Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111
    Bu səhifədəki naviqasiya:
  • Epiloq

 
296
Gerasimov kəndliləri ayıq-sayıq olmağa, Qızıl Orduya hər cür kömək 
etməyə çağıran sözlərini qurtaran zaman bir dəstə silahlı adam izdihama yanaşdı. 
Heç kəsin tanımadığı bu adamların içindən Mixitar ayrılıb irəli gəldi və soruşdu: 
- Burda komandir kimdir? 
Suren Gerasimovu göstərdi. Mixitar onun yanına gedib əl verdi. Özlərinin 
neçə nəfər olduqlarını və daşnak ordusundan nə səbəbə qaçdıqlarını danışıb axırda 
dedi: 
- Daşnaklar mənim ürəyim dağ  çəkiblər. Onlardan qisas almaq üçün bu 
adamları başıma topladım. Elə onlar da Njdenin, Karonun zülmündən zara gəlmiş 
adamlardır. Nə yaxşı oldu ki, siz gəldiniz. Mən öz dəstəmlə sizə qoşulmaq 
istəyirəm. Daşnaklar tarmar ediləndən sonra kəndimizə qayıdıb, təzədən toy 
eləyəcəyəm. 
- Biz sənin dəstəni ordumuza qəbul eləyirik! – deyə Gerasimov əlini onun 
çiyninə vurdu. – Əksinqilabçılara qarşı vuruşan qoçaq oğlanlara sıralarımızda 
həmişə yer var. 
Mitinq qurtardı. Camaat dağılıb gedəndə Aram Surenə yanaşıb dedi: 
- Aman günüdür, geri çəkilib getməyin ha! Yoxsa, astvas haqqı, daşnaklar 
bolşovoy adı  çəkənin dilini boynunun ardından çıxardarlar. Mənim dayım da 
bolşovoydu, gecənin birində ilim-ilim itirdilər. Odur ki, daşnakları görən gözüm 
yoxdur. 
Levon komandanlığın əmri ilə qayda-qanun saxlamaq üçün bir neçə adamla 
kənddə qaldı. 
Gün günorta yerinə gələndə qoşun yürüşə başladı. 
 
 
Njde öz əsgərlərini gecə ilə Tatevdən Xüstub dağına çəkmişdi. Lazımi 
yerlərdə  səngərlər qazdırmış, topları, pulemyotları qurdurmuşdu. Zabitlərə  hər 
dəqiqə ayıq və döyüşə hazır olmağı tapşırmışdı. O indi böyük bir qayanın dibində 
oturub fikirləşirdi: «Görəsən, keşiş Mesrop Arazı o taya addaya bildimi? Bəlkə ələ 
keçdi?  İngilislərdən kömək gəlməsə, vəziyyətim necə olacaq? Mən bolşeviklərin 
ultimatumunu niyə  qəbul eləmədim? Axı onlar məni özlərinə zorla təslim etdirə 
bilərlər… Yox, yox! Bunu bacarmayacaqlar. Bu otsuz, ağacsız boz dağlarda təkcə 
özüm qalsam da, qırmızılara təslim olmayacağam… Ancaq mənə adam lazımdır, 
kömək lazımdır. Bu saat kafanlılardan başqa ölkədə daha heç kimə ümidim 
yoxdur. Bu ağır vəziyyətimdə yenə onlara müraciət etməliyəm». 
Njde yan çantasından kağız, qələm çıxardıb yazdı: 
«Kafan ağsaqqallarına! 
Erməni millətinin düşməni olan Qızıl Ordu təzədən hücuma keçib. Sayca 
çox olduğundan bizim qoşunumuzu dağlara sıxışdırıb. Yəqin ki, bolşeviklər orda 
sizə olmazın əzab-əziyyətini verirlər. Onlar mənim başıma üç milyon verirlər. Siz 
ya camaatı bolşeviklərin  əleyhinə qaldırın, ya gəlib mənim başımı  kəsib aparın 
onlara verin, üç milyon alın, bu az pul deyil. Gəlin gözümü çıxardın ki, sizə olan 
zülmü görməyim… 


 
297
Kafanlılar! Mən Xüstub dağının başında durmuşam. Məndən yuxarıda 
Allahdır. Mən onun ətəyindən tutmuşam. Siz də  mənim  ətəyimdən tutsanız, 
bolşeviklər bizə heç nə eləyə bilməzlər. 
Kafanlılar! Millətimiz üçün ağır olan bu gündə  mən sizdən kömək 
gözləyirəm! 
      Sparapet: 
Q.Njde. 

iyul, 
1921-ci 
il». 
 
Njde aralıda dayanmış  Aşotu yanına çağırdı. Məktubu ona verib təcili 
Kafana çatdırmasını tapşırdı. 
Aşot getdi. 
Njde yenidən fikrə-xəyala qərq oldu. Lakin çox keçmədi ki, at ayaqlarının  
tappıltısını eşidib başını qaldırdı. Baqrat çaparaq ona yaxınlaşdı. 
- Salaməleyküm, sparapet ağa! 
- Baqrat!.. – deyə Njde yerindən qalxdı. – Hardan belə?.. Mən səni ölmüş 
bilirdim. 
- Ölməmişəm. Ancaq ölümlərdən qurtarmışam. – Baqrat qan-tərə batmış atı 
qolbənd edib buraxdı. Tüfəngini çıxardıb daşa söykədi. 
Hər ikisi qayanın dibində oturdu. 
- Mən sənin və  oğlumun fikrini çəkirdim.  Şükür salamatsan. Samvel də 
sağdırmı? 
- Sağdır, hissəyə göndərmişəm, bir azdan gələr. Bəs bizim yerimizi hardan 
bildin? 
- Dağlarla-daşlarla gəlib Tatev köyşəninə çıxdım. Mal otaran bir kəndlidən 
səni soruşdum. Dedi: «İki gündür ki, qırmızı bolşovoylar bizim kəndə giriblər. 
Njde qoşununu götürüb Xüstub dağına qaçıb. Dünən qırmızılar Arşak adlı bir 
ermənini güllələdilər. Mənim  əmimi də dama saldılar». Soruşdum  əmin kimdir? 
Dedi: «Tatevin kəndxudası…» Hə, belə, sparapet… - Baqrat dərindən köksünü 
ötürdü. – Mal-dövlət, torpaq əldən çıxdı. Hökumətimiz dağıldı, evimiz yıxıldı. 
Axırımız nə olacaq – Allah bilir… 
Onlar xeyli danışdılar, dərdləşdilər… 
Samvel gəldi. 
- Ata, nə yaxşı sağ-salamat gəlib bizi tapa bilmisən, - deyə Baqratın yanında 
oturdu. – Sənin fikrini çəkirdim. Anam necə oldu? 
- Kənddə qaldı. Mən başıma yığdığım adamlarla bərabər düşmənlərlə 
vuruşurdum. Ancaq iş bərkə düşəndə köpək oğlanları namərdlik elədilər: bəziləri 
qaçdı, təzikdi, bəziləri bolşovoylara təslim oldu. Kəndimizi qırmızılar aldılar, daha 
ananın yanına gedə bilmədim. Səninlə düşdük çöllərə… 
Njde bayaqdan bəri şikayətlənən Baqrata dedi: 
- Nə çox gileylənirsən, Baqrat? Hələ ki, tüfəngimiz, patronumuz var… 
Gurultulu bir səs onun sözünü kəsdi. 
- Təyyarə!..  İngilis təyyarəsi!.. – Njde sevinclə yerindən qalxıb gözü ilə 
təyyarəni havada axtardı. Getdikcə artan və qüvvətlənən səs yaxından gəlməyə 
başladı. Çox keçmədi ki, qoşa uçan iki təyyarə göründü. Təyyarələrin qanadlarında 
qırmızı ulduz nişanı görən Njde pərt halda o saat geri çəkildi. Hər üçü dərhal 


 
298
qayanın dibinə  sıxıldı. Onlara elə  gəldi ki, bolşevik təyyarələri bombaları düz 
başlarına salacaq. 
Kəşfiyyat təyyarələri bir qədər aşağı endi, Njdegilin gözünün qabağında 
dövrə vurmağa başladı. Qayanın altında oturanlar yerlərini bildirməmək üçün güllə 
atmadılar. 
Təyyarələr ağır-ağır uçub getdi. 
- Qırmızılar mənim üstümə  təyyarə  də göndəriblər!.. – deyə Njde yurdu-
yuvası dağılmış adamlar kimi, kədərlə köksünü ötürdü. 
 
 
Aşot dincini almaq üçün yumru, yosunlu bir daşın üstündə oturdu. Papağını 
çıxardıb onunla alnının tərini sildi. Dərindən nəfəs alıb ətrafa nəzər saldı. İki cığır 
gördü. O, bu cığırlardan birinin Kafana, digərinin isə Tatevə getdiyini bilirdi… 
Bütün yol boyu fikirləşən, mütərəddid hallar keçirən Aşot burda son qərara 
gəldi: «Kafana getməyəcəyəm! Məni öldürsələr də, Tatevə, qırmızıların içinə 
gedəcəyəm. Daşnaklardan heç bir xeyir görmədim. Onlar məni nə böyüdüb 
xmbapet elədilər, nə  ağzımı çörəyə çatdırdılar. Həmişə üzüm danlaqlı oldu, 
kürəyim  şallaqlı…  İndi özləri də qaçıb dağ-daşa pənah gətiriblər. Həmişə öz 
gücünü tərifləyən sparapet bolşovoyların qabağında duruş  gətirə bilmir. Belə 
adama  əsgər olmaqdan nə  çıxar? Köpək oğlu  əsgərləri qırdırmaqdan  əl çəkmir. 
Guya o, Nikolaydan güclüdür ki, vurub qıçını başından aşırdırlar. Allah ağlımı 
onda aldı ki, vaxtında qaçıb bolşovoylara qoşulmadım. Eh, elə  əvvəldən mənim 
baxtım gətirmədi, oxum daşa dəydi. Siranuşun eşqini saldım ürəyimə, hər töhmətə, 
pisliyə dözdüm – o da qismətim olmadı. Görəsən o indi hardadır, barı sağ-
salamatdırmı? Kaş onu görüb yaşayışını öyrənəydim. Can alan gözlərinə bir də 
baxaydım… Deyəydim: Siranuş, həsrətin yenə ürəyimdədir…». 
Aşot yerindən qalxdı, fikir-xəyal içində yoluna davam elədi. 
…Keşikçi qızıl  əsgər tüfəngini hissəyə yaxınlaşmaqda olan Aşota tərəf 
tuşlayıb:  
- Dayan! – dedi. 
Aşot rusca bilmədiyindən kağızı cibindən çıxardıb ona göstərdi və ermənicə 
dedi: 
- Mən bolşovoy… 
Qızıl əsgər kağızı alıb baxdı. Ermənicə yazıldığı üçün oxuya bilmədi. Aşotu 
qabağına salıb Gerasimovun yanına, çadıra gətirdi… 
Gerasimov bir Aşota baxdı, bir oxuya bilmədiyi kağıza. 
- Sən kimsən? Hardan gəlmisən? 
Aşot əlini döşünə vura-vura dedi: 
- Mən… Bolşovoy… Njde… Kağızı… 
Gerasimov gülümsündü, elə zənn etdi ki, Njde özünün təslim olması barədə 
kağız yazıb. Əsgəri göndərdi ki, rota komandirinin müavini Sureni çağırsın. 
Suren içəri girib Aşotu gördü. Hər ikisi bir-birinə təəccüblə baxdı. Lakin heç 
biri dillənmədi. Gerasimov oxumaq üçün kağızı Surenə verdi. 


 
299
Aşot başını  aşağı salıb fikrə getdi: «Görəsən, məni dustaq eləməyəcəklər? 
Öldürməyəcəklər? Bəlkə Suren aramızda olub-keçmişlərin qisasını  məndən indi 
alacaq?..» 
Suren kağızı oxuyub tərcümə elədi. 
Gerasimov dedi: 
- Njde tələyə düşmüş siçan kimi özünü ora-bura vurur. Soruş görək bu adam 
kağızı nə üçün bizə gətirib? Olmaya yol azıb?.. 
Suren Aşotu sorğu-suala tutdu. 
Aşot qırmızıların yanına gəldiyinin səbəbini söyləyib axırda da dedi: 
- Daşnak ordusunda çox incidim, başım daşdan-daşa dəydi. Xmbapetlərin iç 
üzünə bələd oldum. Hə, Suren, mən sənə çox pislik eləmişəm. Gərək bağışlayasan. 
Qanacaqsız hərəkət eləmişəm, düşüncəsiz olmuşam. Cavanlıq məni yoldan, başdan 
çıxartmışdı.  İndi ixtiyar sizindir, ya məni öldürün, ya öz yanınızda saxlayın. 
Qırmızı Orduya can-başla qulluq eləməyə hazıram. Dava qurtarandan sonra, sağ 
qalsam, kəndimizə qayıdıb rəncbərliyimi eləyəcəyəm. Onun, bunun qapısında 
durmaqdan, quşunu götürməkdən canım boğazıma yığılıb, özümdən zəhləm 
gedib… 
Suren Aşotun gözlərinə diqqətlə baxıb gülümsündü: 
- Demək ağıllanmısan, hə? Yaxşı… Daşnaklardan nə bilirsən? Danış görək. 
- Bir gün xmbapet Karo əsgərlərin içinə gəlib çox danışdı. Axırda dedi ki, 
ayıq olun, aranıza düşmən soxulmasın. Dedi ki, sparapet Njde, əsgərlərin içinə 
girmiş iki bolşovoyu Tatevdə qayadan atdırıb: biri erməni Vahan, o biri musurman 
Şahmərdan… 
Suren Aşotun gətirdiyi qara xəbərdən sanki iki yara aldı. Yerləri və taleləri 
indiyə  qədər məlum olmayan yoldaşlarının ölümünü Gerasimova da söylədi. Bir 
neçə lal saniyə keçdi. Gerasimovla Surenin baxışları sanki deyirdi: «Əziz və igid 
yoldaşlarımız, sizin intiqamınızı düşməndən yüz qat alacayıq….» 
 
Bir neçə gün gedən  şiddətli və qanlı vuruşmadan sonra Xüstub dağı 
bolşeviklərin  əlinə keçdi. Njde geri çəkə bildiyi əsgərlərini başqa bir dağın 
zirvəsində, sinəsində yerləşdirdi. Bura daşnakların son dayaq məntəqəsi idi… 
Gün təzə  çıxmağa başlayanda döyüş  təzədən qızışdı. Qızıl topçular 
daşnakları atəşə tutdular. Düşmənlər, üzərlərinə uçan mərmilərə atəşlə cavab 
verdilər. Yarım saat davam edən top atışması kəsildi. 
- Hücum! İrəli! 
Gerasimovun komandasını eşidən əsgərlər səngərlərdən qalxdılar, güllə ata-
ata irəliləməyə başladılar. Daşnaklar aşağıdan, düzənlikdən hərəkət edən qızıl 
əsgərləri şiddətli atəşə tutdular. Ölümü yada salmayıb, yalnız qələbə üçün nər kimi 
vuruşan qızıl  əsgərlər hey irəli soxulurdular. Onlar dağın dibinə kimi gəldilər. 
Ancaq  əvvəlcə bilmədikləri uca və  sıldırım bir qaya qabaqlarını  kəsdi.  İrəli 
getmək, yuxarı top, pulemyot çıxartmaq mümkün olmadı. 
Vəziyyətdən çıxmaq üçün Gerasimovla Comərd tədbir düşündülər. Əsgərləri 
iki hissəyə böldülər. Bir hissəsini dağın dibi ilə sağ tərəfə, o biri hissəsini sol tərəfə 
göndərdilər. 


 
300
Əsgərlər güllə atmadan, özlərini bildirmədən dağı burulub düşməni 
mühasirəyə almalı idilər. 
Gerasimov başqa bir hərbi hiylə  də  işlətdi. O, bir neçə  əsgərə  əmr etdi ki
qayıdıb düzənliklə geriyə qaçsınlar… 
Əyilə-əyilə, yatıb dura-dura qaçan əsgərləri görən daşnaklar, bolşeviklərin 
təbii maneəni keçə bilməyib geri çəkildiklərini zənn etdilər. Ona görə də güllələri 
«qorxudan qaçan» əsgərlərə tərəf yağdırmağa başladılar… 
Bir neçə saatdan sonra, sol tərəfdən gedən qızıl  əsgərlər dağın 
qurtaracağından buruldular. Özlərinə yeni mövqe tutdular və atəş açmağa 
başladılar. Qızıl əsgərlərin gözlənilməz yerdən gəlmələri düşmənləri təşvişə saldı. 
…Qayanın dibini özünə komanda məntəqəsi eləmiş Karo başını yuxarı 
qaldırıb qışqırdı: 
- Qalxın! İrəli hücum! 
- Erməni əsgərləri səngərlərdən hücuma qalxanda, qızıl döyüşçülərin tüfəng 
və pulemyot atəşi onları yenidən yerə yatmağa məcbur elədi. 
Samvel  şücaət göstərmək və başqalarını da ruhlandırmaq üçün ayaq üstə 
qalxıb: 
- Dalımca gəlin! – deyə  səngərdən çıxdı. Lakin iki addım atmamış arxası 
üstə yerə gəldi. 
Baqrat oğlunun yanına qaçdı. 
- Oğul, yaralandın? – deyə qolunu Samvelin boynunun altından salıb başını 
yuxarı qaldırdı.  
Samveldən cavab gəlmədi. 
- Oğul! Oğul! Məni tək qoyub hara gedirsən? Samvel! 
Baqrat başını oğlunun güllə deşmiş ürəyinin üstə əyib hönkürdü… 
Qızıl  əsgərlər irəliləyirdilər. Düşmən səngərlərinə çatmalarına az qalmışdı 
ki, əl bombalarını tulladılar. Toz qalxdı, ara qarışdı, çığırtı-bağırtı səsi ucaldı. 
Toz-duman seyrələndə Karo Qiyasın, Sergeyin və Haykın süngüsünü 
sinəsinə tuşlanmış gördü. O, müqavimət göstərmədi. Tapançanı yerə atıb  əllərini 
yavaş-yavaş yuxarı qaldırdı. 
Bir qədər aralıda isə iki qızıl əsgər Baqratı tərksilah edib qabağına qatmışdı. 
…Qızıl əsgərlər daşnakların pənah gətirdikləri dağın zirvəsini ələ keçirmək 
üçün irəli axışırdılar. 
Həmin zirvədə, dərin bir səngərdə oturub döyüşə  nəzər salan Njde, 
məğlubiyyəti görüb, son ehtiyat qüvvəsini qabağa verməyi qət etdi. O, yerindən 
qalxıb mauzerini çıxartdı. Özü qabağa düşərək əsgərlərinə qışqırdı: 
- Qırmızılara atəş! Qorxmayın, igid oğlanlarım! Syunik höku… 
Ulduz nişan təyyarələrdən tökülən bombalar «Syunik sparapeti»nin sözünü 
ağzında qoydu. Toz-torpaq bir neçə yerdə sütun kimi göyə ucaldı. Njde görünməz 
oldu… 
- Qardaşlar! Biz Njdedən ötrü niyə özümüzü ölümə veririk! Silahları yerə 
atın, qırmızıların tərəfinə keçək! – deyə çoxdan təslim olmağa fürsət axtaran 
Aruşan əsgərlərə müraciət elədi. – Dalımca gəlin, qardaşlar! Bizə dava lazım deyil! 
– Aruşan tüfəngini yerə tulladı. Onun yanındakı  əsgərlər də tüfənglərini atdılar. 


 
301
Onlar  əllərini yuxarı qaldırıb qızıl  əsgərlərə  tərəf qaçmağa üz qoydular. Daşnak 
zabitləri qaçanları gülləyə tutdular. 
Əsgərlərin qaçıb bolşeviklərə  təslim olmalarından az qala bağrı çatlayan 
Nersesyan birdən arxadan «Ura! Yaşasın azad Zəngəzur!» sözlərini eşitdi. Bu, dağı 
sağ tərəfdən burulub gələn ikinci dəstə qızıl əsgərlərin səsi idi. 
Qarşıdan və arxadan hücum edən qızıl  əsgərlər daşnakları mühasirəyə 
aldılar. Mühasirə dairəsi getdikcə daralırdı. Qızıl  əsgərlər süngü döyüşünə 
keçəndə, bir çox daşnak əsgəri silahlarını yerə atıb vahimə içində çığırdı: «Təslim 
oluruq! Bizi qırmayın!» 
Mühasirədən heç yolla çıxa bilməyəcəyini yəqin edən və öz əsgərlərinin 
dönüklüyünü görən Nersesyan bir neçə saniyə mütərəddid qaldı, nə edəcəyini 
bilmədi. Birdən dəli kimi qışqırdı: 
- Mən bolşeviklərə diri-diri təslim olmayacağam! – Onun tapançanı 
gicgahına dayaması ilə tir kimi yerə yıxılması bir oldu. 
Süngüləri, qılıncları günəşdə almas kimi parıldayan qızıl  əsgərlər dağın 
zirvəsinə doğru axışdılar… 
 
Tibb məntəqəsi döyüş meydanından aralıda, dərənin içində, böyük bir 
qayanın dibində yerləşmişdi. Sanitarlar yaralıları bura gətirirdilər. Arakel və başqa 
həkimlər onlara baxır, şəfqət bacıları isə əsgərlərin yarasını sarıyırdılar. Ayağı yer 
tutanlar, yüngül yaralılar özləri arxaya çəkilir, ağır yaralıları isə sanitarlar 
aparırdılar. 
Növrəstə ilə Siranuş bu son döyüşdə silah götürüb dava eləmirdilər. Onlar 
sanitar idilər. 
Rəfiqələr ağır yaralanmış Sergey Musatovu tibb məntəqəsinə  gətirib, yenə 
döyüş gedən yerlərdən yaralı daşımağa qayıtdılar. Onlar dərədən çıxıb gədiyi o 
yana aşanda, qabaqda bir kolun yanında dayanmış beş adam gördülər. Bir qədər 
irəlilədikdə onları tanıdılar, addımlarını yeyinlədərək gəlib çatdılar… 
Qolları bağlı Karo ilə Baqrat böyük qaratikan kolunun yanında durmuşdu. 
Onlardan on-on iki addım aralıqda isə Qiyas, Hayk və Suren dayanmışdı. 
Baqrat qızını görən kimi bərkdən qışqırdı: 
- Siranuş! Mənim itkin qızım, atanı güllələyirlər, bala! 
Siranuşun rəngi ağardı, alt dodağı  xəfif titrədi. Suren qəsdən arvadının 
gözlərinə baxdı. Siranuş bu baxışların mənasını başa düşdü. 
- Mən inqilaba, sənə xain çıxa bilmərəm, Suren, - dedi. 
Baqrat yalvarmağa başladı, Karo ona hirsləndi: 
- Arvad kimi yalvarma, Baqrat. Bunlar bizim düşmənlərimizdir. Harda 
əlimizə keçsəydilər, oradaca öldürəcəydik. – O, bir an susduqdan sonra üzünü 
Surenə tutdu: - Amma iş elə gətirdi ki, biz sizin əlinizə keçdik… İndi öldürün bizi, 
qoçaqlar! Tez öldürün ki, gözüm sizi görməsin. 
Suren irəli addımladı. 
Baqratın ürəyini dəhşət aldı. O, dili-dodağı qurumuş halda nə isə anlaşılmaz 
sözlər dedi. 
Karo isə qışqırdı: 


 
302
- Suren Poqosyan! Bil: sizin ürəyinizə dağ  çəkmişik. Vahanı,  Şahmərdanı 
biz öldürmüşük. 
İndiyədək ərinin öldü-qaldısından xəbəri olmayan, lakin onu görmək ümidilə 
yaşayan Növrəstə sarsıldı… Onun qulaqbatırıcı çığırtısı qayalarda əks-səda verdi: 
- Şahmərdan! Bibioğlu! 
Siranuş onu qucaqladı, yıxılmasın deyə yerə oturtdu. 
Dalbadal bir neçə güllə açıldı. 
Siranuş başını qaldıranda, Baqratla Karonu qaratikan kolunun dibində yan-
yana yerə sərilmiş gördü… 
 
Səhərin gözü təzə açılırdı. Hələ  əməlli işıqlaşmamışdı. Hündür dağların, 
qayaların dibi, dərələr, qobular alaqaranlıqdı. Qıjıltılı Arazdan qalxan sərin meh 
Meqri kəndinə yayılırdı. Sahildə adam boyda qalxmış yamyaşıl qamışlar, cilotları 
yavaş-yavaş dalğalanırdı… 
Çox keçmədi ki, çayın kənarına iki atlı, bir piyada gəldi. Onlar hündür bir 
qayanın yanında dayandılar. 
- Siz o taya burdan keçməlisiniz! – deyə qoca bələdçi Njde ilə Manuçara 
müraciət elədi, sonra keçidi göstərərək  əlavə etdi: - Arazın dayaz yeri, qorxusuz 
yeri buradır. 
Njdenin gözü və fikri başqa yerdə olduğundan dillənmədi. 
Manuçar köhnə kontrabatçı Setrakın sözünə inanmadı. Arazın hər yeri ona 
keçilməz dərya kimi görünürdü. O, bələdçidən soruşdu: 
- Bəlkə burdan da dayaz yer var? 
- Xeyr, xeyr. Mən özüm bax elə bu yerdən azı min dəfə keçib İrana 
getmişəm. Sizin keşiş Mesropu da elə bu yerdən sağ-salamat keçirmişəm. 
Sözümün düzlüyünə  şübhə ola bilməz. Mən sparapet ağanın  İrana başı salamat 
gedib çıxmasını istəyirəm. Gələcəyi bilmək olmaz, bəlkə iş elə gətirdi ki, o yenə, 
Allah qoysa, qayıdıb gəldi. Deyir, ilan hara əyri getsə, öz yuvasına düz gedər. Ona 
axıra kimi sədaqətli olmaq mənim borcumdur. Qərəz, yubanmayın, atı suya vurun. 
Manuçar dedi: 
- Cənab Njde, tərpənməyəkmi? Qırmızılar indi kəndə dolarlar, bizi elə 
buradaca yaxalarlar. Allah məni də, səni də öz möcüzəsi ilə onların topundan, 
gülləsindən qurtarıb… 
Njde köksünü ötürdü, gözünü bayaqdan bəri baxdığı yerlərdən çəkmədən 
dedi: 
- Ey bivəfa dağlar, dərələr, yal-yamaclar! Axırda mənim düşmənlərimə 
qismət oldunuz. İndi mən bu yurda, bu torpağa nifrət edirəm! Nifrət edirəm, çünki 
tökdüyüm qanlar, verdiyim qurbanlar hədər getdi.  
Setrak dedi: 
- Fikir eləmə, Njde ağa! Deyərlər ki, bir arxa su gəldi, güman var ki, bir də 
gəlsin. Başına  İranda adam toplayarsan, yenə öz millətinin harayına gələrsən. 
Yəqin ki, keşiş Mesrop Tehranda ingilislərlə danışıb. 
- Mən indi öz millətimə  də, ingilislərə  də nifrət edirəm. Heç biri mənim 
qolumdan tutmadı. Hamısı biqeyrət çıxdı. Millət də… 


 
303
- Evin yıxılmasın, ora bax, gəlirlər! – deyə Manuçar dağların, təpələrin sinəsi 
ilə üzü aşağı, kəndə sarı  gələn piyadaları, süvariləri göstərdi. Qızıl  əsgərlər 
müqavimət görmədiklərindən atəş açmadan gəlirdilər. – Bəs niyə  tərpənmirsən? 
Axı kəndi götürdülər… 
- Daha mən burda dura bilmərəm! – deyə Setrak onlardan ayrılıb getdi. 
- Mən Ermənistan torpağında olduğum bu son dəqiqələrdə də qırmızılardan 
intiqam alacağam! – deyə Njde tüfəngi çiynindən aşırdı. – Birini də, ikisini də 
öldürsəm qənimətdir. 
Manuçar tez dilləndi: 
- Ay canım, gəl bəri gedək! Aşığı uduzub çuruna güvənmə. Biz deyən 
olmadı. Güllə atma, yerimizi bildirmə. Qoy heç olmasa başımızı o taya salamat 
aparıb çıxardaq. Atını sür!.. 
Njde kəndin aşağısına doğru gələn süvarilərə bir neçə güllə atıb, atını çaya 
vurdu. Manuçar atını onun dalınca sürdü. 
Heç birinə güllə dəyməyən süvarilər onları Arazın içində gördülər. Atlarını 
sahilə doğru çapa-çapa Njde ilə Manuçarı şiddətli gülləyə tutdular. Manuçar atdan 
aşdı. Arazın boy verməz dalğalarında görünməz oldu. 
Njde o tay sahilə çıxıb, dalına baxmadan atını mahmızladı… 
Qızıl süvarilər atəşi kəsdilər. 
 
 
Epiloq 
 
Uzun və coşqun fırtınadan sonra dəniz sakitləşdiyi kimi, illərlə sürən qanlı, 
qurbanlı mübarizələrdən, müharibələrdən sonra Zəngəzur dinc həyata qədəm 
qoydu. 
İnqilab günəşinin bu mahalı da sönməz nura qərq etdiyini hər yerdə bildilər. 
Vaxtı ilə qaçqın düşüb ora, bura dağılmış müsəlmanlar hədsiz sevinclə öz doğma 
kəndlərinə qayıtmağa başladılar. Hacı Atakişi, Fərman və Əhməd də qayıtdı. 
Yeni, qardaşlıq, birlik dünyası milli ədavətə əbədilik son qoydu. 
Qiyas kimi, Levon kimi torpaq həsrətində olan minlərlə kəndli torpağa sahib 
oldu. 
Oxucum, «inqilab yolunda çarpışan, vuruşan qəhrəmanların indi hardadır?» - 
deyə soruşa bilərsən. Mən sənə hansının yerini deyim. Axı onlar çoxdur, kütlələr, 
xalqlardır. Lakin adlarını tez-tez eşitdiyin, mübarizə meydanında tez-tez gördüyün 
qəhrəmanların haqqında deyə bilərəm. Sergey Musatov sağalıb Bakıya, arvadının 
yanına getdi. Yusif, Hayk və Arakel Qızıl Ordunun sıralarında qaldı. Qiyas, 
Növrəstə, Rüstəm  Şəkiyə döndü. Comərd qəza partiya komitəsində, Suren qəza 
icraiyyə komitəsində  işə girdi. Levon öz kəndinə qayıtdı. Keçmişin min boranlı 
qışını görmüş bu insanlar indi əmək cəbhəsində, daha xoşbəxt və  zəngin həyat 
uğrunda mübarizə aparırlar. Mən isə onları heç bir zaman unutmayacağam… 
 
 
1956-1957.
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə