The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
33 
 
xəbər tuta və məni aradan götürə bilərdi. Tanıyırsan da onları... Dəli hara, iş hara? 
Dəlinin yeri xəstəxanadır, lap uzağı, qapısı bağlı evdir. İndinin özündə də səksəkəli 
yatıram, mənə elə gəlir ki, kimlərsə məni izləyir. 
İzi azdırmaq, həm də Azıxantropa yaxın olmaq üçün Tarix İnstitutuna işə 
düzəldim. Gecələr məni kim tanıyacaqdı ki… Bir neçə ay gözətçi işləyəndən sonra 
arxeologiya şöbəsində kimyəvi təmizləmə laboratoriyasına işə girdim, daha 
doğrusu, adım gözətçilikdə qaldı, özüm isə bu işlə məqşğul oldum, şöbə müdirinin 
razılığı ilə. Şöbə müdiri çoxdan məndən şübhələnmişdi, ürəyinə dammışdı ki, mən 
elə-belə adam deyiləm, bekar vaxtlarında mənim gözətçi komama baş çəkirdi. Evi 
yaxındaydı. Biz ordan-burdan söhbət eliyirdik, aranı dağa, dağı arana daşıyırdıq. 
Bir-birimizə isinişmişdik. O, daim kimya laboratoriyasından şikayətlənirdi. 
Deyirdi ki, bəzi arxeoloji qazıntılar rütubətə və saxlanma şəraitinə tab 
gətirməyərək xarab olur. Onu müntəzəm təmizləmək lazımdır.  
Azıxantropun alt çənə sümüyü xüsusi şöbədə, şüşənin altında saxlanılırdı. Onunla 
yanaşı daha bir neçə qiymətli arxeoloji tapıntı vardı. Bu, əsasən qədim və orta aşel 
dövrünə aid suxurlar, ayı, maral sümükləri və erkən dövrlə bağlı tapıntılar idi. 
Mezeolit və neolit dövrünə aid çapacaqlar, daşdan yonulmuş nizə ucluqları, daş 
toppuz və sair. Eh, o qədər zir-zibil var orda, çoxunun da adını səhv yazıblar. Alim 
deyillər e, aləmdilər... 
Məni yalnız Azıxantrop maraqlandırırdı. Gecələr növbə zamanı həmin şöbəyə 
gedir, səhərə kimi Azıxantropun alt çənə sümüyünə tamaşa edir, onunla virtual 
əlaqəyə girmək istəyirdim, amma alınmırdı. Çalışırdım, amma alınmırdı... 
Meditasiya kursları da köməyimə gəlmirdi. Hə, orada işləyərkən - başı ilə yuxarıya 
işarə elədi, yəqin ki, Amerikadakı laboratoriyanı nəzərdə tuturdu - iş 
yoldaşlarımdan biri qoca hindliydi, istənilən vəziyyətdə və şəraitdə meditasiyanın 
mümkünlüyünü mənə başa salmışdı, saatlarla kürslar keçmişdi. Hətta ayaqüstə 
yatan vaxtlarım da olub. Bir də görmüşəm ki, həyətimizdə, köhnə əncir ağacının 
dibindəyəm. Atam-anam da sağdır. Mən əncir ağacının dibində uzanmışam, 
qarşımda buğlanan çay var, əlimdə çoxlu hominid şəkilləri tutmuşam. Onlar dirilir, 
ağaca dırmaşır, biri göyə uçur. Nənəm də hardansa peyda olur, kəlmeyi-şəhadətini 
oxuyur, «dünyanın axırıdır» - deyir, məni uşaq kimi dalına atır, qaçmaq istəyir, 
birdən yerə yıxılır, başım əncir ağacının gövdəsinə dəyir. Ayılıram və görürəm ki, 
həmin qoca hindu alnıma şappıldadır ki, ayılım… 
İmranbəy söhbətinin şirin yerində gülür, sanki ölənlərinin hamısı dirilib gəlib və 
indi toyunda qol götürüb oynayırlar. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
34 
 
- Maraqlıdır, - deyirəm. Çalışıram ki, o, xatirələrindən ayılsın və söhbətinə davam 
eləsin. 
-Əlbəttə, maraqlıdır. Harda qalmışdım? - deyə soruşur. 
- Hindli səni şappıldadan yerdə. 
- Yox, ondan əvvəl nəsə danışırdım axı? -Bir anlığa fikirləşdi. - Hə, yadıma düşdü, 
sümüyə baxan yerdə. Mən o sümüyü oğurlaya bilərdim, amma bundan tez duyuq 
düşə bilərdilər. Həm də əldə edəcəyim məhlulun ölmüş hüceyrələri dirildib-
diriltməyəcəyini dəqiq bilmirdim. 
Mənə hormonoid lazımıydı. Dedeqonusu tapmışdım, daha doğrusu, onu özümlə 
Amerikadan gətirmişdim, amma cift mayesi yoxumuydu. Nə baxırsan? - deyə 
gözlərini üzümə zillədi, - təzədən evlənib, bəşəriyyətin sirrini arvadıma 
deməyəcəkdim ki? Belə işlərdə həkimlər kara gəlir. Mən onlarla çox işləmişəm: 
Amerikada da, burada da. Dillərini də yaxşı bilirəm. Uzağa getmədim. Yaşadığım 
evin yanındakı doğum evindən bir həkim tapdım, yaşlı qadın idi, cəmi 200 dollara 
mən istəyəni tapıb gətirdi. Yoxladım, tərkibi mən deyən idi, həkim aldatmamışdı. 
Müsəlmana ümid olmaq olar? Amerikalılar demiş, «etibar elə, amma şübhələn»... 
İşimi ehtiyatlı tutmuşdum və bir neçə ay əvvəl üçüncü azı dişimi çəkdirmişdim. 
Dişim öləndən sonra onu soyuducunun, bax, elə bu soyuducunun, - deyə küncdə 
qoyulmuş xırda və qədim «Morozka»nı göstərdi, - buzluğuna qoymuşdum. 
Soyuducunu da ordan - «Cındır bazarı»nı nəzərdə tuturdu,- almışam. Bilirdim ki, 
buz hüceyrələri uzun müddət ölməyə qoymur. Alt çənə sümüyü də uzun müddət 
buzlaqda qalmışdı, su çəkiləndən sonra isə rütubətli mağarada ömür sürmüşdü, lap 
sonralar onu tapmışdılar, cəmi 40-50 il bundan qabaq. Onun tarixini bilirsən, 
yəqin? 
- Onu kim bilmir ki...  
- Ay sağ ol. Mən də eyni yolu seçdim. Dişim soyuducuda bir ay qaldıqdan sonra 
onu çıxardım və döşəmənin sökülmüş yerindən torpağa basdırdım. Bir neçə həftə 
keçəndən sonra onu çıxardım, hermetik şüşəyə yerləşdirdim, axırda isə dişin 
hüceyrə toxumalarını oyub çıxardım və xüsusi məhlula qoydum. Elə işləmək 
lazımıydı ki, toxumalar zədələnməsin. Bir neçə gün keçdi, toxumada heç bir 
dəyişiklik olmadı. Ümidimi tamam itirmişdim. Şöbə müdirilə şərab vurmaqda 
davam edirdim, az qala depressiyaya düşəcəkdim. Həmkarım da elə bilirdi ki, 
kiməsə vurulmuşam. Mən də zarafata salırdım, məsələnin mahiyyətindən 
uzaqlaşdırmaq üçün ağlasığmaz sevgi macəraları quraşdırırdım. Üstündən iki 
həftəyə yaxın bir vaxt keçəndən sonra toxumanın qızardığını və canlandığını 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
35 
 
gördüm. Ölmüş hüceyrə dirilmişdi. Eşidirsən, dirilmişdi!? Özü də necə! Bir 
müddətdən sonra o böyüməyə və şüşəyə yerləşməməyə başladı, mən onu məhv 
elədim. Çünki həmin hüceyrə mənim dişimdən götürülmüşdü. Deməli, mənim 
klonlaşdırılmış surətim yarana bilərdi. Təsəvvür edirsən, balaca-balaca imranbəylər 
neft quyularının yanındakı çala-çuxurda ora-bura qaçışır, toyuq balaları kimi 
zibilliklərdə eşələnir, Azıxantrop da çaşır, hansını tutacağını bilmir. Halbuki ona 
mən lazımam, mən, - dedi, sinəsinə döydü və güldü, sonra söhbətinə davam elədi. -
Təbii ki, bu, mənə lazım deyildi. Əsas məsələ Azıxantropun çənə sümüyündəydi. 
Bəli, bəli, çənə sümüyündə... Nədənsə istəyimə çatacağıma, sağlam hüceyrə 
tapacağıma əmin idim.  
Bir gecə mən onu dəyişdim. Azıxantropa oxşar çənə sümüyünü Tarix İnstitutunun 
başqa bölməsindən oğurladım, əslində oğurlamağa da ehtiyac yox idi, çünki onlara 
nəzarət olunmurdu və gətirib əslilə dəyişdim. Bu, əlbəttə müvəqqətiydi. İşimi 
qurtarandan sonra onu yerinə qaytaracaqdım. Mən o qədər də qansız adam 
deyiləm, ürəyim yumşaqdı, razı olmaram ki, kimsə mənim güdazıma getsin. 
Həmin ərəfədə bizim evləri sökməyə başladılar. Mən Bakıda qeydiyyata 
düşməmişdim. Evin sənədləri də ölmüş əmimin adınaydı. Ona varisliyimi sübut 
edən sənəd yalnız mənə qalan və notariusda təsdiqlənən kağızıydı. Vur-tut saralmış 
bir vərəq... 
Bizim evləri alan iş adamı ilə uzun çənə-boğazdan, get-gəldən sonra o, mənə evin 
dəyərindən qat-qat aşağı pul verdi. Əclaf, çox xəsis adam idi. Amma o yazıq 
hardan biləydi ki, bir azərbaycanlı balası bəşəriyyətin doğuş nöqtəsini axtarır, 
paralanmış vətəni, şair xalqı, qaraqaş-qaragöz milləti naminə böyük kəşflərə baş 
vurub, hətta bu yolda canını da qurban verməyə hazırdır. O isə. O isə bir 
qəpiyindən belə keçmək istəmirdi.  
Nə isə... Bu pul eksperimentləri keçirmək üçün kifayət edərdi. Mən belə 
düşünürdüm. Nəinki düşünürdüm, hətta inanırdım da. Amma belə olmadı. Bəli, 
bəli, belə olmadı...  
Pulu alandan sonra bura köçdüm. Kimsəsiz bir binadır. Qonşularım siçovullar və 
çaqqallardır. Sonuncular gecələr mənə qonaq gəlirlər. Hərdən tülkülər da buralarda 
sülənir. O qədər çoxdular ki, sülək itlərin hamısını buradan qovublar... 
İmranbəyin söhbəti mənə cansıxıcı və uzun gəldi. Günəş çoxdan batmışdı. 
Zirzəminin bacasından düşən işıq yox olmuşdu. İçəri qaranlıq idi. Çölə çıxmaq 
olardı. 
- Çölə çıxaq, havam çatmır, - dedim. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə