Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Dünyanın elm mərkəzləri ilə əlaqəni gücləndirmək



Yüklə 2,2 Mb.
səhifə4/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   2   3   4   5   6   7   8   9   ...   31

Dünyanın elm mərkəzləri ilə əlaqəni gücləndirmək

Elm sahəsində iradların daha birisi dünyanın elm mərkəzləri ilə əlaqənin az olmasıdır. Mən bir neçə il bundan əvvəl bir universitetə getdim. Mənə şikayət etdilər ki, elmi jurnallar almağa pul vermirlər. Dedim ki, pulu nə qədər edir? Çox az bir məbləğ dedilər. Mən o zaman prezident idim, doğrudan da xəcalət çəkdim ki, bu qədər pul üçün gəlmisiniz. Hökumətə dedim və düzəldi.

Mən elə bilirdim ki, ondan sonra elmi mərkəzlərlə əlaqələr çoxalıb. İndi məlumat verirlər ki, xeyr, bizim universitetlərmizin dünyanın elm mərkəzləri ilə əlaqəsi çox deyil. Mənim fikrimcə, bu əlaqə günbəgün gücləndirilməlidir.185
Kitabxanalar üçün kitab almağın lazımlığı

Kitabxana və mütaliə mənbələri də belədir. Problemlərin biri də budur. Bəzi universitetlərin kitabxanaları haqqında məlumat verdilər ki, inqilabdan sonra demək olar, bir kitab belə almayıb. Bu doğrudan da çox acınacaqlıdır: tələbə və müəllimlər mütaliə etmək araşdırmaq istəyirlər, amma kitab yoxdur.186


Tələbələrdə elmi həvəs oyatmaq

Biz bu gün universitetdə tələbələrin elmə marağı baxımından çatışmazlıqla üzləşmişik. Tələbə çalışır ki, semestri tez bitirsin, dərslər qurtarsın və iş dalınca getsin. Təəssüf ki, onların çoxu bitirdikdən sonra da işsiz qalırlar, çünki iş bazarı yoxdur. Bunu düzəltmək lazımdır. Mənim eşitdiyimə görə, həm daxildə olan, həm də bursla gedib xaricdə təhsil alan tələbələrdə bu nöqsan mövcuddur. Tələbənin elm öyrənməyə və alim olmağa həvəssizliyi bir eyibdir. Mənim fikrimcə, bu həvəssizliyi aradan qaldıracaq amil tədqiqat mərkəzləridir. Bu sahədə çox işlər görülməlidir.187


Nisbi gözütoxluq hissi və məişət problemlərinin həlli

İndi bu münasibətlə toxunmaq istədiyim başqa bir məsələ müəllimlər haqqındadır. Məişət problemləri baxımından müəllimlər üçün əsaslı bir şey fikirləşmək lazımdır. Mənim fikrim həmişə bu olub ki, elm adamı üçün məişət məsələləri ikinci dərəcəli olmalıdır. Hər halda, bu da bir yoldur. Fikrim budur ki, yeni elmin əsasını qoyan və dünyada elmi inkişaf etdirən alimlərin çoxu, ən azı tədqiqat və əsas işlərini görən dönəmdə yaşayış məsələlərinə, rifaha, məişətə, rahatlığa, maşın sürməyə, hansısa evdə yaşamağa qarşı etinasız olmuşlar. Əlbəttə, nailiyyətlər əldə etdikdən sonra sərvət onlara üz tutub. Bu başqa məsələdir.

Doğrudan da fikrim budur ki, bizim tədqiqatçı və alimlərimiz yaşayışda və dünyaya aid məsələlərdə, nisbətən olsa belə, zahid xarakterə malik olmasalar, işlər lazımi həddə düzəlməyəcək. Bu mənim fikrimdir. Əgər bacarırsınızsa, bu fikri yayın. Özünüz bu sözü qəbul edirsinizsə, çox yaxşı, bu fikri təbliğ edin. Bu, çətinlikləri bir qədər azaldacaq. Lakin nə qədər ki, bu hiss təmin olunmayıb, hər halda, müəllimlərin məişət məsələlərinə, ev və məişət problemlərinə diqqət yetirilməlidir. Qoy bununla artıq get-gəllər, çoxlu siniflər, müxtəlif dərs saatları, dərs verərkən yuxusuzluq və mütaliəyə diqqətsizlik problemləri aradan qalxsın.188
Müəllimlərə hörmət

Müəllim məsələsi təkcə məişət məsələsi deyil, elmə və alimə hörmət məsələsidir. Bunlar mütləq lazımdır. Bu doğrudan da universitetdə bir qayda olmalıdır; necə ki, hövzələrdə belədir. Orada müəllimə dəyər və hörmət tanıyırlar. Hətta tələbələr müəllimləri haqqında adi danışıqlarında “dedi” və “gəldi” sözlərini deyil, daha hörmətli ifadələr işlədirlər və müəllimə qarşı bir növ təəssübkeşlik halətləri var. Bu çox yaxşıdır. Əgər universitetdə də bu vəziyyət yaransa və müəllim hörmət duysa, əlbəttə, çox yaxşı olar. Əgər cənab nazirlər indi müəllimlər üçün bir iş görə bilsələr, şübhəsiz, bu iş çox faydalı və inkişafa səbəb olar. Baxmayaraq ki, mən yenə də birinci fikrimdə (elm adamlarının nisbətən olsa belə, zahid xarakterə malik olmalarının vacibliyi fikrində) qalıram.189


Universitetlərdə din və əxlaqı ciddi saymaq

Universitetlə və sizinlə əlaqədar olan məsələlərdən biri də “tələbə, din və əxlaq”, yaxud “universitet, din və əxlaq” məsələsidir. Uzun illərdir həm müsəlman olan, məsələlərə dini və iman nöqteyi-nəzərindən yanaşan bizlər, həm də Qərbin çoxlu nəzər sahibləri dünyadakı elmi inkişafın indiki vəziyyətinə ciddi surətdə etiraz edirik və edirlər. Sizin hamınız bu barədə mütləq eşitmisiniz və bir çox məsələləri bilirsiniz. Bilirsiniz ki, elmin dindən ayrılığı böyük fəlakətlərə səbəb olub. Bəli, bu haradasa düzəldilməlidir. Gəlin biz bunu sınaqdan keçirək. Necə ki, bu gün bizim alimlərimizin, mütəxəssislərimizin və ölkənin yüksək elmi məmurlarının arasında dindar, əxlaqlı, inqilabçı və həqiqətən imanlı insanlar, Allaha şükür olsun ki, çoxdur. İnqilab nəsli elm mərkəzlərinin çoxunu tutmuşdur. Bu çox yaxşıdır, lakin ümumiləşməlidir.

Təəssüf ki, digər tərəfdən, din və əxlaq məsələləri sahəsində bir reaksiya, əksüləməl, yaxud əks-hücum baş verir. Əlbəttə, onlar bir qədər tez başladılar, bu tez başlamaqda da naşılıq etdilər. Çünki universitetdə dinə, əxlaqa və mənəviyyata sarı hərəkət hələ zəifləməyib, lakin onlar başladılar. Düzdür, bəzi uğurları da oldu, amma vaxtında başlasaydılar və sizin tərəfinizdən reaksiya olmasaydı, bəlkə də uğurları qat-qat çox olardı. Mənim fikrimcə, universitetlərdə bu məsələni ciddi saymaq lazımdır.190
Universitetlərdə elm, düşüncə və mənəviyyatın inkişafı

Bu gün universitet elm, düşüncə və mənəviyyat inkişafı üçün səyə həmişəkindən daha ehtiyaclıdır. Ona görə yox ki, bizim tələbələrimiz bu üç sahədə keçmişdən geridədirlər. Hamı bilir ki, bizim bugünkü universitetimiz İslam inqilabının sayəsində hər üç sahədə keçmişdən çox öndə, üstün və sürətlidir. Əslində, ona görə ki, əvvəla ölkənin başucalığını və müstəqilliyini qorumaq indiki nəsli bütün elmi, dini və siyasi sahələrdə tərbiyə etməkdən asılıdır; ikincisi isə bu gün bu xalqın düşmənləri gənc nəsli, xüsusən də tələbələri yenidən öz zəhərli təxribatlarına hədəf seçmişlər.191


Universitetlə icraçı qurumlar arasında yaxın əməkdaşlığın zəruriliyi

Mən dəfələrlə yüksək rütbəli dövlət məmurlarına, bir dəfə də cənab Doktor Müinə və digər cənablara dedim ki, indi ölkədə çoxlu layihələr qeyri-elmi şəkildə görülür və effekti az olur. Əgər bunları universitetlərə tapşırsalar, həm universitetlər üçün iş, gəlir yeri və təcrübə olar, həm də o qurumlar üçün elmin faydası toxunar. Bir tərəfdən ölkənin müxtəlif icraçı qurumları - texnika, sənaye, tibb, əczaçılıq, ictimaiyyət, statistika və digər qurumları arasında və digər tərəfdən öz sahələrində universitetlər arasında sıx əməkdaşlıq yaradılmalıdır. Yəni sizin nəzəri cəhətdən öyrətdiyiniz elm universitetlərin çox məhdud laboratoriyalarından əlavə real və praktik laboratoriyaya da daxil olsun və əməkdaşlıq baş tutsun.

Mən öncə də demişəm ki, eşitdiyimə əsasən, dünyanın elmi cəhətdən bəzi inkişaf etmiş ölkələrində müxtəlif işçi qurumlarının – zavodların və böyük şirkətlərin sahibləri tələbələrin elmi müdafiə iclasında iştirak edir və əməkdaşlıq üçün nəzərdə tutduqları tələbəni seçirlər. O tələbə təhsilini davam etdirməlidir və işə başlamaq istəmir. Lakin eyni zamanda təhsili davam etdirdiyi dövrdə o tələbə ilə müqavilə bağlayır, onu cəlb edirlər; həm onu bildiyində və əldə etdiyində daha real edirlər, həm özlərini elmlə təchiz edirlər, həm də maddi kömək olur; yəni hər cəhətdən faydalıdır.192
Böyük elmi fəaliyyətin universitet rektorlarının vəzifəsi olması

Məgər siz neçə il universitet rektoru olacaqsınız?! Hər halda, zaman məhduddur. Sizin indi çalışdığınız universitetdə sizdən öncə bir neçə rektor olmuşdur, inşallah böyük xidmətlər göstərdikdən sonra da digər şəxslər sizin yerinizi tutacaqlar. Bir neçə məhdud ildir - iki il, beş il, on il; çox məhduddur. Bu bir neçə ilə böyük işlərlə, elmi sahələrdə düzgün, həmişəyaşar və faydalı hərəkətlərlə can bəxş edin.193


Universitet rektorlarının elmi məqbulluğu

1985-86-cı illərdə bir söz dedim, amma bəzi adamların çox əbəs səs-küyünə səbəb oldu. O söz universitet rektorlarının elmi baxımdan üstün olması barədə idi. Yəni universitetin, ali təhsil müəssisəsinin başında duran şəxs elmi baxımdan məqbul olmalıdır ki, müəllimlərin qədrini bilsin.194


Universitetlərdə elmi və mənəvi şəraitin yüksəldilməsi

Çalışın universitetin həm mənəvi, həm də elm və tədqiqat şəraitini günbəgün yüksəldin.

Bir cəmiyyətin, bir toplumun, bir quruluşun ən böyük bəlası budur ki, özünü məqsədə çatmış fərz etsin, hərəkəti, fəaliyyəti, ümidi və amalı unutsun. Çünki dayanmağın özü geriliklə yanaşıdır, demək olar ki, geri qayıtmağın başqa bir ifadəsidir. Mühüm olan budur ki, bir gəncə lazım olan amillərin inkişafına səy göstərilsin. O amillər də elm, tədqiqat, mənəviyyat, mənəviyyata və amallara diqqətdən ibarətdir.195
İnkişaf proqramında tədqiqata və elmi yeniliklərə diqqət

İran İslam Respublikasının möhtərəm prezidenti cənab Xatəmi!

Allah-Taalanın lütf və mərhəməti və həzrət Bəqiyyətullahın (ə) nəzər-diqqəti ilə konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq üçüncü beşillik proqramın ümumi siyasətləri elan olunur:

...İstedadların çiçəkləndirilməsinə diqqət, elmi yaradıcılığa və yeniliyə həvəsləndirmə, tədqiqat işini gücləndirmək və ölkənin elm və texnologiya qabiliyyətini yüksəltmək;

Tədqiqatın inkişafı və mütərəqqi texnologiyaların ötürülməsini sürətləndirmək üzərində təkidlə ölkənin müdafiə sənayesinin gücləndirilməsi, inkişafı və yenilənməsi.196
Özünəinam və yenilik - universitetin missiyasi

Bu gün universitet mənsublarının birinci missiyası bu istiqaməti qorumaq və ölkənin gənc nəslinin elm və düşüncə istedadını çiçəkləndirməyə çalışmaqdır. İslam quruluşu göstərmişdir ki, xalqımız həyatın bütün sahələrində inkişaf üçün böyük potensiala malikdir. İnqilabın bu uzun yoldakı məqsədi asılılıq və tabelikdən qurtulmaqdır. Elmi mühit dünyanın inkişaf etmiş elmindən bütün mümkün bəhrələri götürməklə yanaşı, özünə güvənməli, yaradıcı və araşdırıcı olmalıdır. Beynəlxalq istismarçı düzən özünün təbliğat amilləri ilə elm və texnologiya karvanından geriqalmış xalqlarda həmişə həqarət, gücsüzlük və ehtiyac hissini gücləndirməyə, onları daim özünə möhtac saxlamağa çalışmışdır.

Mərhum imamın universiteti İslama uyğunlaşdırmaq üzərində çoxlu təkidi bundan ötrü idi ki, ölkənin ali təhsilli gənc nəsli bu bacarıqsızlıq və ehtiyac hissindən qurtulsun və ölkəni keçmiş asılılığın təsirlərindən xilas etsin.

Bu gün ölkənin universitet mənsublarının - tələbələrin, müəllimlərin, rektor və müdirlərin üzərinə böyük vəzifə düşür. İnqilab gənc nəsildə özünəinamı dirçəldə bilmişdir. Sözügedən böyük və tarixi vəzifə bu mübarək hissi qorumaq, gücləndirməkdir.197


Universitetlərdə elmi inkişafı davam etdirmək

Həm universitet rəhbərləri olan siz, həm nümayəndəlik orqanında çalışanlar, həm universitet müəllimləri və digər məsul işçilər son 10-15 ildə elmi inkişafa doğru başlamış hərəkətin dayanmamasına çalışmalıdırlar. Bizim düşmənlərimiz universitetin hər hansı bir bəhanəyə görə tətil olunmasını və tələbənin dərs oxumamasını istəyirlər. Bir neçə il bundan öncə ölkədə bəzi mütəxəssislərin azlığından kədərlənirdik, indi bəziləri çoxluğundan kədərlənirlər ki, onları nə edək. Bəllidir ki, elmi hərəkət yaxşı olmuş və çoxlu fənlər yaranmışdır. Bunlar bir xalqın qənimətləridir, bunların qədrini bilmək lazımdır. Bu məsələlərdə problemin yaranmasına qoymayın.198


Universitetlərdə parlaq istedadlara şərait yaratmaq üçün proqram hazırlamaq

Mən bu münasibətlə buraya təşrif buyurmuş məmurlardan, həmçinin sözümün və səsimin çatdığı digər şəxslərdən istəyirəm ki, bu sahəyə həvəsləndirmə və şərait yaratma işlərini davam etdirsinlər. Bu gənclər çox yaxşı göstərdilər ki, əvvəla yaxşı istedadları var, ikincisi səy də göstərirlər. Biz daha nə istəyirik?! İstedad var və səy də göstərilir. Biz imkan yaratmalıyıq ki, istedadlı şəxs özünü elmi baxımdan inkişaf etdirə, tədqiqat baxımından zənginləşdirə bilsin və digərləri ölkənin bu sərvətindən istifadə etsinlər.

Universitetlərdə parlaq istedadlar üçün xüsusi mərkəzlər açılmalıdır. Necə ki, biz parlaq istedadlar üçün tam orta təhsil məktəbləri açdıq. Universitetlərin, tədqiqat mərkəzlərinin və bu işlərə ayrılan büdcənin bir hissəsi nümunəvi istedadlara şərait yaratmaq işinə sərf olunmalıdır. Onlara şərait yaratmaq öz növbəsində digərlərini həvəsləndirir, cəlb edir və elmi inkişaf dairəsini genişləndirir. Parlaq istedadı olub ali təhsil almış və indi ölkəyə qayıtmış şəxslə maraqlanmalı, ona diqqət yetirməli, yolunu açmalı və digərlərini gücləndirməsinə imkan yaratmalıdırlar. Bu, əziz cənabların oturub proqram hazırlamalı olduğu işlərdəndir. Əlbəttə, mən eşitdim ki, Şərif Sənaye Universiteti bu məsələ ilə məşğul olur, lakin bir universitet kifayət deyil, bütün universitetlər məşğul olmalıdır. Ali təhsil aparatı bu məsələ ilə mütləq məşğul olmalıdır.199
Ölkədə elmi məmurların ağır vəzifəsi

Əvvəldə qeyd etidiyim məsələni yenidən təkrarlayıram: Elmi işdə çalışan məmurlar şərait hazırlamalı və hamı kömək etməlidir. Nümunəvi və üstün gənclər üçün həm riyazi, həm təbii, həm humanitar elmlərdə, xüsusən də fars ədəbiyyatında, dini elmlərdə, fəlsəfədə və düşüncə məsələlərində yollar açılmalıdır. Bütün bu fənlərdə parlaq istedadı olanların önünün açıq olmasına və inşallah inkişaf etmələrinə ehtiyacımız var. Bu, məmurların vəzifəsini ağırlaşdırır. Ümidvarıq Allah yenə də sizə yardım etsin, beynəlxalq yarışlarda və öz elmi işlərinizdə uğurlarınız günbəgün çoxalsın; həm özünüz sevinəsiniz, həm də bizi sevindirəsiniz.200


Ölkədə elmin hərəkətini dayandırmaq üçün göstərilən səylər

İkinci məsələ budur ki, bizim universitetlərimiz bir neçə ildir elmi baxımdan yaxşı inkişaf etmişlər. Əvvəldə alim olmağa sarı hərəkət zəif idi, amma indi hərəkət tempi artmış və daha sürətlənmişdir. Lakin bəzi əllər bu hərəkəti dayandırmağa çalışırlar. Biz əl tormozunu çəkib qatarı saxladıqda isə yenidən əvvəlki sürətinə çatana qədər çox vaxt itəcək.201


Beyinlərin qaçışının qarşısını almağın yolu

Əgər bu gənclərin elm və tədqiqat sahəsində inkişaf etməsini istəyiriksə, həm onların yaradıcılıq qüvvəsinə fürsət verməli, fikirləşməyə və işləməyə vadar etməliyik, həm də inkişaf etmələri üçün şərait yaratmalıyıq. Kim inkişaf etdiyini hiss etsə, onun üçün bu imkanı yaradan mühiti sevəcək. Biz ölkədə lazımi imkanları yaratsaq, gənclərimiz burada qalmağı üstün tutarlar; ən azı onların əsas hissəsi və əksəriyyəti belə edərlər və bu gün mövcud olan vəziyyət yaranmaz. Təəssüf ki, indi fəal və işgüzar beyinlər və parlaq istedadlar beynəlxalq müsabiqələrdə seçilir və asanlıqla ovlanırlar. Bununla maraqlanmaq lazımdır.

Hər halda, işi görən sizsiniz, nəticə ilə də siz maraqlanmalısınız. Əsas və mühüm amil budur ki, burada iştirak edən siz qardaş və bacıların hamısı - istər müəllimlər, istər məsul şəxslər çalışıb bu gəncləri dini, inqilabı və ölkəni sevən şəkildə yetişdirməlisiniz.

O deməsə də mən bilirəm ki, bir məsələ hamınızın ürəyində var. Mən də təsdiq edirəm ki, bu gün elm və tədqiqat işinə lazımi dəyər-qiymət verilmir; hamı vermir. Amma kim bacarırsa, bu qiyməti versin ki, digərləri, yəni əsasən dövlət məmurları da buna qatılsınlar.202


Gələcəyi quracaq gəncləri yetişdirməyə dair ağır vəzifə

Bu iş ağır məsuliyyət və şirin vəzifədir. Düşünürəm ki, sizin universitetinizin malik olduğu bu xüsusiyyətlərə - fəal beyinlərin və yaxşı istedadların toplanmasına, elm və tədqiqat işinin sürətliliyinə görə burada elmi fəaliyyət göstərmək, tədris və tərbiyə etmək, ölkənin, bizim tarix və taleyimizin gələcəyinə sahib olacaq gənclərin uğruna şahid olmaq bir elm adamı üçün çox şirindir. Allah bu vəzifəni sizin hamınıza mübarək etsin və bu ağır məsuliyyəti ən yaxşı şəkildə görmənizə yardım etsin!203


Universitetdə dindarlığı qorumaq

Ölkənin elmi gələcəyinə qarşı məsuliyyət hissi baxımından universitetdə dindən çox ehtiyatlı olmaq sizin borcunuzdur. Və sözsüz ki, bu yalnız uşaqları mədudlaşdırmaq üçün deyil.204


Universitet işinin cəmiyyətlə əlaqəsi

Xoşbəxtlikdən, sizin universitetiniz bəzi universitetlər kimi bu böyük və yaxşı xüsusiyyətə malik olub cəmiyyətlə iş və elm əlaqəsi qura bilmişdir. Bu çox yaxşı təcrübədir.205


Din təbliğinin kənarında elmi inkişaf

Elmə diqqət, dərs oxumağa, dərin biliyə və elmi inkişafa əhəmiyyət - bu gün həqiqətən ölkə üçün çörəkdən də vacib olan bu işlər elə bir şey deyil ki, ölkə məmurları onlarla məşğul olmasınlar, yaxud universitetləri İslama uyğunlaşdırmaq istədiklərindən onları yaddan çıxarsınlar. Bu əsla düzgün deyil. İlk gündən deyilib ki, universitet elm yeridir. Lakin elm yeri veyil və özbaşına yer ola da bilər, olmaya da bilər; dindar yer ola da bilər, olmaya da bilər. Tövsiyə olundu ki, bu elm mərkəzi həm də dindar mərkəz olsun. Lakin heç zaman bu fikri irəli sürmək olmaz ki, dini cəhətlər üzərində təkid göstərildiyindən elmi cəhətlər ikinci dərəcəli olmuşdur. Xeyr, belə deyil.

Bunun üçün oturub düşünməli və plan hazırlamalısınız. Universitet rektorlarının keçirdikləri seminarlarda - mən də işlərimin çoxluğuna rəğmən, bəzən onlarla görüşürəm - bu suala maksimum diqqət yetirilməlidir: nə edək ki, universitet elmə qiymət verilən yer, elm şirinliyinin məkanı olsun?206
Universitetdə siyasətbazlıq - elmi hərəkətə maneə

Bilin ki, indi siyasət, partiya və bu kimi adlarla ölkə universitetlərində görülən işlərin çoxu bu qiymətləndirmənin və təsirin qarşısını almaq üçündür. Bir neçə ildir bizim universitetlərimiz bir qədər elmi hərəkətə başlayıblar. Sənaye universitetləri - sizin universitetiniz, Şərif universiteti və digər bəzi universitetlər elm inkişafını göstərmişlər. Onlar bunun qarşısını almaq və maneçilik törətmək istəyirlər. Tələbə həyəcanlı "Yaşasın!", "Ar olsun!" şəraitinə düşdükdə daha dərs oxumağa həvəsi qalmaz, dərsdən möhkəm yapışan tələbəni də digərləri ələ salarlar və oxumaq mənfi bir iş sayılar. Siz buna çarə qılmalısınız. Bunlar əsaslı məsələlərdir. Tələbə nə zaman digər işlərlə məşğul olmuşdursa, elm də zəifləmişdir.207


Universitetdə elmi zəiflədən amil: əxlaqi özbaşınalıq

İkinci məqam budur ki, universitetlər nə zaman əxlaqi özbaşınalığa sarı getdilərsə, elm zəiflədi; bunun oyan-buyanı yoxdur. Bu məsələlərə diqqət yetirmək lazımdır, bunlar çox mühümdür. Ümidvarıq Allah ölkənin, elmin və tələbənin gələcəyini düşünən siz xeyirxah insanlara yardım etsin və mühüm işlər görə biləsiniz.208


Universitetlərin elmi hərəkətinə qarşı mübarizə

Ölkədə elmin hərəkəti yaxşıdır. Lakin bu hərəkəti dayandırmağa çalışırlar. Mən bunu hiss edirəm. Universitetlərə məxsus olan və zahirən siyasi görünən çoxlu məsələlər əslində belədir. Zahirən baş qatmaq, qızışdırmaq və mühiti gərgin saxlamaq üçündür, əsl məqsəd isə universitetin elmi hərəkətinin qarşısını almaqdır. Halbuki biz hələ çox geridəyik və çox çalışmalıyıq. Mənim universitetlərin məsul şəxslərindən, o cümlədən buraya təşrif buyurmuş siz möhtərəm cənablardan gözlədiyim budur ki, nəyin bahasına olursa-olsun universitetin elmi mühiti zərər görməsin, tələbənin və müəllimin diqqətini elm və tədqiqat işinin, xüsusən də universitetlərdə aparılan tədqiqat işinin əhəmiyyətinə yönəldin.209


Beyinlərin qaçışının qarşısını almağın yolu

Bəzi cənabların toxunduğu məsələ doğrudur; yəni bəzi şəxslər elmi işlərini burada görmək istəyirlər, lakin mümkün olmadığından gedib başqa yerdə görürlər, 5-10 il orada qalır və sonra ölkəyə qayıdırlar. Belə nümunələr çoxdur. Sizin özünüzdə xoşbəxtlikdən, nümunəsi vardır; qayıdıb gəlir və burada işləri ilə məşğul olurlar. Fərz edək qayıtmaq istəməsələr də, biz burada oturub kədərlənmək və bu beyinlərin bayıra getməməsi barədə fikirləşmək əvəzinə, oraya gedib lazımi bacarıqlar əldə etdikdən sonra onları ölkəyə qaytarmaq barədə düşünək; yəni siz bunu düşünün. Əgər siz burada elmə şərait yaratsanız və tədqiqat işi ilə ciddi məşğul olsanız, oraya gedənlər qayıdarlar. Əgər elmin səviyyəsi yüksəlsə, getmək həvəsində olanların çoxusu getməyəcək, çünki burada elmlə məşğul ola bildiklərini görəcəklər.210


Elm və tədqiqatın qarşılığında pul yığmaq mədəniyyətinə qarşı mübarizə

İndi dünyada çoxları belə yaşayırlar. Ən azı son dövrlərdə, bizim son tariximizdə və həmçinin dünyanın digər yerlərində belə olub ki, elm, ədəbiyyat və tədqiqat adamları cəmiyyətin ən sərvətliləri olmayıblar. Maddi baxımdan cəmiyyətin ən sərvətliləri ya daha julik, ya daha dinsiz olanlar, ya əxlaqi dəyərlərə daha az əhəmiyyət verənlər və ya ən azı “qoçaq”lar olmuşlar. Dünyanın harasında ən elmlilər ən sərvətlilərdir?! Belə bir şey yoxdur. Bəli, alim məntiqli və normal şəraitlə təmin olunmalıdır, lakin onda alıb-satan dəllallıq peşəsi kimi pul yığmaq və sərvət toplamaq həvəsi yaratmaq olmaz; buna mane olmaq lazımdır. Mənim fikrimcə, bu siz cənabların görməli olduğu işdir. Bu gün də olmasa, bir gün bunu etməyə məcbursunuz.211


Siyasətbazlıq amili

Mənim bədbin olduğum məsələlərdən biri universitetlərin vəziyyətidir. Mən bu siyasi şüarların və universitetlərdə aparılan zahirən siyasi işlərin arxasında çox təhlükəli olan başqa bir məqsəd görürəm və o, universitetdə elmi tətil etməkdir. Qalmaqal, şüar və hay-küy olan universitet elmlə lazımınca məşğul olmaz. Universitetdə həm müəllim, həm də şübhəsiz ki, tələbə üçün zəruri olan siyasi dərk siyasətbazlıqla, özü də onun pis növü ilə - təəssüf ki, bəzi universitetlərdə bu iş adi haldır - səhv salınmamalıdır.

Universitetdə çalışan siz cənablar bunu təmin etməlisiniz. Hər halda, müəllimsiniz, rektorsunuz, müxtəlif sahələrdə çalışırsınız. Siz universitetin özündən, yaxud xaricindən olan bəzi qüvvələrin çox kiçik və əhəmiyyətsiz məqsədlərdən - hansısa seçki, mövqe, layihə və ya şəxsdən ötrü universitetdə güclü təməl olan elmi, Allah eləməmiş, zəiflətməsinə mane olun. Siz bu barədə fikirləşin, proqram hazırlayın, aidiyyətli şəxslər də inşallah bütün ölkə üçün işlər görsünlər.212
Düşməndən zərbə görən iki cəhət

Mən ölkənin ən yüksək məmurlarına da bu məsələni demişəm və fikrim budur ki, biz iki cəhətdən düşməndən zərbə ala bilərik: biri iqtisadi məsələlər, biri də ölkədə elmi inkişaf cəhətindən.

Əlbəttə, elm inkişafı elə bir şeydir ki, onu kəmiyyət ölçüləri ilə ölçmək olmaz. Bu gün bizim tələbəmiz, universitetimiz, müəllimimiz, elm və təhsil fənlərimiz çoxdur, amma bəlli deyil ki, bunlarla düzgün nəticəni əldə etmək mümkün olsun.213
Elmi nümunələr üçün imkanların və elmdə qısa yolların zəruriliyi

Əgər sizin nəsil ölkəni elmi baxımdan özünütəminə çatdıra bilməsə, yəni biz yenə də digərlərinə yalvarmalı olsaq, oturub onların kəşf və ixtiralarını gözləsək və heç bir qısa yol tapmasaq, əmin olun ki, ölkənin taleyi yaxşı olmayacaq. Mən bu baxımdan çox nigaranam. Deyirlər elmi nümunələr gedirlər, daim də buna haqq donu geyindirirlər. Mənim müəllim və rektorlarla çoxlu iclaslarım olub, oturub birgə müzakirə etmişik. Dedikləri bu sözlərin heç biri, məsələn, təhlükəsizliyin olmamasına görə elmi nümunələrin qaçması düzgün deyil. Öz universitetlərimizdə laboratoriya, tədqiqat mərkəzləri və araşdırma imkanları olsa və gənc alimlərə iş verə bisələr, şübhəsiz, bu məsələlər qarşıya çıxmaz. Mənim fikrimcə, problemlər buna görədir.214


Elm və sənayenin əlaqəsinə diqqət

Elm və sənayenin əlaqəsi barədə bəzi sözlər deyildi. Bu da mənim nəzərdə tutduğum əsas məsələlərdən biridir. Mən həm öncəki hökumət zamanı möhtərəm prezidentə, həm indiki möhtərəm prezidentə təkidlə demişəm ki, tədqiqat və universitet nailiyyətləri ilə ölkənin real sənaye və əkinçiliyi arasında əlaqə məsələsinə özləri rəhbərlik etsinlər. Mən dedim ki, bu iş müxtəlif idarələrin fövqündə duran bir işdir. Prezident aparatında universitet və sənayenin əlaqəsi şöbəsi yaradılmalıdır. Möhtərəm prezidentlər çalışıb və hər ikisi bunu istəyiblər.215


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə