Vilayət bağçası yeddİncİ cİld


İnqilab, milli iqtidar və universitetlərdə mədəni fəaliyyətlər42



Yüklə 0,79 Mb.
səhifə21/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

İnqilab, milli iqtidar və universitetlərdə mədəni fəaliyyətlər42

Bismillahir-Rəhmanir-Rəhim.


Cənab Doktor Rəhbərin təklif etdiyi fəxri doktorluq barədə bir cümlə deyək. Bəli, bu universitetin bizə bu sevgini bildirməsi bir fəxrdir, lakin mən doktorluq adamı deyiləm. Bizim hövzə tələbəsi olmağımız yetər. Əgər hövzə əhdinə sadiq qalmağı bacarsaq, - biz yeniyetməlik və gənclik çağında Allah-Taala ilə bu əhdi bağlamışıq - mən bunu tərcih edərəm. Siz lütf göstərdiniz və bu bizim üçün fəxrdir, lakin mən sizin təklifinizi qəbul etmirəm. İnşallah, müvəffəq olasınız.
Xalqlar qarşısında missiyamız

Bir neçə məsələ haqqında danışaq. Əlbəttə, bunlar sizin bildiyiniz, özünüzün fikir sahibi olduğunuz və mənim də illərdir üzərində dayandığım məsələlərdir. Lakin geridə olduğumuza görə daha artıq işləməliyik. Gərək geridə olduğumuzu etiraf edək. Bizim ölkəmiz, inqilabımız, İslam Respublikası quruluşumuz bugünkü dünyada sıradan bir xalq və dövlət deyil. Əlbəttə, mən bir dəfə bir yerdə dedim ki, bizim torpağımız dünya ölkələrinin, əhalimizin sayı da dünya əhalisinin təxminən yüzdə biri qədərdir. Lakin müxtəlif məsələlərdə bizim işimiz yüzdə birə qane olmaq deyil. Bizim missiyamız var. Müsəlman İranın bunlardan böyük missiyası var. Təbii ki, haranısa zəbt etmək fikrimiz yoxdur; heç zaman və əsla. Müsəlman olan şəxsin əsla təsəvvürünə gəlməz ki, haranısa tutsun. Lakin məsələ bəşəriyyət qarşısında missiya məsələsidir. Bəşəriyyət bu gün ağır durumdadır. Bizim öz ailəmiz, şəhərimiz, vətənimiz qarşısında məsuliyyətlərimiz olduğu kimi, bəşəriyyət qarşısında da məsuliyyətlərimiz var. Əgər biz dünyada xalqın batil və təzyiq dolu bir siyasi sistemdə yaşadığını görsək, onları bu sistemdən qurtuluşa bir addım yaxınlaşdıra bilsək, amma yaxınlaşdırmasaq, günah etmiş olarıq. Əgər biz dünya əhalisinin mühüm bir hissəsinin aclıq çəkdiyini, fəlakətli yoxsulluğa düçar olduğunu görüb bir iş görə bilsək, amma görməsək, günah etmiş olarıq. Bəşəriyyət və dünya məsələlərinə bu baxışla baxmaq lazımdır. Əgər belədirsə, ölkə qüdrətli olmalıdır; gərək xalq və hökumət, quruluş və ölkə güclü, qüdrətli olsun. Əgər qüdrətli olmasaq, dünya qüdrətliləri bizə təsir göstərəcəklər, nəinki bütün bəşəriyyətə, heç öz qonşularımıza, yaxud məsləkdaşlarımıza da təsir imkanımız qalmayacaq. Deməli, güclənmək lazımdır. Bu güc şübhəsiz, hərbi texnikalarda deyil, hətta texnoloji inkişafda və istehsal gücündə də deyil.


Milli güc yaratmağın şərtləri

Milli güc yaratmaq üçün mənim fikrimcə, birinci dərəcəli əhəmiyyətə malik olan iki amil var: biri elm, biri iman. Elm güc amilidir; həm bu gün, həm də tarix boyu. Gələcəkdə də belə olacaq. Elmin özü qüdrət amilidir, sərvət, hərbi və siyasi güc yaradandır. Bir hədisdə buyurulur: “Elm qüdrətdir; kim ona malik olsa, üstün gələcək və kim malik olmasa, ona üstün gələcəklər”.43 Yəni məsələnin iki tərəfi var. Əgər elmli olsanız, üstün sözü deyə bilərsiniz, elminiz olmasa, orta hədd yoxdur, üstün əl sizin üzərinizə qoyulacaq; müqəddəratınıza, taleyinizə müdaxilə edəcəklər. İslamın bilgi xəzinəsi bu sözlərlə doludur. Bir amil də imandır. İman başqa bir geniş mövzudur.


İnqilab və ölkənin inkişafları

Buna əsasən, elm üzərində təkid lazımdır. Qeyd etdikləri bu inkişaflar İslam inqilabından irəli gələn azadlıq və azadfikirlilik sayəsində yaranan çox mühüm inkişaflardır. Biz tağut dövründə, diktatura rejimində yaşasaydıq, şübhəsiz, bu, baş verməzdi. O zaman diktatura da vardı, asılılıq da. Bir zaman diktatura olur, amma inkişaf da olur; məsələn, zirvədə Napoleon kimi birisi durur. O, dövrünün diktatorudur, lakin Elmlər Akademiyasi təsis edir. Fransada Napoleonun 14-15 illik hakimiyyəti dövründə yaranan böyük elmi inkişaflar bəlkə də ondan sonrakı 70-80 ildə yaranmadı. Fransalılar hələ də bu inkişafla fəxr edirlər. Napoleon hər halda, ağıllı, işgüzar, dərrakəli adam idi və yanında düşüncəli insanlar vardı. Bir zaman isə diktatura olur, amma asılılıqla və köləliklə birgə. Bu bizim uzun illər düçar olduğumuz vəziyyət idi; Pəhləvilər dövründə bir cür, Qacarlar dövründə başqa cür. Qacarlar dövründə də biz başqa cür asılı idik. İndiki inkişaf İslam inqilabının səmərəsidir. Əgər biz bu inkişafın davam etməsini istəyiriksə, çox çalışmalıyıq. Universitet bu sahədə əsas rola malikdir.


Tehran universiteti

Xüsusən Tehran universiteti barədə bunu deməyim pis olmaz. Mən universitet mənsubu deyiləm, lakin universitet və tələbə ilə qədimdən əlaqəm olmuşdur. Mən bəzən hansısa bir işə görə Tehran universitetinə gedəndə doğma bir mühitə daxil olduğumu hiss edirdim. Baxmayaraq ki, mühit ozamankı görkəm baxımından bizim geyimimizlə, əmmaməmizlə əsla uyğun gəlmirdi, lakin insan özünü doğma bir mühitdə hiss edirdi. Bizim kimi digər dostlar da belə hiss edirdilər. Bəlkə də bu səbəb oldu ki, imamı qarşılamağa məsuliyyətli şəxslər onun gəlişinin təxirə düşməsindən sonra piket üçün Tehran universitetini seçdilər. Bu, sırf bir təsadüf deyildi, universitetlə, xüsusən də bu universitetlə mənəvi bir əlaqəni göstərirdi.

Mən unutmuram, o zaman mərhum Behişti ilə ikimiz universitetin şərq qapısından daxil olduq, indi də Allahın lütfü ilə sağ olan əziz dostlardan və möhtərəm alimlərdən biri öncə oraya getdi, razılaşdı və universitetin şərq qapısını açdılar; çünki əsas qapı olan cənub qapısını bizə açmırdılar. Biz oradan universitetə daxil olduq, onun məscidinə getdik. Mən məscidin arxasındakı otağa daxil oldum. Orada kiçik bir otaq var idi; bilmirəm indi də var, yoxsa yox. Orada yerləşdik və ilk gündən piket bülleteninin nəşrinə başladıq. Onun bir neçə sayı ilk gündən orada nəşr olundu. Bu ünsiyyət və əlaqələrin zehniyyətlərdə, keçmişlərdə kökü var. Yəni həm bizim universitetə qarşı nikbin və müsbət baxışımız vardı, həm də universitet bizə doğma idi. Sonra da güman ki, eyni dəlilə görə Tehran universiteti cümə namazının yeri seçildi. Tehranda ayrı cür də etmək olardı, amma Tehran universitetinin çəməni cümə namazının qılındığı yer oldu. İndi də cümə günlərində səmimi xalqın sığınacaq və müraciət yeri Tehran universitetidir. Bu, çox mühüm məsələdir.

İnqilabın birinci və ikinci illərində mən həftədə bir dəfə Tehran universitetinə gedib tələbələrlə görüşür, söhbət edirdim. Universitetin məscidindəki müntəzəm fəaliyyətim, zənnimcə, bir ildən çox sürdü. Tehran universitetinə gedib məsciddə tələbələrlə söhbətləşir, suallara cavab verirdik. Allaha şükür olsun ki, Tehran universiteti elmi baxımdan mərkəz və öncül olduğu kimi, din, mənəviyyat və inanc baxımından da diqqətəlayiq bir mərkəzdir. Bunun qədrini bilmək lazımdır.


Ehtiyac və inkişaflar

İxtiradan söhbət düşdü. İndi bir qədər ixtira olunmuş və yeni işlər görülmüşdür. İnkişafları mən bəlkə də daha yaxşı bilirəm. Çünki müxtəlif yerlərdən bizə çoxlu məlumatlar çatır. Amma mən həqiqətən, razı deyiləm və elmin bu qədər inkişafı qaneedici deyil. Bu sözü yalnız belə məclislərdə demək olar. "Bu qədər inkişafla razı deyilik" sözünün mənası o deyil ki, biz bacarırdıq, amma etmədik. Xeyr, heç kəs təqsirkar olmaya da bilər; ola bilsin, bundan artığı imkansız imiş. Lakin hər halda, qaneedici deyil. Bizim hələ çatmalı olduğumuz yerlə məsafəmiz çoxdur. Mən artıq şey gözləmirəm. Mən demirəm ki, mütləq on ilə, yaxud iyirmi ilə dünya elminin ilk sıralarına çataq. Lakin bizim məqsədimiz bu olmalıdır, ölkə isə elmi əsarətdən tam şəkildə əlli il ərzində də çıxa bilər. Elm istehsalının mənası budur. Elmin istehsalı digər istehsallar kimi deyil. Onun üçün çoxlu hazırlıq görülməlidir. Lakin hər halda, elmi genişləndirib inkişaf etdirməli, onun dərinliyinə çatmalı və yeni elmlər əldə etməliyik. Bəşər üçün mümkün elmlər yalnız bu gün əldə edilənlər deyil. Şübhəsiz, elə elmlər var ki, bəşər sonralar onları kəşf edəcək; necə ki, çoxlu elmlər yüz il öncəyə qədər yox idi. Yüz il öncəyə qədər burada danışılan humanitar elmlərin çoxundan əsər-əlamət yox idi. Nə elm vardı, nə o sahələrdə elmi tədqiqat vardı; sonradan yarandı. İnsanın inkişaf qabiliyyəti, eləcə də dünyanın tanınma qabiliyyəti olduqca çoxdur. Biz elə yerə çatmalıyıq ki, bu sahələrdə mümkün qədər irəliləyək, anlayaq və əlbəttə ki, elmi insan səadətinə vasitə edək. Dinin – yəni İslamın elmə baxışı ilə maddi dünyanın elmə baxışının fərqi bundadır. Biz elmi bəşərin səadəti, inkişafı, çiçəklənməsi, ədalətin və digər qədim arzuların bərqərar olunması üçün istəyirik.


İslam və ədalət

Dəfələrlə demişik ki, ədalət bəşərin qədimdən arzusu olmuşdur. Ən qədim dövrlərdən insanlar ədalətsizlikdən əziyyət çəkmişlər. Bu gün dünyada ədalətsizlik var: modern ədalətsizlik, silahlı ədalətsizlik, etirazın mümkün olmadığı ədalətsizlik! Bu gün dünyada elə ədalətsizliklər var ki, heç kim bunlara etiraz edə bilmir. Etiraz edən kimi elmi vasitələrlə, elmi imkanlarla, bu gün günbəgün inkişafda olan informasiya texnologiyaları ilə hər bir etiraz səsini boğurlar. Siz görün bu gün İslam Respublikasına qarşı nə etməkdədirlər! Məgər İslam Respublikası nə deyir?! Məgər nə istəyir?! İslam Respublikası əleyhinə bu qədər təbliğat, maneə və təxribat nə üçündür? İslam Respublikası nə ölkə zəbt etmək fikrindədir, nə xalqlara zərər yetirmək. O, insanın mənəvi səadətinə iddialıdır, bəşəriyyətə sözü var. Bunu bilirlər. Məhz buna görə bu qədər təzyiq göstərir və çətinlik yaradırlar. Bu gün belə bir ədalətsizlik mövcuddur. Elm bu ədalətsizliklə vuruşmalıdır. Bu gün elm bu ədalətsizliyin xidmətində durur. Bu gün elm ən zalım insan və cəmiyyətlərin xidmətində durur. Buna son qoymaq lazımdır. İslamın elmə baxışı şərafətli, təmiz, hər bir nəfsi istəkdən uzaq mənəvi baxışdır. Biz elmi bunun üçün istəyirik və bunun üçün çalışmalıyıq.


Mədəniyyət və universitet

Məncə, mühüm olan bir məqam budur ki, universitet daxilində mədəniyyət məsələsinə çox diqqət yetirmək, çox əhəmiyyətli yanaşmaq lazımdır. Düzdür, universitetin əsas missiyası elmdir; buna şübhə yoxdur. Lakin qeyd etdiyimiz baxış tələbədə əvvəldən yaranmalıdır və bu, mümkündür.

İndi cənabların biri buyurdu ki, bütün xalqda həmrəylik yaranmalıdır. Bəli, bu ideal bir şeydir, amma asan deyil. Onun üçün hazırlıq işləri lazımdır. Bizim qeyd etdiyimiz iş – yəni əvvəldən tələbənin mədəni tərbiyəsi isə mümkün bir işdir. Universitetlərin əsaslı idarəçilikləri bu məqsədi proqramla təmin edə bilərlər. Bu məqsəd dərs vəsaitində, müəllim seçimində, tələbə üçün hazırlanan müxtəlif proqramlarda təmin oluna bilər. Lakin bu, çox zərif işdir.
Elm öyrənmək mədəniyyəti

Mədəniyyət məsələsinə tədbirlə yanaşmaq lazımdır. Elm öyrənməyin özü bir mədəniyyətdir. Əgər biz universitetdə bir mədəni məsələyə diqqət yetirsək, o zaman həm bizim tələbəmiz elmə həvəslənər, yalnız diplomun yox, elm və tədqiqat ardınca gedər, həm də müəllimimiz sinifdə necə gəldi dərsini demək halından çıxar. Universitetlərin özündən bizə məlumat verirlər ki, bəzi müəllimlər dərsləri başlarından edirlər. Halbuki müəllimdə elmə eşq və həvəs, tələbə yetişdirməyə maraq olmalıdır.


Müəllimin tələbə ilə əlaqəsi

Müəllim ata və qardaş kim rəftar etməli, öz tələbəsini buraxmamalıdır. Bu vəziyyət xoşbəxtlikdən, indi bizim elm hövzələrimizdə var. Bizim elm hövzələrimizin ənənələrindən biri budur; müəllim şagirdin soruşması, tədqiqat aparması və kömək istəməsinə tam hazırdır. Bəzi müəllimlər dərs yerindən çıxanda tələbələr onlarla birgə evlərinə qədər gedirlər, orada da oturub soruşurlar, mübahisə edirlər, bir saat, yaxud saatlarla vaxtı buna sərf edirlər. Bu, yaxşı haldır. Bunun bir mədəniyyət kimi formalaşdırılmasına ehtiyac var. Bu, bir mədəni işdir və əmrlə baş tutmur.


Müəllimin uğurları

Siz bilirsiniz ki, mən ildə bir neçə dəfə universitet mənsubları və möhtərəm müəllimlərlə görüşürəm. Müəllimin öz otağında gözləməsini və tələbənin dərsdən sonra ona müraciət etməsini, ondan soruşmasını dəfələrlə demişəm. Bəzən universitet mənsublarının özləri bunu demiş və təkrar etmişlər. Hökumət də dörd-beş il öncə bu barədə bəzi qərarlar qəbul etdi. Siz də, mən də bilirik ki, o qərarlara düzgün əməl olunmur. İşin qüsuru həmin mədəni problemdədir. Yaxud bəzi cənablar çıxışlarında işarə vurdular ki, tədqiqatçılarımızda tədqiqat həvəsi var. Bu, çox mühüm haldır. Bəşərin ən böyük ixtiraları tədqiqatçının araşdırması, diqqəti və fədakarlığı ilə əldə olunan ixtiralardır, sifarişlə və pulla olunanlar yox. Bəzən o tədqiqatçı çox çətin şəraitə düşmüş, uzun illər vaxt sərf etmiş və nəhayət, nəticə əldə etmişdir. Əlbəttə, nəticə əldə edəndən sonra məşhurlaşmış, pul da qazanmışdır. Lakin əsas amil tədqiqata, araşdırmaya həvəs, maraq və meyl olmuşdur. Bu, lazımlı mədəniyyətdir. Bu mədəniyyəti formalaşdırmaq lazımdır.


Universitetin milli xislətlərə dair vəzifələri

Bilirsiniz ki, xalqların milli xislətləri var. Bəzi xalqların ümumi xisləti, bəzi xalqların tarixə, coğrafiyaya və iqlimə aid və müxtəlif amillərlə bağlı xislətləri var. Biz xalqımızda tədqiqat və araşdırmaya həvəs, meyl, yorulmazlıq və fəallıq yaratmalıyıq. Bu ruhiyyə azdır, yoxdur. Burada deyilən kollektiv iş də belədir. Kollektiv iş bizim milli xislətlərimizdən deyil. Siz bizim idmanlarımızı avropalıların idmanları ilə müqayisə etsəniz, görərsiniz ki, belədir. Bizim milli idmanımız fərdi idman növü olan güləşdir. Hətta qədim kollektiv idmanımızda da hər kəs özü üçün məşq edir. Bilirsiniz ki, zorxana dairəsinə gedəndə kollektiv iş görülmür; bir yerdə bəzi hərəkətlər edirlər və hər kəs öz idmanını edir. Futbol, yaxud voleybol kimi deyil ki, birinin işi o birinin işini təkmil etsin. Bu, bizim milli nöqsanımızdır. Bunu düzəltmək lazımdır. Bu da universitetin işidir. Bu baxımdan, universitet elmdən əlavə mədəniyyət məsələsini də bilməlidir.


Gənclərin potensialları

Biz tələbəni dözümlü, qane, işə, tədqiqata meylli, kollektiv işə həvəskar, bağışlayan, ağlını hissiyyata qalib edən, insaflı, zamanını tanıyan və işçi vicdanına sahib də yetişdirə bilərik, onda bu xüsusiyyətlərin əksini də yarada bilərik. Universitetin ixtiyarına keçən bu 18-19 yaşlı gənc həqiqətən, bu tərbiyəyə qabiliyyətlidir. Xüsusən bakalavr pilləsində bu məsələ üzərində həqiqətən, düşünmək və buna proqram hazırlamaq olar. Siz bu əxlaqi xüsusiyyətlərə malik bir nəsil yarada bilərsiniz. Bunun üçün də proqram hazırlamaq lazımdır. Bu da elanla, əmrlə və bu kimi məsələlərlə düzəlmir.


Dini iş

Mədəni işin mühüm bir hissəsi də dini işdir; dinlə, ibadətlə ünsiyyət yaratmaq, ibadətin ləzzətini daddırmaq. Pəhləvi dövrünün pisliklərindən biri budur ki, o zamandan aparıcı təbəqələri dini məsələlərdən - Qurandan, Səhifeyi-Səccadiyyədən, Nəhcül-bəlağədən uzaqlaşdırdılar. Eyni vəziyyət inqilabdan sonra da təxminən davam etdi. İnqilabdan otuz il - yəni bir nəsil ötmüşdür və çoxlu işlər görmək olardı. Biz isə eyni prosesi davam etdirmişik.


Quran və dualarla ünsiyyətin dini inanca təsiri

Əziz dostlar! Mən sizə deyirəm: Quranla ünsiyyət, Quranda təfəkkür, həmçinin Səhifeyi-Səccadiyyə və bir çox dualar kimi etibarlı dualar üzərində düşünmək dini inancın dərinləşməsində böyük rola malikdir. Dini inancı dərinləşdirmək çox mühüm məsələdir. Bir zaman bir şəxsin hissiyyat üzündən camaat namazında, etikafda, İmam Hüseyn (ə) əzadarlığında, hansısa dini tədbirdə iştirak etməsi, lakin bu inancın onun ruhuna hopmaması mümkündür. Odur ki, bir döngədə, bir çuxurda bir də görürsünüz ki, yerindən çıxır. Bu ondan ötrüdür. Biz bunun oxşarlarını çox görmüşük. İnqilabın əvvəllərində inqilabçılar arasında elələri vardı ki, saqqalı və əmmaməsi olan bizlərdən daha dindar, daha ehtiyatlı, daha sədaqətli və dinə qarşı daha təəssüblü nəzərə çarpırdılar. Sonra birdən qeyd etdiyim kimi bir çuxur qarşıya çıxdı, bir də gördük ki, şini yerindən çıxdı; bəlli oldu ki, rəzəsi möhkəm olmayıb. Buna əsasən, dini inancın dərinliyi çox əhəmiyyətli məsələdir. İslam bilgiləri ilə ünsiyyət çox mühüm məsələdir. Bu da təbliğat işində vacib amildir. Bunlarla kimsə məşğul olmalıdır. Məşğul olanlar da sizsiniz, başqa heç kəs deyil. Yəni tədqiqat qruplarının siz müdirləri, rəisləri bu işi yerinə yetirməlisiniz. Bunun üçün oturub fikirləşməlisiniz. Bunlar çox mühüm məsələlərdir.


Universitetdə siyasi iş

Başqa bir məsələ də universitetlərdə siyasi iş məsələsidir. Bilirsiniz ki, mən qədimdən universitetdə siyasi ruhun dirçəlməsinin tərəfdarı olmuşam. Bu, gəncə həvəs verir. Bizə həvəskar gənc lazımdır. Siyasətdən uzaq olan, tamamilə kənarda qalan bir universitet həvəssiz və bundan əlavə, təhlükəli düşüncə və rəftar mikroblarının inkişafı üçün münbit yer olar. Bu baxımdan, universitetdə siyasətin olması yaxşı və vacib məsələdir. Lakin universitetin siyasi olmasının, yaxud universitetdə siyasətin olmasının mənası səhv anlaşılmamalıdır. Mənası bu deyil ki, universitet siyasi cərəyanların, siyasi qurum və ünsürlərin siyasi məqsədləri üçün mərkəz olsun. Belə olmamalıdır. Buna mane olmaq lazımdır. Yəni bu artıq elə bir şeydir ki, idarəçilik və sizin güc işlətməyiniz lazımdır. Belə olmasına qoymayın. Əgər belə olsa, tələbə əlinizdən çıxar və bir sui-istifadəçi gəlib öz işini görər. Buna çoxlu misallar göstərmək olar, ancaq daha bundan artıq açıqlamaq istəmirəm. Məsələn, gəlib insanın gənc uşağını evdən oğurluq işinə qoşsunlar, o da oturub eləcə tamaşa etsin?! Belə olmaz. Bunun üçün də xüsusən Tehran universitetində proqram olmalıdır.


Bizim sayıqlığımız və düşmənin sayıqlığı

Bəzi adamlar “düşmən” sözü üzərində həssasdırlar ki, siz nə üçün deyirsiniz “düşmən”?! Nə üçün bunu çox təkrarlayırsınız?! Biz bu qədər təkrarlayarkən bəziləri unudur və düşmənin onlarla nə iş gördüyünü anlamırlar. Bu qədər deyirik də olmur, deməsəydik, nə olardı?! Siz görün Quranın əvvəlindən axırına qədər Allah-Taala nə qədər şeytanın, şeytansifətlərin, İblisin, Fironun, Nəmrudun, Qarunun və İslam dövründəki Peyğəmbər düşmənlərinin adlarını çəkmişdir, bunlar Quranda nə qədər təkrar olunmuşdur! İblisin və şeytanın əhvalatı Quranda dəfələrlə təkrar olunmuşdur. Allah-Taala bunu bir dəfə deyə bilərdi və məlumat üçün yetərdi. Bu ondan ötrüdür ki, heç zaman düşmənin hiyləsini unutmaq olmaz. Əmirəlmöminin buyurmuşdur ki, əgər siz səngərdə yatmısınızsa, bu, qarşınızda olan düşmənin də yatması anlamına gəlmir.44 Xeyr, ola bilsin, sizi yuxu aparıb, o isə oyaqdır, evinizi yıxar; yaddan çıxarmamalısınız, amma görürsünüz ki, yaddan çıxır.

Allah sizlərə uğur versin, yardım etsin! Həm siz öhdənizə düşən işləri görə biləsiniz, həm biz! Allahın yardımı ilə hər bir iş mümkündür; möhkəm iradə və əzmkarlıqla hər şey mümükündür. Xoşbəxtlikdən, bu illərdə bunların hamısını müxtəlif sahələrdə təcrübə etmisiniz; həm siyasi, həm elmi, həm də digər sahələrdə bunları imtahan etdik. Harada möhkəm iradə işlətdiksə, Allaha etimad etdiksə, Allah-Taala yolları bizim üzümüzə açdı. Ümidvarıq inşallah, bu şəfəq ongünlüyü sizə və İran xalqına mübarək olsun, Allah imamın və şəhidlərin pak ruhlarını övliyarları ilə birgə və dövrün imamının müqəddəs qəlbini bizdən razı etsin!

Allahın salamı və rəhməti olsun sizə!



1 Fars vilayətinin müəllimləri ilə görüşdə çıxışı: 2 may 2008.

2 "İsra"/39.

3 Şiraz universitetlərinin müəllim və tələbələri ilə görüşdə çıxışı: 4 may 2008.

4 Fars vilayətinin yüzlərlə elm xadimi və ziyalıları ilə görüşdə çıxışı: 7 may 2008.

5 Universitetlərin gənc elmi nümunələri ilə görüşdə çıxışı: 27 avqust 2008.

6 Mübarək ramazan ayının 15-də şairlərlə görüşdə çıxışı: 17 sentyabr 2008.

7 Elmi nümunələr və universitet müəllimləri ilə görüşdə çıxışı: 25 sentyabr 2008.

8 Elmi nümunələr və universitet tələbələri ilə görüşdə çıxışı: 29 sentyabr 2008.

9 İmam Əli (ə) adına Hərbi universitetdə çıxışı: 20 oktyabr 2008.

10 13 Aban hadisəsinin ildönümü ərəfəsində şagirdlərlə və müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışı: 30 oktyabr 2008.

11 Ümumrespublika Namaz Konfransının on yeddinci iclasının iştirakçıları ilə görüşdə çıxışı: 20 noyabr 2008.

12 Həcc/41.

13 Sənai Qəznəvi.

14 Ənkəbut/45.

15 "İləl əş-şərai", c. 2, səh: 356.

16 Nisa/142.

17 Nisa/162.

18 Elm və sənaye universtetinin müəllim-tələbə kollektivi ilə görüşdə çıxışı: 15 dekabr 2008.

19 İmam Hüseyn (ə) universitetinin məzuniyyət mərasimində çıxışı: 15 aprel 2009.

20 Səff/8.

21 Kürdüstan vilayətinin müəllim və tələbələri ilə görüşdə çıxışı: 17 may 2009.

22 Əraf/32.

23 Tələbələr və elmi nümunələrlə görüşdə çıxışı: 26 avqust 2009.

24 Universitet müəllimləri ilə görüşdə çıxışı: 30 avqust 2009.

25 Şairlərlə görüşdə çıxışı: 5 sentyabr 2009.

26 Əhzab/39.

27 Fəth/7.

28 Yenə orada.

29 Müqəddəs müdafiəyə dair incəsənət fəalları ilə görüşdə çıxışı: 15 sentyabr 2009.

30 Noşəhr şəhərinin Dənizçilik institutunda çıxışı: 6 oktyabr 2009.

31 Qadınlardan ibarət Quran tədqiqatçıları ilə görüşdə çıxışı: 20 oktyabr 2009.

32 Təhrim/11.

33 Təhrim/12.

34 Təhrim/10.

35 "Fəzail əl-xəmsə", c. 1, səh: 117.

36 Bəqərə/26.

37 Tövbə/125.

38 Ölkənin elmi nümunələri ilə görüşdə çıxışı: 28 oktyabr 2009.

39 Zümər/17-18.

40 13 Aban ərəfəsində şagirdlərlə görüşdə çıxışı: 3 noyabr 2009.

41 Həcc/40.

42 Təhsil naziri və Tehran universitetinin müəllimləri ilə görüşdə çıxışı: 2 fevral 2009.

43 "Şərh Nəhcül-bəlağə", c. 20, səh: 319.

44 Nəhcül-bəlağə, məktub: 62.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə