu hala düşməməliyik. Quran insanı hidayət edə, "ziyanda"606 olan insanı "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan!"607 insanına çevirə və insan Allaha sarı hərəkət edib Ona qovuşa bilər.608


Zülmətlərdən nura çıxmaqda insan iradəsinin rolu

Kimlərin bu yolu seçməsi və qüdrətlə qət etməsi, kimlərin ondan üz döndərməsi və faydalarına qovuşmaması insanların iradə və istəyindən asılıdır. Onlar öz talelərini özləri seçirlər. Lakin insanların qarşısında bu yol qoyulmuşdur.609

Əlbəttə, hər bir dövrdə, hər bir zamanda hər bir şəxs və cəmiyyət istedadı, tutumu qədərincə ondan (son peyğəmbərlikdən) istifadə edir. Necə ki, erkən İslam çağında istifadə edib bu parlaq nuru ozamankı dünyanın hər yerinə yaya, çoxlu insanları doğru yola yönəldə və bəndəliyə sövq edə bildilər. Ondan sonra bir dönəmdə dünyada elə mədəniyyət, əzəmət və elm yarada bildilər ki, tarixin uca divarları arxasından və uzun məsafələrindən hələ də işartısı görünür və dünya həmin elm, sənaye, düşüncə, bilgi və mədəniyyət inkişafından bəhrələnir. Bütün əsrlərdə müsəlmanlar İslamdan nə zaman özlərinə münasib şəkildə bəhrələnə bilmişlərsə, xoşbəxt olmuşlar. Hansı insan öz istedadı qədərincə istifadə edə bilmişsə, özünü xoşbəxt etmişdir.610
Qiyam, ixlaslı və sədaqətli əməl

Mənim əzizlərim! Bu ayə Peyğəmbərin döyüşlərindən birinə aiddir: "Xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – deyirdilər".611 Xəbər verirdilər ki, izdihamlı düşmən sizi gözləyir, qorxun. Bu xəbərdarlığa və qorxutmaya cavab olaraq bunlar deyirdilər: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!"612 Allah bizə bəsdir və bizim üçün Onun dəstəyi yetər. Əlbəttə, "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" sözünü otağın içində və rahat yataqda demək olmaz. Biz nə bir iş görək, nə çalışaq, nə hərəkət edək, nə özümüzü təhlükəyə salaq, nə hörmətmizdən xərcləyək, sonra da deyək: "Allah bizə bəs edər. O nə gözəl vəkildir"?! Xeyr! Allah-Taala Onun yolunda mübarizə aparmayan şəxsə bəs etməz. Bu, döyüş meydanına aiddir. Biz bu gün bir döyüş meydanındayıq; hərbi döyüş və ölüm-dirim müharibəsi olmasa da. Dünya hegemonları İslamla və İslam quruluşu ilə qatı düşmən olduqlarına görə, biz necə müsbət addım atırıqsa, hansı yaxşı qanunu qəbul, hansı yaxşı işi icra ediriksə, necə yaxşı fərman veririksə, bu quruluşun və İslamın güclənməsinə səbəb olan nə iş görürüksə, əslində, düşmənə bir zərbə vurmuş oluruq. Burada insan deyir: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" Allahın cavabı da budur: "Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir613".614

Peyğəmbər insanları hərəkətə və qiyama dəvət etdi. Allah-Taala Peyğəmbərə nazil olan ilk ayələrdə buyurdu: "Qalx və qorxut".615 Qalxmaq, hərəkət etmək, sakinlik və durğunluq halından çıxmaq və özünü məsuliyyətli bilmək. "(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verirəm: Allah üçün ayağa durun".616 Allah üçün ayağa qalxmaq, qiyam etmək bəşər həyatının bütün şəraitlərində təsirlidir. Qiyamsız və hərəkətsiz heç bir uca məqsədə çatmaq olmaz.617

Haqq və batilin vuruşmasında hələ yolu tapmayan insanlara müraciət edən Quranın dəyərli nəsihəti budur ki, Allah üçün qiyam etsinlər; tək-tək, iki-iki qiyam etsinlər və ondan sonra düşünsünlər. Allaha inanan bütün insanlara ünvanlanmış bu nəsihət həmişə öz qüvvəsində qalır. Biz İslam tarixində elə insanlar tanıyırıq ki, Allah üçün istər fərd-fərd, istər qrup-qrup qiyamı qəti və qaçılmaz bir vacib əməl saydıqda, Allah üçün qiyam etdikdə, bu vəzifələrini Allah üçün və başqa heç bir məqsəd olmadan yerinə yetirdikdə məqsədlərinə nail olmuşlar. Peyğəmbərin dəvətinin problem və inkarlarla üzləşdiyi zaman müsəlmanlarda Allah üçün qiyam ruhu olmasaydı, İslam qələbə çalmazdı. Həmçinin bizim böyük inqilabımızda xalqda Allah üçün qiyam hissi olmasaydı, böyük və uca rəhbərimiz Allah üçün qiyam etməsəydi, digərlərinin nə edəcəyini və nə deyəcəyini gözləsəydi, yaxud xalqımız onlar üçün hansı xətt və nişanın çəkiləcəyini və hansı proqramın veriləcəyini gözləsəydi, şübhəsiz, inqilab zəfər çalmazdı.618

İslam müsəlmanlara bir dərs öyrətdi. Müsəlmanlar nə zaman bu dərsə əməl etsələr, mənəvi və maddi ucalıqda olarlar. Bu dərs ixlaslı mübarizə dərsidir. Harada ixlaslı mübarizə olsa, nəticəsi böyük olacaq. Lakin ixlaslı mübarizə Allah üçün də ola bilər, Allahdan qeyrisi üçün də. Əgər Allah üçün olsa, əbədi olar və məhv olmaz. Lakin Allahdan qeyrisi üçün olsa, həmişəlik olmaz. Ola bilsin birisi kiməsə aşiq olsun, ixlasla ona qovuşmağa çalışsın, yaxud vətənini çox sevsin və onun uğrunda ixlasla, səmimi hərəkət etsin. Bunlar həmişəyaşar deyil, bu həyəcan və hissin qalacağı zamana qədərdir. Hissləri bir qədər soyuyan kimi gözü açılır və öz-özünə deyir ki, filankəsin yeyib yoğunlaşmasından ötrü mən gedib öldürülməliyəm?! Allah üçün olduqda isə belə deyil; ağlını nə qədər çox işlətsə, mübarizliyi də bir o qədər artar. Çünki bilir ki, "Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir"619; yəni Allah üçün verdiyimiz qalır.620
Müqavimət

Bir xalqın dirəniş və müqavimət ruhu nəfis və dəyərli bir şeydir. Xalqımız bununla, ilahi hidayətlə, mənəvi yardımlarla, böyük Allah vəlisinin xeyir-duaları və mənəvi tövsiyələri ilə İslam mədəniyyətini dünyada yenidən dirçəldə bildi. Bu sizin qəti gələcəyinizdir. Gənclər özlərini bu böyük hərəkətə hazırlasınlar, mömin və ixlaslı qüvvələr bunu hədəf seçsinlər.621

Onun müqaviməti bəşər tarixində misilsiz idi. O qədər möhkəm dayandı ki, bu möhkəm və əbədi ilahi binanın təməlini qoydu. Məgər müqavimətsiz mümkün idi?! Onun müqaviməti sayəsində mümkün oldu. Onun müqaviməti sayəsində belə dostlar yetişdilər. Onun müqaviməti sayəsində heç kimin güman etmədiyi yerdə - susuz Ərəbistan səhralarının ortasında həmişəyaşar bəşəri mədəniyyət yarandı: "Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) möhkəm (müqavimətli) ol!622"623

Allah-Taala Hud surəsində peyğəmbərinə buyurur: “(Ey Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol (müqavimət göstər). Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar və həddi aşmayın“.624 Peyğəmbərin bir hədisində deyilir ki, Hud surəsi məni qocaltdı. Çünki bu surə çox ağır idi. Hud surəsinin harası? Nəql olunmuşdur ki, məqsəd “(Ey Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol (müqavimət göstər)“ ayəsidir. Bu ayə Peyğəmbəri nə üçün qocaltmalıdır? Çünki ayədə buyurur ki, sənə əmr etdiyimiz kimi bu yolda möhkəm ol, müqavimət göstər və dözüm nümayiş etdir. Bu müqavimətin özü çətin işdir. Bu siratdır (yoldur); nümunəsini qiyamət günündə bizim üçün təsvir etdikləri Sirat körpüsü. Bizim buradakı əməlimizin və yolumuzun məğzi həmin Sirat körpüsüdür. Biz indi Sirat körpüsü üzərində hərəkət edirik, gərək diqqətli olaq. Əgər insan özünün bütün rəftarında belə diqqətli olmağa çalışsa, bu onu qocaldar. Lakin mənim fikrimcə, bundan daha mühümü sonrakı cümlədir: “Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar (müqavimət göstərsinlər)“. Möhkəm dayanmaq təkcə Peyğəmbərə əmr olunmur. O, möminləri də bu yolda dayanmağa vadar etməlidir. Bir tərəfdən həyat problemlərinin və digər tərəfdən nəfsani istəklərinin hücumuna məruz qalan, dünyanın bərbəzəyinə cəlb olunan, taqətsiz insan ürəyinin istəklərinin hücumuna məruz qalan insanlar bu düzgün yoldan sola-sağa yayınırlar. Qızıl-gümüş, pul, ehtiras, vəzifə sevgisi və digər sevgilərin hər biri insan qəlbinə bir kəmənd atıb özünə sarı çəkən amillərdir. İnsan bunların qarşısında möhkəm dayanmalı və ayağı büdrəməməlidir: “Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar (müqavimət göstərsinlər)“. Möminləri bu iki güclü cazibə - düşmənin xarici və azğın qəlbin daxili təzyiqi arasında, bu iki maqnit arasında düzgün xətdə saxlamaq, hidayət etmək, çox güman ki, Peyğəmbəri qocaldan amildir.625


Allahla mənəvi əlaqə

Əlbəttə, bu yolda Allaha diqqət, təvəssül, dua və Allahla mənəvi əlaqə xüsusən gənclər tərəfindən unudulmamalıdır. Əziz Peyğəmbər ruhani qüvvəsi ilə daim Allah-Taala ilə raz-niyaz və münacat halında idi. Böyük Allah vəlisinə təvəssül etmək və o həzrətlə mənəvi əlaqə qurmaq bizim borcumuzdur... Mənəviyyatı gücləndirmək, Allahla rabitə bərqərar etmək, zikrə, duaya və təvəssülə əhəmiyyət vermək lazımdır. Allahla mənəvi əlaqəni gücləndirmək, istər elm öyrənməkdən, istər quruculuq yolunda çalışmaqdan ibarət dünya işlərində çalışmaq, siyasi və iqtisadi məsələlərdən xəbərdar olmaq və ilk növbədə ümidi qorumaq inşallah çox da uzaq olmayan gələcəkdə bütün yer üzünü İslam Respublikasının işığı ilə işıqlandıracaq, bəşəriyyəti İslamın faydalarından bəhrələndirəcək və Allah-Taalanın vəd etdiyi kimi, yer üzündə bəşəriyyətin birliyinə səbəb olacaq amil və xüsusiyyətlərdir.626

...Düşünmürdü ki, çətin anlarda Allaha yalvarması və Allahdan kömək istəməsi dinləyici və şahidlərdə onun gücsüz olduğuna dair təsəvvür yarada bilər. Açıq şəkildə deyirdi ki, mən öz-özlüyümdə gücsüzəm, Allahın yardımı olmadan bir iş görə bilmərəm. Əhzab döyüşündə bütün düşmənlərin hər tərəfdən Mədinəni, Peyğəmbəri və möminləri mühasirəyə aldığı, İslamı, Quranı və yeni sözü kökündən məhv etmək istədiyi zaman əziz Peyğəmbər hərbi intizamla, işlətdiyi çox sayıq tədbirlərlə və xalqı müqavimətə həvəsləndirməklə yanaşı, xalqın gözü qarşısında dizlərini yerə qoydu. Bu iş dəfələrlə təkrar olundu. Bu, tarix kitablarında mövcuddur. Peyğəmbər əlini qaldırıb yalvarır, göz yaşı tökür və deyirdi ki, İlahi, bizə kömək et, yardımını bizə çatdır və bizə uğur bəxş et.627
Peyğəmbər örnəyinə tam əməl etmək

Bu təvəllüd bəşəriyyət tarixi üçün ilahi rəhmətin doğuşu idi. Quranda Peyğəmbər aləmlərə rəhmət628 kimi təqdim olunur. Bu rəhmət məhdud deyil, insanların tərbiyəsinə, mənəvi paklığına, təliminə, hidayətinə, maddi və mənəvi inkişafına da şamil olur. Yalnız o dövrün insanlarına da aid deyil, bütün tarixə aiddir: "Hələ onlara qoşulmayan başqalarına da..."629 Bu məqsədə çatmağın yolu bəşər üçün təyin olunan İslam təlimlərinə və qanunlarına əməl etməkdir.630

O (İmam Xomeyni) möminləri ilahi vilayətə qoşan cihad və hicrətlə "İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər"631 ayəsinə nümunə oldu. O, Allah yolunda təhlükəyə atılmaqla və canından qorxmamaqla Allahın "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canlarını fəda edərlər"632 deyə vəsf etdiyi insanların zümrəsinə qoşuldu. O, Allah yolunda tarixi qiyamı, ədalətin bərqərar edilməsi, məzlumların zülm və ayrıseçkilikdən qurtulması naminə misilsiz səyi ilə "Allah yolunda möhkəm olun"633 və "Ədalətdən möhkəm yapışanlardan olun"634 nidasına fəxrlə cavab verdi. O, müşriklərə və inadkar kafirlərə qarşı qəzəb və nifrəti, dünya müsəlmanlarına qarşı isə sevgi və mərhəməti ilə "Kafirlərə qarşı sərt, bir-birinə mehriban"635 ayəsinin kamil nümunəsi oldu. O, ixlaslı münacatı və ibadəti ilə "Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama ucaltsın"636 ayəsinə şamil oldu. O, yaxşı işlərə dəvət edən, pis işlərdən çəkindirən və Allah yolunda mücahd idi. O, haqqa məhəbbət və haqda fəna ilə uyğun olmayan hər bir bağı qırmaqla "Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın dəstəsidirlər. Bilin ki, məhz Allahın dəstəsi nicat tapanlardır"637 ayəsinin real nümunəsinə çevrildi.638

İslam Respublikasının imamın yolu və İslamın qəti əsasları olan prinsipləri düşmənin planlarına rəğmən, İslam İranında mötəbərdir, bizim siyasi və ictimai həyatımızın əsasıdır və xalqımız ən əziz övladlarının fədakarlığı və qurban verilməsi hesabına başa gəlmiş əsl Məhəmməd (s) İslamı sayəsindəki həyatı heç bir şəraitdə əldən verməyəcək. İmam Xomeyninin prinsiplərini, birinci növbədə dinin siyasətdən ayrılmaması, İslamı və Quranı təcrid etmək üçün müasir materialist təzyiq qarşısında müqavimət qaydaları İslam Respublikasının həmişəyaşar prinsipləri kimi qalacaq.639


Elm öyrənmək və haqqı tələb etmək

Dünyada elmdən, savaddan, dərsdən, təlim və təhsildən xəbər olmadığı zaman bizim İslamımız və Quranımız “Oxu” sözü ilə başladı, qələmə və yazıya and içdi, bir neçə söz öyrətmək müqabilində müharibə əsirlərini azad etdi. Bu, on dörd əsr öncəyə ayiddir. İslamın və əziz Peyğəmbərimizin bu işlərinin nəticəsində savadsız ərəb cəmiyyəti bugünkü Avropanın elm və bilikdən heç bir xəbər olmadığı dövrdə ən böyük universitetlərə, ən böyük alimlərə, farabilərə, ibn sinalara, məhəmməd ibn zəkəriyyalara, əbu reyhanlara və başqalarına sahib oldu. Yəni erkən İslam çağında savadsızlıqla mübarizə, elm və biliyə həvəsləndirmə İslam cəmiyyətini zamanın sivil dünyasından təxminən yeddi-səkkiz əsr irəliyə atdı. Düzdür, sonra biz gerilədik. Müsəlmanlar tənbəllik etdilər və nəticəsi belə oldu. Amma indi yenidən başlaya bilərik. İnqilab oldu, İslam yenidən hakimiyyətə gəldi və indi daha savadsızlığın mənası yoxdur.640

İslam həmçinin elmə dair ən mühüm hərəkəti və ən mühüm həvəsləndirməni etmişdir. İslam sivilizasiyası İslamda ilk gündən yaranan elmi hərəkətin hesabına ərsəyə gəldi. Hələ İslamın doğmasından iki əsr ötməmişdi ki, güclü elm hərəkəti başlandı, özü də o mühitdə.641

Həmin məlumat elm və təhsillə sonuclandı və İslam cəmiyyətini hicrətin dördüncü əsrində elmi sivilizasiyanın zirvəsinə çatdırdı.642

Əgər insanda soruşmaq və haqqı axtarmaq hissi olmasa, dünyada heç bir hidayət baş tutmaz, heç bir kamal yolu keçilməz. Bu, bəşərdə təbii bir məsələdir. Soruşmaq haqqı axtarmağın, tapmağın, hərəkətin və nəhayət, haqqa qovuşmağın müqəddiməsi və açarıdır.643

Əziz İslam elmə həvəsləndirən ən böyük amildir. Bu gün elmi cihad bizim ən böyük vəzifələrimizdən biridir.644


İslam mədəniyyətini qorumağın və genişləndirməyin amilləri

Mənim əzizlərim! Sizə deyim ki, bu iki ayə bir yerdədir. Bu ayə645 deyir ki, İslam öz daxili amilləri - bir tərəfdən məntiq və əsaslandırma və digər tərəfdən ictimai ədalət sayəsində dünyaya hakim olacaq; təxribatla, xəncərlə, Allah düşmənlərinin həmişə istifadə etdikləri və İslam Respublikası düşmənlərinin indi də istifadə etməkdə olduqları yollarla yox, məntiqlə və ədalətin icrası ilə. Bu bir ayə. Qabaqkı ayə də budur: "Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər"646. İstədikləri qədər təhdid etsinlər. Allah-Taalanın düşmənin İslama qarşı məkrini zəif sayması təkcə Peyğəmbər (s) dövründəki Qüreyş kafirlərinin məkri üçün deyil. Bu, düşmənin İslam Respublikası əleyhinə bütün planlarına da şamil olur - yəni iqtisadi blokada, hər yerdə geniş təbliğat təxribatı, yəni siyasi təzyiqlər, siyasətçi sionistlərin gecə-gündüz İslam Respublikasına zidd olan digər qüvvələrlə oturması və gecə-gündüz İslam Respublikası əleyhinə çalışması; bunların hamısına şamil olur. Quran deyir ki, bu xalqın İslama və Allah yoluna sadiqliyi qarşısında, bu xalqın birliyi qarşısında, bu xalqın ilk gündən Allah və Quran yolunda hərəkətə vadar edən eşqi qarşısında, bu xalqın müqaviməti, dözümü, hikməti və sayıqlığı qarşısında bütün bu qüvvələr, bütün bu planlar, bütün bu hiylələr, ittifaqlar və düşmənliklər bütünlüklə məğlubiyyətə məhkumdur.647


İmana möhkəm bağlılıq

Peyğəmbərlik əsasında qurulan quruluşun məqsədi bəşəriyyətin səadəti və rahatlığıdır. Bu, mənəvi dəyərlərə əhəmiyyət və ədalət olmadan təmin edilə bilməz. Belə olsa, digər düşmənliklərin də qorxusu olmaz. Çoxları təəccüb edir ki, necə oldu iki böyük gücün hər ikisinin əleyhimizə fəaliyyət göstərdiyi zaman İslam Respublikasına zərər yetirə bilmədilər? Bu gün bir böyük güc məhv olub, biri isə durur. O və onun əlaltıları - istər inkişaf etmiş dövlətlər, istər həqarət və xarlıqla ABŞ-ın müttəfiqliyini qəbul edən zəif dövlətlər İslam Respublikasına ciddi zərbə vura bilmirlər. Sirri bu iman, mənəviyyat, xalqın dinə bağlılığı və xalqın quruluşun ədalətlə hərəkət etdiyini bilməsidir.648

Mədəni hücum mədəni işin özü kimi sakit və səssiz işdir. Mədəni hücumun yollarından biri mömin gəncləri imana təəssüblü bağlılıqlardan daşındırmaq olmuşdur. Bu isə bir mədəniyyəti saxlayan amillərdəndir. Onlar ötən əsrlərdə Andalusda bu işi gördülər; gəncləri fəsada, ehtiraslara, şərabxorluğa və bu kimi işlərə aludə etdilər. Bu iş indi də görülür... Əgər siz xalq və mədəniyyət işçiləri ayıq olmasanız, düşmənin gizli hücumundan qaynaqlanan iman və etiqad uçqununun səsi, Allah eləməmiş, elə bir zaman eşidiləcək ki, daha əlacı mümkün olmayacaq... Bir təşkilat mövcud olduqda gənclik enerjisinin zirvəsində olan gənci fəsada salır. Və düşmən indi bu işi görür.649
Mücahidlik

Əziz Peyğəmbər öz dövrünün zülmət dünyası qarşısında təşvişə düşmədi. İstər Məkkədə yalqız olduğu, yaxud kiçik bir qrup olan müsəlmanların onu əhatə etdiyi, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyş dilavərlərinin və hegemonların kobud rəftarla və qüdrətli əllə durduğu gün onlardan və elmdən heç bir bəhrəsi olmayan avam insanlardan qorxmadı, özünün haqq sözünü dedi, təkrar və izah etdi, maarifləndirdi, təhqir, çətinlik və əzablara dözdü və böyük bir qrupu müsəlman etməyi bacardı. Peyğəmbər bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə idarə edib iqtidarın zirvəsinə çatdırdı. İstərsə də İslam dövləti qurub onun başçısı kimi qüdrətə sahib olduğunda heç nədən qorxmadı. O zaman da müxtəlif düşmən və müxaliflər Peyğəmbərə qarşı çıxdılar. Hicaz və Yəmamə səhraları boyunca vəhşi qəbilələr yaşayırdılar; İslam onları islah etməli idi, onlarsa yola gəlmirdilər. Həmçinin ozamankı iki böyük güc olan İran və Roma imperiyaları ona qarşı çıxdılar. Peyğəmbər onlara məktublar yazır, sözlərini deyir, qoşun yeridir, çətinliklər çəkir, iqtisadi mühasirəyə düşür, Mədinə xalqı onların ucbatından bəzən iki-üç gün yeməyə çörək tapmırdı. O zaman hər tərəfdən çoxlu təhdidlər Peyğəmbəri əhatə etmişdi. İnsanların bəzisi nigaran olur, bəzisi zəiflik göstərir, bəzisi deyinir, bəzisi Peyğəmbəri mülayimliyə və barışığa həvəsləndirirdi. Amma Peyğəmbər bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə irəliyə aparıb qüdrətin zirvəsinə çatdırdı. Həmin quruluş və cəmiyyət Peyğəmbərin müharibə və dəvət sahələrində göstərdiyi müqaviməti sayəsində sonrakı illərdə dünyanın birinci gücünə çevrilə bildi.650


Zahidlik və dünyaya etinasızlıq

Hədislərdə, Nəhcül-bəlağədə, əziz Peyğəmbərin, imamların və böyüklərin sözlərində dünyaya, dünya bəzəklərinə etinasızlıq haqda bütün bu təkid və tövsiyələr bu amilin böyük təsirinə görədir. Əlbəttə, İslamın düşmənləri və yanlış anlayan müsəlmanlar elə bildilər, yaxud göstərdilər ki, İslamda zahidliyə tövsiyə olunmuşdursa, bu, təbiət və məişətlə maraqlanmamaq deməkdir. Halbuki belə deyil. Orada pis, məzəmmət olunmuş dünya, bizim özümüzü və maddi maraqlarımızı hədəf seçməyimiz, onların ardınca getməyimiz nəzərdə tutulmuşdu.651


Təfriqədən çəkinmək

Əhli-beyt məktəbinin ardıcılları olan qardaşlarımız dünyanın harasında olsalar, digər İslam firqələri ilə birlik və mehribanlıq yaratsınlar. Düşmənin sui-istifadə etməsinə, onları zəiflədib məhv etməsinə qoymayın; "Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz"652. İslam dünyasında hamını qardaş bilin. Bu gün bütün İslam ümməti düşmənlər tərəfindən təhdid olunur. Bu gün beynəlxalq hegemon qüvvələr tərəfindən dinin əsası təhdid altındadır.653

Mənim son tövsiyəm budur ki, çalışın ümumxalq vəhdətini qoruyun. Əgər İslam bəzi təbəqələr üzərində dayanır və məsələn, müəllimlərə, din alimlərinə, fəhlə və əkinçilərə xüsusi hörmət tanıyırsa, bu, İslamın təbəqəçilik etməsi demək deyil. Xeyr, İslam təbəqəçiliyə qarşı çıxır. Möminlər böyük İslam ailəsində bir-biri ilə qardaşdırlar, onların arasında qardaşlıq əlaqəsi var. Bütün insanlar öz cəmiyyətimizdə və sonra böyük İslam ümməti miqyasında bu əlaqəni qorumalıdırlar.654

Bu gün dünya müsəlmanlarının bu zəifliyi həmin parçalanma və ixtilafdan qaynaqlanır. Müsəlmanlar bir olsaydılar, Fələstin belə olmazdı, Bosniya, Kəşmir, Tacikistan belə olmazdı, Avropa müsəlmanları belə ağır şəraitdə yaşamaz, Amerikada müsəlmanlar hegemonluğa məruz qalmazdılar. Səbəb bizim bir-birimizlə ixtilafımızdır.655


Məntiq və ədalət

İslamın başqa iki vasitəsi var, bunların köməyilə bütün dünya dinlərinə qalib gələ, bütün ürəkləri cəlb və qarşısındakı bütün puç məntiqləri məğlub edə bilər. O iki vasitə nədir? Biri güclü məntiqdən, möhkəm əsaslandırmadan ibarətdir. İslam buna malikdir. Digəri həqiqi və mütləq ədalətdən ibarətdir. Bu iki vasitə İslamın inkişaf amilləridir.656

İslam quruluşu qurmaqda birinci məqsəd ictimai ədalətin, İslam ədalətinin bərqərar edilməsidir. Allah peyğəmbərlərinin qiyamı, kitabın və ilahi qanunun nazil olması bundan ötrü idi ki, xalq zülm, zor və ayrıseçkilikdən xilas olub ədalət sayəsində yaşasın və onun işığında insani təkamülə nail olsun. İctimai ədalət yolunda güclü etiqad və müntəzəm əməl olmadan İslam quruluşuna dəvət etmək yarımçıq və hətta yanlış və yalan dəvətdir. İslam görkəmində olsa belə, ədaləti təmin, zəif və məhrumları xilas etmək hər hansı bir quruluşun proqramlarının başında durmasa, qeyri-islami və münafiqcəsinədir. Məhz buna görə, müsəlmanlıq iddiasında olan və Qurançılıq şüarı ucaldan, lakin digər zalımların yolu ilə gedən, yoxsul və varlı arasında məsafəni artıran, sərvətlilər sırasında dayanıb yoxsulların, köməksizlərin dərdindən xəbərsiz olan şah və hakimlərin iddiası Quran və İslam təlimləri ilə tanış olan ağıllı insanlar tərəfindən həmişə rədd edilmişdir.657



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə