Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

 
46 
Əhd-peymanında sadiqsən əgər
Əziz tut eşqimi, vəfalı ol, gəl, 
Mənim sözlərimə əməl et, əməl! 
Ləblərin dəyməsin heç bir yad dişə, 
Qoyma ki, incini bir almaz deşə! 
Eşqimdən sinəndə dağ varsa əgər, 
Mənim də qəlbimi bu dağ əridər. 
Eşqindən könlümə çəkilibdir dağ. 
Olmuşam dərdinə, qəminə ortaq! 
Züleyxa görüncə onu mehriban, 
Bu şirin sözləri eşitcək ondan. 
Sevincdən o pəri divanə oldu, 
Odlara alışan pərvanə oldu. 
Canı şölələndi, ciyəri yandı, 
Yuxudan necə bir sərməst oyandı. 
Ürəkdə dağ kimi qalandı qəmi, 
Ahının tüstüsü tutdu aləmi! 
Bir idi sevdası, yüz oldu birdən
Başının qovğası keçdi həddindən! 
Ağlın cilovunu əldən buraxdı, 
Nə məsləhət qandı, nə sözə baxdı. 
Qönçə tək qan oldu köksündə ürək, 
O qanı torpağa tökdü lalə tək! 
Yanağı eşqində saralıb soldu, 
Zülfünü yad edib, saçını yoldu. 
Dayələr dövrünü-bərini aldı, 
Halə tək o bədri halqaya saldı. 
Elə ki halqadan bir yol açardı, 
Ox kimi aradan çıxıb qaçardı. 
Nə təqib bilərdi, nə də məlamət, 
Küçəyə gedərdi o sərv qamət. 
Qönçə tək bəndini açsaydı hələ, 
Gül kimi pərdəsiz qaçardı çölə. 
Atası tutunca xəbər halından, 
 
47 
Yığıb təbibləri istədi dərman. 
Düşünüb, daşınıb, tökdülər tədbir, 
Dedilər: – Ən yaxşı tədbirdir zəncir! 
Zəncir hazırlandı xalis qızıldan, 
Hər bir halqasında ləl ilə mərcan. 
Asıldı qıçından bir zindan kimi, 
Xəznə üzərində bir ilan kimi. 
Hüsnün xəznəsiydi o gözəl canan
Hər xəznə üstündə yatar bir ilan. 
Bağlancaq ayağı qızıl ilanla, 
Ağlayıb deyirdi ahü-fəğanla: 
– Eşqin zəncirinə bağlamışsa yar, 
İkinci zəncirə nə ehtiyac var?! 
Fələk təzələdi ürək dağımı, 
Saldı bu zəncirə əl-ayağımı. 
Mənim ki qalmamış taqət dizimdə, 
Çıxılmaz olmuşdur yollar gözümdə. 
Bu ağır zəncirə bağlamaq neçin? 
Sinəmi zülm ilə dağlamaq neçin? 
Palçığa batmışdır sərvin ayağı, 
Müşküldür oradan çıxıb qaçmağı. 
Bağban necə baxar belə tədbirə 
Ki, suyu salmışlar bəndi-zəncirə. 
Zəncirə bağlansın gərək o dilbər 
Ki, məni bir anda salmış dərbədər. 
Bəlkə, ağır-ağır qədəm qoyunca, 
Lalə yanağını görüm doyunca! 
O bir şimşək kimi çaxıb tez gedir, 
Qəlbimi yandırıb tarümar edir. 
Taleyim yar olsa, onu saxlaram, 
Bu qızıl zəncirlə tutub bağlaram. 
Tamaşa edərəm doyunca ona
Bu qara günlərim yetişər sona. 
Nələr danışıram? – O nazlı dilbər, 


 
48 
Ayağına bir toz qonarsa əgər, 
Çulğayar canımı dağ kimi möhnət, 
Şadlığa, sevincə qalaram həsrət. 
Razı olarammı qəm-qüssə etsin? 
Gül tək ayağını zəncir incitsin? 
Bu cür aşiqanə əfsanələrdən, 
Birisi hədəfə tuş dəydi birdən. 
Yarıldı sinəsi haman yaradan, 
Yıxıldı, necə bir yaralı ceyran. 
Bir zaman dünyadan qaldı bixəbər, 
Az sonra özünə gəldi o dilbər. 
Divanə könlünə tabe olaraq, 
Başladı çalmağa yenə əl-ayaq. 
O gah ağlayırdı, gah da gülürdü, 
Bir an dirilirdi, bir an ölürdü. 
Haldan-hala düşüb hər ləhzə, hər an, 
Tam bir il bu halla yaşadı canan. 
 
49 
ZÜLEYXA  ÜÇÜNCÜ  DƏFƏ   
YUSİFİ  YUXUDA  GÖRÜR. 
ADINI  VƏ  YERİNİ  BİLİR  
VƏ  AĞLA  GƏLİR 
 
Gəl, ey eşq, işlərin çox qarışıqdır, 
Peşən gah savaşmaq, gah barışıqdır! 
Gah ağıllıları dəli edirsən, 
Gah da divanəyə ağıl verirsən. 
Gözəllər zülfünü zəncir edərək, 
Aqili bağlarsan divanələr tək. 
O zülfün bəndini açdığın zaman, 
Ağıl çırağına nur gələr ondan. 
Züleyxa bir gecə səbrü qərarsız, 
Qəmlə həmdəm idi özü qəmxarsız. 
Başına çəkirdi möhnət camını, 
Almışdı əlindən eşq aramını. 
Ənbər saçlarını qəmdən yolurdu, 
Ah ilə başına kül sovururdu. 
Düşdü üzü üstə qara torpağa, 
Torpağı döndərdi gül üzü bağa. 
Tökdü nərgizindən qanlı yaşları, 
Süsən tək dil açıb, andı dildarı. 
Qəlbindən qəm teli bağladı saza, 
Yar ilə başladı razü-niyaza. 
Dedi: – Ey səbrimi qarət edən yar, 
Pərişan könlümdə qoymayan qərar! 
Mənə qəm gətirdin, qəmxar olmadın. 
Könlümü ovladın, dildar olmadın, 
Deyərdim, gülərdim, yaşayardım şən. 
İndi zəncirinə bağlanmışam mən! 
Adını bilmirəm, çağırım, barı, 
Yerini bilmirəm, axtarım yarı! 
Qönçə tək o qədər qan yedim qəmdən, 


 
50 
Axırda gül kimi çıxdım hərəmdən. 
Demirəm, gözündə əziz bil məni, 
Özünə bir yazıq kəniz bil məni. 
Kənizin könlünü lütfünlə qıl şad, 
Möhnət zindanından gəl, elə azad!  
Mənim tək bağrı qan olmasın heç kəs, 
Məni rüsvay etdi bu eşqi-həvəs. 
Dünyaya sığmayır anamın qəmi, 
Atama güldürdüm bütün aləmi. 
Məni tərk etdilər pərəstarlarım, 
Yalqızlıq qəmilə keçir rüzgarım. 
Canımı bir çöp tək saldım odlara. 
Kimsəsiz mən hara, yanar od hara? 
Danışıb könlüylə şivən qopardı, 
Nəhayət, o gülü yuxu apardı. 
Gözü məst olunca yuxu camından, 
Gəldi yuxusuna yenə də canan. 
Nə qədər gözəldi camalı, bilsən, 
Vəsfində daha söz tapmayıram mən. 
Tutdu ətəyindən Züleyxa yavaş, 
Tökdü ayağına gözdən qanlı yaş. 
Dedi: – Ey qəlbimi möhnətə salan, 
Bu ağlar gözümdən yuxunu alan! 
Səni o xaliq ki, yaratmış səni, 
Hər iki dünyada ucaltmış səni, 
Azalt könlümdəki qəmi, qubarı 
Adını, yurdunu aç, söylə, barı! 
Dedi: – Təkcə bunu arzu edirsən? 
Qoy deyim, Misirdə yaşayıram mən. 
Məni əziz tutar Misir sultanı. 
O mənə vermişdir şövkəti, şanı. 
Züleyxa elə ki ünvanı bildi, 
Elə bil, yüzillik ölü dirildi. 
Dinlədi yarını o nazlı afət, 
 
51 
Başına huş gəldi, canına qüvvət. 
Yuxuda taleyi ona oldu yar, 
Divanə yatmışdı, oyandı huşyar. 
Tutunca sevdiyi o aydan xəbər
Yenidən ağıllı oldu o dilbər. 
Çağırdı, kənizlər gəldi hər yandan, 
Dedi: – Qəm yükünü atın boyundan. 
Aparın atama bu xoş müjdəni, 
Silin xatirindən qəmi, qüssəni. 
Deyin ağlım, huşum gəlmiş yerinə, 
Qurumuş arxıma su gəlir yenə. 
Gəl, qızıl zənciri aç ayağımdan, 
Daha divanəlik etmərəm, inan! 
Qoyma ayağımı, qalsın zəncirdə, 
Öz əlinlə gəl, aç, bağlama bir də. 
Bu müjdə atanın könlünü açdı, 
Az qala başından huşu da qaçdı. 
Özünü bir vurğun kimi itirdi
Nəhayət, o nazlı sərvə yetirdi. 
Gümüş ayağından açdı ilanı, 
Zəncirdən qurtardı sərvi-rəvanı. 
Önündə torpağa düşüb dayələr, 
Qızıl taxta onu dəvət etdilər. 
Naz ilə əyləşdi taxt üstə canan, 
Başına tac qoydu xalis qızıldan. 
Pərilər onunla həmxanə oldu, 
O şəmin başına pərvanə oldu.  
Yaşıdlarla məclis qurdu o dilbər, 
Tuti tək ləbindən axıtdı şəkər. 
Başladı söhbətə, dodağı qaçdı, 
Bir çox ölkələrdən söz-söhbət açdı. 
Hekayə söylədi Rumdan, Həbəşdən, 
Misrin adını da çəkirdi bəzən. 
Elə ki, Misrdən başlandı söhbət, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə