The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
Böyük kaha qayanın göbəyindəydi. Qovulanlara yer verirdi, qovanlara dirsək 
göstərirdi. Hər kim pənah gətirirdisə, onu qoruyurdu. 
Əroğlu Qorçatan yaraxlanıb-yasaxlanmışdı. Belinə ağac lifindən kəndir dolamış, 
qoluna daş bazubənd keçirmiş, biləklərinə ilan dərisindən bilərzik bağlamış, özü ilə 
iti çapacaq, daş toppuz, daş uclu nizə götürmüşdü.  
İlk günlər o, ağacdan ağaca tullana-tullana gedirdi, çünki yadların izinə düşmək 
üçün yeri izləmək və iyləmək lazım deyildi. Onsuz da onların iyi və izi yağışda 
yuyulub getmişdi, həm də ki, Qorçatan buraları yaxşı tanıyırdı, burda yad adam 
axtarmağa dəyməzdi. Ağacdan ağaca tullanmaq az vaxt aparırdı. O, quşdan 
yüngül, bəbirdən iti, pələngdən caynaqlıydı.  
Acanda quş tutub göydəcə yolurdu, bir qığılcımla od çatırdı, barmağını şiş eləyirdi, 
əti ona keçirirdi, ocaqda qızardıb yeyirdi, səhər şehindən su yığırdı, yağış yağanda 
ağzını qayalardan süzülən şırnağın altına tuturdu.  
Qorçatan iki ay günü yol gedəndən sonra tayfanın ayağı dəymədiyi yerlərə çatdı. 
Burdan o yana özgələrin ərazisi başlanırdı. Bu yerlərdə onu heç kim tanımırdı. 
Buraların pələngləri, şirləri də özgədilli, özgəiyliydilər, Qorçatanı tanımırdılar. 
Ona düşmən kimi baxırdılar. Göydə havanı, yerdə torpağı iyləyirdilər. Hər yerdə iz 
qoyurdular. Kolların dibini isladır, təpələri batırırdılar. Ehtiyatlı olmaq lazımıydı. 
Qulağın səsdə, gözün tərsdə olmalıydı. Elə ayıq-sayıq olmalıydın ki, təhlükəni 
aralıdan duyasan, qəfil həmləyə hazır olasan. Uğur birinci vuranın, ov birinci 
udanındır.  
Qorçatanı ilk döyüşə vaşaq (çöl pişiyi) dəvət elədi. Ər oğlu ağacdan düşmüşdü, 
yolu-rizi, havanı iyləyə-iyləyə gedirdi, hərdən qulaqlarını yerə dirəyib, təhlükənin 
olub-olmadığını öyrənmək istəyirdi. Vaşaq qəfil hücum elədi. Buna səbəb 
Qorçatanın ağacların dibini «sulaması» oldu. Vaşaq vən kolunun içində yatmışdı, 
yad iyi alan kimi oyandı, arxadan özünü yetirib, Qorçatanın belinə tullanmaq, şax 
damarını qoparmaq istədi. Qorçatan kənara sıçradı, bu hücuma hazır olmadığından 
Vaşağın caynaqları onun sol çiynini yaraladı, al qanını tüklü bədəninə yaydı. 
Qorçatan bu cür hücumlara öyrəşmişdi, hərdən yurddan kənara çıxanda vəhşi 
heyvanlarla qarşılaşsa da, döyüşdən qalib çıxmışdı. Çünki təhlükənin haradan 
gələcəyini bilirdi. Amma buralar tamam başqa əraziydi, kimlərin harada 
yaşadığını, xasiyyətini bilmirdi.  
Həmləsinin uğurlu olmadığını görən vaşaq geri çəkildi, köpək dişlərini yad adama 
öz əsəblərilə birgə göstərdi, nəriltiyə bənzər səs çıxardı: 
- Sən kimsən, buralarda nə itin azıb?! 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
Söhbətin bu yerində məni gic gülmək tutdu.  
- Elə belə də dedi: «sənin burda nə itin azıb?» 
İmranbəy özünü o yerə qoymadı. 
 
- O zaman hamı bir-birini başa düşürdü. İndiki kimi yox e, indi hərə öz havasını 
çalır. O vaxtlar tamam başqa cürəydi. Canlılar bir-birilərini hərəkətlərindən, 
səslərindən, göz-qaşlarından başa düşürdülər. Bir də ki... obraza girirəm də! - 
acıqlandı. 
- Yaxşı-yaxşı, başa düşürəm, elə belə, səni cırnatmaq üçün dedim, əla danışırsan. 
Ekzellənt. 
İmranbəy davam elədi: 
- Vaşaq özgə torpaqlarının ilk keşikçisiydi, qorxulu deyildi, səkkiz yaşlı cökə 
ağacına bənzər Qorçatanın yarısı boydaydı, amma bu xırda çöl heyvanının hikkəsi 
çoxuydu. Vaşaq yenidən hücum elədi, Qorçatanın üstünə tullandı. Ərbilən oğlu bu 
hücumdan qorxub eləmədi, toppuzu fırlayıb, Vaşağın təpəsinə endirdi, bir göz 
qırpımında bu ağılsız və qəzəbli heyvanın beynini dağıtdı. Əlini meşə keşikçisinin 
sinəsinə atdı, dırnaqları ilə onun köksünü yardı, ürəyini çıxarıb, qanlı-qanlı dişinə 
çəkdi, ləzzətlə yedi, sonra heyvanın dərisini soyub çiyninə atdı ki, vaşaqkimiləri 
qorxularından ona yaxın düşməsin. Meşə keşikçisi zəbun olmuşdusa, başqalarını 
da o aqibət gözləyirdi.  
Qorçatan bilirdi ki, qarşıda onu daha böyük təhlükələr gözləyir, ağac ayıları, kol 
gərgədanları, mağara şirləri hələ qarşıdaydı və onlarla bir-bir gücünü sınamalı 
olacaq. Ehtiyatı əldən vermək olmazdı... 
İmranbəy səsini qəfil kəsdi və dinşəməyə başladı. Hardansa vertolyot səsi gəlirdi. 
O, cəld yerindən qalxdı və taxçadakı lampanı üfürüb keçirdi.  
- Helikopterlər! Onları bura göndərənlərin günü qara gəlsin! - dedi və şəhadət 
barmağını amerikansayağı göyə tuşladı, ingiliscə söydü. -Yenə də gəliblər. Məni 
rahat buraxmırlar ki! Əl çəkmirlər məndən! 
- Onlar nə istəiyrlər ki? 
- Nə istəyəcəklər, onu! - deyə pərdənin arxasına işarə elədi, - elə məni də. -Sonra 
başını göyə qovzadı, guya ki, göydə fırlanan vertolyotları görürdü, - bilirəm, sizin 
niyyətinizi! Amma onu görməyəcəksiniz! 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
- Bəlkə onlar kəşfiyyatçı vertolyotlardır? 
- Yox, kəşfiyyatçı olsaydılar, təkcə burda fırlanmazdılar ki.  
- Qoy, fırlansınlar da özləriçün, onsuz da bizi görmürlər... 
- Görürlər, yaxşı görürlər. Onlar bizim səhər nə yediyimizi də görürlər.  
- Bizi şüadan keçirirlər? 
- Özü də necə! 
- Adam ölər ki… 
- Yox, ölməz. Bunlar zərərsiz şüalardır. Eybi yox, bir azdan rədd olub gedəcəklər
sadəcə əmin olmaq istəyirdilər. 
- Nəyə? 
- Onlar elə bilirlər ki, Azıxantrop axıra kimi yaşamayacaq, neçə yaşında ölübsə, o 
zaman da dünyasını dəyişəcək və mən həqiqəti sona qədər bilməyəcəm. Ah, lənətə 
gəlmiş yankilər, amma bilmirlər ki, bu baş, - deyə başına tıqqıldatdı, -nəyə 
qadirdir... 
Vertolyotlar gəldikləri kimi də getdilər, səsləri tamam itib yox olandan sonra 
İmranbəy yorğun səslə dedi: 
-Ardını sabah danışaram. O, indi duracaq, - deyə arakəsmənin o üzünə işarə elədi, - 
həm də nəsə özümü pis hiss eləyirəm. Dünəndən dişim ağrıyır, dərmanım da 
yoxdu. Sabah mənə bir şpris, bir də ağrıkəsici iynə al... 
Mən getmək istəmirdim, əhvalatın maraqlı yerində söhbətin kəsilməsi planlarıma 
daxil deyildi, amma indi sahibi-mütləq İmranbəy idi. Mən də onun quluydum. 
Həvəssiz-həvəssiz ayağa durdum, arakəsməyə tərəf tərs-tərs baxdım, daxmadan 
çıxıb ev səmtə üz qoydum. Avtobus dayanacağına gəldim və ilk avtobusa oturdum. 
Böyrümdəki adam başını pəncərəyə söykəyib yatırdı. Üzünü tük basmışdı, spirt iyi 
ətrafdakıların düşüncəsini zorlayırdı. O, vəhşi adamlara oxşayırdı, palpaltarı elə 
kökdə idi ki, sanki indi mağaradan çıxmışdı. Onu görməmək üçün gözlərimi 
yumdum və İmranbəyin dediklərini təsəvvür eləməyə başladım. Qəfil yadıma 
düşdü ki, İmranbəy danışanda sözləri daha təkrarlamır, cüt-cüt demir. Bu çox 
yaxşıydı. Vaxta xeyli qənaət etmək olardı. Mən Azıxantropun aqibətini öyrənmək 
üçün zamanı yaxınlaşdırmağa hazır idim... 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə