Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə245/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

759

tutub yanırdı sanki. Əlimərdan bəy Pərisoltanla evləndiyi vaxtdan 

ilk dəfə idi, Həsən bəyin – bu müdrik insanın da nə zamansa öləcəyi 

fikrini  yaxınına  buraxdı,  özündən  asılı  olmayaraq  göz  yaşlarını 

saxlaya bilmədi:

– Ustadlar ustadı, ustadım, atam, salamat qal! Uşaqları sizə, 

sizi də Allaha əmanət edirəm. Sağlıqla qalın!

– Sağ ol, oğul! Yolun açıq olsun! Gözün qətiyyən arxada qal-

masın. Hələ ki sağam, uşaqlardan nigaran olma! Amma gördüyün 

işlər haqqında xahiş edirəm mənə tez-tez yaz. 

Martın  sonu  Əlimərdan  bəydən  həm  Həsən  bəyə,  həm  də 

Pərisoltan  xanıma  məktub  gəldi.  Həsən  bəyə  gələn  məktubda  o 

hal-əhvaldan  sonra  bir  az  işlərindən  bəhs  edir,  inşallah,  tezliklə 

geri qayıdacağını yazırdı. 

Həsən bəy məktubunu oxuyandan sonra qızından:

–  Hə… Pərilər soltanı, nə yazır Mərdan bəy?

– Çox şey yazır, təkсə nə vaxt qayıtmaqdan başqa. 

– Darıxma, qızım. Əlimərdan iş başındadır, vəzifə sahibidir. 

O  bu  günümüzdə  millətin  qayğılarından  yaxasını  kənara  çəksə, 

vallah, mən səni yaxşı tanıyıram, ondan boşanarsan.

– Demək olar, o, III Rusiya Müsəlmanlarının qurultayından 

sonra bir neçə gün fasiləni nəzərə almasaq, evdə olmayıb. Mən hər 

şeyi anlayıram, amma uşaqları atasız tərbiyə etmək bir az çətindir. 

Ələkbər  böyük  oğlandır,  siniflərində  hər  millətin  nümayəndələri 

oxuyur. Məktəbə hər evdən bir xarakterdə uşaq gəlir. Qorxuram, 

onsuz uşaqlar başqa təsir altına düşsün. 

Həsən bəy:

  –  Darıxma,  heç  zaman  unutma  ki,  Ələkbər  bivec  uşaq  ola 

bilməz. O, Əlimərdanın, sənin oğlundur. Midhətin cılğın vaxtlarını 

unutmusan? Elə hey deyirdi ki, bu Zərdabda nə görmüsünüz, köçək 

Bakıya. İndi tətilə gələndə dizimizin dibindən uzağa getmir. 

Həsən bəy Əlimərdan Bakıda olmayanda Pərisoltana maddi 

və  mənəvi    kömək  etməyə  çalışırdı. Amma  səhhətində  yaranan 

nara hatlıq  son  zamanlar  buna  imkan  vermirdi.  Onun  sağlamlıq 

problemi  getdikcə  ciddiləşməkdə  idi.  Hənifə  xanım  hər  zaman 

nəsə olacağından qorxurmuş kimi, saatlarla onun yanından uzağa 

getmir, söhbətə tutaraq darıxmağa qoymurdu.



760

Bu gün günorta Əli bəy Hüseynzadə Həsən bəyə baş çəkməyə 

gəlmişdi. Çox səmimi görüşdülər. Həsən bəy onun gəlişinə həmişə 

sevinirdi, çünki yaxşı həmsöhbət idi Əli bəy. Bu gün də iki saata 

yaxın  şirin-şirin  söhbət  apardılar.  Həsən  bəy  son  vaxtlar  Əli 

bəyin qəzetlərdə dərc olunan məqalələrini həvəslə oxuyur, onun 

fikirlərini çox bəyənirdi. 

Həsən bəy xəstəliyi ilə bağlı son günlərdə ən maraqlı söhbətdən 

belə tez yorulurdu. Əli bəyin onunla iki saata qədər çox maraqlı 

söhbət aparması da indi onu yordu. Hiss olunurdu ki, Həsən bəy bu 

söhbətdən xüsusi həzz alsa da, söhbəti davam etdirməkdə çətinlik 

çəkir. Əli bəy başını yuxarı qaldırıb Həsən bəyin üzünə baxınca, 

çox narahat oldu, özündən asılı olmayaraq əvvəlcə bərkdən içini 

arıtladı, sonrasa qeyri-ixtiyari Hənifə xanımı səslədi. 

Hənifə xanımı qapıda görüncə Həsən bəy Əli bəydən sakitcə 

soruşdu:


– Midhət gəlib çıxmadı?

Əli  bəy  təəccübünü  gizlədə  bilmədi,  üzünü  Hənifə  xanıma 

tutaraq yavaşcadan:

– Tətilə hələ çox var. 

Həsən  bəy  qəfil  yuxudan  ayılıbmış  kimi,  özünü  toparladı, 

bayaq  nə  soruşduğunun  fərqinə  vararaq,  bu  dəfə  üzünü  Hənifə 

xanıma tutaraq bir qədər hirslə:

– Yox ey, Əlimərdanı deyirəm də.

Əli bəy:

– Həsən bəy, Əlimərdanın işi çoxdur. O, hələ gec qayıdar. Biz 

burdayıq, nə lazımsa, söyləyin. 

Əli  bəy  doktor  idi  və  bənizi  getdikcə  solan,  sifəti  avazıyan 

Həsən bəyin fiziki durumundan ciddi narahat olmağa başladı.  Tez 

əlini Həsən bəyə uzadıb onun nəbzini yoxlamaq istədi.

 Həsən bəy qəti etiraz edirmiş kimi, özünü bir qədər toparlayıb 

Hənifə xanıma çay gətirməyi tapşırdı. Bir bardaq çay içəndən sonra 

Həsən bəyin halı xeyli yaxşılaşdı:

– Sənin gəlişin kefimi durultdu, ey “Rəsulu-həqq,” – deyərək 

yarızarafat, yarıgerçək dilləndi.

 Əli bəy bir az da oturub Həsən bəydən izin aldı və “Kaspi” 

qəzeti redaksiyasına getdi. 



761

* * *


Soyuq  noyabr  ayının  qəribə  vahiməsi  Hənifə  xanımı  son 

günlər tərk etmirdi ki, etmirdi. Həsən bəy yuxuya gedən kimi o, 

başqa otağa keçərək, Allaha dua edirdi. Hənifə xanım özü-özünü 

belə anlarda tanıya bilmirdi. 

Hənifə  xanıma  həmişə  elə  gəlirdi,  Seyid  Yəhya  Əfəndinin 

türbəsində Allaha onun dualarını tez eşidir. Odur ki, Həsən bəylə 

bağlı dualarının daha tez eşidilməsi üçün o məhz bu ümid yerinə 

üz tutmalı, dualarını bu məkanda etməlidir. 

Hənifə xanım həmişəki kimi bu dəfə də sanki nədənsə çəki-

nir miştək arxasına baxa-baxa türbəyə daxil oldu. Türbənin kiçik 

və yarıqaranlıq ziyarətgahına daxil olan kimi bir anlığa dayandı, 

əlini üzünə apararaq salavat çevirdi. Sonra Seyid Yəhya Bakuvinin 

qəbrinin ətrafına dolanaraq pıçıltı ilə dua etməyə başladı: “Allahım, 

mən yenə sənə gəldim, özü də ağır bir dərd ilə,” – söylədi. O daha 

bundan artıq heç nə deyə bilmədi, hönkürərək: “Təklərin, qəriblərin, 

külli-kainatın yiyəsi Allahım, Həsənin şəfasını ver və ömrünü bir 

qədər  də  uzat.  Bizi  bir  kimsəyə  möhtac  etmə.  Sənə  yalvarıram, 

Həsənimə  lütf  elə.  O  sənə  və  insanlara  aşiqliyini  gizlicə  içində 

yaşadan,  gecə-gündüz  şam  kimi  el  üçün  əriyən,  vətənin,  xalqın 

dərdini çəkən bu saleh bəndənə yaşamaq üçün bir az da möhlət 

ver. Canı canla dəyişmək olarsa, ömrü ən sevdiyin insana hədiyyə 

vermək mümkündürsə, mənim canımı al onun yerinə”.

Türbənin  kiçik  pəncərəsindən  içəri  düşən  xəfif  işıq  Hənifə 

xanımın göyə açılmış əllərinin içində ağ kəpənək kimi görünürdü...

Sonra  Hənifə  xanım  diziüstə  çökdüyü  qəbrin  qarşısından 

ayağa qalxdı, bir qədər ciddi görkəm alaraq ətrafına baxdı, özündən 

başqa kimsəni görməyincə, elə bil bir qədər arxayınlaşdı. Şalının 

ucu ilə göz yaşını sildi, qamətini düzəldərək dedi: “Allahım, bütün 

dərdlərə çarə qılmaq kəramətinə söykənərək sənə pənah gətirdim, 

baş verənlərə sonsuz şükürlərimi bildirərək səndən çarə dilədim. 

İnşallah, diləyimin muradını verərsən”.

Hənifə  xanım  evə  dönəndə  Həsən  bəyin  vəziyyəti  yenə  də 

keçən üç gündən bəri olduğu kimi qeyri-sabit və qarışıq idi. Bir 

neçə gün idi, onun nitqi yaxşı başa düşülmürdü, fikrini çətinliklə, 




762

anlaşıqsız formada ifadə edirdi. Noyabr ayının 20-dən sözləri çox 

anlaşıqsız ifadə etdiyi üçün bəzən fikrini qələmlə yazaraq Hənifə 

xanıma çatdırırdı. Elə tez-tez Midhəti soruşurdu. 

Səffət və Pərisoltan onun ayaqlarının yanında qısılıb otur muş-

dular.  Bütün  çətinliklərə  baxmayaraq,  onlar  atalarının  yatağının 

yanından heç yerə getmirdilər. Qəribsoltan, Pərisoltanın qızı Sara, 

Sevər  həmişə  deyib-gülən,  onları  güldürən  Həsən  bəyin  xəstə 

sifətinə baxa-baxa solub-saralırdılar. 

Həsən  bəy  həmin  gecə  səhərə  qədər  yenə  inildədi.  Bu  gün 

qızdırması  olmasa  da,  elə  bil  içindən  alışıb-yanırdı.  Qəribədir, 

gündüz çox çətinliklə və anlaşıqsız danışan Həsən bəy yuxuda çox 

aydın nitqlə elə hey: “Hənifə, bax o işığa, o, mənim çırağımdır, 

gedirəm onu evimizə gətirəm,” – söyləyirdi. İllərlə onunla yaşayan 

və çətin məqamlarda onu müşayiət edən yuxunu yenə görürdü. Yenə 

o,  itmiş  yolunun  başlanğıcını  tapa  bilmirdi.  Qarşısındakı  tez-tez 

ayrılan yolların rəngi də dəyişmişdi elə bil. Yolun getdikcə daralan, 

əl boyda görünən yerindən keçə bildi bu dəfə. Yenə uzaqdan suyun 

üstü ilə uzanan yol, közərən şam, bərq vuran ulduzlar, yol göstərən 

çıraqlar  suyun  üstündəki  ağ  buludların  içindən  göylərə  uzanan 

meyvə ağacları küləyin gücü ilə yırğalanırdı. Qəribədir, bu ağaclar 

torpaq əvəzinə, buludların üzərində necə bitib? Həsən bəyin sanki 

yenə 14-15 yaşı varmış kimi çevik hərəkətlə keçilməz su səthini 

adlamağa çalışır, bu yerdən keçərək həmin qəribə məkana can atır. 

Buludlu,  sulu,  dənizli  bu  məkanın  alma  ağaclarını  yağışla 

sulayan hündürboy, ağ əbalı adamın kim olması ilə maraqlanırdı: 

– Ehey, suçu, kimsən sən? 

Adam gülərək ona əl edir və bir-iki addım da ona yaxınlaşır. 

Tanıdı onu, bu ki atası Səlim bəydir. 

– Ata.


– Can ata.

Bura nə qəribə bağdır. Kimindir? Almaları narıncı, bənövşəyi, 

çəhrayı, yaşıl, ağ, hər rəngdə… Sən necə düşmüsən bura?

– Bura bizim bağımızdır. Bu qəribə dediyin meyvə ağaclarını 

da sənin üçün əkmişəm. Bax, o şam, uzaqda közərən yer də evi miz-

dir. Bizim hamımızın evi ordadır. Otur dincini al, gedək evimizə…

– Mən bilmirdim belə gözəl bağımız, meyvələrimiz, evimiz var. 



763

– Bundan sonra bunlar həm də sənindir, gəl, yaxınlaş. 

 Buradakı almaların budağına qəribə quşlar, kəpənəklər qon-

muşdu.  Bulud  geyimli  insanlar,  qadına  bənzəyən  yarpaq  saçlı 

ağaclar... Həsən bəy ilk dəfə idi, belə mənzərə görürdü. Əslində, 

o, evlərinə getmək üçün kəsə yolla gəzə-gəzə gəlib bura çıxmışdı.

– Həsən, bax, sənin evin o çıraq yanan göy binadır. Buradakı 

ən gözəl ev sənindir. Elə adam var ki, burada nə evi var, nə də 

çırağı. Elə küçədə qalır. Amma sənin gör nə qədər yanan çıraqların, 

şamların var, evin də ki, hamınınkından geniş. 

– Doğrudur, ata! Bu bulud pərdələrdən keçim, o biri tərəflərə 

də  baxım,  bir  azdan  qayıdacam.  Qoy  o  qaranlığı  da  keçim,  az 

qaldı, birlikdə evimizə gedək, gözlə məni. Gözlə, gəlirəm! Bax, o 

gur yanan işığın yanında gözlə məni, gələcəm.

Həsən bəy səhər üzü qan-tər içində yuxudan oyandı. O həm 

də çox kövrəlmişdi. Yuxudan qalxan kimi dərhal ətrafa boylandı, 

yataqda  bayaqdan  oyanaraq  bulud  kimi  dolmuş  gözləri  ilə  onu 

seyr  edən  Hənifə  xanımı  gördü.  Bir  kəlmə  də  danışmadan  əlini 

üstündəki örtüyə sürtərək yanındakı qələm və kağızı tapdı, hərf-

hərf ora nəsə yazaraq Hənifə xanıma uzatdı: “Hənifə, mən gedirəm. 

Qovluqda  vəsiyyətnamə  var,  onu  oxuyun,  yazdığım  kimi  edin. 

Mənə ehsan verməyin. Yasa çəkiləcək xərcləri kimsəsiz uşaqların 

təhsil haqqına ödəyin”.

Hənifə xanım bir xeyli vaxt idi, onun səsinə yuxudan oyan-

mışdı və yataqda oturaraq xısın-xısın ağlayırdı. 

Həsən  bəy  bir  daha  sevimli  xanımının  dolmuş  gözlərinə 

heyranlıqla baxaraq qəribə bir tərzdə gülümsündü. Sonra Hənifədən 

su istədi. Suya ağzını da vurmadan yarısəs, yarıişarə ilə Midhətin 

nə  zaman  qayıdacağını  soruşdu.  Bir-iki  dəqiqə  sonra  Səffəti  və 

Ələkbəri soruşdu. Təkrar bir dəfə də Əlimərdan bəyin nə zaman 

gələcəyini xəbər aldı. Yatmaq istədiyini, amma yata bilmədiyini, 

vəziyyətinin heç vaxt bu qədər yaxşı olmadığını birtəhər çatdırdı. 

Hənifə  xanım  onun  əlini  əlinə  aldı,  gülümsəyərək  gözünü 

yumdu, sanki son dəfə dərindən nəfəs alırmış kimi bütün nəfəsini 

içinə çəkdi və bir daha geri qaytarmadı həmin nəfəsi.

 Bu an Hənifə xanımın ətürpədən hönkürtüsü evi başına aldı. 

Həsən bəy gözlərini artıq əbədi yummuşdu. 



764

Qızları,  nəvələri  Hənifə  xanımın  səsinə  yuxudan  oyanaraq 

onların yatdığı otağa qaçdılar. Hönkürtü hönkürtüyə qarışdı. 

Bir az sonra əvvəl qonşular, sonra dostlar – Hacı Zeynalabdin, 

Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəcəf bəy Vəzirov və 

başqaları Həsən bəyin ölüm xəbərini eşidərək gəlmişdilər. 

Şəhərdə hamı bu müdrik insanın ölümündən danışırdı. 

“Heyif səndən,  Həsən  bəy! O,  əsl  millət atasıydı. Bu  adam 

özü, ailəsi üçün deyil, xalq üçün doğulmuşdu”, “Sağlığında rəhmət 

qazanan müdriklərdən idi” və s. kimi sözlər həmin gün Bakının 

bütün ictimai yerlərində tez-tez eşidilirdi. 

Həsən  bəyin  vəfat  etməsi  xəbərini  Əlimərdan  bəy  noyabrın 

29-da aldı. 

Həmin  gün  III  Dövlət  Dumasının  üzvləri,  bütün  müsəlman 

fraksiyası  üzvləri,  paytaxtın  müxtəlif  cəmiyyətləri  dəstə-dəstə 

Həsən bəyin dəfn mərasiminə axışırdılar. 

Bakı ilə yanaşı Peterburqun, Kazanın və başqa Rusiya şəhər-

lərinin  müsəlman  xeyriyyə  cəmiyyətləri  də  Həsən  bəyin  anım 

mərasimini keçirdilər. Peterburq məscidinin axundu Lütfi İshaqov 

Əlimərdan bəyə başsağlığı teleqramı göndərmişdi. 

Həsən  bəy  tək  Azərbaycanda  deyil,  bütün  müsəlmanların, 

türkdilli  xalqların,  elə  Rusiyanın  mütərəqqi  fikirli  ziyalılarının 

ürəyində də əbədiyyətə çevrilməkdə idi. 

Bakıda Həsən bəyin dəfn olunduğu gün dükançılar özlərinin 

ətrafdakı bütün dükan-bazarlarını bağlamışdılar. Bütün şəhər kədər 

və hüzn içində idi. Həsən bəy Bakı əhlinə və bütün millətinə kim 

olduğunu sanki bu gün – ölümü ilə sübut etmişdi. “El atası” deyə 

müraciət  etdikləri  Həsən  bəyin  yoxluğunun  ağrı-acısını  və  ağır 

kədərini insanlar sanki bu gün anlamışdılar. 

Qasım  bəy  məscidinin  həyətindən  başlanan  mətəm  mərasi-

mi nə saysız-hesabsız adam gəlmişdi. Bakıda yaşayan bütün mil-

lət lərin  –  rus,  yəhudi,  gürcü  və  b.  nümayəndələri,  müxtəlif  dini 

ic maların  rəhbərləri  mərhumla  vidalaşmağa  gəlmişdilər.  Duma 

üzvləri  də  bir  nəfər  kimi  matəm  mərasimində  iştirak  edirdilər. 

İnsan axını çoxaldıqca çoxalırdı. Təəccüblə bir-birinə: “İlahi, bu nə 

izdihamdır belə! Demək ki, Bakıda bu qədər insan yaşayırmış?!” 

– söyləyirdi hamı.



765

İlk  dəfə  belə  möhtəşəm  izdiham  qarşısında  özünün  öhdə-

lik lərini  və  yükünü  dərk  edən  Midhət,  birdən-birə  böyümüşdü 

san ki.  Sən  demə,  ataların,  anaların  dünyasını  dəyişdiyi  gün, 

həm  də  övladların  uşaqlığı  bitirmiş.  Pərisoltan  və  Qəribsoltan 

özlərini unudaraq ağlamaqdan əldən düşmüş analarını ovutmağa 

çalışırdılar. Hənifə xanım nə qədər başını dik tutub Həsən bəyin 

məclisini  təmkinlə  idarə  etməyə  çalışsa  da,  qəlpə-qəlpə  içindən 

sökülüb dağılırdı. Ən çox ağı söyləyib səslə ağlayansa Həsən bəyin 

bacısı Şirin xanım idi. 

Bir  azdan  matəm  nitqini  söyləyəcək  Əhməd  bəy Ağayevin 

izdihama ünvanladığı qəmli, qəmli olduğu qədər də səfərbəredici 

ötkəm müraciəti meydanı bürüyən qulaqbatırıcı səsi sakitləşdirdi. 

Sonra  Əhməd  bəy  çıxışına  başladı.  Həsən  bəyin  həyatından,  bu 

həyatın indiki və gələcək nəsillərə örnək olası xüsusiyyətlərindən, 

onun cəsarətli və gərəkli fəaliyyətindən, “Əkinçi”nin xalq yolunda 

yaşadığı  əzablı  günlərdən  və  Azərbaycan  xalqının  bugünkü 

həyatındakı faydalarından danışdı. 

Çıxış  edən  digər  natiqlər  də  Həsən  bəyin Azərbaycan  xalqı 

və  bütövlükdə  insanlıq  qarşısındakı  xidmətlərindən  yanğı  ilə 

danışdılar, mərhuma rəhmətlər dilədilər.

“Nicat” cəmiyyəti adından cəmiyyətin rəhbəri Məmmədəmin 

Rəsulzadə danışdı. O qeyd etdi ki, camaatı ayıltmaq, onun dərra-

kə sini inkişaf etdirmək üçün nə lazımdır? Maarif, maarif, maarif! 

Ancaq maariflə, elmlə, biliklə camaat özünün kim olduğunu və nə 

edə biləcəyini qana bilər. “İştə, bu yolda təziyəsinə yığışdığımız 

bu mərhum işləyib ömrünü keçirmişdi. İştə bu qoca ədib də haman 

cəmaətin  hər  dərdinə  dərman  olan  irfan  toxumlarını  səpmişdir. 

Allah rəhmət etsin!”

Sonra Qarabəy Qarabəyov,

185

 Haşım bəy Vəzirov,



186

 Firudin 

bəy Köçərli, Abdulla Şaiq, Əli bəy Hüseynzadə çıxış etdi. Nitqlər 

çox təsirli idi. 

185

  Qarabəyov  Qarabəy  (1874-1953)  –  həkim,  iсtimai  xadim,  Azərbaycan 

Demokratik Respublikası parlamentinin üzvü

186

  Vəzirov  Mir  Haşım  bəy  Mir  İman  bəy  oğlu  (Haşım  bəy  Vəzirov)  – 

müəllim, publisist, tərcüməçi




766

Əli  bəy  Hüseynzadənin  çıxışı  xüsusi  təsirli  idi:  “Mərhum 

Həsən bəyin gördüyü işlər barəsində, millət yolunda çəkdiyi zəh-

mət lər  xüsusunda  məlumat  verildi.  Mən  bunu  demək  istiyorum, 

keçmişdə  aləmi-islam  bir  qaranlıq  içində  qaldığı  zaman  bu 

adam  əlinə  məşəl  alıb  qaranlığı  işıqlandırmağa  çalışıyordu,  o 

mə şəl  nə  idi?  Əvvəlinci  mətbu  kəlam  idi.  Həsən  bəy  əvvəlinci 

şəxsdir ki, Qafqaz, bəlkə, Rusiya, demək olar ki, bütün dünyada 

müsəlmanlar  içində  əvvəlinci  türk  müsəlman  qəzetəsi  nəşr 

etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı 

vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı 

açmışdır.  Həsən  bəyin  belə  xidmətləri  olmuşdur.  Milli  mahnılar 

məcmuəsi  belə  hazırlamışdır  ki,  o  yol  ilə  cəmaətimiz  arasında 

ehsasi-milliyəni oyatsın və təbi-şairlə, iğaz etsin. Xülasə, Həsən 

bəyin xidmətı çoxdur. Bu barədə danışıldı. İndi keçəlim bu zatın 

gördükləri  xidmətlər  əvəzində,  bizim  göstərdiyimiz  mükafata. 

İştə  nə  görüyoruz?  Burada  şairi-əzəm  Firdovsinin  vəfatında 

edilən hərəkəti müşahidə ediyoruz. O böyük şair, o ədibi-ziqiymət 

sağlığında çoxlu məşəqqətlər çəkdi, fəlakətlə ruzigar apardı. Axır 

zamanlar  isə  onun  həmərəsi  olan  Sultan  Mahmud  onun  qədrini, 

hörmətini düşündü. Bir karvan cəvahirat cəmləyib ona yadigar və 

bəxşiş göndərməli oldu. Cəvahirat karvanı Tus şəhərinin məşriq 

qapısından daxil olanda, Firdovsi əleyhirrəhmənin cənazəsi şəhərin 

məğrib qapısından çıxıyordu. İştə Həsən bəy də meydani-mühib 

həyatın məğrib qapısından çıxır. Əcaba, məşriqdən gələn nədir? Bu 

məşriqdən gələn cəvahirat karvanı deyildir, ziyayi-mədəniyyətdir 

gəlir.  İştə  Həsən  bəyin  qəlbpərvərdəsi  olan  mədəniyyət  ziyası 

bizim həyatımıza budur daxil oluyor!”

Əli bəy çıxışını kifayət qədər kövrək notlarla bitirdi, ətrafdakı 

insanları əməlli-başlı kövrəltdi. 

İçəridən  –  Həsən  bəyin  əbədiyyətə  yola  salındığı  məscidin 

qadınlar  toplaşan  salonundan  mərhumun  əzizlərinin  –  yaşlı  və 

gənc qadınların ürək parçalayan ağlaşma səsləri gəlirdi:



767

Mən aşiqəm çəkilə, 

Çəkil yerə tökülə,

Qiyamət o gün olar, 

İzin bizdən çəkilə.

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.

Kimsə  Həsən  bəyin  tabutu  üzərində  ciyər  dağlayıcı  ağı 

söy ləyən  bacısı  Şirin  xanımı  sakitləşdirərək  məsciddən  bayıra 

çıxarmağa cəhd edirdi. Başqa bir xanımsa etiraz edərək: “Onlara 

toxunmayın, qoy ürəklərini boşaltsınlar,” – söyləyirdi.

Sonra Həsən bəyin nəşi yerdən qaldırıldı, meydandakı insan 

seliylə birlikdə Bibiheybət qəbiristanlığına doğru hərəkət başladı. 

Son mənzilə yola salınan Həsən bəyin cənazəsini də, ömrü boyu 

öz  qəlbində  ağırlığını  daşıdığı,  dərdini  çəkdiyi  insan  selini  də 

sanki bir işıq, nur topası müşayiət edirdi. İnsanlar başları üzərində 

onları müşayiət edən bu işıq topasına heyranlıqla baxırdılar. Həsən 

bəyin  övliya  ruhu  zühur  edərək,  işıq  şəklində,  nura  çevrilərək 

minilliklərə  doğru  irəliləmişdi  və  insanların  çiynində  daşınan 

cismani cənazədən xeyli irəlidə gedirdi.

Cənazə  karvanı  Bibiheybətə  çatdı,  insan  seli  yavaş-yavaş 

dayandı. Lakin Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi 

bürüyən övliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın 

son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən 

nur  yolu,  işıq  seli  heç  vaxt  bitməyəcək,  sona  çatmayacaq  kimi 

millətin önünə düşərək gələcəyə doğru gedirdi. Xalqını, millətini 

daim müşayiət edəcək bu yolun yol yoldaşının cismini isə indicə 

Bibiheybətdə torpağa əmanət edəcəkdilər...




Sona Vəliyeva 

İşığa gedən yol 

Mətbəənin direktoru:     Elman Qasımov

Dizayner:                         Mətanət Əliqızı

Korrektor:                      Lətafət Səmədova

   

 

            Elnaz Eyvazlı

Çapa imzalanmışdır: 25.05.2016. Formatı 60x90 1/16 

Həcmi 48 ç.v. Sifariş № 14. Tiraj 1000

 “Zərdabi LTD” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi

Tel: (012) 514-73-73, mob: (050; 070) 344 76 01

e-poçtu: zerdabi_em@mail.ru



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə