Vilayət bağçası yeddİncİ cİld


Milli iqtidar və mənəviyyat9



Yüklə 0,79 Mb.
səhifə8/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Milli iqtidar və mənəviyyat9

Bismillahir-Rəhmanir-Rəhim.


Milli və mənəvi iqtidar

İran İslam Respublikasının silahlı qüvvələrində iştirakınıza görə siz əziz gəncləri təbrik edirəm. Bu geyim dəyərli geyimdir. Çünki siz öz varlığınızla, xidmətinizlə, bir İslam əsgərinin dəyərli insani xarakterləri ilə öz xalqınızın, ölkənizin, müqəddəs və ilahi məmləkətinizin ümidinə səbəb olursunuz.

Dünyanın hər yerində silahlı qüvvələr milli iqtidarın çox mühüm şərtlərindən sayılır. Lakin bu iqtidar o zaman daha dəyərli olur ki, yalnız silah gücünə arxalanmasın. Silah mühümdür, silahlı insanın müdafiə bacarığı olur, lakin silahdan daha əhəmiyyətli olan silahlı insanın mənəvi və psixoloji gücüdür. Bu, bir ölkənin milli iqtidarını mənəvi, həqiqi və ölməz bir iqtidara çevirən amildir. Bir xalq qəlbləri iman nuru ilə işıqlanan, iradələri iman gücü və qüvvəsi ilə möhkəmlənən silahlı kişilərə, gənclərə, cəsarət və rəşadətli əsgərlərə malik olduqda misilsiz bir qüdrətə sahib olur. Siz bu gün belə bir geyimdəsiniz.
Silahlı qüvvələr və əxlaqi dəyərlər

İran İslam Respublikasında silahlı qüvvələr öz əzəmətlərini yalnız silah gücü ilə göstərmirlər. Bunun yanında onların iman gücünə bağlı olan mənəvi qüdrətləri var. İslam İranının əsgəri, hərbçisi və silahlı gənci Allah üçün, insaniyyət üçün, tövhidin yayılması və prinsipial dəyərləri müdafiə üçün bu formanı geyinir və özünü hazırlayır. Əgər bugünkü maddi dünyada və tarix boyu ordular hakimlərin acgöclük və tamahkarlıq alovunu söndürmək üçün yaradılmış və işlədilmişlərsə və əgər bu gün dünyanın silahlı qüvvələri supergüclərin hegemonluq alətinə çevrilmişdirsə, İran İslam Respublikasının silahlı qüvvələri canlarını dəyərlərə fəda edənlərdir; insani və ilahi dəyərləri möhkəmlətmək üçün məşq edir, müqavimət göstərir və meydanlarda dayanırlar. Sonda qaçılmaz və qətiyyətli qələbəni əldə edən budur. Bunu qorumalısınız.


Silahlı qüvvələrdə iman və mənəviyyat

Bu gün baş verən təcrübələr qəribə həqiqətləri ortaya çıxarır. Bu gün dünya müşahidə edir ki, özünün ərəb ölkələrindəki oxşar ordularını məğlub etmiş və təpədən dırnağa qədər silahlanmış bir ordu cəsarətli və igid Hizbullah gənclərinin imanı qarşısında məğlubiyyət xarlığını qəbul və bu mömin gənclər qarşısında zəif və aciz olduğunu etiraf etməyə məcbur oldu. Bu, mənəvi qüdrətin maddi güclərə üstünlüyü deməkdir. Orduda, Korpusda, Bəsicdə, polis qüvvələrində və İslam Respublikasının şərəfli silahlı qüvvələrinin hər hansı bir bölməsində xidmət edən əziz gənclərimiz döyüş hazırlıqlarının kənarında iman və mənəviyyata malik olmaqla müstəsna bir imtiyaza malikdirlər. Bunun qədrini bilin.


Silahlı qüvvələrin qüdrət amili

Mənim əzizlərim! Siz özünüzü bu xalqı müdafiə etmək üçün hazırlayırsınız. Belə bir yola daxil olmuş və özünüz üçün belə bir gələcək təsvir etmişsiniz. Bizim xalqımız silahlı qüvvələrin dayağıdır, onları özündən və ayrılmaz hissələrindən bilir. Din böyüklərinin buyurduğu kimi, siz bu xalqın möhkəm hasarlarısınız. Bütün təlim və xidmət mərhələlərində bunu xatırlayın, yaddan çıxarmayın. Siz Allahın adı və ədalət naminə qiyam edən, öz imanı, gücü, cəsarəti və fədakarlığı ilə ən modern silahlara malik düşmənləri geri oturdan bir xalqın möhkəm qollarısınız. İslam inqilabının və İslam Respublikası quruluşunun ilk çağlarında onun müxalifət tufanları qarşısında dayana bilməyəcəyini güman edən bütün düşmənlər bu gün bilir və etiraf edirlər ki, İslam Respublikası ən güclüdür. Siz ən güclüsünüz. Bu qüvvə və qüdrət sizdə olan imanın güclülüyünə görədir. İmanın qədrini bilin və onu gücləndirin.


Silahlı qüvvələrin vəzifələri

İslam Respublikasının silahlı qüvvələrində xidmət edən bir insanın vəfizəsi yaxşı öyrənmək, nizam-intizamlı, həmişə hazır olmaq, ixlas, paklıq və mənəviyyatdır. Bunların hamısını özünüzdə yaradın. Bu böyük dəyərlərlə bəzənmək üçün gənclik fürsətindən yararlanın. Siz bu gün ömrünüzün ən yaxşı illərini yaşayırsınız. Allah və xalq qarşısında başıuca, mömin və fədakar bir insan üçün lazım olan mənəvi dəyərlər qazanmaqla Allahın layiqli bəndələri və dövrünüzün böyük adamları ola bilərsiniz. İran İslam Respublikası ordusu onun mühüm və böyük vəzifələrini öhdəsinə götürən böyük insanlara həmişə ehtiyaclı olmuşdur. Allaha şükür olsun ki, inqilabdan sonra bu günə qədər bizim belə insanlarımız olmuşdur. Bundan sonra da siz varsınız və bu ağır məsuliyyəti uzərinizə götürməlisiniz.

Allah-Taaladan istəyirəm ki, bu xalqın əziz gəncləri və bu ölkənin vəfalı əsgərləri olan sizə İslamın ən yaxşı əsgərləri və dövrünüzün ən yaxşı kişiləri kimi inkişaf uğuru nəsib etsin!

Allahın salamı və rəhməti olsun sizə!




13 Aban - xalqın idtidar günü10

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, siz əziz gənclərə, tələbələrə, şagirdlərə, xalqın əziz övladlarına xoşgəldin deyirəm. Bu həm də mənim bütün əziz gənclərimizə həmişəki ürək sözüm və salamımdır.

Bu toplantı 13 aban (4 noyabr) münasibətilə keçirilir. 13 Aban çox əhəmiyyətli gündür; bir cəhətdən şagird günüdür, bir cəhətdən tələbə günü, bir cəhətdən də İran xalqının hegemonizmin hiyləsi qarşısında qüdrət günü. Mən bu münasibətlə siz əzizlərə iki-üç məsələ haqda danışacağam.


Məsuliyyət hissi və onun möcüzəvi nəticələri

Bir məsələ budur ki, müsəlman İranın başucalığını sevən, özünü İslamın əsgəri bilən və həqiqətən, belə də olan sizlər gələcəyi qurmaq işində böyük məsuliyyət daşıyırsınız. Bu, doğruçu, həqiqi və realist bir məktəbin xüsusiyyətidir: hamı məsuliyyət daşıyır. İstedadların çiçəklənməsi dövründə olan gənc də məsuliyyət daşıyanlardandır. Məsuliyyət yalnız qocalara və orta yaşlılara aid deyil. Bir baxımdan demək olar ki, gəncin məsuliyyəti daha ağırdır. Çünki gəncin bacarığı, istedadı və qüvvəsi digərlərindən artıqdır. Gənc öz daxilində, qəlbində və vicdanında bu ölkənin, xalqın və tarixin gələcəyinə dair məsuliyyət daşıdığını hissi edir. Müqəddəs müdafiə dövründə öhdəlikli gənclərin əksəriyyətini müdafiə meydanına çəkən bu məsuliyyət hissi idi. Gənclər öz evlərində ata-anaların sayəsi, nəvazisi altında qala bilərdilər; nə qışda Qərbin başı göylərə ucalan qarlı dağlarına, nə də yayda Xuzistanın yandırıcı çöllərinə gedə, rahat yaşaya bilərdilər. Lakin məsuliyyət hissi rahatlıq ardınca qaçmalarına qoymadı. Onlar səhnəyə çıxdılar və nəticə möcüzəvi oldu.


Məcubi müharibədə iradə və imanı tanımağın zəruriliyi

Mən istəyirəm ki, bizim gənclərimiz səkkizillik məcburi müharibə hekayəsini öyrənsinlər. Bunu dəfələrlə demişik, digərləri də demiş və izah etmişlər. Amma bu səkkiz ilə xırdalıqları ilə yanaşı olan kompleks baxış bizim dövrümüzdə gəncin gələcək proqramı üçün çox əhəmiyyətlidir. Xöşbəxtlikdən yaxşı kitablar da yazılmışdır. Mənim çox vaxtım olmasa da, müqəddəs müdafiə barədə yazılan kitabların çoxuna baxıram, özüm üçün faydalıdır. Bu kitabları oxuyun, bu dəyərli gənclərin həyatını öyrənin. Döyüş meydanının bu dəyərli gənclərinin bəziləri 13 abanda böyük qəhrəmanlığı yaradanlar idilər, ondan sonra cəbhəyə getmişdilər. Onların bir çoxu bu gün bizim tariximizin həqiqətən, ölməz simalarındandırlar. Məsuliyyət hissi budur.

Ozamankı dünyanın həqiqətən, bütün supergücləri - ozamankı Sovetlər, ABŞ, Fransa, Şərqi Avropa bloku və regionun mürtəce dövlətləri əl-ələ verib Bəs rejiminə pul, qüvvə, məlumat və silah ötürdükləri səkkizillik müharibədə iradə və imandan başqa bir şeyi olmayan ölkə və xalq qarşısında qaldılar; silah yox idi, sursat yox idi, yetərli məlumatlar yox idi, lakin iman onları polad kimi, qaya kimi möhkəm etmişdi. Bu iki fərqli cinah üz-üzə gəldilər və bu cinah o birinə qalib gəldi. Yəni İran xalqının iman gücü pulu, məlumatı, silahı, sursatı və hər şeyi olan o əzəmətli və nəhəng birliyi üstələdi. Bu, məsuliyyət hissinin nəticəsi idi.
Gənc və məsuliyyət hissi

Məcburi müharibədən öncə inqilabın özündə gənclərin iradəsi, məsuliyyət hissi bu böyük və tarixi möcüzəni yaratdı. Onlar hegemonizmin regiondakı səngərini, möhkəm qalasını - yəni İranın şah rejimini həmin güclü və mömin əllərlə uçurdular, demokratik İslam dövləti qurdular. Məsuliyyət hissi budur.

Bu ölkənin, bu xalqın sabahı sizin bugünkü məsuliyyət hissinizə ehtiyaclıdır. Məsuliyyət hiss etmək üçün nə olmalıdır? Özünüzü elm, iman və təqva baxımından islah etməli, ayıqlığınızı, bu günə, dünənə və sabaha dair məlumatlarınızı artırmalısınız. On-on iki ildən sonra burada iştirak edən sizlər və bütün ölkədə olan həmyaşıdlarınız İranı idarə edən təhsilli gənclər olacaqsınız. Sizin bir çoxlarınız bəzi vəzifələrdə çalışacaqlar. Gələcəyin prezidentləri, nazirləri, məmurları, müxtəlif sahələrin görkəmli şəxsləri – texnoloqlar, proqram hazırlayanlar, mütəfəkkirlər, ölkə idarəsinin nəzəriyyəçiləri sizin aranızdan çıxacaqlar. Onlar da həm alim olmalıdırlar, həm sözün həqiqi mənasında dindar, mənəviyyatlı və ayıq. Bunun üçün mütləq indidən özünüzü hazırlamalısınız. Bu, birinci məsələ.

Siz mənim övladlarımsınız. İnsan öz övladı üçün ən yaxşısını sevir. Bu da ən yaxşısıdır. Gərək özünüzü hazırlayasınız. Bu xalqın öndə tutduğu yol bu tezlikdə bitən deyil, bir xalqın ucalıq yolu, son bir-iki əsrin geriliklərini aradan qaldırmaq yoludur. Növbəti məsələdə deyəcəyəm ki, sizin bu gündən özünüzü sabaha hazırlamağınız çox əhəmiyyətlidir.


İranla hegemon dünyanın ixtilafları

İkinci məsələ budur ki, İslam Respublikası ilə hegemon dünya, ABŞ və digər hegemon güclər arasında qarşıdurma, ixtilaf var. İxtilaf nəyin üstündədir? Bu, mühüm məsələdir. Dava nəyin üstündədir ki, bu gün analitiklər təhlil edəndə deyirlər: “Amerika dünyanın müxtəlif məsələlərinə qoşulanda gözucu İslam Respublikasına və İran xalqına baxır”. Nə üçün? Səbəb nədir? Biz də öz daxili məsələlərimzə baxdıqda görürük ki, xalqımızın və ölkəmizin bir çox problemləri müxtəlif yollarla amerikalılar tərəfindəndir. Nə üçün? Səbəb nədir? Dəqiq baxışla bunu axtarıb tapmaq lazımdır.

Dava bir neçə siyasi məsələ üstündə deyil. İki ölkənin bəzi məsələlər üstündə bir-biri ilə ixtilafı ola bilər; oturub müzakirə ilə bunu həll edərlər və məsələ bitər. İslam Respublikası ilə hegemon ABŞ-ın problemi bu qəbildən deyil, daha köklüdür. Məsələ budur ki, Amerika Birləşmiş Ştatları rejimi İkinci Dünya Müharibəsindən sonra dünyanın mütləq gücü olduğunu iddia edirdi. Düzdür, o zaman SSRİ onun qarşısında idi, lakin ABŞ və ozamankı SSRİ arasındakı rəqabət məsələsi sırf iki supergüc rəqabəti deyildi. ABŞ dünyanın bütün həyat mənbələrinə əl qoymaq istəyirdi. Orta Şərq adlanan böyük və həssas region, neft zonası olan Şimali Afrika və Fars körfəzi də əməldə ABŞ iqtidarının pəncəsində idi. Neft bugünkü dünyanın hərəkətinin həyatverici qanıdır. Sabah nə olacağını bilmirik, amma bu gün və bu dünyada neft istehsal, istilik, işıq və çoxlu ölkələr üçün əslində, həyat amilidir. Əgər neft olmasa, zavodlar işləməz, istehsal və ticarət olmaz. Neft qandır, həyatdır. Neftin böyük hissəsi adı Orta Şərq olan bu regiondadır. Buraya hakim olmaq mühümdür və ABŞ hakim olmuşdur.

Orta Şərqin ortasında hegemonizmin əsas bazası olan İran yerləşirdi. İranın ətrafında hər biri bir şəkildə ABŞ-ın əlində olan müxtəlif dövlətlər vardı. Bu arada Sovetlər də bəzi əluzunluqlar etmişdi, amma amerikalılar qələbə çalmışdılar və bu proses davam etməli idi. Əlbəttə, tamahkarlıq bu regiona və neftə məxsus deyildi. Amerikalılar Latın Amerikasında, Afrikada, Şərqi Asiyada və müxtəlif yerlərdə - bu haqda bir dəfə siz gənclərlə geniş söhbət edəcəyəm - öz hakimiyyətlərini möhkəmlətməklə məşğul idilər; irəliləyir, günbəgün hökmranlıqlarını gücləndirir və rəqiblərini sıxışdırırdılar.

Hegemonizmin qüdrətinin günbəgün artdığı bu qızğın çağda və ən həssas nöqtədə İranda İslam İnqilabı baş verdi. Bu inqilabın ən mühüm şüarı zülm və hegemonizmlə mübarizə, xalqların hüququnu müdafiə idi. İslam inqilabı bu əsas nöqtəni - yəni İranı ABŞ istismarından azad etdi. Bir zaman amerikalıların sizin bu ölkənizdə, Tehranınızda, ölkənin müxtəlif bölgələrində, bütün həssas sahələrdə adamları vardı. Silahlı qüvvələrdə, maliyyə orqanlarında, həssas siyasi və təhlükəsizlik qurumlarında onların ünsürləri tam səlahiyyət sahibi idilər. Ölkənin bütün qurumlarının başçısı olan və bütün işlərə müdaxilə edən şahın özünün də qulağı ABŞ və İngiltərə səfirlərinin ağızında idi. Əgər onlar bir şey istəsə və israr etsəydilər, çarəsiz qalıb istər-istəməz itaət göstərirdi. Bəzən istəmirdi də, amma itaətə məcbur olurdu. Amerikalılar belə bir yerdən qovuldular. Bu, çox mühüm hadisə idi, kiçik yara deyildi.
Casus yuvası hadisəsi və ABŞ heybətinin sonu

Hegemon dövlətlər adətən, səfirlikləri vasitəsilə zəhər səpir, əlaqə qurur və casusluq imkanları yaradırlar. İndi də belədir. İndi də dünyada səfirliklər vasitəsilə müxtəlif fəsadlar törədirlər. Onlar da bu yolla işləməyə başladılar. “İmamın xəttinin ardıcılı olan müsəlman tələbələr” adlı tələbə təşkilatının gəncləri bu hiyləni puç etdilər. Onlar gedib səfirliyi tutdular, sənədləri çıxardılar. İndi həmin sənədlərdən ibarət təxminən yüz cild kitab çap olunmuşdur. Mən bilmirəm siz gənclər casus yuvasının sənədləri olan bu kitabları oxumusunuz, oxuyursunuz, yoxsa yox. Bunlar oxumalı kitablardır. Görün o zaman ABŞ səfirliyi İranda nə iş görürmüş, kimlərlə əlaqə qururmuş və inqilabdan öncəki illərdə bu səfirliyin rolu nədən ibarət olmuşdur?

Bizim tələbələrimiz bu böyük işi gördülər. Amerikalılar buna qarşı qəzəblərini hələ də gizlətmirlər. Təəssüf ki, ölkə daxilində və ozamankı həmin gənclərdən olan bir qrup peşman, yorğun və həvəsbaz adam – həvəslə bir iş görən, sonra rahat yaşyaşlarının ardınca gedənlər və həvəsləri dəyişilənlər o işi pislədilər və pisləyirlər. Amma bilin ki, bu, çox böyük işi idi, imamın buyurduğu kimi, birinci inqilabdan da böyük idi. Çünki İranda və dünyada ABŞ istismarçılığının, ABŞ hegemonluğunun heybətinə son qoydu.

Belə böyük bir hadisə baş vermişdir. Bu, kiçik yara deyil. Məsələ bununla da bitmədi. İnqilabi İslam quruluşunun yaşaması, inkişafı, müxtəlif zəfərləri - müqəddəs müdafiədə, elmdə, müxtəlif ictimai və siyasi sahələrdə zəfərləri digər xalqlara günbəgün daha artıq təsir etdi, regionun xalqları, ürəkləri dolu olan rəhbərsiz müsəlman xalqlar da İranda belə bir hadisənin baş verdiyini görüb sevindilər, İslam quruluşuna, imamın rəhbərliyinə məftun oldular. Bu gün də belədir. Bu gün də İslam dünyasının qərbindən şərqinə qədər hər yerdə xalqlar İran xalqına və bu inqilaba alqış və qibtə ilə baxırlar. Bütün bunlar amerikalıların yarasını dərinləşdirir. ABŞ-ın İslam Respublikasına qarşı düşmənliyinin səbəbi budur.


İranla qarşıdurmada ABŞ-ın məqsədləri

ABŞ istəyir ki, İslam Respublikası quruluşu əllərini qaldırıb yorulduğunu bildirsin, gördüyü işdən peşman olub tağut dövrünün muzdurları, yetirmələri və ardıcılları sırasına qoşulsun. Hegemonizm bunu istəyir. ABŞ-ın İran xalqından istədiyi budur ki, asılılığı qəbul etsin, əldə etdiyi müstəqilliyini kənara qoysun və öz əli ilə yenidən ABŞ-a təslim olsun. Onlar İran xalqından bunu gözləyirlər və göstərdikləri təzyiqlər bundan ötrü, İslam Respublikasının hökumətlərini və xalqı yormaq üçündür; yolun ortasında xalq desin ki, daha bəsdir, biz yorulmuşuq, hökumətlər də geri çəkilsinlər və ABŞ bu ölkə ilə yenə də keçmişdəki kimi rəftar etsin. Onlar bunu istəyirlər.


ABŞ-la qarşıdurmada İranın məqsədləri

İslam Respublikası quruluşu və İran xalqı tərəfindən də məsələ bu qədər dərindir. İran xalqının Amerika ilə problemi bugünkü əməllərin problemi deyil, 1953-cü ildən bu günə qədər onun tərəfindən İran xalqına qarşı törədilən, 50 ildən artıq sürən əziyyət və xəbisliyin problemidir. İnqilabdan illər öncə, xüsusən də imamın ruhani hərəkatı başlayandan inqilabın qələbəsinə qədər İran xalqına qarşı istədikləri qədər təxribat apardılar, zərbə vurdular, xəyanət etdilər, təzyiq göstərdilər, müxtəlif pislikləri etdilər. İnqilabın qələbəsindən sonra - indi otuz ildir - elə bir gün olmayıb ki, ABŞ-ın İran xalqına yaxşı niyyəti olsun, keçmiş işlərinə görə üzr istəsin, səmimi şəkildə hegemonluq və tamahkarlıqdan əl çəksin. Bizim ABŞ-la problemimiz iki-üç qlobal, yaxud regional məsələ üstündə fikir ayrılığı deyil ki, oturub müzakirə ilə həll edək. Məsələ ölüm-dirim məsələsi kimidir. Bu ikinci məqamdır. Siz gənclər bilin ki, biz dava-dalaş adamı deyilik, lakin öz kimliyini, müstəqilliyini, heysiyyətini qoruyan adamlarıq. İran xalqı onun heysiyyətini tapdamaq, onu təhqir etmək, talamaq istəyənlərin əlini öz qeyrəti, imanı ilə kəsəcək.


Gələcək İran xalqına məxsusdur!

Üçüncü və sonuncu məsələ budur ki, bu qarşıdurmanın sonu nə olacaq. Bu, mühüm məsələdir. Qərbin, xüsusən də ABŞ-ın bütün təbliğat maşınları – incəsənət, informasiya, müxtəlif təbliğat qurumları, zahirən siyasi, yaxud elmi tədqiqat mərkəzləri inandırmağa çalışırlar ki, İran xalqı sonda dalana dirənəcək və ABŞ uğurla irəliləyəcək. Bu, ağ yalandır, həqiqət bunun əksinədir. Bu yolun sonu ABŞ-ın tağut və hegemon rejimi üçün dalandır. Aydın dəlili budur ki, onlar İran xalqını məğlub edə bilsəydilər, bu xalqın nə bu qədər gənci, nə bu qədər inkişafı, nə bu təcrübələri olan, nə müqəddəs müdafiə kimi böyük bir döyüşdə qələbə çaldığı, nə müxtəlif siyasi sahələrdə öz gücünü göstərdiyi zaman məğlub edərdilər. Əgər İran xalqını məğlub edə bilsəydilər, o zaman edərdilər, təcrübəsinin artdığı, əl-qolunun gücləndiyi, elmi imkanlarının keçmişdəkindən dəfələrlə inkişaf etdiyi, hərbi qüdrətinin qat-qat artıq olduğu, xalqlar arasında sözünün keçmişdəkindən daha artıq keçdiyi və o gündən daha çox gəncləri olan bugünkü gündə yox. O zaman İran xalqının 40-45 milyon əhalisi arasında gənclər azlıqda idilər, bu gün isə 70 milyondan artıq əhalinin çoxu gənclərdir. O zaman ABŞ-ın dünyada bugünkündən olduqca çox hörməti vardı, bu gün isə dünyada rüsvay olmuşdur. Bu gün yalnız müsəlman xalqlar yox, hətta bir çox Qərb xalqları da Amerikadan üz çeviriblər. ABŞ-ın özündə bir çox nəzər sahibləri və xalqın çoxu hakim rejimə etirazlıdırlar.

Bu gün ABŞ-ın xalqların başını kəsdiyi, boynunu vurduğu və milli hökumətləri devirdiyi əsas şüarları, məsələn, insan hüquqları və demokratiya şüarları rüsvay olmuşdur. Onlar insan hüquqlarını Əbu Qüreyb, Quantanamo və digər həbsxanalarda göstərdilər; Əfqanıstanda törətdikləri və bu gün Pakistanda törətməkdə olduqları müxtəlif qırğınlarda göstərdilər və göstərirlər; demokratiya istəklərini də işğal olunmuş Fələstində göstərirlər. Fələstində bir xalq hakimiyyəti qurulmuş, HƏMAS təşkilatı xalqın səsi ilə iş başına gəlmişdir. Müxtəlif xəbisliklərlə bu hökumətə təzyiq göstərirlər. Onlar demokratiya istəklərini İraqda göstərməkdədirlər. Təhlükəsizlik müqaviləsini zorla qəbul etdirmək istəyirlər; o qədər təzyiq göstərdilər ki, hamını boğdular. İndi İraq xalqı və məmurları başlarını qaldırıb “biz qəbul etmirik” - dediklərinə görə təzyiq göstərirlər, təhdid edirlər. Halbuki İraqın indiki hökuməti xalqın səsi hakimiyyətə gəlmişdir. Demokratiya nədir?! Bundan başqa bir şeydir?! Uzun illər boyu onların fikir sahibləri dəfələrlə etiraf etmiş və hesabatlarında yaymışlar ki, Orta Şərqdə ən demokratik ölkə İslam Respublikasıdır; seçkiləri var, prezident, parlament, rəhbərin özü, Dini Ekspertlər Məclisi xalqın səsi ilə seçilirlər. Lakin eyni zamanda İslam Respublikasına qarşı belə rəftar edirlər. Respublikaçılıq, demokratiya və insan hüquqları şüarları köhnəlmişdir, hətta adi camaat da daha bu sözlərə inanmır, o ki qala fikir sahibləri və görkəmli adamlar.

Bu gün ABŞ prezidenti dünyanın hansı ölkəsinə gedirsə, o ölkənin camaatı toplaşıb deyirlər ki, evinə qayıt, yanki, qayıt evinə. Bundan böyük rüsvayçılıq?! ABŞ-ın bugünkü imici belədir. Əgər ABŞ İran xalqının önünü kəsib onu dalana dirəyə bilsəydi, bu rüsvayçılıqların olmadığı zaman edərdi. Bu gün bacarmaz.

Mən sizə deyirəm, əziz gənclər, gələcək sizə məxsusdur. Gələcək İran xalqına məxsusdur. İran xalqının gələcəyi elmin, iqtidarın, rifahın uca zirvələrinə çatmaqdır. Bu sizin qəti gələcəyinizdir. Bu, ilahi vəddir. Quran və İslam bizə vəd vermişdir ki, xalqlar hərəkət etsələr, iman, qeyrət və müqavimət göstərsələr, yorulmasalar, dözümlü olsalar, mütləq öz məqsədlərinə çatacaqlar. Biz indiyədək sınamışıq, möhkəm dayanmışıq və ortamüddətli məqsədlərə çatmışıq. Bəzi yerlərdə uğursuzluğumuz da olub; çünki möhkəm dayanmamışıq, təqsir bizim özümüzdədir. Harada problem və çatışmazlığımız varsa - əgər ədalətsizlik, yoxsulluq varsa, ona görədir ki, biz məmurlar və xalq bu məqsədlər yolunda düzgün dayanmamışıq; əgər dayansaydıq, buralarda da düzələrdi. Bu bizim öz təqsirimizdir. Gərək möhkəm dayanaq.
Vəhdət - qələbənin sirri

Siz əziz gənclər - tələbə və şagird birlikləri və birlik üzvü olmayan gənclər, bilin ki, bu gün İran xalqının vəhdəti, xalqın və hökumətin birliyi, dövlət məmurları arasındakı birlik bizim qələbə sirrimizdir. Bunu pozmaq istəyirlər. Mən gənclərin şüarlarını dəstəkləyirəm, lakin ehtiyatlı olun ki, bu şüarlar ixtilaf yaratmasın, düşmənin istəyini təmin etməsin. Düşmənin idarə etdiyi oyunda oynamayın, bundan ehtiyatlı olun; hamı ehtiyatı olsun - siyasi adamlar da, mətubat da, gənclər də, məmurların özləri də.


Düşmənin təxribatı

Düşmən plan qurur, onun planladığı oyunda oynamayın. Çünki udsanız da, uduzsanız da, onun xeyrinə olacaq. Düşmənin planı ixtilaf və ümidsizlik yaratmaq, siyasi fəalları bir-birinin canına salmaq, əsl xətti və İslam dəyərlərini təcrid etməkdir. Bu işlər düşmənin planlarıdır. Gəncləri nəfsi istəklərlə və əbəs işlərlə məşğul edib İran xalqının ümumi hərəkətindən yayındırmaq, məktəbləri, universitetləri bağlamaq düşmənin planlarıdır. Ehtiyatlı olmaq lazımdır. Bu planlarla nəticələnən hər bir işə qarşı çıxmaq lazımdır. Birliyi qorumaq, ümidi qorumaq, fəaliyyəti günbəgün artırmaq, bir-birinə qarşı sədaqətli olmaq, ürəkləri bir-birinə yaxınlaşdırmaq və müxtəlif ictimai vəzifələrdə həvəslə çalışmaq lazımdır.

Bəzi adamlar indidən seçki işlərinə başlayıblar, halbuki hələ çox qalıb. Seçki məsələləri çox mühümdür. Seçkilərə yaxın ərəfədə onun əhəmiyyəti seçkilərdə iştirak etməyə görədir, bugünkü əhəmiyyəti isə insanların başını bir-birinə qatmaq, bir-biri ilə əlbəyaxa olmaq, bir-birini pisləmək və xalqı əsl məsələlərdən yayındırmaq üçündür. Ehtiyatlı olun. Mən bilirəm ki, İran xalqı ilahi yardım və lütflə bu ardıcıl keçidləri tam qüdrətlə keçəcək və inşallah, zirvələrə çatacaq.

İlahi! Dövrün imamının müqəddəs qəlbini bizə qarşı mehriban et! Onun duasını bizə şamil et! Əziz imamımızı və böyük şəhidlərimizi övliyalarınla birgə et! Düzgün yolla getmək səadətini bizim hamımıza nəsib et!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə