Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

  

 

29



binəvaları  Ağa Mikayıl hamamına gətirib, yuyub təmizlətdirirdilər, pak edirdilər, üz-gözünü 

qırxırdılar, tövbə  mərasimini yerinə yetirirdilər, yəni insanı, bir növ, o dünyaya səyahətə 

hazırlayırdılar, yalnız bundan sonra həm ruhən, həm də cismən təmizlənmiş Allah bəndəsini  

hamamdan çıxardıb üzbəüzdəki qala divarının üstünə  dırmaşdırırdılar və  nəhayət, elə yaş-yaş 

atırdılar divardan aşağı. 

Nə isə, divarın üstünə  çıxıb xeyli o yan-bu yana boylanandan sonra gözlərimi yumdum

xəyalən beş yüz il, daha dəqiq desək, beş yüz dörd il əvvələ gedib özümü binəva qazinin yerində 

təsəvvür eləməyə çalışdım. Amma… heyif ki, gözlərimiz kimi qulaqlarımızı da, qapamaq üsulu 

hələ müəyyən edilməyib və mən xəyalımın arabasına minib beş yüz dörd il əvvələ doğru çapmaq 

istərkən, gah maşınların siqnalı, gah yaxınlıqdakı evlərin qapılarının zəngləri, gah da küçə boyu 

addımlayan adamların mobil telefonlarının «simfoniya»ları açıq qulağımdan keçib şüuruma daxil 

olur və  təzəcə razqon götürən  «xəyal arabamın» təkərlərinə dolaşırdılar, onu hərəkətdən 

saxlayırdılar. Təxminən beş dəqiqədən sonra gördüm ki, xəyalımın arabasının təkərlərində artıq 

təkərlik qalmayıb, sınıb tökülüblər.  Qəzəblə yerə tullandım və arabanın sınıb dağılmış təkərlərinə 

iki-üç təpik vurub gözlərimi açdım. Bir müddət çaşqınlıq içində donub qaldım, elə bu vaxt 

qəfildən gözüm Vahid Poeziya evinə sataşdı. Diqqətimi cəmləşdirib gördüm ki, içəridə  nəsə 

yığıncaqdı  və gombul, qarayanız bir arvad əlində tutduğu kağıza baxıb nəsə oxuyur, ətrafda 

oturan adamlar da (bunların da 80 faizi arvad idi) huş-guşla ona qulaq asır. Başa düşdüm ki, şeir 

məclisidir. 

Yenə də qəfildən, şüurumdakı duman elə bil təmizləndi. Mən özümü min beş yüzüncü ildə 

hiss etdim və o saat da möhtərəm  Bakı qazısının bu divarın üstündə dayanıb öz ölümünü 

gözlədiyi dəqiqələrdə  nə düşündüyünü mənim beynimin monitorunda peyda oldu - 

«Feminizasiya» 

Bəli, bir arvad əmriylə (nə olsun ki, bu arvad Şirvanşahın gəlini idi, hər nəydisə arvad idi) 

əgər bu boyda şəhərin hörmətli, izzətli elm sahibi, ağsaqqal qazısı ölü it cəmdəyi kimi qala 

divarından aşağı atılırsa, deməli, həqiqətən də bu şəhərin sonu çatıb. Ən pisi isə, bu idi ki, heç kəs 

şəhər qazısını bu qəzəbli qadının  əlindən xilas etməyə  səy göstərmədi, bax elə  həmin andan 

bakılılar öz Bakılarını itirməyə başladılar. Bakının indiki kökə düşməyinin binası  məhz onda 

qoyuldu; məhz onda Bakı adlı möhtəşəm imarətin özülünə ilk dəfə külüng çalındı. Bu imarət 

hissə-hissə, mərtəbə-mərtəbə ovuldu, uçuldu, ən nəhayət, bizim gözümüzün qabağında, 

ümumiyyətlə, yer üzündən silindi. 

Düzdü, bu müddət  ərzində bir çox kişilər qollarını  çırmalayıb bu imarəti təzədən bərpa 

etməyə  cəhd göstərdilər, uçulmuş daşlardan bəzilərini təzədən qaldırıb yerinə qoydular, fəqət 

onların bu səyi Sizif əməyindən başqa bir şey deyildi. Çünki içinə virus düşmüş kompüterim tam 

təmizləməkçün onu yalnız formatlamaq lazımdır. Heç bir «antivirus« proqramı bu virusların 

kökünü birdəfəlik kəsə bilmir. Formatlama zamanı isə, hamıya məlumdur ki, yaddaş tamamilə 

silinir.  

Bəli, «Bakı tarixi» adlı kompüterin prosessorunda bu saat «formatlama» əməliyyatı həyata 

keçirilir və bu proses bitəndən sonra yaddaşı  təmizlənən kompüteri bizə verib deyəcəklər ki, 

buyurun, təhvil alın şəhərinizi. Biz də, hansısa qeyri-şüuri bir ümidlə onun yaddaşına girib nəsə 

tapmağa çalışsaq da, bu boyda şəhərin yaddaşında qırx-əlli alqoritmdən başqa heç nə 

görməyəcəyik… 

 



  

 

30



 

Üçüncü fraqment. 

 

          Çatıbdı vaxtı, gedir son baharı gəncliyimin, 



          Yubanmağa daha yox ixtiyarı gəncliyimin. 

 

          Nə vaxtsa gözləmə ki bir daha yaşıllaşacaq, 

          Susuz qalıb, quruyubdur çinarı gəncliyimin. 

 

 

          Yanımda sən yox idin, ondan ötrü  böylə dolub 

          Kağız çiçəklər ilə laləzarı gəncliyimin. 

 

          Əgər kədərli,  həzin nəgmə tək düşürsə yada, 

          Sənin xəyalın idi bəstəkarı gəncliyimin. 

 

          Sənə yetişmək üçün ki özün fəda elədi, 

          Gərək qapında qazılsın məzarı gəncliyimin. 

 

          Xəzəl kimi səpələnmişsə yerdə duyğularım, 

          Demək küləkli keçib ruzigarı gəncliyimin. 

 

          Neçin bu Fəhmini tək qoydun intizar içrə, 

          Sənə yetişmədimi ahü-zarı gəncliyimin. 

 

 



Mən Bakının köhnə  məhəllələrinin birində, daha dəqiq desəm Qırxpilləkən deyilən bir 

yerin sol tərəfində (aşağıdan baxanda) dünyaya göz açmışam. Elə fikir yaranmasın ki, mən başqa 

yerlərdə  də dünyaya gəlmişəm, qətiyyən yox, mən elə bircə  dəfə dünyaya gəlmişəm ( sağ 

gəlməyəydim, bakılılar demişkən) və əgər ikinci dəfə belə bir hadisə olsaydı mən yenə də burda 

doğulmaq istərdim; burda, yəni, qır iyi verən qara-qura Bakı  həyətlərində, amma deyəsən, 

həmişəki kimi fikrim dolaşdı, aləmi qatdım biri-birinə. Lap təmiz danışsaq, mən dediyim yerdə 

doğulmamışam. Rayon yerlərindən fərqli olaraq Bakıda evdə doğuş qəbul eləmək adəti yoxdur, 

mən də sovet qanunlarına uyğun olaraq Bayıldakı Krupski adına roddomda doğulmuşam, sonra 

kəmalü-ədəblə gəlmişəm Qırxpilləkənin böyründəki həyətimizə. Ancaq sözün həqiqi mənasında 

dünyaya gəlməyim, dünyanı  dərk etməyim məhz dediyim məkanda yerləşən həyətdə olub. 

Yazımın sonrakı hissəsində  də  mən dünyaya gəlməyim deyəndə,  əslində dünyanı  dərk etməyə 

başlamağımı nəzərdə tutacağam (oxucunun başı gicəlləndi deyəsən) 

Qısası, mən dünyaya gələndə kiçik əmim artıq üç-dörd il idi ki həbsxanada yatırdı, bibimlə 

nənəm isə bütün günü yalnız qara çörəklə pendir verirdilər. 

Hərçənd ki, dieta saxlamağın heç bir bəni-adəmin orqanizminə  ziyanı yoxdur (əlbəttə ki, 

qastriti olanları çıxmaq şərtiylə), bununla belə nənəmlə bibimin bütün gün ərzində yalnız pendir-

çörək yeməyinin səbəbi heç də arıqlamaq, artıq çəkidən azad olmaq cəhdi deyildi (o vaxtlar bizim 

zənən tayfası  hələ «supermodel» xəstəliyinə tutulmamışdı  və qadınların fikrincə gözəlliyin ilkin 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə