Vilayət bağçası yeddİncİ cİld


Humanitar elmlər, inkişafın şərtləri və universitetin vəzifələri24



Yüklə 0,79 Mb.
səhifə14/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Humanitar elmlər, inkişafın şərtləri və universitetin vəzifələri24

Bismillahir-Rəhmanir-Rəhim.


Əziz qardaş və bacılar! Əvvəla, çox xoş gəlib bu simvolik məclisi öz iştirakınızla rövnəqləndirmiş, ölkə universitetlərinin alimlərinin bu hüseyniyyəyə gəlişi ilə bizə şərəf vermisiniz.
Elmin və alimin hörməti

Bu məclis öncəki illərdə də dediyim kimi, əslində, simvolik və eyni zamanda işgüzar bir məclisdir. Ona görə simvolikdir ki, İslam Respublikası quruluşunun elmə əhəmiyyət verməsini və elm daşıyıclarına hörmət etməsinin göstərir. Biz istəyirik ki, bu məclis İslam Respublikası quruluşunun alim və müəllimlərə hörmət nümunəsi olsun. Həqiqət də budur. Biz elm qarşısında təvazökarlıq edirik. Bu gövhəri özü ilə daşıyan elm sahibinə də təbii ki, hörmət göstərilməli və qarşısında təvazökarlıq edilməlidir. Həm də işgüzar məclisdir ona görə ki, elm və universitet toplumunun daxilində olan bəzi şəxslər bu məhdud fürsətin imkan verdiyi həddə onlar üçün ən çox əhəmiyyətli məsələləri bəyan edirlər. Xoşbəxtlikdən, bu hər il həyata keçir. Biz də dostların burada dediklərini həqiqi sözlər, ekspert və mütəxəssis rəyləri kimi qəbul edirik. Onların bəzisi ilə bizim dəftərxanamızda məşğul olmalıdırlar və imkan həddində məşğul olacaqlar. Bəzilərini də gərək aidiyyətli mərkəzlərə, məsələn, Mədəni İnqilab Ali Şurasına, yaxud aidiyyətli nazirliklərə göndərək. Onları da göndərib tövsiyələrimizi verəcəyik.

Dostların və cənabların fikirləri möhtərəmdir. Əlbəttə, ötən illərdə olduğu kimi, bu il də ölkənin cari məsələləri - istər siyasi, istər ictimai məsələləri barədə bəzi sözlər deyildi. Təəssüf ki, vaxt az idi. Şübhəsiz, dostların cari məsələlər haqqında dedikləri bu toplumun zehnində olanların hamısı deyil; necə ki, deyilməsi lazım olanların da hamısı deyil. Dostlar öz imkanları qədərincə bəzi məqamlara toxundular. Mən də öz vaxtım qədərincə iki-üç məsələyə toxunacağam.
Ümumi elmi xəritə

Bir söz elm və universitet barədədir. Burada Mədəni İnqilab Ali Şurasından və katiblikdən olan dostlar, cənab Doktor Müxbir və digər dostlar, prezidentin elm müavinliyindən olan dostlar, cənab Doktor Vaizzadə, həmçinin nazirliklərdən və parlamentdən dostlar və qardaşlar iştirak edirlər. Mən onların hamısından xahiş edirəm ki, bu bir neçə qardaş və bacının universitet, tədqiqat və bu kimi məsələlər barədə tövsiyələrini qeyd edib onlarla maraqlansınlar və barələrində düşünsünlər. Demək istəmirik ki, bu gün deyilən məsələlər barədə indiyə qədər işlər görülməyib, yaxud bunlar birinci dəfədir ortaya qoyulur. Xeyr, məlumdur. Dostlardan bir neçəsinin burada dediyi ümumi elmi xəritə neçə ildir irəli sürülüb, elm müavinliyində araşdırılıb, Mədəni İnqilab Ali Şurasına gəlib. Düzdür, hələ məsul şəxslərin ixtiyarında qəbul olunmuş bir şey yoxdur. Ümumi mədəni layihə barədə danışıldı. Bunlar deyilmiş və irəli sürülmüş məsələlərdir. Lakin bir müəllimin, alimin, mütəxəssisin bu məsələləri günün ehtiyacı kimi yad etməsi onu göstərir ki, gördüyümüz iş hələ tətbiq və praktika mərhələsində deyil. Yəni bizim işimiz hələ bitməyib. Məmur dostlar buna diqqət yetirsinlər. Qərar verdik, danışdıq, dedik, lakin görülməli iş görülməmişdir. Bizim müəllimlərimiz gəlib ölkənin ümumi elmi xəritəsinə dair sual verirlərsə, yaxud ümumi bir elmi xəritənin əllərində olmamasını, onun mövcud olmamasını göstərən bəzi sözlər deyirlərsə, bəllidir ki, bizim indiyədək bu sahədə gördüyümüz bütün işlər yarımçıq olmuşdur. Üç ildir bu məsələ ortaya qoyulub, amma hələ aidiyyətli qurumların əlində bir şey yoxdur, alimlər ölkənin ümumi elmi xəritəsini bilmirlər. Bəllidir ki, biz işi sürətləndirməli, intensivləşdirməli və bu məsələ ilə daha ciddi məşğul olmalıyıq.


Təlim və tərbiyə sahəsində balans və tarazlıq

Əgər bu cənablar burada ölkənin ümumi elmi xəritəsinin olmamasına işarə vurmasaydılar da, universitetlərdə ümumi elmi proqramlara bir baxış onun olmadığını göstərərdi. Mənim məruzələrdən əldə etdiyimə, məlumatlı, mütəxəssis, universitet mənsubu və vəzifəli şəxslərin mənə verdikləri xəbərə əsasən, müxtəlif elmi fənlər haqda proqramlarda aparılan bölgü ədalətli, düzgün və ölkənin ehtiyaclarına uyğun deyil. Bizim bəzi yerlərdə nəzərəçarpacaq inkişaflarımız var, bəzi yerlərdə isə ümumiyyətlə, hərəkət müşahidə olunmur. Belə olmaz. Bu, ümumi elmi xəritənin olmamasından irəli gəlir. Düzdür, biz hər bir fəndə inkişaf etsək, faydalıdır, uzun illər, tağutların hakimiyyəti dövründəki onillər boyunca bəşərin elm karvanından geri qalan ölkəmiz üçün qənimətdir. Buna şübhə yoxdur. Lakin ölkənin sözün həqiqi mənasında elmi rütbə qazanmasını, elmin ölkədə oturuşmasını istəyiriksə, elmin müxtəlif fənlərinin istər təhsilində, istərsə də tədqiqatında düzgün, həqiqi və ədalətli balans yaratmalıyıq. Buna bizim ehtiyacımız var.


Elm - inkişaf və ədalətin əsas şərti

Bu il birinci ili başlayan növbəti onillik inkişaf və ədalət onilliyi elan olunmuşdur. Şübhəsiz, onun bir əsas şərti elmdir, ölkədə elmin inkişafı və dərinləşməsidir, necə ki, bunun inkişaf onilliyi kimi elan olunmasının özü ölkədə elmi baxımdan görünən inkişaflara arxalanaraq olmuşdur. Yəni bu ümid yaranmışdır ki, biz on il ərzində elmdə nəzərəçarpacaq inkişaf və sürətli hərəkət edib geriliklərimizin bir hissəsini düzəldə bilərik. Buna əsasən, elm məsələsi mühüm məsələdir. Elm və tədqiqat sahəsində əsas hissə də tədqiqata, araşdırmaya aiddir.


Tədqiqatın ehtiyaclara sarı istiqamətləndirilməsi

Bəzi dostların burada dediyi bir məsələ mənim təkid göstərdiyim məsələlərdəndir. O da budur ki, əvvəla, tədqiqata çox diqqət yetirilsin, ikincisi isə tədqiqat ölkənin ehtiyaclarına yönəldilsin. Yəni həqiqətən, ehtiyacımız olan mövzularda tədqiqat aparaq. Mən dəfələrlə həm Mədəni İnqilab Ali Şurasında çalışan dostlara, həm də bəlkə burada demişəm ki, bizim elmi inkişafımızın meyarı ISI jurnallarında məqalələrin dərci olmamalıdır. Biz bilmirik ki, təklif olunan, həvəsləndirilən və müəllifi təqdir edilən məqalə eynilə bizim ölkəmizin ehtiyacı olan məqalə olsun. Bizim özümüz müəyyən etməliyik ki, nə barədə məqalə yazaq, hansı mövzuda tədqiqat aparaq. Sözsüz ki, beynəlxalq təşkilatlarda işıqlandırılması lazımdır, zəruridir və işıqlandırılacaq da. Məqsəd budur ki, biz tədqiqatımızı öz ehtiyacımıza uyğunlaşdıraq.


Qərbin humanitar elmlərinin əsasları

Bizə verilən məlumata əsasən, ölkəmizin təxminən üç milyon yarımlıq böyük tələbə toplumunun təxminən iki milyonu humanitar fənlərdə təhsil alırlar. Bu bir cəhətdən narahatlıq doğurur. Bizim humanitar elmlərdə yerli işlərimiz və İslam tədqiqatlarımız nə qədərdir? Humanitar elmlərdə kitablarımız nə qədərdir? Yaxud İslam dünyagörüşünə etiqadlı olub, sosiologiya, psixologiya, politologiya və ya digər humanitar fənni tədris edəcək sanballı müəllimimiz nə qədərdir ki, bu fənlərə bu qədər tələbə qəbul edirik? Bu, nigaranlıq doğurur. Humanitar elmlərin bir çox mövzuları materializmə, insanı heyvan sayan, Allah-Taala qarşısında məsuliyyətsiz bilən, insana və dünyaya qeyri-mənəvi baxışa əsaslanan fəlsəfələrə söykənir. Bu elmləri tərcümə edib qərblilərin dediyini və yazdığını olduğu kimi gətirib gənclərimizə öyrətməyimiz, əslində, onlara ilahi və dini əsaslara və öz dəyərlərimizə qarşı şəkkaklıq, şübhə və inamsızlıq aşılamağımız çox da yaxşı hal deyil. Həm dövlət orqanlarında, məsələn, Təhsil nazirliyində, həm Mədəni İnqilab Ali Şurasında, həm də digər qərar mərkəzlərində və universitetlərin özündə buna diqqət yetirmək lazımdır. Hər halda, bu, çox əhəmiyyətli məsələdir. Bu, universitetə aid məsələlər barədə.


Müəllimin və universitetin tələbə qarşısında məsuliyyət hissi

Universitetlər, elm və elmin inkişafı barədə deyilən sözlərin xülasəsi budur ki, inkişaf və ədalət onilliyində bizim üçün çox mühüm olan ik-üç şərtdən biri elmdir. Bu sahədə hamının üzərinə məsuliyyət düşür; universitetlər də məsuliyyət daşıyırlar, müəllimlər də. Müəllimlərin dərs və tələbələrlə məşvərət saatlarında universitetlərdə olmaları çox mühümdür.

Hörmətli aparıcı söhbətin əvvəlində dedi ki, hökumət universitet mənsublarına dəstəyi özünün daimi siyasəti etməlidir. Mən tamamilə razıyam. Yəni universitet mənsublarını himayə etmək daimi siyasət olmalıdır. Lakin diqqət olunsun ki, universitet mənsubları bu dəstləklərin - istər mənəvi, istər maddi dəstəklərin sayəsində özlərini tələbə nəsli, ölkədə elmin gələcəyi və islahata ciddi ehtiyacı olan təhsil sisteminin islahı qarşısında həqiqətən, məsuliyyətli bilsinlər, universitetlərdə fəallıqlarını artırsınlar, özlərini tələbələrin mənəvi və elmi istifadəsinə versinlər.
İnqilab və düşmənin təxribatları

İkinci məqam ictimai və siyasi məsələlərə aiddir. Mən bu barədə çox danışmaq istəmirəm. Gördünüz ki, ölkə çox ciddi bir siyasi sınaqla üz-üzə qaldı və bəzi dostların işarə vurduğu kimi, quruluş və ölkə hadisələri həzm edə bildi. Mən öncə də dedim ki, belə hadisələrin qarşıya çıxması bizim üçün əsla gözləntidən kənar deyil. Yəni daha dəqiq ifadə etmək üçün məhz belə deməliyik: əsla gözləntidən kənar deyil. Bu qəbildən olan hadisələrin baş verməsi çox böyük ehtimalla gözlənilir. Bunun müxtəlif səbəbləri var; quruluş üçün tanıdığımız missiya, İslam üçün tanıdığımız missiya, İslam Respublikası üçün düşündüyümüz məna, İslam Respublikasının bu otuz ildə özü barədə verdiyi tərif, xalqımızın və gənclərimizin sınaqdan çıxmış sayıqlığı, azadlığın mövcud olması və sair məsələlər bu hadisələri çox da gözlənilməz etmir. İslamın hökmünə əsasən, ölkədə azadlıq olmalıdır. Bizim azadlıq barədə fikrimiz taktiki məsələ deyil, həqiqətdir. Əlbəttə, burada İslam Respublikasının tərif etdiyi azadlıqdan söhbət gedir, qərblilərin tərif etdiyi azadlıqdan yox. O azadlıq bizim fikrimizcə, azğınlıqdır. Orada lazım olan yerdə azadlıq yoxdur, məhdudiyyətin lazım olduğu yerdə isə mütləq azadlıq var. Biz bunu əsla qəbul etmirik. Qərbdən də əsla çəkinmirik. Biz azadlığı İslam mənasında qəbul edirik və sözsüz ki, onun daxilində söz azadlığı, rəftar azadlığı, fikir azadlığı var.


Yumşaq müharibədə vuruşan zabit və komandirlər

Mühüm olan budur ki, şərəfli, mömin, İslam Respublikasının uca məqsədlərinə inamlı bir insan belə hadisələrdə hansı işin lazım olduğunu bilsin. Mühüm olan budur. Mənim siz universitet mənsubları ilə bu məsələ haqda danışmağımı vacib edən də budur. Mən təbii ki, qısa danışacağam, bu barədə geniş danışmaq fikrim yoxdur. Bir neçə gün öncə tələbə gənclər buraya toplaşanda və hüseyniyyə indiki kimi gənclərlə dolub-daşanda dedim ki, biz düşmən tərəfindən yumşaq müharibəyə məruz qalmışıq. Əlbəttə, gənclərin özləri də bunu təkrar-təkrar deyirdilər. Məndən öncə onlar bunu dəfələrlə dedilər və hamısı bilirdilər. Mənim əlavə etdiyim bu idi ki, dedim: Bu yumşaq müharibədə siz tələbə gənclər bu cəbhənin gənc zabitlərisiniz. Demədim ki, əsgərləri; əsgər gözləyir ki, ona “irəli” desinlər, o da irəliyə getsin, “geri çəkil” desinlər, o da geri çəkilsin. Yəni əsgər heç zaman özü qərar vermir, iradə göstərmir, komandirin dediyini icra edir. Həm də demədik ki, böyük qərargahların əməliyyatçı zabitlərisiniz. Çünki onlar irimiqyaslı planlar hazırlayırlar. Gənc zabit isə cəbhədədir; həm əmri icra edir, həm səhnəni yaxşı görür, öz cismi və canı ilə döyüşür. Odur ki, bunlar gənc zabitlərdir. Tələbənin yeri budur. Həqiqətən, gənc zabitin düşüncəsi, əməli var, səhnədədir, vəziyyəti görür və çərçivə daxilində çalışır. Bəs bu tərifə əsasən, universitet müəlliminin yeri haradır? Əgər ictimai, siyasi məsələlərdə, ölkə hadisələrində, açıq gözə və yetərli ayıqlığa ehtiyacı olan məsələlərdə bizim tələbə gəncimiz gənc zabitdirsə, onun müəllimləri olan sizin rütbəniz daha yüksəkdir. Siz irimiqyaslı planları duymalı olan komandirsiniz; düşməni düzgün təyin edin, onun məqsədlərini kəşf edin, bəzən düşmənin xəbəri olmadan onun qərargahlarına baş çəkin, bunun əsasında irimiqyaslı planlar hazırlayın və bu planlarla hərəkət edin. Müxtəlif rütbələrdə yüksək komandirlər bu rolları ifa edirlər.


Müəllimin tələbə qarşısında vəzifəsi

Bu rolu ifa etməyi bacaran müəllim İslam Respublikası quruluşunun indisi və gələcəyi üçün layiqli müəllimdir. Möhtərəm müəllimlərdən gözlənilən budur. Gənclərə diqqət yetirin. Məqsədim bu deyil ki, oturub siyasətçiləri onlara tanıtdırasınız. Xeyr, mən bununla əsla müvafiq deyiləm. Kimlərinsə adını çəkmək problemin həllinə kömək etmir. Onlarda təhlil qabiliyyəti yaradın, onlara iş bacarığı verin və işə həvəs aşılayın. Necə? Ümid verməklə, ümid bağışlamaqla. Sinfi, dərs otağını, universiteti gələcəyə ümid məkanı edin. Bir ölkədə bir nəslin başına gəlməsi mümkün olan ən pis bəla ümidsizlikdir. Yəni desinlər ki, cənab, faydasızdır. “Faydasızdır” düşüncəsi və gələcəyə ümidsizlik bütün fəaliyyətlər – ictimai-siyasi işlər, hətta elm və tədqiqat fəaliyyətləri üçün həlakedici zəhərdir. Təcrübi elmlərdə və müxtəlif fənlərdə böyük kəşfləri etmiş şəxslər nəticəyə ümidsiz olsaydılar, şübhəsiz, buna nail olmazdılar. Ümid insanı irəliyə aparan möhtəşəm qüvvədir. Bizim gəncimizi ölkəsinə, inqilabına, gələcəyinə, hökumətinə, universitetinə, elmi və peşə gələcəyinə ümidsiz etmək istəyirlər. Bu, çox zərərlidir. Bu, bizim düşmənlərimizin və quruluşun müxaliflərinin proqramlarında var. Mənim fikrimcə, əsaslı işlərdən biri budur: tələbələri həvəskar, ümidli və inkişafa inanan yetişdirin.


Tələbəyə ifadə imkanı yaratmaq

Müxtəlif ictimai, siyasi və elmi sahələrdə görülməsi lazım olan işlərdən biri də fikir bildirməsi üçün tələbəyə imkan yaratmaqdır. Fikir bildirməkdən qorxmaq lazım deyil. Universitetlərdə bizim təklif etdiyimiz azad düşüncə kürsüləri həyata keçməli və təşkil olunmalıdır. Əgər siyasi, ictimai, hətta düşüncə və din kimi müxtəlif sahələrdə mühüm ixtisaslı mövzular sağlam mühitlərdə və uyğun mövzuda güclü şəxslər tərəfindən incələnsə, daha ümumi və ictimai yerlərdə müzakirə olunmaz, bəlli ziyanlar da baş verməz. Adi camaatla üz-üzə gələndə hamı özünü qoruya bilmir. Adi camaatla üzləşmək insanları yayınmalara, tənəzzülə və çoxlu səhvlərə düçar edir. Təəssüf ki, biz bunlara şahid olmuşuq. Siz çoxlarını görürsünüz ki, adi camaat qaşrısında bəlkə də ürəklərində çox da inanmadıqları bir sözü deyirlər, bəzilərinin ifadəsincə desək, məclisə düşürlər. Bu, çox pis haldır. Əgər ixtisaslı, elmi və problemli məsələlər xüsusi çevrələrdə, azad düşüncə mühitlərində bəhs olunsa, şübhəsiz, az hallarda ziyanlı olar. Bu da bu məsələ barədə.


Universitet və mənəvi mühit

Bəzi dostlar mənəviyyat barədə danışdılar. Mən universitetin mənəvi mühit olması ilə tam razıyam. Bəzi dostların haqlı olaraq bəyan etdiyi bu təhlükəsizlik və təhlükəsizlik hissi mənəviyyatla əldə olunar. Bacardığımız qədər Allahla, Allahı yad etməklə, qeyb aləminə diqqətlə, dinin əsaslarına, hökmlərinə, şəriətə boyun əyməklə və ilahi hökmlərə təslim olmaqla gənclərin mənəvi tutumunu artırmalıyıq. Bizim gəncimiz nə qədər çox ibadətçi, nə qədər çox dindar olsa, Allahı nə qədər çox yad etsə, Allaha nə qədər çox ehtiyac duysa və Allaha sarı nə qədər çox ehtiyac əli uzatsa, əməli, rəftarı, düşüncəsi daha zərərsiz olar və cəmiyyət ondan daha çox faydalanar.

Ümidvarıq Allah-Taala sizə, bizə, bütün mömin kişi və qadınlara bu uğuru nəsib etsin ki, öhdəmizə düşən vəzifəyə əsasən yolu tanıyaq, hərəkət edək və ideal nəticələr əldə edək!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə