Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   36   37   38   39   40   41   42   43   44

  

 

89



Kəbleyi, bu uşaqa səhərdən gözaltı baxıram, yaman fəhmli uşaqa oxşıyır, yəqin ki, mollaxana da 

qutarmış olar. Gəl üzümüzə gələn il göndərey onu Urusyətə, qoy oxuyub bir adam arasına çıxsın. 

Yoxsa batıb gedər, həyifdü. Kəblə Muxtar da mənə baxıb  əlini yellətdi ki, bəs lazım döyül, elə 

bircə o çatmırdı ki, olan qalan namus-qiryətini, müsəlmançılığını da aparıb soxsun matişkələrin 

ayaqlarının arasına.  

Söz Həci Zeynalabdini tutdu diyəsən, qaşqabağını salladıb didi ki, elə nöş danışırsan, 

Kəblə Muxtar, beyəm bizimkilər gedib oxuyub biqiryət olub gəliblər? 

Kəbleyi  əvvəlcə istədi söhbəti deyişsün, ağzını büzüb dedi ki, ay Həci, mən ölüm ağzımı 

açma, allah eləməsün, elə bir söz diyərəm ki, sonra xətrüvə deyər, bilirsən ki, mən bu qurumuş 

dilimi saxlıya bilmirəm. 

Ancaq Həci də  Həciydi, üreyi partdıyardı söhbətin kökünə gedib çıxmaseydi. Oturduğu 

kreslonu bir az da əmimə  tərəf çekib dedi ki, Kəbleyi, oxu atıb yayını gizdətmə, sözün varsa 

üzümə de, yoxsa pis iş görürəm ki, camaatın uşaqlarını göndərirəm oxuyub adam olsunnar? Hə? 

Kəbleyi gördü ki, Həci Zeynalabdin onnan əl çekən döyül, onunçün də dilləndi ki, pis iş 

görmürsən e, ancaq… nə bilim vallah, özün yaxşı bilirsən ki, ay Həci, bizim camaatın bir əlində 

namus-qiryətdü, bir əlində din-iman, bu zibilə qalmış elm də elə  şeydü ki, onu dişnən, ağıznan 

götürməy olmur, gərək əlindəki bu iki şeydən birini atasan ki, onu götürəsən. Ayrı yolu yoxdu. 

Urusyətə, nə bilim Firəngistana oxumağa gedənnər də məcbur olullar ki, bunnardan birini, ya da 

elə ikisini də birdən atsınnar mürtəddərin ayağı altına, o elm dediyün şeyi götürsünnər. 

Görmürsən gedib gələn urusdardan beşbətər olur. Özlərinnən başqa heç kimi beyənmillər. Dönüb 

olullar moltanı. Həm də ki, eşşəyi oxumaqnan adam eləmək olmur axı, ay Həci, eşşeg elə eşşegdü, 

gedib oxuyandan sonra da olur üstünə kitab yüklənmiş eşşeg. 

Həci  əvvəlcə dinmədi, qabağındakı stəkandan bir qurtum çay içib dedi ki, yaxşı , ay 

Kəbleyi,  biz neyniyək ki, elm indi olardadı, o dey mülklər tikdiririk, nə bilim, su çəkdiririk, 

həkim filan lazım olur, o saat cumuruq Urusyetə, Firəngistana, ordan od qiymətinə adam 

gətizdirib işdədirik. Ondansa elə özümüzünkülər oxusunlar, o pulu da elə özümüzünkülərə 

yedizdirək də.  

Kəbleyi razılaşmadı, dedi ki, ay Həci, axı bu gedib gələnlərin beynini orda elə doldurullar 

ki, gələnnən sonra mənim kimilərin saqqalına gülüllər, sənin kimilərin papağına. Elə bilirsən ki, 

sənə çox sağ ol diyəceylər? Yox, əllərinə imkan düşən kimim elə birinci sənin kimilərin üzünə ağ 

olaceylar. Çünki elə öyrədillər oları. Elmi verillər, ancaq əvəzində qanacaq qabiliyyəti, hörmət 

izzəti, müsəlmançılığı alıllar əllərindən. Ondansa elə mollaxana, mədrəsə oxusalar yaxşı olar. 

Həci gülüb dedi ki, Kəbleyi, əvvəla mollaxana, mədrəsə oxuyanımız çoxdu, hamısının da 

hörmətini saxlıyırıq, özün şahidsən. Ancaq Qumda oxuyub müctəhid kimi gələn adama mən 

buruq qazdırıb, su çəkdirə bilmərəm,  incinar döyül axı, canımın müalicəsini ona tapşıra 

bilmərəm axı. Onun öz yeri var, bunun öz yeri, hər ikisi lazımdı. Düz deyirsən ki, elm öyrənən 

uşaqlar çox dəyişillər, gələndə tanımaq olmur, oraların havası başdarını xarab eliyir. Amma ki, 

ayrı yolumuz yoxdu. 

Kəbleyi bir az da özünnən çıxdı, dedi ki, ay Həci, bu vaxtecan xoruz yox idi, səhər açılmırdı 

beyəm? Urus bənnaları olmiyanda bizimkilər beyəm ev tikə bilmirdilər? Yoxsa Xan sarayını, Qız 

qalasını da urusla, firənglər tikib? Ya da ki, elə  həkimləri diyim, allaha and olsun ki, mənim 

nənəm Xatun arvad sənin o Firəngistanda oxuyub gələn həkimlərindən çox bilirdi, adamı qan 




  

 

90



almaqnan, otdarnan, dualarnan, nə bilim, cürbəcür şeylərnən elə müalicə eliyirdi ki, ölü də dirilib 

otururdu. 

Həci Zeynalabdini yenə gülmey tutdu, dedi ay Kəbleyi sən də lap ağını  çıxardma, o 

həkimlərin dərmanları, alətləri, var, bədənin hər  əzasının ayrı  həkimi var, hər  şey təmiz səliqə 

səhmanlı. Yoxsa əski yandırıb külünü yaraya sürtməynən yara sağaldarlar? 

Kəbleyi təslim olmadı, dedi, nə oldu, bu vaxtacan sağaldırdılar, indi eliyə bilməzdər? 

Nöşün ora-buranı görən kimi özünkiləri bəyənmirsən? 

Həci yenə israr elədi ki, ay Kəbleyi, sabah elə sənin özüvün qarnından, nə bilim harandan 

sancı tutsa, bədənivi yara bassa, görsən ki, bizimkilər  əlac eliyə bilmir, beyəm getməzsən təzə 

həkimin yanına? 

Kəbleyi hikkəynən dedi ki, yox, gedmərəm,  əgər bizim müsəlman təbibləri  əlac eliyə 

bilməsələr diməli əcəlim çatıb, Allah-təalanın əmriynən canımı təslim eləməliyəm.     

Sonra da Kəbleyi bir az yavaşdan dedi ki, mənim kimi adamlar da nə qədər danışsalar da 

onsuz da heç zad deyişmiyəcey. Zəmanə belədi, ay Həci, səndə də heç bir günah yoxdu. Amma 

məni yandıran ayrı şeydü, bizimkilər ki, gedib oralarda adamlıqlarını əldən verib elm qazanıllar, 

mən ki, belə görürəm iyirmi otuz ildən sonra bu məmləkətin camaaatının çoxu elmli eşşeglərdən 

ibarət olacey. Elə  iş başında da onlar olacey, camaatın başının ağası da… Babam nəfəsini dərib 

qurumuş dodaqlarını ovuşdurur, qəfildən  əyilib başmağının tayını götürərək həyətin başındakı 

divarın dibindən başını  çıxarıb qorxu-qorxa stol arxasındakılara boylanan bozumtul siçovula 

tolazlıyır, sonra da qarşısında oturan Mirsəftərə baxır və yenə  də  əmisinə  işarəylə davam edir: 

yaman tərs kişiydi Kəbleyi, yetmiş neçə yaşında ciyərinə nəsə yara çıxdı, nə qədər illah eləsəy də 

hikkəsinə salıb gedmədi urus həkiminə, dedi əcəlim çatıbsa ölməliyəm. Kişi bir ayın içində şam 

kimi əriyib getdi. Ancaq həyif, gərək məni də göndərəydi oxumağa. İndiyecən başıma döyürəm 

ki, bəlkə gərək evdən qaçıb gedəydim oxumağa. 

-Hə, -Mirsəftər də  nəyisə xatırlayır. - Bizim kənddə  də bir oğlan vardı, tək uşaq idi, atası  

onu qoymurdu oxumağa getsin, bir də onda xəbər tutduq ki, sənədlərini də götürüb evdən qaçıb. 

İndi neçə ildi Moskvada oxuyur. 

-O vaxt çətin olardı elənçiy oxumaq. Sən indikinə baxma, hökumət instruta girənə pul 

vərir, obşejit vərir, o vaxt pulsuz lap qaçıb getseydim də, oxuya bilməzdim. Yiyib içmey bir yana 

qalsın, ildə filan qədər oxumaq pulu vardı, onu kim verəceydi? 

-Demirsiz, Tağıyev sizi  tanıyırdı? Gedib xahiş edəydiz, kömək edərdi də. 

- Yox əşi, Həci Zeynalabdin bilseydi ki, evdən gizdin qaçmışam, qulağımnan tutub döyə-

döyə qaytarardı evə. Çünki Kəbleyinin xasiyyetini bilirdi. Xəbər tutseydi ki, Həci məni onnan 

gizdin oxumağa göndərib, ömrü boyu üzünə baxmazdı, məni də Allahu Əkbərin qurtaracağında 

da olsa tapıb bağırsaqlarımı tökərdi yerə. 

-Sovet hökuməti qurulandan sonra oxuyardız… 

-Gec idi, atam qərdeşim, taza hökumət gələndə otuza yaxın yaşım vardı, heç əvvəlki 

həvəsim də qalmamışdı. 

Bir müddət hər ikisi susur, babam armudu stəkanın dibində qalmış çayı iki addım 

aralıdakı tut ağacının dibinə boşaldır, Mirsəftər isə  əlində oynatdığı sınıq ağac budağıyla  yerdə 

gəzən iri qara bir dozanqurdunu beli üstə çöndərməyə  cəhd edir, amma buna nail olmur , üzü 

üzlər,  əli əllər görmüş dozanqurdu nəinki heç cür arxası üstə çönmür, əksinə imkan tapan kimi 

qəfil hərəkətlə  ağac budağından yapışıb cəld üzüyuxarı, Mirsəftərin  əlinə  tərəf dırmaşmağa  



  

 

91



başlayır və bunu o qədər sürətlə edir ki, Mirsəftər, bir şey başa düşənə qədər dozanqurdu artıq öz 

xırda , lakin iti caynaqlarını onun ağ  əllərinin yumşaq dərisinə batırır. «Ay dədə» qışqıran 

Mirsəftər tok vurmuş adamlar kimi qəribə bir hərəkətlə dozanqurdunu vurub yerə salır. Qələbə 

çalan dozanqurdu böyük təvazökarlıqla dalını yuxarı qaldırıb heç geri də boylanmadan öz yoluna 

davam edir. 

Onun dalıyca boylanan Mirsəftərsə    əlindəki sınıq budağı  həyətin bir kənarına tullayıb belini 

dikəldir və  nərdtaxtanın üstündəki qəhvəyi ləkələri silərək təəccüblə ona baxan babama ağlına 

gələn ilk sualı verir: 

-Əminiz sovet hökuməti qurulandan sonra ölmüşdü? 

-Yox, sovetdən qabağ. Şəhərə Şollar suyu çəkilən ili. Yazıq həsrətnən gözdiyirdi o günü ki, 

krantdar açılsun. Diyirdi ki, bu su çekilib qutarsa gedib Həcinün  əllərinnən öpəciyəm. Ancaq 

qismet olmadı ona. Su gələndə yorğan döşəyə  düşmüşdü, yaxşı döyüldü halı. Birinci dəfə Şollar 

suyunnan doldurub evə gətirəndə, dedi canım da çıxsa içməliyəm onnan. Biz didik içə bilməz, axı 

bir neçə gündi ki, boğazınnan yemey də keçmirdi. Ancaq kişi kimi iki stekan içdi. Didi, Allah 

Yezidə  lənət eləsin, day bunnan sonra rahat canımı tapşıra bilərəm.  İki günnən sonra rəhmətə 

getdi yazıq. – Babam sözünə fasilə verib dodaqaltı  nəsə  mızıldanır və  əlini üzünə  çəkib «allah 

rəhmət eləsin» deyir, yalnız bu vaxt Mirsəftər başa düşür ki, babam əmisi üçün ürəyində fatihə 

verirmiş.  

-Heyif - Mirsəftər mənalı mənalı başını yellədir. – Gərək sağ olaydı, təzə zamanəni görəydi. 

Babam onunla qətiyyən razılaşmır, gülümsünüb əlini yellədir: 

-Eh, nə danışırsan, ay rəhmətliyin oğlu, yaxşı ki taza hökumətin qurulmağını  Kəbleyi 

görmədi. Yoxsa o qədər hikkə ki onda vardı, elə səhəri gün cumaceydi Həci Zeynalabdinin üstünə 

ki, gördün, mən diyən oldu. Mən sənə dimişdim ki, o pul vərib mürtəddərin, allahsızdarın içinə 

oxumağa göndərdiyün gədə-güdələr imkan düşən kimi elə birinci sənin özüvün dalınnan 

deyəceylər.  İnanmırdun. Bu da axırı…. – Babam başını qaldırıb Təzə Pir məsçidinin uzaqdan 

görünən minarəsinə  tərəf baxır. -  …Alayı  şeyləri demirəm, elə kişi görseydi ki, taza hökumət 

meçiddəri nə günə qoyur, mollaların başına nə oyun açır, vallahi ki, üreyi partdıyardı. Yaxşı ki, 

vaxtında öldi.  

-Hə, biz tərəflərdə də çoxlu məsçidləri, pirləri sökdülər, birini anbar elədilər, birini klub. - 

Mirsəftər kədərlə başını yellədir, amma sonra nə düşünürsə üzü azacıq gülür. - Yaxşı ki, Bakıda 

iki üç məsçid qalıb. O Təzə pirin məsçidinin yanından keçəndə  hər dəfə öz rayonumuzdakı 

məsçid yadıma düşür, kövrəlirəm. Yəqin Təzə pir məsçidini də Hacı Zeynalabdin Tağıyev 

tikdirib.. 

Babam başını yellədib deyir. 

-Yox əşi. Orda Xəlfə damı vardı. Ağır bir ocaq idi ora. Sonra Nabatxanım Aşurbeyova oranı 

alıb haman Taza Piri tikdirmeyə başdadı. Yaman varlı-hallı arvad idi, özü də kişi kimi 

qiryətdiydi. Meçidin özülünü qazıyanda Həci Zeynalabdin xəbər yollamışdı ki, əgər tikintiyçün 

pula paraya ehtiyacı varsa, xəbər eləsin, nə qədər lazımdısa kömey eliyim. Nabatxanım da cavab 

vermişdi ki, pulunu versin qatığa, çeksün başına. Bir-iki gün sonra başa düşmüşdü ki, 

qabiliyyətsizdik eliyib, adam göndərib üzr istəmişdi, Həcini çağırmışdı ki, gəlib özülə ilk daşı o 

qoysun. Həci də gəlmişdi.  

Mirsəftər bircə anlıq gözlərini öz qaldığı otağın ağ rənglənmiş qapısına dikir, elə bil bu ağ 

lövhədə Tağıyevin sifətini canlandırmağa çalışır. Sonra da sanki ixtiyarsız mızıldanır: 



  

 

92



-Neftin qüdrətinə bax. Adi bir bənnanı milyoner eliyəsən.  

Babam yeyilib qurtarmış qarpızın qabıqlarını sininin içinə yığıb içindəki tumları ayırmağa 

başlayır. 

-Kətdekilər didilər ki, bu qarpuzun tumlarını tullamıyın, gələn il lazım olacey. – Sonra 

söhbəti yenə də Tağıyevin üstünə gətirir. - Həcini nöyüt milyaner eləmiyib, Allah onu bir günün 

içində qaldırıb dağın başına bir günün içində də saldı quyunun dibinə. 

Mirsəftər təəccüblənir: 

-Məgər Tağıyevin neft quyuları olmayıb? 

-Atam qərdeşim, beyəm nöyütdi torpaq havayıydı ki, hər yolan keçən bənna alıb quyu 

qazdıreydi? Bir parça elə torpaq almağçün bir ətey pul lazım idi. Həciyə də o pulu allah göydən 

yetirdi. 

-Necə yəni göydən?  

-O vaxt, hələ  Həcinin bənna olan vaxtlarında, bir nəfər gəlib diyir ki, ağam səni görmək 

istiyir. Evin içində balaca bir divarı tikəceysən, yaxşı da pul vericeylər, ancaq tapşırıb ki, sənin 

gözdərivi bağlıyaq, hara getdiyivi bilmiyəsən. həci də razılaşır. 

-Bəs qorxmurdu?- Mirsəftər təəccüblənir. 

-Nədən qorxaceydi? Bənna adam idi də. Döyüb malakeşini  əlinnən almayacağdılar ki. 

Müxtəsəri, onu bir mülkə gətirillər, ancaq içəri otaqlara salannan sonra gözdərini açıllar. Görür ki, 

əntiqə bahalı bir evdü, kresloda da haldan düşmiş qoca bir dənə kişi oturub, özü də müsürmana 

oxşamır. Kişi onu getirənnəri həyətə  çıxardıb Həciyə diyir ki, sənin haqqında çox eşitmişəm, 

diyillər usta bənnasan. Sənə bir işim düşüb. Mən möhkəm xəsteyəm, beş-altı günə o yannıq 

olaceyəm, özüm hiss eləmişəm. Ancaq bir dərdim var, övladdarım bifərdü, bir oğlum 

piyaniskədü, o birisi də qumarbaz. Bilirəm ki, mən başımı yerə qoyan kimi yığdığım bütün  qır-

qızılı, malü-mülki satıb başına daş salaceylər. Onunçün istiyirəm ki, bir sandıq qızılı səniynən bir 

yerdə bu evin pilləkannarının altında gizdədeg. Həci bir söz dimir, hər  şeyi tədarük görüllər, 

sonra kişi evinin içindən həyətə düşən balaca pilləkannarın yanına gətirir Həcini, o də pillələrin 

birini çıxardıb bir sandıq qızılı onun altına yerləşdirir, pilləkanın daşını  təzədən yerinə qoyur

dörvəsini də əhəngliyir. Kişi diyir ki, əgər fərasətdəri olsa, baxıb görəceylər ki, pilləkanın bu daşı 

o birilərdən hündürdədi. Biləceylər ki, burda nəsə var, onda qoy halal xoşdarı olsun. Yox 

ağıllarına gəlməsə qoy qalıb, kimə qismət olursa olsun.  

Axşam düşəndə işini görüb qurtarannan sonra Həci gözünə döndüyüm də eləmə tənbəllik, 

ayaqabısını batırır əhəngə. Sonra nökərlər gəlillər, Həcinin pulunu artıqlamasıynan verib təzədən 

gözdərini bağlıyıllar, faytona mindirib gətirillər  şəhərin içinə, orda gözdərini açıb düşürdüllər 

aşağı. Həci də elə geceynən təxmin elədiyi məhəllələrdə gəzib baxır ki, hansı mülkün qabağında 

əhəng ləpirləri var. Axırı  səhərə yaxın həmən mülki tapır, rahat çıxıb gəlir evinə. Sonra da o 

məhəllədəki ev dəllallarına xəbər eliyir ki, o mülk satılsa birinci mənə diyün. Qoca kişi düz 

diyirmiş, həmən vaqiədən iki həftə sora xəbər gəlir ki, gədələr evi satıllar. Həci dəllalnan bir 

yerdə müştəri kimi gedib  o mülkə baxır, həmin piləkannarı da görəndə fikir vərir ki, ora əl vuran 

olmuyub. Arxayınnaşır, gedib  kimnənsə faizə pul götürüb tez həmin evi alır, pilləkanın altındakı 

qızılları  çıxardır, sonra neftli torpaq alır, buruq qazıyır, quyuları fantan vurur, dönüb olar 

neftxuda. – Babam danışa danışa öz həyətimizdəki daş pilləkannarı  nəzərdən keçirir, elə bil 

onların da altında qızıl olub olmamağını fikirləşir. Nəhayət sözünə davam edir. – Didiyim odu ki, 

Həciyə allah-təala özü o qədər varidatı vərmişdi, onunçün də Həci simicdiy eləməzdi, camaatçün 



  

 

93



əlinnən gələni eliyərdi, bilirdi ki, bir gün gələn bir gün də gedəcey. Elə  də olur. Taza hökumət 

qurulan kimi Həcinin neyi var, alıllar əlindən, bir dənə Mərdəkandakı həmin bağı vərillər ona. Elə 

orda da rəhmətə gedir. Rəhmətdiyin dəfnində  bilirsən nə qədər adam vardı? Heç İstalin öləndə o 

qədər məxluq tökülməmişdi küçələrə. Elə bil şəhəri qarışqa basmışdı… 

… Söhbətin bu yerində  həyət qapısına elə bil möhkəm bir təpik dəyir və geri çönən 

Mirsəftərlə babam qapının çərçivəsinə söykənən  əmimi görürlər. Onun görkəmindən bilinir ki, 

ayaq üstə güclə dayanır, gözlərinin gilələri də elə bil ayrı-ayrı istiqamətlərə baxır. Lakin bu 

halsızlıq hamının adət etdiyi kimi sərxoşluğun , yaxud o zəhrimara qalmış anaşanın təsirinə 

oxşamırdı. Çünki əminin sifətində  sərxoş olduğu vaxtlarda parıldayan həmin spesefik 

təbəssümdən əsər əlamət yox idi. Elə bil nəsə qeyri-adi bir hadisə baş vermişdi.  

Bunu ilk olaraq babam hiss edir. Qəfildən ayağa qalxıb oturduğu stulu kənara itələyir, 

ancaq hələ əmimə tərəf getməyə cürət etmir və yalnız boğuq səslə:  

– Nə olub ki? - deyə soruşur. 

Əmim düymələri yarıyacan açıq köynəyinin yaxasını dartışdıraraq quyu dibindən gələn  

qəribə bir səslə cavab verir: 

-Cəbrayılın kiçik qızı nöyüt töküb özünü yandırıb. – Sonra özü özüylə danışırmış kimi 

əlavə edir. - Bu da üç. Allah ikisindən saxladı, üçüncüdən saxlamaq istəmədi… 

 

 



                                         Bir  

 

            Ümid qeyb oldu, ruhumda qaranquşlar ölən gündən, 

Mən eşqimdən qaçaq düşdüm sən insafa gələn gündən. 

 

Daha hifz eyləyən yoxdur bəladan ruhumu, yəqin, 

Mələklər də küsüb məndən səni tanrım bilən gündən. 

 

Uçub getsəm də yanından,  elə bilmə ki, tənhasan, 

Başın üstündəyəm hər gün, səmaya yüksələn gündən. 

 

Saralan çöhrəmin irəngi mənimçün yadigar qalmış, 

Payız yarpaqlarıyla sən gözüm yaşın silən gündən. 

 

Cəhənnəm quşları açmış mənə öz odlu ağuşun, 

Səni tapmaq yəqin ikən gümana çevrilən gündən. 

 

Yuxum üz döndərib məndən, gözüm bağlanmayır bir dəm, 

 O məsum çöhrəvin əksi gözümdə dincələn gündən. 

 

Atıbdır Fəhmini hiddətlə dərdin qoynuna tanrım, 

Sevinclə dərd arasında bu dünyanı bölən gündən. 

 

 




  

 

94



                                         İki  

 

Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün, 

Tez bəla gəldi dodaqdan gülüşü silmək üçün. 

 

Sənə dönmək nə səadətdi, burax əllərimi

Qoy gedim, itməyə yox-bir də sənə gəlmək üçün. 

 

Bütün ömrüm boyu dil tapmadım öz könlüm ilə, 

Can verərdim bu çətinlikdə dili bilmək üçün. 

 

Qələmimdən süzülür duyğularım ağ varağa 

Dəftərim içrə beş-on günlüyə dincəlmək üçün. 

 

Cismi at, ruhuvu azad elə artıq yükdən, 

Bir çinar yarpağı üstə göyə yüksəlmək üçün. 

            

Taleyin fırçasın almış dişinə çərxi-fələk, 

Ömrümü rənglərə göy qurşağı tək bölmək üçün. 

   

Mən sürünmək dolu bu ömrü verərdim, Fəhmi, 

Bir saatlıq kəpənək tək yaşayıb-ölmək üçün. 

        

 

                                    Üç  

 

Bu güzgüdəki sənsən, gülmə mələyim gülmə, 

Əksin niyə daşlaşdı, bilmə mələyim bilmə. 

 

Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq, 

Gecdir yanıma artıq gəlmə mələyim gəlmə. 

 

Göz yaşı o günlərdən çöhrəndə qalan izdi, 

Gör bir necə acizdi, silmə mələyim silmə.  

 

Son saniyəsi ömrün qopmaqdadı əqrəbdən, 

Ölmək də düşüb dəbdən, ölmə mələyim ölmə. 

 

Təkcə sənin olsun qoy, ruhunda onu bəslə 

Sən Fəhmini heç kəslə, bölmə mələyim bölmə. 

 

 




  

 

95



Birinci kitabın sonu 

  

 

Document Outline

  •             Göyərçin dimdiyi həssas, gecə ulduz yığar dən-dən,
    •           Elə dünyaya düşdük ki, qaralar  ağ yeyir – doymur,

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə