Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

musiqi harmoniyasında və bir çox başqa şeylərdə bulunur. Bununla belə, yalnız təkcə riyazi ədədləri qəbul 
edənlərin, onların müqəddəm şərtlərilə əlaqədar buna bənzər bir şeyi iddia etmək imkanı yoxdur... Və 
aydındır ki, riyazi predmetlər ayrıca mövcud deyil; əgər onlar ayrıca mövcud olsaydılar, onların xassələri 
cisimlərə xas olmazdı. Pifaqorçulara gəldikdə, onların bu məsələdə heç bir günahı yoxdur; bununla belə 
onlar ədədlərdən fiziki cisimlər, ağırlığı və yüngüllüyü olmayan şeylərdən ağırlığı və yüngüllüyü olan şeylər 
yaratdıqlarından belə təəssürat yaranır ki, onlar duyğularla qavranılan cisimlər haqqında deyil, başqa səma 
haqqında, digər cisimlər haqqında danışırlar. 
 
Aristotel Phus.IV 6. Pifaqorçular həmçinin  sübut etməyə çalışırdılar ki, boşluq mövcuddur və hüdudsuz 
havadan , təbii şeylərin hüdudlarını müəyyənləşdirən boşluğu sanki [özünə] çəkən səmanın özünə daxil olur. 
Onların fikrincə, boşluq ədədlərin mahiyyətini fərqləndirdiyindən ilk növbədə bu onlarda baş verir. 
 
Stobey Esl.I 18,1 s. "Pifaqorun fəlsəfəsi haqqında" [əsərinin] birinci kitabındaca [Aristotel] yazır ki, səma 
(Kainat) vahiddir, o (səma) sonsuzluqdan zamanı, havanı və daima ayrı-ayrı şeylərin tutduqları yerlərin 
hüdudlarını fərqləndirən boşluğu özünə çəkir. 
 
Aristotel de caelo II 13. Bununla belə əksəriyyətin fikrinə görə [yer] mərkəzdə yerləşir...italiya [filosofları] - 
pifaqorçu adlananlar - əks nöqteyi-nəzərdə dururlar. Yəni onlar iddia edirlər ki, [Kainatın] mərkəzində od 
yerləşir, yer isə [bu] mərkəzin ətrafında dairəvi hərəkət edən və [bununla da] gecəni və gündüzü əmələ 
gətirən ulduzlardan biridir. Bundan əlavə onlar bizim yerlə üz-üzə yerləşən digər yerin olduğunu söyləyirlər 
və onu "antixton" [əks yer] adlandırırlar. [Onlar] hadisələr üçün əsaslar və səbəblər axtarmayıb, hadisələri 
özlərinin bir para təlimlərinə və fikirlərinə süni surətdə quraşdırır və [beləliklə sanki] dünya quruluşu 
[haqqında təsəvvürlərin] yaradılmasında iştirakçı olmağa çalışırlar. Ola bilsin, bir çoxları da belə fikirlə 
razılaşarlar ki, yerə mərkəzi vəziyyət isnad etmək lazım deyil; onlar buna inamı, hadisələrin 
[müşahidəsindənsə] mühakimələrdən əldə etməyə səy  göstərirlər. Yəni, onlar zənn edirlər ki, ən şərəfli yer 
ən çox hörmətəlayiq olana məxsus olmalıdır, od - yerdən, hüdud isə aralıq [şeylərdən] daha çox 
hörmətəlayiqdir, son və mərkəz isə hüduddur: buradan onlar belə nəticə çıxarırlar ki, kürənin mərkəzində yer 
deyil, od yerləşmişdir. Bir də pifaqorçular səbəb sifətilə onu irəli sürürlər ki, Kainatda ən mühüm [yer] ən 
çox qorunmalıdır. Bu yer mərkəzdir. Onu onlar "Zevsin gözətçisi" adlandırırlar; bu yeri həm fəza, həm də 
qüvvə və təbiət mərkəzi olmaqla, sanki həqiqi mənada mərkəz [olan] od tutur. 
 
Aristotel de caelo II 9. Deyiləndən aydın olduğu kimi səma cisimlərinin hərəkətindən harmonik səslər baş 
verdiyindən harmoniya əmələ gəlməsi haqqında təlim, onu söyləyənlərin hazırcavablığına və böyük 
alimliyinə dəlalət edirsə də, lakin həqiqət belə deyildir. Yəni bəziləri, səsin elə böyük olmayan və elə sürətlə 
hərəkət etməyən, yerdə olan cisimlərin hərəkətindən əmələ gəlməsi əsasında, onun səma cisimlərinin 
hərəkətindən də əmələ gələcəyini zəruri hesab edirlər. Günəşin, Ayın və həm də külli miqdarda belə iri səma 
cisimlərinin bu qədər böyük sürətlə ötüb keçdiyi zaman, ola bilməz ki, qüvvəsinə görə qeyri-adi bir səs 
əmələ gəlməsin. Bunu fərz edərək və [ulduzların] məsafələrdən asılı olan sürətlərinin həmahəng olduqlarını 
[qəbul edərək] onlar deyirlər ki, səma cisimlərinin dairəvi hərəkətindən harmonik səs əmələ gəlir. 
 
Aristotel de anima I 3. Bu filosoflar yalnız ruhun necə olduğunu göstərməyə çalışırlar, ruhu qəbul etməli olan 
vücud haqqında isə onlar daha heç bir izahat vermirlər, sanki, pifaqorçu əsatirlərin də [deyildiyi] kimi, hər 
bir ruhun hər bir vücudda təcəssüm etməsi mümkündür. 
 
Aristotel de anima I 2. Görünür, [ruh haqqında] pifaqorçular tərəfindən deyilənlər də o mənaya malikdir. 
Onlardan bəziləri, havada uçuşan tozcuqların elə ruhu təşkil etdiyini, başqaları isə ruhun onları hərəkətə 
gətirən şey olduğunu sübut etməyə çalışırdılar. 
 
Aristotel de anima I 4. Məhz [bu baxışın nümayəndələri] deyirlər ki, ruh müəyyən bir harmoniyadır, 
harmoniya isə əksliklərin qarışığı və uyğunluqdur və vücud da əksiliklərdən təşkil olunmuşdur. 
 
Herodot II 123. Misirlilər ilk dəfə insan ruhunun ölməzliyi, vücudun dağılması ilə onun həmin anda doğulan 
digər heyvana köçməsini söyləmişlər; bütün heyvanları - yerdəkiləri, dənizdəkiləri, qanadlıları gəzib 
dolanaraq, ruh yenidən doğulan insanın vücuduna daxil olur; dövri hərəkət üç min il müddətində tamam olur. 
Bu təlimi bir para ellinlər də özlərinin xüsusi [təlimi] sifətilə şərh etmişlər. 
 
 
 
15


 
PİFAQOR 
 
Aetsi I 3 6. Samoslu Pifaqor, Mnesarhın oğlu, fəlsəfəni ilk dəfə bu adla adlandırmış [kəs], ədədləri və 
onlarda bulunan, onun həmçinin harmoniyalar adlandırdığı uyğunluqları başlanğıclar [kimi tanıyır], həndəsi 
adlandırılan elementləri isə o və digər [başlanğıclardan] təşkil olunmuş [hesab edir]. Üstəlik [o] 
başlanğıclarda monadanı və qeyri-müəyyən diadanı [qəbul edir]. Onun [təlimində] başlanğıclardan biri 
fəaliyyət və məqsəd səbəbinə - tanrıya, zəkaya, digəri isə təsirə məruz qalan və maddi səbəbə - zahiri 
dünyaya aiddir. 
 
 
Diodor I 98 2. Pifaqor Misirlilərdən müqəddəs yazını, həndəsi teoremləri və ədədlər haqqında təlimi 
öyrənmişdir. 
 
Stobey I 1 6. Pifaqor görünür ədədlərlə məşğuliyyəti daha çox qiymətləndirirdi və o, [bu elmi] tacirlərin işinə 
xidmətdən qurtararaq və bütün şeyləri ədədlərə bənzədərək irəli çəkmişdir. 
 
Prokl in Encl. 65 11. Ondan [Falesdən] sonra həndəsə ilə ciddi məşğul olan Mamerk xatırlanır...Onlardan 
sonra isə Pifaqor həndəsənin prinsiplərini sırf mücərrəd tərzdə təhqiq edərək və teoremləri qeyri-maddi, 
intellektual nöqteyi-nəzərdən tədqiq edərək, həndəsəyə sərbəst elm forması vermiş, onu kökündən 
dəyişdirmişdir. Məhz o irrasional kəmiyyətlər nəzəriyyəsini və kosmik fiqurlar konstruksiyasını kəşf 
etmişdir. 
 
Aetsi II 6 5. Pifaqor deyir ki, həmçinin riyazi [fiqurlar] adlanan beş cismani fiqur vardır: kubdan - yer, 
piramidadan - od, oktaedrdən - hava, ikosaedrdən - su, dodekaedrdən Kainatın mühiti (yəni efir) əmələ 
gəlmişdir. 
 
Porfiriy V Phuth. 30 0. O isə, [Pifaqor], [bizim] təbiətimizin əhəmiyyətsizliyi üzündən eşitmədiyimiz 
mühitlərin və onlarda hərəkət edən səma cisimlərinin ən ümumi harmoniyasını qavrayaraq, özü Kainatın 
harmoniyasını eşitmişdir...Çünki Pifaqorun həm görməsində, həm eşitməsində, həm təfəkküründə hər bir 
şeyi fövqəladə böyük sezmək bacarığı, ağıl xəzinəsi və başqaları ilə müqayisədə müstəsna və daha dəqiq 
mütəşəkkilliyin yüksək dərəcədə lazımi təzahürü bulunurdu. 
 
Porfiriy V Ruth. 19. Pifaqorun öz şagirdlərinə öyrətdiyini heç kəs yəqinliklə deyə bilməz, çünki onlar 
susmaq andı verirdilər. Onun təlimlərindən daha məşhur olanı aşağıdakılardır: onun dediyinə görə ruh 
ölməzdir, lakin digər canlı varlıqların vücuduna keçir; sonra dünyada baş verən hər şey müəyyən fasilələrlə 
yenidən təkrar olunur, ancaq ümumiyyətlə yeni bir şey əmələ gəlmir və bütün canlı varlıqları öz aralarında 
bircinsli hesab etmək lazımdır. Deyirlər ki, bu təlimləri ilk dəfə Yunanıstana Pifaqor gətirmişdir. 
 
Ksenofan (Diogen Laertsiydə VII 36) Pifaqor haqqında Ksenofan aşağıdakını deyir: "Deyirlər ki, bir dəfə, 
bir küçüyü döyən zaman o yanından keçəndə, küçüyə yazığı gəlmiş və demişdir: "Bəsdir onu döydünüz! 
Onun çıxardığı səsi eşidib, mənə əziz adamın ruhunu tanıdım". 
 
Makrobiy S.Scir. I 14 19. Pifaqor və Filolay [demişlər ki, ruh] harmoniyadır. 
 
Herodot IV 95. Pifaqor ellinlərin ən müdrikidir. 
 
 
 
ALKMEON 
 
Aetsi IV 17,1. Alkmeon: [ruhun] başlıca hissəsi beyindədir. 
 
Aetsi IV 2, 2. Alkmeon [ruhu] təbiət etibarilə öz-özünə hərəkət edən və əbədi hərəkətə [malik olan] sayır; 
buna görə də onun fikrincə, o ölməzdir və tanrı kimidir. 
 
 
16


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə