The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
85 
 
Qorçatan qan iyinə oyandı, ağız-burnundan qan daman Aza qınayıcı nəzərlə baxdı, 
amma bir söz demədi. Sonra durub ocaq çatdı, tikələri odda bişirəndən sonra 
doyunca yedi və Aza işarə elədi ki, yatıb dincini ala bilər. 
Bir azdan sonra onlar kahadan çıxdılar və dağ boyu getməyə üz qoydular. Ər 
tayfasının yerləşdiyi məkana az qalmışdı, onlar iri bir ulduzu tutub gedirdilər. 
Həmin ulduz Ər tayfasının əcdadlarının gözləriydi və onlara yol göstərirdi. Bütün 
bu müddət ərzində Qorçatan müqəddəs sümükləri bir dəfə də olsun qoynundan 
çıxarmamışdı, yalnız bircə dəfə yağış suyunun altında çimərkən torpağa basdırmış, 
çiməndən sonra çıxarıb, yenidən qoynunda gizlətmişdi. Ər tayfasının adamları 
göydən su töküləndə, yəni yağış yağanda paltarlarını soyunar və yağışın altında 
durardılar. Qorçatan tayfadan uzaq düşsə də, bu adəti unutmamışdı və bütün bu 
günlər ərzində dəfələrlə yağış yağsa da, bircə dəfə suyun altına girmişdi…  
 
* * * 
 
Tülkügüdən vaxtı düz hesablamışdı, bilirdi ki, Qorçatan yeldən iti, şirdən güclüdür, 
vaxtında, özü də əlidolu geri qayıdacaq. O, qaya parçasının üstündə dayanıb, 
uzaqları seyr edir, hərdən də qulağını yerə dirəyib dinşəyirdi, Qorçatanı 
addımlarının səsindən tanıyacağına əmin idi. 
Tülkügüdən öncə addım səslərini eşitdi, amma gələnlər iki nəfər idi. Bir azdan o
qaçanları gördü və kahanın o biri başına çatıb Qurdötürəni xəbərdar elədi. İki nəfər 
onların planına daxil deyildi. Qorçatan da təhlükəni hiss eləmişdi. Ona görə də Azı 
meşədə gizlətdi və qayaya dırmaşdı. Həm də əlinin işarəsilə başa saldı ki, bir şey 
olsa, ona xəbər eləsin.  
Tülkügüdən kahanın içərisində gizlənmişdi. O özü öndən, Qurdötürən isə arxadan 
hücum eləməliydi.  
Əroğlu ehtiyatı əldən verməmişdi, meşələrin, dağların dilini bilirdi, sirlərindən 
xəbərdar idi. Kahaya girəndə hər şeyi susmuş gördü, şübhələndi.  
Tülkügüdən kahanın dərinliyində, iri qaya parçasının arxasında, görünməz 
yerdəydi. O, Qurdötürənin işarəsini gözləyirdi. Nəhayət, Qurdötürən kahanın 
qarşısında göründü, onun nəhəng kölgəsi kahanın ağzına düşdü. Bu zaman 
Tülkügüdən gizləndiyi yerdən çıxdı və qışqıra-qışqıra Qorçatanın üstünə atıldı. 
Qorçatan onun nizəsini tutdu və əlindəki toppuzla düşməninin başına endirdi, 
amma Tülkügüdən bu zərbədən qaça bildi. Qurdötürən də fürsəti fövtə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
86 
 
verməmişdi, arxadan Qorçatanı vurmaq istəyirdi. Əroğlu bunu hiss elədi, kürəyini 
kahanın divarına söykədi. Düşmənlər iki tərəfdən onun üstünə yeridilər. 
Tülkügüdənin nizəsi Əroğlunun buduna sancıldı, dəhşətli ağrıdan Əroğlu bir anlığa 
özünü itirən kimi oldu, ona görə də Qurdötürənin zərbəsindən yayına bilmədi, 
sonuncunun vurduğu toppuz Əroğlunun çiyninə dəydi, amma sümüyü sındırmadı. 
Qorçatan bildi ki, onun sonudur, ona görə də var qüvvəsini toplamalıdır. Bu zaman 
Az kahanın qapısında göründü. O, hay-küyə özünü yetirmişdi. Əroğlu Azı görəndə 
ürəkləndi, qollarına yeni güc gəldi, qışqıraraq yerindən atıldı, nizəsini 
Qurdötürənin sinəsinə soxdu, düşmənin qıllı sinəsindən qan fəvvarə vurdu. 
Tülkügüdən işin fəna olduğunu görüb, kahanın arxa dəliyindən çıxmaq istədi, 
amma Qorçatanın atdığı toppuz onun başından dəydi, peyəsirini dağıtdı və o, üzü 
üstə düşərək tərpənməz qaldı... 
- Ax, nə bir! Nə bir elədi! - deyə mən həyəcandan az qala qışqırdım, - əclafa o da 
azdı!  
Mən artıq İmranbəyin ovsununa düşmüşdüm, hadisələri diqqətlə izləyirdim, ona 
inamım daha da artırdı. O, gözəl natiq idi. İmranbəy mənim bu fəryadımdan daha 
da ürəkləndi, gözlərində sevinc qığılcımları yanıb-söndü, üzünün cizgiləri səyridi 
və söhbətinə davam elədi: 
- Az Qorçatanın yarasına palçıq sürtdü, ot-ələflə sarıdı. Əroğlunun ayağının qanı 
kəsildikdən və ağrısı azaldıqdan sonra yola düzəldilər və bir ulduz gecəsi keçmiş 
Ər tayfasının düşərgəsinə çatdılar... 
Gələnləri birinci Yolgüdən gördü. Tayfa ərləri yola düşəndən bəri o, yuxu nə 
olduğunu bilmirdi, yolu güdürdü. Gözünün acısını qaya başında, ağac budağında 
alırdı. Amma Qorçatanla birgə daha kimsə vardı və bu kimsə ona tanış deyildi. 
Tayfada özgə adamın olmasını heç kim istəməzdi, o ki gələn «az»lardan olaydı! Bu 
yerlərdə ərlər sinəliləri «az» çağırırdılar, yataqlarına yoldaş seçdiklərini «öncə» 
deyə əzizləyirdilər. 
Bu gələn sinəlinin «az»mı, «öncə»mi olduğunu Yolgüdən ayırd edə bilmədi, heç 
buna zamanı da qalmadı, ağzını düşərgəyə tərəf tutub bu xəbəri tayfadaşlarına 
verdi. Hamı Ərbilənin qamışdan hörülmüş mərəsinin qabağına yığışdı. Torpaq 
tayfasından fərqli olaraq, ərlər çoxdan yer üstünə çıxmışdılar. Yalnız müqəddəs 
sümükləri kahalarda qoruyurdular. Dağda-daşda, qazmalarda yaşayanlar da vardı, 
amma onlar da günlərini meşədə-bağda, dağda-qayada keçirir, ov ovlayır, quş 
quşlayırdılar, yalnız qaranlıq düşəndə odalarına qayıdırdılar.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
87 
 
Ərbilən oğlunun sağ-salamat gəldiyini eşidib sevindi, bilirdi ki, Qorçatan düşmənə 
can verər, amma istədiyini almayınca geri qayıtmaz. Tayfa başçısı oğlunun 
yanındakı yad adamı görəndə narahat oldu. Gələnlərin başına yığışanlar maraqla 
Aza baxırdılar. Qorçatan öz adətlərini yaxşı bilirdi. Tayfadaşları yad adamı ya 
ömürlük dərin quyuda saxlamalı, ya da öldürməliydilər. Azın kəlləsindən piyalə, 
ağ sümüyünün aşıqlarından isə muncuq düzəldib boyunlarından asa bilərdilər.  
Qorçatan aradakı soyuqluğa son qoymaq üçün qoynunda gizlətdiyi sümükləri 
çıxardı və Yer tanrısına uzatdı. Ərbilən sümükləri aldı, diqqətlə baxdı, sonra 
hayqıraraq başı üzərinə qaldırdı. Tayfadaşları da ona qoşuldular, şadyanalıq hər 
tərəfi-dağı, meşəni bürüdü, hələ bəlkə Qorçatangili izləyən Torpaq tayfasının da 
qulağına çatdı. 
Şən sədalar bitdikdən sonra hamı Ərbilənin üzünə baxdı. Qərarı indi o verməliydi, 
Qoçatanın və Azın taleyi ondan asılıydı. 
Ərbilən üzünü oğluna tutub acıqlı səslə xəbər aldı: 
- Onu niyə gətirdin? 
- O, məni ölümdən qurtardı, quyudan çıxmağıma kömək elədi. 
- Sən ölümdən qorxduğuna görə, tayfadaşlarını təhlükəyə atdın?  
- O, mənə sümüklərin yerini göstərdi. 
- İndi onu gətirdin, dalınca düşmənlər gələcək! Odu söndürsən də, tüstüsünü 
saxlaya bilməzsən, onlar öz «az»larının iyinin dalınca gələcəklər, onu 
öldürməliyik.  
Qorçatan sinəsini irəli verdi: 
- Mən ona söz vermişəm. Demişəm ki, müqəddəs sümüklərin yerini göstərsə, onu 
özümə ömürlük qul edəcəm. Göylər bizə xoşbəxtlik göndərəcək. 
- Yad adam bizə bədbəxtlik gətirəcək. Biz belə şeyləri çox görmüşük. Qan iyini 
hiss edirəm, - deyə qoca Ərbilən inadından dönmədi, - o ölməlidir! 
- Ölməlidir! - deyə yerbəyerdən qışqırdılar. 
- Quyuya salmaq ölümdən yaxşıdır, - deyə Qorçatan yazıq-yazıq Yer tanrısının 
üzünə baxdı. 
- Ondan pis qoxu gəlir. Tayfadaşları bu iydən tutub onu hökmən tapacaqlar. Bu 
fəlakətdir. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə