Mövzu-10 Pakistan 1945-2018-ci illərdə


Pakistan 1959-1971-ci illərdə



Yüklə 56,82 Kb.
səhifə3/10
tarix19.05.2023
ölçüsü56,82 Kb.
#111436
1   2   3   4   5   6   7   8   9   10
Movzu-10-Pakistan

Pakistan 1959-1971-ci illərdə
General M.Əyyub xanın başçılıq etdiyi hərbi hakimiyyət ölkədə yaranmış vəziyyəti normal məcraya yönəltmək məqsədilə bir sıra məsələləri həll etmək istiqamətində əməli addımlar atmağa başladı. Fövqəladə rejimin qaydalarına uyğun olaraq siyasi həyatda müəyyən məhdudiyyətlər tətbiq edilməklə yanaşı, iqtisadi vəziyyətin tənzimlənməsi üçün də konkret tədbilər görüldü, irəlicədən demək istərdik ki, bu sahədə hərbi hakimiyyətin əsas kursu ölkədə liberal dəyərlərə əsaslanan iqtisadi münasibətlərin inkişafını ləngidən əngəllərin aradan qaldırılması məqsədi daşıyırdı.
İqtisadi sahədə ilk və ən mühüm tədbir 1959-cu ilin yanvarında aqrar islahat haqqında qanunun qəbul edilməsi olmuşdur. Qanuna əsasən cəgirdarlıq sistemi-imtiyazh torpaq sahibliyi- ləğv olunurdu. Torpaq sahibliyinin ən yüksək həddi Qərbi Pakistanda 500 akr suvarılan, 1000 akr suvarılmayan torpaq həddində müəyyənləşdirilirdi. Artıq torpaqlar əvəzi ödənilməklə alınır və kəndlilərə satılırdı. Kəndlilərə aldığı torpaqların dəyərini ödəmək üçün müəyyən vaxt ayrılırdı. Bundan əlavə dövlət yeni və xam torpaqların yararlı hala salınması və mənimsənilməsi, irriqasiya qurğularının genişləndirilməsi, kreditlərin artırılması, müasir ağrotexniki üsulların tətbiqi və s. nəzərdə tutan başqa tədbirləri də həyata keçirirdi. Təbiidir ki, bütün bunların nəticəsində bir tərəfdən, kənddə kapitalist münasibətlərinin genişlənməsinə real zəmin yaradılırdısa, ikinci tərəfdən kəndlilərin narazılıqlarına kifayət qədər son verilirdi.
«Yeni sənaye siyasəti» və «yeni ticarət siyasəti» kimi tədbirlər kursu milli iqtisadiyyatın inkişafı üçün əlverişli şərtlərin yaradılmasını nəzərdə tuturdu. Özəl kapitalın istehsal dövriyyəsinə daha çox girməsi üçün maksimum imkanlar yaradılır və çoxsaylı imtiyazlar verilirdi. Keçmişdə olduğu kimi, xarici kapitalın ölkəyə gəlməsi, daha münasib şərtlərlə borclar və ya köməklər alınması xəttinə yenə də önəm verilirdi. Özəl bölmədə məşğul olanlara vergi güzəştləri, texniki və maliyyə yardımları göstərilməsi dövlətin iqtisadi kursunda mühüm yer tuturdu. Özəlləşdirmə siyasəti tətbiq olunur və bu zaman özəlləşdirmədə iştirak edən yerli iş adamlarma xüsusi imtiyazlar verilirdi.
M.Əyyub xan hakimiyyətinin ciddi əhəmiyyət verdiyi sahələr sırasında təhsilin təşkili, məhkəmə sisteminin qurulması, ailə-nigah münasibətlərinin keçmişin qalıqlarından azad edilməsi və bütün bunların müasir dövrün tələblərinə uyğunlaşdırılması və s. də var idi. Qeyd etmək lazımdır ki, hərbi hakimiyyətin həyata keçirdiyi dəyişikliklər nəticəsində Pakistanın iqtisadiyyatı sürətli və çoxşaxəli inkişaf imkanı qazandı, sənaye məhsulları istehsalı artdı, ağır sənayenin təməlləri yaradıldı, kənd təsərrüfatı məhsulları istehsalında xeyli irəliləyiş əldə edildi. Ümumi məhsul istehsalının orta illik artımı 2 dəfədən çox oldu. Yeni metallurgiya, maşınqayırma zavodları işə düşdü, kimya və neft kimyası müəssisələri yaradıldı. Təhsil müəssisələrinin və təhsil alanların sayı artdı, tibbi xidmətin səviyyəsi yüksəldi.
Həyata keçirilən islahatlar və tədbirlər mövcud olan problemlərin hamısını olmasa da, çoxunu həll etdi. Ölkədə siyasi istiqrar bərpa edildi, həyatın müxtəlif sahələrində normal inkişaf axan yaradıldı və s. Artıq hərbi rejimin yaratdığı məhdudiyyətlərə ehtiyacın qalmadığına əminlik özünü göstərməyə başlamışdı. Elə bütün bunlara görə idi ki, 1962-ci ilin 8 iyununda hərbi vəziyyət rejimi ləğv edildi və yeni konstitusiya qüvvəyə mindi. Konstitusiyaya görə prezident icraedici hakimiyyətin sahibi olur və istər icra, istərsə də qanunvericilik sahəsində əlavə hüquqlara yiyələnirdi. İki mərhələli seçki sistemi tətbiq edilirdi. Əhali seçicilər kollegiyasını seçir, o da öz növbəsində prezidenti, Milli Məclisi, yeni parlamenti və əyalətlərin qanunvericilik məclisini seçirdi. M. Əyyub xan ölkə prezidenti olaraq qaldı. Hərbi rejimin ləğvindən sonra ölkənin siyasi həyatında bir canlanma yarandı. 1958-ci ilin oktyabrına kimi mövcud olan siyasi partiyaların fəaliyyətinə icazə verildi. Müsəlman Liqası öz hakim partiya statusunu saxladı. Ona prezident M.Əyyub xan başçılıq edirdi.
Yeni konstitusiyaya görə Pakistanın dövlət quruluşu federal forma alırdısa da unitar dövlət ünsürlərinə də xeyli yer verilirdi. Hər iki hissədən, yəni həm Qərbi Pakistandan, həm də Şərqi Pakistandan bərabər sayda deputat Milli Məclisə seçilirdi. Mərkəzi hökumət, xüsusilə prezident idarəetmədə öz üstün mövqelərini qoruyub saxlayırdı. Yerli idarəetmə orqanlarının fəaliyyət imkanları xeyli daralırdı. Təbiidir ki, mərkəzləşdirilmiş dövlət aparatını möhkəmləndirmək məqsədi ilə edilən bu dəyişikliklər həm siyasi müxalifət qüvvələri, həm müxtəlif sosial qruplar, həm də separatçı qüvvələr tərəfindən ciddi tənqidə məruz qalırdı. Xüsusilə Şərqi Pakistan əhalisi benqallar parlamentdə bərabər sayda təmsil olunmaqdan çox narazılıq bildirirdilər. Onlar sayca Qərbi Pakistan əhalisindən çox olduqlarını vurğulayır, mərkəzi hökumətdə az təmsil olunmalarını, eləcə də iqtisadi həyatda imkanlarının zəif olmasını, ölkə siyasətinə təsir etmək imkanlarının məhdudluğunu tez-tez diləgətirirdilər. Bu da maraqlıdır ki, təkcə Şərqi Pakistanda deyil, elə Qərbi Pakistanda da dil mənsubiyyəti zəmnində vilayətlər yaradılması uğrunda separatist meyllər artırdı. Artıq bir qədər sonra 60-cı illərin ikinci yarısında separatçılıq hərəkatı xeyli genişlənmiş və Şərqi Pakistanın ayrılması məsələsi siyasi həyatın müzakirə obyektinə çevrilmişdi.
60-cı illərdə dövlətin xarici əlaqələr kursunda da əsaslı dəyişikliklər baş vermişdir. Pakistan Qərbə yönəli birtərəfli xarici siyasət kursundan imtina etdi, istər sosialist, istərsə də üçüncü dünya ölkələri ilə münasibətlərini genişləndirdi. 1967-ci ildə İsrailin ərəb ölkələrinə təcavüzünü pislədi, Vyetnam xalqına öz müqəddaratını təyin etmə haqqı verilməsinə tərəfdar oldu. SEATO və SENTO bloklarında öz fəaliyyətini bir qədər məhdudlaşdırdı. Pakistan Sovet İttifaqı başda olmaqla bir sıra sosialist ölkələri ilə ticarət sazişləri imzaladı. Türkiyə və İranla geniş əlaqələr şəbəkəsi yaratdı. Qərbi Avropa və Afrika ölkələri, xüsusilə də ərəb ölkələri ilə əlaqələr xeyli inkişaf etdi.
Bütün bunlarla yanaşı Hindistanla münasibətlərdə yaxşılığa doğru heç bir dəyişiklik baş vermədi. Əksinə, Pakistan-Hindistan arasındakı münasibətlərdə yaranan gərginlik hərbi toququşma ilə nəticələndi. 1965-ci ilin yayında iki dövlət arasındakı sərhəd xəttinin cənub-qərb bölməsində hərbi əməliyyatlar yenidən alovlandı. Bu hərbi əməliyyatlar yalnız 30 iyunda tərəflər arasında atəşkəs haqqında saziş imzalandıqdan sonra dayandırıldı. Elə həmin ilin avqust-sentyabr aylarında Kəşmir məsələsi ilə bağlı başqa bir silahlı toqquşma oldu və o, böyüyərək Hindistan- Qərbi Pakistan sərhədlərində iri miqyaslı hərbi əməliyyatlar forması aldı. Doğrudur, sentyabr ayının sonlarında atəş dayandırıldı, ancaq ümumi vəziyyət olduqca gərgin olaraq qalırdı. Nəhayət, 1966-cı ilin yanvarında prezident M.Əyyub xan. və Hindistanın baş naziri L.B.Şastri arasında danışıqlar nəticəsində vəziyyət, müvəqqəti də olsa, normal məcraya salındı.
Lakin həmin dövrdə bir tərəfdən iqtisadi inkişaf öz müsbət nəticələrini göstərməklə yanaşı bir sıra neqativ halların da yaranmasına səbəb olurdu. Bu baxımdan ölkədə inhisarların meydana gəlməsi və inhisarçı burjuaziyanın təşəkkül tapması faktının rəsmi şəkildə etiraf olunması maraq doğuran hadisədir. Ümumiyyətlə buetiraf ölkədə çox böyük mənfi əks-səda doğurdu. Qiymətlərin artması, inflyasiyanın böyüməsi, işsizlərin çoxalması və s. hallar ölkədə sosial və siyasi gərginliyi gücləndirirdi. Bütün bunlar rəsmi təbliğatda özünə geniş yer tapan Pakistanın həm sosializmdən, həm də kapitalizmdən tamamilə fərqli «məxsusi islam yolu» ilə inkişafı haqqındakı ideyaların puça uğradığını təsdiqləyirdi.
Milli zəmində narazılıqlar da artmaqda idi. Bu baxımdan Şərqi Pakistanda gedən proseslər daha çox narahatlıq doğururdu. Orada Xalq Liqasının lideri Şeyx Mucibur Rəhman ölkənin demokratikləşdirilməsi və Şərqi Pakistanın tamamilə muxtar bir əyalətə çevrilməsi proqramı ilə çıxış edirdi. 1968-ci ilin sonları- 1969-cu ilin əvvəllərində ölkədə yeni bir böhranlı şərait yarandı. Bütün ölkə boyu kütləvi etiraz aksiyaları keçirilirdi. Cavab tədbirlərinin bir nəticə vermədiyi bəlli olduqda prezident M.Əyyub xan bütün hüquqlarından əl çəkdi və hakimiyyəti ordu rəhbərliyinə verdi. Baş komandan general A.M. Yahya xan prezident oldu, ölkədə hərbi vəziyyət elan edildi, Milli Məclis və əyalətlərin qanunvericilik məclisləri buraxıldı, Konstitusiya qüvvədən düşdü. Yeni hərbi rejim vəziyyətin kifayət qədər gərgin və qorxulu bir hala gəlməsini nəzərə alaraq bir sıra dəyişikliklər etməli oldu. İlk olaraq Qərbi Pakistan əyaləti dörd vilayətə, bölündü. Bunlar Pəncab, Sind, Belucistan və Şimal-Qərbi sərhəd əyaləti idi.
1970-ci ilin dekabrında Pakistan tarixində ilk dəfə olaraq ölkənin parlamenti Milli Məclisə ümumi birbaşa seçkilər keçirildi. Seçkilərdə ölkənin demokratikləşdirilməsi şüarları ilə çıxış edən partiyalar, - Qərbi Pakistanda Zülfüqar Əli Bhuttonun başçılıq etdiyi Xalq Partiyası, Şərqi Pakistanda Mucibur Rəhmanın başçılıq etdiyi Xalq Liqası, - qalib gəldilər. 1967-ci ildə yaranmış və əsas ideya prinsipləri: 1) islam-bizim inancımız; 2) demokratiya bizim idarə formamız; 3) sosializm (təbii ki, islam sosializmi) - bizim iqtisadi sistemimiz; - olan Pakistan Xalq Partiyasının seçki proqramında bankların, sığorta şirkətlərinin və sənayenin mühüm səhələrinin milliləşdirilməsi, iqtisadiyyatda inhisarların və kartellərin hökmranlığına son qoyulması, ölkənin hərbi bloklardan çıxarılması kimi məsələlər öz əksini tapmışdı. Xalq Liqası isə həmin məsələlərlə yanaşı ölkənin konstitusiyasında Şərqi Pakistanın tam regional muxtariyyət hüququnun təsbitini tələb edirdi. Xalq Liqası parlamentdə Şərqi Pakistana ayrılan 162 yerdən 160-na yiyələndi. Ümumiyyətlə isə parlamentə 300 deputat seçilmişdi. Şərqi Pakistanda yerli qanunvericilik orqanlarına seçkilərdə də Xalq Liqası çox böyük qələbə qazanmışdı və 300 yerdən 288-ni tuta, bilmişdi. Qərbi Pakistanda yerli seçkiləri Xalq Partiyası udmuş, parlamentdə isə 82 mandat qazanmışdı.
Lakin hərbi rejim hakimiyyəti seçkilərdə qalib gəlmiş partiyalara verməkdən imtina etdi. Xalq Liqasının Şərqi Pakistana tam regional muxtariyyət hüququ verilməsi tələbi isə qatı cəza tədbirləri ilə qarşılandı. 1971-ci il martın 25-dən 26-na keçən gecə Xalq Liqasının fəaliyyəti qadağan edildi. Mucibur Rəhman başda olmaqla partiyanın rəhbərliyi tutulub Qərbi Pakistanda məbhəsə salındılar. Şərqi Pakistanın özündə isə kütləvi cəza tədbirləri aparılırdı. Yəhya xan hökumətinin bütün cəhdləri vəziyyəti nəinki düzəldə bilmədi, əksinə daha da gərginləşdirdi. Şərqi Pakistanın tam regional muxtariyyət hüququ tələbini irəli sürən qüvvələr artıq əyalətin tam istiqlaliyyəti şüarı ilə müqavimət hərəkatına başladılar. Şərqi Pakistanın müxtəlif yerlərində silahlı dəstələr yaradılır və onlar hakimiyyət qüvvələrinə qarşı çıxırdılar. Hadisələrin belə bir axara düşməsi 1971- ci il martın 26-da Şərqi Pakistanda müstəqil Banqladeş Xalq Respublikasının yaradılması ilə nəticələndi.
Pakistan hakimiyyəti daha qəti tədbirlərə əl atdı. Vəziyyət son dərəcə gərginləşdi. Kütləvi cəza tədbirlərindən canını qurtarmaq üçün milyonlarla insan qonşu Hindistana qaçır və orada sığınacaq tapırdı. Bu zəmində Pakistan Hindistan münasibətləri yenidən pozuldu və dekabrın əvvəllərində növbəti üçüncü hərbi münaqişə baş verdi. Lakin Şərqi Pakistanda sayca o qədər də çox olmayan hərbi qüvvələr bir tərəfdən çoxsaylı Hindistan hərbi qüvvələri, o biri tərəfdən isə yerli silahlı dəstələrin güclü həmlələrinə davam gətirə bilmədi və dekabrın 16-da təslim olmaq məcburiyyətində qaldı. 17 dekabrda isə Qərbi Pakistan, Cəmmu və Kəşmir sərhədlərində Hindistan orduları ilə aparılan hərbi əməliyyatlar da dayandırıldı. Bu acınacaqlı məğlubiyyətdən sonra 1971-ci ilin 20 dekabrında Yəhya xan hökuməti istefaya getdi və hakimiyyətin Z.Ə.Bhutto başda olmaqla Xalq Partiyasına verildiyini elan etdi.



Yüklə 56,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə