Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   2   3   4   5   6   7   8   9   ...   111

 
4
Baqrat gözlənilmədən verilən suallara nə cavab verəcəyini bilmədi. Cinayət 
işlər görməkdə  təcrübəsiz olan Baqrat bir az qızardı. Bir-iki addım geri çəkilib, 
dedi: 
- Nə deyim, vallah. Dünyada anasının əmcəyini kəsən çoxdur… - Karo onun 
üzündə, gözlərində cinayət izləri görməsin deyə, Baqrat başını  aşağı saldı. – Hər 
halda bu iş yenə o bolşeviklərin işi olar. 
- Bolşeviklərin törətdiyi işlər başqadır. Hər şeyi onların üstünə yıxmaq bizi 
yolumuzdan azdırar. Onların tək-tək adamları öldürməklə işləri yoxdur… 
Hər ikisi susdu. Baqrat otaqdan tez çıxmaq istədi. Karo dilləndi: 
- Baqrat ağa,  Şələyə Qrikorla bir yerdə gedib, bir yerdə  də qayıtmısınız, 
elədirmi? 
Baqrat pozuldu. 
- Bunu kim deyir? 
- Eşitmişəm ki, Şələkdən bir yerdə çıxmısınız. Necə oldu ki, sən kəndə tək 
gəldin? 
Karo sualına cavab almamış, Karpov içəri girdi. 
Karo: 
- Get, Baqrat ağa! – dedi, - sonra danışarıq. 
Ürəyinə min şübhə dolmuş Baqrat getdi. Karoyla Karpov oturdu. 
- Kəşfiyyat rəisi təzə xəbər gətiribmi? – deyə Karo soruşdu. 
- Kənddə danışdırmadığım bir adam qalmadı. Heç kəs Qrikorun qatili kim 
olduğunu deyə bilmədi. Cinayətkarı aşkara çıxartmaqda, düzü, çətinlik çəkirəm. 
- Hər necə olursa-olsun, cinayətkar tapılmalıdır. Yoxsa, camaat arasında 
nüfuzumuzu itirərik. Bizə inanmazlar. Ölkədə  hərc-mərclik yaranar, ölüb-
öldürmək həddini aşar. Bildinmi? 
- Cənab general-qubernator düz buyurur. Mən bütün qüvvəmi ölkədə 
asayişin bərpa olmasına sərf edirəm. Xəfiyyələrə möhkəm tapşırıq vermişəm ki, 
qulaqları camaatın ağzında olsun. Hökumət  əleyhinə danışanları  dərhal mənə, ya 
sənə  xəbər versinlər. Samveli qəsdən  Şələkdə qoymuşam. Bəlkə, ondan-bundan 
Qrikorun qatilini öyrənə bildi. 
- Bəs sənin gümanın kimə gedir? 
- Hələlik heç kimə. 
- Baqratı necə adam tanıyırsan? 
Karpov təəccüblə Karonun üzünə baxdı. 
- Baqratı? O ki, sənin qaynatan, mənim də köhnə dostumdur… Mən Baqrat 
ağanı pristav vaxtımdan hörmətli bir adam kimi tanıyıram. Mənə elə  gəlir ki, o, 
erməni hökumətinə  sədaqətli bir adamdır. Heç ağlım kəsmir ki, Baqrat cinayət 
eləyə… 
- Zənnində yanılmamısan, cənab Karpov. – Karo gülə-gülə  əlini Timofey 
Timofeyeviçin çiyninə vurdu. – Baqrat ağa bizim arxamız, köməyimizdir. Mən 
səni yoxlayırdım. Nə isə, xahiş edirəm öz işini hər yerdə möhkəm tutasan. 
Mənimlə başqa işin yoxdursa gedə bilərsən. 
- Bir məsləhətim var. Daha doğrusu, səni bir məsələdən xəbərdar etmək 
istəyirəm. Agent məlumatlarından və  xəfiyyələrin  şifahi söylədiklərindən məlum 
olur ki, bəzi kəndlilər narazıdırlar… 


 
5
- Nədən? Kimdən? – deyə Karo birdən qışqırdı. 
Karpov Karonun əksinə olaraq, alçaqdan cavab verdi: 
- Hökumətin gördüyü işlərdən bəziləri narazıdır. Deyirlər, müsəlman 
kəndlərini dağıtmaq ermənilərin xeyrinə deyil: ehtiyacımız olanda müsəlmanlardan 
taxıl alırdıq, ot, saman gətirirdik. Allah baislərin evini yıxsın ki… 
Karo onun sözünü kəsdi: 
- Bu mənim üçün yeni xəbər deyil. İt hürər, karvan keçər. Biz Gorus və 
Kafan ətrafındakı müsəlman kəndlərinə də əl qatacayıq… 
- Demək, belə sözlərə, danışıqlara əhəmiyyət vermək lazım deyil, eləmi? 
Qarnının yoğunluğundan güclə nəfəs alan Timofey Timofeyeviçə Karo əyri-
əyri baxdı. 
- Mən sənə yenidən vəzifə öyrətməyəcəyəm. Avam camaat hər  şey danışa 
bilər. Hamını  qırmaq, həbs etmək olmaz. Kəndlilərin ağzına dil atanları, yoldan 
çıxardanları tapmaq lazımdır. Anladınmı. Bolşeviklərin kökünü kəsmək lazımdır. 
Bütün qüvvəni, bacarığını buna ver. Get, mənim işim var. 
Karpov bir qədər pərt getdi. 
Karo Saak barədə yazılmış kağızı sonra qədər oxudu. Gülümsünə-
gülümsünə qovluğa qoydu. Başını qapıdan bayıra çıxardıb Aşotu səslədi. Ona, 
gedib Saakı çağırmağı tapşırdı. 
 
- Giyəvimiz niyə  gəlmir, a kişi? – deyə,  əlində  təzə yorğan sırıyan Nvard 
ərinə müraciət elədi. – Xörək ocağın üstə qaldı… Bəlkə, bir də dalınca gedəsən… 
Baqrat dillənmədi. 
- Sənə nə olub, a kişi? Karonun yanından gələndən kefin pozulub. 
- Onun bugünkü hərəkəti heç xoşuma gəlmədi, arvad. Üzünü bozartdı. 
Mənimlə çox sərt danışdı. 
- Eh, hər sözü söz eləmə, sən atanın goru, hökumət adamıdır. Gündə yanına 
şikayətə gəlirlər, zəhləsini tökürlər, Qanı qaralır, yorulur. 
- Yox, arvad, mən onun danışığından başqa şey anladım. Sən ağzından bir 
söz qaçırıb eləməmisən ki?  
- Nə barədə? 
- Qrikorun ölümü barədə. 
- Necə bəyəm? 
- Heç… 
- Yayını atıb oxunu gizlətmə. O, sənə nə dedi? 
-  Şələyə Qrikorla bir yerdə gedib qayıtmağımı Karo hardan bilir? Bəlkə, 
sənin axmaq qızın deyib? 
- Siranuş onunla təklikdə danışmır. Deyir, iti görüm, qurdu görüm, Karonu 
görməyim… Yaxşı, a kişi, Qrikoru öldürdüyünü Karo biləndə nə olar? O yekəlikdə 
hökumət adamı öz qaynatasını da saxlaya bilməyəcək? Səni dama basacaq? Biz 
onunla təzə qohum olmuşuq. Qızı köçürəndən sonra, olacaq canımız, ciyərimiz. 
Amma, qızın xəstəliyi mənim ovqatımı təlx eləyib… 
- Bu barədə Siranuşa bir söz demə. 
- Nə deyəcəyəm ki. Ancaq, elə elə ki, qızı tez köçürək. 
Baqrat hirsləndi: 


 
6
- Nə eləyəcəyəm? Görmürsən qızın ölmüş ipə-sapa yatmır! Zorla 
nişanladığımız bəs deyil, deyirsən qolundan tutub Karonun qoynuna da salım? 
Nvard  ərinin hirsləndiyini görüb bir an dillənmədi. Lakin özünü saxlaya 
bilməyib dedi: 
- Evi dağılmamışın oğlu, heç bilirsən qızı niyə tez köçürmək istəyirəm? Nə 
təhər  şeydirsə, Siranuş Armenakın oğlunu ürəyindən çıxarda bilmir. Mən fikir 
vermişəm, qız gecələr yuxusunda da ondan danışır. Bilmirəm, bəlkə, qız, elə o 
gedə öləndən sonra dərddən, fikirdən yorğan-döşəyə düşüb? 
- Suren ölməyib, arvad. 
- Necə? Suren ölməyib?! 
- Hə. Karo onu bərk axtarır. Yəqin Siranuş bunu bilir. Onun üçün də… 
Karo gəldi. Baqratın sözü yarımçıq qaldı. 
- O evdən bu evə gəlməyin nə uzun çəkdi, başına dönüm. – Nvard yorğanı 
yığışdırıb bir tərəfə qoydu. 
- Keç otur. – Baqrat Karoya yanında yer verdi. Hər ikisi yanaşı oturdu. 
Karo yorğana işarə edərək soruşdu: 
- O nədir, ay xala? 
- Yorğandır, qadan alım. 
- Yorğan? – Karo güldü. – Baqrat ağa çox kasıbdır, hə? Nə altına salmağa 
döşəyi var, nə üstünə örtməyə yorğanı. 
- Hə dayna, ağrın ürəyimə, Baqrat yeddi yetimlə bir dərədə qalıb… - deyə 
Nvard da Karonun zarafatına zarafatla cavab verdi. – Vallah, mən bu kişiyə yorğan 
nədir, heç bir cib dəsmalı da tikmərəm. Ha… ha… ha… 
Nvardın gülüşü otağı götürdü 
- Sənin bu qaynanan daha mənə məhəl qoymur. Deyir, bir oğlum var, ikinci 
oğlum da giyəvimdir. Bundan sonra, hər  şeyi onlar üçün eləyəcəyəm. Onların 
qabaqda xeyir işləri var. 
- Hə, başa düşdüm… - Karo üzünə tökülmüş saçlarını geri verdi, - Nvard 
xala Samvelin toyuna yorğan-döşək hazırlayır. Lap yaxşı olar. Ananın borcudur. 
- Belə açıq danışmasaydın, mən də açıq deməyəcəkdim. Təzə yorğanı 
Samvelə yox, Siranuşla sənə qayırıram, ağrın ürəyimə. Vallah, sizə bir ev 
düzəldəcəyəm ki, padşahda da olmasın. 
Karo qəhqəhə çəkdi: 
- Mən ev istəmirəm, xala… Zəhmət çəkmə. Biz bu gün burdayıq, sabah kim 
bilir harda. 
- Elə danışıb ürəyimi sıxma, oğul.  Əvvəldən demişəm ki, mən səni də, 
qızımı da gözümdən kənar qoymayacağam. 
- Yaxşı, arvad, yaxşı, dur çörək gətir. 
Nvard gedib çörək-xörək gətirdi. 
- O balaca tuluğu, buynuzları da bura ver, arvad. 
Nvard hər şeyi hazır elədi. 
O biri evdən Siranuşun «Ana! Ana!» deyən səsi eşidildi. Nvard getdi. 
Ağzının dövrəsinə gümüş halqa salınmış uzun, əyri buynuzları Baqrat 
şərabla doldurdu… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə