Vilayət bağçası yeddİncİ cİld


İslam, qadınlar və Quran31



Yüklə 0,79 Mb.
səhifə18/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

İslam, qadınlar və Quran31

Bismillahir-Rəhmanir-Rəhim.


Möhtərəm xanımlar və əziz bacılar! Çox xoş gəlmisiniz. Alim və Qurana vurğun olan bu izdihamı görmək mənim üçün həqiqətən, bir bayram sayılır. Mən bunu Əhli-beyt səxavətlisi olan həzrət Fatimə Məsumənin (ə) bir lütfü bilirəm. Allaha şükür edirik ki, ölkə qadınlarının bu böyük toplumunun dərin, məntiqli və elmi məqsədlərlə Quran ardınca getdiyi, Quran tədqiqatı ilə məşğul olduğu və ölkənin Quran fəzasını belə rövnəqləndirdiyi bir gün gəldi. Şübhəsiz ki, bu, Allah tərəfindən ölkəmizə böyük nemətdir.

Möhtərəm qadınların burada irəli sürdüyü bütün təkliflər diqqətəlayiqdir. Biz bunları götürüb araşdıracaq, baxacağıq və əgər bu işlərlə məşğul olan məmurlar varsa, onlara təhvil veriləcək. Ümidvarıq ki, bu təkliflərin məntiqli və məqbul hissəsi icra olunsun.


Qadınlar və elmi araşdırma

Mən iki məsələ haqqında danışacağam: bir məsələ ölkəmizdə və İslam Respublikasında çox dəyərli və möhtəşəm olan bu qadın hərəkatının özü, ikinci məsələ də Qurana dair işlərdir.

Əvvəla, qadınların tədqiqat və elm məsələlərinə qoşulmasının özü diqqətəlayiq haldır. Mən adətən, ölkədə nəşr olunan elmi jurnallara baxır və onları vərəqləyirəm. Yeni məsələləri ehtiva edən jurnallarımızda müxtəlif fənlərdə məqaləsi dərc olunan qadın yazıçı və tədqiqatçıların sayı çoxdur. Hövzə elmlərində, fiqhdə, fəlsəfədə, humanitar elmlərdə, təbii elmlərdə bizim ölkəmizin qadınlarının iştirakı böyükdür. Bizim tələbə qızlarımız universitetləri doldurublar. Elmi mühitlərdə qadınlar heyrətamiz şəkildə iştirak edirlər. Bu nədir? Bu necə hadisədir? Bizim ölkəmizdə nə zaman bu qədər tədqiqatçı, araşdırmaçı, alim, savadlı və təbliğatçı qadın olmuşdur?! Bizim keçmişimizdə heç zaman belə bir şey olmamışdır. Bəli, tək-tük alim və görkəmli qadın olmuşdur, lakin bütün cəmiyyətdə nəzərəçarpacaq həddə olmamışdır. Bu, İslam Respublikası dövrünə məxsusdur. Bu, ölkədə İslam hakimiyyəti sayəsində baş vermişdir; qadınlar elmi səhnədə özlərini belə göstərməkdədirlər və bu üstünlükləri əldə etmişlər. Bu, İslam Respublikası quruluşunun fəxrlərindəndir. Mən tələbə və gənclərlə görüşlərdə dəfələrlə demişəm ki, biz qərblilərin qadına dair iddiaları qarşısında müdafiə olunmuruq, hücuma keçirik və Qərb özünü müdafiə etməlidir, İslam yox. Uyğun fikir buna görədir.
İslamın qadınlara baxışı

İslam tağut quruluşlarından fərqli olaraq, qadına şəxsiyyət tanıyır. İslamda mömin üçün nümunə təyin etdikdə qadını göstərirlər: “Allah iman gətirənlərə fironun zövcəsini misal çəkdi”32. Bu, birincisi, Məryəm bint İmran33 da ikinci adamdır. İman gətirənlər üçün iki qadın nümunə göstərilir. Kafirlər üçün də iki qadın göstərilir: “Allah kafirlərə Nuhun zövcəsi ilə Lutun zövcəsini misal çəkdi. Onlar Bizim qullarımızdan olan iki saleh bəndənin kəbini altında idilər”34. Yəni qadını yalnız qadınlar üçün yox, hətta bütün cəmiyyət üçün ibrət və ayna kimi göstərir. Bir kişi seçə bilərdi, amma bu, qadınlara qarşı mövcud olan azğın və səhv baxışla mübarizədir. Bu baxış həmişə təhqiramiz olmamışdır, lakin həmişə səhv olmuşdur.


Qərbin və tağut quruluşlarının qadına baxışı

Tağut quruluşunda qadına həmişə səhv baxılmışdır. Bu gün Qərbdə belədir. Qərb quruluşlarında bəzi qadınların çoxlu kişilər kimi eyni dəyərli, möhtərəm və pak şəxsiyyətə malik olmaları mümkündür, lakin Qərb mədəniyyətində qadına qarşı ümumi baxış səhvdir, alət kimi, təhqiramiz baxışdır. Qərbin fikrincə, sizin çadra və hicabdan istifadə etməli olmamanızın səbəbi bu deyil ki, azad olasınız. Siz deyirsiniz ki, mən hicabla da azadam, mənim azadlığım var. Onun məqsədi başqa bir şeydir. Onlar kişinin gözünün nəvazişi və kişinin qanunsuz bəhrələnməsi üçün qadının cəmiyyətdə xüsusi tərzdə görünməsini istəyirlər. Bu, qadına qarşı ən böyük təhqirdir; bir neçə komplimentlə üzərini örtsələr və ona başqa adlar qoysalar da.


Qadına hörmətin mənası

Qadına hörmət budur ki, Allah-Taalanın hər bir insanın daxilində yaratdığı, həmçinin yalnız qadınlara məxsus olan dəyərli və böyük qüvvə və istedadların müxtəlif səviyyələrdə - ailə, cəmiyyət, dünya miqyasında, elm, bilgi, tədqiqat, tərbiyə və quruculuq üçün aşkara çıxmasından ötrü ona imkan yaradılsın. Qadına hörmət budur. Mən görürəm ki, bu, Allahın lütfü və mərhəməti ilə bizim cəmiyyətimizdə özünü tamamilə göstərir. Bu əsas işə aiddir və bu gün Allaha şükür olsun ki, ölkəmizin qadınlarında var. Çox dəyərlidir ki, qadınlar bütün elmi sahələrdə, xüsusən də çox qiymətli olan Quran işində iştirak edirlər; özü də fəal və təqdirəlayiq şəkildə. Mən güman etmirəm ki, İslam dünyasının hansısa bir nöqtəsində bu qədər qadın bu qədər həvəs və maraqla Quran fəaliyyəti göstərsin. Əlbəttə, dəqiq məlumatım yoxdur və araşdırmamışam. Lakin ümumi məlumatlardan anlaşılır ki, belə bir şey yoxdur. Bu yalnız sizin hünərinizdir. Sırf elmi məsələlərdən tutmuş təbliğat, tərbiyə və incəsənət işlərinə qədər müxtəlif Quran mövzularında Quranı araşdıran bu qədər qadın var. Fikrimcə, bunlar çox dəyərlidir. Əlbəttə, əgər təklif olunan beynəlxalq müsabiqə məsələsi həyata keçsə, qadınlarımızın Quran sahəsindəki işinin dəyəri bəlli olar.


Cəmiyyətimiz və Quran

Etiraf etməliyik ki, cəmiyyətimiz uzun illər Qurandan uzaq düşmüşdür. Biz İslam Respublikasında bu məsafəni azaltmaqdayıq; gerilikləri düzəldirik, lakin bu gerilik olduqca çoxdur. Tağut hakimiyyətləri dövründə Quran cəmiyyətdə rəsmi şəkildə olmamışdır. Müəyyən yerlərdə kimlərsə Quranla tanış olmuşlar, dindarlar evlərdə Quran oxuyurdular, lakin bu yalnız qiraət idi; Quranda təfəkkür etmək, xüsusən də cəmiyyət miqyasında və ümumi yerlərdə olduqca az olmuşdur. Nəticədə, bizim ziyalı və təhsilli təbəqələrimiz Qurandan tamamilə uzaq qalmışlar. O zamanın ali təhsilliləri arasında Quranla ünsiyyəti, tanışlığı olan, çox geniş və dərin yox, hətta məhdud tanışlığı olan şəxslər gözə dəymirdi; əvvəllər hövzə tələbəsi olmuş və o dövrdə bəzi ayələri əzbərləmiş şəxslər isə heç. Lakin digər İslam ölkələrində, xüsusən də ərəb ölkələrində bəzi şəraitlərə görə vəziyyət belə olmayıb və indi də belə deyil. Onların ziyalıları, müxtəlif dövlət vəzifələrində çalışan ali təhsilli şəxsləri sözlərində misal və dəlil kimi Quran ayələrindən istifadə edirlər. Bu bizim qədim ziyalılarımızda olmamışdır, lakin gənc nəslimizdə var. Bu, Qurandan uzaq düşməyə görə idi. Biz uzaq düşmüşdük. O ölkələrdə təlim və tərbiyənin keyfiyyətinin necəliyi başqa bir mövzudur, lakin xüsusən ərəb ölkələrində bu iş adət idi; indi də belədir. Biz inqilabın əvvəlindən bu məsələ ilə üzləşirdik. Ərəb ölkələrinin əməldə Quran əsaslarından uzaq olduqlarına görə həmişə haqlı olaraq etiraz etdiyimiz siyasətçilərinin və dövlət rəsmilərinin zehnində və dilində Quran vardı. Həmişə təəssüf edirdik ki, biz nə üçün belə deyilik. Əgər indi bənzətmək istəsəm, deməliyəm ki, iranlı ədəbiyyatçıların və ədəbiyyatsevərlərin çıxış əsnasında Sədinin Gülüstanından və Hafizin şeirlərindən bəzi sitatlar gətirdikləri kimi onlar da Qurandan belə istifadə edirdilər. Lakin bizim ölkəmizdə belə bir şey yox idi. Biz inqilabdan öncəki təhsil sistemindən irəli gələrək Qurandan uzaq düşmüşdük.


Cəmiyyətimizin gələcəyi və Quran

Biz indi bunu düzəltmək istəyirik və insafla desək, inqilabın əvvəlindən bu məqsədlə çoxlu işlər görülmüşdür, nəticəsini də müşahidə etməkdəyik. Lakin bu, işin başlanğıcıdır. Quran məfhumları yalnız məlumat deyil, həyat təlimləridir. Bəzən insanın Quran məlumatı yaxşı olur, amma onun həyatında Quranın heç bir əlaməti görünmür. Bəzi xanımlar da burada buna toxundular. Biz çalışmalıyıq ki, Quran bizim həyatımızda təcəssüm olunsun. Necə ki, əziz Peyğəmbərin hörmətli zövcələrindən birindən Peyğəmbərin əxlaqı barədə soruşduqda belə cavab verdi: “Onun əxlaqı Quran idi”35. Yəni Quran təcəssüm olunmuşdu. Bu bizim cəmiyyətimizdə həyata keçməlidir.


İslam inqilabı və Quran

Burada çox aydın bir həqiqət var və o qədər aydındır ki, çox zaman gizli qalır. Bu həqiqət İslam Respublikasının qurulmasıdır. Bu, Quranın təcəssüm olunmasıdır. İslam Respublikası quruluşu və dini quruluş Qurana əməl etməyin ən böyük nümunələrindəndir. Bunu inqilab bizim üçün təmin etdi; bunu yaddan çıxarmayaq. Bəli, bu böyük çərçivə daxilində doldurulması lazım olan çoxlu krossvordlar, görülməsi lazım olan çoxlu işlər var. Lakin əsas iş bu quruluşun yaranması idi. Dinə əsaslanan bir dövlətin qurulması, onun məmurlarının kimliyinin, məqsədlərinin, xüsusiyyətlərinin, əməllərinin, xalqla əlaqələrinin və xalq üçün gördükləri işlərin din və İslam əmrləri əsasında olması Qurana əməl etməyin ən böyük formasıdır. Bu, əziz Peyğəmbərin Mədinəyə gəlişində və hicrətində gördüyü işdir. Bir cəmiyyət, bir quruluş və bütün ictimai fəaliyyətlərin üzərinə kölgə salan bir güc mərkəzi olmayınca işlərin zəmanəti olmur. İnqilabdan öncə azsaylı xeyirxah və nəsihətçilər vardı; ürəkləri yanırdı, daim xalqa nəsihət edirdilər, ya kütləvi informasiya vasitələrində, ya da məhdud dairələrdə moizə edirdilər. Moizə təsirsiz deyil, qəlbə təsir göstərir, lakin praktik reallaşma qabiliyyəti yoxdur. Nə üçün? Çünki quruluş səhv quruluşdur, cəmiyyətin istiqaməti ədalətin, insafın, mürüvvətin və əxlaqın ziddinədir. Belə bir istiqamətdə siz bir adama ədalətli olması, rəhm etməsi və insafla davranması barədə nə qədər təkid etsəniz də, keçməz. İstiqamət mühüm amildir. İstiqamət düzgün və din istiqamətli bir dövlətin qurulması ilə düzəlir. İnqilab bu işi gördü. Mən demək istəyirəm ki, bizim Quran araşdırmaçılarımız, həvəskar və fəal gənclərimiz bu həqiqəti yaddan çıxarmasınlar. Bu, çox aydın bir həqiqətdir, lakin çox zaman unudulur. Bu, çox mühüm məsələdir.


Quran quruculuğu

Bu çərçivədə Quran quruculuğuna başlamaq və əsaslı işlər görmək lazımdır ki, məzmunlar sözün həqiqi mənasında Qurana əsaslansın. Bizim fərdi rəftarımız, idarəçiliyimiz, təşkilati işlərimiz, universitetlərə, tədqiqat mərkəzlərinə, hövzələrə və digər yerlərə aid təlim və tərbiyə qurumlarındakı rəftarımız, ailədə davranışımız, siyasi, beynəlxalq mövqelərimiz hamılıqla İslam əsasında olsun. Bu nə zaman baş verər? O zaman ki, biz Quran məfhumları ilə düzgün tanış olaq. Bu, qadın və kişilərin belə möhtəşəm Quran araşdırması ilə həyata keçər. Tədqiqatlar bu istiqamətdə olmalıdır.


Quran tədqiqatları və əsl həqiqət

Quran tədqiqatlarında mühüm bir məsələ budur ki, Quran sahəsində çalışmaq istəyən şəxs qəlbini əsl Quran həqiqəti ilə üzləşməyə hazırlamalıdır; yəni qəlb pak olmalıdır. Qəlb pak, Quran həqiqətini qəbul etməyə hazır olmasa, qeyri-islami və qeyri-ilahi əsaslara könül versə, Quranla üzləşəndə ondan bəhrə götürməz. Quran buyurur ki, o, çoxlarını azdırır və çoxlarını hidayət edir36. Quranla azmaq nə üçündür? Quranla hidayət bəlli məsələdir, lakin azmaq nə üçündür? Bu ona görədir ki: “Qəlblərində xəstəlik olanlara gəldikdə isə, onların murdarlığı üstünə bir murdarlıq da gətirər”37. Qəlblərində xəstəlik olan şəxslər Quran oxuduqda qəlblərinin çirkinliyi artar. Quran ayəsi, Quran surəsi onların çirkinliyini artırar. Bu çirkinlik nədir? Bu xəstəlik hansı xəstəlikdir? Əxlaqi xəstəliklərdir. Həsədə, bədxahlığa, tamahkarlığa, dünyagirliyə düçar olanda, ehtiraslar, vəzifəpərəstlik, haqqı tapdamaq, haqqı görməzdən gəlmək və haqqı gizlətmək bizim ruhumuza və qəlbimizə üstün gələndə Qurandan istifadə etmir, onun bizə verməli olduğunun əksini alırıq. Allaha pənah aparmaq lazımdır. Görürsünüz ki, bəzi adamlar Quran ayəsini İslamı, İslam Respublikasını vurmaq, İslam Respublikasının bizə bəxş etdiyi dəyərləri məhv etmək üçün oxuyurlar. Quranla pak şəkildə üz-üzə gəlmək lazımdır ki, nuru və xatırlatması qəlbimizdə yer açsın və ondan istifadə edə bilək.


Quran tədqiqatları

Quran tədqiqatlarında əsaslı elmi işlərə diqqət yetirmək çox vacibdir. Belə deyil ki, kim ərəb dilini bilsə, Quranın bütün məsələlərini anlayıb dərk edə və bir Quran tədqiqatçısı ola bilər. Xeyr, əvvəla, Quranın özü ilə ünsiyyət qurmaq lazımdır. Yəni Quran tədqiqatçısı bütün Quranla ünsiyyətdə olmalıdır. Quranın dəfələrlə oxunması, Quranda şəxsi təfəkkürlər bizim Quranda xüsusi bir mövzunu axtardığımız zaman nəticə əldə etməyimizə kömək edir. Deməli, Quranla ünsiyyətin özü lazımdır.

Sonra da Qurandan istifadənin necəliyi məsələsi gəlir. Bizim din alimlərimizin, fəqihlərimizin ayə və hədislərdən istifadə metodu təcrübədən çıxmış, bişmiş və tam sınanmış bir elmi metoddur. Bunları öyrənmək lazımdır. Demək istəmirəm ki, kim Quran mövzusunda tədqiqat aparmaq istəyirsə, gedib illərlə hövzə dərsi oxumalıdır; məqsədim bu deyil. Lakin Quran tədqiqatı üçün insan bəzi giriş elmlərinə yiyələnməli, Quran dərkinin əsaslarını bilməli, o cümlədən, dillə, dilin dəqiq məqamları və fiqh metodikasının bəzi əsasları ilə tanış olmalıdır. Bunları bilmək və həmçinin Quran ayələri barədə deyilən hədislərdən də istifadə etmək lazımdır. Bunların hamısı Quran tədqiqatlarında təsirlidir.
Bizim humanitar elmlərimiz və Quranın əsasları

Son olaraq bir məqama da toxunmaq istəyirəm. O da budur ki, mən dəfələrlə humanitar elmlərdən ötrü universitet mənsublarından gileylənmişəm. Bizim humanitar elmlərimiz Quran və İslamla ziddiyyət təşkil edən əsaslar üzərində qurulmuşdur. Qərbin humanitar elmləri başqa dünyagörüşə, yaranış barədə başqa bir dərkə və çox zaman materialist baxışa əsaslanır. Bu baxış yanlışdır, bu əsas səhvdir. Biz humanitar elmləri tərcümə edib heç bir İslam tədqiqatına icazə vermədən universitetlərimizə gətirir və müxtəlif səviyyələrdə tədris edirik. Halbuki humanitar elmlərin kökünü və əsasını Quranda axtarmaq lazımdır. Quran tədqiqatlarının mühüm sahələrindən biri budur. Müxtəlif sahələrdə Quranın incə məqamlarına diqqət yetirmək lazımdır. Bu, çox əsaslı və mühüm işdir. Əgər baş tutsa, o zaman humanitar elmlərin mütəfəkkir, araşdırmaçı və mütəxəssisləri bu təməl və əsas üzərində böyük elmi işlər görə bilərlər. Sözsüz ki, o zaman digərlərinin, qərblilərin və humanitar elmlərdə inkişaf etmiş şəxslərin inkişaflarından da istifadə edə bilərlər, lakin əsas Quran olmalıdır.

Ümidvarıq Allah-Taala sizlərə uğur bəxş etsin! Mən ölkənin müxtəlif sahələrində Quran işi ilə məşğul olan bütün möhtərəm xanımlara və əziz qadınlara səmimi təşəkkürümü bildirirəm. Sizin Quran sahəsində fəallığınız ölkənin qadın cəmiyyətinə ilham verəcək və inşallah, ölkəmizin qadınlarını - yəni ölkə əhalisinin yarısını Qurana yönəldəcək. Əgər qadınlar Quranla ünsiyyət qursalar, cəmiyyətin bir çox problemləri həll olunar. Çünki növbəti nəslin insanları qadının əli ilə böyüyür. Quranla tanış olan, Quran məfhumları ilə ünsiyyətdə olan qadın övlad tərbiyəsində böyük təsirlərə malik olur. Ümidvarıq ki, sizin bu böyük hərəkətiniz sayəsində bizim cəmiyyətimizin sabahı Qurana bugünkündən dəfələrlə yaxın olsun!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə