Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 0,55 Mb.
səhifə1/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


1. “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ

Bakı şəhəri, 20 noyabr 2000-ci il


№ 207

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
20 noyabr 2000-ci il tarixli 207 nömrəli qərarı ilə
təsdiq edilmişdir



Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları


I hissə


Ümumi müddəalar1


1.1. Qaydaların tətbiq edilməsi
1.1.1. Bu Qaydalar «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası ərazisində dəmir yolu nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin tə’min edilməsi üzrə tələbləri müəyyən edir.
Yükgöndərənlər (yükalanlar), hüquqi və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, göndərənlər, alanlar, yükləyənlər, boşaldanlar və saxlayanlar), xidmət göstərən nəqliyyat-ekspedisiya müəssisələri bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativ sənədlərin tələblərinə əməl etməlidirlər.
1.1.2. Bu Qaydalarla nəzərdə tutulmayan hallar yarandıqda, təhlükəli yüklərin daşınmasında yüklərin ümumi daşınma Qaydalarının müvafiq bölmələri rəhbər tutulur.
1.1.3. Dəmir yolu-dəniz nəqliyyatı vasitəsilə təhlükəli yüklərin birbaşa, qarışıq daşınması bu Qaydalara və «Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları»na müvafiq surətdə həyata keçirilir.
Beynəlxalq yük nəqliyyatı haqqında Sazişin (BYNS) iştirakçısı olan ölkələrin dəmir yolları arasında təhlükəli yüklərin daşınması, Beynəlxalq dəmir yollarında təhlükəli yüklərin daşınmasının xüsusi şərtləri ilə, BYNS-in iştirakçısı olmayan dəmir yolu nəqliyyatı olan dövlətlər arasında isə təhlükəli yüklərin daşınması xüsusi sazişlərə müvafiq qaydada alınmış xüsusi razılıqların (lisenziyaların) şərtləri ilə tənzimlənir.2
1.1.4. Hüquqi və fiziki şəxslər (təhlükəli yükü daşıyanlar, göndərənlər, alanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar), nəqliyyat-ekspedisiya xidmətləri bu Qaydaların, Beynəlxalq və Respublika qanunvericilik aktlarının, normativ sənədlərin tələblərinə uyğun olaraq, təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsindən (Bundan sonra — Dövdağmədəntexnəzarət Komitəsi) xüsusi razılıq (lisenziya) aldıqdan sonra, dəmir yolu nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasına icazə verilir.3
1.1.5. Lisenziyası olmayan hüquqi və fiziki şəxslərə (təhlükəli yükləri daşıyanlara, göndərənlərə, qəbul edənlərə) təhlükəli yüklərin daşınması üçün vaqon ayrılmasına yol verilmir.4
1.1.6. Təhlükəli yükü daşıyanlar, yükgöndərənlər, yükalanlar, saxlayanlar və dəmir yolunun müvafiq idarəetmə xidmətləri bu Qaydaların yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə uyğun həyata keçirilir. 5
1.1.7. Hüquqi və fiziki şəxslər (yükgöndərənlər, yükalanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar) qanunvericiliklə müəyyən olunmuş qaydada, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq nəzarət müfəttişliyi və müvafiq icra hakimiyyəti orqanlarının tələbi ilə işlərin texniki təhlükəsizlik normativlərinə uyğun olaraq yerinə yetirilməsinə təminat verən tədbirlərin işlənilməsi və həyata keçirilməsi barədə «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməlidirlər.
1.1.8. Təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması, saxlanılması ilə məşğul olan hüquqi, fiziki şəxslərin və işçilərin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılması, təkmilləşdirilməsi, eləcə də onların attestasiyadan keçirilməsi dəmir yolunun yükdaşıma xidmətləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi qaydada təmin olunmalıdır.
1.1.9. Əsas yüklərin təsnifatı əsasında zəhərləyici, partlayıcı təsirə malik olan və xüsusi aktivliyi böhran vəziyyətində olan radioaktiv maddələrin və materialların, eləcə də digər yanğın təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə təlimatlar və şərtlər hüquqi şəxslər, dövlət və qeyri-dövlət orqanları tərəfindən hazırlanarsa və tətbiq edilərsə, onların sənədləri qabaqcadan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır.
1.1.10. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə məlumatın dərhal və təcili qaydada dəmir yolunun müvafiq idarəetmə orqanlarına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə çatdırılması zəruridir.
1.1.11. Respublikanın qanunvericiliyinə uyğun olaraq, hüquqi və fiziki şəxslər tərəfindən xaricdən radioaktiv tullantıların Azərbaycan Respublikasının ərazisinə dəmir yolu nəqliyyatı vasitəsilə gətirilməsinə yol verilmir.
1.1.12. Təhlükəli yüklərin dəmir yolu ilə təhlükəsiz daşınması üzrə qaydalar:
a) lokomotivlərin, vaqonların, sisternlərin hazırlanmasını, təmirini və istismarını, qatarların qəbulunu, yola salınmasını və tərtib edilməsini;
b) təhlükəli yüklərin daşınmaya hazırlanmasını;
c) təhlükəli yüklərin daşınması üçün qabların və qablaşdırmanın yararlılığını;
ç) magistral və sənaye dəmir yolu vasitəsilə daşınma gedişinin (prosesinin) təşkilini;
d) təhlükəli yüklərin təhlükəsiz daşınmasına nəzarətin təşkili üzrə ümumi tələbləri müəyyən edir.
Bu Qaydalar təhlükəli yüklərin daşınması zamanı insan həyatının və sağlamlığının mühafizəsinə, ətraf mühitin və maddi nemətlərin qorunmasına yönəldilib.
1.1.13. Yükgöndərənlər, yükalanlar, eləcə də təhlükəli yüklərin daşınmasında, onların qorunmasında və (və ya) müşayiətində iştirak edən magistral və sənaye dəmir yolu nəqliyyatı işçiləri, təhlükəli yüklərin daşınması, qatarların və konteynerlərin hazırlanması, texniki xidməti, təmiri, eləcə də nəqliyyat ekspedisiya xidməti ilə məşğul olan bütün müəssisə və təşkilatlar bu Qaydaları əldə rəhbər tutmalıdırlar.
1.1.14. Bu Qaydalar təhlükəli yükləri istifadə, istehsal, emal, məhv edən və ya saxlayan müəssisə və obyektlərin ərazidaxili texnoloji daşınmalarına və Dövlət səviyyəsində qərara alınmış xüsusi daşınmalara şamil olunmur.
1.1.15. Təhlükəli yüklərin magistral və müəssisədaxili dəmir yolu vasitəsi ilə daşınmasının, onların daşınması üçün vaqonların və konteynerlərin hazırlanmasının, təmirinin və istismarının təşkili bu Qaydalara müvafiq qaydada, eləcə də təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuş və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış normativ-texniki sənədlərə uyğun olaraq həyata keçirilir.
Təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə təsdiq olunmuş normativ-texniki sənədlərdə dəyişikliklər və əlavələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır.
1.1.16. 50°S temperaturda, yaxud 0,07 Mpa (0,7 kqs/sm2)-dən yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan təhlükəli yüklər üçün istifadə edilən vaqon-sisternlərin, qazanların və xüsusi konteynerlər «Təzyiq altında işləyən tutumların təhlükəsiz istismar Qaydaları»nın tələblərinə cavab verməlidir.
1.1.17. Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qazların daşınması bu Qaydaların, yüklərin ümumi daşınma Qaydalarının, eləcə də sisternlərin istismarı zamanı boşaltma və doldurma işlərinin təhlükəsiz aparılmasına və bu sinifdən olan konkret yüklərin daşınmasına aid olan normativ-texniki sənədlərin tələblərinə uyğun yerinə yetirilməlidir.
1.1.18. Qatarların hərəkətinin təşkili və hərəkət qurğularının, maşın və mexanizmlərin lazımi qaydada saxlanılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş qayda və təlimatların tələblərinə cavab verməlidir.
1.1.19. Təhlükəli yüklərin doldurulma qaydaları, onların daşınması üçün hərəkət vasitələrinin seçilməsi, texniki və kommersiya cəhətdən bu məqsədlər üçün yararlılığının müəyyən edilməsi və vaqonlarda yüklərin bərkidilməsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi, təhlükəli yüklərin daşınma Qaydalarının və həmin sahələrə aid olan digər normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır.
1.1.20. Təhlükəli yük daşıyan hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və ya icarəyə götürülmüş ixtisaslaşdırılmış vaqonların magistral dəmir yollarında işlənməsinə icazə verilməsi üçün onların qeydiyyata alınması Beynəlxalq tələblərə uyğun olaraq təsdiqlənmiş qaydalar əsasında aparılır.
1.1.21. Təhlükəli yüklərin daşınması üçün yeni növ vaqon və konteynerlərin xaricdən alınmasına və yaxud respublika ərazisindən tranzit keçməsinə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, onların texniki vəziyyətinə dair şəhadətnamə əsasında (9 nömrəli əlavə) Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırdıqdan sonra icazə verilir.
1.1.22. Vaqon və konteynerlərin sahibi olan müəssisələr, hüdudi şəxslər vaqon sisternlərin qazanlarının işçi və konstruksiya quruluşlarının təmirinin və texniki müayinəsinin aparılmasına dair vaqon sisternlərin qazanlarında növbəti texniki müayinənin aparılması tarixini qeyd etməlidirlər.
II sinif təhlükəli yükləri daşıyan vaqon-sisternlərin qazanlarında növbəti texniki-müayinəni aparan müəssisənin Dövlət orqanı tərəfindən verilən şərti nömrəsi, növbəti daxili baxış və hidravlik sınaq aparılması müddəti göstərilməlidir.
1.1.23. Bu Qaydaların mətnində istifadə olunan ixtisarlar, əsas terminlər və qısaldılmış ifadələr 1a nömrəli əlavədə verilmişdir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə