Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə6/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   ...   31

Dördüncü fəsil: Elmi nümunələr


Qərblilərin beyinləri oğurlamaqdan ötrü pusqu qurması

Böyük ehtimalla sizin hər biriniz beyinləri oğurlamaq üçün fürsət gözləyənlərin mikroskopu altındasınız; bunu bilin. Onlar mənbələri, mədənləri, sərvətləri, hiss və həvəsləri oğurladıqları kimi beyinləri də asanlıqla oğurlayırlar. Xalq, valideynlər zəhmət çəkib, məktəb çalışıb bir gənci səmərəyə çatdırıb, onun istedadı çiçəklənib, sonra isə əcnəbi bir ölkə gəlib bir qədər pulla onu götürüb aparır, ixtiyarına təhsil imkanları buraxır, elmi laboratoriyalarda, emalatxanalarda və ali məktəblərdə işlədir. Nəticədə, bu xalqınkı və ona xidmət göstərməli olan parlaq istedad bəzən xalqın düşməninə xidmət edir.297


Bu ölkənin sərvəti kimi qalın!

Ehtiyatlı olun ki, düşmən sizə tamah salmasın, ona xoş üz göstərməyin. Siz öz xalqınıza, ölkənizə və İslama məxsussunuz. Bu səbəbdən özünüzü ölkəniz, xalqınız və İslam üçün bir sərvət kimi qoruyun. Həm siz bu işi görməlisiniz, həm də cənablar inşallah hazırlıq işlərini görüb düşməni məyus etsinlər və sui-istifadəyə qoymasınlar.298


Zamanı tanımayan alim batilin xidmətində durar!

İslam quruluşunun əsası elədir ki, elm, iman və aydınlıq birgə, lakin hər birinin özünəməxsus yeri olmalıdır. Elm vasitə və bundan əlavə, məhdud bir dairədə bilgi və məlumatın səbəbidir. Hər bir elm həyatın bir hissəsini işıqlandırır və insana - öz sahibinə bilgi verir. Aydınlıq başqa bir sahədə bilgidir. Bu sözdə məqsədim elmi lüğətlərdə başa düşülən intellektuallıq deyil, siyasi leksikonda başa düşülən tərifdir; yəni həyatın gedişatını, ölkənin siyasi arenasında mövcud həqiqətləri, düşmənləri, dövlətləri və mübarizəni tanıyan, dünyanın və həyatın ictimai və əsaslı məsələlərinə dair kompleks baxışı olan insan. İnsanlarda bu aydınlıq və ayıqlıq olsa, onları, həyatlarını təhdid edən əsas təhlükələrdən xəbərdar edər. Ayıq, aydın ruha malik olmayan bir alimin haqqa xidmət etməsi asan olduğu kimi, bir gün batilə xidmət etməsi də asan olar.299


Zamanı tanımadan öyrənilən elmin nəticəsi

Pəhləvilər dövründə ölkənin azsaylı mütəxəssisləri elmsiz, mərifətsiz və mədəniyyətsiz hakimlərin boyunduruğu altına girdilər. Onlar asanlıqla elm, mərifət və mədəniyyətdən heç bir bəhrəsi olmayan hegemon və nadan Rza xana boyun əydilər, qarşısında ikiqat oldular və təzim göstərdilər. Məhəmmədrza da nadanlıq və mədəniyyətsizlikdə atasının tayı idi. Bu fərqlə ki, o, Avropada tərbiyə almış savadsız idi, İsveçin, Fransanın və İngiltərənin kabarelərində, mağazalarında, əyləncə mərkəzlərində ingilis və fransız dillərini öyrənmişdi. Sahib olduğu yeganə müsbət cəhəti bu idi. O, Avropa tərbiyəsi görmüşdü, avropalılar kimi qalstuk bağlayır, əl verir, digərlərinin sağlığına badə qaldırır, əyləncə mərkəzlərinə gedir və eyş-işrətlə məşğul olurdu. Elm və savaddan isə heç nəyi yox idi. Amma Fars ədəbiyyatında işləmiş bir müəllim Tehran Universitetinin müəllimlərinin önündən keçən bu savadsız adamın ayaqqabısını öpdü. Onun adını çəkmirəm, ölümündən illər ötüb. Bəzən ətrafda peyda olan, fürsət tapan kimi dinə, İslama və İslam Respublikası quruluşuna hücum edən, özünü azadlıqsevər və ziyalı kimi aparan bəzi cücə ədiblər həmin cənabın qalıqlarıdır. Əyilib o rəzil bədbəxtin ayaqqabısını öpdü. Bəzi gənclər dedilər ki, müəllim, siz böyük alimsiniz, yalnız şah olduğuna görə əyilib nadan və savadsız birinin ayaqqabısını öpdünüz?! Dedi ki, şah heybəti məni tutdu.

Bu, ziyalı olmayan və ziyalılığın insana verdiyi lazımi mərifətdən uzaq bir alimin dəyəridir. Bunun dinlə əlaqəsi yoxdur. Ola bilsin, insan dindar olmasın, amma hər kəsin həddini bilsin. Şah heybəti nədir?! Şah kimdir?! Savadsız və nadan şah qələt edib ayağını universitetə qoyur. Gəlirsə də, siz universitet müəllimi onun qarşısında belə torpağa düşməlisiniz?! Elm sahiblərinin çoxu bu elmi və onun vasitəsilə əldə etdikləri ad-sanı harada xərcləməli olduqlarını bilmədilər. Əgər bilsəydilər, o zaman zalım şah rejimi ilə işləməzdilər.300
Əxlaqsız fitri istedad işə yaramır!

Siz elmi sevməli, dəyər bilməli, Allah üçün və saf niyyətlə öyrənməlisiniz. Mənim əzizlərim! Siz həm də nəfsinizi saflaşdırmağa çalışın, özünüzdəki əxlaqi təməlləri gücləndirin. Alim, tədqiqatçı insanlar bir ölkə üçün çox böyük sərvətlərdir, amma bu şərtlə ki, əxlaqi bünövrələri möhkəm, vicdanı diri olsun. Əks təqdirdə, elmin faydası olmayacaq.301


Bu nəslin istedadlarının məsuliyyəti

Bizim geri qalmışıq və bunu inşallah siz düzəltməlisiniz. Bu zəhmət və məsuliyyət hazırkı nəslin üzərinə düşür. Hərəkəti bir qədər sürətləndirin və elmi işlə məşğul olun. Sizin Allaha şükür ki, yaxşı istedadınız var, onu işlədin. Şübhəsiz, çox uzaq olmayan gələcəkdə onun şirin səmərələrini görəcəksiniz; həm özünüz görəcəksiniz, həm inşallah bütün ölkə. Çalışıb ölkəni elmi baxımdan digərlərinə ehtiyacsız etməliyik.302


Yaddaş və istedad milli sərvətlərdir!

İkinci məsələ budur ki, onların özləri bu istedad əmsalını və yaddaşı milli sərvət bilsinlər. Bunlar milli sərvətlərdir, şəxsi deyil. Bunlardan ölkə, xalq və ailələri üçün istifadə etsinlər. Bunlar Allahın verdiyi əmanət və sərmayələrdir, xüsusi mülk deyil. Deməsinlər ki, dövlət bizə qayğı göstərmədi. Əgər qayğı göstərməsə də, bu, üzr sayılmır. Bunu dedim ki, inşallah 15-20 il sonra görkəmli elmi şəxsiyyətlər olacaq bu yaxşı gənclər yadda saxlasınlar.303


İstedadların tələf olmasında təqsirkar

Bizim elmi gələcək və bununla bağlı dediklərimizin hamısı iki-üç təmələ əsaslanır. Əsas təməllərdən biri sizin dərs oxumanızdır. Siz gərək dərs oxuyasınız. İstedadlı və əlaçı olmaq bir imtiyazdır, amma mütləq o demək deyil ki, parlaq istedadın sahibi öz cəmiyyətinin, ölkəsinin, yaxud daha kiçik çevrənin taleyi üçün faydalı və təsirli bir şəxsiyyətə çevriləcək. Çoxlu istedadlar tələf olur. Bu isə həmişə imkan yaratmayanların təqsiri deyil. Çox zaman istedad sahibinin özünün pis idarəçiliyinə və pis seçiminə görə belə olur. Bunu yaddan çıxarmayın. Yaxşı istedadı olan şəxs nəfsini və həvəsini elmdən üstün tutsa, istedadı öləcək.

İstedadı öldürən amil həmişə insandan xaricdə deyil, bəzən və çox zaman özünün pis seçimidir; ya nəfs, həvəs, şəhvət, pulsevərlik, vəzifəpərəstlik və bu kimi məsələlərin təsiri altına düşür və uyğun olmayan bir insanın əlində vasitəyə çevirilir, ya da əvvəldən dərs oxumur. Çoxlarının istedadı yaxşıdır, amma dərsə həvəs göstərmir, dərs oxumurlar. Görürsünüz ki, qəbul imtahanında çox yüksək nəticə göstərmişdir, amma sonra ondan gözlənəni etmir; yəni istedadını işlətmir.304
Beyinlərin qaçışının onların mühacirəti ilə fərqi

İkinci məsələ beyinlərin qaçışına aiddir. Mən bir dəfə bir tələbə toplantısında dedim ki, bununla bağlı digərləri qədər narahatlıq keçirmirəm. Bir qrup gənc görür ki, burada onların təhsil imkanları mövcud deyil, bir imkandan istifadə edib gedir və özlərini elmi cəhətdən yetişdirir, təkmilləşdirirlər. Mən bu məsələni hamının fəryad qopardığı qədər böyük hesab etmirəm. Mühüm olan qaçışdır. Cənab Qumi gözəl ifadə işlətdi; dedi ki, insanların mühacirətini onların qaçışı ilə qarışdırmaq olmaz. Bəli, mənim sözüm də budur. Bir zaman siz elm öyrənmək üçün mühacirət edirsiniz. Məgər İslam deməyib ki, elm Çində olsa belə, gedib öyrənin?!305 Siz görün ozamankı Ərəbistan xalqının günün elm mərkəzlərindən olan Çinə səfəri nə qədər məşəqqətli idi. Bu gün heç bir ölkəyə mühacirət etmək onun onda biri qədər çətin deyil. Bununla belə, demişlər ki, gedin təhsil alın, öyrənin.306


Mühacirət edən beyinlərin ölkəyə qayıtmasının zəruriliyi

Əlbəttə, siz də gedib təhsil almalı, öyrənməlisiniz. Heç kim mane olmur ki, kimsə gedib ölkəmizdə olmayan və digər yerlərdə olan laboratoriyalarda bir şey oyrənsin, amma bu, qaçış və qayıtmamaq niyyəti ilə olmamalıdır. Buradakı hər hansı çatışmazlığa görə geri dönməmək düzgün deyil. Məgər özünüz demirsinizmi "öz evimiz, öz vətənimiz"?! Bunun özü bir haqq yaradır. Siz bu bölgənin, bu torpağın, bu vətənin məhsulusunuz, buranınsınız və buraya borclusunuz. Sizin istedadınız, təhsiliniz və hər bir uğurunuz buraya aiddir.

Siz bu hisslə gedib dərs oxusanız, işləsəniz, elmi uğur qazansanız da, öz ölkənizə aid olduğunuzu, onun tarixi, mədəni və coğrafi baxımdan bəzi çətinliklərə dözməyə layiq bir yer olduğunu bilməlisiniz. Sizin vətəniniz böyük bir yer və əhəmiyyətli bir ölkədir, onun böyük tarixi, zəngin mədəniyyəti var. Ölkəniz bu gün də keçmiş əsrlər kimi əlində məşəl tuta və dünya ondan bəhrələnə bilər. Bu gün buna əlverişli imkan yaranmışdır və siz bu məşəli yandıranlardan ola bilərsiniz. Hər bir dönəmdə belə imkan yaranmır, hər bir elmi-mədəni irsdə belə çıxar olmur. Sizdə bu potensial var və bununla fəxr etməlisiniz.307
Xaricdə təhsil alanların problemi: elmi-mədəni kimliyin unudulması

Bir dönəmdə ölkənin gənc nəslinin başına böyük bir bəla gəldi. O da bu idi ki, onlar elm öyrənmək üçün başqa ölkələrə getdilər, elm öyrəndilər, amma daha əhəmiyyətli bir şeyi unudub orada qoydular. Bu, onların elmi-mədəni və milli kimliyi idi. Onlar qayıtdıqları ölkələrində dəyərli alim olmalarına baxmayaraq, bir əcnəbi kimi rəftar etdilər, öz ölkə və xalqlarının köklü məqsədlərinə lazımi xidməti göstərə bilmədilər. Bir dönəmdə ölkədən gedib Avropa ölkələrində təhsil alanların çoxu asılılığa səbəb oldular. Bu, ona görə idi ki, onlar öz kimliklərini itirdilər. Bir xalq o zaman tərəqqi və yüksəlişə nail ola bilər ki, elmi öz milli başucalığına vasitə etsin. Bir ölkəni başucalığından və milli qürurundan ayırsalar, qlobal güclər üçün alətə çevrilər. Və bunun da dəyəri yoxdur.

Düzdür, inqilabdan sonra bizim tələbələrimizin vəziyyəti tamamilə dəyişib, İslam birlikləri fəal olandan və dəyərlər sahəsində işləyənlərin fəaliyyəti artandan sonra çox yaxşı işlər görülmüşdür. Mənim məlumatım qədərincə, Şərqi Avropanın İslam birliklərinin - yəni burada iştirak edən siz əziz qardaş və bacıların dini və islami dəyərlər, milli iqtidar və istiqlaliyyəti qorumaq sahəsində fəaliyyəti dəyərli olmuşdur.308
Elmi nümunələrlə müştərək narahatlıqlar

Mən sizi diqqətlə dinlədim. Siz indi mənim də narahat olduğum əsas məsələlərə diqqət yetirirsiniz. Siz fundamental elmlərə, tədqiqata, elm və düşüncə inkişafı üçün münasib şərait yaratmağa, dünyanın hər bir yerində olan elmdən istifadəyə, digərlərinin elmindən bəhrələnməyi onların bütün mədəni-ideoloji nəzərlərindən bəhrələnməklə qarışdırmamağa toxundunuz. Bunlar mənim gənclərə, tələbələrə, cəmiyyətin bilikli və istedadlı təbəqəsinə dair əsas narahatlığımı təşkil edən məsələlərdir. Allaha şükür edirəm ki, məni düşündürən və beyinlərə hopub ümumi tələblərə çevrilməsi üçün universitet mənsublarına, universitetlərin məsul şəxslərinə və gənclərə dediyim bu sözlərin nəticə verdiyini görürəm. Siz istedadlılar indi həmin məsələlər üzərində dayanırsınız.309


Elmi nümunələrin mühacirəti üçün proqram hazırlamaq

Bu işdə başqa bir cəhət var və o, elmə eşqdir. Mən bir-iki il öncə buraya gəlmiş gənclərə dedim ki, elmi nümunələrin ölkədən getməsinin adını özlərini təkmilləşdirmək və dünyanın mövcud imkanlarından istifadə etmək üçün mühacirət adlandırmaq olar. Ancaq bu niyyətlə ki, bu təkmilləşdirmə onları yetişdirən və onlara xidmət göstərən ölkələri və xalqları üçün olsun.

Bəzi dostlar dedilər ki, İslam insanları elm öyrənməyə həvəsləndirmişdir və elm öyrənmək lazımdır; dünyanın harasında elm varsa, ondan istifadə etmək mümkündürsə və bizim getməyimiz üçün maneə yoxdursa, xalq və ölkəmizdən ötrü gedib öyrənməliyik. Bunlar üçün işlər görülməli və sizin birinizin sözü ilə desək, proqram hazırlanmalıdır. Nizam-intizamlı proqramla gedib elm öyrənib qayıtsınlar. Bunlar vacib işlərdir. Biz bunu hökumətdəki dostlarımızdan istəmişik.310
Elmi nümunələrin elm istehsalına iradəsi

Elmin cəmiyyətdə inkişaf etməsi lazımdırsa, sözsüz ki, məmurlar imkanları təmin etməlidirlər. Mən bu sözü sizə deyirəm, hökumət və nazirlikdəki dostlara isə başqa söz deyirəm. Onlara deyirəm ki, kömək etsinlər. Dəfələrlə də söhbət etmişik, amma mənim övladlarım kimi olan siz əzizlərimə deyirəm: Elm istehsalı və elmdə dərinliklə məşğul olun. İstedadınız və zehni hazırlığınız varkən buna çalışın. Şablon bilgilər öyrənmək, yaxud qiymət almaq barədə düşünməyin, elm barədə fikirləşin. Əlbəttə, bunun üçün elm və tədqiqata dəstək mədəniyyəti və şəraiti lazımdır. Lakin bu amillərə üstün gələcək başqa bir amil sizin meyliniz, həvəsiniz, iradəniz və istəyinizdir. Ölkəni elmi baxımdan qurmağa səy göstərin.

Mənim müraciətim yalnız sizə deyil. Ölkədə sizdən öncə də elmi nümunələr olmuşdur, sonra da olacaq. Hər hansı fənnin elmi nümunələri daxildə elmi gücləndirməyə, istehsal etməyə çalışmalıdırlar. 311
Ölkədə elmi nümunələri aşkara çıxarmağın fayda və zərərləri

Bu gün ölkədə elmi nümunələr yetişir və beynəlxalq olimpiadalarda çıxış edirlər. Düzdür, bunun zərəri də var; dostumuz işarə vurdu: şəxsiyyətləri tanıtdırmaq işgüzar fikir və beyin axtaran kompaniyaların və pullu təşkilatların onları oğurlamaq işini asanlaşdırır. Lakin bu, öz-özlüyündə cəmiyyətimizdə yaranan elm hərəkatının, ölkəmizin və gənc təbəqəmizin elmdə özünü sübuta yetirmə cəsarətinin göstəricisi idi.312


İnkişafın heç bir həddi ilə qane olmamaq

Elmi inkişaf yolunu heç zaman üzünüzə bağlamayın və elmi inkişafın heç bir həddi ilə qane olmayın. Bəşərin mənəvi sahələrdə qazana bildiyi bütün inkişaflar - elm, əxlaq, din və uca mənəvi dəyərlər tükənməzdir, həmişə inkişaf imkanı var və yol sonsuzdur. İnşallah həm elmi sahələrdə, həm dini, mənəvi və özünüislah sahələrində günbəgün inkişaf edəsiniz.313


Elmi nümunələr və elm işinin icrası

Əgər hər hansı bir elm və tədqiqat işini əsas məqsədimiz və işimiz bilməsək, nəzərdə tutduğumuz heç bir iş düzəlməyəcək; nə inkişaf, nə sənaye, nə də ictimai işlər. Biz elmə prinsipial şəkildə diqqət yetirməli, proqramlarda və hər yerdə elmə baxışı artırmalıyıq. Düzdür, bunun idarəsi dövlət məmurlarına aiddir, lakin həyata keçirmək və səhnədə olmaq elmi nümunələrin üzərinə düşür.314


İstedadlı gənclərin vəzifəsi

Müxtəlif istedadlara uyğun olaraq gənclərimizin istedadı bütün sahə, sənaye və elmlərdə - fəlsəfədə, ədəbiyyatda, incəsənətdə və dini təlimlərdə işə salınmalıdır. Bunlar sizin işinizdir. Siz bütün müsəlman cəmiyyətlərinin gənclərinə örnək ola bilərsiniz. Necə ki, inqilabın əvvəlindən bu günə qədər Allahın lütfü ilə belə də olmuşdur.315


Elm istehsalında əsgərlik hissi

Mənim əzizlərim! Mənim sizə demək istədiyim budur: Siz bu sahədə döyüşdəki əsgər hissi ilə çalışmalısınız. Məsələnin məğzi budur. Biz heç kimi nəyəsə məcbur etmək istəmirik və bu iş müharibə dövrünün icbari əsgərliyi kimi deyil. Burada elmi nümunə tərbiyə, inkişaf və elm istehsalı sahəsində bir əsgər kimi işləməlidir. İşləməsə də, kimsə onun yaxasını tutmayacaq, lakin bir gün bütün xalqın və ölkənin yaxasını əsaslı və böyük problemlər tutacaq. Biz ölkəmizdə bunu təcrübə etdik.316


Elmi nümunələrin və məmurların qarşılıqlı gözləntiləri

Bilin ki, istedadlı bir insan məsuliyyətli qurumlardan, haqlı olaraq, onun istedadını inkişaf etdirmələrini və onun qədrini bilmələrini gözlədiyi kimi, bu ölkə, xalq, ailə, valideynlər, cəmiyyət və quruluş da ondan həqiqətən can-başla çalışmasını gözləyir. Ən istedadlı şəxslər də çalışıb səy göstərməsələr, dərs oxumasalar, işlərini sonacan davam etdirməsələr, istedadları donar və tədricən məhv olar. Bu istedad müxtəlif fənlərdə çiçəkləndikdə və böyük işlər görə bildiyinizdə də mənəvi cəhətdən özünüzü güclü saxlayın ki, şübhələr sizi o tərəf-bu tərəfə çəkməsin. İstedadları çox yaxşı olan və böyük həddə də çiçəklənmiş bəzi şəxslər var, amma bir yerdə bir ehtiras, yaxud düşüncə uçurumu qarşıya çıxsa, sürüşərlər. Özünüzü möhkəm saxlayın. Adətən əcnəbilər yaxşı istedadlıları bu ölkədən aparmaq üçün tələlər qururlar. Onların qarşısında da ciddi müqavimət göstərməlisiniz.317


Gənclərin əxlaq və mənəvi saflıqla yanaşı elm öyrənməsi

Əziz gənclər! İstər humanitar elmlər, istər Quran elmləri, istər təbii elmlər, istər digər elmlər sizi dini və əxlaqi inkişafdan saxlamasın. Siz bunların hamısına birgə malik olmalısınız. Əziz qardaşımızın məclisin əvvəlində oxuduğu ayədə deyilir ki, Allah-Taala Peyğəmbəri (s) təlim vermək və paklamaq üçün göndərdi.318 Deməli, təlim və paklıq bir-birinin yanındadır, onları ayırmayın.

“Elm adamı təbii olaraq dəyər, mənəviyyat və əxlaqdan vaz keçməlidir” düşüncəsi tamamilə səhv və idxal edilmiş bir fikirdir, məsihi Avropasında mövcud olan keçmişə əsaslanır, İslam cəmiyyəti ilə, İslam dərki və təlimləri ilə əsla uyğun deyil. Alim dəyərli və əxlaqlı olsa, hansı fəndə olursa-olsun, bəşəriyyətin və ölkəsinin yüksəlişi üçün ona bel bağlamaq olar. Belə alimin məqsədləri dəyərli, hərəkəti insaniyyətin, ədalətin, dəyərlərin xeyrinə və bu gün dünyada mövcud olan qəribə nizamsızlığa qarşı olar. Siz çalışın gələcəkdə belə alimlərdən olun, öz məqsədlərinizi belə məsələlərdən seçin, dünyanın çarxını düzgün istiqamətdə yönəldənlərdən olun. Bunu özünüzə məqsəd seçin. Bu mümkündür. Əlbəttə, bu məqsədə çatmaq üçün çoxlu işlər görmək lazımdır.319
Elmi nümunələrin qayıtmaq məqsədi ilə xaricə getməsi

Mən bir neçə dəfə demişəm ki, elmi nümunələrin ölkədən çıxması mütləq şəkildə mənfi bir məsələ deyil. Çünki ola bilsin bir elmi nümunə ölkədən xaric olsun, bəzi ixtisaslara yiyələnib yenidən qayıtsın və ölkəyə xidmət etsin. Əlbəttə, daha yaxşı olar ki, istedadın çiçəklənməsi üçün lazım olan şərait ölkənin özündə yaradılsın; laboratoriyalar, elm və tədqiqat mərkəzləri olsun. Daha yaxşısı budur. Əgər yoxdursa, elmi nümunələr getsinlər; dünya genişdir. Lakin onların getməsi proqramlı şəkildə olmalıdır; yəni gedən bilsin ki, nə üçün gedir, nə etmək istəyir, lazım olanı öyrənəndən sonra ondan necə istifadə edəcək.

O elmdən ölkənin inkişafı, xalqının tərəqqisi, ölkəsinin digər elm adamlarına kömək etmək üçün istifadə etmək istəyir, yoxsa onu bir kanadalı, amerikalı, yaxud avropalı biznesmenin şirkətində işlətmək istəyir?! Bu, elmi baxımdan görkəmli bir insan üçün ən böyük təhqirdir: çalışsın, zəhmət çəksin, işləsin, ölkəsinin bütün imkanları bu gənc alimin ərsəyə gəlməsi ilə nəticələnsin, amma o, dünyanın hansısa nöqtəsində olan, heç nə anlamayan, heç nə bilməyən, insanlıq düşməni olan hansısa zavod, yaxud kompaniya sahibinin xidmətində dursun və ondan alət kimi istifadə etsinlər.

Bir elmi nümunə o zaman başıuca və şərəflidir ki, öz ölkəsinin, evinin və xalqının vəziyyətinin yaxşılaşmasında, boynunda haqqı olan insanların həyatının, gələcəyinin və tarixinin parlamasında rol oynasın. Siz yalnız ölkənizdə çalışdığınızda parlaq simaya malik olarsınız. Heç bir iş görməyən minlərlə ali təhsilli gəncin arasında fizika, tibb, yaxud İran ədəbiyyatı sahəsində çalışıb ölkədə ölməz bir şəxsiyyətə çevrilən bir gənci fərz edin. Ölməz şəxsiyyətlər bunlardır. Ölkədə bizim tibb, fizika, ədəbiyyat, fəlsəfə və bəzi humanitar elmlərdə görkəmli şəxsiyyətlərimiz var. Ölkə bunlarla fəxr edir. Ölkə gedib hansısa topluma, yaxud şəxsə aid bir biznes təşkilatına üzv olan mühəndislə, həkimlə, yaxud ali təhsilli bir şəxs və alimlə fəxr etmir. O gedib bir insanın uşaqları, qızları, oğlanları, itləri və xidmətçiləri üçün pul istehsal etmişdir. Bunda fəxr etməli bir şey yoxdur. Fəxr odur ki, insan öz ölkəsi daxilində, öz ölkəsi üçün tərəqqi, inkişaf və hörmət yarada, gerilikləri aradan qaldıra bilsin. Bu baxımdan, kimsə bu niyyətlə istər burada, istər xaricdə hər hansı dərsi oxusa, hansısa sahədə işləsə, dəyərli olar. Hər halda, belə məsələlərin məqsəd və siyasətlərinin təyin və onları icra etmək işi sözügedən fondda həyata keçə bilər.320


Təkəbbür və qürurdan ehtiyatlı olmaq

Hər halda, bunu sizə deyim, mənim əzizlərim! Sizlər elmi nümunəsiniz, əzizsiniz, gözümüzün işığısınız. Amma yadınızda qalsın ki, nə qədər alim olsanız, bir o qədər təvazökar olmalısınız. Bunu yaddan çıxarmayın. Məbada elmi nümunə olmaq, Allah eləməmiş, sizdə qürur yaratsın! Elmi nümunə olmaq mütləq məğrur olmaq demək deyil. Əlbəttə, mən sizdə bunu görmürəm, nurlu simalarınız belə göstərmir, amma hər halda, ehtiyatlı olun. Ölkənin elm adamları təkəbbürdən tamamən uzaq olmalıdırlar. Elmi uğurlarınız nə qədər çox olsa, harada yeni bir nailiyyətə imza atsanız və daha artıq müvəffəqiyyət əldə etsəniz, daha təvazökar və xalqa daha yaxın olun. Bu sizin naliyyətlərinizin və varlığınızın faydasını daha da artıra bilər.321


Siyasətlə elmi-mədəni sahənin fərqi

Bizim fikrimiz də budur ki, siyasət çoxları, o cümlədən düşüncə və elm adamları üçün müvəqqəti sahədir, onların ümumi və ictimai kimliyinin əsas elementi deyil. Bu xüsusiyyətə malik olan amil elm və mədəniyyətdir. Bu, daimidir: "İnsanlara fayda verən bir şey isə yer üzündə qalar"322. Düzdür, siyasi işlər də xidmətdir, həm də çox əhəmiyyətli və dəyərlidir; istər hakimiyyətin rəhbərliyi həddində, yaxud ümumiyyətlə, siyasi aləmə qoşulmaq mənasında. Lakin bu işlərin xisləti müvəqqətidir. Müvəqqəti olmayan, daimi olan və insanın həyatı boyu davam edən amil mədəni və elmi işdir. Elm adamları belədirlər. Elm adamları yüz il də yaşasalar, onların elmi işi kəsilmir, əsas kimlikləri kimidir. Lakin siyasi xidmət və rolları azalıb-çoxalır, çox zaman da bitir.323


Elmi yeniliklərin idarəsi

Proqramlaşdırma və elm istehsalı hərəkatını biz irəli sürdük. İndi təxminən on il ötür və bu gün bir təlatüm yaranmışdır. Bunu kim yaratmışdır? Mən yalnız bir kəlmə dedim. Bu işi siz gördünüz, bizim tədqiqatçımız, gəncimiz, müəllimimiz gördü. Yenilik belədir. Bu yeniliyi idarə etmək cəmiyyətin düşüncə, mədəniyyət nümunələrinin, hövzə və universitet ziyalılarının vəzifəsidir. Nə yeniliyi vurmaq lazımdır, nə də hər yeniliyə təslim olmaq. Yaxşı, bu yenilik nə üçündür? İnkişaf üçündür. İnkişaf nədir? Bunu izah etməliyik.324


Özünəinamın gücləndirilməsi

Özünəinamı zəiflədən amillərdən çəkinmək lazımdır; xüsusən də elmi nümunələr. Bunların bəzisini mən dedim. Özünüz fikirləşin, araşdırın. Özünəinamı gücləndirən amilləri qabartmalısınız. Siz tələbə nəşriyyələrində, müəllim sinifdə, tələbələr öz dərnəklərində və təsir dairələrində bu işi görsünlər.325


Elmi nümunə mədəniyyəti

Elmi nümunənin öhdəçi olması mədəniyyətini cəmiyyətə yayaq, yalnız gözləntiləri yox. Əlbəttə, gözlənti məntiqlidir, yerindədir, əbəs deyil. Lakin onun kənarında öhdəlik, borcluluq hissi olmalıdır; yəni bu böyük toplumun bir fərdi olaraq mənim üzərimə hansı vəzifə düşür, hansı işi görməliyəm. Bunlar çox mühümdür.326




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə