Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə1/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
  1   2   3   4   5   6   7   8   9   ...   52
Mühazirə Psixologiya


Mövzu 1
Psixologiyaya giriş
Plan:
1.Psixi proseslər. Psixi hadisələrin quruluşu.
2. Psixologiyanın elmlər sistemində yeri. Psixologiya elminin əsas sahələri.
3.Psixologiya elminin inkişaf məhələləri.
4.Psixoloji tədqiqat metodlarının təsnifatı.


Ədəbiyyat
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.
2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.
3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Bakı,1998.


1. Psixi proseslər. Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr.
Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər.
Psixi prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər. Psixi hadisələrin quruluşu. İdrak prosesləri gerçəkliyi dərk etmək, gerçək aləm haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan psixi proseslərdir. Bunlara duyğular, qavrayış, hafizə, diqqət, nitq, təfəkkür, təxəyyülü aid etmək olar. Emosional proseslərə insanların gerçəkliyə münasibətləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir. İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri aradan qaldırmaq, öz davranışını idarə etmə şəraitində aydın şəkildə göstərir. Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına, intensivliyinə görə fərqlənirlər. Bununla yanaşı olaraq psixi hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, məyusluq, qorxu, ümidsizlik, ruhdan düşmə, gümrahlıq və s. aid etmək olar.
Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi xassələrini aid edirlər. Şəxsiyyətin psixi xassələri özlərinin yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə şəxsiyyətin istiqamətini, temperament, xarakter və qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki, bu xassələrin inkişaf səviyyəsi, eləcə də psixi proseslərin inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın təkrarolunmazlığını, fərdiyyətini təmin edir.
Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr, onların yaranma və inkişaf qanunları haqqında elmdir.
2. Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur. Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir.
Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək. İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini tapmışdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi əsaslarından danışarkən məhz ali sinir fəaliyyətinin qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Belə ki, insanda ali psixi funksiyaların inkişafında sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə sistemi həlledici rol oynamışdır.
İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin psixoloji «ölçülərini» insan, onun spesifik həyat şəraiti, gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə istinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün olmazdı.
Şüur, təfəkkür və digər psixi hadisələr insanlara anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi inkişaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, şərhi, sistemləşdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur. Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi ilə aşkara çıxarılır. Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir, pedaqogika elminin əldə etdiyi nəticələrə istinad edir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini birbirindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlmişdir. Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvistikanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi psixolinqvistika, xüsusi psixolinqvistika, sosial psixolinqvistika, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə