The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
101 
 
 
Hövlnak yuxudan oyandım. Ürəyim sürətlə döyünürdü. Ətrafa boylandım. Harda 
olduğumu aydınlaşdırmaq istədim. Yerimin içində o tərəf-bu tərəfə qurcuxdum. 
Pəncərədən gün düşürdü. İmranbəylə doğrudanmı, yoxsa yalandanmı mağarada 
olmuşdum?  
«Bu, sadəcə yuxuydu», - fikrini beynimdən keçirdim və sağ böyrü üstə aşdım. 
Nəsə böyrümü əzdi. Bu mağaradan götürdüyüm kəllə sümüyünün bir hissəsiydi... 
Ay dədə, vay! - deyə qışqırdım. 
 
İmranbəyin yoxa çıxması, yaxud Azıxantropun izilə 
 
İmranbəyin yanına tələsəndə gün günortaya gedirdi. Amma tələsməyim əbəs imiş. 
İmranbəy yoxa çıxmışdı. Düzü, onun itməsini fəhmlə duymuşdum. Bilirdim ki, 
nəsə pis bir iş baş verəcək.  
İmranbəyin «imarətinin» qapısı açığıydı, içəridə bir inli-cinli yoxuydu. Arakəsmə 
də yox olmuşdu. Bir az irəlidə qaranlıq tunel vardı. Yəqin ki, o, neft quyularına 
aparırdı, yaxud kimsə zirzəminin o biri tərəfindən lağım atmışdı. Bəlkə 
Azıxantropu onun vasitəsilə oğurlamışdılar. İmranbəy də onun ardınca Azıxa 
yollanmışdı… 
Dostumu haradan tapacağımı bilməsəm də, daim axtarışdaydım. Birdən ağlıma 
gəldi ki, bu barədə məqalə yazım, hamını heyrətləndirən, sensassiya yarada biləcək 
bir xəbəri açıqlayım. Onda bəlkə İmranbəyi də, Azıxantropu da geri qaytaraydılar. 
Bəşəriyyət ilk övladının və onu dirildən insanın taleyinə biganə qala bilməzdi.  
Dərhal kompüterin arxasına keçib yarımçıq qalmış məqaləmi bitirdim. Yazı belə 
başlanırdı: «Yuxularınıza inanın, o bir zaman çin ola bilər». Sonluq isə beləydi: 
«İnanmasanız, axırı pis olacaq...» Amma sonluq xoşuma gəlmədi, ona görə də heç 
yerə göndərmədim. Müdirlə də məsləhətləşmək lazımıydı. Öncədən danışdığımız 
kimi, bütün kartları açmaq olmazdı, məqsədə doğru yavaş-yavaş irəliləmək lazım 
idi. Amma gecikə bilərdik. İmranbəyi öldürə, Azıxantropun izini itirə bilərdilər. 
Bəşərlə birgə bəşəriyyət də yox olardı. Bəşəriyyət yəni o günə qalıb ki, öz Bəşərini 
də qoruya bilmir?! 
Redaksiyaya gəldim, müdirin otağına girdim.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
102 
 
- O, heç yerdə yoxdur, - dedim. 
- Nə? Nə yoxdur! 
- İmranbəy. 
- O kimdir? 
- Azıxantropu dirildən. Demişdim axı... Bəşər də itib. 
- Bəşər kimdi? 
- Azıxantropun adı Bəşərdi. 
Müdir mənim üzümə diqqətlə baxdı, sanki orada nəsə axtarırdı. Handan-hana: 
- Yəqin əvvəldən olmayıb, olmayan şey necə itə bilər?- dedi və acıqlı-acıqlı 
mızıldandı. 
- Necə yəni olmayıb!? - deyə bağırdım. - O vardı! Mən... 
Sözümün dalını gətirmədim. İstəyirdim deyəm ki, «mən özüm onu görmüşəm», 
amma dayandım. Görməmişdim axı, bircə adını bilirdim. 
Müdir mənim tərəddüdlərimi görüb: 
- Özündən xəbərin var, güzgüyə baxmısan!? - deyə soruşdu. 
- Baxmışam. Əgər sən də ona mənim qədər inansaydın, qiyafən də, sifətin də 
dəyişərdi.  
Necə coşmuşdumsa, özüm də bilmədən onunla «sən»ə keçmişdim. 
- Mənim sifətim elə belə də yaxşıdır... 
- Sən heç nə başa düşmürsən! Əgər onu Amerikaya aparsalar, hər şey batdı. Sənin 
deputatlığın da getdi işinin dalınca. Lənətə gəlmiş yankilər! Onları biabır eləmək 
lazımdır. Elə bir yazı yazacam ki, bütün dünya lərzəyə gəlsin! 
- Səfeh, - deyə müdir qışqırdı, - bütün dünyanı idarə edən amerikalılardır, sənsə 
onların əleyhinə yazı yazmaqla mənim planlarımın üstündən birdəfəlik xətt 
çəkirsən! Heç bilirsən, agentliyimiz kimin hesabına fəaliyyət göstərir?! Onların! 
Yankilərin qrantları olmasa, biz heç kimik! Sən də, mən də, sənin lənətə gəlmiş 
Azıx adamın da! 
- Onun adı var, - dedim, - Bəşər. Biz onu qorumalıyıq! Adı olmasaydı, dərd 
çəkməyə dəyməzdi. Amma adı var. Varsa, deməli, doğrudur, canlıdır. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
103 
 
- Onda get Azıx adamının yanına, işdən azadsan! Mən də elə bilirdim ki, ciddi bir 
işlə məşğul olur. Sən demə, sayıqlayırmış... 
- De..mə..li..., be...lə! - deyə bağırdım və qorilla kimi səs çıxardım. Mən indi 
hecalarla danışırdım. 
- Belə! - müdir də bağırdı və qapını göstərdi. 
- Cəhənnəm olun, hamınız! - deyə qışqırdım və qapını çırpdım. 
Evə tələsdim. Orada məni kompüterdəki yarımçıq yazılarım gözləyirdi. Onlara 
fikir vermədim, təzəsini başladım. Məqaləmdə göstərirdim ki, bəşəriyyətin 
başlanğıc nöqtəsinin yeri bəllidir. Həmin nöqtə Azərbaycanın düz ortasında - 
göbəyində yerləşir. Biz artıq bunu sübut etmişik. Bəşəriyyətin ilk övladı Bəşər 
burada - bizim yanımızdadır. Onu yenidən dünyaya qaytaran dostumun adını isə 
gizli saxladım. Oxucularımı, bəli, bəli, mənim əziz oxucularımı başa saldım ki, 
qəhrəmanımın kimliyinin inkoqnito saxlanmasını milli mənafeyimiz tələb edir. 
Mən Azıxadamın yaşam tərzi, düşüncəsi, tezliklə bizi əsarət girdabından azad 
edəcəyi barədə planlarından danışdım. Bütün bunları facebook səhifəmdə 
yerləşdirdim... 
Bu, bir sensasiya idi, qəzetlərimiz və saytlarımız bu cür məqalələrə həris idilər, onu 
göydə qapdılar və hər tərəfə yaydılar. Göyərçin - dimdiyində, leylək - qanadında, 
tısbağa - qınında xəbər apardı...  
Səhərisi günü mən hər yerdə məşhur idim. İndiyə kimi məşhur agentliyin bir 
küncündə qalıb pas atmışdım, amma bir gecədə məşhur oldum. Milli qəhrəmana 
dönmüşdüm. Necə deyərlər, «kasıb gecə yatdı, səhər milyonçu kimi oyandı». 
İnsanlar mənim məqalələrimin, şok açıqlamalarımın ardını gözləyirdilər. 
Mən Bəşərin yoxa çıxması ilə bağlı məlumatı bilərəkdən axıra saxlayırdım. Çünki 
onun kimliyini demədən, insanları öz kəşfimizin böyüklüyünə inandırmadan bu 
xəbəri qəfil vermək olmazdı. Buna heç inanmazdılar da.  
Nəhayət, həmin məqam gəldi. Son məqaləmdə böyük təəssüf və kədərlə bildirdim 
ki, düşmənlərimiz Azıxantropu oğurlayıblar. Bəşər övladı Bəşərin yoxa çıxması ilə 
bağlı fəryad qopardım. Qeyrətimizin, namusumuzun, ləyaqətimizin, milli 
mahiyyətimizin tapdandığını dedim.  
Bu, xəbər bomba kimi partladı, qeyrətli soydaşlarımızı lərzəyə gətirdi. 
Bəşərin tapılması məqsədilə fondlar yarandı, xüsusi hesablar açıldı, hətta onu 
tapana mükafat da vəd edildi!  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
104 
 
Bəs necə?! Vətənpərvər oğlanlarımız, qeyrətli, namuslu qızlarımız azdır, bəyəm?! 
Bu hələ harasıydı?! İtirilmiş bütün torpaqlarımızı da alacağdıq... Hə, bə nə! 
Qulağıma çatan xəbərlərə görə keçmiş müdirim bundan bərk əndişələnmiş, artan 
məşhurluğumdan qorxuya düşmüşdü. Onun qorxusu əbəs deyildi, çünki 
deputatlığa mənim adım namizəd göstərilə bilərdi. Mahiyyət vacib deyil, əsas 
populyarlıqdı… 
Evdən çölə çıxmır, arvad-uşağı da yanıma buraxmırdım. Düzdü, balaca qızımdan 
ötrü darıxırdım, amma fikirləşirdim ki, onun sifətini görsəm, Bəşəri yadımnan 
çıxara bilərəm, uşaq da məndən qorxa bilərdi, çünki üzümü qırxmırdım. Ailə 
üzvlərim bunu başa düşür, qapının dalından mənimlə danışır, qonum-qonşudan 
eşitdiklərini çatdırır, məşhurlaşdığımı deyir və mənimlə fəxr elədiklərini qürurla 
söyləyirdilər. 
 
- Mən səni sevirəm, ata! - deyə qızımın ciyiltili səsini tez-tez eşidirdim. 
Facebook dostlarımın sayı həndəsi silsilə ilə artırdı. Yüzlər mini, minlər on mini 
əvəzləyirdi. Facebook səhifəmə «Biz səni sevirik!», «Sən yeksən!», «Millətimizin 
fəxri!» kimi mesajlar gəlirdi.  
Mən bu şüarlardan daha da ürəklənir, qələmimi daim itiləyir və böyük şöhrətin 
astanasında olduğumu dərk edirdim. Hər şey əladan da əla idi, necə deyərlər, 
əliyül-əla!.. 
Amma deyir, «sən saydığını say, gör fələk nə sayır!» 
Günlərin bir günü çevik telefonuma zəng gəldi. Telefon öz-özünə açıldı, halbuki 
mən onu çoxdan söndürmüş, unutmuş və divanın altına atmışdım. İmranbəylə 
görüşəndən sonra bircə dəfə də olsun ondan istifadə eləməmişdim. Dostumun 
təlimatı beləydi. 
Telefonun o başındakı adam danışığından əcnəbiyə oxşayırdı. Nədənsə mənə elə 
gəldi ki, o, yekəpər və sarıyanızdır. Həmin adam bircə kəlmə dedi:  
- Bu işin başını burax!  
- Ola bilməz! - deyə hayqırdım. 
- Deməli yox?! - deyə naməlum adam xəbər aldı. 
- Kəsinliklə! - türk ləhcəsində bağırdım… 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
105 
 
Həmin axşam qapı sürəkli döyüldü. Arvadımıydı. Bərk həyəcanlıydı. Qapının 
dalından: 
- Kimlərsə bizi izləyir! Səhərdən axşama kimi ev nəzarətdədir! Qorxuram ki, 
uşaqlara nəsə edələr. Sənin şöhrətin qonşulara dinclik vermir. Əminəm ki, bizi 
onlar satıblar!... 
Çölə çıxdım. Arvadım məni görəndə qəşş edib yerə yıxıldı. Deyəsən, onun ürəyi 
getmişdi. Niyə də getməsin ki… Günün-günorta çağı evimizi mühasirəyə alıblar, 
özü də çoxdandır kişi üzünə həsrətdir.  
Bərk əsəbiləşdim. İlk ağlıma gələn yer bizi casus və əcnəbi xəfiyyələrdən qoruyan 
Milli Təhlükəsizlik Nazirliyiydi.  
MTN-ə gəldim. Yolda kiminsə məni izlədiyini gördüm. Yanılmamışdım. Bu, 
mənimlə telefonda danışan həmin yekəpər və sarıyanız casus idi. Adamlar da məni 
barmaqları ilə göstərirdilər. Bu, şübhəsiz mənim məşhurluğumla bağlıydı.  
Nazirliyə piyada gəldim. Bunu qəsdən elədim. Məqsədim məni izləyən əclafı 
yormaq idi. 
-Kim lazımdır? - deyə qapıda dayanmış MTN mühafizəçisi məni görən kimi 
soruşdu. Sonra üzümə baxdı, fikirləşdi və başını bulayıb: - Hə, bu sənsən? - deyə 
qımışdı və dəstəyi götürüb yuxarını yığdı. Məşhurluq belə şeydi də! Hamı məni 
tanıyır! 
Bir neçə dəqiqədən sonra mən darısqal və yarıqaranlıq otaqdaydım. 
-Bu nə deməkdir!? -deyə bağırdım, hətta yumruğumu stola da vurdum. Başqa cür 
edə bilməzdim ki! Mən bütün dünyaya sübut eləmək istəyirəm ki, ilk insan 
azərbaycanlı olub, bunlar isə məni qorumur! Ermənilər, yaxud yəhudilər olsaydı, 
indi məni göz bəbəyi kimi qoruyardılar. Gözünüzün bəbəyindən gəlsin 
elədiklərimmm! -İmranbəyi də yadımnan çıxarmadım və əlavə elədim: mizzzz!!!  
- Sakit, sakit, özünüzü ələ alın! - Qarşımdakı adam məni sakitləşdirməyə çalışdı. 
- Sakit olum?! Sakit?! Necə?! Deyin görrrüm, neeecə, nə təhər, hıy?! Günün-
günorta çağı əcnəbi xəfiyyələr bizim evi güdür, bizi hədələyir, sizsə ağzınıza su 
alıb durmusunuz! 
Birdən qapı açıldı və məni izləyən şəxs içəri girdi. Mənə elə gəldi ki, o, ABŞ 
federal təhqiqat bürosunun əməkdaşıdı, bəlkə də Mərkəzi Kəşfiyyat idarəsinin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
106 
 
xəfiyyəsidi. Dərhal tanıdım. İmranbəy demişdi ki, onlar hamısı bir bezin 
qırpağıdır, bir-birilərinə çox oxşayır. 
- Deməli, siz?! - deyə üzümdə donmuş nida və sualla birgə ayağa durdum. 
- Bəli, biz! Biz neandertalı Amerikaya göndərdik. 
- Niyə bizim hər şeyimiz Amerikaya aparılmalıdır? - deyə bağırdım. 
- Belə lazımdır, - MTN işçisi onun əvəzindən sakitcə cavab verdi. 
- Bəs İmranbəy? - soruşdum. 
- O, ruhların dolaşdığı yerdə, yəni dəlixanadadır, - dedi, -hələlik oradadır, sonra 
onu da hominidin arxasınca yola salacağıq, bəlkə orda lazım oldu. O yan-bu yan 
eləsən, səni də onun dalınca göndərəcəyik. Amma özünü yaxşı aparsan, dəymərik, 
istəsən, səni müdirinin yerinə də qoyarıq, deputat da edərik... 
- Məni?! Məni ha! Qara Dadaşın oğlunu, Qaçaq Dünyamalının nəvəsini!? Siz nə 
danışırsınız!? Mən yəni bu qədər satqınam ki, özüm öz əlimlə dünya miqyaslı, 
namuslu və qeyrətli kəşfimi yankilərə satım?! Yooox, mən belə ucuz alverə 
getmərəm!!! 
- Özün bil, - deyə em-te-enşik səsini qaldırdı, - yanki dediyin adam sənin cavabını 
gözləyir. Get fikirləş, hələ sənə dəymirik! Deputatlıq, müdirlik elə belə, asan 
məsələ deyil... 
Mən çölə çıxdım. Pörtmüşdüm. Belə təklif gözləmirdim. Düzdü, mənə şöhrət 
lazımıydı, çünki mən millətimin və xalqımın bir parçasıyam, çox zaman onun 
adından danışıram. «Mənim xalqım... mənim millətim...» deyirəm. Bəs bunlar nə 
olsun?! Əlbəttə, şirnikləndirici təklif idi. Danmıram. Bəs namus, bəs qeyrət, bəs 
şərəf və vicdan?! Tərəddüdlər içindəydim. Digər tərəfdən də fikirləşirdim ki, tək 
əldən səs çıxmaz. Ulu babalarımızın sümükləri və qəbirləri bizim nəyimizə 
lazımdır? Onlar artıq köhnəliblər, əllərindən söyüşdən başqa bir şey gəlmir, özü də 
çox-çox uzaqdadırlar. Ruhları da bizdən inciyib. Onları güllələyiblər. Bizim 
ucbatımızdan!  
Lənətə gəlmişlər! Gör, məni haramdan vurdular: ən zəif və qürurlu yerimdən - 
şöhrət tərəfdən!  
Onlar mənim hisslərimlə oynayırdılar. Yooox!!! Mən dostumu sata bilərdim, 
amma Bəşəri yox. Mən ulu babamızı yankilərin əlinə necə verə bilərdim axı!? Bəs 
gələcək nəsillər?! Onlar məni bağışlayardılarmı!?  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
107 
 
Öz-özümə danışa-danışa evə gəlib çatdım. Balaca qızım özünü mənim üstümə atdı, 
sevincindən qışqırdı: 
- Ah, dədəciyim! Sən necə də gözəlsən, lap mənim meymunuma oxşayırsan! 
Deyirdim axı, qızım oyuncaq meymununu mənə oxşadır. Deməli, hər şey yaxşıydı. 
Gələcək hələ qabaqdaydı. Məni sevənlər ordusu hər tərəfdəydi. 
Nəhayət, növbə arvadıma çatdı. O da mənim boynuma sarıldı. 
- Elə qorxduq ki! Dedik, yəqin bir də qayıtmazsan! Amma elə indicə şad xəbər 
eşitdik! Mən bilirdim, bilirdim ki, nəsə yaxşı bir iş olacaq. Gecə yuxuda da 
görmüşdüm. Sənin əziyyətin havayı deyildi ki… Gecə-gündüz işləməkdən bir dəri, 
bir sümük qalmısan, üz-gözünü də tür-tük basıb! Qoy, indi bizi gözü 
götürməyənlərin bağrı çatlasın. Kostyumunu da ütüləmişəm, köynəyini də, 
ayaqqabını da prarıldatmışam! 
- Sən yox, mən parıldatmışım, - deyə qızım ciyildədi. 
- Nə məsələdir ki?! - deyə heyrətlə xəbər aldım. 
- Necə yəni, nə? Guya ki, bilmirsən?! Səni deputat edəcəklər, deputat! Canım 
qurtarar dükan-bazara piyada getməkdən. Maşın da verəcəklər, axı! -arvadım 
sevinclə dedi. 
- Sən hardan bildin?! - deyə suallı baxışlarımı onun üzünə zillədim.  
- Bayaq qonşular danışırdılar. Onlar da radiodan eşidiblər, hətta televiziyada da 
veriblər! 
Arvadım sevincindən atılıb-düşürdü. O, necə də xoşbəxt idi! Mən ona baxdıqca 
özüm də sevinirdim. Nəhayət ki, onun bircə dənə də olsa arzusunu yerinə yetirə 
bilərdim. Bu, mənim əlimdəydi, amma ləyaqətim imkan vermirdi, cəsarətim 
çatmırdı. Dəmiryolçu Bəylərin şlaqbaumu kimi kəsmişdilər qabağımı... 
Bütün bunlar yeddidə oxuyan oğlumun vecinə deyildi. Yığcam kompüteri 
qucağına alıb kiminləsə çatlaşırdı.  
Qızım mənə sarıldı: 
- Dədəciyim, deputat ol da! Mən elə istiyirəm ki sən deputat olasan! 
Qızımın gözlərinə baxdım. Orada bütün bəşəriyyət yığılmışdı: sevincli və sevimli 
bəşəriyyət. Dünyada əmin-amanlığa can atan sivil dünya. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
108 
 
- Ah! - deyə içimi çəkdim. - Mən bu dünyadan necə əl çəkim?! 
- Əl çəkmə! - deyə arvadım qışqırdı. 
Yaman yerdə axşamlamışdım. Bunlar da hamı deyəni deyir. «Nə etməli?» - deyə 
ürəyimdə leninsayağı fikirləşdim. Qəliz sualıydı. Bilmirəm, niyə bu cür suallar 
həmişə mənim qismətimə düşür. Qismətdən artıq yemək olmaz.  
Bu düşüncələrlə içəri keçdim. Telefon zəng çaldı. Köhnə tanışlardan idi. 
- Təbrik edirəm, - dedi, - indicə televizordan eşitdim, xeyirli olsun. 
Bu dəfə heç təəccüblənmədim də. 
- Çox sağ ol! - dedim, - başına gəlsin. 
- Sən buna layiq idin. Bu qədər şöhrətin qabağında deputatlıq nədir ki... 
Sağollaşdıq. Telefon yenə də zəng çaldı. Çoxdan unutduğum yaxın qohumlardan 
idi: 
- Bilirdim, bilirdim ki, rəhmətlik əmimin, Qara dadaşın oğlu böyük adam olacaq. 
Şəklini televizorda göstərəndə hamımız yüyürüb ekranı qucaqlayır, səni öpürük. 
Bu da bizim qürurumuzun və fəxrimizin qiyməti! Halal olsun!  
- Allah köməyin olsun, - deyə könülsüz-könülsüz dilləndim. Yaxşı ki, qohumumun 
çevik telefonu söndü, yəqin konturu qurtardı.  
Telefonu bağlamaq istəyirdim ki, mobilim yenidən quruldadı. Bu dəfə yekəpər, 
sarıyanız idi. İlk notdan tanıdım. O, amiranə şəkildə:  
- Hazırlaş, səni orada gözləyirlər, - dedi və telefonu qapatdı. 
Birdən gözüm kömpüterimin üstündə, divardan asılmış kəllə sümüyünə sataşdı. 
Bu, alt çənə sümüyü idi.  
- Bu hardandır!? - deyə təəccüblə arxaya qanrılıb arvadıma baxdım. 
Arvadım kostyum və köynəyimi əlində hazır saxlamışdı. Qızımsa gülər gözlərilə 
mənə baxır, əlində tutduğu qara ayaqqabılarımı sığallayırdı. Onun boynundan 
mənim qara xallı qalstukum asılmışdı. 
Arvadım: 
- Yerinin içindən tapdıq. Dərhal başa düşdüm ki, bu xeyirliyədir. Dedim axı, yuxu 
görmüşdüm. Hələ bu gün baxıcıya da gedəcəm, nəzirimi də verəcəm, qurban da 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
109 
 
kəsəcəm! Sənin ilk maaşına, deputat maaşına! Kəllə sümüyü adamı şərdən-bəladan 
qoruyur, evə ruzi-bərəkət gətirir! - sevinclə dedi və köynəyi mənə uzatdı, - səni 
gözləyirlər… Orda! Evə zəng eləmişdilər, o biri telefona... 
Könülsüz-könülsüz köynəyi geydim, qalstuku taxdım. Güzgüyə baxanda üzümün 
tüklü olduğunu gördüm. Hamama keçib üzümü təmiz-təmiz qırxdım. 
Həyəcanımdan bir-iki yerimi də kəsdim. Amma ağrı hiss eləmədim. Hissiyyatım 
ölmüşdü, korşalmışdı. Nə edəcəyimi bilmirdim, sanki kimsə, görünməz qüvvə 
məni idarə edirdi. Bəlkə babalarımın ruhuydu... 
Tam hazır olandan sonra «ora» deyilən yerə gəldim. Məni doğrudan da 
gözləyirdilər. Uzun stolun lap başında səbirsizliyi göz çıxaran yekəbaş bir adam 
oturmuşdu. Allı-güllü qalstukunun ucunu çeynəyirdi. Güllüyə girən inəklər kimi 
gövşəyirdi. Mən içəri girən kimi bir anlıq üzümə baxdı və üstümə çımxırdı: 
- Bu nə üz-başdır, qonağın yanında bizi biabır eləyirsən. 
Əlimi qeyri-ixtiyari üzümə çəkdim. Üzüm tüklüydü. 
- Axı... 
- Nə axı!? Axı-maxı, yoxdu! Bir güzgüyə bax! - deyə sözümü kəsdi. 
Demək istəyirdim ki, üzümü elə indicə qırxmışam. Divardakı bədənnüma güzgüyə 
baxdım. Üzüm tükün içində itmişdi, sifətim deformasiya olmuşdu: üzüm uzanmış, 
alnım dombalmış, gözlərim çuxura düşmüşdü. Mən oydum - İmranbəy, Bəşərin 
əziz-xələf qohumu. 
- Belə yaxşıdır, - deyə qonaq deyilən adam, güman ki, amerikalı, təmiz 
azərbaycanca, böyür-başıma fırlana-fırlana, məni diqqətlə süzə-süzə dedi. - Onu 
lap qabaqda oturdarıq, birinci cərgədə, bütün dünyaya göstərməliyik ki, bəşəriyyət 
ilkin formasını bəzi yerlərdə saxlayıb, onu əhliləşdirmək lazımdır. Demokratiya da 
elə budur! İlkinlik gözəldir. Ekzellənt! 
Onun bu sözlərindən ürəkləndim və: 
- Ekzellənt! - deyə qeyri-ixtiyari təkrar elədim. 
- Yaxşı, get, təlimatı gözlə! - deyə rəhbər sandığım zəhmli şəxs buyurdu, - bunları 
da qoy cibinə, - dedi və mənə parıltısı göz qamaşdıran döş nişanı və sıp-sığallı, 
ütülü vəsiqə uzatdı, - itirmə, çoxları ona göz dikib... 
Çölə çıxdım və birbaş dəlixanaya gəldim. Yolda əlimi cibimə saldım, sopsoyuq 
döş nişanını sığalladım, əlim isindi... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
110 
 
 
* * * 
 
İmranbəy bağçadakı çinar ağacının altında köhnə-salxaq kresloda oturmuşdu.  
-Salam, dostum, mən gəlmişəm, - dedim və təkrar-təkrar onu salamladım... 
İmranbəy, sanki məni eşitmirdi və iri bərələ gözlərilə harasa uzaqlara baxırdı, 
hərdən də gülümsünürdü. Bəlkə, əsl bəşəriyyətin gizləndiyi yer ordaydı... 
Onun üzü çox məsum idi... Uşaqlıqdakı kimi... 
Bəyim hey!!! - deyə bağırdım. 
 
Restart 
Səhər mən yoxa çıxmışdım...  
 
Finiş 
2010-un sonu - 2012-nin əvvəli. 
 
Kənar adamın dedikləri  
 
Romanın yazılmasından əlli il sonra Bakının mərkəzində İmranbəyin heykəli 
ucalırdı. O, çox vüqarlı və nikbin idi. Altında isə bu sözlər yazılmışdı: 
Vətənpərvər azərbaycanlılardan yadigar. 
 
Son 
Mart 2012 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2596
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə