Vilayət bağçası yeddİncİ cİld


Müqəddəs müdafiə, tədbir və araşdırma29



Yüklə 0,79 Mb.
səhifə16/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

Müqəddəs müdafiə, tədbir və araşdırma29

Bismillahir-Rəhmanir-Rəhim.


Mənim üçün çox şirin, gözəl və mənalı bir məclisdir. Şübhəsiz ki, müqəddəs müdafiə barədə ədəbiyyat və ya incəsənət işi görən şəxslərin hamısı buraya toplaşmayıb. Lakin siz əziz qardaş və bacıların bu toplantısında insan göz oxşayan rəngarənglik müşahidə edir; həm sənətlərin, fənlərin və müxtəlif sahələrin çoxluğu baxımından, həm də müxtəlif ictimai, siyasi, incəsənət, müdiriyyət və digər baxışların rəngarəngliyi cəhətindən. Danışmaq istəyənlərin hamısı danışa bilmədilər və bu, vaxtın azlığından irəli gəldi. Biz saat beşdən buradayıq, amma təəssüf ki, ürəklərdə olan bütün sözləri dinləmək və danışmaq üçün 2-3 saat kifayət etmir. Ancaq mənim üçün bu da qənimət idi. Əlbəttə, dostların bildirdiyi bu fikirlər müxtəlif cəhətlərdən faydalı fikirlərdir. Mən onları qeyd etdim inşallah, bu mövzular təfsilatı ilə çıxarılar. Güman etmək düzgün deyil ki, dediyimiz, bəyan, tənqid və təklif etdiyimiz təsir bağışlamır, heç bir yerdə onlara diqqət və əməl olunmur. Belə deyil. İndiyə qədər müqəddəs müdafiənin həm ədəbiyyatı, həm də incəsənəti sahəsində inkişafımız olmuşdur. Mən də görürəm. Bizim geri qaldığımızı, gerilədiyimizi, töküntümüzün cücərənlərdən çox olduğunu söyləmək düzgün deyil. Mən bunları qəbul etmirəm. Biz inkişaf etmişik, kamilləşmişik. Əldə edilənlərin bizim gözlədiyimizdən az olması mümkündür. Bu, yaxşıdır ki, bizim gözlədiyimiz baş verənlərdən çox olsun, onlarla qane olmayaq. Bu, çox yaxşı haldır. Lakin bu illər ərzində görülən bütün bu işlərdə yerimizdə addımladığımızı və irəliyə getmədiyimizi düşünmək düzgün deyil. Xeyr, düzgün irəliləmişik, inkişaf etmişik, iş görülmüşdür. Müxtəlif sahələrdə belədir.
Müqəddəs müdafiə xəzinəsi

Bu qısa vaxtda nəzərdə tutduqlarımın hamısını deməyə imkan yoxdur. Qeydlərim arasından bunu demək istəyirəm ki, müqəddəs müdafiə barədə sənət işi ən uca sənət işlərindən biridir. Bu sahədə işləyən və bu yolda çalışan şəxslər onu inkişaf etdirsinlər və bu sahəni uca tutsunlar. Bizim səkkiz il müqəddəs müdafiəmiz sırf bir dönəm deyil, xalqımızın uzun müddət istifadə edə, işlədə və kapital götürə biləcəyi böyük bir xəzinədir. Bu səkkiz ilin böyük hadisəsi uca xüsusiyyətlərdən, bəyənilmiş, seçilmiş və ən yaxşı mədəniyyətlərdən, xalqımızın tarix boyu irs apardığı, yaxud istedadını qoruduğu - İslam İnqilabı ilə bu istedadlar aşkara çıxdı - uca etiqad və bilgilərdən ibarət bir topludur, bütün bunların xəzinəsidir. Müqəddəs müdafiəni rəvayət edən, xüsusən də sənət əsərində canlandıran sizlər əslində, bir gözəllik və əzəmət nümunəsi qarşısında aynasınız və onu əks etdirirsiniz. O səkkizillik dövrdə baş verən uca və bəyənilmiş insani xislətlərin aşkarlanması, cəsarət, fədakarlıq, ixlas, sədaqət, paklıq... Müqəddəs müdafiə dövründə görülmüş dəyərli işlər böyük qiymətə başa gəldi; nə qədər əziz can fəda olundu, nə qədər maddi və zaman sərvəti xərcləndi. Siz bu gün onları öz sənət işlərinizdə yenidən yaradırsınız. O hadisənin bir nəsildə və bir cəmiyyətdə buraxa bildiyi təsirləri siz yazınızla, filminizlə, sənət işinizlə öz tərəf-müqabilinizdə yaradırsınız. Bu, çox böyük və çox mühüm işdir. Siz o möhtəşəm incəlik və gözəlliklə dolu tablo üçün güzgü olursunuz. Müqəddəs cihadın rəvayəti olan bu mədəni və incəsənət işiniz cihaddır. Çünki o uca məfhumları unutdurmağa çalışırlar. Sizin işiniz də müqəddəs müdafiənin rəvayəti və böyük mücahidlikdir.


Müqəddəs müdafiənin məzmunları

Müqəddəs müdafiənin məzmunlarını təkrar məzmunlar hesab etmək olmaz. Bu səkkizillik fəaliyyətdə hələ işlənməyən və düşünülməyən çoxlu məfhum və məzmunlar vardır. Məndə uzun bir siyahı var, bir dəfə burada kino işində çalışan dostlarla söhbət edərkən nümunələrini dedim. Onlar barədə düşünmək və axtarış aparmaq sənətkarı yeni və səlis məzmunlara çatdırır. Hər halda, müqəddəs müdafiəyə ümumi baxışda insanın deyə biləcəyi budur ki, bu səkkiz il bir cəmiyyətin fəxr edə və öz gənclərindən gözləyə bildiyi ən üstün xüsusiyyətlər məcmusudur. Müqəddəs müdafiə qəhrəmanlıq nümunəsidir, mənəviyyat və dindarlıq nümunəsidir, amalçılıq nümunəsidir, fədakarlıq nümunəsidir, müqavimət və dirəniş nümunəsidir, tədbir və hikmət nümunəsidir.


Müharibə və gənclərin çiçəklənməsi

Müharibənin idarəsi və komandanlığı çox ağır və mürəkkəb işdir. Bu işi bir çox sahələrdə bizim gənclərimiz gördülər. Bu tədbir və hikmət çox heyrətamiz bir şeydir, istedadların çiçəkləndiyi yerdir. Nə qədər azyaşlı gənclər cəbhəyə gedib orada böyük işlər nümayiş etdirdilər; bəziləri şəhid oldular, bəziləri inqilabın ehtiyatlarından oldular və sonralar dövlət onlardan istifadə etdi. Bu 27-28 il ərzində Mühafizəçilər korpusu ölkənin hər bir yerinə kadr ixrac edən mərkəzlərdən biri olmuşdur. Müharibə gənc toplumdan işgüzar və istedadlı bir təbəqə formalaşdırıb təhvil verə bildi, onlarda istedadları üzə çıxardı. Müharibə bu dəyərlərin tərənnümüdür. Heç bir xalq özünü bunlara ehtiyacsız saya bilməz. Müharibənin rəvayətçisi də, əslində, belə dəyərləri rəvayət edir; öz dinləyicilərinə belə bəyənilmiş xislət və zirvələri göstərir. İndi bu sahədə çoxlu işlər görülmüşdür.

Mən tövsiyə edirəm ki, incəsənət məmurları, müxtəlif ədəbiyyat sahələrinin məsul şəxsləri dostların burada bu sahələrdə irəli sürdükləri fikirlərə diqqət yetirsinlər. Əlbəttə, bəzi işlər görülüb və fikir bildirən bu dostların xəbərsiz olması mümkündür. Yaxşı işlər də görülməkdədir.
Müqəddəs müdafiə incəsənəti və çoxsaylı izləyicilər

Cəmiyyətimizdə müqəddəs müdafiə incəsənətinin müştərisiz olduğunu güman etmək böyük və aydın səhvlərdəndir. Şübhəsiz, inqilabdan sonra ən çox müştərisi olan sənət əsəri müqəddəs müdafiəyə aid sənət əsərləridir; istər film və kino sahəsində, istər kitab, xatirə və hekayə sahəsində. Tirajları bənzərsiz olan bu bir neçə kitab müqəddəs müdafiə dövrünə aid kitablardır. Bizim ölkəmizdə belə bir şey olmayıb ki, bir kitab iki il ərzində yüz dəfə çap olunsun. Mənə məlumat verdilər ki, müqəddəs müdafiə barədə yazılmış “Sarayın yumşaq torpaqları” və “Da” kitabları iki ildən az müddətdə yetmiş dəfədən artıq çap olunmuşdur. Bizim bu qədər tirajlı kitabımız olmamışdır. Film sahəsində də belədir. Ən çox satılan, ən çox izlənən və ən çox müştərisi olan filmlər müqəddəs müdafiəyə aid filmlərdir: “Şüşəli agentlik” və “Leyli mənimlədir” filmlərindən tutmuş cənab Dehnəməkinin son “İxrac olunmuşlar” filminə qədər. Müqəddəs müdafiə barədə olan bu filmlər ən çox baxılan və satılan filmlərdir. Düzdür, bəzi işlər müştəri tapmır. Bunun eybi məzmunda deyil, formasında, keyfiyyətində, sənətkarlıq nümunəsinin azlığındadır və təbii ki, müştəri qazanmır. Buna əsasən, bu sahədə bacardıqca işləmək, bacardıqca maliyyə, müdiriyyət və zaman sərmayələri ayırmaq lazımdır. Bizim tövsiyəmiz budur. Sənətkar dostlar da həvəslə və ümidlə bu işləri görsünlər. Bu iş üçün hazırlıqlı və məsuliyyətli insanlar lazımdır; yəni həqiqətən, məsuliyyət hissi keçirən, tənbəllik və yuxu halında olmayan şəxslər. Belə insanlar bu sahədə yaxşı rol oynaya bilərlər.


Müqəddəs müdafiə incəsənəti, ədəbiyyatı və tədqiqatı

Bizim işimizin nöqsanlarından biri də budur ki, əsərlərimiz beynəlxalq miqyasda az əks olunur. Əlbəttə, bunun da dəlilləri var. Beynəlxalq festivallar həqiqətən, müqəddəs müdafiəni, yaxud inqilabı, yaxud İslam Respublikası quruluşunun dəyərlərini yaxşı və düzgün rəvayət edən əsərləri əsla yaxına buraxmır və sevmirlər. Yalnız məcbur olandan nəyisə öz işlərinə daxil edirlər. Onların siyasəti bunun əksinədir. Amma hər halda, müştəri yalnız bu festivallar deyil və müqəddəs müdafiənin kitabları üçün dinləyicilər, istəyənlər və oxucular, filmləri üçün də tamaşaçılar tapmaq olar. Sadəcə, düzgün və yaxşı tərcümə olunmalıdır. Ümidvarıq ki, müqəddəs müdafiənin bu sahəsində mümkün həddə çalışa bilməniz üçün Allah-Taala sizə uğur bəxş etsin. Həm məmurlar çalışsınlar, həm sənət adamları çalışsınlar, həm tədqiqat sahələrində, - bu, çox mühümdür və xoşbəxtlikdən, yaxşı tədqiqatlar da var və bəzi mərkəzlərdə çalışırlar - həm arxiv sahəsində, sənədlərin saxlanması, araşdırılması və yazılması işində çalışanlar. Bunlar çox mühümdür. Bunların əldən çıxmasına imkan vermək olmaz. Bunlar tədqiqatçıların ixtiyarına verilməli və müqəddəs müdafiə ədəbiyyatı tədqiqatdan istifadə etməlidir. Müqəddəs müdafiə incəsənəti də ədəbiyyat və tədqiqatdan maksimum yararlanmalıdır. Allah hamınızı müvəffəq etsin!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə