Vilayət bağçası yeddİncİ cİld


İranlı milliyyətlər, inkişaf və ədalət21



Yüklə 0,79 Mb.
səhifə12/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

İranlı milliyyətlər, inkişaf və ədalət21

Bismillahir-Rəhmanir-Rəhim.


Ümidli və məqsədli gənclər

Bu universitetdə siz gənclərlə, tələbələrlə və alimlərlə keçirilən bu məclis çox səmərəli və ümidverici məclisdir. Gənclərin toplantısı xüsusən universitetdə, tələbə, müəllim və alimlərlə keçirildikdə danışan, dinləyən və bütün ölkə üçün müjdəçi olur. Mən tələbə təbəqəsi ilə tanışam. Allaha şükür olsun ki, uzun illər onlarla əlaqəmiz olmuşdur və inşallah, yenə də olacaq. Tələbələrin inkişaf istəyən, yenilikçi, həvəskar və təravətli ruhiyyəsi ilə tanışam. Lakin bu izdiham, xüsusən də bizim əzizlərimizin - tələbələrin, gənclərin və müəllimlərin burada danışdığı sözləri dinləmək insana daha çox müjdə verir. Bu ruhiyyəyə və bu həvəskarlığa əsasən, əminik və hamı əmin olsun ki, İslam Respublikası quruluşunun sabahı bu günündən dəfələrlə mütərəqqi və yaxşı olacaq. Necə ki, biz inqilabın ilk günündən indiyə qədər Allahın lütfü ilə heç bir an dayanmamışıq, həmişə irəliləmişik. Mənim proqnozum budur ki, gələcək illərdə sizin bu gənclik oyanışınız və insanın gənc nəsildə müşahidə etdiyi elmə, amallara diqqət və məsuliyyət hissi sayəsində bu sürət daha da artacaq. Mən bəzi adamların təəssübkeşlik və bəzilərinin xəbərsizlik üzündən müəyyən yerlərdə gənc nəsli amallardan üz çevirmiş nəsil kimi göstərən mənfi sözlərinə heç zaman inanmamışam və inanmayacağam. Bizim gəncimiz irəliyə doğru gedir, məqsədlidir, ümidlidir, əsaslıdır və inşallah, gənclik qüvvəsi ilə bu ağır işlərin öhdəsindən gələcək.

Qabaqcadan nəzərdə tutduğum sözləri deməzdən öncə dostların burada buyurduğu məsələlərə fikir bildirmək istəyirəm. Ümumi olaraq ürəkaçan sözlər deyildi, göstərilən çıxış yolları düzgün və faydalı yollardır. Çoxu da elm, texnologiya, universitet, laboratoriya məsələləri, keyfiyyəti artırmaq, elmə əsaslanan sənayeyə dəstək barədə müxtəlif təkliflər və bu qəbildən olan sözlərdir. Biz bunların hamısını təsdiq edirik. Bu çıxışlarda yeni məqamlar da vardı. Mən ümidvaram burada iştirak edən cənablar - hörmətli Təhsil naziri, hörmətli Səhiyyə naziri və prezidentin elm məsələləri üzrə hörmətli müavini bu məqamlara diqqət yetirsinlər: həm elmi nümunələri cəlb etmək, həm lazımi əlaqələr, həm də deyilən digər təkliflər barədə. Mənim fikrimcə, çox yaxşı təkliflər idi və hamısına diqqət yetirilməlidir. Mən inşallah, səfərdən qayıtdıqdan sonra aidiyyətli qardaşlardan istəyəcəyəm ki, bu təkliflərin mümkün həddə icrası barədə məlumat versinlər.
Formal və dayaz işlərin tələbəyə zərəri

Bu əziz qızımız Tələbə parlamenti barədə təklif irəli sürdü. Qəşəng addır; lakin formal işlər nə tələbənin problemini həll edir, nə ölkənin. Gərək bacardıqca zahiri, dayaz, formal və şüar xarakterli işləri azaldıb əsaslı, həqiqi və həlledici işlərə diqqətimizi artıraq. İndi fərz edin, Tələbə parlamenti yarandı. Siz görün bu parlamentin seçkiləri ölkə tələbələrinin nə qədər vaxtını alacaq; hansı universitetdən, hansı şəhərdən, hansı təmayüllə, hansı düşüncə, yaxud siyasi istiqamətlə; çəkişmələr və sair. İndi bizim səyimiz budur ki, elm ocaqlarında elm və tədqiqat həvəsini bacardıqca artıraq. Sonra əziz qızımız dedi ki, bu parlamentin icra səlahiyyətləri də olsun. Əgər parlamentdirsə, icra səlahiyyətləri nə üçündür?! Həm qərar çıxarsın, həm də özü icra etsin?! Bu məsələni universitetlərin daxilinə çəkməklə görün universitetlərin başına nə gələcək! Mən tələbəyə diqqətlə, tələbənin sözünü dinləməklə, tələbəyə nəvaziş göstərməklə və kömək etməklə yüz faiz müvafiqəm, lakin yolu bunlar deyil. Bu əziz qızımız çox qəşəng, gözəl və həyəcanlı çıxış etdi. Biz qocalar bir gəncin həyəcanla danışdığını eşitdikdə sanki gənclik hissi keçiririk. Bundan əlavə, dedi ki, bu parlament səsi məmurların qulağına çatdırsın. Mənim fikrimcə, Tələbə parlamentindən yaxşısı indi sizin iştirak etdiyiniz bu məclisdir. Belə məclisləri artırın. Mənim universitetlərə getməyimin səbəblərindən biri - mən hər səfərdə tələbələrlə mütləq bir görüşün keçirilməsini istəyirəm, Tehranda da bəzən universitetlərə baş çəkirəm - budur ki, məmurların ayağı universitetlərə açılsın və tələbələrlə üz-üzə söhbət etsinlər. Bu gün sizin burada danışdığınız sözlər radio və televiziyadan yayımlanacaq və bütün ölkədə işıqlandırılacaq. Məsul bir şəxs kimi mənim qulağıma çatdı, universitet məmurlarının qulağına çatdı, digər məmurların qulağına da çatacaq. Bundan yaxşı nə ola bilər?! Belə səmimi və açıq tələbə məclislərini bacardığınız qədər çox keçirin; sözsüz ki, komplimentləri azaltmaqla. Mən bəzi dostların burada bu kiçik bəndə barədə mübaliğəli sözlər deməsinə razı deyiləm. Qoyun əlaqələr bir qədər daha səmimi və daha təbii olsun: tələbələr sözlərini danışsınlar, məmurlar dinləsinlər, bəzən məmurların da tələbələrə bir sözü olur, onu desinlər. Hər halda, məclis çox yaxşı məclis idi. Mən çıxış edənlərin hər birinə təşəkkür edirəm.


İnkişaf və ədalət mövzusu

Mənim demək istədiyim mövzu gəncin və tələbənin təbiəti ilə tam uyğun olan və gələcəyə aid bir mövzudur. Çünki gələcək sizə məxsusdur. Biz bu gün gələcək barədə nə qədər danışsaq, həqiqətən, sizə aid olan, sizin real varlığınızın təyinedici və həlledici olacağı bir zamana baxmaq, danışmaq və nəzər salmaqdır. Gələcək barədə olan bu mövzu artıq başlanmış olan dördüncü onilliyin şüarı məsələsidir - yəni inkişaf və ədalət. Elan etmişik ki, bu onillik inkişaf və ədalət onilliyi olsun. Sözsüz ki, deməklə və elan etməklə nə inkişaf hasil olur, nə də ədalət. Lakin izah etməklə, təkrarlamaqla, iradə və əzmkarlıqları möhkəmlətməklə həm inkişaf hasil olur, həm də ədalət. Biz inkişaf və ədalət məsələsini dördüncü onillikdə milli bir müzakirə mövzusuna çevirmək istəyirik. Hamılıqla onu istəməyincə layihə, proqram və reallaşma işləri görülməyəcək, məqsədə də çatmayacağıq. Gərək izah olunsun. Mən bir qədər bu inkişaf məsələsi barədə söhbət edəcəyəm. Ədalət məsələsi də başqa bir geniş mövzudur.

Öncə mövzunun ümumi formasını deyirəm və çalışacağam ki, bacardıqca qısa və konkret danışım. Bugünkü mövzunun ümumi forması budur: Bəzi inkişaf xüsusiyyətlərini deyəcəyik ki, təsəvvürümüzdə inkişaf barədə olan ümumi görüntü aydınlaşsın. Mövzunun əsas hissəsi də budur. Sonra inkişafın bəzi ehtiyaclarını, yaxud zəruri ehtiyaclarını sayacağıq. Sonra da vaxt qalsa, bu yolda bəzi maneələrə və bizə əngəl törətməsi mümkün olan bəzi təhdidlərə toxunacağıq.
İnkişafın özəllikləri

Birinci məsələ - yəni inkişafın ümumi görüntüsünü təsvir etmək məsələsi barədə bir neçə məqama toxunacağam.

Birinci məsələ budur ki, biz “inkişaf” dedikdə bu, Qərbdə işlənən mənada anlaşılmamalıdır. Bizim leksikonumuzda işlənən “inkişaf” sözünün xüsusi mənası var. Bu, Qərbdə işlənənlə səhv salınmasın. Qərblilər uzun illər fərasətli bir təbliğat taktikası işlətmişlər. O da budur ki, dünyanı inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrə bölmüşlər. Bəli, ilk mərhələdə insan elə bilir ki, inkişaf etmiş ölkə texnologiyaya və mütərəqqi elmə malik ölkədir; inkişaf etməyən və inkişaf etməkdə olan da həmin nisbətlə. Halbuki belə deyil. "İnkişaf etmiş" və onun ardınca gələn "inkişaf etməkdə olan" və "inkişaf etməmiş" sözlərində bir dəyərləndirmə vardır. Əslində, "inkişaf etmiş ölkə" deyəndə məqsədləri bütün xüsusiyyətlərinə - mədəniyyətinə, adət-ənənələrinə, rəftarına və siyasi istiqamətinə malik olan Qərb ölkəsidir; bu, inkişaf etmişdir. İnkişaf etməkdə olan ölkə qərbləşmə halında olandır. İnkişaf etməyən ölkə isə qərbləşməyən, yaxud qərbləşmə halında olmayan ölkədir. Belə izah etmək istəyirlər. Əslində, bugünkü Qərb mədəniyyətində ölkələrin inkişafa həvəsləndirilməsi onların qərbləşməyə həvəsləndirilməsidir. Buna diqqət yetirməlisiniz. Bəli, inkişaf etmiş Qərb ölkələrinin rəftarında, işində, üslubunda müsbət cəhətlər var; ola bilsin, bəzilərinə işarə vurum. Əgər lazım olsa, biz bunları öyrənərik. Əgər lazım olsa, şagirdlik də edərik. Lakin bizim fikrimizcə, onda antidəyərlər toplusu da var. Odur ki, biz qərbləşməyi, yaxud Qərb mənasında olan inkişafı əsla qəbul etmirik. Bizim istədiyimiz inkişaf başqa bir şeydir.
İnkişaf örnəyi

İkinci məsələ budur ki, inkişafın bütün ölkə və cəmiyyətlər üçün vahid örnəyi yoxdur. İnkişafın bir mütləq mənası da yoxdur. Müxtəlif tarixi, coğrafi, geosiyasi, təbii, humanitar şəraitlər, zaman və məkan şəraitləri inkişaf modellərinin yaranmasına təsir göstərir. Bir inkişaf modelinin bir ölkə üçün ideal, lakin başqa bir ölkə üçün uğursuz olması mümkündür. Buna əsasən, vahid model yoxdur ki, onu tapaq və bütün hissələrini ölkəmizdə icra edək. Belə bir şey yoxdur. Bizim ölkəmizdə inkişafın bizim tarixi, coğrafi şəraitimizə, torpaq və məmləkətimizin vəziyyətinə, xalqımızın durumuna, adət-ənənələrimizə, mədəniyyətimizə və irsimizə uyğun olan özəl örnəyi var; onu axtarıb-tapmalıyıq. O örnək bizi inkişafa çatdırar, digər nüsxələr isə işə yaramaz. İstər Amerika inkişaf nüsxəsi, istər Qərbi Avropa inkişaf nüsxəsi, istər fərqli bir növ olan Şimali Avropa, Skandinaviya inkişaf nüsxəsi – bunların heç biri bizim ölkəmizin inkişafı üçün ideal model ola bilməz. Biz öz yerli modelimizi axtarmalıyıq. Bizim hünərimiz bu olacaq ki, öz şəraitimizə münasib olan yerli inkişaf modelini tapaq. Mən bu söhbəti universitetdə edirəm. Mənası budur ki, bu araşdırmanı siz tələbə və müəllimlər ciddi şəkildə aparmalısınız və inşallah, bacaracaqsınız.


İdeologiya və inkişaf növü

Növbəti mühüm məsələ budur ki, ideoloji əsasların ideal, yaxud uğursuz inkişaf növünə təsiri var. Hər bir cəmiyyətin, hər bir xalqın ideoloji, fəlsəfi və əxlaqi əsasları var. O əsaslar həlledicidir və bizə hansı inkişaf növünün ideal, hansının uğursuz olduğunu deyir.

Bir gün naşılıqdan, yaxud ağılsızlıqdan şüar verib fəryad qoparan və “gedib başdan-ayağa avropalı olmalıyıq” - deyən şəxs anlamadı ki, Avropanın öz keçmişi, mədəniyyəti və düşüncə əsasları vardır. Avropanın inkişafı da həmin düşüncə əsaslarına görədir. O əsaslar bəzən bizim tərəfimizdən qəbul olunmur, biz onları rədd edir və yanlış sayırıq. Bizim öz düşüncə və əxlaq əsaslarımız var. Orta əsrlərdə Avropada kilsə elmə qarşı mübarizə aparmışdır. Avropanın elmi renessansının həmin keçmişə qarşı reaksiyasını diqqətdən qaçırmamalıyıq. Onun mental, fəlsəfi və əxlaqi əsaslarının seçmək istədiyi inkişaf növünə çox böyük təsiri var. Bizim mental əsaslarımız bizə deyir ki, bu inkişaf qanunidir, yoxsa qanunsuzdur; yaxşıdır, yoxsa pisdir; ədalətlidir, yoxsa ədalətsizdir.

Fərz edin, bir cəmiyyətdə qazancın birinciliyi təfəkkürü hakimdir. Yəni dünyanın bütün məsələləri pulla, hər hansı bir şeyin maddi dəyəri və qazancı ilə ölçülür. Bu gün dünyanın böyük bir hissəsində vəziyyət belədir; hər şey pulla ölçülür. Belə cəmiyyətdə bəzi işlərin pula vasitə olduğu üçün dəyər sayılması mümkündür, lakin pulun və qazancın mühakimə meyarı olmadığı bir cəmiyyətdə həmin iş antidəyər sayıla bilər. Yaxud bir cəmiyyətdə ləzzətin birinciliyi hakimdir. Cənab, siz nə üçün bu işi icazəli bilirsiniz? Nə üçün həmcinsbazlığı icazəli bilirsiniz? Deyirlər ki, insan ondan həzz alır. Bu oldu ləzzətin birinciliyi. Bir cəmiyyətə və ümumi zehniyyətə ləzzətin birinciliyi hakim olduqda bəzi məsələlər halal olur. Lakin siz ləzzətin birinciliyinin mövcud olmadığı bir fəlsəfədə, ideologiyada və əxlaqi quruluşda yaşayırsınız; bəzi işlərin ləzzəti var, lakin qanunsuzdur, qadağandır. Ləzzət hansısa bir işi icazəli etmir, qanunilik meyarı deyil. Siz burada ləzzətin birinciliyinin hakim olduğu bir cəmiyyət kimi qərar seçə bilməzsiniz, ideoloji əsaslar fərqlidir. Yaxud bir cəmiyyətdə və ya əxlaqi sistemdə pulun mütləq dəyəri var, haradan gəlməsi mühüm deyil; istismar yolu ilə əldə edilməsi də mümkündür, müstəmləkəçiliklə də, soyğunçuluqla da. Əlbəttə, bu gün bunlar açıq şəkildə deyilsə, belə cəmiyyətlərdə inkar oluna bilər, lakin tarixlərinə baxsanız, məsələ aydınlaşar. ABŞ-da fəxr etdikləri, fəxr etməkdə olduqları və Amerika dəyərlərindən biri sayılan fərdi azadlıq və liberalizm məsələsinin kökü şəxsi sərvəti qorumaqdan ibarətdir. ABŞ-ın yarandığı mühitin və o zaman ABŞ-a toplaşmış xalqın maddi fəaliyyətini qorumaq üçün insanların şəxsi sərvətinə mütləq bir dəyər verilməsinə ehtiyac vardı. Bu, sosioloji və realist baxışdır. Amerika regionu əlverişli təbii şəraitinə görə pul qazanmaq üçün münasib yerə çevriləndə oraya toplaşan şəxslər daha çox Avropadan gəlmiş, təlatümlü Sakit okeanın enini keçib özlərini Amazoniya torpaqlarına çatdırmış avantüristlər idilər. Hər adam gəlmirdi. Avropada həyatı, peşəsi, ailəsi, əsil-nəsəbi olan gəlmirdi. Ya maddi sıxıntısı olanlar, ya cinayət axtarışında olanlar, ya da macəraçılar gəlirdilər. Bilirsiniz ki, Sakit okeanın suları dünyanın ən təlatümlü sularıdır. Bu okeanın enindən keçib özünü Avropadan Amerika torpaqlarına çatdırmağın özü bir macəraçılıq istəyirdi. Ümumi demirəm, amma ABŞ-ın ilk əhalisini əsasən, bu macəraçılar təşkil etdilər. Onların bir yerdə və bir-birinin kənarında yaşayıb sərvət istehsal edə bilmələri üçün şəxsi sərvətə mütləq bir dəyər verilməli idi və verildi. Kovboy filmlərində - düzdür, bunlar tam həqiqət deyil, hər halda, filmdir, lakin onda həqiqətin əlamətləri tamamilə mövcuddur - görürsünüz ki, bir nəfər başqasının ilxısından bir inək oğurladığına görə hakim ona edam hökmü verir, sonra da dar ağacından asırlar. Bu ona görədir ki, şəxsi sərvət və xüsusi mülkiyyət mütləq bir dəyər sayılır. Təbii ki, belə bir cəmiyyətdə pulun haradan gəlməsi mühüm deyil.

Təxminən bütün Qərb cəmiyyətlərində sərvət müstəmləkə yolu ilə əldə olunmuşdur. İngiltərə 18-19-cu əsrlərdə böyük sərvət əldə etdi, o sərvətin, nağd pulun və qızılın vasitəsilə öz siyasətini bütün Avropaya və digər bölgələrə hakim etdi. Bu, ingilislərin Şərq ölkələrinin və əsasən, Hindistan yarımadasının müstəmləkəsindən əldə etdiyi pula görə idi. Onlar Hindistan yarımadasını, keçmiş Siyamı və o bölgənin digər ölkələrini qarət etdilər. Tarixə müraciət edin. Onların Hindistanda etdiklərini bir-iki kəlmə ilə söyləmək mümkün deyil. İngilislər Hindistanın və çox sərvətli olan o regionun sərvətini sulu bir nar kimi sıxdılar, hamısı İngiltərənin və onun hökumətinin xəzinəsinə töküldü və İngiltərə varlı bir ölkəyə çevrildi. Bu sərvət möhtərəmdi, haradan gəldiyi soruşulmur. Belə ölkədə inkişafın bir mənası var, lakin müstəmləkəni haram bilən, istismarçılığı günah sayan, qarəti, işğalı, quldurluğu və digərlərinin hüququna təcavüzü qadağan edən bir ölkədə isə başqa mənası. Buna əsasən, bir ölkədə ideoloji, əxlaqi əsaslar və fəlsəfi təfəkkürlər inkişafın tərifində təsirlidir. Bu da bir məsələ.
Qərblilərin müsbət cəhətləri

Növbəti məsələ budur ki, biz İslam məntiqindəki inkişafın Qərb inkişafı ilə fərqli nöqtələrini sayarkən ortaq cəhətləri unutmamalıyıq. İnkişaf etmiş Qərb ölkələrinin inkişafında ideal inkişafla ortaq cəhətlər də var; təhlükəyə atılmaq ruhiyyəsi, - insafla desək, bu, avropalıların yaxşı xarakterlərindəndir - yaradıcılıq, fəallıq və nizam-intizam çox vacib məsələlərdir. Hansı cəmiyyətdə bunlar olmasa, inkişaf hasil olmayacaq. Bunlar da lazımdır. Bizim bunları öyrənməyimiz lazımdırsa, öyrənərik. Əgər öz qaynaqlarımızda olsa, onları öyrənər və onlara əməl edərik.


Ədalətlə yanaşı olan inkişaf

Növbəti məsələ ədalət sözüdür. Biz dedik ki, inkişaf və ədalət. Bunun çox böyük mənası var. Fərz edin, mühüm göstəricilərdən biri ölkələrdə ümumi daxili məhsulun artmasıdır. Filan ölkənin ümumi daxili məhsulu məsələn, bir neçə milyarddır, filan ölkədə isə onun onda biri qədərdir; deməli, birinci ölkə inkişaf etmişdir. Bu məntiq düzgün deyil. Ümumi daxili məhsulun artması - yəni bir ölkənin ümumi gəliri təklikdə inkişaf əlaməti ola bilməz. Baxmaq lazımdır ki, bu gəlir necə bölünür. Əgər gəlir çox yüksəkdirsə, lakin həmin ölkədə insanlar gecə küçələrdə yatırlarsa, 42 dərəcə isti olanda çoxlu insan ölürsə, bu, inkişaf deyil. Siz xəbərlərə baxın: ABŞ-ın, yaxud başqa bir yerin böyük və məşhur bir şəhərində havanın temperaturu 42 dərəcəyə çatdı və filan qədər adam öldü. Nə üçün 42 dərəcədə ölürlər? Çünki evsiz-eşiksizdirlər. Əgər bir cəmiyyətdə evsiz-eşiksiz yaşayan, yaxud acından ölməməkdən ötrü gündə 14 saat işləyən insanlar varsa, ümumi gəlir indikindən on dəfə artıq olsa da, bu, inkişaf deyil. İslamın məntiqində bu, inkişaf sayılmır. Odur ki, ədalət məsələsi çox əhəmiyyətlidir.


Axirətin və dünyanın abadlığı

Ədalət barədə söz çoxdur. İslamın inkişafa əsas baxışı insana bu baxış üzərindədir: İslam insanı ikicəhətli - dünya və axirətə malik bir varlıq bilir. Bu, inkişaf barədə bütün vacib məsələlərin təməlidir. Əsas meyar budur, əsas fərq bundadır. Əgər bir sivilizasiya, bir mədəniyyət və bir din insanı bircəhətli bilsə, onun xoşbəxtliyini yalnız dünyanın maddi həyatında görsə, təbii ki, onun məntiqindəki inkişaf insanı ikicəhətli bilən İslam məntiqindəki inkişafla tam fərqlənəcək. Bizim ölkəmiz və İslam cəmiyyəti o zaman inkişaf etmiş olar ki, xalqın yalnız dünyasını yox, axirətini də abadlaşdırsın. Peyğəmbərlər bunu istəyirlər: dünya və axirət. Nə axirət bəhanəsi ilə insanın dünyası yaddan çıxmalıdır, nə də dünyanın ardınca düşməyə görə axirət yaddan çıxmalıdır. Bu, çox əhəmiyyətli məsələdir, əsas budur. İslam cəmiyyətində nəzərdə tutulan inkişaf belə bir inkişafdır.


İnkişafda yaranan yayınmalar

Burada bir neçə cür yayınmanın yaranması mümkündür: Biri budur ki, bəzi şəxslər dünyanı əsas bilib axirəti unutsunlar. Yəni cəmiyyətin, proqram hazırlayanların, siyasət təyin edənlərin və hökumətin bütün səyi dünyəvi baxımdan xalqın məişətini abadlaşdırmağa yönəlsin: xalqın pulu, sərvəti, rahatlığı olsun, ev, nikah, işsizlik problemi olmasın, mənəvi vəziyyətinə isə əsla diqqət yetirməsinlər. Bu, bir yayınmadır. Başqa bir yayınma budur ki, dünyanı unutsunlar. Dünyanı unutmaq həyat və məişət nemətlərini unutmaq və onlara etinasız yanaşmaqdır; axirət və din məsələlərinə diqqət, dünya nemətlərinə və Allah-Taalanın bu dünyada yaratdığı istedadlara diqqətsizlik. Bu da yayınmalardan biridir: “O sizi yerdən (torpaqdan) yaradıb oranı abadlaşdırmanızı istədi”. Allah sizə Yeri abadlaşdırmağı əmr etmişdir. Abadlıq nədir? Yəni maddi aləmdə mövcud olan tükənməz istedadları bir-bir kəşf etmək, insanın istifadəsinə vermək və insanı bunun vasitəsilə inkişaf etdirmək. Bizim dediyimiz elm istehsalı və bu kimi məsələlər bundan ötrüdür. Başqa bir yayınma da budur ki, insan öz şəxsi həyatında nemətlərə, maddi ehtiyaclara əhəmiyyətsiz yanaşsın; İslamda bu da bəyənilməyib, əksi istənmişdir: “Dünyasına görə axirətini və axirətinə görə dünyasını tərk edən insan bizdən deyil”. Əgər dünyaya görə axirəti tərk etsəniz, imtahandan kəsiləcəksiniz; əgər axirətə görə dünyanı tərk etsəniz, yenə də kəsiləcəksiniz. Bu, çox mühümdür.


Proqramlarda dünya və axirət tarazlığı

Əmirəlmöminin həyat yoldaşını, həyatını, evini və hər şeyini kənara atıb ibadətlə məşğul olan bir nəfərə buyurdu: “Ey özünün kiçik düşməni”. Özünlə düşmənlik edirsən, Allah səndən bunu istəməmişdir. “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?!”22 Buna əsasən, həm proqramlarda, həm şəxsi əməldə, həm də ölkə idarəsində dünya və axirətin tarazlığı, dünya və axirətə diqqət lazımdır. Bu da inkişafın əsas meyarıdır. Bunlar nəzərdə tutduğumuz inkişaf özəlliklərindən idi və dedik. Qeyd etdiyim kimi, məsələ bu sözlərlə bitmir, diqqət yetirmək, izləmək və araşdırmaq lazımdır. Fikir sahibləri universitetlərdə bu məsələlər üzərində araşdırma aparsınlar, elmi şəkildə izah etsinlər, örnək göstərsinlər ki, proqrama çevirib icraya çıxaraq və on ildən sonra xalq həqiqətən, inkişaf etdiyini hiss etsin.


İnkişaf örnəyi üçün zəruri şərtlər

Hər bir inkişaf örnəyi ölkənin müstəqilliyini təmin etməlidir. Bu, bir meyar sayılmalıdır. İnkişaf üçün irəli sürülən örnəklərin hər hansı biri ölkəni asılı, xar etsə, siyasi, hərbi və ya iqtisadi gücə malik ölkələrin ardınca düşən etsə, rədd edilməlidir. Yəni inkişaf onilliyində inkişaf modelinin qəti məsələlərindən biri müstəqillikdir. Siyasətdə, iqtisadiyyatda və ya digər sahələrdə zahiri və asılı inkişaf, inkişaf sayılmır. Bu gün xüsusən Asiyada texnologiya, elm və sənaye baxımından zahiri inkişafı olan ölkələr var. Onlar dünyanın çoxlu yerlərini də tutmuşlar, lakin asılıdırlar, xalqın və onun ardınca hökumətin nə beynəlxalq siyasətlərdə, nə dünyanın iqtisadi siyasətlərində, nə də beynəlxalq miqyasda mühüm layihələrdə rolu var. Onlar digərlərinin və əksərən, ABŞ-ın ardınca düşmüşlər. Bu, inkişaf deyil və dəyəri yoxdur.


Ölkənin müstəqilliyi və qloballaşma

Mən burada qloballaşma məsələsinə toxunmaq istəyirəm. Qloballaşma çox qəşəng addır və hər bir ölkə dünya bazarlarının onun üzünə açılacağını düşünür. Lakin Qərbin kapitalizm maşınında bir bolt-qaykaya çevrilməkdən ibarət qloballaşma heç bir müstəqil xalq tərəfindən qəbul olunmamalıdır. Əgər qloballaşmanın sözün həqiqi mənasında gerçəkləşməsi nəzərdə tutulursa, onda ölkələr özlərinin iqtisadi və siyasi müstəqilliklərini və qərar güclərini qorumalıdırlar. Əks təqdirdə, on illər öncədən Amerikanın və hegemonizmin alətləri olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı və bu kimi qurumlarla yaradılan qloballaşmanın dəyəri yoxdur. Bu baxımdan, mühüm bir şərt müstəqillik məsələsidir. Əgər bu olmasa, deməli, inkişaf yoxdur, inkişafın ilğımı var.


Elm istehsalının ümumi istəyə çevrilməsi

Ciddi şəkildə sizinlə əlaqədar olan başqa bir məsələ də elm istehsalı məsələsidir. Xoşbəxtlikdən, mən görürəm ki, universitetlərdə elm istehsalı və elmin sərhədlərini aşmağın zəruriliyi ümumi bir istəyə çevrilmişdir. Bu mənim üçün çox sevindirici və ümidvericidir.

Bunu icra etməlisiniz. Mənim əzizlərimin elm, tədqiqat, araşdırma, elmi nümunə yetişdirmək, əlaqə mərkəzləri yaratmaq və digər məsələlər haqda təkliflərinin hamısı elm istehsalı istiqamətindədir. Bu, çox dəyərlidir və bu yolu davam etdirmək lazımdır. Biz geridəyik. Bu gün bizim inkişaf sürətimiz yaxşıdır, ancaq ölkəmizin keşmişdəki geriliklərinə görə nə qədər çox olsa, yenə azdır. Biz çox irəliləməli, kəsə yollardan istifadə etməliyik, sürətimiz çox olmalıdır və bütün fənlərdə elm istehsalına çalışmalıyıq.
Elm və ölkələrin əlaqəsi

Elm sahəsində ölkələr arasında ixrac-idxal əlaqəsi olmalı, həm də onda balans və tarazlıq qorunmalıdır. İqtisadi və ticari məsələlərdə bir ölkənin idxalı ixracından çox olduqda tarazlığın pozulduğu və ziyanın hiss olunduğu kimi, elm sahəsində də belə olmalıdır. Elmi idxal edin, eybi yoxdur, amma ən azı idxal etdiyiniz qədər, yaxud ondan da çoxunu ixrac edin. Yəni ikitərəfli olmalıdır. Sizin daim digərlərinin elminin artığını yeyən olmanız inkişaf deyil. Elmi alın, istəyin, digərlərindən öyrənin, lakin siz də istehsal edin və digərlərinə verin. Burada da ehtiyatlı olun ki, sizin mübadilə balansınız mənfi olmasın. Təəssüf ki, dünyada elmin çiçəkləndiyi son 1-2 əsrdə bizim tarazlığımız mənfi olmuşdur. İnqilabın əvvəlindən yaxşı işlər görülmüşdür, lakin bu işlər sürətlə və bacardıqca güclü formada davam etdirilməlidir.


Humanitar elmlərin əhəmiyyəti

Sözsüz ki, məqsədim yalnız təbii elmlər deyil, humanitar elmlər də çox əhəmiyyətlidir: sosiologiya, psixologiya, fəlsəfə. Qərbin sosioloji nəzəriyyələri bəzi adamlar üçün Quran kimi və Qurandan da mötəbərdir! Hansısa sosioloq belə demişdir, daha oyan-buyanı yoxdur! Nə üçün?! Oturub fikirləşin, nəzəriyyə yürüdün. Bu elmlərin dünyada mövcud olanından istifadə edək, ona bir şey artıraq, yanlış nöqtələrini ortaya çıxaraq. Bunlar inkişafın zəruri şərtlərindəndir.


Mübarizə

Mən sözümü bitirmək istəyirəm. Zəruri işlərdən daha birisi mübarizə məsələsidir. Əgər inkişaf etmək istəyirsinizsə, mübarizə aparmalısınız. Rahatlıq ardınca qaçmaq, bir tərəfdə oturmaq, əllərini ovuşdurub dünya hadisələrinə baxmaq və böyük beynəlxalq işlərə qoşulmamaq heç bir ölkə və xalq üçün inkişaf yaratmır. Səhnəyə çıxmaq lazımdır. Səhnə də zəruri olaraq hərbi döyüş cəbhəsi deyil. Bu gün hərbi döyüşdən daha mühüm olan siyasi və əxlaqi döyüşlər gedir. Bu gün dünyada inkişaf etmiş sayılan bir çox ölkə, dövlət və cəmiyyətlər əxlaqi və siyasi sorğuya çəkilsələr, başıaşağı olacaqlar.


Mənfi inkişafın əlamətləri

Siz bu gün baxın. Hər tərəfdən mühasirəyə alınmış kiçik Qəzzə torpağında giriş-çıxış icazəsi və heç bir həyat imkanı verilməyən əhalini təyyarə ilə, raketlə, topla vururlar, zirehli texnika yeridirlər, iyirmi iki gün ərzində beş mindən artıq insan öldürürlər, dünya da oturub tamaşa edir. Hadisənin ortalarında dünyanın hər tərəfindən nəticəsiz ah-uflar ucalır. Sonra da Birləşmiş Millətlər Təşkilatı elan edir - cənab Baş katib bir neçə gün öncə elan etdi - ki, Qəzzə məsələsinin qovluğu bağlandı. Qəribədir!

Bu gün dünyada zülm, ayrıseçkilik, ikili standart var. Bunun nümunələrindən biri bizim nüvə məsələmizdir. Nümunələrindən biri bizimlə qonşu müsəlman ölkələrinə hərbi təcavüzlərdir. Mülki adamları öldürmək və bombalamaq adi bir şey olmuşdur. Ötən həftə elan etdilər ki, ABŞ hərbçilərinin hava hücumları nəticəsində Əfqanıstanda 150 nəfər öldürülmüşdür. Sanki heç bir hadisə baş verməmişdir. Sonra da deyirlər ki, bağışlayın, səhv oldu. Bu, sözdür?!

Əgər Səddam Hüseyn Hələbçəni kimyəvi silahlarla bombalayanda onun yaxasını tutsaydılar, dünya onu mühakimə etsəydi, əgər Fars körfəzində İranın sərnişin təyyarəsinin bir amerikalı general tərəfindən vurulduğu və bir neçə yüz iranlı və qeyri-iranlının öldürüldüyü gün o cinayətkar hərbçinin yaxasını tutub məsuliyyətə cəlb etsəydilər, - bunun əvəzinə ozamankı ABŞ prezidenti ona medal verdi; tənəzzülə baxın - mühakimə etsəydilər, əgər Əfqanıstanda ilk dəfə bir rus karvanının ABŞ hərbçiləri tərəfindən bombalandığında o cinayətkar zabiti tutub muhakimə etsəydilər, daha dünyada bu hadisələr baş verməzdi, yaxud az olardı. Bu, çirkin, anormal və antibəşəri vəziyyətdir. Canlı bir xalq bununla mübarizə aparmalıdır.


İran xalqının və hökumətinin fəxri: zülmün ifşası

Fəxr edirik ki, bizim xalqımız, hökumətimiz, məmurlarımız, gənclərimiz və alimlərimiz bütün bu illərdə bu hadisələrə laqeyd qalmayıblar, mövqe bildiriblər, nifrət bildiriblər. İran xalqı bu ruhiyyəni əldən verməməlidir. Xüsusən siz gənclər bu ruhiyyəni əldən verməyin. Bir qrup adam məsələni tərsinə göstərmək istəyir, etiraz edib deyirlər ki, nə qədər deyəcəksiniz filankəsə ölüm, filankəsə ölüm. Etiraz edirlər ki, nə üçün ABŞ-ın, sionistlərin, yaxud onların müttəfiqlərinin cinayətlərini beynəlxalq tribunalardan səsləndirirsiniz. Bunları ifşa etmək, demək lazımdır. Xalqlar dərs alırlar. Mən sizə bunu deyim, müstəqillik əldə etmiş və azad olmuş bəzi ölkələr, o cümlədən Afrikanın məşhur ölkələrindən biri İrandan örnək aldı, inqilab dövründə İranda icra edilən üsulu işlətdi. Burada onlara deyildi. İnqilabçı rəhbərləri buraya gəlmişdilər. Onlara deyildi ki, imam bu üsuldan istifadə etdi. Gedib həmin üsulu icra etdilər və müstəqil olub öz ölkələrində aparteid rejimini devirdilər.

Xalqlar ilham alırlar, hökumətlər öyrənirlər və milli rəhbərlər bir xalqın bu şəkildə müqavimət göstərdiyini gördükdə cəsarətlənirlər. Biz nə üçün xəcalət çəkək?! İnqilabdan öncə bir nəfər bir qrup içində - məsələn, küçədə, hava limanında, yaxud universitetdə namaz qılmaq istəyəndə, bu iş o qədər qeyri-təbii idi ki, yoldaşları deyirdilər sən namaz qılıb bizi rüsvay etdin. Namaz qılmaq rüsvayçılıq sayılırdı. Belə idi. Siz gənclər o günü görməmisiniz, biz görmüşük. Əgər namaz qılan bir gənc göz qabağında, yaxud ümumi bir yerdə dayanıb namaz qılsaydı, dostları xəcalət çəkib deyirdilər ki, bizi biabır etdin. Əgər bir neçə nəfərin çıxış etməsi nəzərdə tutulan ümumi bir toplantıda natiq öz nitqinin əvvəlində "Bismillahir-Rəhmanir-Rəhim" desəydi, dostları xəcalət çəkib başlarını aşağı salırdılar.

Bu gün - İslamın əzəməti, İslam quruluşunun və İran xalqının başucalığı dövründə antihegemon mövqelərinə görə kimsə beynəlxalq tribunalarda ABŞ, İsrail, sionizm və onların müttəfiqlərinin qarşısında dayanıb açıq-aşkar danışdıqda burada bir dəstə adam xəcalət çəkib deyir ki, vay, rüsvay olduq. Bu, tağut dövründə birinin namaz qıldığına görə çəkdiyi xəcalətə bənzəyir. Nə üçün xəcalət çəkməliyik?! İran xalqının, xüsusən də gənclərin beynəlxalq zülmlərə qarşı açıq mövqeyi heç zaman səngiməməlidir.


Xalqın birliyi və amallara vurğunluq

Mənim əzizlərim! Bu inkişaf sahələrində hamınız çalışmalısınız. Bura Kürdüstan universitetidir, siz tələbələr əksərən, kürdsünüz. Kürdüstanda və kürd tələbələri arasında İslam şüarları və milli amallara vurğunluq hissi o qədər canlıdır ki, bizim düşmənlərimiz qəzəblənirlər. Mən bununla fəxr edirəm. Bu bizim milli fəxrimizdir. Onlar Kürdüstanda çox işlədilər, tribunalarda, proklamasiyalarda, qəzetlərdə, gizli və aşkar şəkildə iranlı milliyyətlər arasında ayrılığı təlqin etdilər. Siz nəticəsini bu gün burada görürsünüz, Sənəndəcin Azadlıq meydanında gördünüz, Mərivanda gördünüz. Xalq birdir, amala sahibdir, milliyyətlər birdirlər. Bizim kürd əzizlərimizin bu gün burada birliyə dair dedikləri fikirlər mənim üçün gün kimi aydın məsələlərdəndir. Bəzi adamlar yaxşı bilmir, yaxşı anlamırlar. Gərək özlərini islah etsinlər.


İranlı milliyyətlərin bir fürsət olması

Mən bunu deyim ki, milliyyətlərin çoxluğu bir fürsətdir. Biz xeyir işlərdə onların arasında rəqabət yaratsaq, çox yaxşı və düzgün iş görülmüş olar. İranlı miliyyətlərdən hər biri - istər kürd, istər fars, istər türk, istər bəluc, istər ərəb, istər türkmən, istər lor öz milliyyət ruhiyyəsi ilə ümumxalq inkişafı istiqamətində uca addımlar atmağa səy göstərsin.

Bu, çox yaxşı bir şeydir. O gün Kürdüstanın elmi nümunələrinin toplantısında kürd dostların biri bir yaxşı söz dedi. O dedi ki, Şəhid Mütəhhərinin İran və İslamın qarşılıqlı xidmətləri kitabını yazdığı kimi bir nəfərin də kürdlərin və İranın qarşılıqlı xidmətlərini yazması çox yaxşı olar; kürdlərin İrana xidmətləri, İranın kürdlərə xidmətləri. Bu, çox yaxşıdır. Müəyyən edin ki, bu milliyyətlər ümummilli və İslam amalları üçün hansı uca addımlar ata bilərlər. Sonra farslar, kürdlər, türklər, ərəblər, lorlar, türkmənlər və bəluclar arasında yarış keçirin. Bu ən yaxşı ümumxalq yarışdır. O zaman istedadların nə qədər parlaq olduğu aşkara çıxacaq. Bu, bir fürsət olur. Düzdür, düşmən bunu təhdidə çevirə bilər, amma xoşbəxtlikdən, hamınız sayıqsınız. Dar düşüncəli iddialar və məhdud millətçiliklər İslamın baxışı, hamımızın ehtiyaclı olduğumuz uca və açıq baxışla tam ziddiyyətdədir.

Ümidvaram Allah-Taala Öz rəhmətini, bərəkətini və lütfünü siz əzizlərin hamısına nazil etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə