Mövzu-10 Pakistan 1945-2018-ci illərdə


Pakistan 1970-80-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə4/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Pakistan 1970-80-ci illərdə
Bundan sonra istər mərkəzdə, istərsə də vilayətlərdə mülki hakimiyyət yaradıldı və beləliklə də Z.Ə.Bhuttonun başçılıq etdiyihökumət fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, Bhutto hökuməti 1977-ci ilə qədər hakimiyyətdə olmuşdur və həmin müddət Pakistanın siyasi təkamül tarixində üçüncü mərhələ kimi xarakterizə olunur.
Z.Ə.Bhutto hökuməti 1972-ci ilin əvvəllərindən başlayaraq vəd etdiyi bir sıra dəyişiklikləri həyata keçirmək üçün cəhdlər etdi. Yanvar ayında 31 iri ağır sənaye müəssisəsi üzərində dövlət nəzarəti yaradıldı və sonralar həmin müəssisələrin çoxu milliləşdirildi. Bir sıra kommersiya bankları, sığorta şirkətləri, pambıq və düyü təmizləmə müəssisələrinin çoxu, bitki yağları istehsalı müəssisələri, gəmiçilik şirkətləri, neft məhsulları ticarəti milliləşdirildi. Ən mühüm tədbirlərdən birisi də 1972-ci ilin martında aqrar islahat haqqında qanunun elan edilməsi oldu. Yeni islahata görə torpaq sahibliyi 150 akr suvarılan və 300 akr suvarılmayan torpaq həddinə endirildi. Artıq torpaqlar əvəzi ödənilmədən alınır və az torpaqlı və torpaqsız kəndlilər arasında pulsuz bölüşdürülürdü. Bundan əlavə hökumət icarədarların hüquqlarının qorunmasının təmini, suvarma sistemlərinin qurulması, kübrə və kənd təsərrüfatı texnikası istehsal edən müəssisələr yaradılmasına yönəli bir sıra qərarlar qəbul etdi. Aqrar islahatla əlaqədar bir qədər irəliyə gedərək qeyd etmək istərdik ki, 1977-ci ildə verilmiş qanuna əsasən maksimum torpaq sahibliyi suvarılan torpaqlar üçün 100 akr (40 ha) müəyyən edilmişdi.
Bunlardan əlavə Z.Ə.Bhutto hökuməti əmək, təhsil, həmkarlar təşkilatlarının hüquqlarının genişləndirilməsi və s. haqqında da qanunlar qəbul etdi. Orta təhsil pulsuz oldu, Pakistanın tərkibində olan ştatların keçmiş knyazları əvvəlki imtiyaz və təqaüdlərindən məhrum edildi. Hökumət hərbi vəziyyət rejimini ləğv etdi, demokratik partiyaların, ictimai təşkilatların açıq fəaliyyət göstərməsinə icazə verdi.
Ən mühüm hadisə isə 1973-cü ilin 14 avqustunda yeni konstitusiyanın qüvvəyə minməsi oldu. Konstitusiyaya uyğun olaraq F.İ.Çoudri ölkənin prezidenti seçildi, Z.Ə.Bhutto isə baş nazir oldu (o, həmin dövrə qədər prezident vəzifəsini yerinə yetirirdi). Konstitusiya eyni zamanda ölkədə federal parlament idarə formasını təsbit edir, vilayətlərin muxtariyyətini genişləndirir və islamı dövlət dini elan edirdi.
Z.Ə.Bhutto hökuməti xarici siyasət kursuna da bəzi dəyişikliklər gətirdi. Böyük Britaniya birliyindən və SEATO hərbi blokundan çıxdı. 1972-ci ilin yayında Simledə Pakistanvə Hindistan dövlət rəhbərlərinin görüşlərindən sonra iki ölkə arasında münasibətlərin tənzimlənməsində müəyyən irəliləyiş başladı. Bu da hər şeydən əvvəl ondan irəli gəlirdi ki, Simledə Z.Ə.Bhutto və İ.Qandi arasında imzalanmış sazişə görə Kəşmiri Pakistan və Hindistan hissələrinə bölən xətt faktiki olaraq rəsmən tanınırdı. Tərəflər öhdəlik götürürdülər ki, Kəşmir probleminin tənzimlənməsində meydana çıxan bütün məsələləri ikitərəfli qaydada sülh yolu ilə həll edəcəklər.
Buna baxmayaraq Kəşmir probleminin həlli bu günə kimi başa çatmamış qalmaqdadır. Təbiidir ki, indiki status-kvo Hindistanı təmin edir. O, keçmiş Kəşmir knyazlığının üçdə iki hissəsinə nəzarət etməkdədir və öz niyyətindən də geri çəkilmək fikrində deyildir. Bu durum Pakistanı isə qəti təmin etmir və o, əhalisinin böyük çoxluğunun müsəlman olduğu Kəşmirin Hindistanın nəzarəti altında olan hissəsinin azad olunmasını istəyir. Odur ki, Kəşmir problemi həmişə regionda yalnız Pakistan-Hindistan münasibətlərinin deyil, ümumiyyətlə burada marağı olan bütün dövlətlərin münasibətlərində bir çıxış nöqtəsinə çevrilmişdir. 1974-cii ildə Banqladeş Xalq Respublikası Pakistan tərəfindən tanındı. Sovet İttifaqı və digər sosialist ölkələri ilə əlaqələr xeyli genişdləndirildi. VDR, ADR və KXDR ilə diplomatik əlaqələr quruldu. Z.Ə. Bhutto 1972-ci və 1974-cü illərdə Sovet İttifaqını ziyarət etdi və bu zaman iqtisadi və texniki əməkdaşlıq, mal mübadiləsini genişləndirmək, elmi-mədəni sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalandı. Təbiidir ki, Sovet İttifaqı ilə əlaqələri belə genişləndirməklə Z.Ə.Bhutto hökuməti Cənubi Asiya regionunda vəziyyətin normal məcraya gəlməsinə kömək məqsədi güdürdü. Bu baxımdan müəyyən nəticələr də qazanıldığını söyləmək olar. Belə ki, 1973-cü ilin yayında Pakistan-Hindistan danışıqları gedişində Hindistandakı əsirlərin üçtərəfli qaydada qaytarılması haqqında razılıq əldə edildi. Razılaşmaya görə 1971-ci il döyüşlərində əsir düşmüş şəxslər Hindistandan və Banqladeşdən Pakistana, Pakistandakı əsirlər Banqladeşə, eləcə də müvafiq ölkələrdəki Pakistan və Banqladeş vətəndaşları öz vətənlərinə qayıtmaq imkanı qazandılar. Pakistan və Hindistan arasında bütün kommunikasiya növləri bərpa olundu. 1976-cı ildə isə Pakistan və Hindistan arasında 1971 -ci ildə kəsilmiş diplomatik münasibətlər bərpa olundu.
Pakistan müsəlman ölkələri ilə də əlaqələrinin inkişafına xüsusi diqqət yetirirdi. 1974-cü ilin fevralında Lahorda müsəlmandövlətləri və hökumətləri başçılarının II konfransı keçirildi.
Bütün bunlar istər sosial-iqtisadi, istərsə də siyasi sahədə müəyyən pozitiv irəliləyişlərə səbəb oldu və qısa bir zaman kəsiyində Pakistanda normal və dinc həyat yarandı. Lakin həyata keçirilən tədbirlər bütünlüklə ölkədə mövcud olan problemlərin həllini başa çatdıra bilmədi. O biri tərəfdən isə, birincisi, ölkənin özündə 1973-cü və 1977-ci illərdə baş verən çox böyük təbii fəlakətlər, ikincisi, 1974-1975-ci illərdə dünyada istehsal, enerji və valyuta səhələrində baş verən dərin böhran Pakistanın iqtisadi durumunu sarsıtdı. İnflyasiya misilsiz bir sürətlə artdı, qiymətlər bahalaşdı. Adambaşına düşən gəlir xeyli aşağı endi. İslahatların keçirilməsi iri torpaq sahibləri və iş adamlarının güclü müqaviməti ilə qarşılanır və onların narazılığını artırırdı. Bu səbəbdən islahatlar prosesi ləngiyirdi və bu da öz növbəsində islahatlarda maraqlı olan qüvvələrin narazılığına səbəb olurdu. 1974-cü ilin yayında fanatik dindarlar ölkədə icmalararası ziddiyyətləri kəskinləşdirir və toqquşmalar yaradırdılar. Təbiidir ki, bütün bunlar Z.Ə.Bhutto hökumətinin nufuzunun aşağı düşməsinə, bu zəmində müxalifət qüvvələrinin fəallaşmasına gətirib çıxarmışdı.
Vəziyyətin get-gedə kəskinləşməsinin qarşısının alınması yolunu Z.Ə.Bhutto hökuməti daxili siyasi kursun sərtləşdirilməsində gördü. Bu məqsədlə konstitusiyanın nəzərdə tutduğu hüquq və azadlıqlar məhdudlaşdırıldı, müxalifət qüvvələrinə qarşı təqib və cəza tədbirləri gücləndirildi. 1975-ci ildə ən güclü müxalifət qüvvəsi olan Pakistan Milli Xalq partiyasının fəaliyyəti qadağan olundu və onun liderləri isə həbsə alındı. Hökumətin bu tədbiri əhalinin siyasi cəhətdən fəal təbəqələri tərəfindən ciddi narazılıqla qarşılandı. Ölkənin müxtəlif yerlərində və əhalinin müxtəlif sosial təbəqələri arasında mövcud narazılıq parlament seçkilərinə hazırlıq dövründə kəskin şəkildə özünü göstərməyə başladı.
Parlament seçkiləri 1977-ci ilin martında keçirildi. Seçkilərdə hakim Xalq Partiyası doqquz müxalifət partiyasının birləşdiyi blokla ciddi mübarizə aparmalı oldu. Müxalifətçi blokda sağ dini-icma partiyaları ilə yanaşı qadağan edilmiş Milli Xalq Partiyasının bazasında yaranmış Milli-Demokrat Partiyası da birləşmişdi. Seçkilərdən sonra vəziyyət tamamilə çıxalmaz şəkil aldı. Bu da onunla bağlı idi ki, seçkilərdə hakim Xalq Partiyasının qalib gəlməsi haqqında rəsmi məlumatı müxalifət bloku qəbul etmədi və seçkilərin nəticələrini tanımadığını bildirdi. Pakistan Milli Alyansı adlanan müxalifəthökuməti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham etdi və ona qarşı geniş mübarizə kampaniyasına başladı. Ölkə əhalisinin müxtəlif təbəqələri, xüsusilə şəhərlilər, həm sosial vəziyyəti ağır olanlar, həm də dövlətin tədbirlərindən narazı olanlar etiraz aksiyalarında fəal iştirak edirdi. Ölkədə böhranlı vəziyyət yaranmış, Z.Ə. Bhutto hökumətinin nə güzəşt yolu, nə də zor tətbiq etmə yolu məsələnin həllinə kömək etmir və heç bir müsbət nəticə vermirdi. Siyasi istiqrarın tamam pozulması və iqtisadi çətinliklərin artması prosesi daha da dərinləşdirdi. Məhz bu səbəbdən hərbçilər üçüncü dəfə hakimiyyəti öz əllərinə aldılar. Hərbçilərin növbəti hakimiyyəti ilə Pakistanda siyasi təkamülünün dördüncü mərhələsi başlanmış oldu.
Hakimiyyətin hərbçilərin əlinə keçməsindən sonra 1977-ci ilin 5 iyulunda ölkədə hərbi vəziyyət elan edildi, mərkəzi və yerli qanunvericilik və icra orqanları buraxıldı, konstitusiyanın fəaliyyəti dayandırıldı. Bundan sonra bütün hakimiyyət ordunun baş qərargah rəisi general. M.Ziya ül-Haqqın əlində cəmləndi. Əvvəlcə o, ölkənin baş hərbi inzibatçısı oldu, 1978-ci ilin oktyabrında isə prezident elan edildi. Ölkə Ziya ül-Haqqın verdiyi sərəncam və fərmanlarla idarə edilirdi. Bütün ölkə boyu hərbi tribunallar fəaliyyət göstərir, iğtişaşlar yaratmış və yenə də buna cəhd edənlər cəzalara məruz qalırdı. Keçmiş hökumətin bir sıra üzvləri həbsə alındı. Hətta 1979-cu ilin aprelində baş nazir Z.Ə.Bhutto edam edildi.
Pakistanda «islam cəmiyyəti» qurmaq hərbi rejimin başlıca məqsədinə çevrildi. Bu baxımdan ölkədə dini-siyasi dairələrin və qüvvələrin rolu artdı. Hökumətin yanında Üləmaların məsləhət şurası yaradıldı. Ziya ül-Haqq öz fəaliyyətində bu şuranın rəy və təkliflərinə əsaslanırdı. Ali məhkəmə orqanları islama uyğun gəlməyən hər hansı bir qanunu qüvvədən salmaq hüququna malik idilər. Əvvəllər mövcud olmuş vergilər sırasına islam vergiləri də əlavə olundu.
Bütün bunların edilməsində M.Ziya ül-Haqq hökumətinin məqsədi o idi ki, dini inanclara möhkəm bağlı olan xalqın böyük çoxluğunun etimadına nail ola bilsin. Ancaq bu siyasət həm də neqativ nəticələr doğururdu. Bir tərəfdən idarəçilikdə dünyəvi dəyərlərə üstünlük verən kəmiyyət azlığına baxmayaraq cəmiyyətdə keyfiyyət ağırlığına sahib olan qüvvələr, o biri tərəfdən şiyə və digər təriqətlərin nümayəndələri M.Ziya ül-Haqq rejiminin islamdan, eləcə də islam adına yığılan vəsaitlərdən öz istədikləri kimi istifadəetməsindən narazı qalırdılar. Həm də bu narazılıqlar getdikcə daha çox açıq şəkildə təzahür edirdi. Odur ki, hökumət 1979-cu ilin noyabrında bütün siyasi partiya və təşkilatların fəaliyyətini, nümayiş, mitinq və tətillər keçirilməsini qadağan etdi, senzuranı gücləndirdi.
M.Ziya ül-Haqq hökuməti dövlətin xarici siyasət kursunda əsas önəmi ABŞ və Qərb dövlətləri ilə əlaqələrə verirdi. Qonşu Əfqanıstana sovet-rus qoşunlarının yeridilməsi və sovet-rus təhlükəsinin ölkə sərhədlərinə yaxınlaşması bu məsələdə başlıca rol oynamışdır. Sovet-rus işğalından qaçan milyonlarla əfqan mühaciri Pakistanda yerləşmişdi. Ümumiyyətlə, Pakistan mühacir əfqan müqavimətinə lazım olan köməyi və dəstəyi vermək zərurəti qarşısında qalmışdı və bu, Pakistanın arzu və istəyindən daha çox zamanın diktəsindən irəli gəlirdi.
1981-ci ildə ABŞ-da R.Reyqanın prezidentliyə gəlməsindən sonra regionda ciddi narahatlıq törədən sovet-rus müdaxiləsinə qarşı cavab tədbirləri görmək baxımından Pakistan-ABŞ əlaqələrində olduqca ciddi bir yaxınlaşma gedirdi. ABŞ Pakistana 3 mid dollar məbləğində kömək göstərdi. Qeyd etmək lazımdır ki, bu kömok sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, həm də ölkənin hərbi potensialının daha da möhkəmləndirilməsinə yönəldilmişdi.
1985-ci ilin fevralında Pakistanda parlamentə və əyalət qanunvericilik məclislərinə seçkilər oldu. Seçkilərin keçirilməsi partiya təmsilçiliyinə əsaslanmırdı. Artıq aprel ayında mülki hökumət təşkil edildi. Qeyd etmək lazımdır ki, bundan sonra da hökumətdə və digər hakimiyyət orqanlarında mülki şəxslərlə yanaşı hərbçilər həlledici vəzifələri öz əllərində saxlayır və əvvəlki mövqelərinin zəifləməsinə imkan vermirdilər. Bu hal 1988-ci ilə qədər, daha doğrusu, avqust ayında prezident M.Ziya ül-Haqqın təyyarə qəzası nəticəsində həlak olması dövrünə qədər davam etdi. Prezident M.Ziya ül-Haqqm faciəli ölümündən dörd ay sonra parlamentə seçkilər keçirildi və qalib gəlmiş Xalq Partiyasının lideri Benəzir Bhutto (o, Z.Ə.Bhuttonun qızıdır) hökumətə başçılıq etdi. Beləliklə də hərbçilər seçkilərin nəticəsini və yaranmış yeni hökumətin legitimliyini tanıdılar. Onlar belə hesab edirdilər ki, bununla ölkədə yaranmış və güclənməkdə olan narazılıq və gərginlikləri zəiflətmək mümkün olacaqdır. Ancaq istər hərbçilər, istərsə də sağ yönümlü klerikal partiyalar həm inzibati, həm də qanunvericilik hakimiyyətində kifayət qədər nüfuzlu idilər. Yeni prezident Qulam İshaq Xan da onlarındəstəyi ilə seçilmişdi. Təbiidir ki, belə bir vəziyyət B.Bhutto hökumətinin fəaliyyət azadlığını məhdudlaşdırmaya bilməzdi.
Benəzir Bhutto atasından fərqli olaraq liberal dəyərlərə söykənən inkişaf kursu götürmüşdü. Onun başçılıq etdiyi partiya dövlət bölməsinin genişləndirilməsi əleyhinə idi. Əksinə, dövlət müəssisələrinin özəlləşdirilməsi və özəl bölmənin fəaliyyət azadlığının təmini hökumətin kursunda əsas yer tuturdu. Bununla yanaşı, hökumət ənənəvi güclü mövqelərə malik olan hərbçilərin də maraqlarına diqqətlə yanaşırdı. Dövlətin idarə edilməsində hərbçilərin imkanlarından yenə geniş istifadə olunurdu. Xüsusi hərbi xidmət orqanları fövqəladə hüquqlara malik idi. Bütün bunlarla B.Bhutto hökuməti mülki və hərbi qüvvələrin birliyinə nail olmaq, bu zəmində ölkənin idarə edilməsində qüvvələr balansını saxlamaq istəyirdi. Lakin daxili və xarici borcların çoxluğu, budcə kəsirinin artması, -bunların yaranmasında böyük hərbi xərclər həlledici rol oynamışdı,- çox qısa zaman kəsiyində ölkənin maliyyə-iqtisadi durumunu mürəkkəbləşdirirdi. Hökumət qarşıda duran vəzifələrin həllində çətinliklərlə qarşılaşır, xalqın həyat səviyyəsini yüksəltmək haqqında verilən vədləri yerinə yetirmək mümkün olmurdu. Hökumətin nüfuzu çox sürətlə düşməkdə davam edirdi. Ən başlıcası isə, Kəşmir problemi ilə əlaqədar olaraq Hindistanla əlaqələrin korlanması daxili vəziyyətdə gərginliyi daha da artırdı. Prezident Qulara İshaq xan yaranmış bu vəziyyətdən istifadə edərək 1990-cı il avqustun əvvəlində parlamenti buraxdı, ölkədə fövqəladə vəziyət elan etdi və B.Bhutto hökumətini istefaya göndərdi. Hökumət səriştəsizlikdə, korrupsiya və digər sui-istifadələrdə ittiham edildi. Əyalətlərdə də Xalq Partiyası üzvlərinin çoxluq təşkil etdiyi yerli hökumətlər buraxıldı. B.Bhutto və onun qırx tərəfdarına (anası Nüsrət Bhutto istisna olmaqla), ölkədən çıxmaq qadağan edildi, onların əməllərinin təhqiqinə başlanıldı. Hökumət və xüsusi xidmət orqanlarında kütləvi təmizlənmə aparıldı. Həbsə alınmaqdan xilas olmaq üçün Xalq Partiyası fəallarının çoxu gizli fəaliyyətə keçdi. Demək lazımdır ki, «prezident (və yaxud konstitusiyalı) çevriliş» prosesində ordu da fəal və yaxından iştirak edirdi. Baş nazir B.Bhuttonun katibliyində axtarışları məhz ordu zabitləri aparmış, onun Kəraçidəki iqamətgahı hərbçilər tərəfindən nəzarətə götürülmüşdü. Eləcə də digər mühüm obyektlər hərbçilərin nəzarəti altında saxlanılırdı. Bütün bunlara əsasən, bəzi tarixçilər 1990-cı ilin avqust hadisələrini «yarım hərbi çevriliş» də adlandırırdılar. Lakin hakimiyyət orqanları hər vəchlə sübut etməyə çalışırdılar ki, bu hadisələrdə ordunun iştirakı olmamışdır.



Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə