Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

 
40 
Başqası söylədi: – Pəridən, divdən, 
Ona bir sədəmə çatmış, deyəsən! 
Biri dedi: – Məncə, sehrkarlardan, 
Birisi tor qurmuş, düşmüş o canan! 
Digəri söylədi eşqdir, yəqin, 
Eşqin əsiridir qəlbi dilbərin! 
Lakin o görməmiş hələ kimsəni, 
Yuxuda vurmuşdur şaxta gülşəni. 
Hərənin fikrində doğdu bir güman, 
Götür-qoy etdilər bir xeyli zaman. 
Lakin ürək sirri olmadı aşkar, 
Nəticə vermədi bu danışıqlar. 
Onun bir füsunkar dayəsi vardı 
Ki, yüz füsunkarı alıb satardı. 
Eşqin yollarında sınaqdan keçmiş, 
Sevib-sevilməyin meyini içmiş. 
Aşiqlə məşuqu çatdırıb vəslə, 
İncik könülləri almışdı ələ. 
Gəlib, gecə öpdü qədəmlərindən, 
Dedi: xidmətində qocalmışam mən. 
Bir təzə qönçəsi şahlıq bağında, 
Yaraşmaz xar gəzsin gül yanağında. 
Ürəyin şad olsun, ləblərin gülsün, 
Başına taleyin nuru tökülsün. 
Gözəllik bağının cavan sərvisən, 
Canımın tutisi uçmaz sərindən. 
Bir arxa oxşaram suyum vəfadan, 
Səni kənarımda bəsləmiş zaman. 
Üzünü ilk dəfə görən mən oldum
Göbəyin mehr ilə kəsən mən oldum. 
Mişklə, gülabla çimdirdim səni, 
«Gülümsən!» deyərək, dindirdim səni. 
Könlümü pərdə tək çəkdim sazına, 
Yüz tellə bağlanıb könlüm nazına. 
 
41 
Döşümdən süd əmdi şəkər ləblərin, 
Qanımla bəsləndi o gül peykərin. 
Gecə beşiyinin yanında durdum, 
Səhərlər üzünə mən bəzək vurdum. 
Yeridimsə, daim tutdun əlimdən, 
Yatdımsa, uyudun sinəm üstə sən. 
Bir gülsən, qamətin sərvdən gözəl, 
Hələ çəkməmişəm ətəyindən əl. 
Sənin xidmətində hazır durmuşam, 
Səninlə bir durub, bir oturmuşam. 
Hər yerə getmişsə sərv qamətin, 
Kölgə tək düşmüşəm, ardınca sənin, 
Qarşında durmuşam oturanda sən
Yatanda, payinə baş qoymuşam mən. 
İndi də, keçmişdə olduğu kimi, 
Hazıram, göstərəm sədaqətimi. 
Niyə gizlədirsən sirrini məndən, 
Sirdaşı yad bilib, üz döndərirsən? 
De görüm, kim səni bu hala saldı? 
Kim səni möhnətə, məlala saldı? 
Gül kimi nə üçün soldun açmadan? 
Kimin qüssəsindən oldun pərişan? 
Nə üçün gül üzün soldu, saraldı? 
Ahın tüstü kimi göyə ucaldı? 
Günəşdən nə üçün döndün hilala? 
Nə üçün uğradı hüsnün zavala? 
Yəqin ki, qəlbinə bir ay hakimdir, 
Gizlətmə, aydın de, bu ay bəs kimdir? 
Bil ki, bir mələk tək göyə qalxsa da, 
Müqəddəs nur kimi göydə axsa da, 
Əfsunla, sehrlə ram edərəm mən, 
Göydən yer üzunə endirərəm mən. 
Pəri tək gizlənsə dağda, meşədə, 
Sahirəm, təcrübəm var bu peşədə. 


 
42 
Sehrlə tutaram meşə içində, 
Sənə yetirərəm şişə içində. 
Əgər bəşərdirsə sevdiyin o yar, 
Tezliklə silinər könlündən qubar. 
Bəndə yox, bir allah olsa da böylə, 
Kim sənin vəslini istəməz, söylə?! 
Züleyxa gördü, çox mehribandır o, 
Hal duyan, iş görən bir insandır o. 
Əlacsız qalaraq dedi düzünü, 
Ulduzla bəzədi öz ay üzünü. 
Söylədi: Bilmirəm, istəyim nədir? 
Açarı tapılmaz bir xəzinədir. 
Simurğla həmyuva olan bir quşdan, 
Nə deyib-danışım, nə verim nişan? 
Simurğun adını bilir insanlar, 
Addan da məhrumdur sevdiyim o yar. 
Dərdli öz dərdinin adını bilsə, 
Acı da görünər şirin hər kəsə. 
Hicran acı qılsa ağız dadını, 
Ağzı şirin olar, çəksə adını. 
Dil açıb dayəyə o nazlı dilbər; 
Sirrini söylədi ona sərasər. 
Yuxusundan onu qıldı xəbərdar 
Ki, nədən könlündə qalmamış qərar! 
Dayə fikrə dalıb, düşündü bir az
Bildi ki, bu dərdə əlac tapılmaz. 
Bəli, hər kəs üçün aydındır mətləb, 
Naməlum bir şeyi etməzlər tələb. 
Bir şeyin adını bilməsə insan, 
Onu axtararsa, adlanar nadan. 
Dayə çox düşünüb, aradı tədbir, 
Bildi ki, əlacı nəsihətdədir. 
Dedi: Bu iş olub divlər əliylə, 
Divlər peşəsidir məkr ilə hiylə. 
 
43 
Girərlər bir gözəl insan donuna, 
Bizi yandırarlar eşqin oduna. 
Züleyxa dedi: Yox, bu mümkün deyil, 
Div elə bir şəklə girə bilməz, bil! 
Bir vücud ki, əslən, şərdən yarana, 
Mümkünmü, geyinsin mələk donuna?! 
Dayə dedi: Belə yuxu çin olmaz. 
Yalançın ağıllı saralıb, solmaz! 
Züleyxa dedi: «Yox, deyildir, yalan, 
Yalan, düz adamı çıxarmaz yoldan. 
Həqiqət söyləmiş arif adamlar. 
Ki, əyri əyrini, düz düzü tapar. 
Dayə dedi: Sən ki ağıllı qızsan, 
Gəl bu əfsanəni çıxart yadından! 
Züleyxa dedi ki, «Olsaydı mümkün, 
Girməzdim altına bu ağır yükün. 
Lakin mən nə edim, taqətim bitmiş, 
İxtiyar cilovu əlimdən getmiş? 
Daşın üstündəki naxışdan möhkəm, 
Qəlbimdə iz salmış ağır dərdü qəm, 
İstər külək əssin, axıb gəlsin sel, 
O naxış bu daşdan silinən deyil! 
Dayə onu görcək eşqdə möhkəm, 
Nəsihət dilini bağladı o dəm. 
Atasına dedi bu macəranı, 
Yandı qəm oduna atanın canı. 
Ata da tədbirdə aciz qalaraq, 
Dedi: «Bu düyünü haqq açar ancaq!» 


 
44 
ZÜLEYXA YUSİFİ İKİNCİ DƏFƏ 
YUXUDA 
 GÖRÜR VƏ EŞQ ONU CÜNUN  
UÇURUMUNA ÇƏKİR 
 
O könül xoşdur ki, eşqə mənzildir, 
Dünyanın işindən məstü qafildir. 
Belə könüllərdə bir şimşək çaxar, 
Səbri də, ağlı da yandırıb yaxar. 
Qalmaz rahatlıqdan onda bir əsər, 
Qəm dağı gözünə bir çöp görünər. 
Canı məlamətə edərək adət, 
Eşq artar, təsirsiz qalar məlamət. 
Züleyxa ay kimi əridi bir il, 
Oldu hilal kimi heçliyə mayil. 
Bir gecə hilal tək əyilib durmuş, 
Göz yaşı şəfəqi içrə oturmuş. 
Deyərdi: Ey fələk, nələr etdin sən? 
Gül üzüm saraldı sənin zülmündən! 
Əydin qamətimi, qıldın bir kaman, 
Məlamət oxuna eylədin nişan. 
Məni boş bir xəyal əlinə verdin. 
Dərdü qəm əlindən cana yetirdin. 
Qəlbimdə yer saldı nuri-məhəbbət, 
Yuxumda canlandı o munis surət. 
Nə gəlib yanımda oturur bir an
Nə gəlir yuxuma o mahi-taban. 
Xoşbəxtlik olardı mənimçün əgər, 
Yuxuma girsəydi bir də o dilbər. 
Bəxtim oyanardı ağır yuxudan, 
Görsəydim yuxuda onu bircə an. 
Yatsam da, yuxuda dincəlməz gözüm, 
Bilmirəm, bu dərdə mən necə dözüm?! 
Bəxtim oyanaydı, ey kaş, yuxudan, 
 
45 
Yuxuma gələydi, bir də o canan! 
Gecə keçib gedir həsbhal ilə, 
Züleyxa məşğuldu bu xəyal ilə. 
Yuxu gözlərinin üstünü aldı, 
Yatmadı, bir zaman o huşsuz qaldı. 
Vücudu yataqda dincəlməmişkən, 
Qapıda göründü yenə gülbədən. 
İlk dəfə könlünü ovlayan oğlan, 
Göründü gözünə ay kimi haman. 
Gözəl surətinə salınca nəzər, 
Qalxıb ayağına düşdü o dilbər. 
Yeri öpüb dedi: – Ey sərvi-rəvan, 
Qoymadın qəlbimdə sən tabü-tavan. 
O xaliq ki səni nurdan yaratmış, 
Ləkəsiz, eyibsiz bir can yaratmış. 
Bütün gözəllərdən tutmuşdur əziz, 
Dirilik suyundan təmizsən, təmiz! 
Yandırıb üzündə şəmini hüsnün
Məni pərvanə tək yaxıb büsbütün, 
Verib can bağına qəddinlə ziynət, 
Dodağın ruhlara bəxş edər qüvvət. 
Qara zülflərini qılaraq kəmənd, 
Edib hər tükünə könlümü peyvənd. 
Vücudum belin tək döndü bir tükə, 
Ürəyim ağzın tək oldu bir tikə. 
O tanrı naminə, dilə gəl, dilə, 
Rəhm edib, sözümə bir cavab söylə! 
Söylə, ey hüsniylə canımı alan, 
Kimsən, adın nədir, haralardansan? 
Hansı mədəndənsən, ey parlaq gövhər? 
Haranın şahısan, mənə ver xəbər? 
Dedi: – Bir insanam Adəm nəslində 
Bu sudan, torpaqdan yaranmışam mən! 
Doğrudan da, mənə aşiqsən əgər, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə