İnsan və tale problemi


Allahın elmi cəhlə dönər!



Yüklə 144,32 Kb.
səhifə31/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   24   25   26   27   28   29   30   31   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Allahın elmi cəhlə dönər!

Tale və qəzavü-qədər bəhsinin sonunda fatalistlərin ən məşhur iradlarına toxunmağımız və cavabın aydın olması üçun onu təhlil edib araşdırmağımız daha yaxşı olardı.

Fatalistlər öz iddialarına həm dini mənbələrdən, həm də əqli baxımdan çoxsaylı dəlillər gətiriblər. Müsəlman fatalistlər Quranın qəzavü qədər barəsindəki öncə qeyd etdiyimiz ayələrinə, bəzən də həzrət Peyğəmbər və məsum imamların bu barədəki kəlamlarına istinad ediblər.

Fatalistlər bu barədə çoxsaylı əqli dəlillər gətiriblər. Biz Fəlsəfənin əsasları və realizm metodu" kitabının üçüncü cildində onların bəzisini qeyd edib cavablandırmışıq. Fatalizmin ən məşhur iradı onun ilahi anlamdakı qəzavü qədərin, yəni Allahın elmi ilə əlaqəli iradıdır. Belə ki, Allah-taala əzəldən baş verəcək və verməyəcək nəsnə və olaylardan xəbərdardır və heç nə Onun əzəli elminə gizli deyil. Digər tərəfdən, Allahın elmi nə dəyişəndir, nə də onun əksi baş verə bilər. Yəni Allahın elmi nə dəyişə, nə də başqa şəklə düşə bilər. Çünki dəyişiklik zəruri varlığın tam və kamil olması ilə ziddiyyət təşkil edir. Həmçinin Onun əzəldən bildiyi şey baş verən şeylə ziddiyyət təşkil edə bilməz. Çünki belə olsa, Onun elmi elm olmaz, əksinə, cəhl olar. Bu da mütləq varlığın tam və kamil olması ilə ziddiyyət təşkil edir.

Deməli, bu iki müqəddiməyə əsasən:

a. Allah hər şeydən xəbərdardır.

b. Allahın elmi nə dəyişə, nə də onun əksi baş verə bilər. Buradan da belə bir məntiqi nəticə çıxır ki, hadisələr, mütləq, Allahın elminə uyğun şəkildə gerçəkləşməlidir. Xüsusilə bunu da nəzərə almaq lazımdır ki, Allahın elm təsiredici, yəni məlumun (obyekt) elmdən qaynaqlandığı bir elmdir, insanın aləmdəki hadisələr barəsindəki elmi kimi elmin məlumdan qaynaqlandığı, təsirləndiyi bir elm deyil.84

Buna görə də əgər əzəldən Allahın elmində filan şəxsin filan saatda filan günahı etməsi varsa, həmin günah, mütləq, nəzərdə tutulan kimi baş verməlidir və günahı edən şəxs başqa cür davrana bilməz, Ümumiyyətlə, heç bir qüvvə onu dəyişdirə bilməz. Çünki onda Allahın elmi cəhl olar. Xəyyam rübailərinin birində belə deyir:



Mən mey içirəm, içənlər əhl olsa əgər,

İçməkləri əql önündə məqbul görünər.

Haqq içməyimi bilirdi lap əvvəldən,

Mən içməsəm, Allahın elmi cəhlə dönər.

Qəzavü-qədərin düzgün mənasını dərk edəndən sonra bu suala cavab vermək asandır. Bu iradın yaranma səbəbi Allahın elmi ilə aləmdə mövcud olan səbəbiyyət prinsipinin bir-birindən ayrı fərz edilməsidir. Yəni belə fərz edilib ki, əzəldən Allahın elmində heç bir əsas olmadan və təsadüfən hadisələrin baş verməsi nəzərdə tutulub və sonra bu elmin düz çıxması, əksinin baş verməməsi üçün aləmdə baş verən hadisələr nəzarətdə saxlanılmalı, onun əvvəlcədən hazırlanmış proqramla üst-üstə düşməsinə nəzarət edilməlidir.

Başqa sözlə desək, burada Allahın elmində hadisələrin baş verməsi və ya verməməsi aləmdəki səbəb-nəticə sistemi nəzərə alınmadan planlaşdırılıb və həmin elmin gerçəkliklə üst-üstə düşməsinə səbəb olan iş görülməlidir; aləmdəki səbəb-nəticə sistemi nəzarətdə saxlanılmalıdır: bəzən təbii təsir qüvvəsinə malik şeyin təbii təsirinin, iradə və ixtiyar ilə iş görən şeyin iradə və ixtiyanının qarşısı alınmalıdır ki, Allahın əzəli elmində qərara alınmış şey gerçəklikdə baş verən şeylə üst-üstə düşsün və ziddiyyət taşkil etməsin, Bu üzdən, insan da ixtiyar, azadlıq, qüdrət və iradəsini itirməlidir ki, əməlləri tam şəkildə nazarət altında qalsın və Allahın elmi cəhlə dönməsin.

Allahın elmi barəsində belə bir təsəvvür cəhalət və xəbərsizliyin son həddidir. Məgər Allahın elmində heç bir əsas olmadan və təsadüfən hadisələrin baş verməsinin və ya verməməsinin nəzərdə tutularaq sonra həmin elmin gerçəkliklə üst-üstə düşməsi üçün sarsılmaz səbəb-nəticə sisteminə müdaxilə edilməsi, onda dəyişikliyin aparılması, hansısa varlığın təbiətindən müəyyən bir xüsusiyyətin, yaxud ixtiyar sahibi olan varlığın azadlıq və ixtiyarının əlindən alınması mümkündürmü?!

Buna görə də qeyd edilən rübainin tam da olmasa, yarımfilosof hesab olunan Xayyama aid olması inandırcı deyil. Bəlkə də, o sonradan Xəyyama aid edilib, Ola da bilər ki, o, Xəyyamındır, amma o həmin rübaidə ciddi fəlsəfi dildə danışmaq istəməyib, sadəcə olaraq xəyali bir düşüncəni şeir dili ilə ifadə etmək istəyib. Tədqiqatçıların çoxu şeir yazanda öz elmi və fəlsəfi fikirlərini bir qırağa qoyub incə xəyalları gözəl şeir şaklinə salıblar. Başqa sözlə desək, filosof dili ilə deyil, ədib dili ilə danışıblar. Xəyyama aid edilən şeirlərin çoxu da belədir. Xəyyam dünyada bu cür xəyal və təfəkkür tərzi ilə məşhurlaşıb.

Allahın əzəli elmi aləmin səbəb-nəticə sistemindən ayrı deyil. Allahın elmi də elə Onun həmin sistemdən xəbərdar olması deməkdir. Allahın elminin zəruriləşdirdiyi şey bu aləmin mövcud sistemləridir. Allahın elmi birbaşa və bilavasitə hər hansı bir hadisənin nə baş verməsinə, nə də baş verməməsinə aid olur. Hər hansı bir şeyin baş verməsi Allahın elmində qeyd-şərtsiz və onu doğuran səbəblərlə əlaqəsiz olmur, əksinə, həmin hadisə öz xüsusi səbəbindən yaranması ilə şərtlənir. Səbəblər bir-birindən fərqli olur: birinin səbəb olması təbii, biri şüurlu, biri məcburi, biri ixtiyari olur. Allahın əzəli elmi təbii təsirin təbii səbəbdən, şüurlu təsirin şüurlu səbəbdən, məcburi təsirin məcburi səbəbdən, ixtiyari təsirin ixtiyara malik səbəbdən yaranmasını tələb edir. Allahın elmi ixtiyar sahibi olan təsirin ondan icbari şəkildə yaranmasını tələb etmir.

Başqa sözlə desək, Allahın əzəli elmi varlıq sistemi haqqında, yəni nəticələrin öz xüsusi səbəblərindən törəməsi haqqında elmdir. Obyektiv aləmda səbəblər və subyektlər fərqlidir: biri təbildir, biri şüurludur, biri ixtiyaridir, biri də məcbur. İdraki sistemdə də belədir. Yəni hər bir subyekt idraki aləmdə də obyektiv aləmdə olduğu kimidir.

Hətta belə demək lazımdır: o. idraki aləmdə necədirsə, obyektiv aləmdə də elədir. Hər hansı bir subyektdən təsirin törənməsi barəsindəki ilahi elmin mənası onun ixtiyar sahibi olan subyektdən ixtiyari təsirin və məcbur subyektdən məcbur təsirin törənməsinə aid olmasıdır. İlahi elmin zəruriləşdirdiyi şey ixtiyar sahibi olan subyektin işinin ixtiyari subyektdən və məcbur subyektin işinin məcbur subyektdən törənməsi deməkdir. Allahın elmi nə ixtiyari subyekti məcbur edir, nə də məcbur subyekti ixtiyar sahibi edir.

Öncə də qeyd etdiyimiz kimi, insan varlıq aləmində öz fəaliyyətlərində bir növ azadlıq, ixtiyar və potensiala malikdir və bu potensiyaya digər varlıqlar, hətta heyvan belə malik deyil. Obyektiv aləm idraki aləmdən və təbiət aləmi də ilahi aləmdən qaynaqlandığı üçün insanın iş və əməllərinə yönələn əzəli elm Allahın əzəldən kimin öz azadlıq və ixtiyarı ilə itaət, kiminsə günah edəcəyini bilməsi deməkdir. Həmin elmin tələb etdiyi şey itaət edənin də, günah edənin də həmin işi öz iradə və ixtiyarı ilə həyata keçirməsidir. "İnsan azadlığa məhkumdur"85 deyənlərin sözünün mənası da budur. Yəni o, ixtiyar sahibi olmaya bilməz. Buna görə də əzəli elm idraki və obyektiv aləmdə ixtiyar sahibi və azad olması qərara alınmış şəxsin azadlıq və ixtiyarının əlindən alınmasına heç bir təsir göstərmir. Həmçinin o, insanın günah və ya itaətə vadar edilməsində ixtiyar və azadlığının əlindən alınmasına da heç bir müdaxilə etmir.

Ona görə də iradda qeyd edilən arqumentlərin hər ikisi, həmçinin Allahın elminin təsirlənən deyil, təsiredici bir elm olması barədə deyilənlər düzdür. Amma bütün bunların mənası insanın məcbur olması, ixtiyarının olmaması, günah edəndə hansısa qüvvə tərəfindən günaha məcbur edilməsi demək deyil. Əksinə, varlıq aləmində azad yaradılmış və idrak aləmində azad və ixtiyar sahibi olması qərara alınmış varlıq hansısa işə məcbur edilsə. "Allahın elmi cəhlə dönər". Buna görə də irad tutaraq "Haqq içməyimi bilirdi lap əvvəldən" deyən şəxsdən soruşmaq lazımdır ki, Allahın əzəldən bildiyi şey meyin heç bir məcburiyyət olmadan azad, könüllü və ixtiyari şəkildə içilməsidir, ya meyin kənar bir qüvvənin təzyiqi ilə məcbur içirilməsi, ya ümumiyyətlə, səbəb nəzərə alınmadan mey içmək? Haqqın əzəldən bildiyi şey nə icbari mey içmək idi, nə də qeyd-şərtsiz ümumiyyətlə mey içmək. O, meyin ixtiyari və könüllü içiləcəyini bilirdi. Əzəli elm belə olduğu üçün əgər o, meyi ixtiyari şəkildə deyil, məcbur içsə, onda Allahın elmi cəhlə dönər. Buna görə də iradə və ixtiyar sahibi olan varlıqların iş və əməlləri barəsindəki əzəli elmin nəticəsi fatalizm deyil, fatalizmin əksidir. Əzəli elm ixtiyar sahibinin, mütləq, ixtiyar sahibi olmasını tələb edir. Ona görə də bunu kim deyibsə, düz deyib:

"Əzəli elmi günahın səbəbi saymaq, ağıl sahiblərinin yanında nadanlığın son həddidir".

Bütün bunlar biz Allahın əzəli elmi barədə bəhs etdiyimiz hala aiddir. Qurani-kərimdə onun barəsində kitab, Lövhi-məhfuz, qələm və s. bu qəbildən olan ifadələr işlədilmişdir. Elə iradda da həmin elm qeyd edilib. Amma bunu da bilmək lazımdır ki, aləmdəki varlıqlar və səbəb- nəticə sistemi əzəli elm ilə Allaha məlum olmaqdan əlavə, Allaha məlum olan həmin sistemin özü də Onun elmidir. Bu aləm bütün sistemləri ilə birlikdə Allahın həm elmidir, həm də Ona məlum olan şey. Çünki Allahın zatı əvvəldən axıra kimi bütün əşyaların zatırı əhatə edib və hər şeyin zatı Onun hüzurundadır. Varlıq aləmində hansısa varlığın Ona gizli qalması mümkün deyil. O hər yerdədir, hər şeylə birlikdədir:




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə