The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
- Susss, - deyə şəhadət barmağını əvvəlcə öz dodaqlarına, sonra isə mənim ağzıma 
yapışdırdı, - çöldə kimsə var, hiss eliyirəm. Deyəsən, onlar duyuq düşüblər. Sən 
bura gəlməyini heç kimə deməmisən ki? - Başımı buladım. - Onlara demək lazım 
deyil, özləri bilirlər.  
- Küləkdir, - deyə yavaşca pıçıldadım. Onun ehtiyatlılığı mənə də sirayət eləmişdi. 
- Külək lap pis. Bizim qoxumuzu və pıçıltımızı götürüb onlara aparır. Ən böyük 
agent elə küləkdir. Onlar (yəni amerikalılar) hamının qoxusunu kodlaşdırıblar. 
Hardan istəsələr taparlar. Onlar ulduzlardan da xəbər tuturlar. Bayaq ulduzlar bizi 
gördü, hətta biri mənə göz də vurdu. 
- Ulduzlar uçmamışdan qabaq belə edir, - dedim. 
- Yox, bu onlardan deyildi. Agent ulduzuydu. 
«Bu zırramadır ki, hər şeydən şübhələnir» -ürəyimdə fikirləşdim. 
Bir müddət keçdi.  
- Getdilər, - İmranbəy dedi və dərindən nəfəs aldı, amma bir müddət dinməz 
qalmaqda davam elədi. Biz sükutdan səssiziydik. 
- Hə, belə-belə işlər, dostum, elə bilirsən, onları aldatmaq asandır? Bij-bijəngənin 
biridilər. Amerika qaçaq-quçaqların, atasını-anasını tanımayanların yığnağıdır. 
Mən də asan təslim olanlardan deyiləm.  
- Mənə elə gəlir ki, sən hadisələri şişirdirsən, heç kim səni izləmir, - dedim. 
- Bu sənə belə gəlir. Eh, sən yazıq nə bilirsən ki...  
Nə isə... Deməli, mənə lazım olan şeylərin hamısını tapdım. Embrionu daha böyük 
şüşə qaba yerləşdirdim. Üç aydan sonra qalpakın altına qoydum, üstünü bərk-bərk 
basırdım ki, eyni temperaturda qalsın, körpənin nəfəs alması üçün nəfəslik 
borusunu çölə çıxardım. On bir ayın tamamında istəyimə çatmışdım. Daha 
doğrusu, embrionun insana çevrilməsi prosesi on bir ay çəkdi. Qədim insanlarda bu 
cür olub, embrionun ana bətnində formalaşma prosesi bu qədər çəkir. O vaxt aylar 
və həftələr qısa olub: ay iyirmi bir gün, həftə beş gün. 
- Hmmm… 
- Körpəni süni ciftdən hazırlanmış vakuumda, ya da suyun içində həyata 
gətirməliydim. Vakuum aparatlarına yaxın düşə bilməzdim. Çünki eksperimenti 
gizli saxlayırdım. Axırda uşağı suda «doğuzdurmaq» qərarına gəldim və onu bir 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
həftəlik şüşə qalpakın içinə yerləşdirdim. Bir həftədən sonra onu çıxardım, ilıq 
suya saldım və xüsusi hazırlanmış otağa qoydum, - deyə o, Azıxantrop yatan otağa 
işarə elədi. - Sən indi pərdəni görürsən, ondan əvvəl isə o pərdəni şüşə əvəz edirdi. 
O, daim yatırdı. Sanki qış yuxusuna gedirdi. Üç ayında onda ətraf mühitə maraq 
yarandı və ağlamağa başladı. Mən onunla danışmağa, daha doğrusu, onu 
danışdırmağa cəhd edirdim. Çünki uşaqla nə qədər çox danışsan, dili o qədər tez 
açılar. Amma o, altı yaşına çatsa da danışmırdı, nəsə qırıldadırdı. Elə hey 
qırıldadırdı... Mən məcbur olub onun qulağına radio-aparat yerləşdirdim. Sutkada 
bir neçə saatlığa o radioya qulaq asırdı və yenə də yalnız hecalardan ibarət sözlər 
qırıldadırdı.  
Körpə olanda o, adi uşaqlara bənzəyirdi, böyüdükcə daha da kifirləşməyə, 
eybəcərləşməyə, neandertal insana oxşamağa başladı. Bu əsl Azıxantrop idi və 
kişiydi.  
- Kişiydi? - deyə təəccüblə soruşdum, - axı mütəxəssislər Azıxda tapılmış çənə 
sümüyünün qadına məxsusluğunu söyləyirlər... 
- Bu, tarixçilərin işidir, daha doğrusu, onların səhvidir. Mən gözümlə gördüyümü 
deyirəm. O, kişiydi, daha doğrusu, kişi cinsindəndir və zamanı gələndə sənə 
göstərəcəm. Kişi, özü də necə kişi! Sən demək istəyirsən ki, azərbaycanlıların 
əcdadı arvaddır? Yox, bizim əcdadımız kişidir, erkəkdir, qadınlar isə özümüzü 
təsdiq vasitəsidir.  
- Bəlkə indi göstərəsən o kişi, erkək əcdadımızı? - əsəbim və marağım hövsələmi 
üstələyirdi. 
O yenə də razılaşmadı:  
- Elə şeylər var ki, vaxtından tez görmək olmaz. 
- Rədd olsun, sənin bu təkəbbürün, sözünün mustafasını de! - deyə qışqırdım. 
Əziz oxucum, inan ki, mən bunu sənin xətrinə elədim, çünki hövsələnin daraldığını 
duyuram. Amma neyləmək olar, necə deyərlər, «könlü balıq istəyənin quyruğu 
suda olar». 
İmranbəy mənim bu hədəmdən özünü itirən kimi oldu, nəsə qırıldatdı. Onun 
tərəddüdündən istifadə elədim: 
-Don Kixot! Bəxtin gətirib ki, indi Bakıda yel dəyirmanları çoxdur. Nə qədər 
istiyirsən vuruş onlarla, öz Dulsineyanın xətrinə. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
- Gözəl Dulsineyanın, - deyə İmranbəy yumor hissini nümayiş etdirdi.  
Düzü, bu, mənim xoşuma gəldi, yumşaldım və dedim: 
- Sənin bu dediklərin nağıla oxşayır axı! 
- İndi nağıla oxşayır. Amma Amerika bir gün hamını zəlil gününə qoysa, gen 
yaddaşımızı zonbiləşdirsə və nəvələrimizin qanına yeritsə, gec olacaq. Siz heç nə 
bilmirsiniz! Bu dəhşətdir. Oh, may qad!!! Bilirsən, Amerika nəyə hazırlaşır? 
Hamımızın qanını içməyə! Bütün müsəlman dünyasını qanına qəltan elədi. İndi 
İranı hədələyir, sonra Türkiyəni vuracaq. Və sonra bizi…Amerika daha dəhşətli 
şeylər hazırlayır. Mən bunu sənə deməyə hazırlaşıram. Amma sən dözmürsən, 
hövsələn çatmırrrr!!! 
İmranbəy başını tutdu. Zarıldadı. Mənim ona yazığım gəldi.  
«Yox, bu həna o hənadan deyil» - deyə ürəyimdə fikirləşdim, «dəlidən doğru 
xəbər» - buna deyərlər. Doğrudan da dünyada baş verənlər qorxunc yuxulara 
bənzəyirdi. Onun başını sığalladım. 
- Bilirsən, hamı sənin kimi fikirləşə bilmir, - dedim, - sən fərqlisən. 
- Fərqliyəm, əlbəttə fərqliyəm, - deyə o, qızarmış gözlərini mənə zillədi, - bayaq 
dedim axı, mənim xüsusi missiyam var, sən ona inanmalısan. İnanmasan, heç nəyə 
nail olmayacağıq. Yazıq millət! Özünə inanmayan, güvənməyən, daim torpaqlarını 
gədə-güdəyə pay-püş edən xalq!!! Yaddaşsız, unutqan…  
Sözünün dalını gətirməyə macal tapmadı. Çünki çöldə çaqqal uladı. O diksindi. 
Key-key ətrafa baxdı, sonra gözlərini mənim donuq baxışlarımda gəzdirdi. 
- Getmək vaxtıdır, - dedim, - sabah davam edərik. 
- Sabah gəlməyəcəksən, elə? 
- Gələcəm, - dedim. 
- Onda qoy sənə onunla bağlı bəzi şeyləri də danışım. Bu, çox vacibdir, - dedi və 
mənim razılığımı gözləmədən davam elədi: - On üç yaşına çatanda, yəni iki il 
bundan əvvəl o, mənimlə danışmağa başladı. O danışırdı, nəsə izah edirdi, mən 
onu az da olsa başa düşürdüm. Və anladım ki, bu xüsusi bir dildir, yəni qədim 
adamların dilidir. Radio-aparatın ona heç bir təsiri olmamışdı, fikirlərini izah 
baxımından deyirəm, yalnız ara-sıra radiodan eşitdiklərini qırıq-qırıq, anlaşılmaz 
şəkildə deyirdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə