Vilayət bağçası yeddİncİ cİld



Yüklə 0,79 Mb.
səhifə9/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Gənc, namaz və məscid11

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, namazın təbliği işində çalışan əziz qardaş və bacılara səmimi təşəkkürümü bildirirəm. Bu hər yerdə yaxşı və dəyərlidir; xüsusən də universitetlərdə. Allah-Taaladan istəyirəm sizə, cənab Qiraətiyə - o bu iradəni göstərdi, bu gözəl ağacı əkdi və Allaha şükür olsun ki, bu gün yaxşı qol-budaq atmışdır - və bu böyük işin digər əməkdaşlarına uğurlu və uzun ömür versin ki, bu işi davam etdirə bilsinlər!
Namaz və onu bərpa etməyin əhəmiyyəti

Namazı bərpa və təbliğ etməyin əhəmiyyəti namazın öz əhəmiyyətindən irəli gəlir. Biz müqəddəs İslam şəriətində - istər Quranda, istər əziz Peyğəmbərin sözlərində, istər məsumların buyruqlarında namaza dair bu qədər həvəsləndirmə və diqqət görür və anlayırıq ki, namaz insanın fiziki, psixoloji, fərdi və ictimai xəstəliklərinin şəfalı dərmanları arasında birinci, yaxud birincilərdəndir. Bütün şəriət göstərişləri – vacib və haram işlər fərdin və cəmiyyətin dünya və axirət işlərinin islahı və mənəvi cəhətdən güclənməsi üçün Rəbb tərəfindən yazılmış dərmanlar məcmusunu təşkil edir. Lakin bu məcmuda bəziləri açar amillərdəndir. Bəlkə də demək olar ki, namaz bu baxımdan birincidir: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara imkan və qüdrət versək), namaz qılarlar”12. Möminlər, Allah yolunun mücahidləri, ilahi bilgilərin möhkəmləndirilməsi yolunun fədakarları belədirlər: biz onları imkanlı etdikdə, onlara qüdrət verdikdə çox işlər görməlidirlər; ədalətin bərqərar edilməsi və filan-filan işlərin görülməsi. Lakin birinci məsələ budur ki, namazı bərpa edərlər. Bəs namazda hansı sirr var ki, onu bərpa etmək bu qədər mühümdür?


Namazın rolu və təsirləri

Namaz barədə çox söhbət olunmuşdur. Hər bir insanın daxilində üsyançı bir nəfs, məst bir fil vardır; əgər ondan ehtiyatlı olsanız, çəkiclə dayanmadan başına vursanız, sizə zərər yetirməyəcək, rəftarı düzələcək və hətta inkişafınıza səbəb olacaq. Nəfs insani qərizələr toplusudur. Əgər bu qərizələr düzgün nəzarətdə saxlanılsa, düzgün yolda işlədilsə, insanı kamilliyin zirvəsinə çatdırar. Eyib budur ki, məstlik edirlər. Onlara nəzarət edən olmalıdır. Əgər dünyada zülm varsa, bir, yaxud bir neçə nəfərin və ya bir toplumun qərizələrinin, nəfslərinin məstliyindən irəli gəlir. Əgər dünyada pozğunluq varsa, belədir; insana qarşı təhqir və insan ləyaqətini alçaltmaq varsa, belədir, yoxsulluq varsa, bəşəriyyətin böyük bir hissəsi yer üzündəki ilahi nemətlərdən məhrumdursa, buna görədir. Zülmkar toplumun nəfsi zülm törədir, hər şeyi ələ keçirmək istəyən və doymayan rəhmsiz qrup yoxsulluq əmələ gətirir, aclığa səbəb olur. Bütün bu fəsadlar tarixin əvvəlindən bu günə qədər dünyada mövcud olmuşdur. İnsan Allahın bəxş etdiyi müxtəlif istedadları işlətməkdə inkişaf edib, lakin bu azalmamışdır, çoxalmışdır. Şair13 deyir ki, əgər oğru çıraqla gəlsə, daha yaxşılarını aparar. Atom bombası olan bir zalım yalnız xəncərlə vuruşan bir zalım kimi olmaz.


Namazın əhəmiyyəti və təsirləri

İnsanların vücudunda belə bir şey var. Bütün insanlar öz daxillərində bu məst filə düçar olmuşlar; onu cilovlamalıdırlar. Bu, Allah zikri ilə, Allahı xatırlamaqla, Allaha sığınmaqla, Rəbbə ehtiyac, ilahi əzəmət qarşısında özünü kiçik görmək hissi ilə, Haqq-Taalanın mütləq gözəlliyi qarşısında öz çirkinliklərini duymaqla mümkün olur. Bunların hamısı zikrdən irəli gəlir. Təqvalı olan - yəni özündən ehtiyatlı olan və özündə olan insan şərin, zülmün, fəsadın, tüğyanın və ona-buna pisliyin mənşəyi olmur, ilahi zikr onu daim çəkindirir, saxlayır. Namaz insanı pis işlərdən çəkindirir. İnsanın əl-qolunu bağlamır, qərizələri işdən salır. Bəzi adamlar elə bilirlər ki, “namaz çirkin və bəyənilməz işlərdən çəkindirir”14 ayəsinin mənası budur ki, əgər namaz qılsan, pozğunluq və bəyənilməz işlər məhv olacaq. Xeyr, mənası bu deyil. Mənası odur ki, namaz qıldıqda namazla cana gələn daxili nəsihətçi davamlı olaraq sənə pozğunluğun və bəyənilməz işlərin pisliyindən danışacaq. Deməyin, təkrar etməyin və ürəyə oxumağın da təbii ki, təsiri var, ürəyi təzimə vadar edir. Buna görə görürsünüz ki, namaz təkrar olunmalıdır. Oruc ildə bir dəfə, həcc ömürdə bir dəfədir. Namaz isə hər gün bir neçə dəfə təkrar olunmalıdır. Namazın əhəmiyyəti budur.

Əgər namaz qılsaq, insanın daxilindən, qəlbindən tutmuş cəmiyyət və hakimiyyət miqyasına qədər hamı onun sayəsində qorunar, təhlükəsiz olar; insanın qəlbi, cismi, cəmiyyəti təhlükəsiz olar. Namazın xüsusiyyəti belədir. Cəmiyyətdə namazı bərpa etmək budur. Sizin işiniz - ölkənin hər bir nöqtəsində və hər bir təbəqə arasında, ən əsası, alim və tələbə gənclər arasında fəaliyyət göstərən Namaz Təbliğatı Komitələrinin funksiyası bu qədər təkid göstərilən bu işdən ibarətdir. Bunun mənası cəmiyyəti ümumi zikr halına sövq etməkdir; hamı xatırlasın; kiçik, böyük, qadın, kişi, dövlət məmuru, özəl işçi - bunlar Allahı yada salsalar, işlər düzələr. Bizim günahlarımızın çoxu diqqətsizlikdən baş verir. Və namaz daim yada salır.
Namazın forma və məzmunu

Bu barədə çox danışıblar, biz də dəfələrlə danışmışıq. Namazın cismi və ruhu var. Buna diqqət yetirmək lazımdır. Namazın forması və məzmunu, cismi və ruhu var. Ehtiyatlı olmalıyıq ki, onun cismi ruhsuz olmasın. Demirik ki, ruhsuz cisminin heç bir təsiri yoxdur; hər halda, azca təsiri var. Lakin İslamın, Quranın, şəriətin, Peyğəmbərin və imamların bu qədər təkid göstərdikləri namaz forma və məzmunlu namazdır. Onun forması da məzmununa, ruhuna uyğun hazırlanıb: qiraət, rüku, səcdə, torpağa düşmək, əl qaldırmaq, ucadan danışmaq, astadan danışmaq var. Bu rəngarənglik namaz vasitəsilə təmin olunan bütün ehtiyaclar üçündür. Onların hər birinin sirri var və ümumilikdə namazın formasını tamamlayırlar. Forma çox mühümdür. Lakin namazın əsl ruhu diqqətdir, diqqət; yəni nə iş gördüyünü bilmək. Qeyd etdiyim kimi, diqqətsiz namazın təsiri azdır.

Siz bir neçə karatlıq çox dəyərli bir almaz parçasından iki cür istifadə edə bilərsiniz. Biri budur ki, ondan qiymətli daş kimi istifadə edəsiniz. Biri də budur ki, onu tərəzi daşı kimi işlədəsiniz və bir neçə qramlıq daş kimi tərəziyə qoyub istiot, yaxud sarıkök çəkəsiniz. Bu da almazdan istifadə etmək sayılır, amma necə? Bu, onu tələf etmək kimi bir şeydir. Düzdür, yenə də sındırmaq kimi deyil, lakin uyğun istifadə də deyil. Namazla tərəzi daşı etdiyimiz almaz kimi rəftar etməməliyik. Namaz çox qiymətlidir.
Namazda qəlbin diqqəti

İnsan bəzən namaz qılır, amma digər gündəlik adətlər kimi; məsələn, dişlərimizi fırçaladığımız və idman etdiyimiz kimi, vaxtı çatanda namaz da qılırıq. Bəzən də insan namaz qılır, amma Pərvərdigarın hüzurunda dayanmaq istəyi ilə. Bu da başqa cürdür. Biz həmişə Rəbbin hüzurundayıq; yatmış olaq, oyaq olaq, diqqətli olaq, diqqətsiz olaq. Lakin siz bir zaman dəstəmaz alır, özünüzü hazırlayır, pak cisimlə, pak paltarla, dəstəmaz və qüsldən irəli gələn mənəvi paklıqla aləmin Rəbbi qarşısına çıxırsınız. Namazda bizim belə bir hissimiz olmalıdır. Rəbbin hüzuruna gedib danışmaq, namaza belə başlamaq, özünü Allah qarşısında hiss etmək lazımdır. Namazda deyilən sözlər kiməsə ünvanlanmalıdır. Bizdən söz və hərflərdən ibarət səs dalğalarını havaya üfürmək istənmir. Eləcə “Əlhəmdu lillahi Rəbbil-aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yəumid-din...” deyib dalğaları səpələmək olar. Bunu yaxşı qiraətlə, lakin diqqətsiz desək, səs dalğalarını havaya yaymaq sayılacaq. Bizdən istənilib ki, namaz halında ürəyimizi Rəbbin dərgahına aparaq, ürəyimizdən və ürəyimizlə danışaq; bunlar mühümdür. Namazın təbliğində, özümüz qıldığımız və digərlərinə öyrətdiyimiz namazlarda onun ruhuna diqqət yetirək.

Sözsüz ki, bu ruh cisimsiz əldə olunmur. İnsan düşünə bilər ki, əgər budursa, oturub yüz dəfə zikr deyərik və daha namaz qılmarıq. Xeyr, dediyimiz kimi, o cisim, o bədən bu ruh vasitəsilə təmin olunan ehtiyaclara uyğun tənzim olunmuşdur. Buna görə görürsünüz ki, hədislərdə namazın müxtəlif vəziyyətləri üçün bəzi xüsusiyyətlər təyin etmişlər; bunlar vacib yox, müstəhəbdir. Məsələn, qalxanda haraya baxın, səcdə edəndə haraya baxın, rüku edəndə bəzi hədislərdə var ki, gözlərinizi bağlayın, bəzi hədislərdə var ki, qabağa baxın... Bu xüsusiyyətlərin hamısı insan üçün lazım olan diqqət halının yaranmasına kömək edir.
Namazı yüngül saymaq

Namazın əhəmiyyətinin vəsfi bizim üçün bəlkə də imkansız ola bilər. İmam Sadiq (ə) vəfatı ilə nəticələnən xəstəliyi zamanı öz canişininə buyurdu: “Namazı yüngül sayan məndən deyil”.15 Hədisdə işlənən “istixfaf” sözü yüngül saymaq, əhəmiyyətsiz hesab etmək deməkdir. İndi bütün bu xüsusiyyətlərə, bütün bu fəzilətlərə malik olan bu namaz insandan nə qədər vaxt alır? Bizim on yeddi rəkətli bu vacib namazımızı insan diqqətlə və bir qədər ürəkdən qılmaq istəsə, məsələn, 34 dəqiqə vaxt alar, belə olmasa, daha az vaxt alar. Biz bəzən xoşladığımız bir verilişi gözləyərkən televizorun qabağında otururuq və ondan qabaq 20 dəqiqə, 15 dəqiqə heç bir faydası olmayan reklamlar gedir. Oturub dinləyir və istədiyimiz verilişdən ötrü 20 dəqiqə vaxtımızı itiririk. Bizim həyatımızın 20 dəqiqələri belə ötür. Taksi gözləyirik, avtobus gözləyirik, dostumuzu gözləyirik ki, gəlsin bir yerə gedək, dərsə gecikən müəllimi gözləyirik, məclisə gec çatan vaizi gözləyirik; bütün bunlarda 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə hədər gedir. Belə 20, 25, 30 dəqiqəni bu qədər uca və böyük əməl olan namaza sərf etmək məgər böyük işdir?!



Namaz və gənc

Gənclər arasında namaza daha çox əhəmiyyət verilməlidir. Namazla gəncin qəlbi işıqlanır, ümidlənir, ruhu təravətlənir və şadlanır. Bu hallar daha çox gənclərə və gənclik dövrünə aiddir. Əgər Allah mənə və sizə diqqətlə namaz qılmaq səadəti nəsib etsə, görəcəksiniz ki, insan namaza diqqət etdiyi zaman ondan doymur. İnsan namaza diqqət yetirsə, maddi ləzzətlərdən heç birində olmayan həzzi alar. Bu, diqqətdən doğur. Namaza diqqətsizlik, namazda süstlük münafiqlərin xüsusiyyətlərindəndir. Belə deyil ki, kim namazda halsız olsa, münafiqdir. Xeyr, Allah Quranda münafiqləri tanıtdırır və deyir ki, onları bu əlamətlərlə tanı. Peyğəmbər dövründə ona-buna görə namaz qılan və qəlbində namaza inamı olmayan münafiqlər vardı: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar, özlərini xalqa göstərərlər”16. Bəli, insanın müraciət tərəfi olmayanda, Allahla danışmayanda yorular və bu iş ona uzun görünər. Dörd rəkət namaz 4-5 dəqiqə vaxt aparır, amma ona uzun zaman kimi görünür. Amma insan diqqətlə Allahla danışsa, o zaman vaxtın ildırım sürəti ilə ötdüyünü duyar, heyfsilənər və namazın daha da uzanmasını istəyər.


Gənclik dövründə yaxşı namaz

Bunu gənclər arasında təbliğ edin. Əgər gənclər indidən yaxşı namaza adət etsələr, bizim yaşımıza çatanda yaxşı namaz qılmaq onlara çətin olmaz. Yaxşı namaza adət etməyən şəxsin bizim yaşlarımızda yaxşı namaz qılması mümkün, lakin çətindir. Gənclikdən yaxşı, yəni diqqətlə namaz qılmağa adət edən şəxs üçün bu, bir xarakter olur, daha zəhmətli olmur və ömrünün sonuna qədər yaxşı namaz qılır. Yaxşı namazın mənası gözəl səslə və dəqiq qiraətlə namaz qılmaq deyil, diqqətlə və ürəkdən namaz qılmaq, qəlbin Rəbb hüzurunda olması, ürəkdən və ürəklə danışmaqdır.


İnsanların toplaşdığı mərkəzlərdə məscid tikməyin vacibliyi

İndi cənab Qiraəti bir məsələyə toxundu; əvvəllər də dəfələrlə deyib, biz də demişik. Bu məsələ insanların toplaşdığı mərkəzlərdə məscid və namazxana çatışmazlığıdır. Burada iştirak edən hökumət nümayəndələri və möhtərəm nazirlər bu məsələni kabinetdə ciddi şəkildə ortaya qoysunlar. Bütün böyük tikinti layihələrinin bir məscid və namazxana əlavəsi olmalıdır. Metro tikiriksə, metro stansiyası üçün məscid nəzərdə tutulmalıdır. Qatar stansiyası tikiriksə, hava limanı tikiriksə, onda mütləq məscid olmalıdır. Qəsəbələrdə və lazımi mərkəzlərdə də həmçinin. Ola bilsin, birdən artığı lazım olsun; mütləq nəzərə alınmalıdır. Biz qəsəbə salarkən küçə çəkməyi unuduruqmu?! Küçəsiz qəsəbə olarmı?! Məscidə də bu gözlə baxılmalıdır. Məscidsiz qəsəbənin mənası yoxdur. Tikinti təşkilatları tikintiyə icazə alanda təqdim etdikləri planda namazxana da olsun.


Marşrutları namaz vaxtı ilə nizamlamaq

Burada uçuş məsələlərinə toxundular. Yalnız həcc uçuşlarında yox, namaz vaxtına düşən müxtəlif daxili və xarici uçuşlarda namaz məsələsinə mütləq riayət olunsun. Əgər imkan olsa, uçuşdan öncə və sonra namaza vaxt qalsın. Belə olmasın ki, misal üçün, sübh azanından qabaq yola düşüb günəş çıxandan sonra çatsınlar. Xeyr, proqramı elə tənzim etsinlər ki, insanlar namazlarını qıla bilsinlər; ya uçuşdan öncə, ya da sonra. Ola bilsin, bəzən daxili və xarici uçuşlar və hava xətləri baxımından problemlər yaransın və buna imkan olmasın. O zaman təyyarənin daxilində namaz qılmağa şərait yaratsınlar. Qibləni təyin etmək də tamamilə mümkündür, pilotlar bilirlər. Təyyarə daxilində olanlar namaz qılmaq istəsələr, qıla bilsinlər. Qatarlarda da həmçinin.

Bu gün bizim ölkəmizdə bu məsələlər inqilabdan öncə ilə müqayisəolunası deyil. Sizin çoxlarınız inqilabdan öncəni xatırlamırsınız. Qəribə idi; həm burada, həm də başqa yerlərdə. Biz İraqda imamların ziyarətinə getmişdik. Nə etdiksə, sübh namazı üçün dayanmadı; yəni ümumiyyətlə, olmurdu. Elə tənzim etmişdilər ki, olmurdu. Mən namaz qılmaq üçün məcbur olub stansiyaya yaxın yerdə qatarın axırlarındakı pəncərədən yerə atıldım. Qatarın daxili də çirkli idi və namaz qılmaq olmurdu. Hər halda, belə məsələlərə riayət olunmurdu. İndi vəziyyət çox dəyişilmişdir. Lakin bundan da artığı gözlənilir. Namazın əhəmiyyəti bəlli olmalıdır.
Bütün işlərdə İslam mühəndisliyi

Biz cümə imamlarına, məscid imamlarına, rayonlarda və Tehranda olan möhtərəm ruhanilərə dəfələrlə tövsiyə etmişik ki, məscidlər abadlaşdırılsın, məscidlərdən azan səsi ucalsın. Xüsusən böyük şəhərlərdə namaza və namazı bərpa etməyə diqqətin əlamətləri görünməli, hiss olunmalıdır. Bizim tikililərimizdə də İslam əlamətləri görünməlidir. Sionistlər dünyanın hansı nöqtəsində bir bina tikmişlərsə, bir yolla onun üzərinə Davud ulduzunun nəhs əlamətini vurmuşlar. Siyasi işləri belədir. Biz müsəlmanlar bütün işlərimizdə, o cümlədən, tikinti sahəsində İslam mühəndisliyinə riayət etməliyik.

Hər halda, ümidvarıq Allah-Taala uğur nəsib etsin! Namaz işi kiçik iş deyil, çox böyük işdir. Bu işlə məşğul olan bütün şəxslər inşallah, "namazı bərpa edənlərdən"dirlər17. Bu ifadə Quranda pak-pakizə və ixlaslı möminlər barədə işlədilmişdir. İnşallah, hamınız namazı bərpa edənlər sırasında olasınız! Allah-Taala kömək etsin, uğur versin və bizim hamımızı namazın faydalarından bəhrələndirsin!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə