Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr



Yüklə 2,2 Mb.
səhifə3/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   ...   31

Üçüncü fəsil: Məmur və müdirlər


İnqilab üçün bacarıqlı kadr yetişdirmək

Həqiqətən əsas və daha təcili sahə sinif, təhsil və ixtisas mədəniyyətinə, insan yetişdirməyə və bacarıqlı kadrlar hazırlamağa aid sahədir. İnqilabın idarəsi üçün bacarıqlı insan kapitalının istehsalı ibtidai məktəblərdən və hətta müəyyən mənada ondan da öncədən başlanır, universitetlərə, tədqiqat mərkəzlərinə və ali təhsil müəssisələrinə qədər davam edir. Siz cənablar bunu təmin və idarə etmək, yaxşılaşdırmaq işini öhdənizə götürmüsünüz.148


İslam quruluşunda universitetin vəzifələri

Elmin, tədqiqatın, kəmiyyətin inkişafı, məhrum bölgələrdə inkişaf, universitetlərdə həqiqətən vacib olan bəzi məsələlərə önəm vermək, inqilabi orqanların vəzifəsini qəti şəkildə müəyyənləşdirmək, onları məntiqli və düzgün formada gücləndirmək, idarəçiliyə və onu gücləndirməyə dair məsələlər bu bir neçə ildə həqiqətən universitetlərin əsaslı məsələlərindən olmuşdur. Mən bunlar barədə dəfələrlə danışmışam və yeni bir şey deyil.

İslam Respublikası quruluşunun universiteti elə insanlar yetişdirməlidir ki, quruluş onlara arxalansın. Yəni bu quruluş elmi, praktik və idarəçilik baxımından xalqın yolundakı iri və xırda düyünləri açmaq üçün onlara güvənməlidir. Məgər belə deyil?! Bəs universitet nə üçündür?! Məgər elmsiz yaşamaq olar?! İnkişaf etmək olar?! Öz milli hüquqlarını bilmək, əldə etmək, yaxud onların yolunda düzgün mübarizələr aparmaq olar?! Elmi olmayan millət geriliyə, rəzilliyə, köləliyə, əxlaqsızlığa və qlobal münasibətlərdə dilənçiliyə məhkumdur.149
Ölkənin elm mühitində əsaslı problem

Ölkənin elm mühitində, özü də sizin məşğul olduğunuz belə bir həssas elmdə, yəni tibb və onun şaxələrində bunlar həqiqi, əsaslı və fundamental problem deyil. Əsas problem budur ki, bir universitetdə o işə inam olmasın, məsul şəxslər ölkə üçün yanmasınlar, ağrı-acıları duymasınlar, birini gətirib bir universitetə, yaxud Tehran Universitetinə rektor qoysunlar, o da işi, mövqeyi, siyasi cinahı, dövrün sarayına yaxınlaşması və öz kisəsini doldurması barədə düşünsün, tabeliyindəki mühit onun üçün birinci dərəcəli olmasın.150


Universitet işləri bunların əlində olmasın!

Mən bir neçə il bundan əvvəl bir söz dedim, bəziləri səs-küy saldılar. Dedim ki, universitetlərin başçılığı gərək elmi başçılıq olsun. İndi də fikrim budur. Yəni universitetin başında dayanan şəxs elə olmalıdır ki, orada olanlar bu şəxsi rəis kimi qəbul etsinlər. Sözsüz ki, əməl və etiqadlı elmdən söhbət gedir. Elə olmasın ki, bu quruluşun başının bədənindən ayrılmasını istəyən, ümumiyyətlə, İslama etiqad bəsləməyən, İslamı və hizbullahçıları masqara edən, yaxud mömin tələbəni ələ salan etiqadsız bir şəxs işlərin başında dayansın. Xeyr, onun qolundan tutub kənara qoyun. Gəlib bizim siniflərimizdə dərs demək istəyirsə, eybi yoxdur. Hər hansı bir müəllim gəlib dərs desə, biz qəbul edərik. Biz hər bir kəsin elmindən bəhrələnirik, hətta bizi qəbul etməyənlərin belə. Elmini öyrətsin, biz çox təvazökarlıqla oturub onun elmindən bəhrələnərik, quruluş onun elmindən istifadə edər. Lakin universitetin idarəsində təyinedici olması əsla yolverilməzdir.

Ləzzətlərindən və yeyib-içməyindən keçməyən, ümumiyyətlə, ağır vəzifəyə baxmayan bir insanın nə haqqı var ki, bu quruluşda mühüm sima olduğunu desin. Elmi də onun şəxsi həyatının və qarnının qulluğundadır. Elmi də xalqdan ötrü deyil. Elminin də dəyəri yoxdur. Sizin nazirliyinizdə və universitetinizdə inqilabla bir istiqamətdə hərəkət etməyənin elminin də dəyəri yoxdur.

Bəli, əgər elmini tələbələrimizə öyrətsə və tələbələrimiz ondan faydalansalar, sözümüz yoxdur; bu şərtlə ki, öyrətsin. Mən eşitmişəm ki, bəziləri hətta elmlərini də əsirgəyirlər. Belə bir şəxs ümumiyyətlə, işə yaramır. Lakin öyrətmək istəyənin yanına gedib elmini öyrənsinlər, problem yoxdur. Sinifdə dərs desin, amma bu quruluşa, bu təfəkkürə, İslam hərəkatına və inqilaba etiqadı olmayınca, ona çox imkan vermək olmaz. Bu meyarlarla uzlaşan bir müəllimi, yaxud məsul şəxsi işə götürürsünüzsə, daha hamı ona hörmət etməli və doğrudan da gözləri üzərində saxlamalıdır. Tələbə də ona hörmət etməlidir.151


Ölkədə elmin istehsalı üçün proqram hazırlamaq

Bizim elmimiz və alimimiz olmasa, sənayemiz də olmaz. Biz nə vaxta qədər hovuza əlimizlə su doldura bilərik?! Nəhayət, özündən su gəlməlidir. Nağd işlər ölkənin proqram hazırlayanlarının gözünü tutur. Bəlkə onların da təqsiri yoxdur. Ona görə ki, nağd ehtiyaclar doğrudan da çox böyük və mühümdür. Eyni zamanda gərək belə baxışları da olsun.152


Mömin uşaqların tədqiqat mərkəzlərinə qəbul olunması

Çalışın tədqiqat mərkəzlərinə və bu kimi yerlərə yaxşı müsəlman uşaqlar daxil olsunlar. Çalışmaq lazımdır ki, yaxşı qardaşlar, mömin uşaqlar, həqiqətən inqilabı canıyla qəbul edənlər mühüm mərkəzlərə getsinlər. Belə olmasın ki, indi yol açıqdır deyə hamı gələ bilər. Allah eləməsin ki, quruluş, İslam və müsəlmanlar bu cəhətdən ziyan görsünlər. Belə mənəvi cəhətlərə çox riayət etməlisiniz.153


Universitetin fəlsəfəsi: elmli və bacarıqlı kadr yetişdirmək

Universitetdə aparılan tədqiqat bundan ötrüdür ki, insan kapitalı inkişaf eləsin, alim və işgüzar kadr öhdəsinə düşən işə səlahiyyət əldə etsin və onu görə bilsin. Ümumiyyətlə, universitetin fəlsəfəsi bundan ibarətdir. Universitet bir qrupun dolanışığı üçün deyil. Bu, zəruri bir məsələ olsa da, məqsəd deyil. Məqsəd budur ki, tələbə universitetdə lazımi səlahiyyətlər əldə etsin. Biz bu sahədə tələbə üçün bacardığımız hər bir işi görməliyik.154


Tələbə yetişdirməkdə iki əsas məsələ

Tələbə tərbiyəsində iki əsas amil var. Onların heç birinə diqqətsiz yanaşmaq olmaz. Əgər diqqətsiz yanaşılsa, altını çəkəcəyik: biri elm, tədqiqat, elmi işgüzarlıq, elmi istedadların çiçəklənməsi və bu tip məsələlərdir, biri də həvəskarlıqdan, dindarlıqdan, düzgün hərəkətdən, tələbənin mənəvi və psixoloji sağlamlığından ibarətdir. Universitetlərdə bu iki amil bir-birindən ayrılmadan ölkənin bütün imkanları daxilində izlənməlidir.

Əgər birinci amildə səhlənkarlıq göstərsək, nəticə nə olar? Hamı bilir. Tələbəyə elm və tədqiqat ötürə bilməyən, tələbəni bir alim, bir müəllim, bir səlahiyyət sahibi, bir yaradıcı və nəhayət, cəmiyyətin idarəsinin saysız-hesabsız sahələrindən biri üçün aktual müdir edə bilməyən bir universitetdən universitet çıxmaz. Bu sahədə müəllim, dərs vəsaiti, təhsil şəraiti, laboratoriya və elmi jurnallar məsələləri var. Bunlar həmişə dilimizin əzbəridir. Təxminən sizin hamınız universitet mənsublarısınız, bu məsələləri çox yaxşı bilir və onlarla məşğul olursunuz. İnşallah ölkənin imkanları həddində günbəgün daha inkişaf edək!

Ölkənin ümumi universitet mühitində ikinci amilə - yəni tələbənin həvəskarlıq, dindarlıq və ayıqlıq məsələsinə, onun məqsədsiz bir elm adamı halətindən çıxıb məqsədli bir elmi kadra çevrilməsi məsələsinə yetərincə diqqət ayrılmır.155


Kadr yetişdirməkdə düşüncə quruculuğunun əhəmiyyəti

İslam Respublikasının xüsusiyyəti belədir ki, onun kadr yetişdirmə aparatı düzgün hərəkət etməli və İslam Respublikasının məqsədlərinə uyğun kadr yetişdirməlidir. Biz yalnız alim olan, bir xalqın, xüsusən də müsəlmanların malik olduğu müqəddəs arzulara yiyələnməyən bir insan yetişdirmək istəsək, yaxşısı budur ki, tələbələrimizi qrup-qrup elm mərkəzlərinin bizdən daha imkanlı və daha modern olduğu ölkələrə göndərək, gedib orada öyrənib gəlsinlər. Məqsəd bu deyil. Məqsəd budur ki, ölkə elm və fikir baxımından səlahiyyətli insanların vasitəsilə öz məqsədləri istiqamətində hərəkət etsin. Bu yalnız o zaman mümkün olar ki, bu insanlar o məqsədləri bilib qəbul etsinlər.156


Elmi inkişafın təklikdə dəyəri yoxdur!

Əgər universitet elə bir yer olsa ki, onu bitirən şəxs – yəni universitetin məzunu nə inqilaba, nə dinə, nə ölkəyə, nə milli istiqlaliyyətə və böyük milli arzulara qarşı məsuliyyətl keçirsə, bu universitet elmi baxımdan nə qədər yüksək olsa da, dəyəri olmaz. Çünki onun məhsulu və məzunu asanlıqla müxtəlif siyasi qrupların ixtiyarına keçər.157


Elmlərin bölgüsü və prioritetlərin təyin edilməsi

Elmi dərəcələr məsələsi də sizin əsas işlərinizdəndir. Ona diqqət yetirmək lazımdır. Elmlərin bölgüsü, prioritetləri təyin etmək və bu gün, bu dövrdə, bu 5-10 ildə şagirdlərin daha çox hansı elmlərə yönəldilməsi sizin ixtisaslı işlərinizdəndir və onu daha yaxşı bilirsiniz. Bizim çıxış yolumuz budur.158


Alimi əməli yolla həvəsləndirmə

Biz alimi əməli surətdə həvəsləndirməliyik. Yalnız "biz sizi sevirik" deməyimiz onu həvəsləndirmir. Həvəsləndirməyin yollarından biri budur ki, onu gətirib media vasitəsi ilə milyonların qarşısına çıxaraq. O, tərcümeyi-halını, qürbətdə və yoxsulluqda keçirdiyi həyatını xalqa danışsın və həvəslənsin. Bu, əməli həvəsləndirmədir. Siz bu işi görməlisiniz.159


Hər kəs istedadı olan yerdə!

Cənablar! Biz insanların istedadını kəşf etsək, onları istedad və həvəsləri olan yerdə işlətsək, bu gün də əbu əli sinaların, məhəmməd ibn zəkəriyya razilərin meydana çıxması mümkündür. Elə bilməyin ki, bu gün dünya elmdə bizdən çox inkişaf etdiyindən və biz elmi baxımdan geri qaldığımızdan, istedad və dahilərin yetişməsi də mümkün deyil. Xeyr, belə deyil. Dahilərin və istedadların yetişməsi o zaman da elmi inkişaf sayəsində baş verməmişdi. Elmi inkişaf orta səviyyəli bir tələbənin öyrənməsi üçün yaxşıdır, amma nümunəvi tələbənin istedad çeşməsini müxtəlif şəraitlər aça bilər. Axtarıb belə tələbələri tapmaq lazımdır. Bu yalnız o zaman mümkün olar ki, hər kəs ürəyi istədiyi fəndə işləsin. Nəyi sevirsə, nəyə istedadı varsa və əslində, hansı iş üçün yaranmışsa, işləyib dühasını və istedadını inkişaf etdirməlidir. Əgər meylinə, rəğbətinə və istedadına zidd bir işə təyin edilsə, istedadı olsa da inkişaf etməyəcək.160


Əzbərləmək və öyrənmək yox, anlamaq və araşdırmaq

Mənim fikrimcə, universitetləri sözün həqiqi mənasında universitet etmək lazımdır. Dünyada bugünkü elmlərin xisləti belədir. Yəni elmin inkişafı tədqiqata sarı hərəkətdən asılıdır, əzbərləməkdən, bir sözü deməkdən və bir sözü öyrənməkdən yox. Bizim qədim elm hövzələrimizdə belədir. Əlbəttə, bütün dərslərində yox, ciddi yanaşılan əsas dərslərində belədir; əsas məsələ əzbərləmək deyil, əsaslandırmaq, anlatmaq, anlamaq və ortaya yeni söz qoymaq, yəni elmin müvafiq sahəsində yenilik yaratmaqdır. Universiteti bu səmtə aparmalısınız.161


Akademiyalar elmi zirvə olsunlar!

Bunun yollarından biri odur ki, ölkə daxilində yüksək səviyyəli elm mərkəzləri olsun. Bizim Elmlər akademiyamız bu baxımdan elmi zirvə ola bilər. Mənim bildiyim və bəzi yerlərdə oxuduğum qədərincə, bəzi ölkələrdə elmlər akademiyaları bir neçə yüzillik daimi adlara malikdirlər. Elmlər akademiyası üzvlərinin adı tarixdə qeyd olunmuşdur. Nümunə kimi deyirlər ki, məsələn, hansısa alim, yaxud məşhur siyasi şəxsiyyət filan ölkənin Elmlər akademiyasının üzvü olmuşdur. Bu, həmin şəxs üçün bir məziyyətdir. Biz buna bu gün yaxşı elmlər akademiyaları olan bu ölkələrdən daha layiqik. Bu işin ideal səviyyəyə çatması 50 il sürə də bilər, eybi yoxdur.162


Tələbələrə gözütoxluq və elmsevərlik ruhunun aşılanması

İndi deyilir ki, diplomu filan edək. Xeyr, mən düşünmürəm ki, diplomu yığışdırmaq lazımdır. Elmi diplom lazımlı və yaxşı bir şeydir. Lakin tələbələrdə elmə, tədqiqata, öyrənməyin və araşdırmağın özünə sevgi ruhunu dirçəltmək lazımdır. Bu iş üçün müəllimləri qane edin, təhsil sistemini düzəldin, xüsusi iclaslar keçirin, bəzi şəxsləri dəvət edin tələbələrlə danışsınlar, televiziya verilişləri hazırlayın, məlumatlı və istedadlı insanlar oturub bu məsələləri bəyan etsinlər, bütün gənclər də dinləsinlər və onlarda bu həvəs dirçəlsin. Tələbədə bir qədər gözütoxluq ruhu yaradın, tələbə bir qədər zahid olsun. Elm tələbəsinə təbii bir gözütoxluq lazımdır. Elm öyrənən şəxs nə qədər gözütox olsa, elmlə eyniliyi və həmcinsliyi çoxalar, elmi daha çox sevər, onun qədrini bilər və onu qənimət sayar.163

Ölkəmizə lazım olan elm və tədqiqat əxlaqı budur. Mən sizə demək istəyirəm ki, bizim gənclərimizdə elm, tədqiqat əxlaqını, elmi vicdanı oyatmalısınız. Bu sizin vəzifənizdir. Oturun görün bunun üçün nə iş görə bilərsiniz.164
Elm mərkəzlərini gücləndirmək üçün büdcə ayırmağın əhəmiyyəti

Mənim fikrimcə, ölkə üçün çox əsaslı və mühüm büdcələrdən biri budur. Əgər biz hansısa faydasız və ikinci dərəcəli qalıq məhsulu idxal etmək üçün pul ayırsaq, lakin universitetin inkişafı və gücləndirilməsi, elm və tədqiqat mərkəzlərinin gücləndirilməsi, lazımi laboratoriya cihazları və lazımi kitabların alınması üçün pul ayırmasaq, bu, həqiqətən bir növ əbləhlik sayılar. Bu, düzgün deyil. Dəstək verilməlidir; onlardan kəsib bunları gücləndirməliyik. Əgər bunları gücləndirsək, bunlar ölkə üçün sərvət də istehsal edəcək.165


Dünya universitetlərinin yüksək səviyyəsində parlamağın şərtləri

Bilirsiniz ki, dünyanın yüksək universitetləri səviyyəsində parlamağın şərtləri var. Əgər dünyanın ən yaxşı universitetləri səviyyəsində inkişaf etmək istəyirsinizsə, bunun üçün diqqət, tələbkarlıq, yaxşı və güclü müəllimlər arasında seçim və universiteti tam mənada elm və tədqiqat mərkəzi etmək lazımdır.166


Ən yaxşı gənc mütəxəssislərdən istifadə

Elə bilməyin ki, tibbin elmi sahələrində danışmağa yalnız bir qrup tərəfindən yaradılmış elmi-ixtisas komitələrinin haqqı çatır. Xeyr, siz də elmi komitələr yaradın, xüsusən gənc təbəqədən olan ən yaxşı həkimləri, ən yüksək tibb mütəxəssislərini dəvət edin. Mən bu gün görürəm ki, öz elm mərkəzlərimizdə yüksək istedad və tədqiqat ruhuna malik gənc həkimlər çox cəsarətlə işləyirlər. Bunlar sizin ixtiyarınızdadır.167


Tələbələrin müxtəlif elm sahələrinə yönəldilməsi

Mənim sizdən istəyim budur ki, elmi işlərə qoşulun və lazım olsa, bayırda olan tələbəni də yönəldin. Bəlkə də bayırda olan tələbənizin haradasa tədqiqat prosesinin keyfiyyətini artıran, onu yüksəldən bir iş görməsini lazım bilirsiniz. Bu qrupları idarə edin ki, elmi işlərdə bir-biri ilə əməkdaşlıq etsinlər. Ölkədə elmi inkişaf etdirin. Əgər İslam quruluşu öz haqqını əldə etmək istəsə, elmi sahələrdə parlaq və dəyərli inkişafa malik olmalıdır. Bizim də vəzifəmiz budur ki, sizə dua edək və dua da edirik.168


Universitetin məsuliyyətinin hizbullahçı kadrların üzərinə düşməsi

Məni ürəkdən sevindirən işlərdən biri budur ki, ölkənin əsas mərkəzlərində, o cümlədən universitetlərdə mömin, hizbullahçı və dinin bacarığına inanan kadrlar çalışırlar. Bu məni gələcəyə ümidvar edən amillərdəndir. Harada belə bir şey müşahidə etsəm, Allaha şükür edirəm. İmana, etiqada və dinə yad olan bəzi insanların inandırmaq istədiyinin əksinə olaraq, hizbullahçı, dindar, ibadətçi və mömin gənc zəruri olaraq elm, tədqiqat, yaxud əməli işdən uzaq və ona yad deyil. Xeyr, hətta bunun əksinədir.169


Universitetlərdə elm və dinin ciddi sayılması

Universitet bizim ən əsaslı və ən mühüm yerlərimizdən biridir. Bir-biri ilə yanaşı olmalı elm və din universitetlərdə nə qədər ciddi sayılsa, ölkənin gələcəyi bir o qədər yaxşı olacaq. Ölkənin xoşbəxtliyi üçün bu yol qəti, zəruri və qaçılmazdır. Universitetlərdə elm və din ciddiyə alınmalıdır; həm tədqiqat mənasında, həm də təhsil mənasında olan elm. Çünki yalnız təhsil kifayət etmir, tədqiqat da lazımdır.170


Tehran universiteti - ölkənin elmi hərəkətinin timsalı

Tehran universiteti ölkənin ən böyük universiteti olmasından əlavə, ölkə üçün bir simvolik cəhətə də malikdir. Əgər yaxşı hərəkət etsə, yaxşı idarə olunsa və elmi səviyyəsi yüksəlsə, əslində ölkədə elmin hərəkətindən xəbər verəcək, bizim hansı səmtə hərəkət etdiyimizi və bu sahədə münasib inkişaf və tərəqqimizin olub-olmadığını göstərəcək. Yəni digər yerlər üçün meyar ola bilər. Odur ki, nə qədər çalışsanız, çox deyil.171


Universitetin dini şəraitindən yaranan elmi inkişaf

Universitetdə din məsələsi də çox əhəmiyyətli məsələdir. Əgər bu gün elm sarıdan inkişaf etmək istəsəniz, universiteti dindar etməyə məcbursunuz. Məsul şəxs kimi sizin missiyanız yalnız bu deyil ki, bir qrup gəncə din əxlaqı aşılayasınız. Əlbəttə, bu missiyanı daşıyırsınız, lakin elmi prosesin inkişaf etməsini istəyirsinizsə, universiteti dindar etməlisiniz. Çünki dini vicdan insanların yaxşı və müntəzəm işləmələrinə, özləri üçün və məsləhət əsasında çalışmalarına səbəb olur. Bu çox əsaslı bir şeydir.

Buna əsasən, müəllimlərin seçimində çox diqqətli olun, tələbələr onların ixtiyarında olduğundan dini əxlaq sarıdan sağlam insanları işə götürün. Bunu həqiqətən seçim meyarı edin. Xüsusən tələbələri yeni mərhələlərə daxil edən universitet ayrıclarında, məsələn, yüksək pillələr üçün seçim işinə dindar insanları təyin edin. Bunların seçimi dini meyarlara əsaslanmalı, yaxud ən azı antidin meyarlarla aparılmamalıdır. Biz bəzi yerlərdə belə olduğunu bilirik. Bu məsələyə diqqət yetirin ki, dindar gənclər yüksək təhsil pillələrinə keçə bilsinlər.172
Tədqiqat büdcəsini artırmaq sərmayə qoymaqdır!

Elmin inkişaf etməsini istəyiriksə, xüsusən tədqiqatla məşğul olmalıyıq. Tədqiqatı ciddi saymanız çox yaxşı haldır. Daha ciddi yanaşın və ciddi məşğul olun. Hökumət də sizə kömək etməlidir. Universitetlərin büdcəsini artırmaq əslində sərmayə qoymaqdır və yaxşı effekt verəcək. Təsadüfən, nəticənin çoxlu əsaslı işlərdən daha tez göründüyü sərmayə qoyuluşlarından biri budur.173


Realist elm və alimanə iş

Elm və işin sintezi gözəldir. Bunu bəlkə də İslam Respublikasında bizim öz yolumuzu daha yaxşı tapmağımız üçün bir simvolik hərəkət hesab etmək olar. Yəni elm daha real və praqmatik inkişaf etsin, iş də daha elmi şəkildə görülsün, daha çox elmi təcrübə və məlumata malik olsun.174


Universitetlər barədə tarixi vəzifə

Bir zaman bu ölkədə kimsə universitetlərdən, ali təhsildən və tələbəlik prosesindən gileylənirdisə, biz özümüzə təsəlli verirdik ki, "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər".175 İndi isə bu təsəllinin yeri yoxdur. Əgər Allah eləməmiş, Allah-Taalanın mənə və sizə yaratdığı bu əlverişli şəraitdə o böyük tarixi vəzifəni yerinə yetirə bilməsək, Onun yanında heç bir cavabımız olmayacaq. Böyük tarixi vəzifə budur ki, elmdən istifadə etməklə bir xalqı ilahi peyğəmbərlərin və müqəddəs İslam dininin göstərdiyi kamillik istiqamətində hərəkət və inkişaf etdirək. Əgər universitetdə bu məsuliyyət olmasa, onun varlığı yoxluğu kimi və hətta yoxluğundan da pisdir və bu təkamül baş tutmayacaq. Əgər elm olmasa, dünyanın əldə etməyə, yaxud təkmilləşdirməyə çalışdığı bugünkü amllər olmasa və biz bu işlərdə geri qalsaq, bu hərəkət baş tutmayacaq.176


Universitetlərdə ən yüksək elmi və əxlaqi keyfiyyət

Müsəlman və mömin məqsədlər budur ki, elm ən üstün keyfiyyətində, elmi məsələlər ən yeni formasında olmalıdır. Elmi işlər özünün ən uğurlu növündə, dini əxlaq və İslam imanı ən aydın və ən pak vəziyyətində olmalıdır; hamısı bir-birinin yanında. Bizim istədiyimiz budur və bu məqsədlərə çatmaq üçün, təbii ki, bəzi üsullar lazımdır. Çünki islami iş görüldükdə, elmi iş də onun içində gedir. Söhbət təbii ki, güclü elmi işdən gedir. Çünki zəif elmi iş islami iş deyil. Bu elm ölkənin bu gününü və sabahını təmin etməlidir. Bu, zəif elmlə təmin olunmur. Bir ölkənin və bir xalqın elmi-praktik özünütəminə çatması üçün lazım olan ən yaxşı elmlər, rəftarlar, əxlaq, seçimlərin keyfiyyəti, universitetlərdə fərdlər üçün mövcud olan imtiyazlar və digər məsələlər əldə edilməlidir. Hər halda, ümid gözləri sizə baxır.177


Bütün ölkənin savadlandırılması

Ölkədə kitab mütaliəsini, kitab və kitabxanaları, məktəb və tədqiqat mərkəzlərini çoxaltmaq, elm və savadı ölkənin ucqar yerlərinə, kəndlərinə aparmaq təlim-tərbiyə qurumlarının, məktəblərin, ali təhsil müəssisələrinin, Təbliğat komitəsinin və xüsusən radio və televiziyanın öhdəsinə düşən çox vacib işdir.178


Ümumi təlimlərdə zəiflik

Təlim-tərbiyə işində ölkənin çox ehtiyaclı olduğu iki məsələ var: Biri ölkəni savadlandırmaqdır. Savad dedikdə məqsədim yazıb-oxumaq savadı yox, ölkəni alim etməkdir. Təəssüf ki, ölkədə elmi vəziyyət zəifdir. Nəinki yaxşı və böyük alimlərimiz yoxdur. Xeyr, müxtəlif fənlərdə yaxşı alimlərimiz var. Bundan dəfələrlə artıq çox yaxşı istedadlarımız var. Lakin elm və təlimi praktik məsələlərdə işlətməyin ümumi vəziyyəti, insafla desək, zəifdir.179


Universitetlərdə daha yaxşı vəziyyətə sarı hərəkət

İslam Respublikasında İslamın və bu quruluşun xalqa verdiyi vədlərə, cəmiyyətin nəzər sahibləri və elm adamları olan bizlərin və sizlərin təsvir etdiyimiz gələcəyə əsasən, ölkə universitetlərinin vəziyyəti bundan daha yaxşı olmalıdır.180


Ölkədə elmi geriliyin təsirləri

Bu gün elmlə məşğul olmalı və elm öyrənməliyik. Elm haradadır? Universitetdə. Siz də universitetlərin başçılarısınız. Nə bacarırsınızsa, edin. Bu işlər görülməlidir. Bundan başqa yol yoxdur. Bu gün ölkəmizdə elm zəifdir. Əgər elm olmasa, texnologiya da olmaz, texnologiya olmasa, həyat axsayar və siz yoxsul olub başqalarına əl açarsınız. Bu gün onlar kompüteri bazara çıxardılar. Nə bilirsiniz, bəlkə sabah elə bir şey ixtira edəcəklər ki, kompüter sıradan çıxacaq və gerilik sayılacaq. Siz indi qaçın ki, çatasınız.181


Doktorantura pillələri açmaqdan daha əhəmiyyətli iş

Çox gözəl. Siz elm sahəsində inkişaf edin, bu işdə şərik olun. Ölkənin elmi məsələləri barədə mənim arzularım bunlardır. Yoxsa nə üçün universitetlərin rektorları gəlib deyirlər ki, doktorantura pilləsində bir neçə fənn açdıq və filan işləri gördük? Çox gözəl və əzizdir. Amma məsələ bunlardan daha ciddidir.182


Strateji elmi proqram yazmaq

Bundan daha əhəmiyyətlisi odur ki, ölkə üçün bir elmi strategiya hazırlayın. Ölkənin strategiyası nədir? Görün, elmi baxımdan bizim ölkəmiz haradadır, haraya çatmalıdır, hansı istiqamətlərdə hərəkət etməlidir. Əvvəl bunu hazırlayın, sonra görək ümumiyyətlə, bu fənn üzrə bu qədər sinif və bu qədər müəllim olmalıdır, yoxsa yox. Bu məsələlərin özünə də şübhə edə bilərik. Yaxud diqqətdən kənarda qalan hansısa fənnə əlavə diqqət lazımdır, yoxsa yox. Bu yalnız sizin əlinizlə mümkündür. Siz etməsəniz, ölkədə heç kəs bunu etməyəcək. Demək istəyirəm ki, bu gün bu məsuliyyət sizin üzərinizə düşür. Nazirlər də bu işi sizin əlinizlə görməlidirlər. Bu başqa yolla mümkün deyil. Bu məsələlər üzərində düşünün. Əlbəttə, hökumət etməlidir. Yəni dövlət qurumları bu işə rəhbərlik etməlidirlər. Lakin işi görən sizlər və sizin mərkəzlərinizdə elmi işlərlə məşğul olanlardır.

Deməli, birinci tövsiyə ölkənin gələcəyi üçün kompleks elmi proqram hazırlamaqdır. Demirəm bu proqram 20 illik, yaxud 25 illik olsun. Onun üçün zaman təyin edə bilərsiniz, məncə edəcəksiniz də. Bu zaman 10 illik, yaxud 20 illik ola bilər. Çünki bu gün elm elə bir şey deyil ki, insan çox ehtiyatsızlıq etsin və desin ki, 25 ildən sonra. Ümumiyyətlə, 25 ildən sonra elm sahəsində nəyin baş verəcəyini bilmirik. Çünki elmin hərəkəti möhtəşəm və heyrətləndirici bir hərəkətdir. Bəlkə də sizin burada proqramları daha qısa və ölkənin quruculuq proqramlarından qat-qat ixtisarla etməniz lazım ola bilər. Bu bir məsələdir.183
Universitetlərin çoxlu qanunsuz tətilləri

Universitetlərdə az-çox qanunsuz tətillər var. Misal üçün, dərs ilinin əvvəlində bir neçə gün tətil olur. Semestrin sonunda da bir neçə gün tətil olur. Yeni semestrin başlanması, bayram günləri bir neçə gün tətildir. Bunları bir-birinin üstünə qoysanız, böyük zaman olar. Heyfdir.

Bəzən tələbələr imtahan verməyə gedirlər, amma imtahan götürən müəllim gəlib-çıxmır. Bu baş verib, mənim xəbərim var. İmtahan indi deyil. Bəs nə vaxtdır? Misal üçün, sabah. Ertəsi gün gedirlər, imtahan yoxdur. Nə vaxtdır? Gələn həftə. Yəni universitetin proqramsızlığından irəli gələrək tələbə üçün çaşqınlıq yaranır. Bu bəzən müəllim tərəfindən olur, bəzən də müdiriyyət tərəfindən.184


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə