Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   ...   44

  

 

9



avaraxanaya döndərmək istəyir  əxlaqsız bir adam könüllü olmasa da, bundan vaz keçmək 

məcburiyyətində qalır, çünki bilir ki, evinə artıq adam  gəlib-getsə, evdən artıq-əskik səslər çıxsa, 

yaxud başqa xoşagəlməz hallar olsa, qonşular onun başına oyun açar, rahat yaşamağa qoymaz. 

Azadlıq sevər həmvətənlərim növbəti dəfə etiraz edib deyər ki, bu cür yaşayış zamanı 

insanın azadlığı, müstəqilliyi  əlindən alınır, o ətraf mühitin iradəsinə tabe olur, icmanın  əsirinə 

çevrilir. 

Düzdü, mənim təsvir etdiyim mühitdə  həqiqətən də, konkret bir fərdin hərəkət meydanı 

çox kiçikdir, insanı bu çərçivədən kənara çıxmağa qoymurlar və  əlbəttə ki, azadlığı, müəyyən 

mənada,  əlindən alınmış olur. Lakin gəlin problemə başqa tərəfdən yanaşaq:  məgər insan 

dünyaya  yalnız azad olmaqçün gəlib? Başqa bir məqsəd yoxdur?  

İkincisi də ki, azadlıq heç də bizim beynimizə yeridildiyi kimi hansısa  əxlaqi çərçivələrin 

sındırılması  və insanın bütün davranışının yalnız nəfsin istəklərinə tabe olması deyil. Azadlıq 

tamam ayrı bir şeydir.              

Əslində, mütləq azadlıq yoxdur. İnsan ya iradəsini nəfsinə tabe edib bütün ömrünü daxili 

istəklərini yerinə yetirməyə  həsr edir, yəni nəfsinin  əsirinə çevrilir, ya da əksinə, insan nəfsini, 

istəklərini iradəsinə tabe edir, nəfsinin hakimiyyətindən azad olur. 

İndi baxaq görək bunlardan hansı  əsl azadlığa daha yaxındır? Cahil insanlar şəksiz ki, 

birincisini seçəcəklər. Çünki onların fikrincə,  əsl azadlıq insan hissiyyatının tam sərbəst 

buraxılmasıdır.  

Ağıllı adamlar isə əsl ruhi azadlığı nəfsin əqlə tabe olmasında görəcəklər. 

Deyəsən, söhbəti çox uzatdım. Məqsədimiz heç də ağıl və nəfs barədə moizə oxumaq deyil, 

bunu ilahiyyat alimləri bizdən daha yaxşı edirlər. 

Bizsə, sadəcə, onu demək istəyirik ki, köhnə Bakının açıq həyətlərində elə bir ab-hava 

hökm sürürdü ki, hər bir sakin öz istəklərini cilovlamağa bir növ məcbur edilirdi, bu da insanın 

nəfsin  əsirliyindən qurtulub həmin azadlığa doğru addımlamasına yardımçı olurdu, əlbəttə bu, 

çox yaxşı bir hal idi. 

Köhnə Bakını deyəsən çox şişirtdim, ideallaşdırdım. Tanımayanlar elə bilər ki, o vaxtkı 

Bakı cənnətməkan idi, adamları da huri-mələk. Bütün günü can deyib can eşidirdilər, bir-birinə əl 

tutardılar, mehribanlıqla dolanardılar…  Əslində o vaxtkı Bakıda da kifayət qədər oğurluq, 

avaraçılıq, dava-dalaş, qırğın, qiyamət, saçyoldu, dişsındırdı, bıçaqlaşdı olardı. Hətta müəyyən 

parametrlərinə görə, o vaxtkı Bakı indikindən qat-qat pis idi. Lakin insanların düşüncəsində 

müəyyən bir çərçivə var idi və heç kim  bu çərçivədən kənara çıxmağı ağlına belə gətirmirdi. İndi 

isə, ümumiyyətlə, heç bir çərçivə yoxdur, yaxud, demək olar ki, çox az qalıb (fikrim yenə yayındı, 

abzası təzədən başlamalı olacam). 

Köhnə Bakını, deyəsən, çox şişirtdim, ideallaşdırdım. Yalnız işıqlı  cəhətlərini göstərdim, 

qaranlıq tərəflərindənsə vaz keçdim. Əslində, o vaxtkı Bakı çox adi bir şəhər olub, heç nə ilə 

başqalarından fərqlənməyib, adamları da fövqəladə olmayıblar, yaxşısı  da  olub,  pisi  də. Lakin 

bütün bunların mənim Bakıma dəxli yoxdur, çünki mənim Bakım sizin indi gördüyünüz Bakıdan 

fərqləndiyi kimi, o vaxtkı camaatın gördüyü Bakıdan da çox fərqlənir.  

Mənim Bakım yalnız mənimdi, çünki yalnız mənim içimdədi, mənim ruhumdadı, mənim 

qanımdadı  və  hətta deyərdim ki, genimdədi.  Ən  əsası isə  mənim Bakım heç vaxt uçulub 

dağılmayacaq, mənim Bakımın köhnə  həyətlərini yerində iyirmi mərtəbə binalar ucalmayacaq, 

mənim Bakımın küçələrində  həmişə trolleybuslar, tramvaylar dolaşacaq, dondurma satanlar 



  

 

10



altına çarx bərkidilmiş taxta qutularını qabaqlarına qatıb bütün günü «maroj», «maroj» qışqıra-

qışqıra tinləri, dalanları  gəzəcək, yaşlı-cavan quşbazlar  şalvarlarının balaqlarını, köynəklərinin 

qollarını çırmalıyıb, damda göyərçin uçurdacaq, axşamlar əllərində təsbeh fırladan,  başlarından 

aerodromu şapkələri əskik olmayan Bakı kişiləri küçələrin o üz-bu üzündə şakkaşuruknan nərd 

atacaq, dirsəyəcən yağın, benzinin içində olan şoferlər qapılarında saxladıqları hökumət 

maşınlarının kopotunu qaldırıb motorunda eşələnəcək, ağzıdualı, başı buxara papaqlı,  şəvə 

saqqallı  ağsaqqallar tut ağaclarının altında yığışıb Seyid Əzimin, Füzulinin qəzəllərini 

xırdalıyacaq, arvadlar həyətlərdə paltar yuya-yuya dünən axşam televizorda göstərilən indeyski 

kinonu müzakirə edəcək, uşaqlar da gah çərpələnk uçurdacaq, gah da taxta avtomatlarla, 

tapançalarla silahlanıb «dava-dava» oynayacaq. Və başdan-başa qır iyi verən bu İdilliya 

əbədiyyətə qədər dəyişməyəcək, hər şey olduğu  kimi qalacaq, heç kim qocalmayacaq, ölməyəcək 

heç yer uçurulub dağıdılmayacaq, hər şey olduğu kimi qalacaq. Mən də Əzrayılın dəvətnaməsini 

alana qədər qır iyi verən bu tablonu hər gün seyr edəcəm, toz basanda siləcəm, islananda 

qurudacam, çirk olanda yuyacam, ən nəhayət, özümlə  bərabər, öz içimdə o dünyaya aparacam. 

Bəli, o dünyaya. Çünki bu dünyada artıq mənim özümə yer olmadığı kimi, mənim Bakımın da 

yeri yoxdur. Nə  mənim Bakımın, nə  də onun tarixinin. Mənim Bakımın tarixi isə adamın içini 

yeyir. Hətta nağıl olsa belə… 

 

 



Nə vaxtsa qəmli olsam, nağıl danış mənimçün, 

Nəfəs kimi daralsam, nağıl danış mənimçün. 

 

Yalan şirin zəhərmiş, məni həmişə aldat, 

Həqiqəti cırıb at, nağıl danış mənimçün. 

 

Bu günləri bir anlıq silib çıxart yadından,  

Unutduğum qadından nağıl danış mənimçün. 

 

Dəniz-dəniz günahdan xilas bəhanəsiylə,  

Mələklərin səsiylə nağıl danış mənimçün. 

 

Həyat duman kimiydi, itib-batıb dağıldı, 

Ölüm də bir nağıldı, nağıl danış mənimçün. 

 

Əcəl yuxusu gəldi, bu yaşı sil gözümdən,  

Yavaşca öp üzümdən, nağıl danış mənimçün. 

 

Bəlayə düşsə Fəhmi, xilas üçün gəlib sən,  

Otur yanımda hərdən nağıl danış mənimçün. 

 

 

Birinci fraqment 

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə